Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
- 27-12-2024, 12:09
- ИСТОРИЯ И ОБЩЕСТВО
- 0
- 166
Foto: azertag.az
Reyhan Mirzəzadə
publisist-politoloq
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə
Hörmətli yazıçımız Anarın olduqca maraqlı qeydlərinə bir qədər sonra davam etmək şərti ilə burada bir haşiyəyə çıxmaq istərdim . Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yeni tipli ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli xadimi olan Cəlil Məmmədquluzadə Naxçıvanda dünyaya göz açıb. İstedadı və ağlı ilə yaşıdlarından seçilən Cəlil, daim nəcib bir məqsəd naminə; xalqının maariflənməsi, dini xürafatdan, cahillikdən, fanatizmdən uzaq olması, yetişən nəslin təhsilli olması, inkişaf etməsi, azad, xoşbəxt yaşaması naminə çalışıb.
Cəfər Xəndan “Mirzə Cəlil” məqaləsində yazır ki: “Hələ ilk əsəri olan “Çay dəstgahı” adlı alleqorik komediyasında xalq nümayəndələrinə bəraət qazandıran, həqiqəti deməkdən çəkinməyən ədib, sonrakı məşhur “Danabaş kəndinin əhvalatları” adlı povestində də Məmməd Həsən əmiləri, Zeynəbləri Xudayar bəylərə qarşı qoyaraq, xalqın yaralarını sağaltmağa, onu düşmüş olduğu ağır vəziyyətdən qurtarmağa səy etmişdir. Xalqı sevdiyi, xalqdan qüvvət aldığı üçündür ki, böyük ədibimiz xalqın nöqsanlarını göstərməyə də cəsarət edirdi. Heç təsadüfi deyildir ki, o, xalqa ən yaxın olan əfsanəvi Molla Nəsrəddinin adını təxəllüs seçmişdi. Onun bütün Şərqə, cəmi islam aləminə səs salan məcmuəsi də bu adla məşhur olmuşdu. Cəlil Məmmədquluzadə çox yaxşı bilirdi ki, bir xalqın dilini məhv etmək, onun özünü məhv etmək deməkdir. Odur ki, milli mədəniyyətimizin, doğma Azərbaycan dilimizin məhvinə doğru yönəldilmiş çar və yerli burjua-mülkədar siyasəti böyük xalq yazıçısını daha çox düşündürürdü. O, cəhalət, mövhumat, nadanlıqla bir sırada, Azərbaycan dilinin məhvinə yönəldilmiş siyasəti də amansız tənqid edirdi. O, sözün həqiqi mənasında bir vətənpərvər, bir xalq ədibi kimi çıxış edirdi.
Cəlil Məmmədquluzadə xalqı öz dilini sevməyə, buna mane olan qüvvələrə müqavimət göstərməyə çağırırdı. O, yazırdı:
“Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək.Tutaq ki, bunu hökumət qoymur.
Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?
...Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimiz ilə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?” ( “Molla Nəsrdəddin”, 1906 № 31).
Böyük ədibimiz bu mövzuya həsr etdiyi yüzlərlə felyetonları ilə kifayətlənməyərək, “Anamın kitabı” adlı məşhur dramında da əsasən dil məsələsindən danışmışdır. Peterburqda, İstanbulda və Nəcəfül – Əşrəfdə təhsil alıb öz ana dilinə məhəl qoymayan üç qardaşın faciəsini təsvir edən Cəlil Məmmədquluzadə, “Anamın kitabı”nın son sətirlərində yazır:
“Yer, göy, ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim, əzəl gündən qopub ayrılmış parçalardır.
Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansınlar, yenə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanunu pozmaq istəyə: onun insafı və vicdanı ona müdaməl - həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşman olacaq”.
Yazıçı Anarın “Ölməz naxışlar”ındakı əhəmiyyətli və xüsusi harmoniya ilə yazılmış xatirəsinin ardı belə davam edir “... Verilən suallardan biri üzərində də dayanmaq istərdim. Sual Əzizbəyov teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – R. Mirzəzadə) oynanılan “Sizi deyib gəlmişəm” pyesim ilə bağlı idi. Tamaşaya baxanlar bilir ki, bu əsər Cəlil Məmmədquluzadənin ömürlüyünə (tərcümeyi-halına) aid sənədlər, xatirələr, məktublar və ədibin öz əsərləri – “Danabaş kəndinin əhvalatları” povesti və “Danabaş kəndinin məktəbi” pyesi əsasında qurulub. Bilmirəm kim, haçan, harda, mənasız və çürük bir fikir ortalığa atıb ki, guya Mirzə Cəlil Danabaş kəndi adıyla Nehrəmi təsvir edib və mənə də nehrəmlilər adından irad tutan bir nəfər – niyə siz Mirzə Cəlilin bu səhvini indiki zamanda təkrar və təbliğ edirsiniz – dedi. (Tam dəqiqlik üçün deyim ki, bu məsələ iclas salonunda, oxucu konfransında deyil, kənar yerdə və başqa şəraitdə qaldırılmışdı və mən də orada verdiyim cavabı pedaqoji institutdakı görüşdə bir daha təkrar etməyi özümə borc bilirəm). Əvvəla Cəlil Məmmədquluzadə nə bu məsələdə, nə də heç bir başqa mühüm məsələdə heç bir səhvə yol verməyib, səhv edənlər onun nəcib niyyətini, vətəndaşlıq xidmətini tərs yozanlardır. Cəlil Məmmədquluzadə heç yerdə yazmayıb və yaza da bilməzdi ki, o, Danabaş deyəndə Nehrəmi nəzərdə tutur.
Danabaş ümumiləşdirilmiş obrazdır, bədii kəşfdir, heç bir konkret yerlə əlaqəsi olmayan şərti məkandır. Bu izahlardan sonra müsahibimin, necə deyərlər, eyni açılır,- əşi, bütün bunları bir açıq yazıb hamıya başa salın da – deyir. “Yazmışam, özü də 17 il bundan qabaq yazmışam. Əvvəlcə “Novıy mir”, sonra “Azərbaycan” jurnallarında, daha sonra “Adamın adamı” kitabımda çap olunmuş “Anlamaq dərdi” adlı məqaləmdə.
Cografi xəritələrdə Danabaş adlı kənd yoxdur. Bu kəndin ünvanını hər hansı konkret bir yerə aid etmək istəyənlər ədəbiyyatın ən ilkin şərtlərindən birini – bədii ümumiləşdirmə şərtini unudurlar. Danabaş – inqilabdan əvvəlki Azərbaycan kəndinin ümumiləşdirilmiş, bədii cəhətdən kəskinləşdirilmiş obrazıdır. Bu hər hansı bir Şərq kəndidir və konkret olaraq heç biri deyil.
Müsahibimin təəccübü artır.- Məndən də çox illər qabaq bu barədə atam yazıb – deyirəm. – Harda? – Əvvəlcə “Azərbaycan” jurnalında, sonra da “Mənim fikrimcə” adlı kitabında dərc olunmuş “Yeni yaradıcılıq qələbələrinə doğru” məqaləsində.
“ Nehrəm kəndi ilə yaxından tanış olduqda, onun geniş tarlalarındakı insanlarla söhbət etdikdə, ixtiyarsız bir məsələni xatırlayırıq. Daha doğrusu, arx üstündə, söyüdün kölgəsində söhbət etdiyimiz kolxozçular arasında qoca, ağsaqqal bir kişi bunu bizə xatırladır. O, hər kəsdən əvvəl “A” deməyə tələsən bəzi ədəbiyyatşünasların, ölməz Mirzə Cəlilin bir əsərinə verdikləri əsassız və sübutsuz izahdan nehrəmlilərin narazı olduğunu bildirir. Bu uydurulmuş elmi mülahizəyə görə, guya Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları” əsərini nehrəmlilər haqqında yazmışdır. Nüfuzlu mətbuat səhifəsində bu “mülahizəni” oxuyan nehrəmlilər haqlı olaraq belə bir münasibətdən narazı qalmışlar. Onlar Mirzə Cəlildən “incidiklərini” bildirirlər. Bir halda ki, bədii ədəbiyyatın xüsusiyyətlərinə az-çox bələd olan adamlar yaxşı bilirlər ki, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” bir konkret məqalə, oçerk deyil, bir bədii əsərdir. Buradakı əhvalatlar bədii əsərə xas olan bir qaydada və Mirzə Cəlilə xas olan məharətlə ümumiləşdirilmiş obraz şəklinə salınmışdır. Mirzə Cəlilin təsvir etdiyi adamlar heç də Nehrəm kəndində yaşayan adamlar deyildir. Doğrudur, o zamanlar Nehrəmdə də hekayədə təsvir olunan adamlar kimi şəxsiyyətlər ola bilərdi. Yəqin ki, vardı. Lakin ayrı- ayrı adların belə təsadüfən bu və ya başqa kənddə yaşamış adamların adına uyğun gəlməsi, heç də əhvalatın bu kəndə, məhz Nehrəm kəndinə aid olduğunu isbat etmir. Biz bunu Nehrəmin çalışqan, namuslu, fədakar zəhmətkeşlərinə izah etdik. Biz nehrəmlilərin inqilab ərəfəsində müsavat və daşnak fitnəkarlarının törətdiyi milli toqquşmalar zamanı necə mərd-mərdanə dayanıb öz kəndlərində və onlara yaxın olan yerlərdə bir adamın belə burnunun qanamasına imkan vermədiklərini yaxşı bilirik... Odur ki, Nehrəm kəndində vaxtilə yaşamış və bəlkə indi də orda- burda mövcud olan ayrı-ayrı avam, geridə qalmış adamların heç bir vaxt Nehrəm kəndinin bütün əhalisini təmsil etmədiyini açıq bir qəlblə onlara dedik”.
Müsahibim bu izahı da məmnunluqla qarşılayır. – Ancaq hamıdan qabaq bu barədə Mirzə Cəlil özü yazıb - deyirəm. “Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim. Və gördüklərimi yazıya götürərdim. “Danabaş kəndinin əhvalatları” sərlövhədə Məhəmməd Həsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım”. Diqqət edin, Mirzə Cəlil Nehrəmdə yox, müxtəlif kəndlərdə gördüklərindən söz açır.
Müsahibim fikrə gedir:
-Çox yaxşı – deyir - olar ki, bu sitatları necə deyərlər, təzələyəsən, bu günün mətbuatı vasitəsilə indiki oxuculara bir daha çatdırasan.
-Olar- deyirəm, - niyə olmur. Bu barədə müsahibimə söz verirəm və gördüyünüz kimi verdiyim sözə əməl edirəm...”.
Filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev “Ədəbi qeydlər”ində (Gənclik-1975) maraqlı bir müqayisə aparır: “ V.Q.Belinski Qoqol yumorunun xarakterindən, mahiyyətindən bəhs edərkən yazırdı : “Cənab Qoqol tez-tez və bilə-bilə öz qəhrəmanları ilə zarafat edirsə, onun bu zarafatı qərəzsiz və nifrətsiz bir zarafatdır; o, bu insanların miskinliyini başa düşür, lakin onlara hirslənmir. O hətta, uşaqların oyunlarına maraq göstərən, bu sadəlövh oyunlara gülən, lakin onlarla oynamağı arzu etməyən böyüklər kimi təsvir etdiyi bu insanların miskinliyindən sanki xoşhal da olur. Bununla birlikdə bu, yenə də yumordur. Çünki o, bu miskinliyə mərhəmət etmir, onu gizlətmir, onun eybəcərliyini rəngləyib örtmür, çünki o, bu miskinliyin özünün təsviri ilə bizi məftun edərək ona qarşı nifrət oyadır. Bu, sakit və bəlkə buna görə də öz məqsədinə tez çatan bir yumordur. Ötəri şəkildə qeyd edim ki, bu qəbildən olan əsərlərin əsl əxlaqi mahiyyəti də elə bax, bundadır. Burada müəllif heç bir yüksək kəlam işlətmir və əxlaq dərsi vermir. O, şeyləri necə varsa, eləcə də təsvir edir”.
Böyük ədib C.Məmmədquluzadə də Danabaş kəndinin camaatını, avam, miskin kəndliləri tənqid edərkən onların qorxaqlığına, düşüncəsiz hərəkətlərinə gülərkən məhz belə “sakit”, həm də “öz məqsədinə tez çatan yumor”dan istifadə etmişdir. Lakin bu gülüşün miqyası, ictimai təsiri və əhatə dairəsi təkcə istismarın, dinin, cəhalətin qurbanı olmuş Danabaş camaatı ilə məhdudlaşmır, burada tənqidin obyekti avam məşədi ağakişilər, kərbəlayi heydərlər, hümmətəlilər olsalar da, onun əsas hədəfi danabaşlıları bu vəziyyətə salan, mənən şikəst edən ictimai qüvvələrdir, naçalniklər, qazılar, pirverdibəylər aləmidir, istismar və köləlik dünyasıdır. Biz Danabaş camaatına gülərkən bu gülüşdən təəssüf, humanizm, yumor kəndlilərin payına düşürsə, nifrət, qəzəb və kinayə onların ağalarının, yerli və çar hakimlərinin, tüfeyli ruhanilərin payına düşür. “Danabaş kəndinin məktəbi” əsərindəki bədii gülüşün təbiətindəki daxili mürəkkəblik, rəngarənglik də əsasən bununla bağlıdır”.
Söhbət Nehrəmdən düşəndə, yadıma vaxtilə qəzet səhifələrində oxuduğum və arxivimdə saxladığım bir sənəd-yazı düşdü. Sənəd Nehrəm kəndinin ağsaqqalı Həsənov Heydərqulu Rza oğlunun dilindən yazılıb və 1925 - ci ildə Nehrəm kənd orta məktəbinin müdiri olmuş Musa Bağırov tərəfindən qələmə alınıb.
Ermənilərin öz “milli qəhrəmanı” adlandırdığı quldur Andronik başına topladığı əsgərlərlə birlikdə 1919-cu ildə Culfada öz mövqeyini möhkəmlədə bilir. Onun adamları Xorasana gedən azərbaycanlıları Culfada qəsdən öldürüb cəsədlərini arxlara atırmışlar. Belə öldürülmüşlərdən biri olan nehrəmli Həsən Kərbəlayi Zeynalabdin oğlunun meyitini erməni daşnakları onun ailəsinə vermək istəmirdilər. Nehrəm kəndinin beş ağsaqqalı yığışıb cəsədi almaq üçün Andronikin yaxın sirdaşı, özü də quldur olan Xərəzyanın yanına gedir və daha sonra Culfaya cəsədin dalınca yollanırlar. Həmin hadisə payızın son aylarına təsadüf edir. Kənddə erməni daşnakları tərəfindən hər gün 5-10 azərbaycanlı öldürülür.
Mart ayında Andronikin dəstəsi Caləddin kəndinə hücum edir, kəndi top atəşinə tutur, 12 nəfər qadın və uşaqları bir evə doldurub diri-diri yandırırlar. Daha sonra Küznütlü Bakrat, Əbrəqunlu Hayıq, Qazançılı Sərxan və başqa ermənilər Androniklə birləşib Ərəzin, Qızılca, Saltak, Noraşen, Xoşkeşin, Xanağa, Baş Anzır, Orta Anzır, Ayaq Anzır, Milax kəndlərində azərbaycanlıları qıra – qıra Bəyəhməd, Ərəfsə, Ləkətağ və Teyvaz kəndlərini odlayırlar.
Andronik I Nikolayın vaxtından qaçaqlıq edən Tivili Süleymanı dostlaşmaq bəhanəsilə aldadaraq öz qərargahına dəvət etmiş, onu 32 nəfər adamı ilə tərksilah edərək beş-beş çörək yeməyə aparmaq adı ilə öldürtmüşdür. Tivili Süleymanı öldürtdükdən sonra Andronik yayçı kəndinə hücum etmişdi. Azərbaycanlı əhalinin bir hissəsini Araz çayında qırmış, qalanı isə İranın Mahlaza kəndinə qaçıb canlarını qurtara bilmişdilər.
Yayçı kəndini talan etdikdən sonra Andronik Nehrəm üzərinə hücuma hazırlaşır. Lakin istəyinə nail ola bilmir. Erməni çobanı Ovek nehrəmli dostu Həbib Nəzərəli oğluna məktub yazaraq bildirir ki, iyun ayının 9 - da Andronik paşa öz dəstəsi ilə bərabər Təzəkəndə gələcək, buradan Nehrəmə hücum edəcəkdir. Həbib Nəzərəli oğlu məktubu Nehrəm kəndinin ağsaqqalı, kəndxuda Kərbəlayı Muxtara verir. Andronikə müqavimət göstərməkdə nehrəmlilərə hərbi qaydalara yaxşı bələd olan türk əsirləri kömək edirlər. Bir neçə gün ərzində səngərlər qazılır, məzqəllər (güllə atmaq üçün qala divarlarında açılmış deşiklər) düzəldilir. Nehrəmlilərin cəmi iki ədəd topu və bir ədəd mərmisi vardı. Bunları da Nehrəmin ağsaqqallarından olan Mehdiqulu ağa və Mehdi ağa I Dünya müharibəsi dövründə İrandan qayıdan zaman rus qoşunlarından almışdılar.
1919-cu il iyun ayının 9-da Andronik öz quldur dəstəsi ilə Nehrəmə hücum etdi. Əvvəlcə atlılar, onların arxasınca yaxşı silahlanmış piyada dəstələri kəndi mühasirəyə aldılar.Təzəkənddə yaşayan ermənilər də bu quldurlara qoşuldular.
Naxçıvandan buraya gəlmiş dörd nəfər sosial-demokrat Məşədi Heydər, Seyid Abbas, Hacı Heydər, Tunbullu Hüseynin rəhbərliyi ilə Nehrəm camaatı öz mövqeyini möhkəm saxlayır, onların mətinliyindən düşmən kəndə girə bilmir. Günbatana yaxın da bərk külək qalxır və Andronikin quldur dəstəsi əvvəlcə Güznəştə, sonra isə Nəhəcir və Sürəməlik kəndlərinə qayıtmağa məcbur olurlar.
Fədakar alimimiz, akademik Tofiq Köçərlinin erməni saxtakarlığına, yalan və uydurmalarına qarşı tutarlı sübutları əks onunan kitab çox təəssüf ki, azsaylı tirajla çap olunub.
Köçərlinin qeydlərinə görə, 1985 – ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (Daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin ən vacib vəzifəsi elan etdilər. Onların “Birləşmiş Ermənistanı” Naxçıvanı, Qarabağı və Gürcüstan tərkibində olan Axalkalakini də özündə birləşdirməli idi. Bu üç əraziyə iddia ilk dəfə idi ki, hallanırdı. Lakin həmin vaxta qədər erməni siyasi partiyaları bildirirdilər ki, “bizim ərazi tələblərimiz yalnız Türkiyəyədir”.
Həmin vaxtlardan Dağlıq Qarabağ və Naxçıvanın tarixi Zori Balayan, onun özü kimi yalançı və hiyləgər erməni müəlliflərin saxtalaşdırma obyektinə çevrildi.
Latviyada çıxan “SM-seqodnya”qəzetinin müxbiri A.Geronyanın Zori Balayandan aldığı müsahibəsində (5 fevral 1993) verilən bir sualdan aydın olur ki, Ermənistanda Balayanı “Qarabağı başlayan adam” sayırlar.
... Balayanın yeni yalanı Naxçıvan barəsindədir. “Dağlıq Qarabağ ideoloqlarından biri kimi həlak olanlar, qaçqınlar qarşısında özünüzü günahkar sayırsınızmı?” sualına Balayan belə cavab vermişdir: “Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı”.
Deməli, Naxçıvan məsələsi gündəlikdədir. Əlverişli bir məqamda Balayan, ya başqa bir “yan” Naxçıvanı Ermənistanla birləşdirməyi əməli bir vəzifə kimi qarşıya qoyub geniş kampaniya başlaya bilər. Onsuz da sən demə, hələ 1987 – ci ildən ABŞ – da “Naxçıvanı Ermənistana” hərəkatı yaradılıbmış. San – Fransiskoda çap edilən “Russkaya jizn” qəzetində E.Kakosyan və L.Dunamalyanın müəllifi olduğu “Naxçıvan uğrunda hərəkatın mahiyyəti” adlı məqalədən məlum olurdu ki, tezliklə Naxçıvan ölkəsinin Vətənlə birləşdirilməsi hərəkatın “yeganə məqsədi” elan olunub. Həmin hərəkat 1987 – ci ilin martında Naxçıvanı Ermənistana birləşdirmək haqqında “Xarici ermənilərə müraciət” qəbul edibmiş. Ermənistanın özündə bu barədə 75 min imza toplanıb SSRİ rəhbərliyinə təqdim olunubmuş.
Balayan iddia edirdi ki, sovet dövründə Naxçıvandan 150 min erməni didərgin düşüb. Yengibaryan isə deyirdi ki, vaxtilə Naxçıvan əhalisinin 80 faizi erməni olub. Bu, əlbəttə, ağ yalan, riyakarlıq, böhtan idi.
1897 – ci il Rusiya imperiyası birinci siyahıyaalınmasının materiallarına görə, Naxçıvanda 115 min 711 azərbaycanlı (67,5 faiz), 55 min 398 erməni olmuşdur.
Balayanla bərabər bir çox erməni müəllifləri dünyaya car çəkirlər ki, XX əsrin əvvəllərində Dağlıq Qarabağ əhalisinin 95 faizi erməni olmuşdur.
Qarabağın vergi reyestrinə görə 1823 – cü ildə Qarabağda 20 min 95 ailə yaşamışdır. Bunun 15 min 729 – u azərbaycanlı, 4 min 366 – sı erməni ailəsi olmuşdur. Mütəxəssislərin fikrincə, göstərilən erməni ailələrinin tərkibinə 1805-ci ildən başlayaraq, İrandan köçürülən erməni ailələri də daxildir.
Qətiyyətlə demək olar ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində heç bir halda və heç bir variantda Qarabağda əhalinin tərkibi ermənilərin iddiaları kimi olmamışdır.
Dağlıq Qarabağ və Naxçıvan məsələlərində erməni müəlliflərinin vicdanı, ləyaqəti yalan, uydurma və saxtakarlıqlara qurban verilir.
Xatırladaq ki, “SM – seqodnya” nın müxbiri Balayana bunu da deyib: “Ermənistanda sizin əleyhinizə də çıxışlar eşidilir. Sizi “Qarabağı başlayan adam”, respublikanın mühasirədə olmasının, yaşayışının dözülməz olmasının günahkarı” adlandırırlar...”.
Bəli, yerində qeyd olunan xatırlatmadır. Unutmaq olmaz ki, zamanın və xalqın sərt və zəhmli məhkəməsinin qarşısında bu tipli “yanlar” gec – tez cavab verməli olacaqlar.
29 fevral 1996 – cı ildə “Nezavisimaya qazeta”da Moskvada fəaliyyət göstərən erməni icmaları konfederasiyasının icraçı katibi Karen Mikaelyanın “Üzülmüş missiya” adlı məqaləsində Naxçıvan məsələsi ön plana çəkilmişdir. İddia edilmişdir ki, guya 1921-ci ildə Qarabağ və Naxçıvan türk millətçilərinin yaratdıqları və bolşeviklərin möhkəmlətdiyi ikinci türk dövlətinə - Azərbaycana verilmişdir. Stalin, Nərimanov, pantürkistlər və ifrat inqilabçıların kobud təzyiqi ilə “16 mart 1921 – ci il RSFSR - Türkiyə müqaviləsi rus silahının və diplomatiyasının çoxəsrlik nailiyyətlərini heçə endirmişdir”.
Həqiqətə müraciət edək. 1921 –ci ilin əvvəllərində Naxçıvanda referendum keçirildi. Əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtar respublika statusunda Azərbaycan tərkibində qalmasına səs verdi. Beləliklə, Naxçıvan əhalisinin öz iradəsi və Ermənistan hökumətinin razılığı ilə Naxçıvanın Azərbaycan tərkibində qalması məsələsi birdəfəlik həll olundu.
16 mart 1921 – ci il müqaviləsi Naxçıvanın artıq mövcud olan ərazi statusunu təsbit etdi və Naxçıvana Azərbaycanın protektoratı altında muxtariyyat verilməsini müəyyənləşdirdi. Müqavilənin Naxçıvana dair maddəsinin tam mətni belədir: “Müqavilə bağlayan tərəflər razıdırlar ki, Naxçıvan vilayəti bu Müqavilənin I (s) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın protektoratı altında muxtar ərazidir, bir şərtlə ki, Azərbaycan bu protektoratı üçüncü dövlətə güzəştə getməyəcəkdir”.
Göründüyü kimi, Naxçıvan üzərində protektorat nə Türkiyəyə, nə də Rusiyaya deyil, məhz Azərbaycana verilmişdir.
1921 - ci il iyulun 5 - də Qafqaz bürosu Dağlıq Qarabağı Azərbaycan tərkibində saxlamaq haqqında qərar çıxarıb. Həmin qərarı ermənilər Dağlıq Qarabağı Ermənistanın tərkibindən çıxarıb Azərbaycanın tərkibinə daxil etmək qərarı kimi təqdim edirlər. Bu, “Stalinin təkidi ilə olub” – deyir ermənilər. 16 mart 1921 - ci il Rusiya - Türkiyə müqaviləsində Naxçıvan üzərində Azərbaycan protektoratının müəyyən edilməsi də “Stalinin, Nərimanovun kobud təzyiqi nəticəsində olub” – deyir ermənilər. Dəlilsiz və faktsız! Bunlar anlamaq istəmirlər ki, nə Stalin, nə də Nərimanov Rusiya – Türkiyə danışıqlarının iştirakçısı olmayıblar. Müqavilənin bağlanmasında da Stalinin hansısa təsiri barədə heç bir məlumat aşkar edilməyib.
Ermənistan dəfələrlə Naxçıvana yiyələnmək üçün hərbi cəhd göstərib, təxribatlar edib. Lakin naxçıvanlılar heç zaman əyilməyiblər, bütün təzyiqlərə, hücumlara layiqincə cavab veriblər, Ermənistanın və saxtakar erməni “siyasətçilərinin”, “tarixçilərinin” arzularını gözlərində qoyublar. Ermənistanın ilk baş naziri olmuş (1918-1919) Ovanes Matevosoviç Kaçaznuninin 1923 - cü ildə yazdığını bir də yada salaq: “Vedi – Basar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə hətta silah gücünə öz hakimiyyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik”.
1988 –ci ildə Azərbaycan olduqca çətin bir vəziyyətə düşmüş, müharibəyə cəlb olunmuş, bununla bərabər, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da qara günləri başlamışdı. Sərhəd kəndlərinə basqınlar edilir, evlər yandırılır, kəndlər dağıdılırdı. Qırğınlar nəticəsində Naxçıvan ağır itkilər verirdi. Əhalinin əlində olan silahlar isə onlardan alınırdı. Polislərin isə çiyninə daha çətin yük düşürdü. Onlar muxtar respublikada öz tabel silahları ilə həm sərhədləri qoruyur, həm də daxildə sabitliyi təmin edirdi.
Naxçıvan tam blokadada idi. Çünki Naxçıvanın Azərbaycanla əlaqəsi avtomobil və dəmir yolları ilə yalnız Ermənistan ərazisindən keçməklə mümkün idi. O vaxt Azərbaycan rəhbərliyinin göstərişi ilə Naxçıvana yalnız “YAK -40” tipli kiçik təyyarələr uçurdu ki, onların da sayı günbəgün azaldılırdı. Qeyd etdiyim və etmədiyim acınacaqlı duruma, insanların son dərəcə ağır vəziyyətinə görə Naxçıvan əsl partlayışın bir addımlığında idi.
Bu hadisələrin cərəyan etdiyi dövrdə keçmiş sovetlər birliyində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası SSRİ – nin tərkibindən çıxmaq haqqında qərar qəbul etdi. Belə bir qərar qəbul etməsinə, Azərbaycanın o zamankı siyasi rəhbərlərinin Naxçıvana mənfi münasibətinə, onların muxtar respublikanı iqtisadi və informasiya blokadalarına baxmayaraq, Naxçıvan – qüdrətli Naxçıvan, mübariz Naçıvan, qeyrətli Naxçıvan o vaxt bütün ağırlıqlara, dərdlərə sinə gərdi, özü də misilsiz yurd, torpaq, vətən eşqi ilə sinə gərdi. Respublikanın o vaxtkı rəhbərlərinin planı belə idi ki, Azərbaycanin tərkib hissəsi olan Naxçıvanda kosmetik dəyişiklik edib Qarabağ problemindən yaxalarını kənara çəksinlər. İkinci bir tərəfdən Anadolu türkcəsi ilə desək, Azərbaycanın yavru vatanı Naxçıvanı respublikanın o dövrdəki rəhbərlərinin içində öz çürük mənəviyyatı, lənətlənmiş təfəkkürü ilə “Azərbaycanın kor bağırsağı” adlandıranları da vardı.
Həmin vaxtlar Azərbaycan televiziyasının verilişləri Naxçıvanda yayılmırdı. Şuşa, Laçın, Gorus, Batabat televiziyaötürücü stansiyaları sıradan çıxdığından verilişlər getmirdi. O dövrdə Naxçıvanda Azərbaycan Xalq Cəbhəsi muxtar respublika şöbəsinin “Ağrıdağ” adlı bir qəzeti nəşr edilirdi. Həmin qəzet öz səhifələrində respublika televiziyasının verilişlərinə geniş yer ayırırdı. O vaxt “Ağrıdağ” qəzetində Azərbaycanın xəritəsi dərc edilmişdi. Bu xəritədə Naxçıvandan çıxan bir əl göyə yüksəlmişdi və o, televiziyaötürücü peyki muxtar respublikaya tərəf döndərirdi ki, Azərbaycan televiziyasının verilişləri Naxçıvanda yayılsın. Bu isə gerçəkdən çox təəssüfedici bir hal idi.
Ona görə də Azərbaycanın o vaxtkı rəhbərliyinə ürəyinə dağlar çəkilmiş Naxçıvan əhlinin inamı, etibarı olmadığından onlar o rəhbərlikdən heç bir kömək ummur, qayğı gözləmirdi. Bütün çətinliklərə baxmayaraq, Naxçıvanın əhalisi nə qədər ağır vəziyyətdə olsa da, həmin müddətdə öz torpağını mərdliklə qoruyub saxladı.
1990-cı il Yanvarın 19 - da sovet qoşunları Bakıya yeridiləndən 7 saat əvvəl Ermənistanın silahlı quldurları Sədərəkdən Naxçıvan Muxtar Respublikasına hücum etdilər. Həmin gün döyüşlər başladı və Naxçıvanın əzablı günlərinin bünövrəsi də Yanvarın 19 – dan qoyuldu. 20 Yanvarda tökülən qanların acı naləsi ilə dağlanan xalqımızın isə Naxçıvandakı qırğınlardan, fəryadlardan xəbəri yox idi. Sözün həqiqi mənasında bir-birindən ayrı düşən Ana və yavru vatanların hərəsi öz məkanında dərdləri ilə baş-başa qalmışdı.
Bəzi strateji məsələlərdə isə Naxçıvan rəsmi Bakiya yox, məhz Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına kömək əlini uzatmışdı. Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin enerji bloku partladılanda, televiziya verilişlərinin efirə gedişi qəfil dayandırılanda məhz Naxçıvan televiziyası gecə səhərə kimi Azərbaycan xalqının harayına gəldi. Naxçıvanın gözlərinə yuxu getmədi, dünyanın bütün müasir səsötürücülərindən qat-qat güclü olan mənəvi hayqırtısı, haqq səsinin qüdrətli sədası dünyanın bir neçə dilində bütün qitələrinə yayıldı. Azərbaycanda baş vermiş qanlı faciə Naxçıvan televiziyası və radiosu ilə dünyaya çatdırıldı.İran İslam Respublikasının İRNA Agentliyi Naxçıvan Muxtar Respublikası Teleradio Verilişləri Komitəsinin məlumatına əsaslanaraq bu xəbərləri dünyaya yaydı, bildirdi ki, Azərbaycanda belə bir fəlakət törədilib, qırğınlar olub, şəhidlər verilib. Bu xəbərlərdən ilk olaraq da qeyzlənən böyük azərbaycanlı, uzun illər Azərbaycana rəhbərlik etmiş və Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək ucalmış görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev oldu.
Naxçıvan Heydər Əliyevin qibləgahı idi. Şəcərəsinin, ailə üzvlərinin çoxu bu torpaqda dünyaya göz açmış, burada yaşamış, sonralar böyük alim, faydalı mütəxəssis kimi inkişaf etmişdilər.
Moskvada Azərbaycan nümayəndəliyi, dünya jurnalistləri qarşısında vətənindəki faciələrə öz kəskin etirazını bildirən H. Əliyevin həyəcanlı səsi bütün planetə yayıldı.
1990-cı il iyunun 20-də Heydər Əliyevin Bakıya, təqiblər nəticəsində isə iki gündən sonra Naxçıvana, doğma ata ocağına qayıdışı əzablar, üzüntülər içində boğulan yurda sevinc dolu bir həyəcan, nəfəs, ruh, sabaha ümid dolu qüvvət gətirdi. Həmin vaxtlarda artıq Naxçıvanda hakimiyyətsizlik, anarxiya hökm sürür, əməlli-başlı qarşıdurma yaranmışdı. Həmin gün azadlıq meydanına 100 minə yaxın insan toplaşmışdı. Hamı sevinc, fərəh içindəydi; Naxçıvanın üstündən qara buludları götürə biləcək xilaskarın gəlişinə bütün Naxçıvan camaatı ümidlə baxırdı.
Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycanı məhv etmək istəyən xarici və daxili qüvvələri təşvişə salmışdı. Onlar bütün səyləri ilə xalqın Heydər Əliyevdən üz döndərməsinə çalışırdı. Xalq isə aclığa, səfalətə, işıqsızlığa, qazsızlığa, susuzluğa, hərtərəfli mühasirəyə dözdü, lakin vətənin müdrik oğlu ilə bir yerdə olmağı hər şeydən üstün tutdu. Təcrübəli siyasi və dövlət xadiminin Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ali sovetlərinə deputat seçilməsi də xalqın qətiyyətinin ifadəsi idi.
Heydər Əliyevin sədrliyi ilə muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyası muxtar respublikanın rəsmi adından “sovet, sosialist” sözlərini çıxardı, qanunverici hakimiyyətin adını dəyişərək “Ali Məclis” adlandırdı, ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul etdi...
Bu gün az qala bütün dünyada məşhur olan Naxçıvan duzu 84 mineralı birləşdirən olduqca faydalı duz hesab edilir. Təbii ehtiyatları 90 milyon ton olan Duzdağda Nuh Peyğəmbərin dövründən duz çıxarılmağa başlanılıb. Onu da deyim ki, dünya şöhrətli İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Naxçıvan duzu həmin ölkələrə bu yoldan daşınıb. Fransız alimi Katerina Marro yazdığına görə, Naxçıvandakı Duzdağının duzu hələ e.ə. dörd mininci illərdə geniş şəkildə istifadə edilib. Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu ayrı-ayrı ölkələrə, şəhərlərə daşınıb.Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilib.
Şöhrətli duz mədənləri Naxçıvan şəhərinin 12 kilometrliyində yerləşir. Tədqiqatlar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın ən qədim duz mədənlərinin məhz Naxçıvan Duzdağında olduğu bir daha təsdiq olunub.
Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər davam edib. Duz sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq çıxarılıb. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağ ciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar.
Həmin ildən etibarən Naxçıvan Muxtar Respublikası “Duzdağ” Fizioterapiya müalicə ocağı 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz Mədəninin bazasında fəaliyyətə başlamışdır ki, bu gün bu şəfa mərkəzi olduqca genişləndirilmiş və müasirləşdirilmiş, dünyanın müxtəlif ölkələrindən bura xəstələr gələrək Tanrının təbii əvəzsiz neməti olan Naxçıvan duzu, iqlimi, havası ilə müalicə olunaraq ağır xəstəliklərdən tam, yaxud da xeyli dərəcədə xilas olurlar.
O da müəyyənləşdirilmişdir ki, duz mədənində çalışan heç bir adam bronxit və ya asma kimi ağciyər xəstəlikləri tutulmur.
Naxçıvanda teatr sənəti, hələ qədim dövrlərdən meydan teatrı və şəbeh tamaşaları formalarında mövcud idi. 1882-ci ildə tanınmış ziyalı Eynəli Sultanovun təşəbbüsü ilə Naxçıvanda əsas üzvləri müəllimlərdən ibarət olan “Müsəlman şiə dram incəsənəti cəmiyyəti” və “Ziyalı məclisi” təşkil olundu. E. Sultanov 1884-cü ildə iki pərdəli "Tatarka" (“Azərbaycanlı qızı”) pyesini yazdı. Cəmiyyət və məclis üzvlərinin təşəbbüsü ilə 1886-cı il avqustun 12-də mütərəqqi ziyalılardan Hacı Nəcəf Zeynalovun “Zaviyə” məhəlləsindəki evində M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının oynanılmasıyla Naxçıvan teatrının təməli qoyuldu. Həmin dövrdə Naxçıvan teatrının ilk addımları, göstərilən tamaşaların məqsədi xalqı ayıltmaq, düşüncələrdə, təfəkkürlərdə cəhalət və nadanlığa qarşı mübarizə aparmaq, insanları fanatizm və xürafatdan uzaqlaşdırmaq, yalnız maarif və mədəniyyəti təbliğ edib xalq arasında yaymaq idi.
Naxçıvan teatrının təşəkkülündə E.Sultanovla yanaşı, C.Məmmədquluzadə, M.T. Sidqi, Q.Şərifov, Ə. Sultanov, M.S.Qulubəyov, Ə.Xəlilov, S.Xəlilov, M.C.Şürbi, C.P.Sultanov, M.Ə.Süleymanov, N.Şeyxov, M.Qazıyev və başqalarının, sonralar isə B.Naxçıvanlının, R.Təhmasibin, Ə.Qəmküsarın, R.İsfəndiyarlının və b. özünəməxsus xidmətləri olmuşdur. Azərbaycan teatrının böyük ustadları H.Ərəblinskinin, M. Əliyevin, S.Ruhullanın və b. tez-tez Naxçıvana gələrək, yerli aktyor və rejissorlarla birlikdə tamaşalar hazırlayıb nümayiş etdirməsi, kollektivə dəyərli məslələhətlər verməsi Naxçıvan teatrının peşəkarlıq səviyyəsinin artmasına güclü təsir göstərirdi. XIX əsrin 80-90-cı illərində və XX əsrin əvvəllərində Naxçıvan teatrı Azərbaycan milli teatrının inkişafında əhəmiyyətli rol oynamışdır.
XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoydu. Naxçıvan aktyorları vahid truppada birləşdi, 1922-ci ildə Dövlət Dram Teatrı yaradıldı. H.Cavidin “Şeyx Sənan” və C.Cabbarlının “Aydın” pyeslərinin tamaşaya qoyulması Naxçıvan teatrına yeni ab-hava gətirdi.
Teatr öz repertuarında Azərbaycan dramaturgiyası ilə yanaşı, dünya klassiklərinin əsərlərinə də müntəzəm surətdə müraciət edirdi.
İkinci Dünya müharibəsi zamanı SSRİ-nin müdafiəsi (1941-1945) illərində qəhrəmanlıq və vətənpərvərlik ruhunda yazılmış pyeslər oynanılmışdır. Sonrakı dövrlərdə Azərbaycan dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı Sofokl, U.Şekspir, F.Şiller, K.Holdoni, Lope de Veqa, N.V.Qoqol, A.N. Ostrovski, A.P.Çexov, M.Qorki, N.Hikmət və b. dünya klassiklərinin əsərləri də uğurla tamaşaya qoyulmuşdur.
Naxçıvan teatrının inkişafı tarixində yerli yazıçı və şairlərin böyük xidmətləri olmuş, bu gün də bu xidmətlər davam etməkdədir.
Keçən onilliklər ərzində Naxçıvan teatrında istedadlı aktyor -M.Quliyev, Z. Həmzəyeva, S.Hüseynova, Ə.Qardaşbəyov, A.Şahsuvarov, R.Cəfərxanova, H. Ağayev, Y.Haqverdiyev, K.Hüseynov, P.Məmmədova, T.Məmmədova, İ. Bənənyarlı, T.Mövləvi, M.Səfərov, İ.Məmmədov, N.Həmzəyev və b.) və rejissorların - B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev, K.Quliyev və b. bir neçə nəsli yetişmişdir.
Naxçıvan teatrının yetirməsi olan böyük sənətkar, aktyor-rejissor, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru İbrahim Həmzəyev deyirdi: “Mən Naxçıvan teatrına bağlıyam. Hər gün teatra daxil olanda, hər dəfə təzə rol alanda, hər axşam yüzlərlə tamaşaçının ilıq nəfəsini duyanda, özümü xoşbəxt hesab edirəm”.
Naxçıvan teatrının səhnəsində özünəməxsus istedadı, mükəmməl yaradıcılığı olan aktrisalar formalaşmışdır. Nadir xüsusiyyətlərə malik aktrisalardan biri olan Azərbaycanın Xalq artisti Zəroş xanım Həmzəyeva Nehrəm kəndində doğulmuşdu və orta təhsilini də bu kənddə almışdı. Doqquz - on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərmişdi. Məktəbin dram dərnəyində çıxış etmişdi. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxmışdı. Onu peşəkar səhnəyə sonralar həyat yoldaşı olan İbrahim Həmzəyev cəlb etmişdi. Zəroş xanım Naxçıvan səhnəsində istər Azərbaycan, istərsə də xarici yazıçı və dramaturqların saysız-hesabsız obrazlarını yaratmışdı. Böyük xidmətlərinə görə müstəqil Azərbaycan dövlətinin də orden və mükafatları ilə təltif olunmuşdu.
Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlis, ifadəli və cazibəli idi. Zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi. Səhnədə həssas və diqqətcil tərəfdaş olması ilə seçilirdi. Mürəkkəb kompozisiyalı, kəskin dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi. Zəroş Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da hətta epizodda iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini tamaşaçılara dürüst çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə zəmin yaradırdı.
Naxçıvanlı şair Kəmalə xanım Ağayeva Zəroş xanım Həmzəyevanın vaxtilə yubileyinə, bu gün isə ruhuna həsr etdyi şeir də istedadlı aktrisanın dəyərli sənətinə bəxş olunan ətirli bir çiçək dəstəsidir:
Sənə sənət səməndəri desəm azdır,
Elə sənət dünyasının özü sənsən.
İzlərin var səhnəmizdə pozulmazdır.
Bu ocağın ilkin, əziz qızı sənsən.
Könüllərə axıb doldun Yetərinlə,
Zirvələrə yol açdın o şərəfinlə,
Bu məbədə Həcər oldun Həcərinlə,
Xumar oldun, o gözəlin nazı sənsən.
Səcdən üçün dəstələnib gəldi güllər.
Xatirəni sinəsinə yazdı illər.
Sənin könül atəşini sevdi ellər,
Könüllərin atəşi sən, gözü sənsən.
Afətini, Məhsətini sevdi ellər,
Gül üzünü, qamətini sevdi ellər.
Sənin böyük sənətini sevdi ellər,
Bu sənətin sönməyən ulduzu sənsən.
O yerdə ki, sənət vardır, ucalıq var,
Kim deyir ki, sənətkara qocalıq var?
Bu yollarda hələ əhdə vəfalıq var,
100 yaşlı bu səhnəmizin yazı sənsən.
Demə ömür ötüb getdi, hələ nə qəm,
Hələ sənət piyalənə süzür şəbnəm.
Rolların var, yazmayıbdır hələ qələm,
Qələmlərin yazılmayan sözü sənsən.
Sən hələ də bu ocağa yaraşıqsan,
Sənətinə Məcnun kimi bir aşiqsən.
Şölələri azalmayan bir işıqsan.
Elə yenə səhnəmizin gözü sənsən.
Hazırda Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları uğurla fəaliyyət göstərir.
2006-cı ildə Naxçıvan Muxtar Respublikasında uşaqların milli mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, dünyagörüşünü formalaşdırmaq məqsədilə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılmışdır..
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2008-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Naxçıvan Dövlət Uşaq Filarmoniyası 2010-cu ildə yaradılmışdır. Bu mədəniyyət müəssisəsində Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Mahnı və Rəqs Ansamblı, xor kollektivi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikasının əsas elm, təhsil, fikir və mədəniyyət mərkəzlərindəndir. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan bu təhsil ocağı republika hökumətinin qərarı ilə 1972-ci ildən Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə isə həmin Pedaqoji İnstitut Naxçıvan Dövlət Universiteti statusu almışdır. Müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinə tanınmış alimlər Əli Əliyev, Səfəralı Babayev, İsrafil Məmmədov, İsak Məmmədov, İsgəndər Cəfərov, Qasım Hüseynov, İsa Həbibbəyli rəhbərlik etmişlər.
Naxçıvan Dövlət Universiteti klassik universitetdir. Burada yüksək ixtisaslı memarların, mühəndislərin, iqtisadçıların, hüquqşünasların, müəllimlərin, həkimlərin, musiqiçilərin və idmançıların hazırlanması üçün mükəmməl maddi-texniki baza yaradılmışdır. Təhsil ocağının 100 hektar ərazisində 15 tədris korpusu, ictimai təşkilatlar mərkəzi, yüksək dünya standartlarına cavab verən elektron kitabxana, universitet xəstəxanası, konservatoriya, olimpiya tipli örtülü idman mərkəzi, böyük və kiçik futbol meydançaları, botanika bağı, “Universitet dünyası”, Botanika, İdman və Məktəb tarixi muzeyləri mövcuddur. Universitetin televiziyası jurnalistika ixtisasının tədris bazası olmasından başqa, eyni zamanda zəngin maarifləndirici proqramları olan kanal kimi üç kilometr ərazidə yayımlanır.
Universitetdə informasiya texnologiyalarından geniş istifadə olunur. Burada istifadə edilən ixtisaslaşmış informatika korpusu, üç internet mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş iki videokonfrans zalı yeni texnologiyaların mənimsənilməsinə geniş şərait yaradır.
Naxçıvan Dövlət Universitetinin dünyanın müxtəlif ölkələrinin universitetləri ilə sıx əlaqələri vardır. ABŞ – ın Perdu Kalumet Universiteti, İngiltərənin Preston Texniki Universiteti, Fransanın Paris-8, Strasburq Mark Blok Universitetləri, Almaniyanın Braunşvayq Universiteti, İspaniyanın Barselona Universiteti, Pakistan İslam Respublikasının İslamabad Müasir Dillər Universiteti, Rusiyanın Novosibirsk Dövlət Universiteti, Novosibirsk Texniki Universiteti, Türkiyə Cümhuriyyətinin Ankara, Ərzurum, Kocaeli, Elazığ, Qars və Van Universitetləri, Misir Ərəb Respublikasının Qahirə, Helvan, İsgəndəriyyə Universitetləri, İran İslam Respublikasının Təbriz və Urmiyə Universitetləri və s. ilə formalaşan coxcəhətli əlaqələr dünya təhsil sistemi ilə inteqrasiyanın genişləndirilməsinə və regionda müstəqil Azərbaycanın yeni tipli mütəxəsslər nəslini formalaşdırmağa geniş imkan yaradır.
Parlaq təfəkkür sahiblərinin sözüdür: “Təhsil gələcəyimizə qoyulmuş sərmayədir”. “Bütün elmlərin bünövrəsi təhsillə qoyulur”. Doğrudur. Çünki həyat olduqca böyük və olduqca da mürəkkəb bir prosesdir. Bu dünyəvi prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə cavab verən təhsilə malik olmalıdır. Oxumalı, öyrənməlidir. Gördüyünüz kimi, vaxtilə Mirvarid xanım Dilbazi istedadlı, savadlı, yüksək nitq qabiliyyətli, sanki hamısının dil - ədəbiyyat fakültəsini bitirən gənclər haqda yazıb necə şərəf hissi yaşayırdı. Qoy bütün Naxçıvan sevdalı insanlar əmin olsunlar ki, varlığı etibarlı əllərdə olan məmləkətimizin bugünkü nəsli də, gələcək nəsli də ruhən yurda, Vətənə, kitaba, təhsilə, elmə, zəkaya, mənəviyyata, mədəniyyətə bağlıdırlar və bağlı da olacaqlar. Bu, yaşı beş min illərə gedib çıxan qədim və Ulu Naxçıvanımızın, 100 yaşlı Muxtar Respublikamızın tarixlərdən, dədə - babalardan yadigar qalan qiymətli, olduqca zəngin bir irsdir. Naxçıvan bu müqəddəs irsi ərzin əşrəfi kimi hər zaman ləyaqətlə qoruyacaq!