Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
- Bu gün, 13:34
- ЭТНОПОЛИТИКА
- 0
- 108
foto: google
Dr.Səməd Bayramzadə
Balaca qara balığ”ın yaradıcısı Səməd Behrəngi bütün varlığını, şüurlu və çox qısa həyatını, fəaliyyət və yaradıcılığını bütünlüklə Azərbaycan xalqının milli varlığı və mədəniyyətinin qorunması, onun inkişafı uğrunda mübarizəyə həsr etmişdir. Behrəngi haqqında deyilən bu fikri ardıcıllıqla ardıcıllıqla belə şərh etmək olar.
O, 23 iyun 1939-cu il tarixində Təbrizdə doğulub və məktəb yaşı təqribən Pişəvəri hərəkatının məğlubiyyətindən sonrakı illərə təsadüf edir. Bu o illər idi ki, Azərbaycanda Milli Hökumət zamanı (1945-1946) kənd və şəhərlərdə yaradılmış 2500-ə yaxın ibtidai və orta məktəb, 3800-ə qədər savadsızlığı ləğvetmə kursları, Təbriz Universiteti, onların Azərbaycan dilində tədris fəaliyyəti dayandırıldı, ana dilində nəşr edilmiş dərslik və kitablar tonqallarda yandırıldı. Azərbaycan mədəniyyətinin inkişafı üçün Milli Hökumət tərəfindən ayrılmış böyük miqdar vəsait (64 mln. tümənlik büdcənin 15,6 %-i) İran mərkəzi hökuməti tərəfindən çox sərt və amansız bir şəkildə göyə sovruldu, tar-mar edildi. Bütün dövlət, tədris, təlim-tərbiyə müəssisələrində Azərbaycan dilinin istifadəsi qəti şəkildə qadağan edildi.
Müəllimlər sinif və ev tapşırığı əvəzinə azərbaycanlı uşaqlara belə bir öhdəlik verir və tələb edirdi ki, onu 20 dəfəyə qədər yazıb oxusunlar: "Bəra-ye hefz-e melliyət-e xod bayəd farsi sohbət konim" (Öz milli varlığımızı qorumaq üçün gərək fars dilində danışaq). "Milli vəhdət" hissini yaratmaq və fars dilini yaymaq məqsədilə o qədər çalışır və canfəşanlıq edirdilər ki, hətta bir kəlmə də olsun fars dili bilməyən azərbaycanlı ixtiyar atanın ölmüş övladını oxşamasına, ağbirçək anaların doğma ana dilində onların üzərində ağı deyib ağlamasına, dərdlərini həmmüsahibinə söyləməsinə belə icazə vermirdilər. Şovinist şah rejimi bu işlərin həyata keçirilməsi üçün Azərbaycan Milli Hökumətinin ayırdığı vəsaitdən qat-qat çox vəsait ayırdı. Azərbaycan ailəsində, azərbaycanlılar arasında böyüyən, ana dilində tərbiyə alan, nağıl eşidən bir uşaq bütün bunları öz gözləri ilə gördü.
S.Behrənginin Təbriz Universitetində təhsil aldığı illər də çox həssas və şah rejimi tərəfindən Azərbaycan dilinə, mədəniyyətinə, onun qabaqcıl ziyalı nümayəndələrinə böyük təzyiqlər göstərildiyi bir dövrə təsadüf edir. Bu təzyiqlər Müsəddiq hərəkatından sonra Azərbaycanda yenidən elm, mədəniyyət xadimlərinin, mücahid və demokratların Azərbaycan xalqının milli varlığı uğrunda siyasi mübarizələrinin fəallaşması ilə bağlı idi.
1953-cü il 19 avqust dövlət çevrilişidən sonra İranda taxt-tacına yenidən sahib olan Məhəmməd Rza şah Azərbaycanda çox geniş miqyasda amansız tədbirlərə əl atdı. Çünki öz hakimiyyəti üçün ən böyük təhlükəni həmişə Azərbaycandan gözləyirdi. Azərbaycanlılara isə bu ölkəni parçalaya biləcək qüvvə kimi baxırdı.
Həmin illərdə Təbriz radio komitəsinin fəaliyyəti güclü nəzarət altına alındı. Bütün dövlət idarələri ordu tərəfindən müəyyən müddətə zəbt edildi. Azərbaycanda mütərəqqi ziyalıların və demokratların təqibi başlandı. 1955-ci ildə Təbriz və Ərdəbildə Azərbaycan Demokrat Firqəsinin (ADF) 60 nəfər üzvü həbs edildi. 1957-ci ilin avqust ayında Təbrizdə 50 nəfər adam silah alveri, ADF və İran Xalq Partiyası (İXP) ilə əlaqədə olmaları bəhanəsilə mühakimə edildi. 1960-cı ilin may ayının 4-də İran Ali Məhkəməsinin hökmü ilə Təbrizdə 5 nəfər azərbaycanlı demokrat - Əyyub Kələntəri, Cavad Foruği İlyasi, Əli Alimzadə Cavadi, Həsən Zehtab Sərabi, Xosrov Cahanban Azəri (Əli Azəri və ya Əli Kolahduz kimi də tanınmışdır) güllələndilər, 17 nəfər isə ömürlük və ya müxtəlif illərə azadlıqdan məhrum edilmə ilə həbs cəzasına məhkum edildilər.
Bu hadisədən bir il sonra, 1961-ci ildə S.Behrəngi Təbriz Universitetində təhsilini başa vurdu. Özü demişkən, o "...çox rəngarəng, məlumatsız, röya və şirin xəyallarla dolu uşaqlıq dünyasından keçib, qaranlıq, acı həqiqətlərlə və çəkişmələrlə dolu böyüklərin ağır ictimai mühitinə qədəm qoydu", o bu uzun körpüdən keçdi və öz təbirincə desək, "məlumatlı, silahlı və əlində çıraq böyüklərin qaranlıq dünyasına yetişdi".
Bu qaranlıq dünyada çırağı əldə saxlamaqla zülmət və qaranlıqda, cəhalətdə qalmış xalqını, onun gələcəyi olan uşaqları işıqlı sabahlara doğru aparmaq yolunda S.Behrəngi belə bir həyat şüarı qəbul etdi: "Ölüm indi çox asanlıqla məni tapa bilər, amma nə qədər ki, yaşamaq imkanım var, gərək ölümlə üzləşməyə tələsməyəm. Əlbəttə, bir vaxt ölümlə üzləşmək məcburiyyətində qalacağam və qalmalıyam da, onda ölmək önəmli deyil. Önəmli budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatında nə iz qoyacaqdır..."
Bundan sonra S.Behrəngi bütün varlığını və fəaliyyətini Azərbaycan dilinin, mədəniyyətinin yayılmasına, inkişafına həsr etdi. Bunun üçün o, beyni, xəyalı, idrakı təmiz və hələ ləkələnməmiş Azəbaycan uşaqlarını seçdi. Beləliklə o, İran hökumətinin fars dilini yaymaq, bütün ölkədəki qeyri-fars millətləri, o cümlədən azərbaycanlıları assimilyasiya etmək siyasətini həyata keçirən güclü bir təbliğat mexanizminə qarşı çıxdı. Külli miqdar pul və vəsait sərf edən dövlət təşkilatları Behrənginin və onun Behruz Dehqani, Kazım Səadəti, Manaf Fələki, Əlirza Nabdel (Oxtay) kimi dost və məsləkdaşlarının əldə etdikləri nəticələrə yetişə bilmirdilər.
S.Behrəngi 10 ilə yaxın Təbriz və Tufarqan şəhərləri arasında yerləşən Məmeqan, Qovqan və Axırcan kimi kəndlərdə millətinin zəhmətkeş və yoxsul nümayəndələri üçün müəllimlik etmişdir. Səmədin müəllimlik fəaliyyəti Axırcan kəndində başa çatmışdır. O gündüzlər kənd məktəblərində uşaqlara dərs, gecələr isə şosse yolu kənarındakı Cəlilabad qəhvəxanasında xalqa siyasi savad verər, qurtuluş məsələlərini başa salardı.
Axırcan kənd ağsaqqallarından olan Mirzəli Səmimi Behrəngini belə xatırlayır: "Səməd pak qəlbli, alnıaçıq, mehriban, düzgün və qeyrətli bir insan idi. Mən Səməd kimi xalq yolunda çalışan anlaqlı bir adam görməmişəm və onun sağlığında var qüvvəsilə millət yolunda çalışması nəticəsində Axırcanda və yaxın qonşu kəndlərdə uşaqların coxusu savadlıdır..."
S.Behrənginin Azərbaycan milli varlığının və mədəniyətinin qorunması və inkişafında göstərdiyi fəaliyyətdə əsas söykəndiyi sosial dayaq məktəbyaşlı uşaqlar idi. Behrəngi yaradıcılığı da məhz bu dayağa söykəndi.
Buradaca bir haşiyə çıxmaq yerinə düşərdi. 1997-ci ilin iyul ayının 2-də Təbrizdə mərhum Həsən Dəmirçinin mənzilində mərhum ustadımız, “İran türklərinin əski tarixi" kitabının müəllifi professor Məhəməd Tağı Zehtabı ilə bir yerdə olmaq, dərdləşmək, doyunca ona qulaq asmaq imkanına malik olduq. Söhbət zamanı o çox ciddi bir məsələyə toxunaraq dedi ki, Güney Azərbaycanda məxsusən, ana dili və kadr məsələsinə böyük ehtiyacımız vardır. Burada Azərbaycan dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərən kadrlarımız ya Bakıda, ya da İstanbulda yetişiblər. Onların da ömürlərinin yarıdan çoxu keçib. Öz milli kadrlarımızın yetişməsinə çox böyük ehtiyac vardır. Bunu 32 mln.-luq Azərbaycan xalqı adından deyirəm, Bakı əsas kadr hazırlama bazası olmalıdır. Orada təhsilə gedənləri orta məktəbi bitirənlər arasından seçmək lazımdır. Çünki onların idrakı, düşüncəsi təmizdir. Onları milli varlığımız ruhunda yetişdirmək, əqidəsini tərbiyə edib formalaşdırmaq daha münasibdir. Sonda bir daha təkrar etdi. Kadr! Kadr! Kadr!
S. Behrəngi də öz müəllimlik fəaliyyətini tamamilə belə bir məsələyə, yəni milli kadr hazırlamaq işinə həsr etmişdi. Uşaqlar kəndlərdə, sinif otaqlarında "Behrəng müəllim haçan gələcək, bizə nə gətirəcək" - deyə, həmişə onu səbirsizliklə gözləyərdilər. O isə adi bir hərəkətilə, sözü ilə onlarda milli varlıqlarına, kimliklərinə, dillərinə məhəbbət yaradardı. Uşaqlar üçün şəhərdən alıb gətirdiyi kiçik hədiyyələri onlara təqdim edərkən deyərdi: "Bu medad deyil, qələmdir. Bu pakkon yox, pozandır" və s.
S.Behrəngi, ölümünə təqribən 2-3 ay qalmış, "Ava-ye nou qolan" (“Tər güllərin avazı”, yəni gül balaların avazı) adlı kitab haqqında yazdığı və "Negin"/Ləl-cəvahirat (aprel-may, 1968), "Rahnəma-ye ketab"/Kitab bələdçisi (may-iyun, 1968) kimi jurnallarda çap etdirdiyi rəydə uşaq ədəbiyyatından danışaraq iki məsələyə fikir verməyi tövsiyyə etmiş və özü də bu meyarları əldə əsas tutmuşdur. Bunlar hansılardır?
Birincisi. “Uşaq ədəbiyyatı məlumatsız, röyalar və şirin xəyallarla dolu uşaq dünyası ilə qaranlıq və acı həqiqətlərlə dolu böyüklərin keşməkeşli ictimai mühiti arasında körpü olmalıdır. Uşaq gərək bu körpüdən keçsin və məlumatlı, silahlı və əldə çıraq böyüklərin qaranlıq dünyasına qədəm qoysun. Belə olan halda uşaq həyatda öz atasına real kömək edə bilər və cəmiyyətdə hər an müsbət dəyişdirici amil ola bilər. Uşaq bilməlidir ki, atası hansı əziyyətlərlə bir tikə çörəyi qazanır, böyük qardaşı necə zülmlə əl-qol atır və sıxıntılara məruz qalır”.
İkincisi. “Uşaqlara dəqiq, düzgün dünyagörüşü verilməlidir. Ona elə bir meyar verilməlidir ki, daim dəyişən cəmiyyətdə və şəraitdə müxtəlif əxlaqi və ictimai məsələlərə qiymət verə bilsin.
Bilirik ki, əxlaqi məsələlər daimi sabitliyə malik olan bir şey deyil. Bir il qabaq yaxşı qəbul olunan bir şey, ola bilsin ki, iki il sonra pis kimi qəbul edilsin. Bir xalq, millət üçün etik norma kimi qəbul edilən bir iş başqa bir xalq, millət üçün qeyri-etik hesab oluna bilər.
...Uşağa deyilməlidir ki, o şey ki, bəşəriyyətə, insanlığa qarşıdır və cəmiyyətin tarixi inkişafının qarşısını alır, ona qarşı nifrət etmək lazımdır. Bu nifrət uşaq ədəbiyyatına yol açmalıdır”.
Azərbaycan xalqının milli varlığı və mədəniyyətinin qorunmasına, onun inkişafına həsr olunmuş S.Behrəngi yaradıcılığının açarı da elə bundadır. Azərbaycan cəmiyyətinin, onun milli varlığının və mədəniyyətinin tarixi inkişafının qarşısını alan, onu məhv etməyə çalışan fars şovinistlərinə qarşı nifrəti S.Behrəngi öz yaradıcılığında necə formalaşdırır, hansı şəkildə meyara çevirir?
Sual oluna bilər ki, əsərləri fars dilində çap olunmuş bir şəxs öz milli varlığı və mədəniyyəti yolunda necə mübarizə aparırdı. Elə buradaca deyilməlidir ki, S.Behrəngi müəllimlik fəaliyyətində əsasən Azərbaycan dilindən istifadə etdiyi kimi əsərlərinin hamısını doğma ana dilində yazmışdır. Lakin bu dildə çapına icazə verilmədiyindən onların hamısını özü fars dilinə tərcümə etmişdir. Həmin əsərlərdə milli ruhu itirməmək, azərbaycanlı uşaqları lazım olan səviyyədə idraka hazırlamaq üçün yuxarıda göstərdiyimiz açardan istifadə etmişdir.
Bir misal. "Ulduz və qarğalar" nağılından əvvəl Ulduzun dilindən belə bir izahat verilir: "Uşaqlar salam! Mənim adım Ulduzdur. Farscası olur – Sitarə. Oxuduğunuz bu nağıl mənim başıma gələnlərdir. Cənab Behrəng bir zaman kəndimizdə müəllim idi. Bizim evimizdə yaşayırdı. Bir gün başıma gələnləri ona danışdım, xoşuna gəldi və dedi: əgər icazə versən, sənin və qarğaların sərgüzəştlərini nağıl edərəm və kitabda yazaram. Qəbul etdim..." Bununla müəllif hekayəni oxumamışdan öncə oxucusuna izahat verir, ona açar verir, mətni düzgün dərk etmək, şəraiti anlamaq üçün onu hazırlayır, başa salır, mühiti göstərir. Oxucuya tam aydın olur ki, hadisələr azərbaycanlı ailəsində cərəyan edir və iştirakçılar da azərbaycanlılardır.
Başqa bir misal. "Dəli Domrulun sərgüzəşti"ndə müəllif öz oxucusuna istədiyi mətləbi müəyyən keçidlərlə çatdırmağa, başa salmağa çalışır. Hekayədən əvvəl müəllif oxucusuna ümumiyyətlə, qədim əfsanələr haqqında söz açır və deyir ki, insanlar həyatda çata bilmədikləri və qeyri-mümkün olan arzulara yaratdıqları əfsanələrdə yetişiblər. Sonra müəllif məsələni bir qədər konkretləşdirir və oxucusuna Zərdüşt əfsanələrindən danışır. O deyir: "Zərdüştlər bilmirdilər ki, insan və dünya necə yaranıb. Ona görə də belə bir əfsanə yaratdılar ki, dünyanı iki allah yaradıb: Biri qaranlıq, pislik, xəstəlik, quraqlıq yaradan Əhrimən və digəri isə insanlara aydınlıq, işıq, yaxşılıq, düzlük, şadlıq, bərəkət bəxş edən Hörmüzdür. Zərdüştlər pisliklərin aradan qaldırılmasının elmi və əməli yollarını bilmədiklərindən deyirdilər ki, insanlar yaxşı işlər görməklə Hörmüzə kömək edə bilər və onun qələbəsi təmin olunar." Sonra müəllif müasirliyə keçir: "Bu gün isə insanlar pisliklərin aradan qaldırılmasının elmi və əməli yollarını bilirlər və onlar əl-ələ verib, birlikdə xoşbəxtliyə yetişə bilərlər. Bütün millətlərin - Yunanıstan, Afrika və Ərəbistandan tutmuş İran və Hindistana kimi öz mifləri, əfsanələri var. Məsələn, bu miflərdə deyilir ki, yer kürəsi öküzün buynuzu üzərində fırlanır. Öküz tərpənəndə zəlzələ və sair baş verir... İnsanlar quş kimi uçmaq istəyiblər... İnsan əbədi yaşamaq istəyib... Dirilik suyu axtarıb".
Müəllif qeyd edir ki, Azərbaycan, Yunanıstan, İran, Babil və başqa məmləkətlərin əfsanələrində belə motivlər çoxdur, yəni bunlar insani, bəşəri mövzular olmuş və vardır. Müəllif çox ustalıqla Zərdüştçülüyün yayıldığı böyük bir regiondan Azərbaycan mühitinə keçir. Ardınca Behrəngi Dədə Qorqud dastanından söz açır və oxucusuna deyir ki, bu dastan Azərbaycanın qədim dastanlarındandır və neçə illər bundan əvvəl bizə yadigar qalıb. Bu dastan qədim türklərdən olan oğuzlara aiddir. Oğuzların çoxlu pəhləvan igidləri, sərkərdələri olub. Dədə Qorqud ağsaqqal bir oğuzun adıdır ki, qəmdə, qüssədə və şadlıqda onlarla şərik olub və igid ərənlər haqqında dastanlar qoşub. Dəli Domrul da oğuz igidlərindən biridir.
Müəllif burada yeni bir keçid edir və deyir: "Mən bu əfsanəni kitabın orjinal nüsxəsindən, yəni türkcədən tərcümə etmişəm. Sonra mən onun kiçik hissələrini atmış və başqa kiçik hissələrini də artırmışam ki, uşaqlar üçün münasib olsun".
Sonra Behrəngi belə bir nəticəni uşaqların diqqətinə çatdırır: "Biz bu əfsanələrdəki adamların fikir, söz və əməllərini özümüz üçün əsas və qəlib kimi götürə bilmərik. Biz gərək fikir, söz və əməllərimizi öz zaman və məkanımızdan götürək. Biz gərək zəmanəmizin öz qəhrəmanlarını axtaraq, özümüzü bir zaman və məkan çərçivəsində məhdudlaşdırmayaq".
Baxın, güclü məntiqlə fikrini necə ifadə etdi, necə qarşı tərəfə çatdırdı və nəyə nail oldu: əfsanələr haqqında ümumi məlumat, yaranma səbəbləri, ümumi mövzular, yayılma arealı, Zərdüştlər məkanı, yəni İran, Hindistan, sonra konkret olaraq Azərbaycan, buradan da böyük Türk dünyasına doğru.
S.Behrəngi uşaqlar üçün yazdığı "Koroğlu və keçəl Həmzə" nağılından əvvəl də eyni üslubdan istifadə edərək, "Koroğlu dastanı haqqında" adlı 11 səhifəlik bir izahat verir. Burada o, Koroğlu dastanı haqqında, onun hansı mühitdən, mənbələrdən gəldiyini, eyni zamanda Şah Abbasın hakimiyyəti illərindən, əhalinin yaşayış tərzindən, onlara edilən zülmlərdən, Osmanlı-Səfəvi müharibələrindən, onun nəticələrindən və nəhayət, zəhmətkeş xalqın xarici irtica qüvvələrinə qarşı mübarizəsindən, bu igidlikləri tərənnüm edən aşıq şeirindən, aşıq sənətindən, qəhrəmanlıq dastanlarından söhbət açır, Koroğlu dastanından Azərbaycan türkcəsində nümunələr verir. Müəllif üçün yenə də əsas mövzu milli məsələ olaraq qalır. O yazır: "Şah Abbas paytaxtı İsfahana köçürməsi və sarayda Azərbaycan dilini tədricən fars dili ilə əvəz etməsi, qızılbaşlarla düşməsi və onları incitməsi, şahsevənləri qızılbaşların rəqibi kimi hazırlaması ilə Azərbaycan dilində Xətai təxəllüsü ilə şeir yazan Şah İsmayıla və Səfəviyyə zamanına olan dərin bağlılığı aradan apardı, Azərbaycan dilinin hörmətini sındırdı və beləliklə, azərbaycanlılarla Şah Abbas arasında açıqda və gizlində mübarizə başladı". Müəllif həmin mübarizəni Cəlalilərə bağlayır və deyir ki, Koroğlunun aydın siması da bu proseslərdə yarandı.
Fars dilində çap olunan bu nağıllara belə bir izahat verdikdən sonra Behrəngi gənc oxucusu üçün, bizcə, heç bir sual yeri qoymur və azərbaycanlı uşağın milli şüurunun və milli ruhunun formalaşması üçün hər cür zəmin yaradır. O, izahatının sonunda təkidlə qeyd edir ki, "Koroğlu dastanı azadlıqdan, mübarizədən, dostluqdan, insanlıqdan və bərabərlikdən söz açır... Koroğlu dastanı eyni zamanda Azərbaycan dilinin ən gözəl və ən qüvvətli nəzm və nəsr nümunələrindəndir".
Bu cür misalları çoxaltmaq olar, lakin biz burada müəllifin yazdığı, topladığı və çap etdirdiyi bir neçə əsərinin adını çəkmək istəyirik: "Azərbaycan əfsanələri"- iki cilddə, "Tapmacalar", "Məhd-e azadi" (Azadlıq beşiyi), "Xoşe" və "Bamşad" jurnallarında çap etdirdiyi ədəbi-tənqidi məqalələr, pedaqoji və sosioloji tədqiqatlarının nəticələri və dərsliklər. Bütün bunlar Azərbaycan xalqının, millətinin milli varlığının, milli kimliyinin qorunmasına, yaşadılmasına və inkişafına xidmət etmişdir.
1969-cu ildə İtaliyada S.Behrənginin "Balaca qara balıq" kitabı beynəlxalq uşaq ədəbiyyatı sərgisində 1-ci diploma və qızıl nişana, elə həmin ildə də Çexoslovakiyanın Bratislava şəhərindəki beynəlxalq sərginin "Biynal" mükafatına layiq görülmüşdür.
S.Behrəngi yaşının az olmasına və bu vəfasız dünyaya vaxtsız göz yummasına baxmayaraq, özündən sonra bir ədəbi məktəbin binasını qoyub getdi. Beləki, ondan sonra Azəraycan milli varlığına xidmət etmək istəyən hər bir kəs ondan nümunə götürməyə, ona oxşamağa çalışdı.
Doktor Rza Bərahəni "Yoldaş" jurnalına verdiyi müsahibəsində (№ 11, 29.02.1358/19.05.1979, səh.8) deyir: "Baxın, Azərbaycan yazıçılarının əsərlərində S.Behrəngi və Behruz Dehqaniyə münasibətdə əcib bir maraq görünür". Sonra o deyir: "Mən 1961-ci ildən sonra açıq-aşkar dedim ki, ağa, millətlərin dilini özlərnə verin, millətlərin dilini bağlamayın... 1946-cı ildən sonra belə bir söz ilk dəfə deyilirdi. Ağa! Cənablar! Həzərat! Bizə öz dilimizi, dil azadlığı verin". Əslində dr. Bərahəni 1961-ci ildən sonra S.Behrəngi, B.Dehqani, Kazım Səadəti, M.Fələki kimi Azərbaycanın mərd oğullarının amal, məslək və ruhunu ifadə edən ümumi bir çağırışın formulunu verirdi. Budur Səməd ruhu, Səməd varlığı, Səməd şüuru.
S.Behrəngiyə həsr olunmuş çoxlu sayda bayatını özündə toplayan "Bayatılar" adlı kitab bir neçə il öncə İranda çap olunub. Kitabın giriş hissəsinin əvvəlində yazılıb: "Səməd Behrənginin ruhuna təqdim edilir". Təəsüflər olsun ki, məlumatı təqdim edən şəxsin xatirində kitabın tərtibatçılarının adları qalmamışdır. Eyni zamanda o belə bir məlumatı da vermişdir ki, inqilabdan sonra İranda 1 may gününə həsr edilmiş tədbirlərin birində (tədbir Tehranda keçirilib) naməlum azərbaycanlı bir tələbə görkəmli Azərbaycan şairi Bulud Qaraçorlu Səhəndin S.Behrənginin xatirəsinə həsr edilmiş belə bir şerini söyləyib:
QURBANIMI QƏBUL ELƏ, ARAZ
Səməd!
Nə yazım, Səməd!
Dənli xırmanımın yanmasın yazım?
Sərin su kuzəmin calanmasın yazım?
Dağlı sinəmin alovlanmasın yazım?
Mən sənə nə yazım?
Həsrətim kimi yaxacaq?
Göz yaşıma kim baxacaq?
Araz?..
Yenə də axacaq!
Səməd!
Kimi çağırım?
Nə qədər bağırım?
Səməd!
Söylə mənə, söylə Araz!
Nədən bizlə oldun böylə, Araz?
Kəsdin iki qardaş arasın,
Aldun Muğanın Sarasın,
Boğdun elimin dəgərli balasın!
Bəsdir!
Bəsdir!
Qurbanımı qəbul elə, Araz!
Şair bu şeirində Səməd Behrəngiyə layiq olduğu qiyməti verməyə çalışmış, onun ölümündə yenə də həmişə olduğu kimi, ayrılıq baisi olan Ulu Arazı qınamışdır. Bulud Səmədi xalqının bərəkət rəmzi olan xırmanına, milyonların ürəyinə sərinlik gətirə biləcək sərin su kuzəsinə, elinin dəyərli və qəhrəman balasına bənzətmişdir. Səməd Behrəngi həqiqətən də xalqının, millətinin igid oğludur. Ona görə də şair hayqırır, qışqırır, Səmədi çağırır, elinin dərdinə çarə diləyir, lakin gecdir, Səməd artıq yoxdur.
29 yaşında dünyasını müəmmalı şəkildə dəyişən S.Behrəngi (bu, ayrıca bir söhbətin, tədqiqatın mövzusudur) indi Azərbaycan torpağının qoynunda, Təbrizin İmamiyyə qəbirstanlığında əbədi uyumaqdadır. Məzarı üstünə qoyulmuş baş daşında fars dilində bu sözlər həkk edilmişdir:
Uşaqların əldən getmiş dostu Səməd Behrəngi
Ey vəfasız bahar
Qapımı nazla açdın (yəni məni gec yada saldın)
Güllərinin ətri gözümü yuxuya apardı (yəni tez uyudum)
Qönçələrinin gülüşü ürəyimdə qaldı (yəni doymadım)
Ürək oxşayan ayın işığı gözümdə qaldı (yəni həsrətdə qaldım)
İşığının şüaları tez uçub getdi, ürəyim sıxıldı.
30 avqust 1968. Bu tarix Səməd Behrənginin öldüyü gündür.
















