AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
- 13-05-2024, 18:25
- ЭТНОПОЛИТИКА
- 0
- 306
Səməd Zülfəli oğlu BAYRAMZADƏ,
AMEA, Şərqşünaslıq institutu, “Cənubi Azərbaycan” şöbəsi,
tarix üzrə fəlsəfə doktoru
ORKID:Samad Bayramzadeh 16[0000-0001-6933-7021]
Açar sözlər: Cənubi Azərbaycan, Azərbaycan Demokrat Firqəsi, 12 Şəhrivər müraciəti, 21 Azər, Azərbaycan Milli Hökuməti, dövlətçilik siyasəti
Giriş. Seyid Cəfər Pişəvərinin sədrliyi ilə yaradılmış və Güney Azərbaycanda xalqın milli-demokratik hüquqlar uğrunda mübarizəsinə rəhbərlik edərək 1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Azərbaycan Milli Məclisinin açılmasına və Azərbaycan Milli Hökumətinin təşkilinə nail olmuş, milli mədəniyyətin, iqtisadiyyatın bütün sahələrində xalqın mənafeyi, onun azadlığı və rifahı üçün böyük və əvəzsiz islahatlara imza atmış Azərbaycan Demokrat Firqəsinin (ADF) siyasi fəaliyyətinin öyrənilməsi bu gün də İran xalqlarının, o cümlədən azərbaycanlıların milli-demokratik hərəkat tarixində ən mühüm mövzulardan biri kimi qalmaqdadır. Çünki ADF-ni yaradan siyasi, iqtisadi və sosial şərait İran daxilində indi də mövcuddur. Buna görə də ADF-nin fəaliyyət tarixinin öyrənilməsi, təhlili, onun strateji və taktiki fəaliyyətinin nəticələrinə düzgün qiymət verilməsi, ölkənin başqa müxalifət qüvvələri ilə birlikdə İranda, eləcə də Cənubi Azərbaycanda həqiqi milli-demokratik quruluş yaratmaq uğrunda mübarizənin yeni hərəkət xəttinin işlənib hazırlanması çox mühüm və aktualdır.
Qeyd edilməlidir ki, ADF bu gün də fəaliyyət göstərir, özünün Mərkəzi Komitəsinə və mətbu orqanına, rəsmi İnternet saytına malikdir.
ADF-nin dövlət quruculuğu siyasəti. 1945-ci il sentyabr ayının 3-də Təbriz şəhərində yaradılmış ADF özünün xalqa “12 Şəhrivər” adlı müraciətində bu firqənin təsis səbəblərini, qarşıdakı məram və məqsədlərini, milli dövlət quruculuğu siyasətinin əsas istiqamətlərini müəyyən etməklə əslində qısa bir müddətdən sonra təşkil edəcəyi Milli hökumətin proqramını xalqın müzakirəsinə təqdim etmişdi.
Bu müraciətdə ilk olaraq dövlət quruculuğu siyasətinin mahiyyəti məntiqi şəkildə, xalqın anlayacağı bir dildə şərh edilir və İran çərçivəsində demokratik əsaslarda federativ bir dövlətin formalaşdırılması təklifi ortaya qoyulur. Belə ki, ADF-nin sözügedən təsis konfransında çıxış edən S.C.Pişəvəri 1905-1911-ci illər Məşrutə inqilabı dövründə ölkə Konstitusiyasının əldə olunmasında, rejimin demokratikləşdirilməsi uğrunda Azərbaycan xalqının mübarizəsinə və xidmətlərinə işarə edərək qeyd edir ki, "konstitusiya hərəkatını vücuda gətirənlər və İranın Əsas qanununu yazanlar xalqın yerli idarəçilik orqanı olan əyalət və vilayət əncümənlərini irəli çəkməklə bütün İran xalqını ölkənin müqəddəratını təyin etmək işinə şərik etməyə, əyalət və vilayətlərin xüsusi ehtiyaclarını onların əhalisi vasitəsilə həll etməyə çalışmışlar. Əyalət və vilayət əncümənləri seçkilərinin sükut ilə keçirilməsi İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir" [5, s.29-30].
Pişəvəri eyni zamanda xüsusi olaraq vurğulayır ki, İran kimi çoxmillətli bir ölkədə min illərlə birgə yaşayan ayrı-ayrı etnik vahidlərin dil, din və adət-ənənə ilişgiləri, eləcə də onların maraq və xüsusiyyətləri nəzərə alınmalıdır, əks təqdirdə bu ölkədə həqiqi demokratiyanın bərqərar edilməsi və milli hökumətin təşkili mümkün ola bilməz [2, 05.09.1945]. Bunun üçün klassik demokratiyanın mövcud olduğu, milli hüquqların qorunduğu və fedrativ prinsiplərin gözlənildiyi ABŞ, SSRİ və İsveçrə kimi ölkələrin dövlət quruluşu nümunə kimi göstərilir. Hətta, I Daranın hakimiyyəti illərində Əhəmənilər dövlətindəki inzibati-ərazi bölgüsünün, yəni qədim İrandakı satraplıqların mövcudluğunun bugünkü federasiya və müxtariyyət prinsipinin ibtidai formasından başqa bir şey olmadığı, İranda rəsmi mövcud olan şahlıq rejiminin də eyni məzmuna malik olduğu qeyd edilir [5, s.28].
Müraciətdə daha sonra İrandakı iqtisadi, ictimai və siyasi sahədə dövlət idarəçiliyin mövcud vəziyyətinə, hakimiyyətin həyata keçirdiyi siyasətin istiqamətlərinə işarə edilir və bildirilir ki, ölkədə milli hökumət və konstitusiyadan əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd güdmürlər. Bütün fəsadlar, bədbəxtliklər və fəlakət də buradan qidalanmışdır. Dərəbəylik üsulunun qüvvətlənməsi, diktaturanın və onun tərəfdarlarının mövcudluğu nəticəsində dörd-beş nəfər gərəksiz şəxslərin hakimiyyəti İran camaatına zorla qəbul etdirilmişdir.
ADF-nin dövlət quruculuğu siyasətində dərəbəylik üsulunun aradan qaldırılması, xalqın dövlət işlərində hakimiyyətlə qarşılıqlı şəkildə birbaşa iştirakı həmişə əsas istiqamətləri təşkil etmiş və ciddi nəzarətdə saxlanılmışdır. Azərbaycan Demokrat Firqəsinin Məramnaməsinin “Ümumi siyasi məsələlər” bölümündə deyilirdi ki, “seçkilərdə təhdid və rüşvət kimi xain hərəkətlərin qəti surətdə qabağı alınmalıdır” (maddə 7), “yeyinti və rüşvətxorluq tamamilə aradan qaldırılmalıdır” (maddə 9) [2, 10.10.1945]. ADF sədri S.C.Pişəvəri “Azərbaycan” qəzetində “Milli Məclis seçkilərini hansı şüarla icra etməliyik?” başlıqlı məqaləsində 1945-ci ilin noyabr ayının 20-də Təbrizdə təşkil olunmuş Azərbaycan Xalq Konqresinin Milli Məclisə seçkilərin keçirilməsi barədə verdiyi qərarı şərh edərək dövlət işlərində rüşvətə qarşı cox sərt mövqe sərgiləmiş və bu barədə yazmışdır: “Rüşvət və sair qanuna zidd hərəkətlərin qabağı ciddi surətdə alınacaqdır” [2, 25.11.1945]. Xüsusilə Firqə işçilərinə də tövsiyə edilirdi ki, seçki işində doğruluq və sədaqət ilə rəftar etsinlər. Bu işdə saxtakarlıq, hiylə, təhdid və rüşvətxorluq əsas xəyanət, eyni zamanda da cinayət sayılırdı. “Azərbaycan Milli Məclisinin seçki qanunu”nun 40-cı maddəsində (Seçki işlərinə aid olan şikayətlər” bölümü) də deyilirdi ki, “təhdid, ya rüşvətlə olunan seçkilər mötəbər deyildir və bu işə bais olanlar bir ildən üç ilə qədər həbsə məhkum olunmağa bərabər iki dövrədə seçmək və seçilmək hüququndan məhrum olurlar” [2, 03.12.1945].
Seçkilərin uğurla başa çatmasından və 12 dekabr 1945-ci il tarixində Azərbaycan Milli Məclisinin açıldığı, Milli Hökumətin təşkil olunduğu gün dövlət işçilərinə müraciət edən Baş nazir S.C.Pişəvəri deyirdi: “Rüşvətxorluq, yeyinti (korrupsiya - red.) bundan sonra ola bilməz. Dövlət məmuru yeyintiyə yol verməklə ya rüşvət almaqla iki böyük cinayət törətmiş olur, biri oğruluq, ikincisiı əmanətə xəyanət etmək. Əmanətə xəyanət etmək böyük namərdlikdir, xüsusilə bir əmanətə ki, o, xalqın və cəmiyyətin tərəfindən tapşırılmış ola” [2, 12.12.1945].
ADF Əsas qanunun icrası və təkmilləşdirilməsi yolunda da ciddi surətdə işə başlamağı, milli hökumətin yaradılmasını aşağıdan, yəni xalq içindən və camaatın geniş kütlələrinin ehtiyacı, əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri üzərində qurmağın lüzumunu önə çəkir. 12 Şəhrivər müraciətində firqənin Azərbaycanda təşkilini, onun milli mübarizəsinin mahiyyətini, bu mubarizənin istiqamətlərini, əsas hədəflərini müəyyən və zəruri edən səbəblər açıqlanır və orada deyilir ki, "Azərbaycan torpağında 4,5 milyonluq bir xalq yaşayır (o zamankı statistikaya görə İranda 16,5 milyon nəfər əhali yaşayırdı[6, s.12; 9; 20, s.4]), onlar özlərinin etnik mənsubiyyətlərini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır.
Bəzi qısa fikirli adamlar zorla, çomaq gücü ilə Azərbaycanın uzaq kəndlərində öz ana dilindən başqa bir dil bilməyən kəndliləri fars dilində danışmağa vadar və məcbur edirlər. Bunlar bilmirlər ki, dilin kökü anaların sinəsindən, xalqın adət və ənənəsi ocaqlar başından qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın dilini və adət-ənənəsini əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt əldə ola bilər ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-birilə bərabər ola bilsin.
Azərbaycan xalqı mərkəzin çürümüş və kəsif dövlət adamlarının siyasəti sayəsində özünün istedad, qabiliyyət və zəkasına baxmayaraq, hər növ azadlıq və ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır, onun ziyalıları xalqın mədəniyyət, səhiyyə və sair ehtiyaclarını həll etmək üçün heç bir haqq və ixtiyara malik deyildir. Onların şəxsiyyətini, dilini və milliyyətini hər an təhqir etməkdədirlər" [5, s.33-37].
Bununla da ADF-nin Azərbaycanda siyasi bir təşkilat olaraq yaradılması zərurəti əsaslandırılmış oldu. ADF orqanı “Azərbaycan” qəzeti də elə özünün ilk sayında bu barədə yazır: “Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri təbiidir ki, tək və ya dağınıq halda azadlıq mübarizələrini davam edə bilməzlərdi, ona görə bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm və müntəzəm bir firqə təşkilatı yaratmaq lazım gəlirdi. Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər şəxsləri öz sırasına dəvət etməklə bir milli mərkəzi vücuda gətirəcək, Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcəkdir və bu vasitə ilə İran millətinin tərəqqi və təkamül yolunu açacaqdır” [2, 05.09.1945].
ADF öz platformasında dövlət quruculuğu siyasətinin sosial, iqtisadi və siyasi istiqamətlərinin müəyyənləşdirtilməsi və icrasında xalqın bütün təbəqələrinin iştirakını əsas amillərdən biri hesab etməklə onu xalqın müzakirəsinə təqdim etdi.
Bununla bağlı Azərbaycan Demokrat Firqəsi təbəqə və sinif fərqini nəzərdə tutmayaraq xalqı öz təşkilatında üzv olmağa və müqəddəs milli mübarizədə iştirak etməyə çağırdı və bildirdi ki, “bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azərbaycan xalqının üzünə açıqdır” [4, s.14; 5, s.40; 16, s.71; 17, s.33].
Bundan sonra ADF 12 maddədən ibarət öz əsas şüarlarını və məqsədlərini “Azərbaycan” qəzeti vasitəsilə bəyan etməklə özünün dövlət quruculuğu siyasətini xalqın geniş kütlələrinin müzakirəsinə təqdim etmiş oldu.
Əslində bu şüarlar ADF-nin qurmaq niyyətində olduğu Milli hökumətin proqramını xalq ilə birlikdə hazırlamaq təşəbbüsü idi. Belə ki, xalqın iradəsi və iştirakı ilə qurulan dövlət onun bütün maraqlarını təmin etməli və ehtiyaclarını ödəməli idi. Yalnız bu halda demokratik prinsiplər üzərində Milli bir hökumət qurmaq və onu müdafiə etmək olardı.
12 maddədən ibarət bu şüarlar Azərbaycan Demokrat Firqəsinin İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyat verilməsi, bu məqsədləri həyata keçirmək üçün tez bir zaman içərisində xalq tərəfindən yerli idarəçilik orqanları olan Əyalət və Vilayət Əncümənlərinin (bələdiyyələrin) seçilib işə başlaması, məktəblərdə təhsilin Azərbaycan dili bazasında təşkili (3-cü sinifdən sonra dövlət dili olan fars dili də tərdis edilmək şərtilə), mövcud zavod və fabriklərin təkmili və yenilərin təsisi ilə istehsalın genişləndirilməsi, bazar tapmaq və Azərbaycan əmtəələrinin xaricə çıxarılması üçün tranzit yollar axtarmaqla ticarətin genişləndirilməsi, Azərbaycan şəhərlərinin abadlaşdırılması və su ilə təminatı, kəndli ilə mülkədarlar arasında müəyyən bir hüdud təyin etmək, qeyri-qanuni vergilərin qabağını almaq, xalisə yerlərini (dövlət torpaqları) və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə məsrəf edən, Azərbaycana geri dönmək istəməyən mülkədarların yerlərini kəndlilərin ixtiyarına verməklə onların torpaq və əkin alətləri ilə təmin edilməsi, fabriklərin təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirləri həyata keçirməklə işsizlik kimi ciddi bir təhlükənin qarşısının alınması, Azərbaycan əhalisinin sayına uyğun İran parlamentinə deputat seçmə haqqının tələb və təmin edilməsi (bu təqəribən parlament nümayəndələrinin üçdə birini təşkil etməli idi), seçki prosesinin bütün İranda eyni vaxtda başlanıb və çox tez bir zamanda qurtarmasının təşkili, dövlət idarələrinə soxulmuş satqın və rüşvətxor şəxslər ilə ciddi mübarizənin aparılması, doğru və düzgün dövlət məmurlarının təqdir edilməsi, Azərbaycanda alınan vergilərin yarısından çoxunın Azərbaycanın öz ehtiyaclarına sərf edilməsi, bütün demokratik dövlətlərlə dostluq münasibətləri saxlamaq, mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərə qarşı mübarizə aparmaq, onları dövlət idarəçiliyi işlərindən kənar etmək kimi əsl məqsədlərini bəyan etməklə Azərbaycanın həm daxilində və eləcə də onun xaricində yaşayan hər bir vətənpərvər azərbaycanlını Milli hökumətin qurulması kimi müqəddəs bir vəzifənin icrasına çağırırdı.
ADF-nin 12 Şəhrivər müraciəti sonda xüsusi olaraq qeyd edirdi ki, “Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin pəncəsindən nicat tapacaqdır” [5, s.47].
Firqənin bu müraciəti elə həmin gün (3 sentyabr 1945) çap edilərək şəhərlərdə, qəsəbələrdə və kəndlərdə xalq arasında yayıldı. Bu müraciətnamə Azərbaycan xalqı tərəfindən geniş diqqət və böyük rəğbətlə qarşılandı. Minlərlə azərbaycanlı müraciətnamə yapışdırılmış divarların qabağında toplanıb ürək döyüntüsü ilə onu axıra qədər oxudu, düşündü və alqışladı. Xalqın bu isti münasibəti onu göstərdi ki, ADF-nin tutduğu yol və hədəflər düzgün seçilmişdir, xalqın maraqlarına uyğundur, onun istək, arzu, еһtiyaclarını açıq-aydın bir şəkildə əks etdirir. Xalq İranın ərazi bütövlüyü və istiqlalı çərçivəsində müqəddəratını təyin etmək haqqı istəyirdi, evi olan Azərbaycanı özü idarə etmək istəyirdi, öz dilində mədəniyyət, səhiyyə və dövlət idarəçiliyi istəyirdi.
ADF milli bir firqə olduğu üçün cəmiyyətdəki bütün sinif və təbəqələri öz bayrağı altında birləşməyə çağırdı. Bir gün keçdikdən sonra firqənin rəsmi orqanı “Azərbaycan” qəzeti müraciətnamədəki çağırış və şüarları əsas götürərək fəaliyyətə başladı, yeri gəldikcə onların izahına çalışaraq xalqı milli azadlıq üçün mübarizəyə hazırladı [2, 05.09.1945].
Bir həftə sonra ADF sədri S.C.Pişəvəri Təbrizin “Şir və Xurşid” teatr salonunda sözügedən müraciət və şüarlar barədə ətraflı çıxış etdi, bəyanat verdi, xalqa sadə Azərbaycan dilində yaranmış gərgin vəziyyəti, ondan çıxış yollarını, xalq hökuməti qurmağın üsullarını açıb göstərdi. O vurğuladı ki, “deputat təkbaşına heç heç bir iş görə bilməz. Xalq əl-ələ verib öz dərdlərinə özü çarə tapmalıdır” və sonra da qəti olaraq xalqına belə bir çağırış etdi: “Azərbaycandan başlamalı, buranı əvvəl islah etməli, Azərbaycan xalqının öz gücü ilə burada bir Milli hökumət yaratmalıyıq. Tehran irticanın başı, istibdadın mərkəzidir. O, ətrafda baş qaldıran bütün hərəkatlara qarşıdır. Birinci növbədə ora göz yumub, birbaşa burada iş görməliyik” [2, 16.09.1945].
S.C.Pişəvəri bu nitqində dövlət qurmağın, dövlətçiliyin prinsiplərini də şərh etdi, aydın və sadə bir dildə xalqına elan etdi ki, "demokratik və milli bir hökumətin yaradılması üçün birinci növbədə dövlətin büdcəsini, yəni mədaxil və məxaricini təyin etmək gərəkdir və Məşrutə inqilabı da bu məsələni həyata keçirmək yolunda meydana gəlmişdir. İndi alınan vergilər və sərf edilən pulların hamısı qeyri-qanunu və oğurluq hesab olunur". Davamında S.C.Pişəvəri bu dövlətçilik prinsiplərinin qanunlara söykənməsinin, onlara mütləq şəkildə əməl olunmasının zəruriliyinə də toxunaraq bildirdi ki, qanun möhtərəmdir. Qanunsuz bir ölkədə ədalət, təhlükəsizlik, insaniyyət ola bilməz. Amma qanun hər iki tərəfdən (həm hökumət və həm xalq tərfindən) möhtərəm tutulmalıdır. Əks təqdirdə hakimiyyətdə olanlar həmişə qanunları özləri üçün əllərində bir alət kimi saxlayıb hər vaxt azadlığı məhv etməyə, xalqın haqq və ixtiyarını ayaqlamaq lazım gəldikdə onu meydana çəkib ondan istifadə etməyə çalışırlar. Belə olduğu halda xalqın xeyrinə olan qanunlar yaddan çıxarılaraq arxivlərə verilir" [2, 18.09.1945].
Ona görə də ADF-nin xalqa müraciətində meydana atdığı şüarların əsasını da qanun təşkil edirdi. Ö üzdən də ADF-nin əsas hədəflərindən biri millətlərin və xalqların hüquqlarını təmin edən Əsas qanunu (Konstitusiyanı) diriltmək yolunda mübarizəyə başlamaq idi. Belə ki, ADF, onun üzvləri və onların təmsil etdikləri sosial təbəqələr üçün birinci növbədə ən böyük, ən əsas qanun əyalət əncüməni (yerli idarəçilik orqanı olan bələdiyyə) məsələsini ortaya gətirib həyata keçirmək istəyi idi.
Pişəvəri şəhər əncümənlərinin seçilməsi və formalaşdırılması məsələsinə də işarə edərək belə bir tövsiyədə bulundu ki, "ilk öncə şəhərləri sahmana salmaq üçün xalqın seçdiyi şəhər əncümənləri köhnə qəbiristan halına düşmüş, küçə və xiyabanlarında üfunət və çirkab başdan aşmış şəhərlərdə işə başlamalıdırlar" [2, 18.09.1945].
Bəyanatda o da vurğulandı ki, "dünyada demokratik ölkələrdə dövlət bələdiyyəsinin işlərinə müdaxilə edə bilmir. Ona görə də şəhər əncümənləri Rza xanın yaratdığı bu pis və uğursuz səddi sındırıb işə başlamalı və şəhəri xarabazar halına düşməkdən xilas etməlidir" [2, 18.09.1945].
Pişəvəri belə bir bəyanatla çıxış etdiyi günlərdə mürtəcelərin yaratdığı gərgin şəraitin təsiri altında bütün İran çalxalanma halında idi. Mazandaranda, Qorqanda İsfahan, Şiraz və sair cənub şəhərlərində hərəkatlar baş qaldırmışdı. Tehranın özündə belə dövlət xalq etirazlarının qarşısını almaqda aciz qalmışdı. Hökumət tərəfindən hərbi rejim elan olunmuşdu, gecə saat ondan sonra şəhərdə görünmək qadağan edilmişdi, amma yenə də xalqın malını və canını qorumaq mümkün deyildi.
Belə bir ağır zamanda Azərbaycan Demokrat Firqəsinin özünün tarixi “12 Şəhrivər” müraciətnaməsi ilə fəaliyyətə başlamasından bir həftə sonra Təbrizdə və bütün Azərbaycanda dərin bir sükut hiss edilirdi. Xalq ADF-nin simasında bir ağırlıq mərkəzi, bir ümid yeri tapan kimi olmuşdu. Ümumi təhlükəsizliyi pozan hərəkətlər susdurulmuş, ara qarışdırmaq istəyən ünsürlər təcrid edilməyə başlamışdı. Belə ki, Azərbaycanın istər şəhərlərində, istərsə də kəndlərində xalq firqəyə etimad edib, meydana atdığı təhlükəsizlik şüarını rəğbətlə qarşılayıb ona riayət edirdi. Azərbaycan təhlükəsizlik və sakitlik cəhətdən İranın başqa yerlərinin hamısından öndə gedirdi [2, 20.09.1945].
Firqənin bu uğurunu əldə əsas tutan Pişəvəri qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı ADF-ni yaratmaqla dünyaya sübut edəcəkdir ki, yabançılar olmadan onun öz evini idarə etməyə ləyaqət və qüdrəti vardır. Ona görə də ADF birinci növbədə təhlükəsizliyi qorumalı, ondan sonra milli hərəkatı idarə etmək və İran azadlığını təmin etmək üçün Əyalət Əncümənindən ibarət olan bir mərkəzi yaratmalı idi.
Pişəvəri deyirdi ki, firqənin işi başqadır. Onu dövlət və hökumətin yerinə qoymaq olmaz. O, xalqın gözünü açıb, möhkəm bir intizam ilə xalqın mənafeyini təmin etməyə çalışmalıdır. Xalqın hüququnu qorumaq, fərdi və ictimai işləri idarə etmək hökumət təşkilatının işidir. Bu təşkilat Əyalət və Vilayət Əncümənləri şəkilində olacaq. Əncümənlərin hüquqları çox genişdir. Onlar bütün hökumət idarələrinın işlərinə yetişə bilər. Əyalətin sərvətini, maarif və səhiyyə məsələlərini müstəqil surətdə müzakirə edib, bu barədə ciddi tədbirlər görə bilər.
Çıxışının sonunda firqə sədri S.C.Pişəvəri bir öhdəlik şəklində xalqına bunları bəyan etdi: “Biz var qüvvəmizlə çalışacağıq ki, millət bütövlükdə hamısı dövlət işlərinə müdaxilə edə bilsin və hər bir vətənsevər fərdin iradəsi məmləkətin müqəddəratına təsir edə bilsin. Bundan əlavə qabağımızda böyük islahatlar paketi durur. Əvvəla, kəndli ilə mülkədarlar arasında mövcud olmuş ixtilaflfları ədalətli tərzdə həll etmək lazımdır. Sonra maarif və səhiyyə məsələsi, bizcə, qarşıda duran ən böyük məsələlərdəndir. Maarif və səhiyyəsiz bir millət öz istiqlalını ala bilməz və aldığı azadlığı əldə saxlaya bilməz” [2, 23.09.1945].
Əslində bu bəyanatı ilə Pişəvəri qarşıda Azərbaycanda qurulacaq milli dövlətin fəaliyyət proqramının əsas istiqamətlərini müəyyən etmiş oldu.
1945-ci ilin sentyabr ayının 13-ə kimi Təkcə Təbriz şəhərində ADF-yə 10 min nəfər üzv olmuşdu. Bundan əlavə İran Xalq Partiyasının (İXP – Tudə) Azərbaycan əyalət təşkilatının 60 min nəfər üzvü də ADF-yə birləşdi. O vaxt ADF-nin müraciətnaməsi ilə tanış olan və onun şüarlarını qəbul edən hər bir şəxs (əlbəttə, oğru, cani və irticaçılardan başqa) adını firqə təşkilatına yazdırmaqla firqəyə daxil olurdu [10, s.58].
13 sentyabr 1945-ci il tarixində Təbrizdə firqəni yaradanların ilk konfransı oldu. Konfrans firqənin işlərinə rəhbərlik etmək üçün 11 nəfərdən ibarət bir komissiya – müəssislər komitəsi yaratdı. Həmin komitəyə S.C.Pişəvəri sədr, M.Ə.Şəbüstəri isə sədr müavini seçildilər. Konfrans 20 günə qədər ADF-nin birinci qurultayını (Azərbaycan Xalq Konqresini) çağırmağı qərara aldı.
2 oktyabr 1945-ci il tarixində Təbrizdə ADF-nin I qurultayı açıldı. Bu ərəfədə ADF üzvlərinin sayı artıq 100 min nəfərə çatmışdı. Firqənin 38 vilayət, şəhər və mahal təşkilatı qurultaya 277 nəfər (237 nəfər həlledici və 40 nəfər məşvərətçi səslə) nümayəndə seçib göndərmişdi [10, s.60].
ADF-nin I qurultayında firqə məramnaməsinin müzakirəsi əsas yer tutdu [3, s.32]. Məramnamənin 17-ci maddəsinin “İstibdad dövrünün tərəfdarı olan və Azərbaycanı qoyub qaçmış mülkədarın torpaqlarının müsadirə olunaraq kəndlilərin nixtiyarına verilməsi” başlıqlı 2-ci bəndi qızğın mübahisələrə səbəb oldu. Bu bəndlə bağlı çoxlu təkliflər edildi. Oktyabrın 3-də qurultayın 4-cü iclasında 17-ci maddə əksəriyyətlə təsdiq edildi. Qurultayın bu qərarı çox mütərəqqi bir hadisə idi. O, kəndliyə göstərdi ki, ona torpaq pulsuz və əvəzsiz verilməlidir. Bu qərar mülkədar torpaqlarının toxunulmazlığı fikrini puça çıxardı və kəndli hərəkatını daha inqilabiləşdirdi. Qurultayda ADF Məramnaməsi bütövlüklə qəbul edildi. Onunla bağlı verilən təkliflərə də baxıldı və qəbul edildi.
Üç gün davam edən qurultay 4 oktyabr 1945-ci il tarixində öz işini uğurla başa vurdu. ADF Məramnaməsi Azərbaycanın və İranın iqtisadi, ictimai və milli xüsusiyyətlərini, tarixi şəraiti nəzərə alaraq firqənin ən yaxın vəzifələrini müəyyən etmiş oldu. Məramnamədə İranın ərazi bütövlüyü və istiqlaliyyəti qorunmaq şərtilə əyalət və vilayət əncümənləri seçkisinə yubanmadan başlanmasına, Azərbaycana İran daxilində muxtariyyət və öz müqəddəratını təyin etmək hüququnun verilməsi tələb edilirdi. Həmin sənədin 6-cı maddəsində deyilirdi: “Ümumi səsvermə yolu ilə həqiqi xalq demokratik dövləti yaradılmalıdır” [3, s.10].
Amma Azərbaycan xalqı yəqin etdi ki, İran dövləti ona azadlıq və muxtariyyət verməyəcəkdir. Elə həmin günlərdə ADF orqanı “Azərbaycan” qəzeti yazırdı: “ Mərkəzi hökumət məmləkəti sülh və asayiş yolu ilə idarə etməyə qadir deyildir [2, 26.10.1945]. Tehran Azərbaycan üzərinə böyük qoşun hissəsi göndərməyə hazırlaşırdı. Bunun müqabilində də Azərbaycanda xalq hərəkatı artıq milli azadlıq və demokratik xarakterə malik olduğundan ADF silahlı üsyanın təşkilinə qərar verdi. Firqə bütün xalqı vuruş üçün təşkil etdi. ADF-nin hər bir çağırışını on minlərlə adam müsbət qarşıladı. Kəndlilər hərəkatın əsas hərəkətverici qüvvələrindən sayılırdılar. 1945-ci ilin oktyabr ayının son günlərindən başlayaraq xalq Azərbaycandan ərzaq mallarının, o sıradan taxılın daşınıb aparılmasının qarşısını aldı.
Azərbaycan xalqının İran hökumətinin qüvvələri ilə mübarizəyə hazır olduğu həmin gün – 1945-ci ilin noyabr ayının 16-da ADF göstəriş verdi: “Xalq öz başına çarə etməlidir!” [2, 16.11.1945]. İran hökuməti noyabr ayının 17-də Tehrandan Azərbaycan üzərinə qoşun göndərdi. İran qoşunlarının baş qərargahından da Təbrizə, Azərbaycandakı diviziya komandanına da şəhərlərdə və digər yerlərdə dövlət idarələrini, dövlətin yerli hakimiyyət orqanlarını, polis, jandarm və əsgərlərin yerləşdikləri idarə və kazarmaları, poçt və teleqraf məntəqələrini zabit və əsgərlərin son damla qanları qalana qədər müdafiə etmə əmri verildi.
Xüsusilə də yoxsul və ortabab kəndlilərdən təşkil olunmuş Azərbaycan fədailəri İranın mərkəzi hökumətinin silahlı qüvvələrinə ilk zərbəni noyabr ayının 16-dan 17-ə keçən gecə Marağa, Mərənd, Miyanə, Sarab və Ərdəbil mahallarında eyni vaxtda vurdular. 17-də isə artıq Miyanə və Sərab şəhərləri, Marağanın Əcəbşir, Binab və Şişəvan qəsəbələri, Mərəndin Yam kəndi və Ərdəbilin bir sıra böyük kəndləri hökumət qüvvələrinin nəzarətindən azad edildilər. Təbriz, Ərdəbil, Əhər, Astara, Marağa, Miyandab, Urmiya, Xoy və Maku kimi şəhərlərdə də dövlət qüvvələri bir-birinin ardınca tərk-silah edildilər.
Vəziyyətin get-gedə daha kəskin şəkil aldığını, dövlət qüvvələri ilə yerli azadlıq qüvvələri arasında böyük toqquşmaların və baş verə biləcək qırğınların miqyasını təsəvvür edə bilən İran parlamenti üzvləri noyabr ayının 21-də Tehrandan Azərbaycan üzərinə göndərilən qoşunun dayandırılmasına nail oldu. Azərbaycanda fədailər kəndləri, qəsəbələri və şəhərləri bir-birinin ardınca azad etdilər. ADF MK-nın düzgün rəhbərliyi, plan və tədbirləri nəticəsində demək olar ki, qan tökülmədən bütün qəsəbə və şəhərlər irtica qüvvələrinin əlindən çıxıb xalqın əlinə keçdi [10, s.82].
ADF xalqın silahlı mübarizəsinə rəhbərliklə yanaşı xalq hakimiyyətini yaratmaq uğrunda da bir sıra siyasi və təşkilati işləri həyata keçirməklə məşğul idi. 1945-ci ilin 8-9 noyabr tarixli 2-ci geniş plenumunda ADF MK təxirə salmadan əyalət və vilayət əncümənlərinin təşkilinə və İran parlamentinə seçkilərə başlamaq barədə qərar verdi [10, s.82-85].
1945-ci ilin noyabr ayının 10-dan 20-dək Azərbaycanın bütün kənd və şəhərlərində 180-dən çox izdihamlı mitinqlər oldu. Bu toplantılarda əncümənlərin (yerli xalq hakimiyyəti orqanları olan bələdiyyələrin) təşkilini və Azərbaycana İran daxilində muxtariyyət verilməsini tələb edən qərarlar qəbul edilərək xalq nümayəndələri vasitəsilə Təbrizə göndərilirdi.
Beləliklə 1945-ci ilin noyabr ayının 20-də Təbriz şəhərində Azərbaycan Xalq Konqresi (AXK) təşkil olundu və bu konqresdə xalqın bütün təbəqələri, xüsusilə kəndlilər və şəhər zəhmətkeşləri tərəfindən seçilmiş 724 nəfər nümayəndə işltirak edirdi.
Konqres “Azərbaycan Milli Müəssislər Məclisi”, “Azərbaycan Milli Müəssislər Məclisinin Bildirişi”, “Azərbaycan Milli Müəssislər Məclisinin Bəyanatı”, “Azərbaycan Milli Məclisinin seçki qanunu” kimi mühüm sənədləri müzakirə edərək sonda 14 maddədən ibarət qərar qəbul etdi. Bu qərarda İran çərçivəsində yaradılacaq Azərbaycan Milli Hökumətinin ADF-nin 12 Şəhrivər müraciətindən doğan əsas fəaliyyət istiqamətləri, Azərbaycan dövlətçiliyinin təməl prinsipləri öz əksini tapdı. Belə ki, AXK-nin həmin qərarlarında bildirilirdi ki, 1) Azərbaycan xalqı tam mənası ilə bir millət kimi ayağa qalxıb öz təbii və qanuni haqqına özünün gücü ilə malik olmaq istəyir; 2) Azərbaycan xalqı öz müqəddəratını ələ aldığı halda, Azərbaycanın İrandan ayrılmamağını elan edir və bütün İran xalqları ilə qardaşlığını qorumağı özünə vəzifə bilir; 3) AXK Azərbaycanın Irandan ayrılması və onun ayrı bir ölkəyə birləşməsi barədə məlumatları ciddi surətdə təkzib edir; 4) Azərbaycan xalqı konstitusiya qanunalrına sadiq qalıb demokratik prinsipləri icra etməyə çalışacaqdır; 5) Azərbaycan xalqı özünün daxili işlərini idarə və milli muxtariyyatını təmin etmək üçün konstitusiyadan istifadə edib əyalət əncüməni təşkilatını bir qədər genişləndirib ona Milli Məclis şəkilini verir, İran daxilində İranın bütövlüyü və istiqlalına heç vəchlə xələl yetirmədən özünün Milli Hökumətini yaradır; 6) AXK ADF-nin təşəbbüsü və rəhbərliyi ilə Milli Məclis, vilayət əncümənləri və Milli Şura Məclisi (İran parlamenti) seçkilərinə təcili olaraq başlamağı qərara alır; 7) AXK xalqımızın arzu və tələblərini icra etmək üçün ciddi addım atıb özünü Müəssislər Məclisi elan edir. Milli muxtariyyatımızı möhkəm əsas üzərində qurmaq üçün Milli Məclisi yaradır; 8) Müəssislər Məclisi bir Milli Hökumət yaradılmasını və birbaşa Azərbaycanın daxili işlərinin bu hökumət vasitəsi ilə idarə edilməsini təxirsiz bir surətdə lazım görür; 9) Milli Məclis seçkiləri qurtarıb Milli Hökumət rəsmiyyət tapan gündən AXK öz nümayəndələrindən Milli Heyət adı ilə 39 nəfərlik bir heyət seçir. Qəbul etdiyi qərarların icrasını bu müvəqqəti heyətə tapşırır; 10) Bu Milli Heyət Milli Məclis təşkil olunan günə qədər Azərbaycan xalqının milli işlərini idarə edəcək, Milli Məclis təşkil olan kimi onun vəzifəsi sona çatmış olacaqdır; 11) Mərkəzdə və vilayətlərdə başlanan seçkiləri təmin etmək və Milli Heyətin təhlükəsizliyini qorumaq üçün AXK hər cür tədbir görməyə geniş ixtiyar verir; 12) AXK dövlət idarələrinin başında duran məmurlardan Milli Heyətə tabe olub onun göstərişlərinə və nəzarətinə itaət etməyi tələb edir və bunun əksinə çıxıb özünü hakimi-mütləq göstərmək istəyənlərin tezliklə dövlət idarələrindən ixracını lazım görür; 13) AXK bütün dövlət məktəblərində Azərbaycan dilinin məcburi surətdə tədris edilməsini Milli Heyətə tapşırır və bu milli vəzifəni yerinə yetirməyə mane olanları Azərbaycan xalqının düşməni hesab edib onların irticaçı fikir və xain hərəkətlərinə mane olmaq üçün ciddi tədbirlər görülməsini tələb edir; 14) AXK polis, jandarm və ordu təşkilatlarının tərkibini pozmaq fikrində deyildir. Onlar öz rəsmi libas və dərəcələrini qorumaqda və vəzifələrini yerinə yetirməkdə davam edirlər. Lakin əgər onları idarə edənlərdən Azərbaycan muxtariyyəti əleyhinə bir iş baş versə, Milli Heyətə ixtiyar verilir ki, onların xəyanətlərinin qabağını almaq üçün ciddi tədbirlər görsün [2, 25.11.1945].
1945-ci il noyabr ayının 20-21-də Təbriz şəhərində təşkil edilmiş AXK özünün 4-cü iclasında yekdilliklə bir bəyanat qəbul etdi və onu 23.11.1945-ci il tarixində İran şahına, İran parlamentinə və Iranın mərkəzi hökumətinə, eləcə də xüsusi bir heyət vasitəsilə dünyanın ABŞ, İngiltərə, Sovet İttifaqı, Fransa və Çin kimi əzəmətli demokratik ölkələrinə göndərdi. Azərbaycan xalqının qanuni tələblərini əks etdirən 8 maddədən ibarət həmin bəyanatda deyilirdi ki, 1) Azərbaycan xalqı milli dilə, adət-ənənələrə və xüsusiyyətlərə malikdir. Bunlar ona haqq verir ki, bütün dünya xalqları kimi İranın istiqlaliyyətinə və bütövlüyünə riayət etməklə Atlantik Xartiyasına uyğun olaraq öz müqəddəratının təyin edilməsində azad və muxtar olsun; 2) Azərbaycan xalqı heç bir vəchlə öz qanuni tələblərini ayrılmaq prinsipləri əsasında və İran sərhədlərinə zərər vurmaq əsasında həll etmək istəmir; 3) Azərbaycan xalqı özünün tam gücü ilə İranda Əsas Qanuna söykənən və Milli Hökumət şəklində olan demokratik bir rejimin qurulmasını istəyir; 4) Azərbaycan xalqı İranın bütün ərazisində yaşayan başqa xalqlar kimi ictimai işlərin idarə edilməsində və öz nümayəndələrini göndərməklə, ədalətli vergilər ödəməklə mərkəzi hökumətdə iştirak etmək istəyir; 5) Azərbaycan xalqı rəsmi şəkildə və açıq olaraq elan edir ki, bütün dünya xalqları kimi öz milli və daxili işlərini idarə etmək üçün İranın bütövlüyünə riayət etməklə Milli Hökumət təşkil etmək istəyir. Bu Milli hökumət İran dövlətinin bütövlüyünə və istiqlaliyyətinə riayət etməklə Azərbaycanı demokratik prinsiplər əsasında idarə edəcəkdir; 6) Azərbaycan xalqı AXK tərəfiindən təsdiq edilmiş daxili nizamnaməyə əsasən öz daxili Milli Məclisini seçəcəkdir və lazım bilir ki, Azərbaycanın daxili Milli Hökuməti Milli Məclis nümayəndələri arasından seçilsin və onların qarşısında məsuliyyət daşısınlar; 7) Azərbaycan xalqı öz milli ana dilini çox sevdiyindən ona zorla başqa bir dilin qəbul etdirilməsi, bununla da Azərbaycan xalqını sivilizasiya və tərəqqidən saxlamaq, onun milli mədəniyyətinin qarşısına sədd çəkmək kimi zorakı aktın qarşısını almaq və Azərbaycanın inkişafını təmin etmək üçün AXK Milli Heyətə tapşırmışdır ki, tezliklə Azərbaycan dili dövlət dili elan edilərək onun tədrisi bütün milli və dövlət tədris müəssislərində həyata keçirilsin; 8) 150 min nəfərin imzası və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş 700 nəfərin iştirakı ilə təşkil edilmiş Xalq Konqresi Azərbaycan xalqının iradəsinə uyğun olaraq özünü Müəssislər Məclisi adlandırmış, Azərbaycanın daxili işlərini idarə etmək üçün 39 nəfərdən ibarət bir heyət seçmişdir. Bu heyətə tapşırılmışdır ki, milli məqsədlərin yerinə yetirilməsi üçün lazımi tədbirlər qəbul edib səlahiyyətli orqanlar ilə müzakirələrə başlasın. Eyni zamanda Milli Şüra Məclisinin (İran parlamentinin) seçkilərini həyata keçirsin.
AXK İran dövlətinin rəhbərlərini və dünyanın böyük demokratik dövlətlərini yuxarıda göstərilənlərə cəlb etməklə bildirirdi ki, öz məqsədlərini icra etmək üçün yalnız təbliğat və təşkilat vasitələrindən istifadə edəcəkdir və heç bir vəchlə qardaş qırğınına və qarşıdurmaya icazə verməyəcəkdir. Lakin əgər mərkəzi dövlət Azərbaycan xalqının qanuni haqqını silah gücü ilə aradan qaldırmaq istəsə, çarəsiz qalıb hansı qiymətə olursa-olsun öz hüquqlarını müdafiə və axırıncı nəfərə qədər milli muxtariyyatını əldə etmək yolunda mübarizə edəcəkdir. Müəssislər Məclisi Milli Heyətə ixtiyar vermişdi ki, Azərbaycanın muxtariyyatını təmin etmək üçün daxili səlahiyyətli orqanlarla müzakirələr aparıb məsələni sülh və əmin-amanlıq yolu ilə həll etsin. Lakin Milli Heyətin heç bir vəchlə ixtiyarı yox idi ki, yerli muxtariyyət və Milli Hökumət hüquqlarını nəzərə almasın və İranın bütövlüyü və istiqlaliyyətinə qarşı tədbirlər həyata keçirsin. AXK bu bəyanatla bütün nüfuzlu demokratik dövlətlərə bildirmək istəyirdi ki, dünyada bütün gücü ilə öz hüququnu müdafiə etməyə qalxmış bir xalq vardır və bu xalq Asiyanın bir küncündə həqiqi azadlıq və demokratiya bayrağını qaldıraraq öz milli gücü ilə azadlığını təmin etmək istəyir [2, 25.11.1945].
Azərbaycan Milli Heyətinin verdiyi fərman üzrə və Azərbaycan Milli Məclisinin seçki qanunu əsasında (21.11.1945) 1945-ci ilin noyabr ayının 27-də Azərbaycanın vilayət və mahallarında Azərbaycan Milli Məclisinə seçkilər başlandı [2, 29.11.1945]. Seçkilər 5 gün davam edərək dekabr ayının 1-də uğurla başa çatdı. 32 seçki dairəsindən Azərbaycan Milli Məclisinə (MM) 100 nəfər nümayəndə seçildi. Bunların böyük əksəriyyətini inqilabçılar, mübariz, vətənpərvər və maarifpərvər şəxslər, kəndlilər, fəhlələr, ziyalılar, sənətkarlar, iş adamları və milli burjuaziyanın nümayəndələri təşkil edirdilər [10, s.88].
İran şahı və mərkəzi hökuməti adından Azərbaycan demokratları ilə danışıqlar aparmaq üçün Təbrizə gəlmiş Azərbaycan valisi Murtuza Bəyat Azərbaycan Milli Heyətinin tələbi ilə Təbrizi tərk edərək Tehrana döndü.
1945-ci ilin dekabr ayının 12-də (21 Azər 1324) Təbriz şəhərində Azərbaycan Milli Məclisi açıldı. 21 noyabr 1945-ci il tarixli AXK-nin seçdiyi Milli Heyət 21 günlük fəaliyyətdən sonra Azərbaycan MM-in 1-ci iclasında vəzifəsini bitirməklə səlahiyyətlərini yerə qoydu. Azərbaycan Milli Məclisi elə həmin gündə də (12.12.1945/21.09.1324) günortadan qabaqkı iclasında Azərbaycan Milli Hökumətini təşkil etməyi ADF-nin sədri S.C.Pişəvəriyə tapşırdı. Pişəvəri günortadan sonrakı iclasda Azərbaycan Milli Hökumətini (AMH) aşağıda qeyd olunan tərkibdə Milli Məclisə təqdim etdi: 1)Baş Nazir – Seyid Cəfər Pişəvəri; 2) Daxili İşlər naziri – dr. Salamullah Cavid; 3) Xalq Qoşunları naziri – Cəfər Kaviyan; 4) Kənd Təsərrüfatı naziri - dr. Məhtaş; 5) Maarif naziri – Məhəmməd Biriya; 6) Səhiyyə naziri – dr. Övrəngi; 7) Maliyyə naziri – Qulamrza İlhami; 8) Ədliyyə naziri – Yusif Əzima; 9) Yol, Post, Teleqraf, Telefon naziri – Kəbiri; 10) Ticarət və İqtisad naziri – Rza Rəsuli; 11) İş və Əmək naziri təyin olunana kimi o nazirliyə aid olan işlərə Baş Nazir özü nəzarət edəcəkdi. Elə həmin iclasda da Milli Məclis tərəfindən Zeynalabdin Qiyami Ali Məhkəmənin sədri və Firidun İbrahimi isə Azərbaycanın Baş prokuroru seçildilər [2, 13.12.1945].
S.C.Pişəvərinin MM-ə təqdim etdiyi 20 maddədən ibarət Azərbaycan Milli Hökumətinin fəaliyyət proqramı geniş müzakirədən sonra yekdilliklə qəbul edildi. Bu proqramda Azərbaycanın siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrinin milli-azadlıq və demokratik prinsiplər əsaslarında yenidən qurulması, inkişaf etdirilməsi, Azərbaycan muxtariyyətinin qorunması və möhkəmləndirilməsi üçün görüləcək işlər, onları istiqamətləri müəyyən edilmişdi [2, 13.12.1945].
İran qoşunlarının Təbrizdəki hərbi hissələri AMH-in təşkil edildiyi 12 dekabr (21 Azər) günü fədailərə təslim oldular. Dekabr ayının 20-dən sonra Azərbaycan ərazisində xalq hakimiyyəti bərqərar oldu.
AMH-in fəaliyyət proqramı öz məzmun, məram və məqsədləri baxımından ADF-nin “12 Şəhrivər” müraciətində əks olunan 12 əsas şüarından, 50 bənddən ibarət Məramnaməsindən, AXK-nin 14 maddədən ibarət qərarından və 8 maddəlik Bəyanatından prinsipcə heç nə ilə fərqlənmirdi. ADF-nin dövlət quruculuğu siyasəti xalqın istəyi və iradəsi ilə qəbul edilmiş demokratik qanunlara və qərarlara söykəndiyindən uğurla həyata keçirilməyə başladı.
Əslində yeni qurulmuş məclis və dövlət Azərbaycanın siyasi quruluşu idi. Əyalət və vilayət əncümənləri seçkisi bu quruluşu genişləndirdi və Azərbaycanın bütün əhalisini demokratiyanın siyasi quruluşunda birləşdirdi. AMH azadlıq, ictimai və siyasi hüquqlar əldə etmək, demokratik dövlət qurmaq, ana dilinin rəsmi səviyyələrdə statusunu təmin etmək, milli dövlətin və xalqın təhlükəsizliyini qorumaq kimi zəruri məsələləri, cəmiyyətin iqtisadi həyatına aid mövcud çətinliklərin həllini ön plana çəkdi.
ADF-nin dövlət quruculuğu siyasətinə uyğun olaraq və onun rəhbərliyi altında Azərbaycan MM və Milli hökuməti bir sıra zəruri islahat tədbirlərini həyata keçirməyə başladı.
İranın ərazi bütövlüyü daxilində və onun suverenliyinə heç bir xələl gətirmədən Azərbaycanın və xalqının təhlükəsizliyini təmin etmək və qorumaq ön plana çəklildi. Azərbaycan MM-in 21.12.1945-ci il tarixli iclasında xalq qoşunlarinin təşkili haqqında qanun qəbul edildi və Xalq Qoşunları Nazirliyi yiyaradıldı. 03.02.1946-cı il tarixində fədai dəstələrinin işini nizama salmaq və Azərbaycanda təhlükəsizliyi qorumaq haqqında AMH müvafiq qərar qəbul etdi və bununla da fədailər böyük dəstələrdə birləşdirilərək qoşun nizam-intizamı ilə silahlı halda Azərbaycanın müəyyən məntəqələrində yerləşdirildi. AMH-in müvafiq qərarı ilə 20 min nəfərdən çox fədaiyə milli-azadlığı ələ almaqda və xalq hakimiyyətini qurmaqda iştiraklarına görə “21 Azər” medalı verildi [10, s.83].
1946-cı il fevral ayının 28-də polis işçiləri hazırlamaq üçün Təbriz şəhərində daxili işlər idarəsinin nəzdində xüsusi kurslar açıldı. 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı.
Bundan sonra da milli dövlət quruculuğu siyasətini uğurla həyata keçirəcək firqə və hökumət kadrları yaratmaq məqsədilə Təbriz şəhərində 3 aylıq siyasi kurslar, hüquq məktəbi açılmış və burada Azərbaycanın siyasi, ədliyyə və idarəçilik üzrə kadrlarının hazırlanmasına başlanmışdı.
ADF özünün milli dövlət quruculuğu siyasətində azərbaycançılığı əsas ideoloji platforma seçməklə milli şüuru inkişaf ertdirən tədbirlərə xüsusi diqqət yetirdi. Bu üzdən də keçmiş və yaxın tarixin tədqiqi və təbliği, poeziya və bədii ədəbiyyatın, maarifin, yeni dərs proqramlarının milli ruhda hazırlanması, incəsənətin inkişafı yönümündə həyata keçirilən tədbirlər AMH-in islahat proqramının önündə dayandı.
Azərbaycan Milli Hökumətinin 6 yanvar 1946-cı il tarixli iclasında Azərbaycan dili, eləcə də ibtidai, orta və ali təhsilin pulsuz olması şərtilə ana dili bazasında yenidən qurulması, yetim və kimsəsiz uşaqların tərbiyəsi və təhsilə cəlb ediməsi haqqında qanun qəbul edildi.
Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olundu, idarələr, danışıq və yazışma, bütün məktəblərdə tədris Azərbaycan dilində aparıldı (ibtidai məktəblərdə dərslər yalnız ana dilində aparılmalı idi, ondan sonra isə ana dili ilə yanaşı fars dilinin də işlənməsinə icazə verilirdi). Eləcə də rəsmi elanlar, qanun layihələrinin yazılması, hökumət idarələri, ticarət mərkəzləri, xalq qoşunları haqqında verilən fərmanlar, məhkəmə işlərinin, rəsmi yığıncaqların Azərbaycan dilində aparılması Milli Məclisin təsdiqi ilə qanuni şəkil aldı. Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı. Milli hökumət tətəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı [15, s.47].
AMH yaranana qədər zəhmətkeşlərin maarif və səhiyyə vəziyyəti haqqında S.C.Pişəvəri deyirdi: “Azərbaycanın səhiyyə işləri üçün ayrılmış vəsait adambaşına bölünərsə, bir nəfərə bir aspirin belə çatmaz. Maarif üçün ayrılmış pul bölünərsə, onu göstərən bir vahid rəqəm tapmaq olmaz. Mən onu kibrit çöpü ilə əvəzlədim, nəticə bu çıxdı ki, hər nəfərə bir kibrit çöpündən az pay düşür”. AMH-in müvafiq qərarı ilə Azərbaycanda səhiyyə də pulsuz elan edildi [1, s.76].
Azərbaycanda 3 fakültədən - tibb, kənd təsərrüfatı və pedaqoji (fizika, kimya, tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat və təbiət şöbələri) fakültələrdən ibarət “Azərbaycan” universiteti açıldı [2, 09.01.1946].
1946-cı il mart ayının 7-də Təbriz şəhərində dəmir yol mütəxəssisləri hazırlamaq üçün 4 şöbədən (mexanik, sürücülük, dəmir yolları çəkmək və rabitə) ibarət 3 illik texnikum açıldı. Qısa müddətli tibb işçiləri məktəbi, 3 illik feldşerlik məktəbi, 3 illik mamalıq məktəbi təsis edildi. Təbriz şəhərində “Behzad” adına incəsənət muzeyi və ali incəsənət məktəbi fəaliyyətə başladı və həmin məktəb rəssamlıq, heykəltəraşlıq, döymə və musiqi şöbələrindən ibarət idi və burada 300 nəfər gənc təhsil alırdı.
MM-in 08.06.1946 tarixli qanunu əsasında Təbrizdə Sərdari-milli Səttarxana və salari-milli Bağırxana heykəllər, Şeyx Məhəmməd Xiyabaniyə abidə qoyuldu.
ADF-nin dövlət quruculuğu siyasətində ideoloji iş, təbliğat-təşviqat məsələləri önəmli yerlərdən birini tuturdu. 1946-cı ilin aprel ayının 7-də 21 Azər hərəkatının qələbəsini, MM və AMH-in qərarlarını, xalq hakimiyyətinin təşkili istiqamətində görülən yeni quruculuq işlərini Azərbaycan, İran və eləcə də bütün dünya xalqlarına çatdırmaq üçün Təbrizdə Azərbaycan radio stansiyası açıldı, radio məlumat komitəsi yaradıldı [2, 09.04.1946]. Yeni kino-teatrların açılması ilə yanaşı köhnələrinin bərpası, teatr binalarının, eləcə də qədim abidələrin təmir edilməsi kimi mədəni işlərin görülməsi üçün AMH 1946-cı il 24 may tarixli iclasının qərarı ilə büdcədən 14 milyon 22 min 300 tümən pul ayrılmasını təsdiq etdi (ümumi büdcə vəsaitinin 21,9%-i) [1, s.81]. Bir il içərisində müvafiq fənlər üzrə çoxlu sayda dərslik, siyasi, tarixi və ədəbi kitablar çap edildi, 50-yə qədər qəzet və jurnal, o cümlədən Azərbaycan dilində “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, “Qələbə”, “Cövdət”, “Urmiya”, “Cavanlar”, “Azər” və sairə qəzetlər, “Azərbaycan ulduzu”, “Şairlər məclisi”, “Maarif”, “Vətən”, “Fədai”, “Demokrat”, “Günəş” adlı dərgilər nəşr edildi.
ADF-nin milli dövlət quruculuğu siyasətinin qısa zaman kəsiyində uğurla həyata keçirilməsində Milli Məclisin 1946-cı ilin aprel ayının 4-dən başlayaraq 8-də sona çatan ikinci ümumi iclası xüsusi bir dönəm təşkil etdi. Belə ki, 72 nəfər xalq nümayəndəsinin (deputatın) iştirakı ilə keçirilən bu iclasda Azərbaycanın siyasi, iqtisadi və ictimai sahələrində həyati baxımdan çox mühüm olan tədbirlər, o cümlədən qoşun, vergi, yer bölgüsü, təhlükəsizlik məsələsi və Azərbaycanın daxili büdcəsinə aid tədbirlər həyata keçirildi. Milli Məclis AMH-ə icazə verdi ki, Azərbaycanın həyati məsrəfləri üçün büdcənin 80%-ni lazımi yerlərdə xərc etsin və buna görə də AMH planlaşdırdığı islahatların həyata keçirilməsində heç bir çətinliklə üzləşməsin [2, 10.04.1946].
1946-cı ilin fevral ayının 16-da MM torpaq islahatı haqqında qanun qəbul etdi. 1946-cı ilin aprel ayının 4-də 22 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunu” verildi. Həmin qanunda icma torpaqlarından həmin ərazidə yaşayan bütün kəndlilərin bərabər surətdə istifadə etməyə tam haqlı olduqları qeyd edildi, kəndli su, otlaq, çöldən yanacaq yığmaq və sairə bu kimi rüsumlardan həmişəlik azad edildi, kəndlilərin mülkədarlara, dövlətə, sələmçiyə və başqalarına olan borcları ləğv edildi, kəndlinin bütün biyar növlərindən azad edilməsi və s. bu kimi mükəlləfiyyətlər qanun çərçivəsində qadağan olundu. Eyni zamanda da kəndlinin bağ yeri, xırman sahəsi və evinin yeri ilə birlikdə sahib olduğu bütün təsərrüfat sahələrinin yeri əvəzsiz olaraq kəndliyə verildi [2,15.04.1946].
ADF sədri S.C.Pişəvəri ilk kəndli qurultayındakı çıxışında Azərbaycan kəndlilərinin hüquqlarını müəyyən edərək dedi: “Kəndlilər dövləti təşkil edən bir qüvvə olduğu üçün topraq da onundur. Daha heç kəs onun haqqına təcavüz edə bilməz. ...İndiki azadlığımızın səbəbi kəndlidir. Əgər kəndli olmasa idi, biz bunu əldə edə bilməzdik. Kəndlilər bu hökuməti yaratdıqları üçün onun dalında da dururlar. ... Nə qədər ki, Milli hökumət davam edir, Azərbaycanda kəndli birinci yer tutacaqdır. Azərbaycanın birinci və həqiqi ağası kəndlidir”[2, 18.04.1946].
Maliyə və iqtisadi-ticarət sahələrində də bir sıra önəmli islahatlar həyata keçirilməklə, xalqla hökumət arasında qarşılıqlı əlaqələrin inkişafına maraq yaradıldı, xalqın hakimiyyətdə birbaşa iştirakına şərait yaradılmaqla milli dövlətçiliyin əsasları möhkəmləndirildi.
Azərbaycanda Milli Bank təsis edildi və onun yerlərdə 19 şöbəsi yaradıldı. Pula olan ehtiyacı ödəmək məqsədilə arxasında möhkəm dövlət əmlakı dayanan 1 (bir) milyon tümənlik müvəqqəti xəzinə qəbzi nəşr edildi.
08.04.1946-cı il tarixində mədənlərin, bütün yeraltı sərvətlərin, təbii meşələrin milliləşdirilməsi və onların dövlət inhisarında olması haqda qanun qəbul edildi.
120 iri, orta və xırda sənaye müəssisəsi bərpa edildi, tikildi və işə salındı. Milli Məclis zəhmətkeşlərin və sənətkarların vəziyyətlərinin yaxşılaşması və iş şəraitinin kökündən dəyişdirilib qaydaya salınması barədə 52 maddədən ibarət qanun qəbul etdi. Tarixdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquq verildi.
Azərbaycandan ixrac edilən və Azərbaycana idxal edilən malların hamısına nəzarət edilməsi haqqında qanun verildi. Amma hələlik AMH-in xariclə ticarət etmək imkanı yox idi. Belə ki, Azərbaycan İran daxilində muxtariyyətini elan etdiyindən xarici ticarət məsələləri mərkəzi hökumət vasitəsilə həyta keçirilə bilərdi.
AMH bir sıra mühüm abadlıq işlərini həyata keçirdi. Xalqın yaxından iştirakı ilə zəruri yerlərə şosse yolları çəkildi, körpülər salındı, məktəblər, xəstəxanalar, apteklər, doğum evləri, körpələr evi, uşaq bağçası və müxtəlif uşaq evləri, klublar və başqa ictimai müəssisələr tikildi və yaxud köhnə binalar təmir edilib abadlaşdırıldı, asfalt salındı, elektrik stansiyaları yaradıldı, radio, telefon və teleqraf xətləri çəkildi, idarə və müxtəlif müəssisələr tikildi və ya genişləndirildi, su xətləri çəkildi və digər su kəmərləri təmir edildi. Çayların qabağında sədlər çəkilməsi və beləliklə vaxtaşırı daşqınların qarşısının alınması və sairə bu kimi çox mühüm abadlıq işlərinə də başlanıldı.
Bu islahatlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində də öz əksini tapdı və təsir dairəsini yaratdı.
ADF tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçiliyi əldə etməyin mümkünlüyünü ortaya qoydu. Paris Sülh Konfransı barədə Firidun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan S.C.Pişəvəri 3 sentyabr 1946-cı il tarixində ADF-nin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram mərasimindəki nitqində də böyük bir fəxrlə qeyd etdi: “İndi Sülh Konfransında (29 iyul-15 oktyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən Sülh Konfransı nəzərdə tutulur – S.B.) Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar”[2, 05.09.1946].
Dövlət, xalq və cəmiyyət münasibətlərinin demokratik prinsiplər əsasında tənzimlənməsinə və möhkəmləndirilməsinə işarə edən ADF rəhbəri S.C. Pişəvəri eyni zamanda deyirdi ki, “...xalqlar və millətlərin dövlət işlərində iştirakı nə qədər müstəqil və sərbəst bir şəkildə təmin edilərsə, bir o qədər də onların vətənə maraqları, məhəbbətləri artar və möhkəm olar. ...Milli birlik o vaxt yarana bilər ki, xalqın hamısı öz milli xüsusiyyətlərini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-biri ilə bərabər hquqlara malik olsunlar”[2, 05.09.1946]. ADF və Milli Hökumət rəhbərlərinin 1946-cı ilin may ayının 31-də qəbul etdikləri Bəyannamə də elə bu məzmunda idi və orada aydın deyilirdi: “Azərbaycan başdan-başa vətənpərvərlik hissləri ilə doludur və heç bir zaman İrandan ayrılmayacaqdır”[14, s.155].
Hətta, bütün bu nailiyyətləri əldən verməmək, demokratik əsaslarda dövlətçilik prinsiplərini qoruyub saxlamaq xatirinə 1946-cı ilin iyun ayının 13-də Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri Qəvamüssəltənə dövləti ilə 15 maddədən ibarət bir müqavilə imzaladı. Həmin müqaviləyə uyğun olaraq Azərbaycan Milli Hökumətinin fəaliyyət sahəsini əhatə edən ərazi yenidən İranın inzibati-ərazi bölgüsündə onun 3-cü və 4-cü əyalətləri (ostanları) kimi qəbul edildi, Azərbaycan Milli Məclisi əyalət əncüməni kimi tanındı, İranın Daxili İşlər nazirliyi tərəfindən Azərbaycan əyalət əncüməninin təklifi ilə Milli Hökumətin Daxili İşlər naziri dr.Salamulla Cavid əyalətin ostandarı (valisi) təyin edildi və beləliklə də AMH hüquqi cəhətdən ləğv edilmiş oldu. Müqaviləyə görə Azərbaycanda əldə olunan gəlirin 75%-i faizi yerli ehtiyaclar üçün xərc edilməklə, qalan 25%-nin İran dövlətinin ümumi xərcləri üçün mərkəzə göndərilməsi təsdiq edildi. Müqavilədə o da razılaşdırıldı ki, fədai adıyla təşkil olunan könüllü qoşun dəstələri hərbi hissəyə çevrilsin və hüquq mühafizə qüvvələri kimi fəaliyyət göstərsin. AMH tərəfindən aparılmış torpaq islahatına uyğun olaraq dövlətə aid əkin torpaqlarının kəndlilər arasında bölüşdürülməsi prinsipcə razılaşdırıldı və bu məsələyə aid layihənin təsdiq üçün növbəti, 15-ci İran parlamentinə təqdim olunması qərara alındı. Müqavilədə orta və ali məktəblərdə tədrisin fars dili ilə yanaşı Azərbaycan dilində aparılması, Azərbaycanda olan kürdlərin, aysori və erməni kimi etnik azlıqların da 5-ci sinfə qədər öz ana dillərində təhsil ala bilmək haqları təsdiq edildi. Müqavilədə razılaşdırıldı və təsdiq edildi ki, bütün İran üzrə demokratik üsulla, yəni ümumi və gizli, birbaşa və bərabər səslə tənzim olunan yeni şəhər əncümənləri qanunu təsdiq olunmaq üçün növbəti İran parlamentinə təklif ediləcəkdir, bu qanun təsdiq edilən kimi Azərbaycan və İranın bütün nöqtələrində şəhər əncümənlərinin seçkisinə başlanılacaqdır. Bu qanun qəbul edilənə və parlamentə yeni seçkilər keçirilənə kimi Azərbaycanda olan indiki şəhər əncümənləri öz səlahiyyətlərini davam etdirəcəklər [12, s.195-199].
Əslində AMH İran Mərkəzi hökuməti ilə belə bir müqaviləni imzalamaqla öz xalqı üçün əldə etdiyi nailiyyətləri qorumağı qarşısına məqsəd qoymuşdu. Bu müqaviləni imzalamaqla AMH İran daxilində qalmağı və onun ayrılmaz tərkib hissəsi olmasını əməli olaraq bir daha təsdiqlədi, bununla göstərdi ki, onun qurduğu hökumət heç bir xarici qüvvəyə və köməyə arxalanmır. Bu müqaviləni imzalamaqla AMH özünün qalibiyyətini rəsmi olaraq qeyd və eyni zamanda Azərbaycan xalqına, millətinə münasibətdə aparılan soyqırım siyasətinin qarşısını almaq üçün təzminat əldə etmiş oldu.
1946-cı ilin 17 iyun tarixində axşam Təbriz radiosu vasitəsilə AMH ilə Qəvamüssəltənə dövləti arasında imzalanmış 13 iyun 1946-cı il tarixli müqaviləni bütün Azərbaycan xalqı üçün şərh edən ADF sədri S.C.Pişəvərinin nitqindən də çox aydın şəkildə duyulur ki, o, bu müqaviləyə böyük ümidlər bəslmiş və onun icrasında xalqının, millətinin nicatını görmüşdür. Belə ki, bu tarixi nitqində S.C.Pişəvəri deyir: “... cənab Qəvamüssəltənə hökuməti də bu minimum haqları bizə verməklə gözlənilən böyük vətəndaş müharlbəsinin qabağını almışdır... çəkdiyimiz zəhmətlər nə qədər ağır və yorucu olsa belə, aldığımız nəticə ondan daha böyükdür. Məxsusən o cəhətdən böyükdür ki, biz bu nəticəni davasız və qan tökülmədən əldə edə bilmişik. Burada heç kəs heç kəsə təslim olmamış və kimsə də Azərbaycanı tutmamışdır.” Nitqinin sonunda Pişəvəri ADF-nin Azərbaycandakı quruculuq işləri siyasətinin perspektivlərinə toxunaraq xalqın diqqətinə bunları çatdırır: “Gələcək vəzifə aldıqlarımızı saxlamaq və ondan xalqımızın səadəti üçün istifadə etməkdir. Bu işdə müvəffəqiyyət tapa bilməsək, mən demirəm, qazandıqlarımızı saxlaya bilmərik, lakin işimiz çox çətin olar. Onda naçar olarıq, yenə də silahı ələ alıb vuruşma və çarpışma ilə məqsədimizi əldə edək. Demək, məsələ hələ qurtarmamışdır, fəqət mübarizənin şəkli dəyişmişdir. Bu mübarizədə hansı tərəfin fəaliyyəti, tədbiri daha artıq və təşkilatı daha müntəzəm isə, qələbə onunla olacaqdır. Zənn edirəm, firqə və xalqımız bu işdə imtahan vermiş olduğundan müvəffəqiyyətimizə şübhə yeri qalmır. Bununla belə yenə də fəaliyyət, yenə də gözüaçıqlıq, yenə də fədakarlıq lazımdır”[Nitqin tam mətni üçün bax: 2, 18.06.1946].
Qəvamüssəltənə dövləti ilə 13 iyun 1946-cı il tarixli müqavilə imzalandıqdan və AHM hüquqi cəhətdən öz səlahiyyətlərini yerə qoyduqdan sonra belə ADF xalqın dövlət quruculuğu işlərinə inamla rəhbərlik etməklə həmin siyasəti sona qədər MM-in və AMH-in müvafiq olaraq qəbul etdiyi qanun və qərarlarına, proqramına, firqənin məramnaməsinə və platformasına uyğun olaraq qətiyyətlə davam etdirdi.
ADF-nin yaranmasının bir illiyi mübasibətilə Təbrizin dövlət teatrı salonunda çıxış edən Pişəvəri “12 Şəhrivər” müraciətinin qəbul olunduğu gündən (3 sentyabr 1945-ci il) keçən dövr ərzində həyata keçirdikləri dövlət quruculuğu siyasətinin məzmun və mahiyyəti, qarşıya qoyduğu məqsədləri, gedişi, uğurları və nəticələri haqqında xalqa qısa hesabat verməklə bu siyasətin dəyişməzliyi və dönməzliyini təsdiq etdi, onun geniş miqyasda təsir gücü və nüfuzunu, əhatə etdiyi sahələri bir daha konkret faktlar əsasında açıqladı. Pişəvəri bu çıxışında xususi olaraq vurğuladı ki, ADF-nin rəhbərlik etdiyi 21 Azər hərəkatı yalnız Azərbaycan üçün deyil, eyni zamanda bütün İranda istiqlalı təmin etməkdən ötrü idi [2, 05.09.1946].
Həmin çıxışında ADF-nin milli dövlətçilik siyasətinə aydınlıq gətirən Pişəvəri qeyd etdi ki, hərəkatın əsas hərəkətverici qüvvəsi və dayağı xalq olduğundan onun mənafeyinə uyğun şüarlar verildi və həmin şüarlar içərisində ən böyük məsələ Azərbaycanın daxili muxtariyyət məsələsi idi və yalnız xalq hökuməti xalqın ehtiyaclarını təmin edə bilərdi [2, 05.09.1946]. Belə ki, ADF zəhmətkeşlərin, o cümlədən onun tərkibinin 77,5%-ni təşkil edən kəndli, fəhlə və sənətkarların partiyası olmaqla birinci növbədə onların mənafeyini təmin etmişdir [10, s.100-101].
İkinci sırada dil məsələsi dayandığını diqqətə çatdıran Pişəvəri bu məsələnin Azərbaycan xalqı üçün ölüm-dirim məsələsi olduğunu vurğuladı və dedi: “Bizim hərəkatımızın milli xasiyyətindən birisi dil məsələsi idi. Bizim hərəkatımız dil vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, 5 milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur. Biz indi hər cür güzəşt etsək də, dil məsələsindən keçmədik, siyasi mübarizədə dala-qabağa getmək olar, lakin əsas səngər əldən verilsə, məğlub olmaq olar. Bizim də dil məsələmiz əsas bir məsələdir. Buna sərsəri baxmaq olmaz... Bu məsələ Azərbaycanın milliyət məsələsidir”[2, 05.09.1946].
Pişəvəri bu birillik hesabat çıxışında ADF-nin dövlət quruculuğu siyasətində irəli sürülən məsələlərdən birinin torpaq məsələsi olduğunu qeyd etdi. Həqiqətən də MM-in müvafiq qanunu əsasında radikal torpaq islahatı həyata keçirildi. Nəticədə xalq düşmənlərinin 437 parça torpaq sahəsi (Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) müsadirə edilib dövlətə aid 373 parça kənd torpaqları (torpaq fondunun 4%-i) ilə birlikdə 1 milyon nəfər kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü [1, s.66; 10, s.112-113; 19, s.76].
ADF-nin dövlət quruculuğu siyasətində mühüm addımlardan birisi də dərəbəylik üsulunu aradan qaldırmaq idi və o, bu işin də öhdəsindən uğurla gəldi. Çünki bütün xalq firqənin ətrafına toplandı. Firqə yaranandan sonrakı bir il ərzində onun sıralarında 200 min nəfərdən çox üzvü var idi və onun rəhbər orqanlarına seçilənlərin də 69,5%-ni kəndlilər, 8%-ni fəhlə və sənətkarlar, 5%-ni mülkədarlar, 4,5%-ni ziyalılar, 13%-ni isə cəmiyyətin qalan təbəqələrindən olanlar təşkil eddirdilər [10, s.100-101]. Pişəvəri sözügedən çıxışında firqənin bu birliyi və xalqın firqəyə tərəfdar olmasını şərtləndirən digər tədbirləri sırasında qadınlara seçib-seçilmək haqqının verilməsinin qanuni əsaslarla təmin edilməsi, cavanların seçki haqqının 27 yaşdan 21 yaşa endirilməsi, Azərbaycanın İran parlamentində 42 deputatının olması barədə mərkəzi hökumətin razılığının əldə edilməsi, əmniyyətin dünyada görülməyən bir tərzdə təmin edilməsi, geniş miqyasda şəhərlərin abadlıq işlərinə başlanması və ərzaq mallarının qiymətinin aşağı gətirilməsi kimi işləri qeyd edərkən dedi: “Əgər verdiyimiz vədələrə əməl etməsəydik, heç kəs bizim firqəmizin ətrafına toplanmazdı. İndi başımız ucadır. Dediklərimizə əməl etmişik. Ona görə xalq bizə inanır və etimad edir”[2, 05.09.1946]. Bundan sonra firqə sədri dövlət quruculuğu siyasətinin iki mühüm istiqamətini müəyyən edərək bildirdi: “İndi bizim qabağımızda iki şüar durur: birisi, aldığımız azadlığı qanuni şəklə salmaq və təşkilatlarımızı genişləndirmək. İkinci şüarımız isə aldığımız azadlıq və demokrasini bütün İranda həyata keçirməkdir”[2, 05.09.1946].
21 Azər hərəkatının məğlubiyyət səbəbləri. Müttəfiqlər arasında, hələ əsası 1943-cü ildə Tehran Konfransında qoyulmuş dünyanın, xüsusən də Yaxın və Orta Şərqin yenidən nüfuz dairələrinə ayrılması məsələsi günün vacib problemi kimi qarşıda dayandı. Hər bir müttəfiq dövlət öz mənafeyinə uyğun şəkildə tədbirlər görməyə və İrandakı, o sıradan Cənubi Azərbaycandakı 21 Azər hərəkatına müdaxilə etməyə, onun taleyini həll etməyə girişdilər. Amerika və ingilis imperializmi, eləcə də İranın hakim dairələri bu hərəkatın daxili və xarici təsirindən xeyli narahat idi. Azərbaycandakı milli-demokratik hərəkatı, demokratik islahat və dəyişiklikləri “sarı təhlükə”nin[1] tərkib hissəsi kimi görən İngiltərə və Amerika imperializmi hər vasitə ilə Azərbaycanda “21 Azər” hərəkatını boğmağa, onun ideya-siyasi istiqamətlrini müəyyənləşdirən milli ruhlu rəhbər və ideoloqlarını, bu ideyaların dönməz daşıyıcıları olan fədailəri, ADF fəallarını, bu hərəkata rəğbət bəsləyən bütün insanları məhv etmək planlarını işləyib hazırladılar və onları İranın yerli mürtəce ünsürləri vasitəsilə həyata keçirdilər. İlk gündən özünü milli-demokratik hərəkatın hamisi göstərən SSRİ rəhbərliyi isə sonda özünün milli və iqtisadi maraqları naminə “21 Azər” hərəkatının iştirakçılarını xarici imperializ və onların əlaltısı olan yerli mürtəce quvvələri ilə əliyalın üz-üzə qoydu.
ABŞ-ın rəsmi nümayəndələri 1941-1946-cı illərdə Cənubi Azərbaycandakı milli-demokratik hərəkata qarşı təşkil edilən mürtəce hərbi-siyasi kompaniyada iştirak etmələrini uzun müddət inkar etsələr də, tarixi sənədlər bunun tam əksini göstərir. AMH yaranarkən onun Daxili İşlər naziri, Qəvam hökuməti ilə 13 iyun 1946-cı il müqaviləsi imzalandıqdan sonra isə Azərbaycan ostandarı olmuş dr.S.Cavid tərtib etdiyi “Azərbaycan milli hərəkatı haqqında Amerika Xarici İşlər nazirliyinin məktubları” adlı kitabında 1945-1946-cı illərdə baş vermiş milli-demokratik hərəkatın (21 Azərin) məğlub edilməsində xarici imperialist qüvvələrin, xüsusilə Amerika və İngiltərənin roluna aydınlıq gətirməyə çalışmışdır. Onun qeydlərinə görə, Qəvam və şah həmişə Amerika dövlətindən maddi və mənəvi köməkliklər istəmişlər [11, s.9]. Amerika dövləti də öz növbəsində Azərbaycan xalqının keçmişini, tarixi əhəmiyyətini, hətta XIX əsrdə milli və ictimai hərəkatlarda rolunu (Məşrutə hərəkatı, Şeyx Məhəmməd Xiyabanı qiyamı və Lahuti üsyanı) nəzərə almadan Azərbaycan xalq hərəkatını sovetlərə bağlı bir hərəkat hesab etməklə onun aradan qaldırılmasına çalışmışdır [11, s.11].
Şah da öz növbəsində yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün 6 mart 1946-cı il tarixində özünün şəxsi adyutantını İngiltərə səfirliyinə göndərir və onların məsələ ilə bağlı mövqeyini öyrənmək istəyir [11, s.41]. 15 may 1946-cı il tarixində Amerika səfiri Alenlə görüşən Qəvam ondan şaha Azərbaycan məsələsi ilə bağlı tövsiyə verməsini xahiş edir [11, s.41-42]. 31 may tarixli görüşündə isə Qəvam Alenə deyir ki, o, Parlamenti öz əlinə almağa çalışacaq və ora yerləşdirəcəyi nümayəndələr vasitəsilə Azərbaycan məsəlsini qurtaracaqdır. Həmin tarixdə S.C.Pişəvəri Azərbaycanın İranın tərkib hissəsi olması və ondan ayrılmayacağı barədə bəyanat vermişdi [14, s.155].
Alen də öz hesabatında Amerika Xarici İşlər Nazirliyinə yazır və bildirir ki, Qəvamın məqsədi Azərbaycanı öz nüfuzu altına almaqdır. Demokratlar (Qəvam və onun yaratdığı İran Demokrat Partiyasının üzvləri nəzərdə tutulur – S.B.) iyun ayı danışığında (13 iyun 1946-cı il danışıqları nəzərdə tutulur – S.B.) Pişəvəriyə vədə vermiş ki, onlardan da bir nəfərini kabinetə dəvət etsin və razılaşma danışığında nəzərdə tutulmuşdur ki, Azərbaycan Baş naziri Azərbaycan Ali komandanı olsun [11, s.42-43]. Avqust tarixli görüşündə Qəvam Alenə deyir ki, bu yaxında dr.Cavidin başçılığı ilə bir heyət onunla danışıq üçün Tehrana gələcək və bu danışıqlar zamanı o, Azərbaycanın İran daxilində qalmaq istəyini yəqinləşdirmək niyyətindədir. O, bu görüşü zamanı Alenə bildirmişdir ki, iranlı qanını tökməyə hazır deyil, amma nəticə verməsə, məcburdur Azərbaycanı İran daxilinə qaytarmaq üçün gücə əl atamağa məcbur olsun. Sonda Alendən soruşur, “Amerika nə edə bilər?”[11, s.43]. Əldə edilən bütün məlumatları əsaslı analiz etdikdən sonra Amerika Xarici İşlər nazirinin müavini Helldrik 26 sentyabr 1946-cı il tarixində Amerika müştərək hərbi qərargahına aşağıdakı məktubu yazır: “İrana olunan hər bir hərbi kömək Amerikanın xeyrinədir”. Sonra adıgedən XİN müavini qərargaha silah növləri haqqında yazır ki, onlar istər aşkar və ya istər gizlin şəkildə İrana göndərilsin”[11, s.64-65].
Dövlət qoşunlarının Cənubi Azərbaycana girməsi ərəfəsində İran hökuməti Amerikadan böyük məbləğdə silah və sursat, o cümlədən 40 ədəd dörd motorlu hərbi təyyarə almışdı. AMH ilə 13.06.1946-cı il tarixdə bağlanmış məlum müqavilənin şərtlərini pozaraq, 1946-cı ilin noyabr ayında 15-ci çağırış Məclisə "seçkilərin azad keçirilməsini təmin etmək" bəhanəsi ilə 50 min nəfərlik şəxsi heyətdən ibarət hökumət qoşunu Azərbaycana yeridildi. Bütün bunların müqabilində Cənubi Azərbaycandakı Milli Hökumətin ixtiyarında cəmi texniki cəhətdən nasaz vəziyyətdə olan 3 tank, anbarlarındakı 2 mln. ədəd patron, 5 min ədəd pulemyot və bir neçə qutu əl qumbaraları olmuşdu. Bütün bunlar onu göstərir ki, Milli Hökumətin rəhbərliyi hərbi qüvvə ilə İrandan ayrılmağı qarşısına məqsəd qoymamışdı və rəsmən bütün İran çərçivəsində demokratik bir rejimin bərqərar olmasını istəyirdi [18, s.260-261; 19, s.194-195].
Bu günə kimi 21 Azər hərəkatına həsr edilmiş elmi, tarixi və publisistik yazılarda Azərbaycan Xalq Qoşunu və fədai qüvvələrinin İran Mərkəzi hökuməti tərəfindən göndərilən nizamlı ordu qarşısında məğlubiyyət səbəbi belə şərh edilmişdir: “Azərbaycan Əyalət Əncüməni Azərbaycanın imperializmin avantürasının altına düşməməsi və İran daxilində qardaş qırğınının qarşısını almaq üçün 1946-cı il dekabr ayının 11-də Azərbaycan Xalq Qoşunlarına və fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək göstərişi verdi”[10, s.145]. AMH dövründə Təbrizdə açılmış radionun direktoru, eyni zamanda ADF sədri S.C.Pişəvərinin köməkçisi və 1956 -1960-cı illərdə ADP MK-nın birinci katibi olmuş M.M.Çeşmazər öz xatirələrində qeyd edir ki, Azərbaycan Əyalət Əncüməninin bu qərarı mötəbər sayıla bilməzdi, çünki o, səs çoxluğu ilə qəbul edilməmişdi, çünki həmin qərarın qəbul olunduğu 11 dekabr 1946-cı il tarixində Azərbaycan Əyalət Əncüməninin nümayəndələri və ADF MK-nın əksər üzvləri Təbrizi tərk etmişdilər. Dr.S.Cavid də “Azərbaycan milli hərəkatı haqqında Amerika Xarici İşlər nazirliyinin məktubları” adlı kitabında bu mövqeyi təsdiq edir və yazır ki, “qardaş qanı tökməmək üçün hərbi əməliyyatları dayandırmaq qərarı” barədə şaha və Qəvama göndərilən teleqrafı əslində o zaman Azərbaycan ostandarı kimi özü və Əyalət Əncüməni sədri Şəbüstəri imza etmişdilər. Belə bir sənəd isə Azərbaycan tarixində milli-demokratik hərəkatın zirvəsi kimi yadda qalmış 21 Azərin təslim aktı kimi mötəbər sayıla bilməz. Belə ki, 11 dekabr 1946-cı il tarixində ADF MK-nın sədri S.C.Pişəvəri və Azərbaycan Fəhlə və Zəhmətkeşlər İttifaqı Mərkəzi Şurasının sədri M.Biriya müştərək Bəyanatla xalqa müraciət edərək onları silaha sarılmağa və əldə edilmiş nailiyyətləri qarumağa çağırır. Bəyanatda deyilir: “Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə yerinə yetirək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız, bizim qoşun gücü ilə aldığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veriririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir”[2, 11.12.1946].
S.C.Pişəvərinin və M.Biriyanın Azərbaycan xalqına belə bir məzmunda müraciəti onu göstərdi ki, milli-demokratik hərəkatın mötəbər sayılan rəhbərliyi, ADF sona kimi öz mövqeyindən dönməmiş, mübarizə meydanını da tərk etməmişdir.
AMH ilə imzalamış olduqları müqaviləni pozaraq demokratik hərəkatı qan dəryasında boğmaq üçün Azərbaycana qoşun yedirən İran dövləti buranı tufanlı bir səhnəyə çevrdi. 23 noyabr 1946-cı il tarixində Zəncana daxil olan hökumət qoşunları tərəfindən açıq fikirli ruhani Şeyx Məhəmməd Xoi öz evində öldürüldü və cənazəsi yerə atıldı. Həmin bu vaxt yerli irticaçılar zəhmətkeşləri dəstə-dəstə yığıb öldürməyə aparırdılar. Azərbaycanın azadlıq ocağı olan Sərab başdan-başa oda tutuldu [8, s.17]. Kəndlər qarət edildi, fədailəri orta əsrlərin qulları kimi arabaya qoşdular, kəndlilər tikə-tikə doğrandılar. 16 dekabr 1946-cı il tarixi Ərdəbil üçün ən acınacaqlı gün oldu. Burada həmin gün öldürülənlər o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Azadlıq düşmənləri Ərdəbil qırğınında kiçik uşaqları da dara çəkdilər [8, s.18].
Elm və sənət ocaqlarına da hücumlar təşkil edildi. Təbrizdə Əyalət Əncüməninin kitabxanası, filarmoniya və dövlət teatrı qarət edildi. Sərdari milli Səttarxanın, salari milli Bağır xanın heykəlləri sındırılıb yerə salındı [8, s.20].
İran odrusu 1946-cı ilin dekabr ayının 18-ə kimi Cənubi Azərbaycanın bütün şəhərlərini işğal edib, bu ərazilərdə hərbi rejim qurdu. Azərbaycanda 30-35 min nəfər insan soyqırıma məruz qaldı (fransız qəzetində bu hadisələrdə edam olunanların sayı 20 min nəfər göstərilir) [13, s.157], 100 min nəfərə yaxın insan sürgün edildi, təqiblərdən yaxasını qurtara bilən 20 min nəfərə yaxın insan xarici ölkələrə, 14 min nəfərə yaxın azərbaycanlı Sovet İttifaqına pənah apardı [14, s.220].
Nəticə. Azərbaycan Demokrat Firqəsi 21 Azər hərəkatına rəhbərlik və Azərbaycan Milli Hökumətini təşkil etməklə İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və təsdiqlədi, onların milli şüurunu formalaşdırdı; Azərbaycan Demokrat Firqəsi ilk olaraq İran kimi çoxmillətli bir ölkədə milli-mədəni və hətta, siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanını təsdiqlədi; Azərbaycan Demokrat Firqəsi və onun rəhbərlik etdiyi Milli Hökumətin həyata keçirdiyi bir illik islahat tədbirləri milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, onun qurulması yollarını, formasını göstərdi, azərbaycançılığı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunə etdi; İran xalqları Azərbaycan hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını görürdü, ona özlərinin mübarizə dayağı kimi baxırdılar. Odur ki, indiki şəraitdə də İran cəmiyyətinin sosial-sinfi strukturu dərindən təhlil edilməli, ayrı-ayrı siniflərin və sosial təbəqələrin maraqları nəzərə alınmalı, müxalifət cəbhəsində onların mümkün ittifaqları müəyyən edilməlidir.
Bu gün üçün Azərbaycan Demokrat Firqəsinin proqramı və nizamnaməsi yenidən işlənməli, xalq kütlələrinin maddi və mənəvi tələbatını ödəyə biləcək düzgün şüar seçilib qəbul edilməli, onun həyata keçirilməsi üçün müvafiq fəaliyyət istiqaməti müəyyən edilməlidir.
Bu şərtlərin həyata keçirilməsi üçün 21 Azər milli-demokratik hərəkatının və ona rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinin tarixi keçmişi dərindən araşdırılmalı, onların bu günə qədərki fəaliyyətinə düzgün siyasi qiymət verilməli və nəhayət, partiya üzvlərinin sosial tərkibi müəyyən edilməklə siyasi firqənin fəaliyyət istiqaməti ilə bağlı yekun qərar verilməlidir. Çünki Azərbaycan Demokrat Firqəsini yaradan siyasi, iqtisadi və sosial şərait indi də İranda mövcuddur. Belə ki, İranda şahlıq rejiminin devrilməsinə səbəb olan 1978-1979-cu illər inqilabından sonra da yeni İslam rejimi milli problemi həll edə bilmədi.
Bu gün İranda azərbaycanlıların vəziyyəti, milli-mənəvi varlığı göz qabağındadır. Mətbuatda və kütləvi informasiya vasitələrində fars dili ilə yanaşı yerli dillərdən də sərbəst istifadəyə, məktəblərdə milli ədəbiyyatın tədrisinə icazə verən Əsas Qanunun 15-ci maddəsi yerinə yetirilmir. Hələ də İranda milli ədəbiyyatın Azərbaycan türkcəsində tədris olunduğu bir məktəb yoxdur.
Əsas Qanunun 19-cu maddəsinə əsasən İranda yaşayan bütün xalqlara bərabər hüquqlar vəd olunsa da, bu gün də qeyri-fars xalqlar öz sosial, iqtisadi və mədəni işlərini milli səviyyədə idarə etmək hüququndan məhrumdurlar, yəni milli zülmə məruz qalmışlar. Belə bir şərait isə İran torpaqlarında yaşayan millətlər və xalqlar arasında farslara qarşı düşmənçilik və inamsızlıq yaradır, ölkədə yaşayan milli vahidlərin könüllü birliyinə mane olur.
Ədəbiyyat:
- 21 Azər (1324-1325) nehzəti İran milli-demokratik hərəkatı tarixinin parlaq səhifəsidir (əski əlifba ilə). Hizbi Tudeyi İranın Azərbaycan təşkilatı – ADF MK-nın nəşriyyələrindən, yersiz, 1976
- “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı (1945-1946-cı illər)
- Azərbaycan Demokrat Firqəsinin Məramnamə və Nizamnaməsi, “Azərbaycan” mətbəəsi, Təbriz, 24.10.1945
- Azərbaycan Demokrat Firqəsinin Müraciətnaməsi (Müraciət S.C.Pişəvəri tərəfindən hazırlanmış və müzakirədən sonra çap edilərək yayılmışdır), - Mir Cəfər Pişəvəri. Qızıl səhifələr, Təbriz, “Elmiyyə” mətbəəsi, 1946
- Azərbaycan Milli Hökuməti-65 (tərtibatçılar:Y.Nəmini, C.Elbars, S.Azadi), Bakı, 2010
- Azer S. İran türkleri, İstanbul, 1942
- Hamid Yusifpur Sola. Azərbaycan dər doure-ye Rza şah (Azərbaycan Rza şah dövründə) //http://shirindil.blogfa.com/post-89.aspx, 25.02.2010.
- İran Azərbaycanı haqqında həqiqət (1946-1949-cu illər), Bakı, “Azərnəşr”, 1949
- Ketab-e əsami-ye dehat-e keşvər, Tehran, 1944
- Mirqasım Çeşmazər. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (Cənubi Azərbaycan, 1945-1946-cı illər), Bakı, “Elm”, 1986
- Nehzəti milliye Azərbaycan haqqında Amerika xarici vəzarətinin məktubları. Toplayan və Azərbaycan dilinə tərcümə edən doktor Salamullah Cavid (əski əlifbada), Tehran, 1358/1979
- Rəhimli (Bije) Ə. 21 Azərə gedən yol. Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər), Bakı, “Araz”, 2015
- Rəhimli (Bije) Ə. Güney Azərbaycan milli-demokratik hərəkatı (1941-1946), Bakı, “MEQA”, 2003
- S.Bayramzadə. Azərbaycan Demokrat Firqəsinin yaranması və fəaliyyəti barədə bəzi mülahizələr, - “21 Azər-70” mövzusunda Elmi Konfransın materialları, Bakı, “Araz”, 2015
- S.Bayramzadə. İran Hakim dairələrinin Cənubi Azərbaycan maarifi və mədəniyyəti sahəsindəki siyasəti (1947-1978-ci illər), - Cənubi Azərbaycan tarixi məsələləri, 2-ci nəşri, Bakı, Elm, 1991
- Seyid Cəfər Pişəvəri. Xatirələr (1941-1945), Azərbaycan Demokrat Firqəsinin nəşri, Bakı, 2005
- Seyid Cəfər Pişəvəri. Məqalə və çıxılşlarından seçmələr (Təbriz, 1945-1946-cı illər), "Nurlar" Nəşriyyat-Poliqrafiya mərkəzi, Bakı, 2016
- Tağıyeva Ş., Rəhimli Ə., Bayramzadə S. Güney Azərbaycan, Bakı, “Orxan” nəşriyyatı, 2000
- Байрамзаде C. Южный Азербайджан: от «21 Азер»а до «белой реводюции» в Иране (Экономическое и социально-политическое положение), Баку, «Тарагги», 2016
- Лазаревский Л. Иран, «Наука», М., 1951
XÜLASƏ
BAYRAMZADƏ SƏMƏD ZÜLFƏLİ OĞLU
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
1941-1945-ci illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkatın nəticəsi olaraq 3 sentyabr 1945-ci il tarixində Təbriz şəhərində Seyid Cəfər Pişəvərinin sədrliyi ilə təsis edilərək fəaliyyətə başlayan Azərbaycan Demokrat Firqəsi öz platformasında dövlət quruculuğu siyasətinin sosial, iqtisadi və siyasi istiqamətlərinin müəyyənləşdirtilməsi və icrasında xalqın bütün təbəqələrinin iştirakını əsas amillərdən biri hesab etmişdir.
ADF-nin əsas hədəflərindən biri millətlərin və xalqların hüquqlarını təmin edən Əsas qanunu (Konstitusiyanı) diriltmək yolunda mübarizə idi. Belə ki, ADF, onun üzvləri və onların təmsil etdikləri sosial təbəqələr üçün birinci növbədə ən böyük, ən əsas qanun əyalət əncüməni (yerli idarəçilik orqanı olan bələdiyyə) məsələsini ortaya gətirib həyata keçirmək istəyi idi.
1945-ci ilin dekabr ayının 12-də (21 Azərdə) Təbriz şəhərində açılan Azərbaycan Milli Məclisi və S.C.Pişəvərinin rəhbərliyi ilə təşkil edilən Azərbaycan Milli Hökumətinin fəaliyyətində ADF-nin 12 Şəhrivər müraciətindən doğan dövlətçiliyinin təməl prinsipləri öz əksini tapdı. Belə ki, yeni qurulmuş məclis və hökumət Azərbaycanın siyasi quruluşu idi.
ADF özünün milli dövlət quruculuğu siyasətində azərbaycançılığı əsas ideoloji platforma seçdi. Azərbaycan dilini Azərbaycanda rəsmi hökumət və maarif dili elan etdi.
Bir il ərzində ADF-nin sıralarında 200 min nəfərdən çox üzv birləşdi. Firqənin rəhbər orqanlarına seçilənlərin 69,5%-ni kəndlilər, 8%-ni fəhlə və sənətkarlar, 5%-ni mülkədarlar, 4,5%-ni ziyalılar, 13%-ni isə cəmiyyətin qalan təbəqələrindən olanlar təşkil eddirdilər. Bu onu göstərir ki, ADF birinci növbədə zəhmətkeşlərin mənafeyini təmsil və təmin edirdi.
ADF 21 Azər hərəkatına rəhbərlik və AMH-ni təşkil etməklə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçiliyi əldə etməyin mümkünlüyünü ortaya qoydu. İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və təsdiqlədi, onların milli şüurunu formalaşdırdı; ADF ilk olaraq İran kimi çoxmillətli bir ölkədə milli-mədəni və hətta, siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanını təsdiqlədi.
Açar sözlər: Cənubi Azərbaycan, Azərbaycan Demokrat Firqəsi, 12 Şəhrivər müraciəti, 21 Azər, Azərbaycan Milli Hökuməti, dövlətçilik siyasəti.
ABSTRACT
BAYRAMZADEH SAMAD ZULFALI OGLU
STATE POLICY OF THE DEMOCRATIC PARTY OF AZERBAIJAN
(1945-1946)
Azerbaijan Democratic Party (ADP), founded on September 3, 1945 in Tabriz under the chairmanship of Seyid Jafar Peshawari as a result of the national-democratic movement in South Azerbaijan in 1941-1945, considered the participation of all segments of the people as one of the key factors in defining and implementing the social, economic and political directions of state-building policy on its platform.
One of the main goals of the ADP was to fight for the revival of the Basic Law (Constitution), which guarantees the rights of nations and peoples. Thus, for the ADP, its members, and the social classes they represented, the first and foremost law was the desire to raise the issue of a provincial assembly (a municipality with a local government).
The activity of the Azerbaijani Parliament (Milli Majlis) and the National Government of Azerbaijan, organized on December 12, 1945 (21 Azer) in Tabriz under the leadership of S.C.Peshawari, reflected the basic principles of statehood arising from the ADP's 12 Shahrivar appeals. Thus, the newly formed parliament and government were the political structure of Azerbaijan.
ADP has chosen Azerbaijanism as the main ideological platform in its national state-building policy. It declared the Azerbaijani language as the official language of government and education in Azerbaijan.
In one year, more than 200,000 members joined the ADP. 69.5% of those elected to the governing bodies of the party were peasants, 8% were workers and artisans, 5% were landowners, 4.5% were intellectuals, and 13% were from the rest of society. This shows that the ADP primarily represented and ensured the interests of workers.
ADP 21 demonstrated the possibility of achieving an independent modern national statehood in South Azerbaijan by leading the Azer movement and organizing the National Government of Azerbaijan. It instilled and affirmed the feelings of national identity and national identity to the Azerbaijanis in Iran, and formed their national consciousness; The ADP first confirmed the possibility of gaining national-cultural and even political autonomy in a multinational country like Iran, to achieve a federal state structure.
Keywords: South Azerbaijan, Azerbaijan Democratic Party, 12 Shahrivar appeal, 21 Azer, Azerbaijan National Government, state policy.
РЕЗЮМЕ
БАЙРАМЗАДЕ САМАД ЗУЛЬФАЛИ ОГЛЫ
ПОЛИТИКА ГОСУДАРСТВЕННОСТИ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ ПАРТИИ (1945-1946 гг.)
Демократическая Партия Азербайджана (АДП) была создана 3 сентября 1945 года в Тебризе под председательством Сейида Джафара Пешавари в результате национально-демократического движения в Южном Азербайджане в 1941-1945 годах. В своей платформе партия определила социальные, экономические и политические направления государственного строительства и рассматривала участие всех слоев населения в ее реализации как один из ключевых факторов.
Одной из основных целей АДП была борьба за возрождение Основного закона (Конституции), который гарантирует права наций и народов. Так как, для АДП, его членов и социальных слоев, которые они представляли, первой и главной целью было желание поднять вопрос о провинциальном собрании (муниципалитете). Деятельность Милли Меджлиса Азербайджана и Национального Правительства Азербайджана (НПА), организованная 12 декабря 1945 года (21Азер) в Тебризе под руководством С.Дж. Пишевари, отразила основные принципы государственности, вытекающие из обращений «12 Шахривар»а АДП. Таким образом, вновь сформированные парламент и правительство были политической структурой Азербайджана.
АДП выбрал азербайджанство в качестве основной идеологической платформы в своей национальной политике государственного строительства. Он объявил азербайджанский язык официальным языком правительства и образования в Азербайджане.
За один год к АДП присоединилось более 200 000 членов. 69,5% избранных в руководящие органы партии составляли крестьяне, 8% - рабочие и ремесленники, 5% - землевладельцы, 4,5% - интеллигенция и 13% - представители остальных слоев общества. Это показывает, что АДП в первую очередь представлял и защищал интересы трудящихся.
АДП возглавив движение 21 Азер и организовав НПА продемонстрировал возможность достижения независимой современной национальной государственности в Южном Азербайджане. Он привил и утвердил у азербайджанцев Ирана чувство национальной идентичности и сформировал их национальное самосознание; АДП впервые подтвердила возможность получения национально-культурной и даже политической автономии в многонациональной стране, такой как Иран, для создания федеративного государственного строя.
Ключевые слова: Южный Азербайджан, Демократическая Партия Азербайджана, обращение 12 Шахривар, 21 азер, Национальное Правительство Азербайджана, политика государственности.
[1] Tehranda çıxan “Ayəndə” jurnalının redaktoru, “Milli vəhdət” proqramının müəllifi Mahmud Əfşarın baxışlarına görə İranın istiqlalı və bütövlüyü üçün təhlükələr sırasında 1) ağ təhlükə (Rusiya); 2) mavi təhlükə (İngiltərə); 3) yaşıl təhlükə (ərəblər); 4) qara təhlükə (daxili cəhalət və istibdad); 5) sarı təhlükə (bu, “Osmanlı türkləri və şimal-qərb tatarları tərəfindən İranın milli vəhdətini qorxudan təhlükədir”) dayanırdı. O, yazırdı ki, “sarı təhlükə müvəqqəti bir təhlükə deyildir, o, iranəsilli millət və xalqlar (iranlılar, əfqanlar, kürdlər, tatlar və taciklər) üçün milli və daimi bir təhlükədir.” Bu problemi həll etmək üçün “Ayəndə” jurnalının 1926-ci ilki yaz nömrəsində yazdığı “Millətçilik və İranın vəhdəti” başlıqlı məqaləsində təklif edirdi ki, türk (Azərbaycan – S.B.) dilində danışmaq qadağan edilsin, türk (Azərbaycan) dillilərin bir hissəsi farsdilli məntəqələrə köçürülsünlər, Azərbaycan adı yaddaşlardan silinsin və ölkənin inzibati-ərazi bölgüsündə bu ərazinin hüdudları (sərhədləri) dəyişdirilsin [7]
Mənbə: Varlıq dərgisi 29/3, 2024-cü il