HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
- 10-05-2026, 10:35
- ЭТНОПОЛИТИКА
- 0
- 631
Kərimova Nurəngiz Əli
Azərbaycan Respublikası, Bakı Slavyan
Universiteti, Regionşünaslıq kafedrası, müəllim
Açar sözlər: Heydər Əliyev, multikulturalizm, tolerantlıq, yeni dövr, Qarabağ zəfəri, azərbaycançılıq, milli həmrəylik.
Keywords: Heydar Aliyev, multiculturalism, tolerance, new era, Karabakh victory, Azerbaijanism, national solidarity.
Müasir Azərbaycan dövlətçiliyinin inkişaf paradiqmasında Heydər Əliyev irsi həlledici rol oynayır. Bu irsin ən mühüm istiqamətlərindən biri Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin dövlət ideologiyasına – azərbaycançılıq məfkurəsinə çevrilməsidir
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin bərabərhüquqlu birliyi dövlət siyasətinin prioriteti oldu. 1995-ci ildə qəbul edilmiş Konstitusiya bu bərabərliyin hüquqi təminatçısı oldu [2]. Ulu Öndərin “Çoxmillətli dövlət olmaq bizim üstünlüyümüzdür” tezisi, ölkədəki etnik müxtəlifliyi parçalanma deyil, güc mənbəyinə çevirdi [3].
Prezident İlham Əliyev Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq strateji hədəfə çevirdi. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və mütəmadi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bu siyasətin bariz nümunəsidir [1]. Dövlət başçısının qeyd etdiyi kimi, multikulturalizm Azərbaycan üçün sadəcə bir seçim deyil, həyat tərzidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu ideyaları daha yüksək səviyyəyə qaldıraraq dünyada multikulturalizmin mərkəzi kimi tanınmışdır.
Azərbaycanın tolerantlıq və sarsılmaz birgəyaşayış modelinin ən parlaq və möhtəşəm təzahürü məhz dövlətin ərazi bütövlüyünün bərpası uğrunda apardığı müqəddəs azadlıq mübarizəsində özünü göstərdi. I və II Qarabağ müharibələri dövründə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini vahid bir “Azərbaycan yumruğu”nun ayrılmaz hissəsi kimi hiss edərək, mənfur düşmənə qarşı eyni səngərdə, çiyin-çiyinə vuruşmuşlar. Cəbhədə çiyin-çiyinə döyüşən azərbaycanlı, talış, ləzgi, rus, avar, ingiloy.yəhudi və digər millətlərin nümayəndələri “Dəmir Yumruq” birliyinin sarsılmazlığını sübut etdi.
Bu tarixi vəhdətin bariz nümunəsi olaraq Azərbaycanın Milli Qəhrəmanlarının keçdiyi döyüş yoluna nəzər salmaq kifayətdir. Talış xalqının igid oğlu, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurovun, yəhudi əsilli tankçı, Şuşanın müdafiəsində dastan yazan Albert Aqarunovun, rus əsilli cəsur döyüşçü Yuri Kovalyovun və digərlərinin göstərdiyi misilsiz fədakarlıqlar Heydər Əliyevin təməlini qoyduğu “azərbaycançılıq” məfkurəsinin tarixi təntənəsidir. Onların fərqli etnik köklərə sahib olmalarına baxmayaraq, eyni müqəddəs hədəf – Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçməsi bu torpağa olan sarsılmaz bağlılığın ifadəsidir.
Şəhidlərimizin mübarək qanı ilə suvarılan Azərbaycan torpaqlarında hər bir etnik qrup nümayəndəsinin nümayiş etdirdiyi qəhrəmanlıq bir daha sübut etdi ki, ölkəmizdəki milli həmrəylik modeli sadəcə nəzəri konsepsiya deyil, xalqın qan yaddaşına və ruhuna həkk olunmuş canlı bir reallıqdır. Qazanılan şanlı Qələbə onilliklər boyu dövlət tərəfindən uğurla yürüdülən multikulturalizm və dözümlülük siyasətinin ən parlaq praktik nəticəsidir. Bu birlik modeli həm də dünyaya mesaj verdi ki, Azərbaycanın gücü onun etnik rəngarəngliyində və bu müxtəlifliyi vahid dövlətçilik maraqları ətrafında birləşdirən “Dəmir Yumruq” iradəsindədir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda yeni geosiyasi və mənəvi reallıqlar yaratmışdır. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işlərində yüksək tolerantlıq və multikulturalizm nümunəsi nümayiş olunur.
Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi heç bir dini və etnik fərq qoyulmadan həyata keçirilir. Bu, Heydər Əliyevin “Azərbaycanda bütün dinlər birdir” prinsipinin praktik təntənəsidir [6]. Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Ağdam Cümə məscidinin və Zəngilan məscidinin tarixi siması qorunmaqla bərpa edilməsi milli-mənəvi dəyərlərimizə sadiqliyin göstəricisidir. Dövlət tərəfindən Şuşadakı Qazançı kilsəsinin, həmçinin işğaldan azad edilmiş digər ərazilərdəki qədim Alban-Udi məbədlərinin bərpası Azərbaycanın xristian irsinə verdiyi yüksək dəyəri nümayiş etdirir. Bu yanaşma, erməni vandalizminin əksinə olaraq, Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzi olduğunu bir daha sübut edir.
Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihələr tolerantlıq irsinin qlobal miqyasda təbliğinə xidmət edir. Abidələrin bərpası zamanı xarici ekspertlərin də prosesə cəlb olunması Azərbaycanın öz mədəni irsinə bəşəri dəyər kimi yanaşdığını göstərir.
Bu bərpa prosesi sadəcə memarlıq fəaliyyəti deyil, həm də dövlətin “Yeni Dövr” strategiyasının ideoloji mesajıdır. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin azanı ilə kilsələrin zənginin sülh şəraitində qonşuluğu, Azərbaycanın gələcək birgəyaşayış modelinin təməlini təşkil edir. Bu, Qarabağ Zəfərinin fonunda formalaşan yeni geosiyasi reallıqların humanitar ölçüsüdür.
Bu gün Cənubi Qafqaz regionunda formalaşmış yeni geosiyasi reallıqlar təsadüfi proseslərin deyil, məhz Ümummilli Lider Heydər Əliyevin onilliklər öncə müəyyən etdiyi uzaqgörən strateji kursun məntiqi davamıdır. Ulu Öndər hələ hakimiyyətinin ilk illərindən Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regionda sabitliyin təmin olunması üçün sülh strategiyasının mühüm tərkib hissələrini formalaşdırmışdı. Onun xarici siyasət fəlsəfəsinin nüvəsində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli və ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq dayanırdı.
Heydər Əliyev diplomatik müstəvidə Cənubi Qafqazın tərəqqisinin məhz sülh, qarşılıqlı hörmət və iqtisadi əməkdaşlıqdan keçdiyini elmi və siyasi arqumentlərlə isbat edirdi. O, Azərbaycanı regional layihələrin mərkəzinə çevirməklə, sülhün həm də iqtisadi təhlükəsizlik faktoru olduğunu dünyaya nümayiş etdirdi. Bu gün bu uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq daha qətiyyətlə davam etdirilir. Azərbaycanın hərbi-siyasi qələbəsi nəticəsində yaranan yeni reallıqlar Heydər Əliyev strategiyasının praktik təntənəsidir.
Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideyaları sadəcə mədəni dəyər deyil, həm də Azərbaycanın milli təhlükəsizlik və Zəfər strategiyasının tərkib hissəsidir. Bu irs "Yeni Dövrün Azərbaycanı"nın inkişafında, cəmiyyətin monolit birliyinin qorunmasında və beynəlxalq müstəvidə ölkəmizin müsbət imicinin möhkəmlənməsində əvəzsiz rol oynamağa davam edir və gələcək nəsillər üçün də milli həmrəyliyin sarsılmaz zəmanəti olaraq qalacaqdır.
XÜLASƏ
Bu məqalədə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu multikulturalizm və tolerantlıq siyasətinin konseptual mahiyyəti və bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun inkişaf etdirilməsi tədqiq edilir. Tədqiqatda Azərbaycan modelinin dövlətçilik ənənələrinə söykənən sarsılmaz tərəfləri və beynəlxalq müstəvidəki əhəmiyyəti təhlil olunur. Xüsusilə, bu ideoloji varisliyin I və II Qarabağ müharibələri dövründə xalqın monolit birliyinin təmin olunmasındakı rolu, azsaylı xalqların nümayəndələrinin cəbhədə göstərdiyi mənəvi birliyi, fədakarlığı, qəhrəmanlığı və tarixi Zəfərin qazanılmasındakı strateji rolu elmi-nəzəri baxımdan qiymətləndirilir. “Yeni Dövrün Azərbaycanı” modelində Heydər Əliyev irsi və İlham Əliyev qətiyyəti milli birliyin əsas təminatçısı kimi təqdim olunur.
ABSTRACT
This article examines the conceptual essence of the policy of multiculturalism and tolerance, authored by national leader Heydar Aliyev, and the development of this strategic line by President Ilham Aliyev in accordance with the realities of modern times. The study analyzes the unshakeable sides of the Azerbaijani model based on the traditions of statehood and its importance at the international level. In particular, the role of this ideological continuity in ensuring the monolithic unity of the people during the First and Second Karabakh wars, the moral unity, dedication, heroism shown by representatives of small nations at the front, and the strategic role in achieving historical victory are scientifically and theoretically assessed. In the model “Azerbaijan of Modern Times” the legacy of Heydar Aliyev and the determination of Ilham Aliyev are presented as the main guarantors of national unity.
Ədəbiyyat
- Azərbaycan multikulturalizmi: ali məktəblər üçün dərslik / – Bakı: BBMM. – 2017.
- Azərbaycan Respublikasının Konstitusiyası / – Bakı: Qanun. – 2009.
- Əliyev H. Müstəqilliyimiz əbədidir / H.Əliyev. – Bakı: Azərnəşr. – 1997.
- Əliyev İ. İnkişaf - məqsədimizdir / İ.Əliyev. – Bakı: Azərnəşr, – 2009.
- İsmayılov G. Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz / G.İsmayılov. – Bakı: Nurlar, – 2014.
- Məmmədov C. Azərbaycanda dövlət-din münasibətləri:Tarix və müasirlik / C.Məmmədov. – Bakı. – 2018.
















