PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
- 28-02-2025, 18:20
- ЭТНОПОЛИТИКА
- 0
- 232

Vidadi Mustafayev
8 esfənd 1403\26 fevral 2025-ci il tarixində İran İslam Respublikasının 12-ci çağırış İslam Şura Məclisinin plenar iclasında Məclisin Təhsil, tədqiqatlar və texnologiya Komissiyasının hazırladığı “Yerli və qövmi dillərin ədəbiyyatının ölkə məktəblərində tədrisi haqqında Əsas qanunun15-ci maddəsinin icrası layihəsi” müzakirəyə çxarılmış, sonrakı müzakirə üçün bütövlükdə qəbul edilməsi səsə qoyulmuşdur.
Layihə cəmi 6 bənddən ibarətdir.
Onun ikinci bəndində Maarif nazirliyinin vəzifəsinin yeni tədris ilindən( 1404\1405-2025\2026) lazımi hazırlıq görüb və qaydaları müəyyən edərək həftədə 2 saat və sərbəst\fakultativ olmaqla, 7-ci və 10-cu siniflərdə məhəlli dillərin ədəbiyyatının tədrisinin həyata keçirilməsi olduğu göstərilir.Digər bəndlərdə dərslik,dillərin müəyyən edilməsi, müəllim hazırlığı, icra mexanizmi\nizamnaməsi və s. məsələlər öz əksini tapmışdır.
Müzakirələrdə əvvəlcə Məclisin adı çəkilən Komissiyasının sözçüsü Ehsan Əzimzad layihənin tqdimatı ilə çıxış edərək, onunƏsas qanunun 15-ci maddəsi çərçivəsində hazırlandığını və həmin maddənin tələbinə uyğun olduğunu, milli birliyin möhkəmləndirilməsi, ədalətin , o cümlədən təhsil sahəsində, bərqərar olması istiqamətində hərəkət etməyə yardım edəcəyini vurğulamışdır.
Sonra prosedur qaydasına uyğun olaraq layihənin əleyhinə və lehinə çıxışlar olmuşdur.
Layihə əleyhinə birinci çıxış edən Şimali Xorasan vilayətindən deputat İranda çoxsaylı etnosların olduğunu, onlardan bəzilərinin separatizm istiqamətində fəaliyyət göstərdiyini bəhanə edərək, layihənin qəbulunu hazırki şəraitdə məsləhət bimədiyini, həmin məsələnin parlamentdə nüzakirəyə qoyulmasına qarşı çıxdığını bəyan etmişdir. O həmçinin ölkənin təhsil sisteminin layihənin icrasına hazır olmadığını, büdcə ayrılmadığını vurğulayaraq böyük narazılıqlar olan hazırki şəraitdə qəbul edilmsini məsləhət bilməmişdir.
Layihənin lehinə çıxış edən birinci deputat ana dilinin ədəbiyyatının tədrisinin xalqlar arsında milli birliyin güclənməsinə xidmət edəcəyini qeyd edərək, ana dilinin insanın dünyanı bütün rəngarəngliyi ilə dərk etmək, eləcə də nəsillər arasında bağların yaradılması sahəsində əvəzssiz vasitə olduğunu diqqətə çatdırmışdır.
Layihənin əleyhinə danışan digər deputat hazırda təlim-tərbiyə məsələsinin prioritet olmadığını,layihənin qəbulunun rəsmi dil olan f a r s d i l i n i n zəifləməsinə səbəb olacağını, təhlükəsizlik üçün, etnoslar rasında problemlər yaradacığını və digər qondarma cəhətləri vurğulamışdır.
Layihənin lehinə danışan digər deputat həmin məsələnin 40 ildən çox bir zaman kəsiyində həll edilmədiyini,təqdim edilən layihənin milli təhlükəsizliyi gücləndirəcəyini , milli və etnik mədəniyyətlərin və kimliklərin qorunması və inkişafına xidmət edəcəyini diqqətə çatdırıb.
Layihənin əleyhinə danışan Tehrandan deputat M.Kiçikzadə yerli və etnik dillərin məktəblərdə tədrisinin Əsas qanunun 15-ci maddəsinə zidd olduğunu, layihənin icrasının hökumətin vəzifəsi olduğunu qeyd etməyin əsassız olduğunu və digər saxta iradlarını bəyan etmişdir.
Spiker M.B. Qalibaf ona cavab olaraq yerli dillərin ədəbiyytının tədrisinin Əsas qanunun 15-ci maddəsinə zidd olmadığını Kiçikzadənin diqqətinə çatdırmışdır.
Layihənin lehinə çıxış edən Məclisin Rəyasət heyətinin üzvü, Təbrizdən deputat Ruhulla Mütəfəkkir Azad əvvəlcə İran cəmiyyətinin “qövmlər”, “qövmiyyətlər” və mədəniyyətlərdən ibarət olduğunu yada salıb,”əqvam”ın təhlükəsizlik üçün təhdid olmadığını, Rəhbərin dediklərinə istinad edərək, vurğulamış, cəmi iki saat fakultativ bir dərsin təhlüksizlik üçün təhdid yaratdığı fikri rədd edərək, yada salmışdı ki, belə təfəkkür Pəhləvi dövrü üçün xarakterik idi.
Parlamentin iclası haqqında icmalından istifadə edilən “tabnak.ir” saytında axırıncı və layihənin lehinə çıxış edən deputat kimi Məclisin “Təhsil,tədqiqatlar və texnolgiya komissiyası”nın sədri və həmin layihənin təşəbbüskarı, Təbrizdən deputat Əlirza Monadi Səfidanın adını qeyd etmişdir. O, hökumət nümayəndəsinin layihənin əleyhinə çıxış etməsini Əsas qanuna hörmətsizlik adlandırmışdır.O, prezidentin seçki kampaniyasında 15-ci maddənin icra olunacağını vəd etməsini, Rəhbərin şəhidin həyat yoldaşına uşaqlarına ana dilini öyrətməıyi tövsiyyə etdiyini yada salmışdır.
Deməli, müzakirədə hökumətin nümayəndəsi də iştirak etmiş və layihənin əleyhinə çıxış etmişdir, amma nədənsə saytda bu barədə məlumat verilməmişdir. Ona görə biz digər saytlara nəzər salıb həmin çıxışla “mizanonline.ir” saytı vasitəsi ilə tanış ola bildik.
Hökumətin nümayındəsi Seyid Kazım Dilxoş Əbatəri 15-ci maddənin özündə problemlər oduğunu,layihənin Əsas qanunun 15-ci və 75-ci maddəsinə , Rəhbərlik qanunvericiliyinə(?), təhsil sistemi sahəsində əsas instansiya olan Ali Mədəni İnqilab Şurasının varlığına zidd olduğunu və digər iradalar, bildirdi.
Sonra layihə səsə qoyularaq bütövlükdə iclasda iştirak edən deputatdan 104-nün lehinə,5-nin bitərəf qalması və 130-nun əleyhinə səs verməsi ilə qəbul olunmadı.
Burada diqqəti çəkən əsas məqam hökumət nümayəndəsinin prezidentin vədi və əməldə göstərmək istədiyi mövqeyin əksinə hərəkət etməsi idi.
Hökumət nümayəndəsinin mövqeyinə ilk münasibət bildirənŞərqi Azərbaycandan olan deputat qrupunun başçısı,Əlirza Nəvin belə mövqeyə görə təəssüfləndiyin bildirmiş və əlavə etmişdirki,15-ci maddəyə təhlükəsizlik baxımından yanaşmağa,Fars dili və Ədəbiyyatı Akademiyası və Ali Mədəni İnqilab Şurasına məsələni öz inhisarına alaraq milyonlarla iranlının haqqını tapdalamağa icazə verilməməlidir.O, R.Mütəfəkkir Azad və Ə.M. Səfidana təşəkkür edərək qeyd etmişdir: biz var gücümüzlə səsimizi ycaltdıq,lakin hökumət və məclis eşitmədi.
Hökumət həmin səsi elə həmin gün eşitdi.Belə ki, prezidentin parlament işləri üzrə müavini Şəhram Dəbiri özünün teleqram kanalnda “Hökumət ana dilinin məktəblərdə tədrisinə razıdır” başlığı altında status paylaşmıdır.Prezidentin müavini hökumət nümayəndəsinin hökumətlə razılaşdırılmadan çıxış etdiyini və öz şəxsi mövqeyini bildirdiyini qeyd edib.Ş.Dəbiri həmçinin hökumətin məclisə yeni layihə təqdim etməyə hazır olduğunu bəyan edərək, deputatları həmin layihəni dəstəkləməyə çağırıb.
Burada prezident M.Pezeşkiyanın Milli vəfağ(Milli konsensus) şüarını tənqid edənlərin bir vacib iradı özünü doğrultmuş olur.Belə ki onlar prezidentin mümkün ola bilməyən milli vəfağ xatirinə mühüm vəzifələri bütün cinahların nümayəndələrinə təqdim etdiyini və belə siyasətin onun komandası daxilində vəfağın\konsesun və vahid hərkət xəttinin olacağına böyük şübhələr yaratdığnı qeyd edirlər.Onlar prezidentin siyasıtinə elə onun komandası deaxilindən müqavimət olacağını diqqətə çatdırırlar.Əgər prezidentin müavininin dediklərinə inansaq, deməli, hökumətdə yuva salan panfarsist, fars şovinisti var gücü ilə digər xalqların ana dilinə qarşı mübarizəni, prezidentin kursunun ziddinə olaraq, hökumət adından davam etdirmişdir.
Əgər prezident komandası həmin məsələdə yeni təşəbbüslə çıxış etsə, onda demək olar ki, qeyd edilən mövqe doğrudan da hökumətin yox, orada yuva salmış bir millətçinin mövqeyi idi.
Gözləyək, Tez bir zamanda məsələyə aydınlıq gələcək.27 fevral 2025