Küftə haqqında dastan.
- 1-06-2022, 23:03
- КУЛЬТУРА
- 0
- 827
Tahir Əmiraslanov
Küftə adı gələndə həmişə Ordubadlı dostlarımın zarafatla küftəyə lüt dolma demələri yadıma düşür və özümdən asılı olmayaraq gülümsəyirəm. Elə bu müsbət emosiyalarla da küftə haqqında söhbət açmaq istəyirəm. Söhbət ki, gülümsəməklə başladı bizi güldürən, gülümsədən və eyni zamanda düşündürən iki şairlərimiz, iki Mirzəmiz, Ələkbər Sabir və Əli Möcüz yada düşür. Hər iki şairimiz küftəylə və onun növləriylə yaxından tanış olublar. Azərbaycanlı olasan küftədən xəbərin olmaya! Hər iki şair də öz əsərlərində küftəni mötəbər bir yemək kimi səciyyələndiriblər. Mirzə Ələkbər Sabirlə eyni dövrdə Arazın o tayında yaşayıb-yaratmış Sabir ruhlu Mirzə Əli Möcüzü oxuyanda bir neçə dəfə küftədən yazdığını gördüm.
“Bəylər yeyər nəharə küftə, kəbab və küki
Məsciddə eylər əmma ahu-fəğan orucluq”
Digər bir şerində
“Dadlı-dadsız, şor, şirin, yağlı, yavanı, kətdilər?
Xəlq edən Allah deyilmi abu-nanı kətdilər
Kasibə vermir plov, küki, boranı kətdilər
Küftə, şorba, qayğanaq qaymaq, tərək mən neyləyim?”
Başqa bir şerində
“Çaştıya pullu yeyər küftəni, qəlyanı çəkər”
Daha başqa bir yerdə
“ Əfsun oxumaq, bez toxumaq, küftə bişirmək
Əvvəlki tərəqqi və ticarət genə vardır”
Daha sonra
“Küftə qovurma, yarma, lazimdi qış evində”.
Başqa bir şerində
“Müftə pul tapmısan bişir küftə”
Mirzə Əli Möcüzün bu ifadələrindən küftənin çox hörmətli bəy, xan, varlı süfrəsinə layiq qış yeməklərindən olduğunu görürük. Möcüzün küftəyə bu qədər müraciət etməsi isə küftənin geniş yayıldığını, əksər əhalinin adi yeməklərindən olduğunu göstərir.
Küftənin bir növü olan kotletin, yəni qiymələnmiş ətdən hazırlanan yeməyin varlılıq, bolluq simvolu olmasını rəhmətlik çağdaş şairimiz Baba Pünhanda da eyni məna kəsb etdiyini görürük.
“Müxalifət mitinqə şor - çörəknən
Amma iqtidar kotletnən gedir”.
Rəhmətlik Mirzə Ələkbər Sabir də Hon-honnaməsində Möcüzün səsinə səs verir, eyni məna çalarını vurğulayır.
“Bimar tənim küftəvü bozbaş ələmindən
Xunin ciyərim dolma-badımcanın üçündür”.
Bu üç gözəl şairimizin diqqətini bu qədər çəkən bu küftə nə olan şeydir ki, ona bu qədər diqqət ayrılır, belə yüksək dəyər verilir. Əvvəllər toy məclislərində verilən küftə-bozbaş indi toylarda daha verilmir. Amma indi də evlərimizdə tez-tez riza küftə, küftə-bozbaş, dindili küftə, Təbrizi küftə, Arzuman küftə və s. küftələr bişirilməkdədir. Bəzi küftələri isə indi kotlet, lülə, qazan kabab, tava kabab, fisincan adları ilə bişirib ləzzətlə yeyirik. Bəs bu küftə ümumiyyətlə nədir, necə yaranıb və niyə bu qədər geniş yayılıb?
Hər şeydən əvvəl deməliyik ki, küftənin əsasını qiymələnmiş ət təşkil edir. Bu qiymələnmiş ətə müxtəlif ərzaqlar düyü, göyərti, albuxara, gavalı, alça, soğan, kartof və s. qarışdırılır.
Qiymə iri doğranmış, çox lətif, incə doğranmış və s. olur. Küftələr qızardılmış, xaşlanmış, buxarda bişirilmiş, şorbaların içində, iri və kiçik həcmli və s. bişirilir.
Qiyməyə işlənəcək ət adətən heyvanın miyəntək hissəsindən və digər xörəklər üçün istifadə edilən ətin xırda qalıqlarından götürülür. Küftəyə yaşlı heyvanın əti, ətlərin daha bərk, kobud vətərli hissələri istifadə edilir. Amma bu heç də küftənin ucuz, keyfiyyətsiz yemək olduğunun göstəricisi deyil. Küftənin tərkibinə vurulan ərzaqlar, onun hazırlanmasına çəkilən zəhmət daha böyükdür. Bəzi hallarda qiyməyə bud əti də işlədilir.
Amma çörəkdən istifadə edərkən onu öncə islatmaq lazımdır. Yaxşı olar ki, küftəyə vurulacaq çörək süddə isladılsın. Amma çörəyi küftəyə bişirməzdən çox əvvəl vurmaq olmaz. Çörəkdə baş verən qıcqırma prosesi küftənin dadını pozacaq. Məhz bişirməyə 3 – 5 dəqiqə qalmış çörəyin qiyməyə qarışdırılması daha yaxşı effekt verəcək.
Ət çəkən maşınlar sonradan əmələ gəldi. Belə maşınlarda çəkilən ətin tərkibində canlı su azalır və küftənin həm ləzizliyini həm də xeyrini azaldır.
İndi küftələrin bir növü olan mücvərlər bişirilsə də bu ad nadir hallarda işlədilir.
Küftələrin tərkibinə çox hallarda düyü, buğda, kartof, çörək və s. vurulur. Bu nişastalı məhsulların nişastası küftələrin tərkiblərini bir – birinə yapışdırır.
Lülə əsasən qoyun ya mal ətindən 30- 50% quyruq qatılmaqla hazırlanır. Amma bəzi hallarda insanlara həkim tərəfindən pəhriz təyin edildiyindən qoyun əti, ya quyruq yeyilməsi qadağan edilir. Bu halda biz mal ətini qiymələdikdən sonra ona vurulacaq quyruğun çəkisində tənziftə suyu sıxılmış soğan qiyməsi qarışdırırıq. Belə lülə tünd qırmızı rəngdə olur. Buna səbəb soğanın tərkibindəki şəkərlərin karamelləşməsi olur. Amma belə lülə quyruqsuz olsa da çox lətif, yumşaq və ləzzətli olur. 2009 - cu ildə Belçikada Avropa Parlamentinin deputatları üçün adi lülələrdən başqa belə lülə kabablar da verdik ki, bunlar da çox bəyənildi.
Milli mətbəximizdə küftələrin hazırlanması üçün əsasən kərə yağından, ərinmiş yağdan istifadə edilir. Bir çox hallarda qiyməyə quyruq yağı qatılır, bəzən küftələr quyruq yağında qızardılır. Quyruq yağı olmayanda yaxud pəhriz dövründə küftə ləziz olsun deyə ona bir az kərə yağı qatılır.
Mücvərlər daha çox tərəvəz soğandan hazırlanır yalançı dolma, yalançı küftə kimi ətsizləri də var. Amma mücvərlərə ət qiyməsi daha az qatılır, bağlayıcı kimi yumurtadan istifadə edilir. Adətən mücvərlərin tərkibində ətin ümumi miqdarı 50% keçmir. Lakin qiymələnmiş ətlə hazırladıqları üçün mücvərlər də küftələrin içərisində yer alır.
Plova, xəngələ və s. də qara kimi qiymə verirlər, qiymə qovurma və s. xörəklər bişiririk ki, bunları da şərti olaraq küftələrə aid etmək olar.
Qiymə hazırlamaq üçün ya həvəngdən, ya daşdan, ya ucları çarıq kimi qatlanmış qoşa bıçaqlardan, ya toxmaqdan istifadə edilirdi.
Rus rəssamı Qaqarinin çəkdiyi rəsmdə biz Şamaxıda iki bıçaqla qiymənin necə hazırlandığını görürük. Uzun müddət ət və ona qarışdırılan ərzaqlar beləcə qiymələnib bir – birinə qarışdırılırdı.
Ümumiyyətlə küftələrin içərisinə vurulan ən mühüm ərzaqlardan biri soğandır. Soğanın dadı, acılığı, miqdarı və s. bişirilən küftənin dadına, görünüşünə çox təsir göstərir.
Uzun müddətə hazırlanan küftə kütləsi uzun müddət çırpılır, döyülür, yəni daş ya ağac masaya əllə çırpılır ki, bu da kütləyə bircinslik, elastiklik verir. Xüsusiylə də küftə kütləsindən lülə bişirəndə. Həm də döyülmüş küftə şişdə daha yaxşı qalır.
Qeyd edək ki, qiymələnmiş ətə qarışıqların tərkiblərini, miqdarını dəyişməklə müxtəlif xassəli küftə kütlələri yaradılır. Qiyməni qiyməkeşlə doğramaqla, ət maşınından bir, ya bir neçə dəfə keçirməklə, blenderdə müxtəlif sürətlərdə qarışdırmaqla, daşla əzməklə və s. qiymənin və qiymədən yaranan kütlənin xassələrinə təsir göstərilir. Küftə kütləsinin həcminin böyük (arzuman küftə), orta (küftə-bozbaş) və kiçik (dindili küftə), yumru (riza küftə), yastı (tava kabab), dairəvi (bitoçki), ellips (kotlet) olması da hazır xörəyin keyfiyyətinə və dadına təsir göstərir.
Küftənin bişdiyi mühitin dadı, tamı, konsistensiyası (qatılığı) və s. də küftədən bişən xörəyin nəticələrinə təsir göstərəcək. Beləliklə, küftə kütləsi əslində süni ətdir. Təbii ətdən fərqli olaraq küftə kütləsinin fizika-bioloji parametrləri ilə oynamaq, onları dəyişdirmək, istiqamətləndirmək, bu kütləyə yaddaş verməklə son nəticəni dəyişmək, öncədən dadı-tamı proqramlaşdırmaq və s. mümkün olduğundan belə kütlədən hazırlanan məhsulların dünya mətbəxində özünə yer etməsi təbii haldır.
Məsələn Rusiyada çalışdığım şok dondurma “Elika” fabrikində bir dəfə kotletin yaddaşı ilə oynadıq.
Məsələ ondadır ki, dairəvi ştampdan çıxan qiymə kütləsi dairəvi formada yəni “bitoçki” olur. Ştamplar çox bahalı olduğundan onları dəyişmək böyük maliyyə tələb edir. Bəs necə etməli ki, ştampları dəyişmədən ellips formalı məmulat yəni kotlet alınsın? Burada orta məktəbdəki bir oyun yada düşür, diyircəkli qələmlərin içərisindəki yayı dartırdıq. Yayı düzəldəndən sonra onu yenə yay kimi yerinə qaytarmağ mümkün deyil. Amma qaynar su doldurulmuş fincana salan kimi yay əvvəlki formasına qayıdır. Deməli yayın yaddaşı var. Küftə kütləsinin də eyni hərəkət edəcəyini düşündük. Ştampın altına düşən bitoçkiləri aparan transportyoru bir neçə mm ştampdan aşağı salsaq düşən kütlə öz ağırlığı ilə ani olaraq transportyorun lentinə sanki yapışacaq. Transportryorun sürətini də azacıq artırsaq, transportyor ani yapışan kütləni ani olaraq dartacak, Xaricdən küftə kütləsi dairəvi qalsa da “dartıldığını” “yaddaşında” saxlayır. Şok dondurmadan sonra bu dairəvi bitoçkiləri tavada qızardanda istiliyin təsiri ilə onlar “dartılmağa” davam edib ellips yəni kotlet formasına düşürlər. Bu da eyni ştampla müxtəlif formalı məhsullar yaratmağa imkan verir.
Digər tərəfdən ətin qiymələnməsi, qiymədən xörək hazırlanması ətin çətin bişən vətərli hissəsinin utilizasiyası nöqteyi nəzərindən də çox səmərəli idi. Yaşlı heyvanların ətinin və ətin bərk hissələrinin istifadə edilməsi maldarlıqla məşğul olan insanlar üçün çox vacib idi. Qış qabağı kütləvi heyvan kəsimi zamanı bu xüsusilə aktual olurdu.
Bundan başqa yaşlı, dişləri tökülmüş qocaların və kiçik dişləri tam formalaşmamış uşaqların qidalanmasında, ətin həzminə sərf edilən enerjinin azalmasında qiymələnmiş ət əvəzsiz bir məhsul idi.
Ola bilsin ki, ilkin mərhələdə insanlar əti bütövlüklə qiyməyə çevirirdilər və elə çiy-çiy qiymə şəklində yeyirdilər. Bu günə qədər də türklərin hazırladığı çiy küftə məhz bu arxaik texnologiyanın nümunəsidir.
1994-cü ildə Almaniyanın Frankfurt Na Mayne şəhəri yaxınlığında yerləşən Eşborn şəhərində “Adler” restoranında Azərbaycan mətbəx günləri keçirərkən həm də dolma hazırlayırdıq. Aşpazlardan biri mənə yaxınlaşdı ki, “Tahir müəllim almanlar dolmalıq əti çiy-çiy yeyirlər, qoymurlar bükməyə ət qala”. İlk dəfə qiymənin çiy-çiy yeyildiyini almanlarda gördüm. Türk kökənli olan almanların çiy qiymə kütləsini yemələri, türklərin istiotla, ədviyyatla yoğurulmuş çiy küftəsi bu xörəyin çox qədimdən hələ indiyə qədər yaşadığını göstərir.
Sürülərin arxasınca gedən köçəri xalqlar üçün bu həm də oduna, ocağa qənaət idi. Prinsipcə bişmə prosesi ərzaqdakı hüceyrəarası bağları dağıtmaqla ərzağı yumşaltmağa xidmət edir. Belə olanda sanki çeynəmə və həzm olma proseslərinin əsas hissəsi orqanizmdən kənarda baş verir. Bu ərzağa istiliklə və yaxud soyuqla təsir zamanı baş verir. Məsələn kartof dondurulanda şirinləşdiyinin, yəni kraxmalın parçalandığının şahidi olmuşuq. Şok dondurulmuş balığın ya heyvanın əti çox asan yeyilir ki, bundan buzlaqların üzərində yaşayan şimal xalqları çox istifadə edirlər.
Tomsk şəhərində çempionatda iştirak edəndə Tomsk kulinariya təşkilatının rəhbəri Burkovski məni rəndələnmiş balıq ətinə qonaq elədi. Şok dondurulmuş Nelma balığının ətini rəndələdi, üzərinə bir ovuc istiot və bir ovuc duz tökdü. Öncə düşündük ki, bunu yemək mümkün olmayacaq, amma balıq ağızda “əriyirdi”. Çox ləzzətli idi. Duzun, istiotun dadı qətiyyən hiss edilmirdi. Eyni ilə dondurulmuş soyuq kahıya bükülüb yeyiləndə çiy köftənin acılığı da o qədər hiss olunmur. Beləliklə soyuq həm bişirir, həm də istiot və duzun dadını tarazlaşdırır. Bu fakt bir daha təsdiqləyir ki, müxtəlif temperaturda olan qidaların dadını biz fərqli qəbul edirik. Digər bir bişirmə növü ətin basdırma edilməsidir. Basdırma zamanı ətin fermentasiyası yəni yumşalması baş verir.
Əti qiymələyəndə, döyəcləyəndə, daşla əzəndə də eyni proseslər baş verir. Ət sanki “bişir” onu çox çeynəməyə ehtiyac qalmır. Ətin bir bişirmə yolu da yəhər altda bişirmə idi. Ət tikəsi yəhərin altından atın belinə qoyulurdu. Yol gedərkən yəhər süvarinin ağırlığı altında əti sanki döyürdü. Atın tərindəki duz və fermentlər də ətə hopurdu. Süvari öz ağırlığı ilə əti basdığı üçün belə ət basma, basdırma adlanırdı. Uzun yoldan sonra süvari bu basma əti yeyirdi. Yəqin ki, ətin bu cür əzilməsi də daşla əzmək, bıçaqla qiymələməklə bərabər paralel olaraq əcdadlarımızın işinə yarayıb.
Bütün bu bişirmə növləri qədim türklər tərəfindən geniş istifadə edilirdi və yəhər altı bişirmədən başqa bu texnologiyalar bu gün də bu və ya digər formada türk xalqlarının mətbəxlərində özünə geniş yer tutub. Ümumiyyətlə döyülmüş, qiymələnmiş ət və ondan yaranan xörəklər, küftələr, kotletlər, frikodelkilər, dolmalar, börəklər, pelmenilər və s. bu kimi yeməklərin hamısı məhz türk xalqlarının yaratdıqları texnologiyalardır ki, müxtəlif adlarla, müxtəlif mətbəxlərdə özünə yer tutub.
İ.V.Yeqoşkin yazır “Türk mətbəxində istifadə edilən texnologiyaların çoxu, o cümlədən qiymə ətdən geniş istifadə edilməsi Tunis, Liviya, Əlcəzair kulinarları tərəfindən əxz edildi”.
İ.A. Avax da bunu təsdiqləyir “Əlcəzair, Tunis və Liviya Osmanlı imperiyasının tərkibinə daxil olduqdan sonra bu ölkələr onun gözəl mətbəxinin təsiri altına düşməyə bilməzdilər. Məhz bu vaxtdan sonra Məqrib mətbəxində yeni texnologiya – qiymələnmiş ətdən xörək hazırlamaq texnologiyası geniş yayıldı”.
Ermənipərəst müəllif O.A. Dubovis “Erməni mətbəxi” kitabında yazır ”Milli” (erməni T.Ə) mətbəxində qiymələnmiş ətdən olan xörəklər – kololik, kololok dolma çox məşhurdurlar. Bu türk mətbəxindən yaxınlarda əxz olunmuş xörəklərdir”.
Л. Аветисян da əlavə edir “Küftə-sonsuz yad olan yabancı türkdilli ada malik mütləq erməni xörəyi”.
С.Т. Еремян “Erməni kulinariyası” kitabında yazır “Erməni mətbəxində döyülmüş ətdən olan xörəklər “kololik” (türkcə - “küftə-bozbaş”) və “kololak” (“böyük küftə” deyilən) daha məşhurdurlar”.
Джирян О.О. “Erməni mətbəxi” kitabında yazır ki, “Kololik – qiymə ətdən olan yeməkdir. Adı türk dilindən gəlmədir – “kololak”.
Ermənistan SSR Elmlər Akademiyasının Prezidiumu tərəfindən təsdiq edilmiş “Erməni kulinariyası” kitabının 3-cü nəşrinin (Yerevan Ayastan nəşriyyatı 1985) titul səhifəsində oxuyuruq ki, “bu kitaba ermənilərin ənənəvi çeşnilərinə çoxdan daxil olmuş və indi çox istifadə olunan 60-dan çox xörək daxil edilib”.
Kitabda bu hissəyə, yəni əxz edilmiş xörəklərin siyahısına ətsiz dolmalar, imambayıldı, bozbaş, musaxan, türlü, xaşlamalar, şaşlık, urfa-kabab, qarnı-yarıx laxmacun və s. xörəklərlə birlikdə “içli küftə”, sini küftə, mərcimək küftəsi, urfa, kololak kimi 4 küftə adı verilir.
XIX əsrdə yaşayıb-yaratmış Nadir Mirzə “Karnamə” də bir çox küftələr haqqında yazır, kitabında bu barədə belə məlumat verir: “Küfteyi-arzuman (arzuman küftəsi). Azərbaycana xasdır və İranın heç bir şəhərində onu tanımazlar və bişirməzlər və hətta bu diyarda da Təbrizdən başqa bir yerdə bişirsələr, məhz oradan öyrənmiş olduqları anlamına gələr. Evxuda dedi: – Mən bu xörəyi yaxşı bişirirəm və səninçün də çox bişirmişəm. Hazırlama qaydası isə belədir: aşpaz yağlı əti götürüb soğan və duzla yaxşıca döysün. Bu zaman ətin şındırını ayırıb tullayarlar. Ardınca suda bişmiş yarımçıq noxudu, ətirli noxud ununu, bir az zəfəran ilə istiotu yaxşıca qarışdırıb ətə qatarlar və buraya istədiyi miqdarda kasnı da əlavə olunur. Ondan sonra əldə edilmiş qarışıqdan nazik parçalar düzəldib ortasına suda bişmiş toyuq yumurtasını, zirinci və xırda doğranmış albuxaranı, badamı və püstəni qoyarlar. Arxasınca həmin parçaları büküb yuvarlayarlar və qaynar suya atarlar. Bir azca bişən kimi üzərinə yağ töküb qızardarlar və üstünə bir az da su əlavə edib tam hazır olanadək bişirərlər. Çörəklə yeyilən küftələrin ən yaxşısıdır”.
Maideh Mazda isə Təbriz küftəsi haqqında belə yazır:
“Deyirlər ki, ən ləziz küftəni Azərbaycanda bişirirlər və Təbrizin ev xanımları (Təbriz – Azərbaycanın paytaxtıdır), ən dadlı küftənin hazırlanma sirrini bilirlər. Əgər bu belədirsə, o zaman etiraf edim ki, mənə bu sirri Təbrizdə doğulmuş öz anamdan öyrənmək nəsib olub.
Təbrizdə yaşayarkən anam mənə küftənin hazırlanma qaydasından bəhs edən hekayələr danışırdı. O cücədən istifadə edirdi. Onu gil küpəyə qoyub zəif odda bişir.
Təbriz küftəsi İranda hazırlanan ən tanınmış küftə növlərindən biridir. Bu kitabda mən sizə küftənin sadələşdirilmiş reseptini verirəm, çünki müasir amerikan ev xanımları üçün cücə daha əlçatmazdır, nəinki fars ev xanımları üçün. Həmçinin cücəni yarım gün zəif odda bişirmək lazımdır, yeri gəlmişkən elə bu da daim tələsən amerikan qadınların həyat tərzinə uyğun gəlmir.
Küftəni hazırlamaq üçün bizə nə lazımdır:
0,5 fincan – sarı noxud
3 fincan – su
2 ədəd – bərk bişirilmiş yumurta
500 qr – quzu və yaxud dana əti
1 yumurta
1 orta ölçülü - soğan (sürtgəcdən keçirilmiş)
Foto:Təbriz küftəsi
1 ç.q - limon şirəsi
1 ç.q – duz
0, 5 ç.q – istiot
0,5 ç.q – darçın
0,25 ç.q – qoz
0,5 ç.q – zəfəran
6 ədəd – qara gavalı
0,25 fincan – su
Noxudu 3 stəkan suda yumşalana qədər 34 – 40 dəq. bişirin ki, ondan püre alınsın. Bərk bişmiş yumurtaların qabığını soyub kənara qoyun.
Əti kasaya qoyun və 1 dənə çiy yumurta, soğan, limon şirəsi və ədviyyat əlavə edin. Noxudu sürtgəcdən keçirin, yaxşıca əzin və ətə əlavə edin. Alınan qarışığı iki porsiyaya bölün. İki dənə böyük ət topu düzəldin və hər ikisinin ortasına 1 dənə bərk bişmiş yumurta və 3 dənə (seçilmiş) qara gavalı qoyun. Əti qazana qoyun, su əlavə edin və təxminən 40 dəqiqə ərzində 350 dərəcə ilə sobada bişirin”.
Fərrux Hikmətin verdiyi nüsxə isə belədir:
“Təbriz Şimali İranda yerləşən Azərbaycan əyalətinin paytaxtıdır. Bu şəhər öz zərif yeməkləri ilə tanınır, misal üçün, küftə kimi xörəyi ilə.
Onu bişirmək üçün bizə lazımdır:
225 qr – düyü
225 qr - təmizlənmiş noxud
450 qr – quzu, buzov, dana əti
2 dənə - sürtgəcdən keçirilmiş soğan
¼ çay qaşığı – sarı kök
0,5 çay qaşığı – duz
3 ədəd – bərk bişirilmiş yumurta və yaxud 6 – 9 ədəd qara gavalı
12 ədəd – təmizlənmış və xırda doğranmış badam
1 ədəd – böyük, yağda açıq qəhvəyi rəng alınana qədər qovrulmuş soğan
Hazırlanma qaydası:
Düyünü çilov plov üçün hazırlanan kimi hazırlayın və yuyun. Noxudu yumuşaq olana qədər bişirin, sonra püre olana qıdır əzin. Əti ət maşınından keçirdin. Düyünü, noxudu, əti sürtkəcdən keçirilmiş soğan, ədviyyat və duzu xəmir halı alana qədər qarışdırın. Təmiz əskini isladın və forma kimi istifadə olunan 6 düym diametrli yumuru kasaya sərin. Kasanın yarısını qiymə ilə doldurun. Ortasında bərk bişirilmiş yumurta və yaxud 3 ədəd qara gavalı yerləşdirin. Üstünə bir az qovrulmuş badam və bir çay qaşığı qovrulmuş soğan tökün (səpin). İnqridentləri ətlə örtün və orta ölçülü top forması verin. Qalan inqridentlərdən istifadə edərkən, eyni şəkildə daha iki top düzəldin.
3 litr su qaynadın. Qalan qovrulmuş soğanı əlavə edin və ətləri ehmalla suya salın. Qazanın qapağını örtün, 2 saata yaxın və yaxud bişənə qədər pörtlədin. Əti qabalara qoyun. İstəsəniz süfrəyə əti suyu ilə və yaxud ayrı – ayrı verin. Əgər arzu etsəniz suyu 2 stəkan limon və yaxud nar şirəsi ilə də əvəz etmək olar. Həmçinin yumurtanın yerinə meyvə və qozla qarışdırılmış toyuq ətindən istifadə etmək olar”.
Amma əsl arzuman küftəsinin içinə əvvəlcə toyuq, toyuğun içərisinə bildirçin, bildirçinin içərisinə isə bişmiş yumurta yerləşdirilir. Bəzən isə bildirçinsiz bişirilir. Maideh Mazdanın və Fərrux Hikmətin verdiyi nüsxələr daha sadədir.
XI əsrdə Mahmud Qaşqari “Divani-Lüğət it Türk” kitabında quzu bağırsağına ət qiyməsi və düyü doldurularaq şişdə qızardılan və soğanla yeyilən xörək haqqında məlumat verir. Adı yöğrəmbəc olan bu xörəkdə qiymələnmiş ətdən istifadə edildiyini görürük.
Peşat Genc “XI əsrdə Türk mətbəxi” məqaləsində mənbələrə istinad edərək yazır ki, onların yörgemeç adını verdikləri bir yemək də vardı ki, buna belə tərif verilir “Qarın və bağırsaq incəcik qıyılır”. Həmin məqalədə Peşat Genc “Türklərin XI əsrdə ətdən hazırladıqları yeməklər arasında qadın-budu küftəyə bənzər bir digər yeməyin varlığı anlaşılır” – deyə yazır.
Bu tədqiqat hələ XI əsrdə türklərin qiymələnmiş ətdən istifadə etdiklərini və küftə bişirdiklərini göstərir.
XIII əsrdə yazılmış “Xana bir şorba” kitabında da “gurug gima” – yəni “quru qiymə”a adlı bir xörəyə rast gəlirik ki, bu xörəyin də qiymədən hazırlandığını görürük. Həmin kitabda verilən xörək nüsxələrindən (reseptlərindən) “Çiçək mantı” və “Börək” nüsxələrindən də bu yeməklərin də qiymə ilə hazırlandığını görürük. XIV əsrdə İbn Batutta “Semusek (sənbusə T.Ə) adlı qiyməynən hazırlanan börək növü barədə yazır”.
Tarix elmləri doktoru В.В. Похлебкин “Kulinariya lüğəti” kitabında yazır: “Ət qiyməsindən hazırlanmış, biz kotlet adlandırdığımız məhsul fransız mətbəxində indiyə qədər “Frikadeli” adlanır. Şərqdə belə yumru kotletlər qədimdən küftə, Balkan ölkələrində isə “kiftelutse” adlanır. Tefteli – türk “küftə” -sindən götürülmüş moldav “kiftelutse”sinin yahudicə pozulmuş variantıdır. Tefteli türk xalqlarının xalq mətbəxlərindən balkan və Avstriya mətbəxləri vasitəsilə gəlib. Birinci dəfə icad olunduqları yerdə, tefteli qazanın ümumi qatı işgənəsində bişirilir, qabda qatılığına görə sousa bənzəyən qatı işgənəylə birgə verilirdi. Bu xüsusiyyət bu gün də ənənəvi olaraq müasir Avropa mətbəxlərində saxlanılır”. Başqa bir yerdə В.В. Похлебкин qeyd edir “Küftə - bir sıra şərq mətbəxlərinin məhsulu (Türk, Orta Asiya, İran)”. Bu ölkələrin əsas əhalisinin də türklər olduğunu görürük. Yunan alimi Marianna Erasimos qeyd edir ki, “XIV əsrə aid türk mənbələrində küftəni xeyirli xörək kimi göstərirlər. O həm də XV əsrə aid “küftə”, “küftə kabab”, “ayya küftə” adlarını çəkir.
Amma, Rusiyalı müəlliflər Ольга və Павел Сюткинlər yazırlar ki, “Aydındır ki, XVI əsrə kulinariya incəsənəti Rusiyada hələ inkişaf etməmiş vəziyyətdəydi. Praktiki olaraq xırdalanmış, əzilmiş məhsullardan istifadə edilmirdi – qiymə və kotletlər rus aşpazları tərəfindən istifadə edilmirdi”. Rusiya bu texnologiyanı da sonrakı əsrlərdə türklərdən götürəcəkdi.
Gürcülər küftəyə türk dilindən götürüb “ Qupta”, yuqoslavlar “cufta” deyirlər. Лиляна Биснич Югослов mətbəxinin xörəkləri “kitabında yazır: “ Teftelini”, çuftanı adətən ətlə sousla” hazırlayırlar. Makedoniyada əvvəllər çuftaları, başqa xörəklər kimi “şarlaqanda yəni, küncüd və xaş-xaş yağında qızardırdılar”.
Bununla Лиляна Биснич bir tərəfdən В.В. Похлебkinin Tefteli və küftənin (çuftanın) eyni xörək olduğu fikrini təsdiqləyir, digər tərəfdən Makedoniyada küftənin yağda qızardıldığını, yəni tava kababın, bitoçkinin və kotletin hazırlanma qaydasını verir.
Beləliklə, ərəb, erməni, makedoniya, yuqoslav, fransız, balkan, avstriya, rus və digər xalqların mətbəxlərində döyülmüş, qiymələnmiş ətdən olan müxtəlif adlı küftə, kifte, kotlet, кололак, кололик, зразы, фрикоделки, биточки, кифтелуце, тефтели və s. yeməklər türk mətbəxlərindən əxz edilib, türk xalqlarının dühasının məhsulu və dünya xalqlarının mətbəx mədəniyyətlərinə verdiyi daha bir tövhədir.
Əlbətdəki, əgər ətli bürhanı, boranı sonralar həm də ətsiz boranılar, ətli dolmalar “kor”, “yalançı”, “dən”, “tərəvəz” yəni ətsiz dolmalar yaratmışlarsa, onda lüt dolmalar, yəni küftələr də öz ətsiz formalarını yaratmışdılar.
Buna misal olaraq Öndər Şenyapilinin yazdığı, türklərin “Yoğurtlu bulqur küftəsi” göstərilə bilər. Bu küftələr yorğulmuş incə bulqur xamırından hazırlanır. Ortasından baş barmaqla basılır, qaynar suda ya işkənədə xaşlanır. Sonra sarımsaqlı qatığın içinə düzülüb üzərinə qırmızı bibərlə qızdırılmış yağ tökülür. Ərəblər buna “Kiftel ləbən” (ləbən ərəbcə yoqurd, qatıq deməkdir) deyirlər. Texnologiyası sanki içərisinə bulqur köftə doldurulmuş bizim “ağsaq – oğlaq” xörəyimizdir.
7 mart 2005 – ci ildə Türkiyənin Sabah qəzeti Türkiyənin tam 291 köftəsi var adlı məqaləsində yazır ki, “ 90 gün boyunca 15 min kilometr yol gedərək 7 ölkədə, 15 eldə və 12 odada 43 köftəci ustayla görüşən Pinar: Ətli komandası (küftə T.Ə) tam 291 çeşidə çatdı”. Küftə, kiftə sözünün hər halda “xırdalanmış”, qarışıq mənasını verdiyini düşünürük. Bunu basdığın, sucuğun bir adı olan “Köftər” sözündən də görürük, qatılaşdırılmış bəhməz, qoz və s qarışıqlardan ibarət olan “köftər” “sucuq” sadəcə şirin ətsiz köftədir. Uzunsov formalı kiftə, “kiftə-kabab”- “lülə” mətbəximizdə qədimdən mövcuddur.
Kolbasa (ətli sucuq), basdıx (şirin sucuq) lülə kabab (türk mətbəxlərində küftə-kabab) öz formasına görə də eyni təfəkkür formasından qaynaqlanır.
Türkiyənin Hatay bölgəsinin burqurlu küftəsinin ortasını oyub içinə ətli qiymə qoyub bişirilir, buna isə oymalı köftə deyirlər.
Burada bir məsələyə də qayıtmaq istərdim Bu məsələyə В.В.Похлебкин də “bizim kotlet adlandırdığımız” kəlməsiylə toxunur. Əslində qiymədən hazırlanmış məhsula yalnız ruslar və onların təsiri altında olmuş ölkələrdə “kotlet” deyirlər.
Elə Baba Pünhanın “kotlet” yazması da burdan qaynaqlanır. Əslində kotlet “kotolette” sözündəndir və fransızca qabırğa arası ət deməkdir. Bu ət qiymələnmədən hazırlanır. Rus və rus təsiri olan ölkələrdə bütöv ətdən hazırlanan bu xörəyə “котлеты катуральные” – “təbii kotlet” deyilirdi. Qiymə ətdən bişən yeməyə “kotlet” deyilməsi yanlışlıq olsa da çox geniş yayılıb. Mery Prisçillaya görə küftə nüsxələrinə (reseptlərinə) artıq 13 əsr ərəb yemək kitablarında rast gəlinir. Bu da türk mətbəxinin o dövrdə artıq ərəblər tərəfindən qəbul edildiyindən xəbər verir.
Mery Prisçılla Osmanlı mətbəxində noxud əzməsindən küftə hazırlandığını və ona “noxud topu” deyildiyini və paxladan da küftə hazırlandığını qeyd edir.
Küftə nüsxəsinə XV əsrdə yazıb yaratmış şair Büshaqın kitabında da rast gəlirik.
Büshaqın Kənzül – İştihasını XVIII əsrdə tərcümə edən Əhməd Cavad belə izah verir: “küftə. Döyülmüz və əzilmiş deməkdir. Köftər dedikləri kababa da deyilir. Ondan yuvarlaq yuvarlaq yapıb bəzi sadə və bəzi köftəli şorba və turşulu yəxni kimi yemək içində bişirib yeyirlər.
Küftə biryan – Qiymə deyilən qovurmadır ki, lapa və sair plov üzərinə tökərlər”.
Küftələri , lüt dolmaları təbəssümlə araşdırarkən yenə də böyük ədiblərimizdən Sabirə müraciət etməli olursan. Məsələ ondadır ki, bu lüt küftələrin ayıbını örtmək üçün təkcə yarpaqlardan istifadə edib, onu yarpağa bükür ya tərəvəzin içinə doldurmurlar. Bu küftələrdən fisincan da hazırlayırlar ki, küftələrin abrı getməsin tava kababdakı kimi lüt-üryan olmasınlar. Sabir küftə fisincana belə tərif deyir:
“Bimar tənim küftəvi bozbaş ələmindən
Xunin ciyərim dolma – badımcanın üçündür
Ağzım dolusu neməti- firdovs dedikdə
Boşqabda qara gözlü fisincanın üçündür”.
Bu dörd sətirdə Sabir qiymədən hazırlanan üç xörəyin, “küftə bozbaş”, “badımcan dolması” və “fisincanın” adını çəkir.
Sabir şerlərində fisincanın dadlı olmasından başqa onun qara rəngli olmasına qara gözlü deməklə küftə fisincanın içərisində ğöz – ğöz duran kiçik küftələrə işarə edir.
Amma küftə - fisincan, fisincan ailəsinin yalnız bir növüdür. Fisincan isə başqa bir dastanımızın mövzusudur.
Küftənin ən maraqlı növlərindən biri də Arzuman (yəni böyük) küftədir ki, buna Naxçıvan küftəsi də, Təbriz küftəsi də deyirlər. Küftələrimizin içərisində həcminə və çəkisinə görə bu ən böyük küftəmizdir. Bu küftənin içinə bütöv quş, quşun içinə isə yumurta qoyub bişirirlər. Bəzi hallarda isə içərisinə yalnız yumurta qoyurlar. Belə olanda o bir tərəfdən slavyanların zrazısına, digər tərəfdən isə türklərin dalyan küftəsinə bənzəyir, amma onlardan fərqli olaraq top şəklində olur. Kəsiləndə kəsiyində xoş bir rəng qarışığı alınır. Üst qat küftənin rəngi, orta qat yumurta ağının, iç son qat isə yumurta sarısının rəngində olduğundan xoş təəssürat yaradır.
Maideh Mazda “Fars mətbəxi” (in Persian kitchen) kitabında bu küftə haqqında belə yazır “Təbrizi küftə Azərbaycan şəhəri Təbrizdə hazırlanır”. Digər İranlı müəllif Feroix Hikmət də bunu təsdiqləyir. Təəssüf ki erməni müəlliflər başqa xörəklərimiz kimi bu küftəni də özününküləşdirməyə çalışır erməni məhsulu kimi təqdim edirlər. Liya Аветисян yazır ki, “Bəyazid ermənilərinin firma xörəyi kimi yaratdıqları və saxladıqları Bəyazid Küftəsinin nou-xausu”.
Türk mətbəx tədqiqatçısı Sami Zubaida yazır. “Farsca danışmayan bölgələrdən Azərbaycan və xüsusilə də Təbriz yeməkləri ilə məşhurdur. Xüsusilə yeməklərdən tayı – bərabəri olmayan Təbriz küftəsi – içi toyuq parçaları, ərik və yumurta ilə doldurulmuş, üzü qiymə və düyüdən əmələ gələn bir məcunla örtülmüş böyük boxça biçimli bir küftədir”.
İndi isə XV əsrdə yaşayıb-yaratmış həkim və aşpaz babamız Mahmud Şirvaninin kitabında “Sadə küftə” adlandırdığı amma heç də sadə olmayan küftənin nüsxəsini diqqətinizə çatdırırıq.
Sadə küftə.
Faydaları: Rahat həzm olunur, üzü gözəlləşdirir, spermanı artırır, bədəndən və mədədən bəlğəmi çıxardır, bütün dəqiq məcazlara son dərəcə uyğundur.
Tərifi: Əvvəlcə ət xırda-xırda doğranıb qazana qoyulur. Üzərinə lazımi qədər qaynar su tökülüb bir az qaynadılır. Daha sonra ətin qara yerindən incə parçalar kəsilib daş həvəngdə bir az quyruq yağı ilə birlikdə döyülüb əzilir. Buna yarım ovuc əzilmiş noxud və yarım ovuc yaxşıca yuyulub əzilmiş düyü qatılır. Daha sonra bu qarışıq yoğurularaq adətinə uyğun şəkildə böyük-böyük küftələr hazırlanır. Qazana qoyulub qaynadılır. Qaynadıqca köpüyü alınır. Küftələr bərkiyəndə ət və küftələr qazandan çıxardılır, təzə quyruq yağında üstü qızarana qədər qızardılır. Üzərinə ətləri örtəcək miqdarda qaynar su tökülüb bir az döyülmüş darçın və bir az quru dərəotu səpilir. Qaynadılır. Bir az qaynadıqdan sonra içindəki dərəotu çıxarılır. Yerinə yarım ovuc yuyulmuş düyü və ya düyünün yarısı qədər qabığı çıxarılmış noxud qatılır. Düyü və ərzaqlar tamamən bişincəyə qədər qaynadılır. Çevrəsi silinir. Köz üstündə qatılaşana qədər dəmləndikdən sonra üzərinə yarım dirhəm döyülmüş darçın tökülür, oddan götürülür, yeyilir.
Abbasi Katib Bağdadinin 1226-cı ildə yazdığı kitabda bir neçə maraqlı küftə nüsxəsi verilir:
Bu nüsxələri gözdən keçirək.
Müdekkakat Hamida (ərəbcədən döyülmüş turş ət anlamında).
Yağsız, vətərsiz ət incə iplər halında doğranıb yaxşıca döyülür, içinə keşniş toxumu, bibər, darçın və saqqız atılıb noxud və bir az soğan əlavə edildikdən sonra turuncdan kiçik küftələr hazırlanır. Təzə quyruqyağı əridilir, küftələr bu yağın içinə qoyulub qarışdırıla-qarışdırıla qızardılır, sonra üzərinə çıxana qədər su əlavə edilir. İki-üç baş soğan doğranıb qazana qatılır. Küftələr bişib yağını suya salanda üzərinə bir az limon suyu və ya abqora və ya hər ikisi qarışdırılaraq, ya da sumaq suyu və ya nar turşusu gəzdirilir. Qazanın içinə bir az quru nanə ovxalanır, bir az saqqız, bibər və darçın vurulur. İstəsəniz üzərinə bir az şərab sirkəsi gəzdirə, zəfəranla rəngləyə bilərsiniz. Sonra yeməyin üzərinə bir az gülsuyu səpilir, qazanın qıraqları silindikdən sonra köz üzərində bir az dəmə qoyulur.
Muhfi.
Yağsız, vətərsiz ət dörd barmaq uzunluğunda əriştə kimi doğranır. Quyruqyağı əridilir, qığırdaqları alınıb atılır, ət bu yağa salınır. Üzərinə 3 qr duz, yaxşı döyülmüş keşniş toxumu əlavə edilib öz yağında qovurulur. Sonra üzərini örtəcək qədər su qatılıb keşnişotu, bir neçə çubuq darçın, bir ovuc qabığı soyulmuş noxud və bir ovuc doğranmış soğan əlavə edilir. Qaynadıqca köpüyü alınır. Sonra (qalan T.Ə) ət yaxşıca döyülüb küftə hazırlanır. Bir neçə bərk bişmiş yumurtanın alınıb ağlardan soyulur. Yumurtaların sarıları küftələrin içində açılan çuxura qoyulur (küftələr bağlanır T.Ə). Küftələr qazana əlavə edilir. Bişməyə başlayanda üzərinə yaxşı döyülmüş çəmən, bibər, saqqız və zəncəfil əlavə edilir. Ayrıca bir neçə yumurta çalınır, qazandakı əriştə kimi ət qaynar-qaynar çalınan yumurtaya batırılıb təzədən qazana qoyulur. Tikələrin üstünün yumurtayla tam örtülməsi üçün bu bir neçə dəfə təkrarlanır. Ət geri qazana qoyulur. Suyu çəkiləndə üzərinə 3 qr yaxşı döyülmüş darçın vurulur. Üzərinə bir az gülsuyu vurub dəmə qoyulur.
Dinariyyə küftəsində küftələr dinar şəklində dairəvi formada – bitoçki kimi formalaşıb, dinar kimi kəsilmiş yerkökü, eyni formada bişmiş yumurta kəsib əlavə edirlər. Bəzən yumurtanı dinar kimi kəsdikdən sonra yağda qızardıb yeməyə əlavə edirlər.
Foto:Arzuman Küftəsi
Növbəti resept Müdekkakat Sadece (Sadə döyülmüş ət mənasında T.Ə.) Şirvaninin verdiyi nüsxəylə eynidir.
Verilən nüsxələrdə doğranmış ətlə küftənin bir yerdə bişdiyini görürük ki, bu metod küftə və dolma bişirəndə bəzi bölgələrimizdə istifadə edilir. Daha çox isə bu zaman qazana əti sümüklü-sümüklü qoyuruq. Birinci nüsxədə küftə turunc boydadırsa, dördüncü nüsxədə küftələrin böyük olması, üçüncü nüsxədə küftələrin bitoçki formasında olması tələb edilir.
İkinci nüsxədə küftənin içərisinə yumurta sarısının qoyulması, arzuman (Naxçıvan, Təbriz) küftəsinin hazırlanma fəlsəfəsi ilə uyğunluq təşkil edir.
Bu И.Березинин yazdıqları ilə də səslənir. И.Березин 1950 – ci ildə Azərbaycan mətbəxi ilə bağlı yazır:
“Küfte: bu ədviyyatlı iri qiymə yumruladılır ki, ortalarında yumurta yaxud ərik qurusu qoyulub yağlı işgənənin içərisində əla bişirilir”.
Dinariyyə (bitoçki T.Ə) nüsxəsində yumurtanın qızardılıb ətlə verilməsi “yumurtayla tava kabab”, “bifşteks yumurtayla”, “bitoçki yumurtayla” xörək nüsxələrinə çox uyğun gəlir. Fərq yalnız ondadır ki, biz indi yumurtanı tava kababın, bitoçkinin ya yanında tavada bişiririk, ya ətin üzərinə tökürük, dinariyyə küftəsində isə artıq suda bişmiş yumurta dairəvi kəsilib qızardılır.
Beləliklə, Nuş olsun!
Küftə haqqında dastan
Ədəbiyyat
1. Mirzə Ələkbər Sabir “Hophopnamə”, Bakı, “ Azərbaycan Dövlət Nəşriyyatı”, 1960, 494 səh.
2. “Önder Şenyapılı “Damakta kalan tatların akılda kalan adları”, İstanbul, “Öddü yayıncılık”, 2 basım, 2010, 556 səh.
3. Ahmed Cavid “Tercüme-i Kenzül - İştiha”, İstanbul, “Kitap yayınevi - 125”, I basım, Ekim 2006, 173 səh.
4. Forough Hekmat “The art of Persian cooking”, New York, “Hippocrene books”, 2005, 191 page.
5. By Maideh Mazda “İn a Persian kitchen”, USA, “Tuttle Publishing”, 1960, 175 page.
6. Muhammed ibn Mahmud Şirvani “15 Yüzyıl Osmanlı Mutfağı”, İstanbul, “Gökkubbe”, 2005, 355 səh.
7. “И. Березина “Путешествие по Дагестану и Закавказью”. Казань, 1850, 116 стр.
8. Nadir Mirzə “Karnamə”, MEA-nın Əlyazmalar İnstitutunun fondunda saxlanılan əlyazma. Farsca 1875 – 1883-cü illərdə yazılıb. 160 səh. (Rauf Şeyxzamanovun tərcüməsində).
9. Егошкин В.Е. «Кухня народов арабского Магриба». Москва, Во Агромиздать, 1989, 385 стр.
10. Priscilla Mary İşın “Osmanlı mutfağı sözlüğü”. İstanbul, Kitap yayınevi, 2010, 445 səh.
11. В.В. Похлебкин «Кулинарный словарь». Москва, “Центрополиграф”, 1996, 503 стр
12. Mahmud Qaşqari “Divani lüğəti – it - Türk” I, II,III, IV hissə, Ankara, Türk tarih kurumu basın evi, 1992.
13. Muhammed B.El- Hasan B.Muhammed El- Kerim “Kitabüt’ t –Tabih”, İstanbul, Kitap yayınevi, 2009, 176 səh
14. А. Дубовис «Армянская кухня». Москва. «Фолио», 2003, 464 стр
15. И.А. Авах «Магрибская кухня». Харьков, СП «Каравелла», 1996, 385 стр.
16. Reşat Genç “XI yüzyılda Türk mutfağı”, “Yemek kitabı” kitabında, İstanbul, Kitap yayın evi, 2003, səh. 3-17.
17. Лилияна Бисенич «Блюда Югославской Кухни». Загреб, Знание, 1986, 312 стр.
18. A. Sait Aykut “İştahlı ve meraklı seyyah İbn Battuta’ da qida bilgisi ve yemekler ”. “Yemek kitabı” kitabında. II baskı. İstanbul, Kitapevi, 2003, seh. 44-78.
19. “Mirzə Əli Möcüz əsərləri”, Bakı, “Yazıçı”, 1982, 350 səh.
20. Sami Zubaida “Ortadoğu yemek kültürlerinin ulusal, yerel ve küresel boyutları ”, “Ortadoğu mutfak kültürleri” kitabı, İstanbul, 2003, “Tarih vakfı yurt yayınları 104”, 2 baskı, səh. 35-43.
21. Лия Аветисян «Необычные семейные обеды или уроки армянского гостеприимства», СПб, «Невский проспект», 2005, 160 стр.
22. «Армянская кулинария», Госторгиздать, Москва, 1960, 207 стр.
23. Олга и Павел Сюткины, «Непридуманная история русской кухни», «Астрель», 512 стр.
24. «Армянская кулинария», Ереван «Айастан», 1985, 272 стр.
25. Berrin Torolsan “Hana bir çorba”, “Yemek kitabı” kitabı, İstanbul, kasım, 2003, “Kiatbevi”, səh. 35-43.
26. Sadık Ayhan İpek “Hatay mutfağının unutulan yemekleri ve bazı özellikleri”, “Yemek kitabı” kiatabı, İstanbul, 2003, “Kiatbevi”, səh. 690-697