Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
- 29-09-2025, 20:00
- ЭТНОПОЛИТИКА
- 0
- 425
Kərimova Nurəngiz Əli
Azərbaycan Respublikası, Bakı Slavyan
Universiteti,Regionşünaslıq kafedrası,müəllim
nurangiz.kerimli@mail.ru ORCID İD 0000-0002-8792-2299
Açar sözlər: multikulturalizm, Yuqoslaviya, tolerantlıq, Azərbaycan modeli, “əritmə qazanı”, miqrasiya.
Keywords: multiculturalism, Yugoslavia, tolerance, the Azerbaijani model, "melting pot", migration.
“Multikulturalizm” termini ilk dəfə 1957-ci ildə İsveçrədə istifadə edilmişdir. Məlum olduğu kimi İsveçrə dörd dilin danışıldığı və müxtəlif dinlərin etiqad etdiyi bir ölkədir və öz ölkələrinin həyat tərzini, ideolojı təməlini və hədəflərini xarakterizə etmək üçün isveçrəlilər məhz "multikulturalizm" terminini təqdim ediblər. Hərfi mənada multikulturalzm “çoxmədəniyyətlilik” deməkdir. Yəni, multikulturalizm konkret ölkədə və bütövlükdə dünyada mədəni fərqliliklərin qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasətdir və belə bir siyasətə haqq qazandıran, onu hüquqi cəhətdən əsaslandıran nəzəriyyə və ya ideologiyadır. Multikuturalizm siyasəti ilk növbədə insan hüquqları ilə bağlı bir siyasətdir, çünki hər bir inkişaf etmiş ölkənin qanunvericiliyində qeyd edilir ki “ milliyyətindən, dinindən və irqindən asılı olmayaraq hər bir insan, vətəndaş eyni hüquqlara malikdir”. [1,17] Eyni zamanda, “multikulturalizm” məfhumu birmənalı məfhum deyil, onun bir çox müxtəlif aspektləri mövcuddur. Belə ki, müasir dövrdə dünya siyasətində multikulturalizm siyasətinə qarşı müxtəlif konsepsiyalar da qoyulur. Həmin konsepsiyalardan biri “əritmə qazanı” konsepsiyasıdır. İlk baxışdan oxşar görünən bu iki konsepsiya ( multikulturalizm və “əritmə qazanı”) mahiyyətcə bir birindən çox fərqlənir. Multikulturalizm bütün milli mədəniyyətlərin bərabər inkişafını nəzərə tutduğu halda, “əritmə qazanı” konsepsiyası bütün mədəniyyətləri birləşdirməsini nəzərdə tutur. Burada misal olaraq, müxtəlif mədəniyyətlərə bütöv, vahid “mozaikanın hissələri” kimi yanaşmanı inkişaf etdirən Kanadanı və ənənəvi olaraq “əritmə qazanı” konsepsiyasını elan edən, lakin sonra “salat qabı” konsepsiyasını siyasi baxımdan daha düzgün hesab edən ABŞ-ı göstərmək olar. [5, 71]
Multikulturalizm tolerantlıq və dözümlülüyün aspektlərindən biridir ki, bu da milli mədəniyyətlərin ümumbəşəri mədəniyyətin əsas axınına qarşılıqlı nüfuzu, zənginləşməsi və inkişafı məqsədilə paralel mövcudluğunun tələbindən ibarətdir. Multikulturalizm ideyası əsasən iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələri tərəfindən irəli sürülüb, çünki burada immiqrantların əhəmiyyətli axını müşahidə olunur. Müasir Avropada multikulturalizm, ilk növbədə, “üçüncü dünya” ölkələrindən olan mühacirlərin mədəniyyətlərinin elementlərinin öz mədəni sahəsinə daxil edilməsini nəzərdə tutur.
Beləliklə, multikulturalizm siyasəti üç prinsipə əsaslanır:
– dövlət tərəfindən mədəni plüralizmin vətəndaş cəmiyyətinin ən mühüm xüsusiyyəti kimi tanınması;
– marginal mədəni qrupların sosiallaşmasının qarşısını alan maneələrin aradan qaldırılması;
– müxtəlif mədəniyyətlərin zənginləşməsinə və inkişafına dəstək.
Qeyd edilən prinsiplər BMT sənədlərinə (1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi; 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya; Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya; Mülki və Siyasi Hüquqların Ləğv Edilməsi haqqında Bəyannamə) əsaslanır, həmçinin “Dinə və ya inanca görə dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarına qarşı, 1981”; “Şəxslərin, Milli, Etnik, Dini və Dil Azlıqların Hüquqları Bəyannaməsi, 1992; YUNESKO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsi (2001) (Əlavə 1-3) kimi sənədlərdə qeyd edilir. [2, 37]
Multikulturalizm konkret ölkədə və bütövlükdə dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə və uyğunlaşdırılmasına, az saylı xalqların yaşadığı dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəlmişdir. Multikulturalizm modeli mədəni xüsusiyyətlərini və həyat tərzini rəsmi şəkildə ifadə etmək, qorumaq və inkişaf etdirmək hüququna malik olan müxtəlif etno-mədəni icmaların bir dövlətin sərhədləri daxilində dinc yanaşı yaşamasını nəzərdə tutur. Multikulturalizm mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun zəruri alətidir. Multikultural və tolerant dəyərlər universal xarakter daşıyır. Bəzi dövlətlərin istər tarixi keçmişdə, istərsə də müasir dövrdə digər etnik qrupların və mühacirlərin assimilyasiyasına, onların fiziki və ya mənəvi məhvinə yönəlmiş fəaliyyəti bu gün artıq dövlət siyasətinin ənənəsinə çevrilib. Bu cür siyasət yolverilməzdir və təbii ki, multikulturalizm prinsiplərinə, insan hüquqlarına ziddir.
Onu da qeyd etmək lazımdır ki, hal-hazırda multikulturalizmin bir sıra müxtəlif modelləri mövcuddur - ABŞ, İsveç, Avstraliya, Kanada modelləri. Eyni zamanda, hər çoxmillətli ölkəni multikultural dövlət adlandırmaq düzgün olmazdı. Məsələn, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya kimi ölkələrdə ən müxtəlif xalqların, millətlərin nümayəndələri yaşayır. Lakin, adları çəkilən ölkələrdə əksər hallarda milli azlıqların hüquqları pozulur və milli məsələ ilə bağlı daxili siyasət assimilyasiyaya yönəldilir. Belə hallar dünya ictimaiyyətinin nəzərindən qaçmır və bir qayda olaraq pislənir.
Ümumiyyətlə, XX əsrin- XXI əsrin əvvəli dövründə bütün dünyada qlobal dəyişikliklər müşahidə olunur. XX əsrdə baş verən nəhəng tarixi və siyasi sarsıntı- iki dünya müharibəsi, təbii ki Avropa ölkələrində dərin, faciəvi iz qoymuşdu, daha sonra miqrasiya dalğaları, yeni dövlətlərin meydana gəlməsi, SSRİnin dağılması və baçqa qlobal dəyişikliklər multikultural yanaşmanın inkişafına, və yeni humanist prinsiplərin formalaşmasına gətirib çıxarmşdı. Bu baxımdan multikultural modellərin təhlili xüsusi maraq kəsb edir. Artıq qeyd edildiyi kimi, müasir dünyada multikulturalizmin bir neçə fərqli modelləri mövcuddur. Burada heç bir ziddiyyət yoxdur, həmin model hər bir ölkənin tarixi, siyasi, mədəni, dini ənənələrinə və digər amillərə uyğun olaraq formalaşır. Məsələn, ABŞ, İsveç, Avstraliya, Kanada multikulturalizm modellərinin hər birinin özünəməxsus cəhətləri var. Lakin Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modeli dünyanın bir çox mütərəqqi ölkələri tərəfindən bəyənilib və ən məqbul model kimi həyata keçirilib. Azərbaycan modeli tarixi köklərə malik olduğundan daha davamlıdır. Yuta və Oreqon ştatlarının (ABŞ) Senatı və Nümayəndələr Palatasının Azərbaycan tolerantlıq modelini təsdiq edən bəyannamələrin qəbul edilməsi bunu əyani şəkildə sübut edir. Bu sözsüz ki Azərbaycan Respublikasında aparılan daxili və xarici siyasətin böyük təntənəsidir və bu gün multikulturalizmin alternativi yoxdur. Ölkəmizin mənəvi dəyərlər baxımından bu sahədə aparıcı mövqe tutması və dünya xalqları tərəfindən əvəzsiz örnək kimi qəbul edilməsi ilə Azərbaycan vətəndaşlarının fəxr etməyə sözsüz ki haqqı var.
Müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan uzun əsrlərdir ki, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və firavanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı region kimi şöhrət qazanmışdır.
Tarixən azərbaycanlıların həyat tərzinə xas olan multikulturalizm və tolerantlıq bu gün milliyyətindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz xüsusiyyətlərinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişini təkcə xalqımızın bugünkü tolerant həyat tərzi deyil, həm də bu xalqın yaratdığı ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi mənbələr və sənədlər sübut edir. Belə ki, ən qədim dövrlərdən bəri, Azərbaycan dövləti başqa xalqlara qarşı ədavət və təcavüz siyasəti aparmayıb, bu da əslində unikal tarixi fenomendir. Daha bir xüsusiyyət- Azərbaycan ərazisində ən fərqli xalqlar yaşayır və onlar köklü əhalidir. Yəni, burada zorla assimilyasiya olunmasına və miqrantları zorakılıqla yerli həyat tərzinə cəlb etməyə ehtiyac olmayıb. Bunla bağlı bir maraqlı, unikal fakt da qeyd edilməlidir. Məlumdur ki, Azərbaycan xalqı tarixən İslam dininə etiqad edib. Lakin, Rusiya imperiyasından köçürülən, xristian dininin digər qollarına etiqad edən ruslar vətənlərində təqiblərə məruz qalaraq, məhz müsəlman ölkəsi olan Azərbaycana pənah gətirib və onların nəsli indi də Azərbaycanı öz vətəni hesab edirlər. Yəni, Azərbaycanda bütün xalqlar və dini icmalar dinc yanaşı yaşayıb və bir birinin mədəni ənənələrindən bəhrələnib. Azərbaycanın təqdim etdiyi multikultural model müxtəlif xalqların və dini konfessiyaların qonşuluq və dostluq şəraitində birgə yaşaması və birgə fəaliyyətinin modelidir. [3, 18]
Müasir dövrdə multikulturalizm bəşəriyyəti siyasi gərginlikdən xilas edə biləcək mühüm və alternativsiz vasitədir. Azərbaycanın bölgələrində məsçidlərlə yanaşı xristian kilsələri, yahudi məbədləri, udin və ingiloy icmalarının öz dini mərkəzləri mövcuddur. Bu baxımdan multikulturalizmin müasir dövrün reallığı kimi, xüsusən də multikulturalizm prinsiplərinin cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi Azərbaycan modelinin alim və tədqiqatçıları tərəfindən hərtərəfli öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Avropada multikulturalizm ənənələrindən danışarkən, keçmiş Yuqoslaviya (Yuqoslaviya Sosialist Federativ Respublikası) modeli diqqəti cəlb edir. Balkan yarımadasına Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Kosovo, Şimali Makedoniya, Rumıniya (qismən), Serbiya, Sloveniya (qismən), Türkiyə (qismən) və Monteneqro ( Çernoqoriya) kimi ölkələr daxildir. Coğrafi təriflə yanaşı, mədəni, tarixi və siyasi region kimi həmçinin “Balkan ölkələri” anlayışı mövcuddur ki, bura ilk növbədə keçmiş Yuqoslaviya, Albaniya və oxşar mədəni-tarixi xüsusiyyətləri ilə birləşmiş bir neçə dövlət daxildir. Adları çəkilən ölkələrin tarixi və etnik xüsusiyyətlərini nəzərə almaqla yanaşı, burada kənardan göstərilən etnik, mədəni və siyasi təsir mütləq nəzərə alınmalıdır. Belə ki, Balkan ölkələrində multikulturalizm Osmanlı dövlətinin və Avstriya-Macarıstan hakimiyyətinin güclü təsiri ilə şərtlənirdi. Bu ərazidə yerləşən və vaxtıkən Yuqoslaviya Federativ Respublikaının tərkibinə daxil olan ölkələrin əhalisi slavyan mənşəlidir və xristian dininə eitqad edir. Eyni zamanda, Osmanlı dövləti bu ərazini XVI əsrdə öz nəzarəti altına götürəndə, təbii ki, ziddiyətlər meydana gəlirdi. Digər tərəfdən, Osmanlı dövləti heç vaxt tərkibində olan xalqları zorla İslam dininə çevirmək cəhdləri göstərməyib və xristian əhalisi arasında türklərin məşhur Aya Sofiya məbədinin qorunub saxlanılması, digər xristian məbədlərinə göstərdiyi ehtiram təbii ki, türklərin bu yerlərdə müsbət imicin formalaşmasına ciddi təsir göstərmişdi. [5, 91]
Balkan bölgəsinin tarixindən söhbət açarkən Avstriya- Macarıstan imperiyasının təsiri həmçinin mütləq nəzərə alınmalıdır. Avstriya-Macarıstan 1867-ci ildən 1918-ci ilə qədər mövcud olmuşdur. Bu ölkə Avstriya ilə Macarıstan arasında müqavilə əsasında yaradılmış ikili monarxiya idi və onun mövcudluğu I Dünya Müharibəsində məğlubiyyətdən sonra imperiyanın dağılmasına qədər davam etdi. Yuqoslaviya müstəqil ölkə kimi həmin dövrdə, yəni 1918-ci ildə yaranmışdı. Yəni, Balkan bölgəsi burada çoxsaylı etno-dini qrupların tarixən birgə yaşaması ilə xarakterizə olunur ki, bu da etnik müxtəlifliyin köklü olması və vahid milli kimliyin qurulmasında çətinliklərin yaranmasına gətirib çıxarırdı. Multikulturalizmin dövlət siyasəti olduğu Kanadadan fərqli olaraq, Balkan bölgəsində multikulturalizm daha çox tarixi-siyasi hadisədir və əksər hallarda etnik münaqişələr dinc yanaşı yaşamaq məqsədindən, cəhdlərindən daha çox siyasi üstünlük uğrunda mübarizə ilə xarakterizə olunur.
Balkan regionunda qeyri-sabit geosiyasi vəziyyəti ölkəni əhatə edən və heç şübhəsiz, onu müəyyən dərəcədə idarə edən və formalaşdıran müxtəlif təsirlərlə əlaqələndirmək məntiqi görünür. Yuqoslaviyanın dağılması və II Dünya müharibəsindən sonrakı keçid dövrü ilə ölkə aydın olmayan siyasi vəziyyətlə üzləşmişdi. Yuqoslaviyada yaşayan bütün xalqları arasında tolerantlığın və birliyin daha geniş, kollektiv şəkildə dərk edilməsini və həyata keçirilməsini müdafiə edən İosip Broz Titonun ölümündən sonra etnik gərginlik Balkan torpaqlarında yenidən üzə çıxdı.
Getdikcə artan daxili dözümsüzlük, ksenofobiyanın qızışdırılması, millətçiliyin təbliği və nəhayət, qardaş slavyan xalqları arasında nifrətin qızışdırılması Slobodan Miloşeviç, Aliya İzzetbeqoviç və Franyo Tucmanın hakimiyyəti dövründə daha da gücləndi. Yuqoslaviya daxildən dağıldı, lakin vəziyyətin inkişafını mənfi məcraya yönəldilməsinə həmçinin xarici amillərin güclü təsiri olmuşdu.
Yüksək səviyyəli mütəşəkkil multikultural hökumət sisteminin dağılması ilə keçmiş Yuqoslaviyanın ərazisində müstəqil Serbiya, Monteneqro ( Çernoqoriya), Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya və Şimali Makedoniya dövlətləri yaradıldı. Sadalalan ölkələrin hər biri öz müstəqilliyini əldə etdi, buna baxmayaraq, bu regionda etnik gərginliklər bu gün də davam edir. Bunun bir sıra obyektiv səbəbləri də mövcuddur. Belə ki, sadalanan ölkələrin hər biri müstəqilliyə can atdığı üçün və hər birinin əhalisi əksər hallarda eyni etnosa mənsub olduğuna və oxşar (sırf slavyan) mədəniyyət yaratdığına görə, bir çox hallarda üstünlük əldə etməyə çalışır və nəticədə münaqişə durumu aradan götürülmür.
Müasir tarixçilər və politoloqlar bir çox hallarda Balkan regionunu “Avropaya qoyulmuş, basdırılmış mina” adlandırırlar. Burada həqiqət var. Milli məsələ hər bir çoxmillətli ölkənin daim “incə yeri” olub və hətta ən möhtəşəm ölkələrin dağılması belə məhz milli məsələnin qaldırılmasından başlamışdı. (Misal olaraq SSRİni gətirmək olar). Bu səbəbdən Balkan regionunda multikultural dəyərlərin təsdiq edilməsi və inkişafı bütün Avropa üçün çox əhəmiyyətlidir. Balkan ölkələrində hər bir cüzi “qığılcım” son dərəcə ciddi siyasi fəsadlar törədə bilər. (Xatırladaq ki, I Dünya müharibəsi həmçinin bu ərazidə, Avstriya- Macarıstan taxt-tacının varisi Frans-Ferdinandın 28 iyul 1914-cü ildə qətlə yetirilməsi ilə başlamışdı). Yəni, keçmiş Yuqoslaviyada zahirən nə qədər sabit və gözəl görünsədə, burada siyasi “partlayış” təhlükəsi daim mövcuddur. Buna görə, multikultural dəyərlər, tolerantlıq və bütün xalqların bərabər hüquqlara malik olması artıq dövlət tərəfindən qanunvericilik səviyyəsində təsdiq edilməlidir. Bu baxımdan Azərbaycan Respublikası bir çox ölkələr üçün örnək ola bilər.
Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu yaşayıb və bu torpaqda nə milli, nə dini zəmində ciddi qarşıdurma qeyd edilməmişdi. Azsaylı xalqların nümayəndələrinin hüquqları Azərbaycanda dövlət tərəfindən qorunur və bütün xalqlar bərabər hüquqlara malikdir. Bundan əlavə, Azərbaycanda bütün xalqların məhz mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilir. Azsaylı xalqlar Azərbaycan Respublikasının müxtəlif ərazilərində yaşayır. Qəbələdə Udinlər, şimal zonada ləzgilər, İsmayıllı və Gədəbəy rayonunda çoxsaylı rus kəndləri, Qubada dağ yahudilərinin mərkəzi olan Qırmızı qəsəbə, Qax, Zaqatala, Balakən rayonunda yaşayan xalqların, cənubda talış xalqının mədəni irsi dövlət səviyyəsində qorunur, müdafiə olunur və azsaylı xalqların mədəni inkişafı üçün hər cür şərait yaranır. Milli və dini ayrıseçkilik Azərbaycanda artıq dövlət tərəfindən hüquqi müstəvidə qadağan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq sənədlər imzalanıb və Milli Məclis tərəfindən həmçinin multikulturalizmlə bağlı əhəmiyyətli qərarlar qəbul olunub. Göründüyü kimi, Azərbaycan Respublikasında multikulturalizm, multikultural dəyərlərin qorunması artıq dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. [4, 47]
Artıq qeyd edildiyi kimi, Balkan regionu özünün uzun tarixi və son dərəcə mürəkkəb münasibətləri ilə tanınır. Yuqoslaviya Federativ Respublikası dağıldıqdan sonra və onun ərazisində yeni dövlətlər yaranandan sonra həmin dövlətlərin ərazisi o qədər böyük olmamasına baxmayaraq, onların hər birinin etnik tərkibi yenədə eyni deyildi. Məsələn, Serbiya Balkan yarımadasında etnik cəhətdən fərqli olan ölkələrdən biridir. 2022-ci il siyahıya alınmasına görə, Serbiyada milli azlıqlar da yaşayır (bolqarlar, vulaxlar, goranilər, makedonlar, almanlar, rumınlar, rusinlar, ruslar, ukraynalılar, monteneqrolular, albanlar, xorvatlar.) Keçmiş Yuqoslaviya ərazısındə yerləşən bütün ölkələrdə müsəlmanlar yaşayır, onların arasında İslamı qəbul etmiş slavyan mənşəli şəxslər də az deyil. Bu amil həmçinin multikulturalizm məsələsinə daha incə yanaşma tələb edir və ölkənin daxili siyasətində mütləq nəzərə alınmalıdır.
Daha bir maraqlı və ciddi amil - Yuqoslaviya dağılandan sonra yaranmış ölkələrdə vətəndaşlığını elan etməyi seçənlərin 27 min nəfəri özünü “yuqoslav” hesab edir. Bundan əlavə, bu regionda slavyan olmayan macarlar, daim miqrasiyada olan qaraçılar da yaşayır. Qeyd edilən etnik müxtəliflik Kosovoda, Bosniya müsəlmanları ilə baş verən hadisələrədə ciddi təsir göstərmişdi. [5, 126]
Politoloqların fikrincə, xalqlar arasında dözümsüzlük müxtəlif siyasi dairələr tərəfindən süni şəkildə yayılır. “Nifrət düstürü” Yuqoslaviyanı məhv etmək məqsədi ilə yaradılmışdı və həmin təxribat fəaliyyəti bu günə qədər davam edir və qarşılıqlı münaqişələr, təəssüf ki, getdikcə daha tez-tez baş verir. Məsələn, Kosovonun statusu ilə bağlı mübahisə təkcə milli səviyyədə deyil, getdikcə daha çox beynəlxalq səviyyədə fikir ayrılığına səbəb olub. Bosniya və Herseqovinanın tərkibindəki mühüm bir qurum olan Serb seqmenti həmçinin Serb xalqının geosiyasi mövqeyinə öz mənfi təsirini göstərir. Serbiya Respublikasının əhalisi əsasən serblərdən ibarət olsa da, Bosniya və Herseqovinada bu ölkənin potensial parçalanması ilə bağlı ciddi narahatlıqlar var, çünki burada yaranan vəziyyət həmçinin daimi münaqişə mənbəyidir.
Müxtəlif tarixi dövrlərdə Yuqoslaviyanın şimal bölgəsi getdikcə etnik cəhətdən zənginləşirdi və bu gün də burada serblərlə yanaşı, xorvatlar, macarlar, slovaklar və başqa da xalqların nümayəndələri yaşayır. Balkan regionunda dil amili də çox təsirli amillərdən biridir. Yuqoslaviyada rəsmi dil serb-xorvat dili idi və fərqli xalqlardan olan əhali bir-birini leksik səviyyədə başa düşsədə, hər xalq öz dilini inkişaf etdirmək istəyirdi. Bundan əlavə, hal-hazırda keçmiş Yuqoslaviyanın tərkibində olan ölkələrdə bir adam yoxdur ki, qonşu ölkələrn birində onu qohumu və ya yaxın dostu olmasun.
Balkan bölgəsində multikulturalizm ikili xarakter daşıyır. Yəni, burada bir tərəfdən dinc müxtəliflik, digər tərəfdən münaqişələrə səbəb olan mürəkkəb etno-konfessional problemlər müşahidə olunur. Balkan bölgəsindəki Bosniya və Herseqovina, Kosovo və Şimali Makedoniya kimi ölkələrdə etnik və mədəni fərqliliklər çox vaxt həm gərginlik, həm də mədəni zənginləşmə mənbəyi olan çoxmillətli əhali yaşayır. Bəzi Balkan ölkələri multikultural modelləri təşviq etməyə cəhd göstərsələr də, güclü millətçilik meylləri və tarixi qütbləşmə çox vaxt multikulturalizmin effektiv siyasət kimi tam qəbul edilməsinə mane olur.
Balkanlar əsrlər boyu sivilizasiyaların kəsişmə nöqtəsi olub və nəticədə müxtəlif mədəniyyətlərin və dinlərin müxtəlif dərəcələrdə birgə mövcud olduğu mürəkkəb “mozaika” cəmiyyəti yaranıb. Osmanlı və Avstriya-Macarıstan imperiyalarının uzun sürən hakimiyyəti etnik və dini müxtəlifliyə töhfə verməklə yanaşı, gələcək qarşıdurmalara da zəmin yaradaraq dərin iz buraxıb. Yuqoslaviyada formalaşan multikulturalizm modelini Azərbaycan modeli ilə müqayisəsi Azərbaycan modelinin tam formalaşmış və bir çox aspektlərdə digər dünya modellərindən üstün olması tam aydınlıqla üzə çıxır. Bunun bir sıra obyektiv səbəbləri var. Azərbaycan qədim tarixi yol keçdiyi üçün, burada multikultural dəyərlər, multikulturalizm modeli uzun təkamül yolu keçib və bu model təkmilləşib. Bundan başqa, Azərbaycan sovet dönəmində də çoxmillətli respublika olub və burada xalqlar arasında özünəməxsus münasibətlər forması yaranmışdı. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Ulu Öndər Heydər Əliyev və onun siyasətinin davamçısı İlham Əliyev milli məsələyə və ölkədə multikulturalizmin inkişafına daim diqqət göstərib və son onilliklər ərzində böyük nailiyyətlər əldə olunub. Keçmiş Yuqoslaviya Federativ Respublikasına gəldikdə isə, bu bölgədə həm milli, həm dini müxtəliflik daim mövcud olub. Lakin, vaxtıkən Yuqoslaviyanın tərkibinə daxil olan ölkələr daha böyük müstəqillik əldə etmək istədiyinə görə, burada multikulturalizmin hansı modelinin qurulması və həmin modelin nə vaxt və hansı siyasi amillərin təsiri ilə qurulması hələ tam aydın deyil.
Şübhəsiz ki, Balkan bölgəsində multikulturalizm modeli hələ formalaşmaqdadır və burada gələcəkdə qəbul edilə bilən model ümum-Avropa proseslərinə öz təsirini göstərəcək.
XÜLASƏ
Məqalədə multikulturalizm məfhumunun mahiyyəti açıqlanır və multikulturalizmin iki modeli – Azərbaycan və Yuqoslaviya- modeli müqayisə olunur. Azərbaycanda multikulturalzmin kökləri və tarixi, onu şərtələndirən amillər göstərilir və qeyd edilir ki, Azərbaycanda ölkə daxilində heç vaxt başqa xalqlara təcavüz yaxud dini, milli dözümsüzlük halları müşahidə olunmayıb. Müstəqil Azərbaycanda multikultural və tolerant cəmiyyətin qurulmasında dövlət başçılarının fəaliyyəti və rolu həmçinin açıqlanır və qeyd edilir ki, Azərbaycanda qurulmuş multikulturalizm modeli dünya miqyasında ən müsbət model hesab olunur. Keçmiş Yuqoslaviya (Yuqoslaviya Sosialist Federatıv Respublikası) öz multikulturalizm modelini formalaşdırır və bu ölkə dağılandan sonra onun ərazisində bir sıra yeni dövlətlərin yaranması bu məsələni kifayət qədər çətinləşdirir.
SUMMARY
İn article the essence of multiculturalism is explained, multiculturalism models - Azerbaijani and Yugoslaviya- are compared. The roots, history of multiculturalism in Azerbaijan are shown, it’s noted that in Azerbaijan religious or national intolerance was never observed. The role of heads of state in establishment of multicultural and tolerant society in independent Azerbaijan is explained, it is noted that Azerbaijani multiculturalism model is considered as most positive model in the world. The former Yugoslavia is forming its own multiculturalism model and the emergence of new states on its territory after the collapse of this country complicates this process.
ƏDƏBİYYAT SİYAHISI
1. Heydər Əliyev. “Müstəqillik yolu”. Seçilmiş fikirlər. Bakı, 1997, 136 s.
2. Həsənov A. Müasir şəraitdə Azərbaycanda dini-mənəvi dəyərlərin inkişaf xüsusiyyətləri. (Monoqrafiya).Bakı, NurArt, 2014, 143 s.
3. Multikulturalizm Azərbaycanın həyat tərzidir (Metodik tövsiyələr)) Bakı, 2016,59 s.
4. Литературные силуэты Азербайджана. Баку. «Мутарджим», 2020, 192 с.
5. Назаров В. Л. Теория и практика мультикультурализма в странах Запада Учебное пособие. Екатеринбург. Издательство Уральского университета 2015.
Bakı Slavyan Universiteti
II BEYNƏLXALQ BALKANŞÜNASLIQ KONFRANSI
Bakı şəhəri 26 sentyabr 2025-ci il















