Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
- 30-03-2022, 20:08
- КУЛЬТУРА
- 0
- 695
Azərbaycanda nəşr olunan “Dəbistan” jurnalının 1907-ci il tarixli 7-ci nömrəsində Ə.Fərəcullazadənin rus dilindən təbdil etdiyi “Səadət puldamı?” hekayəsi də maraqlıdır.Hekayədə şəxsiyyətin alçaldılması,adamların çirkin əməllərə təhrik edilməsi və yenə də pulun insanların həyatını korladığı qələmə alınır.Ərköyün oğlu Rzanın baş götürüb getməsinə və qızı Nazlının kənd müəllimi Cavada qoşulub qaçmasına dözməyib ölən İbrahimin monoloqvari çıxışı hekayənin məğzini açır: “Elə ki, insan bir az varlanır, onda nə fəqir, nə fəhlə, nə ac, nə qardaş və nə qiyamət günü yadına düşür, elə fikri o olur ki, necə dövlətli olsun...Nə qədər zəhmət çəkib gecələr yatmadım, səy elədim ki, dövlətli olum; dövlətli də oldum.İstədim övladlarımı xoşbəxt edim.Onların da hərəsi bir yana getdi, mənim dövlətimdən üz döndərdilər. Qardaşlar, indi onu yəqin biliniz ki, xoşbəxtlik və səadət pulda deyildir”.
Abdulla Şaiq rus ədəbiyyatından tərcümələr haqqında yazırdı: “Gənc nəslin bədii zövqünü düzgün istiqamətləndirmək üçün müəllimlərimiz, yazıçılarımız qabaqcıl dünya elmindən, ədəbiyyatından, xüsusən bizə daha yaxın olan rus ədəbiyyatından öyrənirdilər...Rus ədəbiyyatı mənim də bir yazıçı kimi inkişafımda böyük rol oynamışdır.Xüsusən Krılov, Puşkin, Lermontov, Koltsov, Nikitin, Tolstoy, Çexov, Qorki məni bu dövrdə ən çox maraqlandıran yazıçılardan idi.Mən onlardan tərcümə və iqtibaslar edərdim”.
Realist rus ədəbiyyatının gözəl nümunələrini yaradan, Azərbaycan ədəbiyyatında insanlıq aləminə xidmət edən dahi sənətkar kimi dəyərləndirilən Lev Nikolayeviç Tolstoy Rusiyada uşaq əsərlərinin müəllifi və maarif xadimi kimi də məşhur idi.Onun ilk uşaq əsərləri 1852-ci ildə “Sovremennik” jurnalında çap olunmuşdu.On il sonra isə gərgin pedaqoji fəaliyyətə başlayan Tolstoy, yaşadığı sevimli Yasnaya Polyanada kənd uşaqlarına dərs deyir, kəndinin adını əks etdirən pedaqoji jurnal buraxırdı.Bunlarla bərabər, yazıçı məktəblərin dərs vəsaiti ilə təmin edilməsinə çalışırdı.Uşaq həyatını və uşaq psixologiyasını dərindən bilən Tolstoy, rus ədəbiyyatında gözəl uşaq surətlərinin bədii yaradıcısı kimi də tanınmışdı.
A.P.Çexov böyük yazıçı kimi eyni zamanda maraqlı uşaq hekayələrinin də müəllifidir.Onun “Russkoe boqatstvo”, “Severnıy vestnik” kimi mətbuat orqanlarında dərc olunan “Aşpaz qadın ərə gedir”, “Uşaqlar”, “Vanka”, “Səhra” və digər hekayələri hələ həmin dövrdə faydalı uşaq əsərləri kimi yüksək qiymətləndirilmişdi. Çexovun doqquz yaşlı uşağın acınacaqlı həyatından bəhs edən “Vanka” hekayəsini hələ orta məktəbin aşağı sinifləində oxuduğum zaman mütaliə edəndə, göz yaşlarımı saxlaya bilməmişdim. Hekayə olduqca təsirli idi.
Üç ay əvvəl çəkməçi Alyaxinə şagirdliyə verilmiş Vanka Jukovun milad bayramı gecəsi gözlərinə yuxu getmir.Emalatxana sahiblərinin,usta köməkçilərinin səhər ibadətinə getdiklərini görən kimi o, sahibkar şkafından mürəkkəb şüşəsi və ucu paslı bir qələm çıxarır.Skamya üzərinə əzilmiş bir vərəq sərib, özü isə skamya qarşısında diz çöküb yazmağa başlayır.İlk hərfi yazmazdan əvvəl o, bir neçə dəfə qorxa-qorxa qapıya, pəncərəyə tərəf boylanır.Sonra dərin bir ah şəkir. Yazmağa başlayır:
“Əziz babam Konstantin Makarıç! Mən sənə məktub yazıram.Sizi Milad bayramı münasibətilə təbrik edirəm və bütün arzuna, kamına çatmağını allahdan diləyirəm. Mənim nə atam, nə anam vardır, təkcə pənahım sənsən”.
Vanka gözlərini zəif şam işığının titrəşdiyi qaranlı pəncərəyə tərəf çevirir və dərhal Jivaryov ağaları yanında gecə gözətçisi olan babası Konstantin Makarıçı təsəvvüründə canlandırır. Babası kiçik və arıq vücudlu, lakin həddindən artıq diribaş, çalışqan, gözlərindən sərxoşluq yağan gülərüzlü bir qoca idi.
Vanka ah çəkir, qələmini mürəkkəbə batıraraq yazmağına davam edir:
“Amma məni dünən yenə döydülər. Ağam saçımdan çəkərək məni həyətə sürüdü və qayışla döydü.Təqsirim bu olmuşdur ki, onların körpəsini beşikdə yırğalayanda yuxulamışdım.Həftənin əvvəlində emalatxana sahibinin arvadı mənə siyənək balığı təmizləməyi tapşırmışdı; mən balığın quyruğundan başladım.O, balığı əlimdən alıb üzümə-üzümə vurdu.Usta köməkçiləri mənə gülür, məni meyxanaya araq almağa göndərir, ağanın evindən xiyar oğurlamağa məcbur edirlər; ağa da əlinə keçənlə məni vurur. Yeməyə heç nə yoxdur; səhərlər çörək verirlər, naharda sıyıq, axşama isə yavan çörək; çay və ya şorba görmürük, onları ağalar özləri tıxırlar. Mənə dəhlizdə yatmağı əmr edirlər, körpələri ağlayanda mən heç yatmıram, beşiyi yırğalayıram.
Əziz babam, allah xatirinə, mənə rəhmin gəlsin, məni buradan evə, öz kəndimizə apar,mənim başqa heç bir çarəm yoxdur...Sənin ayaqlarına düşüb yalvarıram, həmişə də sənin üçün allaha dua edəcəyəm. Məni buradan apar, yoxsa, ölərəm...”
Vanka dodağını büzür, kirli yumruğu ilə gözlərini silir və hıçqırır. Sonra yenə yazısına davam edir:
“Mən sənin üçün tütün ovacağam, allaha dua edəcəyəm, əgər bir şey etsəm, məni ölüncəyədək qamçı ilə döy.Əgər mənə bir iş tapılmayacağını güman edirsənsə, onda allaha and verib darğaya yalvarar, çəkməsini silərəm, yaxud Fedkanın əvəzinə mal otarmağa gedərəm.
Mənim mehriban babam, indi mənim ölməkdən başqa heç bir çarəm qalmamışdır.İstəyirdim ki, piyada kəndə qaçım, ancaq çəkməm yoxdur, şaxtadan qorxuram.Böyüyüb yekə oğlan olanda bunun əvəzinə səni saxlayacağam və heç kəsi səni incitməyə qoymayacağam. Sən öləndə isə anam Pelageya üçün etdiyim kimi sənin də ruhun şad olsun deyə dua edəcəyəm...
...Babacan, ağaların evində yolka bəzənəndə xanım qız Olqa İqnatyevnadan mənim üçün bir qızıla boyanmış qoz alıb yaşıl sandıqçada gizlət. De ki, Vanka üçündür”.
Vanka qırıq-qırıq ah çəkərək yenə gözünü pəncərəyə dikir. Babasının həmişə ağalar üçün meşəyə yolka qırmağa gedərkən onu da özü ilə aparmasını xatırlayır. Yaxşı günlər idi.Babası soyuqdan ufuldayır, şaxta şaqqıldayır, Vanka da onlara baxıb ufuldayırdı. Kəsilmiş yolkanı babası ağalıq evinə sürüyərdi, orada isə onu bəzəməyə başlardılar.
Vankanın anası Pelageya sağ ikən ağaların evində qulluqçu olanda Olqa İqnatyevna Vankaya nabat yedirər və bekarçılıqdan ona oxumaq, yazmaq, yüzə kimi saymaq və hətta kadril rəqsi oynamaq da öyrədərdi.Pelageya öləndən sonra yetim qalmış Vankanı babasının yanına, ev qulluqçularına məxsus mətbəxə ötürdülər, mətbəxdən də Moskvaya, çəkməçi Alyaxinin yanına göndərdilər...
Vanka məktubuna davam edir:
“Əziz babam, səni həzrəti İsaya and verirəm - gəl məni buradan apar...Mən bədbəxt yetimə yazığın gəlsin, yoxsa məni hey kötəkləyirlər, yeməyə həsrətəm, həm də elə darıxıram ki, deməklə mümkün deyil, hey ağlayıram.Bir dəfə ağam əlindəki qəliblə başımdan elə bərk vurdu ki, yerə yıxıldım və güc-bəla ilə özümə gəldim.Mənim puç olmuş güzəranım itin də güzəranından pisdir...Məndən Alenaya, əyri Yeqorkaya və arabaçıya salam yetir, mənim qarmonumu heç kəsə vermə.Sənin nəvən İvan Jukov. Əziz babam, gəl”.
Vanka yazılmış vərəqi dörd qat bükür və keçən gün bir qəpiyə aldığı zərfə qoyur.Bir qədər fikirləşəndən sonra qələmi mürəkkəbə batırıb ünvanı yazır: “Kənddə babama çatacaq”.
Sonra başını qaşıyıb yenə fikirləşir və əlavə edir: “Konstantin Makarıça”.
Yazmasına heç kimin mane olmadığından razı halda papağını başına qoyur, balaca kürkünü çiyninə salmadan bircə köynəkdə küçəyə çıxır...
Vankanın taleyinə necə acımışdımsa, Vladimir Qalaktionoviç Korolenkonun “Satın alınmış uşaqlar”ı da ürəyimi bir o qədər ağrıtmışdı.
Həmin dövrlərdə Rusiyada hökm sürən təhkimçiliyin zülmkar qaydalarının nəinki sadə, yoxsul, günahsız insanların, hətta azyaşlı uşaqların belə sağlamlığına, həyatına, taleyinə vurduğu yaralar haqqında asanlıqla oxumaq mümkün deyil.
Bədniyabəd, qocalsa da ömrü boyu subay qalmış arıq, keçisaqqal Pan Ulyanitski son dərəcə xəsis və qəddar adam idi. Nökər saxladığı uşaqlara zülm eləməkdən sanki zövq alırdı.Onun müəmmalı hərəkətlərinə qonşu uşaqları heyrətlə tamaşa edərdi.
Ulyanitski yaşadığı ev sahibinin aşbazı Lyubanın oğlunu özünə nökər götürsə də, bu, uzun çəkməmişdi, bunun axırı böyük bir biabırçılıqla qurtarmışdı. Ulyanitskini söyən Lyuba arvadın səsi həyəti götürmüşdü.O, çığıra-çığıra deyirdi: “Heç kim qoymaz ki, balasını incitsinlər, əlbəttə, uşaqdır, tənbeh də eləmək olar, amma daha belə yox. Ay camaat, bir baxın, görün, uşağın kürəyini qamçı ilə nə kökə salıb...”
Ulyanitski isə otağında oturmuşdu. Arvadın çığırtısına çıxmırdı.
Ulyanitski növbəti dəfə kənddən 10-11 yaşlarında Mamert adlı girdə gözləri olan qarayanız bir oğlan gətirmiş, deyilənə görə, onu bir mülkədardan satın almışdı. Mamert Ulyanitskinin otağında yaşayır, burada səliqə-səhman yaradır, su gətirir, qab-qacağı götürüb restorana yemək dalınca gedirdi.
Ulyanitski qəmgin gözləri, ürkək baxışları olan balaca nökərinə qonşu uşaqlarla əlaqə saxlamağı qadağan etmiş, yalnız zəruri hallarda, yəni zibili atmaq, su daşımaq, yemək alıb gətirmək üçün bayıra çıxmağı əmr etmişdi.Uşaq qorxusundan qonşu həmyaşıdları ilə kəlmə kəsə bilmirdi.
Ulyanitski Mamerti ac saxlayır, ona yalamaq üçün boş qab-qacaq və gəmirmək üçün quru çörəyin qabıqlarını verirdi. Hələ fürsət tapıb heç bir təqsiri olmadan onu iki dəfə möhkəmcə döymüşdü.
“...O, arakəsmənin yanında durub Mameriki (Mamerti) çağırdı və nəyi isə verməsini əmr etdi.Oğlan qorxa-qorxa yaxınlaşan kimi Ulyanitski pişik cəldliyi ilə onu tutdu, başını əyib dizləri arasına aldı, tumanını aşağı çəkdi, bir dəstə çubuq havada vıyıldadı.Mamerik gücü gəldikcə çığırdı və çabalamağa başladı... qalxıb enən çubuğun vıyıltısı kəsilmirdi...”.
V.Q.Korolenkonun əsərləri Azərbaycan oxucularının ən çox sevdiyi və mütaliə etdiyi əsərlərdəndir.Yazıçının adı Azərbaycan ictimaiyyətinə çoxdan tanışdır.Görkəmli ədibimiz Nəcəf bəy Vəzirov Korolenko ilə hələ gənc ikən, 1874-cü ildə Moskvada tanış olmuşdu. Bu iki gənc eyni ildə Petrovsk Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş, 1876-cı ilə qədər bir yerdə oxumuşdular. 1876-cı ildə Korolenko Akademiyadakı polis rejiminə etiraz etdiyi üçün buradan xaric edilmişdi.
N.Vəzirov öz tərcümeyi-halında yazırdı: “Bu neçə ilin ərzində Akademiyada oxuduğum zaman Bakıda müəllimimiz Həsən bəy Məlikov cənabları “Əkinçi” qəzetini nəşr etməyə başladı. Mən dəxi yavaş-yavaş məqalələr yazmaqda idim.Bu halda mənim arqadaşım Vladimir Korolenko idi ki, indi Rusiyanın ən böyük və ən məşhur ədibi və mühərriri hesab edilir”.
Korolenko ilə Vəzirovun dostluğu və yaxınlığı sonralar da davam etmiş, onlar daim əlaqə saxlamışlar. Vəzirovun 40 illik yubileyi keçirilərkən Korolenko azərbaycanlı dostuna vurduğu teleqramda yazırdı: “Köhnə dostuma təbrik! Ona uzunmüddətli müvəffəqiyyətlər arzu edirəm”.
Korolenkonun “Kor zəngçalan”, “Dilsiz”, “Bir ləhzə”, “Makarın yuxusu”, “Meşə uğuldayır” və s. əsərləri ana dilimizə tərcümə olunmuş və böyük oxucu məhəbbəti qazanmışdır.
“Uşaq yazıçısının başlıca mövzusu nədir? Uşaq kitablarında nəsihətçilik lazımdırmı? Uşaq yazıçısı sənətkarlığının “sirri” nədədir?” Bu suala hələ uzun illər bundan əvvəl cavab verən tanınmış şair Aqniya Bartonun fikirləri bu gün də tam aktual və əhəmiyyətlidir. Barto söyləyirdi: “Mən deyərdim ki, uşaq yazıçısının xüsusən güclü müasirlik hissinə malik olması zəruridir. Axı o, gələcəyin adamının xarakterini formalaşdırmaq üçün yazır. Yazıçılar uşaqlarla insanlar, onların arasındakı qarşılıqlı münasibətlər haqqında, mərdlik, doğruçuluq tərbiyəsi haqqında poetik və sadə dildə danışdıqda, onların kitabları uşaqların qəlbində dərin iz buraxmış olur...
Qeyd etmək istəyirəm ki, bir çox mövzular həm də həqiqi sənətkarlıq vasitələrinin işlədilməsini tələb edir. Biz yeni yaradıcılığa başlayan şairlərimizi mövzunu, həyati materialları dərindən qavramadan və dərin fikirlər yürütmədən tələsik və səthi işləməkdən həmişə qoruyuruq.
10 yaşlı bir məktəbli öz gündəliyində belə yazmışdır: “Mən bu gündəliyə ancaq başıma yerləşən fikirləri yazacağam. Bu gün məndə belə fikirlər doğmamışdır. Ona görə də heç bir şey yazmayacağam”.
Məhz buna görə də adamı düşündürməyən, ona yeni fikir və düşüncələr aşılamayan kitabı yazmamaq daha yaxşıdır...
- Qorki belə hesab edirdi ki, uşaq kitabında ən dərin və ən ciddi ideya mütləq şən və maraqlı şəkildə ifadə edilməlidir .O, deyirdi: “Uşaqlarla əyləncəli dildə danışmaq lazımdır”. Qorkinin özü uşaqların məktublarına şən və eyni zamanda ciddi cavab verirdi.
Əxlaq, hiss olunmadan, şeirlərin məzmunundan özü-özünə doğmalıdır. Gənc şair Valentin Belostovun bu yaxınlarda “Maşın haqqında” yazdığı şən nağılını həm şair, həm də pedaqoqlar rəğbətlə qarşılamışlar. Nağıl çox mənalı və onun mətni uşaqlar üçün aydındır.
Balaca qıza bir oyuncaq - hərəkət edən maşın bağışlamışlar. O, bu maşını hərəkətə gətirə bilər. Ancaq qız maşını sürmür. O, maşına deyir ki, mən səni çox əzizləyirəm, ona görə də işlətmirəm...
Öz sahibinin bu son dərəcə qayğıkeşliyindən maşın qəflətən xəstələnir. Məlum olur ki, kuza yüksüz ola bilməz, maşına bir yerdə dayanmaq yaramaz, o, daim hərəkətdə olmalıdır.
Bu nağıldakı şən öyüd uşaqlara çox yaxşı çatır. Halbuki burada şair heç bir yerdə açıqdan - açığa deməmişdir ki, habelə adamlara da bu maşın kimi işsiz dayanmaq zərərdir. İşsizlik heç kəsə fayda verməmişdir.
Yumor vasitəsilə çox şey etmək olar. Məsələn, əxlaqi mövzularda uşaqlarla aparılan danışıqlar zamanı yumor məhz ciddi fikirlərin ifadəsinin kəskin bir formasıdır. Bunu uşaqlar yaxşı başa düşürlər. Onlar şeirdəki istehzanı və komik mübaliğələri çox yaxşı hiss edirlər...Bu şeirlərdəki dərin və hərarətli yumor və yaxud kəskin satira tərbiyəvi məqsəd daşıyır. Axı həqiqi uşaq yazıçısı həm də həmişə pedaqoq istedadına malikdir. Uşaqşlar üçün yazılan həmin şeirlərdəki kəskin, tipik xarakterlər bəzən elə dürüst verilmişdir ki, bu şeirlərin bir çox sətirləri artıq zərb - məsələ çevrilmiş, onlardakı “mənfi qəhrəmanlar”ın adı isə uşaqlara özlərinin ayrı-ayrı nöqsanlarını aradan qaldırmaqda kömək edir...”
Xanım Bartonun fikirlərinə uyğun olaraq, gəlin, iki maraqlı şeirə diqqət yetirək. S.Marşakın “Yekə cib”i (şeiri Cabir Novruz tərcümə edib) əsl uşaq xarakterinin təbəssüm yaradan cizgilərini canlandırır:
Qonşumuz Vanya
Bir cür oğlandır.
Onun yep-yekə
Bir cibi vardır.
Soruşma ora
Vanya nə qoyur.
Harda nə tapsa
Cibinə qoyur
Kökəlir cibi,
Yekəlir cibi.
Köhnə kranlar,
Qab, şüşə, mismar,
Daş, kəsək, qəlpə
Doldurur cibə.
Gedir bağçaya
Hər səhər Vanya.
Yağlı qutablar
Verirlər ona.
Bizim Vanyaya
Günorta, səhər,
Bir stəkan da
Süd də verirlər.
İsti qutabdan
O, yeyir, doyur.
Artıq nə qalsa
Cibinə qoyur.
Kökəlir cibi,
Yekəlir cibi.
Vanya istədi,
Südü bir ara
Töküb cibinə
Evə apara.
Süd isə birdən
Axdı cibindən
Yerə töküldü,
Uşaqlar güldü.
Vanya tutuldu,
Pol dümağ oldu,
Dedi özünə:
Sən işə bax bir,
Heyif ki, cibim,
Stəkan deyil,
Krujka deyil,
Vanya itirdi
Ayaqqabını.
Cibindən tapdı
Anası onu.
Vanya düşündü;
“Sən işə bax bir,
Heyif ki, cibim
Çamadan deyil”.
Gördüz cibinə
Vanya nə qoyur,
Hər nə tapırsa,
Cibinə qoyur.
Onun cibində
Min cürə şey var:
Köhnə kuklalar,
Sınıq qaşıqlar.
Elə bununçün
Yekəlir cibi,
Kökəlir cibi.
E.Serovun “Qayğıkeş qardaş” şeirində görün Andreyin necə “qayğıkeş” qardaşı var:
Qayğıkeş qardaşam mən,
Yox tayım - bərabərim.
Bütün oyuncaqlardan
Olsun gərək xəbərim.
Balaca qardaşımın
Andruşadır adı.
Sınaqdan keçirirəm
Hər kəs ona nə aldı.
Sınaqdan keçməlidir
Maşını, təyyarəsi.
Görüm necə işləyir,
Təmiz gəlirmi səsi?
Səhərdən axşamacan
Yoxlayıram qılıncı.
Andrey həsrət ilə
Baxır mənə gözucu.
Qurulan bir qurbağa
Verdilər Andreyə.
Mən tez aldım əlindən
Baxım, yoxlayım, deyə.
Dedim – bir qaç uzağa,
Dolaşma əl - ayağa!
Andrey tez mətbəxə
Qaçdı sözlü – gileyli;
Qurbağanı quraraq,
Mən də oynatdım xeyli.
Tullanaraq,
Taq - taraq,
Gördüm hoppandı yerdən,
Divara çıxdı birdən.
Gah böyrü üstə düşdü,
Döşəmədə sürüşdü.
Gah stolun altında
Tullanaraq qaçdı o.
Ürəyimi açdı o...
Birdən anam çığırdı:
-Niyə ağlayır uşaq?
Mən də bilmirəm, ancaq
Ona nə olduğunu,
Uşaq niyə ağlayır,
Kim incidibdir onu?
Uşaq poeziyasının tipik xüsusiyyətlərindən biri də sadəlikdir. Lakin qeyd etmək istərdim ki, uşaq şeirinin sadəliyinə dili yoxsullaşdırmaq yolu ilə deyil, sadə vasitələrlə, ən yüksək ifadəliliyi bacarmaq yolu ilə nail olmaq mümkündür. Xalq poeziyası da sadədir. Lakin o, necə də obrazlı, dinamik bir poeziyadır! Bu poeziyanın dili necə də təmiz və səlisdir.N.Slepakovanın “Biz istəyirik” və V.Korkinin “Xoşbəxtlik” şeirlərində olduğu kimi:
Getsək meşəyə-
Kimə rast gələk?
Nə canavara,
Nə də tülküyə.
Qoy ayı çıxsın
Qarşımıza, bax,
Nəhəng ayıya
Qələbə çalaq!
Gəmiyə minsək-
Əssin bərk külək,
Qoy gurum-gurum
Çaxsın ildırım!
Yağış da yağsın
Sellər də axsın.
Şeh də, yağış da
İslatsın bizi.
Soyuq üşütsün
Bədənimizi!
Çıxaq sahilə
Biz gülə-gülə
Qalib və razı!
Günəş qurutsun
Paltarımızı!
Ağacda alça
Olmasın alçaq.
Hündür budaqdan
“Gəl”, - desin bizə.
Qoy gicirtkan
Lap çıxsın dizə!
Top diyirlənib
Düşsün dənizə!
Qarşımıza qoy
Küçük çıxmasın,
Rast gələk harın
Qıllı köpəyə!
Qoy, baş işlədək
Verilən misal
Çətindir deyə!
Yol uzun olsun
Evimiz uzaq.
Addımladıqca,
Su üçün yanaq!
Dözək ən ağır,
Ən çətin işə.
Çətin işlərə
Biz qalib gələk
Dostlar, həmişə!
(“Biz istəyirik” şeiri)
Xoşbəxt olmaqçın
Bəzən insana
Çox az şey gərək
Olur dünyada.
Bir-bir onları
Gətirək yada:
Sürücüyə -dümdüz,
Rahatca bir yol.
Təyyarəçiyə-
Açıq səmalar,
Gün işığı bol.
Çörəkçiyə - xoş
Ətirli buğda,
Yol keçən istər
Gülər üz görsün
Solda və sağda,
Müəllim istər
Şagirdləri az
Səhv buraxsınlar.
Analar istər
Qəşəng balalar
Sözə baxsınlar...
Xoşbəxt olmağa
Mənə də çox şey
Deyildir gərək:
Bizim dünyada
Əgər hər adam
Olarsa azad, -
Hamını əgər
Xoşbəxt, bəxtəvər
Görərsə gözüm,-
Özümü xoşbəxt
Bilərəm özüm!...
(“Xoşbəxtlik” şeiri)
- Akimovanın “Ana hər şeyi bilir” hekayəsini neçə dəfə oxuduğumun sayını itirmişəm, lakin deməliyəm ki, çöhrələrə təbəssüm gətirən bu yazını neçə dəfə oxusan, yenə azdır:
Volodya anasına dedi:
-Ana, mənim yanımda Lena adlı bir qız oturur. Cizgiləri yaxşı çəkir.
Ana:
-Çox gözəl, - dedi, sən də cizgiləri yaxşı çəksəydin, qiyamət olardı.
Səhərisi gün Volodya dedi:
-Ana, Lenanın dəftərləri həmişə tərtəmiz olur.
-Səliqəli qızdır, - deyə anası cavab verdi,- Kitab - dəftəri təmiz saxlamaq olduqca ləyaqətli işdir.
-Ana,- deyə bir neçə gündən sonra Volodya bildirdi, - Lenagilin evlərində dəniz donuzu saxlayırlar.
Ananin üzü güldü:
-Gözəl işdir!-dedi, -heyvanların qayğısına qalmaq lazımdır.
Bir neçə gün də keçdi. Bir dəfə Volodya anasına söylədi:
-Ana, Lenanın nənəsinin başı yaman ağrıyır.
Ana kədərləndi:
-Çox təəssf,- dedi,- xəstə adamlara hamı kömək etməlidir.
Volodya fərəhlə dilləndi:
-Ana, Lena hörüklərinə mavi lent bağlayır.
-Lap yaxşı! - deyə anası cavab verdi, - Birinci sinifdə oxuyan qızlara mavi, çəhrayı, açıq yaşıl rənglər çox yaraşır.
Səhərisi gün Volodya zəngin düyməsini basdıqda qapını anası açdı.Volodya tək deyildi.
-Keçin, uşaqlar. Salam, Lenacan. Soyun.Volodya, niyə durmusan? Kömək elə, Lena soyunsun.
Volodya heyrət etdi. O, anasını bir tərəfə çəkib pıçıltı ilə soruşdu:
-Ana, sən nə bildin ki, bu qızın adı Lenadır?..
Qeyd etdiyim kimi, uşaq ədəbiyyatında başlıca mövzu, daha doğrusu, əsas məqsəd tərbiyəvilikdir. Ümumiyyətlə, tərbiyəvi olmayan ədəbiyyat təsəvvür etmək mümkün deyil. Ədəbiyyatın başlıca mövzusu müasir həyat məsələlərindən ibarət olmalıdır.Başlıca məqsəd kamil, müasir və gələcək insan xarakteri tərbiyə etməkdir ki, bu cəhətdən ümumi ədəbiyyatla uşaq ədəbiyyatı arasında heç bir fərq yoxdur və olmamalıdır.
Lakin bu, M.Rzaquluzadənin də qeyd etdiyi kimi, heç də o demək deyildir ki, uşaq və gənclər üçün yazılan hər bir əsər mütləq dünya miqyasında , ümumbəşəri ölçüdə, böyük mövzulara həsr edilməliidir. Məsələn, V.V. Mayakovskinin “Yaxşı nədir, pis nədir?”, “Nə olmalı?” və s. uşaq əsərlərində çox sadə və adi məsələlərdən; təmizkarlıq, cürətli olmaq, zəifə kömək, böyüyə hörmət etmək, sənət seçmək kimi gündəlik məsələlərdən danışılırsa da, bunlar uşaq ədəbiyyatının ən yaxşı nümunələri kimi qəbul edilir. Görək uşaqlar üçün yaxşı nədir, pis nədir? (şeir ixtisarla təqdim olunur):
Uşaq dedi:
-Ay ata!
Sən başa sal görüm bir,
Yaxşı nədir?
Pis nədir?
Məndə gizlin söz olmaz.
Qulaq asın, uşaqlar!
Atanın cavabları
Bizim bu kitabda var.
Evləri titrədərək
Coşub əsirsə külək;
Əgər göy guruldayıb
Yağırsa yaz yağışı,
Hamı bilir gəzməkçin
Deyil bu hava yaxşı.
Gördün yağış dayandı,
Buludlar da axışır.
Günəş göylərdə yandı,
Çox gözəl, çox yaxşıdır.
Xoş olur belə vaxtlar
Gəzməkçin, oynamaqçın,
Həm böyük, həm uşaqçın...
...Əgər ki, bir dalaşqan
Körpələri döyürsə,
Mən yazmaq istəmirəm
Heç beləsindən sizə.
Ancaq bax! Bu qışıqırır:
“Ona toxunma!”- deyir.
Özündən kiçiklərə
Güc göstərmə, utan bir.
Bax, bu yaxşı uşaqdır,
Dedikləri də haqdır.
Həm kosu, həm kitabı
Cırmısansa, bunu bil
Körpələr də deyəcək:
Bu, yaxşı uşaq deyil.
Əgər uşaq iş sevir,
Çox kitab oxuyursa.
Beləsinə deyirlər:
Yaxşıdır – aydın, qısa.
Biri qarğa görəndə
Qorxub qaçır kənara.
Qorxaq, aciz deyirlər
Bu sayaq uşaqlara.
Amma bax! Bunun boyu
Vur-tut bircə qarışdır,
Qorxmur yırtıcı quşdan,
Bu, ürəkli uşaqdır.
Beləsi çox yaxşıdır.
Onda ki, bu cəsarət
Hələ bu yaşında var,
Gələcək həyatında
Ona çox gərək olar...
...Bu, balaca olsa da,
Çox qoçaqdır, çox yaxşı,
Bunları bilsin gərək
Bilsin bütün uşaqlar.
Çoşka kimi böyüyən
Axırda donuz olar.
Xeyli sevindi uşaq
Oxuyub cavabları,
Dedi: - Oxusun hamı
Bu sayaq kitabları!
Mən də pis iş görmərəm.
Çalışaram həmişə
Qüvvət verim, qoşulum,
Hər yerdə yaxşı işə.
K.Çukovskinin “Pinti olma!” şeiri də uşaqlar üçün gözəl nümunədir: (ixtisarla təqdim edirəm)
Girmək üçün yatağa,
Ayaq basdım otağa.
Balış məni görüncə,
Tez atıldı bir küncə...
...Hər şey tərpəndi birdən,
Uçdu, qaçdı yerindən...
... Anam yatan otaqdan-
Qaçdı üstümə birdən.
Axsaq, çolaq üzyuyan
Oynatdı göz-qaşını,
Tərpətdi ağ başını:
-Ey yaramaz,
Pinti, qanmaz!
Yuyunmamış,
Kirli uşaq,
Aynaya bax!
Üzün kirli,
Gözün kirli,
Sir-sifətin
Ondan çirkin,
Ondan murdar.
Hər təmiz şey
Səndən qaçar.
Boğazında çəkmə yağı,
Azacıq ondan aşağı
Palçıq, torpaq,
Bir yaxşı bax-
Üst- başına,
Yoldaşına.
Əllərinin çirki axır,
Üzündən sanki his yağır.
Bax, otaqda hər nə ki var,
Hətta çəkmə, hətta şalvar-
Səndən qaçar...
...Üzyuyana tez yanaşdım,
Sabun, fırça və maçalka
Aldım ələ,
Gülə-gülə.
Murdar kiri,
Ləkələri,
Çirk üzümü,
Baş-gözümü-
Yudum təmiz,
Oldum təmiz...
...Birdən məşhur üzyuyan,
Adlı-sanlı komandan
Yüyürdü tez yanıma,
Sarmaşaraq boynuma,
Öpdü təmiz üzümdən,
Dedi: “Getmə gözümdən!”
Bax, necəsən, tər-təmiz,
Üstün, başın ləkəsiz.
Aynada bax özünə,
İndi mən dostam sənə.
Hər yerə ki, gedəcəm,
Səni tərif edəcəm.
Bundan sonra hər səhər,
Səni bu dostun səslər:
Üstü, başı gül bala,
Saçları sünbül bala,
Oyandınsa, gəl görək,
Tez ol yuyunmaq gərək!
Təmiz saxla özünü,
Boğazını, üzünü-
Təmiz yu, qalmasın kir,
Üzün qoxusun ətir.
Təmizkarlar var olsun!
Pintilərə ar olsun!..
İ.S.Turgenev “Oyuncaq” adlı uşaq jurnalının əməkdaşı S.Lavrentievaya göndərdiyi məktubunda yazırdı: “Uşaqlar üçün əsər yazmaq çox çətin məsələdir.Gərək çalışasan ki, fikri sadə ifadə edəsən. Uşağa deməyəsən ki, nə edim, sən hələ uşaqsan, ayrı cür yaza bilmərəm, başqa cür yazsam, sən başa düşməzsən”.
Rusiyanın görkəmli alimi, tarixçisi, şərqşünası və filoloqu akademik Vasili Vladimiroviç Bartoldun tövsiyyəsi geniş yayılmışdı: “Elə yazmaq lazımdır ki, savadsızlar başa düşə bilsin, savadlı, təhsilli adamlar isə bəyənmiş olsun”. Bartoldun “Əsərləri”ndən məlum olurdu ki, XII-XIII əsrlərdə yazılmış bir sıra ədəbi və tərbiyəvi əsərlər nisbətən sadə və anlaşılan dildə yazılmışdı.
XVIII əsrin nümunələri də maraqlıdır. Belə ki, rus ədəbiyyatında demokratik satira janrı təzahür etdiyi vaxtda ərsəyə gələn “Şemyakin məhkəməsi haqqında”, “Yerşe Yerşoviç Şetinnikovun oğlu haqqında” povest xalq dilində yazılmış sadədilli bir əsərdir.
Çernışevski kitabı həyatın dərsliyi adlandırmışdır.Məhz buna görə də uşaqlar üçün yazılan hər bir əsərdə uşaq özünü görməlidir və yaxud elə surətlər yaradılmalıdır ki, uşaq onu təqlid etməyə can atsın.
Çünki uşaqlar üçün əsər yazan yazıçı eyni zamanda pedaqoqdur, tərbiyəçidir.Uşaq ədəbiyyatının əsas xüsusiyyətlərindən biri də məhz bədiiliklə təlim-tərbiyə məsələlərini özündə birləşdirməsdir.
M.Qorki 1927-ci ildə yazdığı məqalələrinin birində deyirdi ki, uşağın sənə verdiyi suala cavab verməyib, “gözlə, böyüyəndə bilərsən” –söyləyərək başdan eləmək onun öyrənmək meylini söndürmək deməkdir.
“Arxip baba və Lyonka”, “Uşaqlıq”, “Özgə qapılarında”, “İzergil qarı”, “Çelkaş” kimi gözəl hekayələrin, “Ana”, “Artamonovların işi” və s.romanların, bir çox pyeslərin, məqalə və oçerklərin müəllifi olan, dünya ədəbiyyatının ən böyük sənətkarlarından biri hesab edilən M.Qorki uşaqları çox sevirdi.Böyük sənətkar uşaqların həyatından yazmaqla bərabər, onların xoşbəxtliyi, səadəti, gələcəyi barədə düşünmüş və bu sahədə geniş fəaliyyət göstərmişdi.
Hələ orta məktəb şagirdi ikən dönə-dönə oxuduğum kitablardan biri də M.Qorkinin “Mən necə oxumuşam” kitabı idi. Səmimiyyətlə etiraf edirəm ki, bu dünya şöhrətli yazıçının yazdıqları və kitaba olan məhəbbəti mənim ən ülvi duyğularımla üst-üstə düşürdü və mənəvi aləmimin hakimi olan bu müqəddəs tərbiyə vasitələrinə sevgimi daha da gücləndirirdi. Qorki yazırdı: “...Kitablar qarşımda yeni-yeni aləmlər açmaqda davam edirdi; xüsusilə “Vsemirnaya illüstrasiya” və “Jivopisnoye obozreniye” məcmuələri mənə çox şey öyrədirdi...Mən nə qədər çox oxuyurdumsa, kitablar məni dünyaya bir o qədər çox yaxınlaşdırırdı, həyat mənə daha işıqlı, daha mənalı görünürdü...Çox vaxt oxuduğum kitablardakı insanlar o qədər gözəl təsvir edilirdi ki, ağlayırdım, onlar mənə əziz, doğma olurdular.Hələ uşaq ikən axmaq işlərlə incidilən, axmaq söyüşlərlə təhqir edilən mən, özüm-özümə söz verirdim ki, böyüyəndə insanlara əl tutacağam, onlara namusla xidmət göstərəcəyəm.
Kitablar nağıllarda təsvir edilən ecazkar quşlar kimi həyatın nə qədər rəngarəng və zəngin olmasından, insanın nə qədər səylə xeyirxahlığa və gözəlliyə can atmasından söhbət açırdı.Getdikcə ürəyim daha sağlam və möhkəm ruhla dolurdu.Mən sakitləşmişdim, özümə inamım artmışdı, daha yaxşı işləyir və həyatın saysız-hesabsız təhqirlərinə getdikcə daha az fikir verirdim.
...Etiqadımın doğruluğuna dərin inamla hamıya deyirəm: Kitabı sevin, o, sizin həyatınızı yüngülləşdirər, rəngarəng, coşqun fikir, hiss və hadisələr qarmaqarışığından baş çıxarmaq işində sizə bir dost kimi kömək edər; kitab sizə, insana və özünüzə hörmət etməyi öyrədər, kitab ağlı və ürəyi dünyaya və insana məhəbbət hissi ilə qanadlandırır...Kitabı sevin, o, bilik mənbəyidir, ancaq bilik insana nicat verir, yalnız bilik bizi, insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arasıkəsilməz böyük zəhmətinin gözəl bəhrələrinə ürəkdən sevinməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı insanlar edə bilər”.
Yazıçı ilk hekayələrinin birində Danko adlı gənc bir oğlanın obrazını yaradır.Dankonun yaşadığı qəbilə düşmən tərəfindən təqib edilir.Onlar qaranlıq bir meşəyə gəlib çıxırlar, burada əzab-əziyyətlərlə qarşılaşır, ağır bir duruma düşürlər.Ölümə məhkum olunmuş bu adamları yalnız gənc oğlan Danko xilas edir.O, sinəsini yarır, ürəyini çıxarır. Dankonun ürəyi bir məşəl kimi od tutub yanır.Qaranlıq meşə nura qərq olur, insanlar işıqlığa çıxır, düşmən təqibindən və əsarətdən xilas edilir.
Yazıçı bu maraqlı hekayəni xalq əfsanələri əsasında yazsa da, əfsanəni xalqla, həyatla bağlamış, insanları azadlığa, işıqlı dünyaya çıxmaq üçün mübarizə aparmağa, Danko kimi özünü başqalarının səadəti yolunda qurban verməyə, igid və qəhrəman olmağa çağırmışdır.
M.Qorki 1909-cu ildə İtaliyanın Kapri adasından bakılı uşaqlara yazdığı bir məktubda deyirdi: “Bir-birinizi sevin və daha çox dəcəllik edin – qoca kişi və qoca qadınlar olduğunuz vaxt dəcəlliklərinizi şən gülüşlərlə xatırlayacaqsınız”. (Bu anda uşaqların və biz böyüklərin çox sevdiyi “Maşa və ayı” kimi cizgi filmlərini təbəssümlə yada salıram – R.Mirzəzadə). Lakin elə uşaq yazıçıları da var ki, öz əsərlərində uşaqlara hətta dəcəllik etməyi az qala qəti qadağan edir, heç bir dəcəllik etməyən “nümunəvi əxlaqa malik” uşaq obrazları yaradırlar. Təbii ki, belə uşaqlar həyatda yoxdur, buna görə də belə obrazlar süni və qondarma təsir bağışlayır.
Doğru fikirdir ki, uşaq yazıçıları uşaqların həyatına nüfuz etməli, bu həyatı dərindən və hərtərəfli, özünəməxsus bütün cəhətləri ilə öyrənməli, tipik cəhətləri, tipik obrazları seçməli, duymalı, bədii ümumiləşdirmə ilə yazıçı və ya şair xəyalının süzgəcindən keçirməlidirlər.
Qaynar uşaq həyatını bu həyatın özünəməxsus ziddiyyətlərindən təcrid edilmiş halda qəbul etmək əlbəttə ki, mümkün deyildir. Uşaqların dalaşmaları, küsüşmələri, dəcəllikləri, bir-birinə rəqabətləri onların həyatının adi və təbii normalarıdır. İ.Xolinin “Mən və Slavka” şeiri qeyd etdiyim kimi, təbii uşaq həyatından götürüldüyü üçün oxucu ləzzətlə oxuyur:
Slavka ilə
Lap qardaşıq biz,
Özfəaliyyət
Dərnəyinə də
Getdik ikimiz.
Bir gün məktəbdə
Görüş var deyə,
Dedilər bizə:
-Çıxın səhnəyə!..
Biri oxudu,
Biri oynadı,
Səhnədən düşdü.
İndi də növbə
Bizə yetişdi.
Rolumuz belə
Bölüşmüşdü ki,
Tərslikdən elə
Pis düşmüşdü ki,
Gərək mən vuram,
O, yıxılaydı;
Slavka mənə
Təslim olaydı.
Amma neyləyim
Mən arıq, nazik,
O, yekəpərdi;
Məni bir əlli
Döyüb əzərdi.
Hey çığırıram:
Slavka, dur bir!
Dalaşmaq nədir
Bura səhnədir!..
Yalvarıram da
Asmayır qulaq.
Üstümə hücum
Eləyir ancaq.
Salondakılar
Gülür hırhahır.
Slavka elə
Üstümə cumur...
Araladılar
Bizi bir təhər
Özümüz yorğun
Bədənimiz tər.
Onun burnundan
Qan gəlir.Mənim
Göm-göy olmuşdur
Bütün bədənim.
Dayanmışıq biz
Budur, üz-üzə:
Biz ki, qardaşıq,
Dalaşmağı bəs
Kim dedi bizə?
Aqniya Bartonun “Tərs uşaq” (bu əsər Azərbaycan dilində 1936-cı ildə fərqli əlifba ilə çap olunub, şeiri ixtisarla təqdim edirəm) şeiri də maraqlıdır:
Hamı buterbrod yeyir
Ondan sonra kompot içir.
Onun işi əksinədir,
Nə eləsə, tərsinədir.
Əvvəl udur kompotunu,
Sonra buterbrodunu.
Hamı dişlərini yuyur,
Sonra paltosunu geyir.
Palto geyir bu tərs uşaq,
Yun şərfini bağlayaraq,
Sonra yuyur dişlərini
Tərsə görür işlərini.
Əhməd, Telli, Toqay, Zivər,
...-Bu düz gəlmir gedişinlə,
Dal-dalı get yolunu da,
Qoy tərsinə olsun bu da
-Nə olsun ki, gedərəm də!
O, çevrildi gedə-gedə,
Xəstə kimi valayladı
Bu tərslik yaxşı olmadı
Vurdu adamları yıxdı
İşdən qəmbərqulu çıxdı.
-Ay yoldaşlar, əkilin tez,
Bir tərəfə çəkilin tez-
Gələr alnınızı əzər!
Gələr burnunuzu üzər.
Bu nə qorxunc hadisədir,
Görün oğlan necə gedir,
Çaşır bu həddini aşır.
Zalım dirəyə dırmaşır,
Toxunub, yıxıb qarını
Pozmayır heç vüqarını
Valayladı, o, sürüşdü
Milisin üstünə düşdü.
Milis dedi:-Bu nə işdir?!
Axı bu nə tərs gedişdir?
Yol getməyin qaydası var,
Sağdan gedirlər adamlar!
Burax, bu yersiz işləri
Dön yolunu, dümdüz yeri!
O, bağırdı, söylədi:-Mən
Tərs gedirəm, tərsliyimdən.
Hər bir işim tərsinədir
Uşaqların əksinədir.
Bu tərs uşaq saymaz-saymaz
Tərsinə yol getdi bir az
Başı dəydi bir şalbana,
Bulandı üz - gözü qana.
Gözüyaşlı durdu ordan
Qaçdı evə peşman-peşman.
Dedi tərslikdə yox fayda
Hər işdə var düzgün qayda
Dəcəlliklə olmaz aram
Bundan sonra tərs olmaram!
1910-cu ildə L.N.Tolstoyun ölümündən sonra bir uşaq Qorkiyə belə bir məktub yazır:
“Əzizim Maksim Qorki, rus yazıçıları ölüb getdilər.Bircə sən qalmısan. Mənə bircə dənə nağıl yaz, göndər”.
Qorki bu kiçik məzəli məktuba belə cavab verir:
“Mənim əzizim Plyuşa! Düzdür, Tolstoy insandı - o, vəfat etdi, lakin dahi bir yazıçı kimi o, hələ ölməmişdir, o, həmişə bizimlədir.
Bir neçə il keçəndən sonra sən böyüyüb boya-başa çatacaqsan.Tolstoyun gözəl əsərlərini özün oxumağa başlayacaqsan, mənim əziz balam, onda sən böyük sevinclə hiss edəcəksən ki, Tolstoy ölməzdir, o, səninlədir, onu oxuduqca, həzz alırsan, bir də Vladimir Korolenko adında gözəl bir yazıçı var. Atana de ki, o, sənə Korolenkonun “Qoca zəngçalan” adlı hekayəsini ucadan oxusun. Məktubuna görə təşəkkür edirəm. Arzunu yerinə yetirib, sənə bir nağıl yazıb göndəririəm”.
Qorki öz balaca oxucuları ilə çox sıx və möhkəm əlaqə saxlayır, bu əlaqədən böyük nəticələr çıxarır, uşaqların istək və arzularını, zövqünü, ədəbiyyata maraq və təlabatını öyrənirdi. Qorki uşaqlar üçün yazdığı bir çox əsərlərini uşaqların xahişi, sifarişi və verdikləri mövzular əsasında yaratmışdır.
1933-cü ildə “Pravda” qəzetində M.Qorkinin bir məqaləsi dərc olunmuşdu.Bu məqalədə Qorki bütün ölkənin bütün uşaqlarına müraciət edərək deyirdi: “Uşaqlar, sizin üçün xüsusi bir nəşriyyat təşkil etmək fikrindəyik.Hər şeydən əvvəl bilmək istəyirik ki, siz hansı kitabları daha çox sevirsiniz?Hansı kitablar sizə daha xoş gəlir? Hansı mövzularda kitablar oxumaq arzusundasınız?”.
Yazıçının bu suallarına iki min nəfərdən çox uşaq cavab verir. Bir neçə gün sonra qəzet S.Marşakın “Uşaqların Qorkiyə cavabı” adlı məqaləsini dərc edir. Məqalədə göstərilirdi: “Göndərilən məktublardan aydın olur ki, gənc oxucuları böyük bir mövzu, daha doğrusu, hər şey – həyatın bütün sahələri maraqlandırır”.
Məktublarda uşaqlar öz arzularını belə ifadə edirdi: “Biz bu günü yaxşı dərk etmək üçün yazıçılarımızın əsərlərindən keçmişi öyrənmək istəyirik... Biz klassikləri oxumaq arzusundayıq... Biz elmi-fantastik və macəra romanları oxumaq istəyirik...” və s.
Rus uşaq ədəbiyyatının digər sevimlilərindən biri olan Arkadi Qaydar da uşaqlarla birlikdə gəzintiyə çıxmağı, maraqlı uşaq oyunlarına saatlarla tamaşa etməyi çox sevərdi.Qaydar öz əsərlərini hələ çap etdirməmiş uşaqlara oxuyar, onların səsini eşidərdi.Hər gün ölkənin müxtəlif yerlərində yaşayan uşaqlardan xeyli məktub alar və bu məktubların heç birini cavabsız qoymazdı. Bütün bunlara görə də onun əsərləri həyatla səslənir, oxucunun ürəyinə yol tapa bilirdi. Mən bir oxucu kimi Qaydarın əsərlərindən nümunə gətirib bacardığım qədər təhlil verməyə çalışa bilərdim.Lakin bu yazıçının ömrünün uşaqlara, gənclərə nümunə olan elə əhəmiyyətli, maraqlı anları olub ki, bunların özü böyük bir maarif, təhsil işinə bərabər olmaqla, əsl həyat məktəbi kimi yaddaşlarda yaşamış və yaşamaqda davam etməkdədir.
Öz azadlığı uğrunda mübarizə aparan, çarın müharibə siyasətinə qarşı çıxan xalq hərəkatında kiçikyaşlı Qaydar da vardı.O,15 yaşında ikən hərbi komandirlər kursunu bitirib, bölük komandiri təyin edilir, vətəndaş müharibəsinin müxtəlif cəbhələrində xalqın səadəti uğrunda vuruşur. 17 yaşında alay komandanı olur. 1923-cü ildə əvvəllər aldığı zədələrin və güllə yaralarının fəsadlarından qəflətən xəstələnir. 20 yaşı tamam olanda onu ehtiyata keçirirlər.Həmin vaxtdan etibarən yazmağa başlayır. 1926-1940-cı illər arasında “R.V.S.”, “Məktəb”, “Uzaq ellərdə”, “Dördüncü blindaj”, “Qoy işıq saçsın”, “Hərbi sirr”, “Göy fincan”, “Təbilçinin taleyi”, “Çuk və Qek”, nəhayət, uşaqların və böyüklərin ən çox sevdikləri “Timur və onun komandası” kimi əsərlərini yazır.
Qaydar deyirdi: “Dünyada yazıçılıqdan çətin sənət yoxdur.Sözü gərək elə deyəsən ki, birbaşa gedib hədəfə dəysin.Hədəfə isə nəinki dəymək, hətta onu axtarıb tapmaq belə çətindir.Bunun üçün gərək elə hey axtarasan, oxuyasan, öyrənəsən.Başqalarından ustalıq öyrənəsən, ancaq öz hədəfini axtarıb tapasan...Bu, çox çətindir.Ağalarla vuruşdan da çətindir”.
Bir dəfə Klin şəhəri yaxınlığında uşaqlarla Arkadi Qaydarın görüşü olur. Görüş səmimi və şən keçir.Yazıçı uşaqlara özünün hələ yazılmamış kitabları haqqında danışır və uşaqlar ona cürbəcür suallar verirlər. Uşaqlardan biri belə bir sual vrir: “Necə olur ki, adamlar yazıçı olurlar, yazıçı olmaq çətindir, ya asan?Bu, adi işdir, ya o qədər də yox, yüngüldür, ya bir o qədər də yox? Yazıçı olmaq üçün çoxmu oxumaq lazımdır?Necə bilmək olar, səndən yazıçı olar, ya yox?
Qaydar əsl yazıçı olmaq haqqında uşaqlara ətrafı söhbət açır.O, yan-yörəsinə baxır, səmimiyyətlə nəyə isə gülür. Demə, kitabxanadan Qoqolun əsərlərinin tam külliyyatını götürüb öz yanına qoymaq və oxumaq lazımmış.
-Hamısını birdən? – deyə, uşaqlar qorxmuş halda soruşur, - Bəs oxuyub qurtardıqdan sonra?
-Oxuyub qurtardıqdan sonra – deyə Qaydar cavab verir, - kitabları yenə də qoy yanına və təzədən başla oxumağa.
-Hamısını? – deyə uşaqlar dəhşət içində soruşur.
-Hamısını, - deyə Qaydar ciddi halda cavab verir.- Bir dəfə oxu, iki dəfə oxu, üç dəfə, səkkiz dəfə, nə zaman ki, sən beləcə on dəfə Qoqolu oxudun, təkrar – təkrar oxudun, səndə iki şeydən biri baş verə bilər: ya sən həqiqətən yazıçı olarsan, ya da artıq heç bir zaman yazıçı olmazsan.
Yazıçı gülümsünərək uşaqlara başa salır ki, nə üçün Qoqol kimi yazıçıları oxumaq və yenə də təkrar-təkrar oxumaq lazımdır. Axı kitablar da adamlar kimi müxtəlif olur.Şən və kədərli kitablar, sevimli və xoşagəlməyən, çox yaxşı və ortabab kitablar. “Məsələn, mən, - Qaydar deyir, - elə bu cür yazıçı olmuşam.Hələ məktəb şagirdi olarkən kitab oxumaq mənim ən sevdiyim məşğuliyyətim idi. Qoqolun və Lev Tolstoyun kitablarını mən dəfələrlə oxuyur və hər dəfə də onların böyük və hiyləgər istedadı, sənətkarlığı mənə yenidən açılırdı.Əgər sən yaxşı kitabı bircə dəfə oxusan, orada heç də hər şeyi görə bilməzsən. Qəhrəmanları yadda saxlaya bilərsən, ancaq oradakı gözəlliyin hamısını görüb başa düşə bilməzsən.Yazıçı isə öz ana dilini sevməli, onun hər bir sözünü başa düşməli, hər bir sözün arxasında gizlənən hər şeyi görməyi bacarmalıdır. Ağıllı sözlərin arxasında isə çox şey tapmaq olar”.
Qaydar susur. Uşaqlar da susur və eşitdikləri haqda fikrə dalırlar...
Moskva yaxınlığındakı Kolomenski kəndində yazıçının yenə məktəbli uşaqlarla görüşü olur. Yolu çay kənarından keçəndə görür ki, düşərgə uşaqları çayda çimir, əylənirlər. Ayaq saxlayıb ucadan soruşur:
-Ey, igidlər, orda nə edirsiz?
Uşaqlar onu tanımadıqlarından cavab verir ki:
-Çimirik dayı, qorxmayın, yaxşı üzürük.
Qaydar deyir:
-Eh, üzmək nədir ki, it də üzə bilir. Batmağı necə, bacarırsızmı?
Uşaqlar çaş-baş qalır.
Qaydar çox ciddi deyir:
-Ümumiyyətlə, adam gərək batmasın. Çünki o, sudan yüngüldür. Çoxu da elə qorxudan batır. İçərinizdə batan olsa, heç özünü itirməsin, birbaş suyun dibinə getsin, ancaq nəfəs dərməmək şərti ilə. Elə ki, suyun dibinə çatdın, cəld ayağını torpağa çırp, o saat mantar kimi suyun üzünə çıxacaqsan.
Bu məsləhətdən sonra çayda bir hay-həşir başlayır, gəl görəsən. Düşərgədə onlara üzmək öyrətmişdilərsə, bu “qəribə dayı” isə onlara batmağı, daha doğrusu batmamağı öyrətdi...
Böyük Vətən müharibəsinin əvvəllərində Arkadi Qaydar Poltava yaxınlığındakı Leplyova kəndində üç döyüşçü yoldaşı ilə birlikdə vuruşda düşmən gülləsindən həlak oldu.Kənd əhalisi gecə ikən onun cəsədini tapıb, gizlicə basdırmışdı. İndi o, Dnepr sahilində ən yüksək bir təpədə Ukraynanın unudulmaz oğlu Taras Şevçenko ilə yanaşı yatır.
Uşaqlar üçün yazılan əsərlərdə hər şeydən əvvəl əyləndirici, cəzbedici və sövqedici süjet xətti olmalıdır. Xüsusən kiçik yaşlı uşaqlar üçün yazılan əsərlər kiçikhəcmli olmalıdır. A.Tolstoy “Kiçik hekayə nə deməkdir?” adlı məqaləsində deyir: “Novella - sənətin ən çətin formasıdır.Yazıçı böyükhəcmli əsər yazdığı vaxt gözəl təsvirlər, məzəli dialoqlar və bir çox başqa vasitələrlə oxucunu birtəhər razı sala bilir. Kiçik hekayədə isə... Onun bütün istedadı göz qabağında olur.Böyük mövzuları kiçikhəcmli hekayədə vermək yazıçıdan böyük ustalıq tələb edir”.
Uşaqların tərbiyəsində əsərin müsbət qəhrəmanının rolu böyükdür. Uşaq öz hərəkətləri, davranışı, ətrafındakılara münasibəti, ictimai işlərdə fəallığı, əməksevərliyi, mətinliyi, təvazökarlığı ilə sevdiyi qəhrəmana bənzəməyə, həyatda onun kimi olmağa, öz geyimini, yerişini, danışıq tərzini ona uyğunlaşdırmağa çalışır.Müsbət qəhrəmanın oxucuya necə gözəl təsir etdiyinə dair onlarla fakt göstərmək olar.Lakin birini qeyd etmək istəyirəm; “Polad necə bərkidi” əsəri haqqında bir oxucunun Soçidə Ostrovski muzeyində yazdığı aşağıdakı sözlər demək olar ki, bütün müsbət qəhrəmanlar üçün xarakterikdir:
“Bu sətirləri Ostrovskinin adam etdiyi bir şəxs yazır.Mən keçmişdə oğru idim. Oğurladığım çemodanla birlikdə “Polad necə bərkidi” əsəri əlimə keçdi.Mən təsadüfən birinci səhifəni oxudum və kitabdan ayrıla bilmədim.
Oxuyub qurtardıqdan sonra isə xəcalət çəkdim, məndə hər şey dəyişildi. Mən namusla yaşamağa və heç olmazsa Ostrovskiyə bir qədər oxşar şəkildə işləməyə, onun kimi olmağa söz verdim.Öz sözümün üstündə durdum...İndi mən dünyanın ən məşhur metropolitenlərindən birində işləyirəm. Mən öz xoşbəxtliyim üçün Ostrovskiyə borcluyam”.
O da kitabı çox sevirdi. Özü də həddindən artıq. Söhbət görkəmli rus şairi Mixail Svetlovdan gedir. Şairin mədəni həyatı atasının evlərinə gətirdiyi klassiklərin iri bir kisə müxtəlif cildlərini gətirdiyi gündən başlamışdı.Atası bu kitabların hamısına kisə qarışıq bir manat altmış qəpik vermişdi. Lakin atasının kitabxana düzəltmək fikri yox idi. Məsələ burasında idi ki, anası bütün Yekaterinoslavda tum qovurmaq ustası kimi ad çıxarmışdı. Kitablar da tum bükmək üçün alınmışdı. Mixail belə bir şərt kəsmişdi ki, kitablar yalnız o onları oxuyandan sonra cırılıb işlədiləcək.
Həmin vaxtalar Mixail kitablardan öyrənir ki, Puşkin və Lermontov dueldə həlak olmuşlar. Bir də onu “sekundant” sözü yaman sarsıtmışdı; o, əmin idi ki, bu adam saniyələri çox yaxşı hesablayan saatsaz idi.
Mixail kitabların hamısını oxuyub qurtarandan sonra özü oturub roman yazmağa başlayır. İkicə saata yazıb qurtarır.Romanını oxuyanda heyrətdən bacısının gözləri bərələ qalır, sevinir ki, ailələrindən dahi çıxmışdır.
“Olqa Mifuzorina” adlı iki səhifə yarımlıq, üstəlik də iri xətlə yazılmış romanın qəhrəmanının müsibəti uzun çəkmir, qız üçüncü səhifədə ölür.
Mixail roman müəllifi olandan sonra özünü poeziya meydanında sınamaq qərarına gəlir.İyirmi misralıq şeir iyirmi dəqiqəyə hazır olur.
Mixail yaradıcılıq nailiyyətlərini Kolya Korobkova danışır. Kolya sakitcə onu dinləyir.
Ertəsi gün Kolya Mixailə iki yüz misralıq şeir gətirir. Kolya fikirləşir ki, şeir on dəfə böyükdürsə, deməli, on dəfə də yaxşı olmalıdır.
Aralarında yarış başlanır – birinci hansının şeiri çap olunacaq. Onlar redaksiyaları ayaqdan salırlar.Birinci Kolya Korobkovun şeiri ümumşəhər şagird qəzetində çap olunur. Bir həftə sonra dostun digər bir qəzetdə ikinci bir şeiri də çap olunur. Sonralar onun adı tez-tez bütün qəzetlərdə görünür.Nəhayət, 1917-ci ildə “Qolos soldata” qəzetində Mixailin də ilk şeiri çap olunur.
1919-cu ildə Mixail Svetlov mətbuat sahəsində məsul vəzifədə çalışır.16 yaşlı redaktorun yanına iki on altı yaşlı gənc gəlir- Mixail Qolodnı və Aleksandr Yasnı. Onlar redaksiyaya şeir gətirmişdilər.Beləcə üç şair dostlaşıb ədəbi məclis yaradır. Sonralar üç sənət qardaşı Qolodnı, Yasnı və Svetlov Moskvaya köçür.
Mixail Svetlovun xatirələrindən:
“Mən o zamankı ədəbi Moskvanı xatırlayanda həm kədərlənir, həm də təəccüblənirəm. Daha nə yox idi?!. İmajinistlər bir tərəfə, hələ üstəlik fuistlər, niçevokilər və bir çox başqa axınlar da vardı. Mən “Kişilər doğsun!” kitabçasını indi də saxlayıram. Meningit adam da belə şey yazmaz.
1926-cı ildə Moskvada mənim “Gecə görüşləri” şeirlər kitabım çıxdı.
...Bir dəfə şair Boris Kovınyevin evində oturmuşdum, mənə dedilər ki, səni Mayakovski telefona çağırır. Fikirləşdim ki, yəqin məni ələ salırlar, ona görə də dəstəyi ləng aldım. Axı mən Mayakovski ilə tanış deyildim. Mayakovski telefonda məni səbrlə gözləyirdi...”
Mayakovski mehmanxana bərbərxanasında növbəyə dayanan zaman bekarçılıqdan masa üstündəki jurnalı vərəqləməyə başlayır. Jurnalda Svetlovun “Qonaqlıq” şeirini oxuyur.Şeir çox xoşuna gəlir:
-İstədim sizə teleqram vurub təbrik edəm, ancaq sonra fikirləşdim ki, zəng vurub özü ilə danışsam, daha xoş olar. Yadınızdan çıxmasın, şeirdəki “ulduz vurğunu” ifadəsini atın.Əllaməlikdir.
-Atmışam, - deyir Svetlov.
-Onda qiyamət şeirdir. Sabah yanıma gəlin.Politexnik İnstitutunda axşam görüşüm var, bir yerdə ora gedərik.
Həmin məclisdə Mayakovski Svetlovun “Qrenada”sını əzbərdən söyləyir...
30-cu illərdə onun bir sıra şeir kitabları çap olunur. Dövlət Bədii Ədəbiyyat Nəşriyyatında “Seçilmiş şeirlər”, “Moskovski raboçi” nəşriyyatında “Köklər”, “Molodaya qvardiya” nəşriyyatında “Qrenada” və s. Bu dövrdə Svetlov qələmini dramaturgiya sahəsində də sınayır və “Ucqar əyalət”, “Nağıl”, “İyirmi il keçmiş”, pyeslərini yazır, bu əsərlər Moskva teatrlarının səhnələrində tamaşaya qoyulur.
İllər bu qayda ilə keçir.Müharibə başlanır.Orduda şücaətlə döyüşür, dörd almanı əsir götürür. Doqquzuncu tank korpusu ilə Berlinə qədər gedir. Müharibə ona “Brandenburq darvazaları” pyesinin mövzusunu verir, o, “İtaliyalı” və bir çox başqa şeirlərini yazır.
Şairin müharibə mövzusunda yazdığı “Doğma qadınlar” şeiri onun yaradıcılığında ən çox sevdiyim şeirlərdən biridir:
Sorğulu-suallı olur uşaqlar,
Qəribə heyrətlə oğlan soruşur:
-Dünyada nə qədər qardaş qəbri var,
Bacı qəbirləri bəs niyə yoxdur?
Bəzən mən dəhşətli yuxu görürəm,
Sübhəcən gözümün getmir acısı.
Mərmilər, qəlpələr yağır- görürəm,
Can verir nə qədər şəfqət bacısı.
Bəs bizim ümumi qayəmiz nədir?
Gedək tutduğumuz bu yolu, gedək
Ümumi iclasdan sonra arabir
Gizli dərdləri də biz görə bilək.
Odur, Ryazanda bir axşam çağı,
Bir heykəl yanında heykəl dikəldi.
Qəhrəman Vanyanın büstü yanına
Əyilib bükülmüş bir ana gəldi.
-Qoy dünya eşidib görsün, mən öləm-
Oğlumun yanından gedən deyiləm.
Daşla, qranitlə bağlayın məni,
Oğlumun yanında saxlayın məni...
Göz yumub o saat uyudu yazıq;
Əriyib, oğluna qovuşdu artıq.
Qoy sabah dünyada elm axtarışı
Eşidək dinamit hökmünü yuyur.
Dostlar, asta keçin, yavaş danışın,
Bir rus qadını burda uyuyur...
Svetlovun sözləridir: “Gənclikdə insan gələcəyə elə bil durbinlə baxır.Hər şey ona böyük, daha yaxın görünür. Sən üzü nailiyyətlər aləminə tərəf dayanırsan, daha qocalıqla gələn itkilər, geriləmələr haqqında düşünmürsən. Lakin bir vaxt gəlir özün də his etmədən durbini tərsinə çevirirsən, indi gəncliyin sənə çox-çox uzaqlarda, daha kiçik görünür.İndi sənin aydın da olsa, bu uzaqlarda gördüklərinə xatirə deyirlər...”
Vətən təhlükədə olanda döyüşə məhəbbət, yeni dünya yaradanda əməyə məhəbbət, ömürlük həyat qurmaq istədiyin qıza məhəbbət, nəhayət, yenə də ömürlük tərk etməyəcəyin poeziyaya, sənətə məhəbbət – bu məhəbbət duyğuları Mixail Svetlovun mənəvi aləminin ədəbi düsturudur desəm, məncə, yanılmaram.
Rus uşaq ədəbiyyatında insanın əxlaq və rəftarı, zəhmət və həyata münasibəti, bir sözlə, insan mənəviyyatı mövzsunda yazılmış əsərlər hamısı eyni bədii səviyyədə olmasa da, ümumiyyətlə, ideyalılığa, mənəvi tərbiyəyə, mübarizliyə, “insan insana dost və qardaşdır” məqsədinə xidmət edir. Bir şeiri və bir hekayəni təqdim edirəm. Lev Yakovlev kimi biz də başa düşə bilmirik: (“Başa düşə bilmirəm” şeiri):
Bilmirəm: nə üçünmüş
Hündür-hündür çəpərlər?!
Bu çəpəri bilmirəm
Kimin üçün çəkərlər?
Hələ qapı üstündə
İri-xırda qıfıllar,
Bu çəpərlə, qıfılla
Kimi evdən qovarlar?!
Bax, bundansa divara
Yapışıdırın bir lövhə :
“Görüşmək istəmirik! -
Gəlməyin bizim evə!”.
Tanınmış rus yazıçısı,dramaturqu və ssenaristi Qavriil Nikolayeviç Troyepolskinin “Qaraqulaq ağ Bim” povesti və filmi oxuculara və tamaşaçılara yaxşı tanışdır. Bu povest insanın sədaqətli dostu, ağıllı setter- Bim haqqında yazılmışdır. Taleyin təsadüfi nəticəsində tək-tənha, sahibsiz qalmış Bim, dostunu axtara-axtara şəhərin küçələrini gəzərkən bir çox xeyirxah və şər adamlarla rastlaşır.Yazıçı göstərir ki, xeyir və şər işlər heç də ötəri keçib getmir, onlarla təmasda olanların taleyində dərin izlər buraxır.
Povest oxucunu yaxşı və pis adamlara qarşı həssas olmağa, fəal münasibət bəsləməyə, vicdanını unutmamağa, insansevərliyə səsləyir. Başqa əsərlərində olduğu kimi, “Qaraqulaq ağ Bim” povestində də Q.N.Troyepolski insanın dünyada baş verən bütün ictimai və təbii hadisələrə qarşı cavabdeh olduğunu böyük məsuliyyət hissi ilə təlqin edir.
İ. A. Krılovun “Yol ötənlər və itlər” təmsili sadə və təbii bir dillə hamıya; həm uşaqlara, həm də böyüklərə doğru yol göstərir:
Axşamçağı iki dost yolla gedirdi,
Bir-biri ilə ciddi söhbət edirdi.
Birdən darvaza altdan
Onların üstə yaman
Hürdü həyət itləri;
Baxıb onlara
İkisi, üçü, sonra
Hürdü başqaları da.
Neçə həyətdən
İtlər axışıb gəldi lap əlliyəcən.
Yol ötənlərdən biri qaşını çatdı,
Yerə tərəf əyilib daşa əl atdı.
Tez o biri yol ötən söylədi: “Yavaş,
Səslərini kəsə bilməzsən, qardaş!
Əksinə, sürünü sən
Tərsikdirərsən.
Gəl, yolumuzu gedək sakitcə yenə,
Bələdəm mən onların xasiyyətinə”.
Doğrudan əlli addım getməmiş elə,
Vəngiltidən əl çəkdi itlər birbəbir,
Ən nəhayət, kəsildi tamam səs-səmir.
Paxıllar hər nə görsə
Hürər həmişə,
Hürər və sakitləşər,
Yolunla get sən isə.
Sergey Alekseyevin adı məzəli görünən “İstiot- Kişmişov” hekayəsinin çox ciddi və düşündürücü mahiyyəti, yaramazlara qarşı barışmazlığa səsləyən bir motivi vardır:
“Familiyaya bax ha – İstiot -Kişmişov. İstiot-Kişmişov çar məmuru idi. Özü də adicə, kiçik məmur deyil, adlı-sanlı məmur idi.
İş otağında palıd ağacından stolu, yumşaq kresloları var idi.Stolun üstünə iri yazı ləvazimatı qoyulmuşdu. Həmişə üzü qırxılmış, pudralanmış, başı yağlanmış olardı.
Səhər olanda İstiot – Kişmişov qəbul saatına başlardı. Adamlar bir-bir yanına gələrdilər. Yanına mülkədar gələndə, deyərdi:
-Xahiş edirəm, əyləşiniz.
Kişmişov şirin dilini işə salardı: “Hə, necəsiniz, necə dolanırsınız, necə gəlib çıxdınız, uşaqlar necədirlər? Bəlkə mənim sizə bir köməyim lazımdır?
Mülkədar da ondan istədiyini xahiş edərdi.
-Əlbəttə, əlbəttə, - deyə Kişmişov razılıqla başını tərpədərdi.- Arxayın olun! Elə hesab eləyin ki, düzəlib. Bu saat əmr verərəm.
Kabinetə adi bir fəhlə gələndə isə tamam başqalaşırdı.Kişmişovun Kişmişovluq yadından çıxırdı.İstiot-Kişmişov olduğunu unudurdu. Xalis istiot olurdu. Qaşqabağını tökürdü: “Yenə nə üçün gəlmisiniz, sizi ki, çağıran olmayıbdır. Xahişiniz nədir? Kağızınızı verin, görüm!” – kağızı alardı. Heç baxmazdı. Stolun gözlərindən birinə qoyardı.
Fabrik sahibi gələrdi. O, özünü kresloya yıxar, yayılaraq təkəbbürlə əyləşərdi.
Bu vaxt Kişmişov bülbül kimi ötərdi:
-Sizi gördüyümə şadam. Ürəyinizdən keçəni buyurun, canla - başla yerinə yetirməyə hazıram. -Yerindən sıçrayıb qalxardı, ehtiramla baş əyərdi. Hətta fabrik sahibinin çiynindən tozu belə üfürüb təmizləyərdi.
Fabrik sahibi çıxıb gedərdi.Yenə də Kişmişov kişmişliyindən çıxardı.Yenə xalis istiot olub qəbula başlardı.
Köməkçisi gəlib xəbər verərdi:
-Kəndlilər gəliblər.
-Məşğulam! Məşğulam!- deyə Kişmişov qışqırardı- Tfu, hər yerindən duran...
Bax, çar zamanında məmurlar belə idilər. Rusiya ölkəsi ucsuz-bucaqsız geniş ölkədir. Tulada, Rostovda, İrkutskda, Tambovda, iri şəhərlərdə, kiçik şəhərlərdə - hər yerdə bu cür məmurlar vardı. Çar hökuməti bunların əlində idi.
Çar hökumətini yıxdılar”.
Lakin bu gün rus xalqının və Rusiyanın öyünməyə haqqı vardır. Çukovskinin “Kremlin ulduzları”nda dediyi kimi:
Kremlin ulduzları
Başımızın üstə yanır,
Çatır hər yana işığı.
Nə gözəl Vətəni vardır,-
Xoşbəxtdir yurdun uşağı!
İndi adlarını qeyd edəcəyim iki əsər yəqinki çoxlarına , lap çoxlarına yaxşı məlumdur; Lazar İosifoviç Laginin “Qoca Xəttabıç” və Aleksey Nikolayeviç Tolstoyun “Qızıl açar və yaxud Burotinonun macəraları”.
“Qoca Xəttabıç”ın elə ilk cümlələri bu sevimli kitab haqqında çox deyir: “Əziz oxucular! “Min bir gecə” kitabını yəqinki oxumusunuz. “Balıqçı nağılı”nın, “Ələddinin sehirli çırağı”nın şirin sehrindən bəlkə də hələ ayrılmamısınız. “Qoca Xəttabıç” kitabını oxuyanda isə bir daha nağıllar aləminə düşəcəksiniz. Oxumağın, bilikli olmağın, düzlük və doğruçuluğun nəyə qadir olduğunu görəcəksiniz”.
Aleksey Nikolayeviç Tolstoy isə “Burotinonun necə dünyaya gəlməsindən” bəhs edir: “Uşaq vaxtı, çox-çox bundan əvvəl mən bir kitab oxumuşdum. Kitabın adı “Pinokkio və ya taxta kuklanın macəraları” idi (italyanca taxta kuklaya Buratino deyirlər).
Mən yoldaşlarıma, qızlara və oğlanlara Burotinonun maraqlı əhvalatlarını tez-tez danışardım. Ancaq kitab itdiyindən mən hər dəfə başqa cür danışırdım, elə macəralar uydururdum ki, heç kitabda yox idi.
İndi, uzun illər keçəndən sonra öz köhnə dostum Burotinonu xatırladım və bu taxta adamın qəribə əhvalatlarını siz qızlara və oğlanlara danışmaq fikrinə düşdüm...”
Böyük Vətən müharibəsinin ən qızğın çağında -1942-ci ildə ərsəyə gələn bir kitab qarşımdadır. Kitab “Siz də belə olun” adlanır. Kitabı hələ neçə illər bundan qabaq məktəbli ikən sevə - sevə oxumuşdum. “Qəhrəman qız Zoya” və “Şura Çekalin” hekayələrindəki hadisələr, iki qəhrəman məktəblinin şücaəti yenidən gözlərim önündə canlanır. Rus uşaq ədəbiyyatının bu gözəl nümunələri tək uşaqlarda deyil, həmçinin böyüklərdə də Vətənə, torpağa məhəbbət, onu qorumaq, ucaltmaq kimi ali humanist duyğular aşlıayır.
Tutqun bir payız günündə Moskva yaxınlığındakı çöllərdə paytaxta soxulmağa çalışan faşist quldur dəstələri ilə qanlı döyüşlər gedir. Hava həyəcanı fitləri faşist nişanlı cəlladların Moskvaya yaxınlaşdığını xəbər verir. 201 nömrəli Moskva məktəbinin şagirdi Zoya Kosmodemyanskaya həmin gün cəbhəyə yola düşür. O, anası ilə vidalaşarkən deyir: “Nə var, ay ana, niyə ağlayırsan? Bəs sən özün mənə demirdinmi ki, gərək cürətli və namuslu olam?!. Ana, mən faşistlərlə mübarizə edəcəyimlə fəxr edirəm, sən də fəxr et ki, mən cəbhəyə gedirəm. Məni göz yaşları ilə yola salma. Gəlsəm də qəhrəman gələcəyəm, ölsəm də, qəhrəman öləcəyəm. Ana, sən dərd-zad çəkmə”.
Zoya axırıncı dəfə olaraq öz otağını gözdən keçirir. Hər şey öz yerində idi, dərs kitabları və dəftərlər səliqə ilə stolun üstünə yığılmışdı. Zoya isti yun köynəyini, kürkünü geyinib, əlcəklərini taxır, başını yaşıl şərfi ilə sarıdıqdan sonra anasını və qardaşını öpür. Qapıdan bir də dönüb baxır, əlini oynadaraq vidalaşır və gedir.
Zoyanın qoşulduğu partizan dəstəsi o zaman düşmən tərəfindən tutulmuş Moskva vilayətinin Vereysk rayonunda faşistləri darmadağın edirdi. Qəhrəmanlıq tələb edən ən təhlükəli işlərin dalınca gedən ən cürətli partizanların içində moskvalı qız Zoya da vardı.
Qaranlıq bir dekabr gecəsi Petrişevo kəndində faşistlər yatan iki evə od vurulub yandırılır. Quldurlar bütün kəndi ələk-vələk edib qəhrəman partizanı axtarırlar. Qorxmaz və cəsur Zoya yanğın qızışana qədər dərin qarın içi ilə, sıx kolların arası ilə qaçıb öz dəstəsinə çatır. Zoya evlərinə yazır: “Əziz anam! Mən sağ-salamatam. Keyfim kökdür. Sən necəsən? Sənin Zoyan”.
İki gün sonra partizan qız yenə kəndə gəlir. Axşam saat yeddi radələrində hava qaralan zaman Zoya faşistlərin gecələmək istədikləri böyük bir evə yaxınlaşır. Ətrafa baxır, hər tərəf sakitlikdi. O, çantasından benzin şüşəsini çıxarıb evin bir küncünə səpir və kibriti çəkir. Ancaq yandıra bilmir. Arxadan yüyürüb gələn faşist onun əllərini tutur.
Əli-qolu bağlı, döyülmüş Zoyanı qərargaha gətirirlər. Zabit ondan soruşur:
-Adın nədir?
-Tatyana.
-Hardan gəlmisən?
Zoya dinmir.Onu nə qədər incidib əziyyət verirlərsə, o, bircə kəlmə də artıq söz demir.
Vəhşilər gənc qızı bircə alt köynəyində otuz dərəcə şaxtada bayıra çıxarır və o ki var onu qovurlar. Lakin mərd qız bir dəfə də zarımır.
Səhər Zoyanı asırlar.O, dar ağacına tərəf də eləcə mərdliklə addımlayır. Boğazında ilmək, artıq boğulduğu an çığırır: “Mən ölümdən qorxmuram, yoldaşlar! Öz xalqımın yolunda ölmək xoşbəxtlikdir!!!
Hekayənin sonunda uşaqlara müraciət olunur: “Uşaqlar! Zoya öz gözəl həyatını sizin hamınızın yolunda, bizim xoşbəxtliyimiz yolunda verdi.
...Sovet İttifaqı Qəhrəmanı Zoya Kosmodemyanskayaya əbədi eşq olsun!”
Müharibə ədəbiyyatı nümunəsi olan “Siz də belə olun” kitabında təqdim edilən ikinci qəhrəman ən gənc yaşda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən məktəbli Şura Çekalindir.
1941-ci ilin sərt oktyabr günlərində quldur hitlerçi dəstələr hər tərəfdən Moskvaya hücuma keçən vaxtdaca Şuranın uşaqlıq həyatı bitir. Qayğı bilməyən bu şən məktəbli qırıcı batalyonun mərd bir döyüşçüsünə çevrilir. Partizanlar görür ki, onların yanına gələn Şura, ilk baxışda uşaq görünən Şura deyil, artıq bərkdən - boşdan çıxmış və faşistlərlə vuruşarkən ələ keçirdiyi tüfənglə gələn yetkin bir döyüşçüdür.
Bir dəfə partizan dəstəsində tüfəng və döyüş sürsatı azlıq edir. Çekalin alman qoşunlarının mövqelərinə girib 6 tüfəng, 10 qumbara, 500 güllə əldə edərək öz dəstəsinə gətirir. O, dəfələrlə kəşfiyyata gedir. Dəstədə ən çətin vəziyyətdən çıxmağı bacaran qorxmaz və cürətli bir kəşfiyyatçı kimi şöhrət qazanır. Lakin xain birisi onu ələ verir. Faşistlər onu tutsalar da, o, elə birinci gecədə xəlvətcə anbardan çıxıb sürünə-sürünə meşəyə qaçır.
Noyabrın əvvəlində Şura xəstələnir. Soyuq və yağışlı payızda xəstə uşağı meşədə saxlamaq olmazdı. Dəstənin komissarı tərəfindən Şura sağalmaq üçün Mışbor kəndinə göndərilir. Lakin oğlan burada çox qala bilmir. Almanlar onun izini tapdığı üçün Çekalin öz doğma Piskovatskoe kəndinə gəlməli olur. Lakin kəndə gəlməsindən bir saat keçməmiş faşistlər onların evini mühasirəyə alır. Uşaq tez həyətə cumur. Bir xəstə uşağın üzərinə hər tərəfdən düz on iki faşist cəlladı yeriyir.
Çekalin burada da özünü itirmir. “Qoy mən ölüm, ancaq ay murdar ilanlar, mənimlə birgə siz də məhv olacaqsınız” – deyə düşünərək qumbaranın ehtiyat halqasını çəkib onu faşistlərin ayaqları altına atır. Lakin qumbara partlamır. Bir neçə dəqiqədən sonra Şuranı Lixvin şəhərində yerləşən alman qərargahına gətirirlər.
Faşistlər Şuraya çox işgəncələr verir. Gənc partizan bütün əzab-əziyyətlərə mərdliklə dözür. Öz dəstəsi, döyüş yoldaşları haqqında bircə kəlmə belə demir. Onu edam edərkən Şura dar ağacına doğru mətinliklə addımlayır.
Dar ağacının qarşısında, ölümün bircə addımlığında olarkən uşaq faşist cəlladlarına üz tutub uca səslə deyir: “Yırtıcı həşəratlar! Bizim hamımızı asııb qurtara bilməyəcəksiniz! Biz hələ çoxuq! Qələbə bizim olacaqdır!..”.
Şura haqlı idi, hətta çox haqlı. Qələbə bizim oldu - sülhsevər, tərəqqipərvər bəşəriyyətin. Rus poeziyasının şan-şöhrətli nümayəndəsi Robert Rojdestvenskinin özünün qeyd etdiyi kimi, Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş atalarımızın, böyük qardaşlarımızın, daim gənc qalan döyüşçülərin və zabitlərin xatirəsinə ithaf etdiyi “Rekviyem”i (poemadır) doğrudan da haqqın, ədalətin səsi və sədasıdır: (ixtisarla təqdim olunur)
Əbədi
Eşq olsun
Qəhrəmanlara!
Eşq olsun
Eşq olsun
Əbədi
Eşq olsun
Qəhrəmanlara!
Alqış kor ölümdən bac alanlara!..
...Mən öz ürəyimin səsiyəm, nə qəm,
Bütün varlığımla təkrar edirəm:
-Əbədi eşq olsun qəhrəmanlara
Torpağa ömürlük qovuşanlara!..
...Özünü unutmaq – böyük bir hüquq,
Ancaq daha yüksək bir hüquq da var:
Qələbə eşqilə alovlananlar
Girir cəhənnəmin tən ortasına,
Özü kama yetir, həyatı sona.
Bircə qırpımdaca ömrü itirir,
Bircə an... əbədi şöhrət gətirir...
...Ana yurd, de görüm, yadında varmı,
Dirəndi buluda alov sütunu.
“Gəlin imdadıma! Qalxın ayağa!”-
Yavaşca söylədin sən bu arzunu.
Ana yurd, biz səndən şöhrət ummadıq,
Ancaq dərk elədik oda girərkən:
İki yox, bircədir çıxış yolumuz -
Ya mən, ya Vətən!..
...Vətən, xalq naminə yalnız Qələbə!
Yaşamaq naminə yalnız Qələbə!
Bugünkü, sabahkı bəşər naminə
Sığın dar səngərə, yerləş qəlibə.
Muradın, məsləkin yalnız Qələbə!..
...Unutmayın, düşünün!
Ən gözəl nəğmələri oxuyarkən bilin ki,
Yerdə ürəklər yatır - nəğmələr xəzinəsi.
Uşaqlara danışın onların barəsində,
Günəş kimi qalsınlar oğul hafizəsində,
Nəvə hafizəsində.
Bəhs açın zaman-zaman,
Qoy nəvə-nəticələr, hətta kötükcələr də
Yad eləsin onları,
Ərzin mehvəri olmuş minləri, milyonları!..
Vladimir Abçukun “Kapitan Nemonun torpedası”nı yenidən vərəqləyirəm.Kitabı hələ çox-çox illər bundan əvvəl maraqla oxumuşdum.Əsərdə alimlərin gələcək barədə, onun elm və texnikasının ən müxtəlif sahələrinə aid söylədikləri maraqlı hadisələr, məlumatlarla tanış olmuşdum. Kitabın maraqlı hissələrindən biri, “Kosmos çağırır” a yenidən, özü də daha böyük həvəslə diqqət yetirirəm: 1970-ci ildə akademik V.Struminski yazırdı: “Mən tamamilə əminəm ki, adamların indiki nəsli Günəş sisteminin başqa planetlərinə nəinki tək-tək uçuşların, həm də həmin planetlərə müntəzəm nəqliyyatın işləyəcəyinin şahidi olacaqlar.
Soruşurlar:başqa planetlər insanın nəyinə gərəkdir?Və ümumiyyətlə, kosmos insana lazımdırmı? Axə Yerdə hələ o qədər aydınlaşdırılmamış, toxunulmamış, həll olunmamış şeylər var ki... Ayın səthini, okeanın dibindən və ya Yerin daxilindən daha çox öyrənə bilmişik.
İnsanın göylərin ənginliklərinə can atması tez-tez belə izah edilir: rabitənin yaxşılaşdırılmasında, hava proqnozunun daha dəqiq öyrənilməsində, faydalı qazıntıların axtarıb tapılmasında kosmos adamlara kömək edəcəkdir və demək olar ki, artıq kömək edir.
Bütün bu göstərilənlər doğrudur. Amma əsas məsələ bunda deyildir. Kosmos insanı qəhrəmanlığa, fədakarlığa səsləyir.Vaxtilə Kolumbun və Magellanın müasirlərini okeanın ənginlikləri tovlayaraq başdan çıxarıb özünə cəzb etdiyi kimi, kosmos da bizim günlərin adamlarını beləcə özünə cəzb edir...
1964-cü ildə məşhur Byurakan rəsədxanasında növbəti elmi konfrans keçirildi.Konfarnasın işində bir neçə məşhur alim-akademiklərin iştirak etməsinə baxmayaraq, konfransın mövzusu demək olar ki, birbaşa elmi-fantastikadan götürülmüşdü: “Planetimizdən kənar sivilizasiyalarla əlaqə yaradılması problemi” müzakirə olunurdu. Alimlər ilk növbədə əsas məsələni – kainatda məskun dünyalar mövcud ola bilərlərmi? məsələsini müfəssəl surətdə müzakirə etdilər.
Görünür, oxucuya da bunu bilmək xoş olar;əksəriyyət alimlərin bu məsələ ilə əlaqədar cavabları müsbət idi.
Görünür ki, biz kainatda tək deyilik.Hələ üstəilk hesablanmışdır ki, təkcə bizim Qalaktikada –ulduz yığınında yüz əlli milyard ulduz var-həyat üçün lazım olan bütün şərait yüz əlli min planetdə mövcud ola bilər...
Əlbəttə, yaxşı olardı ki, bizim şüurlu kosmik qardaşlarımızın zahiri görünüşləri bizə oxşayaydı.Görünür,elə ona görə də biz İ.A.Yefremovun fantastik əsərlərini məmnuniyyətlə oxuyuruq.Onun “İlanın ürəyi” hekayəsində və “Dumanlı Andromeda” romanındakı kosmosun yerli əhalisi antik dövrün allahlarına oxşayır.
Lakin bir çox alimlər bu xoş fərziyyəyə həmfikir olmaq istəmirlər.
Akademik A.N.Kolmoqorov yazır : “Kosmonavtika əsrində boş-boşuna fərz etmək düz deyildir, bəlkə rast gələcəyimiz başqa canlı varlıqlar son dərəcə inkişaf etmiş olacaqlar və bəlkə də onlar heç də bizə bənzəməyəcəklər...
Byurakan konfransında pessimistlər də çıxış etmişdilər, onlar başqa planetlərdə həyatın olmasını qeyri-mümkün hesab etdiklərini bildirdilər.Pessimistlər deyirdilər ki, bu elə zərif, elə incə məsələdir ki,kütləvi xarakter daşıya bilməz, planetimizdə həyatın varlığı çox nadir, təkrarolunmaz hadisədir...”.
- Abçuk daha sonra Stanislav Lemin “İyon Tixinin ulduz gündəlikləri” əsərindən nümunə gətirib haqlı olaraq insanların böyük arzusuna - əlaqə yaratmaq arzusuna əsassız olaraq maneçilik törədənlərə, inamsız adamlara gülür, onları amansızcasına tənqid edir.Həmin nümunəni təqdim edirəm:
“...İmtahan edən soruşdu:
-Namizəd Yerdə həyatın nə üçün mümkün olmamasını bizə sübut edə bilərmi?
Qamətini azca əymiş gənc müfəssəl surətdə, məntiqi cəhətdən əsaslandırılmış və heç bir şübhə doğurmayan dəlillərlə sübut etdi ki, Yerin böyük bir hissəsi çox dərin dənizlərlə örtülmüşdür, içində buz dağları üzdüyündən suyun temperaturu sıfıra yaxın olur; yalnız qütblərdə yox, hətta ətraf sahələrdə belə, həmişə dəhşətli şaxtalar hökm sürür və ilin yarısı zil qaranlıq keçir; astronomik cihazlar vasitəsilə yaxşı görünən böyük sahələr və hətta nisbətən isti qurşaqlar belə, qar adlanan donmuş su buxarı ilə örtülür, bütün dağlar, dərələr bu qalın qar qatının altında qalır; Yerin süni peyki , qabarma və çəkilmələr dalğası əmələ gətirir ki, bu da Yer qabığının dəhşətli surətdə dağılmasına səbəb olur; olduqca güclü teleskopların vasitəsilə planetin çox böyük sahələrinə tez-tez bulud qatının kölgə saldığını görmək olur; atmosferdə dəhşətli qasırğalar, şiddətli fırtınalar və tufanlar hökmranlıq edir və bütün bunların hamısı birlikdə, hansı formada olursa - olsun, orada həyatın mümkünlüyünü inkar edir.
Gur səsli gənc Andriqon sözünü belə qurtardı: “Əgər canlı varlıqlar-hansı olursa – olsun, Yerə enməyə cəhd göstərsəydilər, onlar dəniz səviyyəsində hər kvadrat santimetrə bir kiloqram və ya civə sütununun yeddi yüz altmış millimetrinə çatan atmosferin güclü təzyiqi altında əzilib mütləq məhv olardılar.
Belə müfəssəl izahetmə komissiya tərəfindən yekdilliklə bəyənildi”.
G.E.Siolkovski kosmosda zəkalı, canlı varlıqlara rast gəlmək imkanının olması barədə dəfələrələ inamla fikir söyləmişdir.Böyük alim “Kosmosun səbəbindən” adlı məcmuəsində yazırdı: “Kainatda çoxlu oxşar... planetlər olduğu halda, onlardan yalnız birində həyatın mövcudluğu ehtimaldan uzaqdır”.
1961-ci ilin 12 aprel günü, saat Moskva vaxtı ilə 9:07-dir. Kosmosa ilk insan uçur. Baykonur kosmodromundan “Vostok” kosmik gəmisi kosmosa start götürür.Dünya heyrət və maraq içindədir. Həyəcanlı baxışlar Rusiyaya dikilib. Çünki bəşəriyyətə hələ sirli və əlçatmaz görünən kosmosu fəth edəcək İlk İnsan rus xalqının sevimli övladı, sadə bir ailədə doğulub boya- başa çatan, sadə olduğu qədər də zəngin mənəviyyatlı, dərin bilikli və yüksək dünyagörüşlü təyyarəçi-kosmonavt Yuri Alekseyeviç Qaqarindir...
Tanınmış rus yazıçısı Lidiya Obuxova onu haqlı olaraq “Əsrin sevimlisi” adlandırır və bu şanlı insan haqqında yazdığı kitabına da məhz bu adı qoyur.
Yaroslav Qolovanov ön sözdə yazır ki, Amerikada çıxan jurnalların birində Yurini “bəxtəvər” adlandırmışdılar. Halbuki o, ərköyün böyüməmişdi.Onun uşaqlıq illəri ağır keçmiş, elə gəncliyi də qayğısız olmamışdı.
Qaqarin zamanın nəbzini çox dəqiq duyurdu.O, vaxtı qabaqlayırdı, hələ bu gün sabaha nüfuz etməyə çalışırdı, bu gözəl xüsusiyyəti ilə başqalarını da həvəsləndirirdi. Qaqarin deyirdi: “İnsanda əsas qüvvə - ruh yüksəkliyidir”.
...Raketə daxil olmaqdan, qayışları bağlamaqdan əvvəl göylə Yer arasında dayanaraq, ancaq gülümsədi və iki əlini də yuxarı qaldırdı:
-Yaxın görüşədək!
“İndi xarici aləmlə, uçuşa rəhbərlik edənlərlə, kosmonavt yoldaşlarımla mən ancaq radio vasitəsilə əlaqə saxlaya bilirdim”.
Starta bir saatlıq hazırlıq davam edincə, raketlə Yer arasında belə bir dialoq olmuşdu.Yuri ilə Korolyov və Kamanin danışanda o, qayğılı-işgüzar, Popoviç danışanda bir dost kimi zarafatcıl olurdu.Bütün bunlar vağzalda vaqonun qalın şüşəsi arxasından yarım saatlıq vidalaşmanı xatırladırdı.
Qaqarin. Məni necə eşidirsiniz?
Yer.Yaxşı eşidirəm.Skafandrı yoxlamağa başlayın.
Qaqarin.Telefonların və dinamiklərin yoxlanması normal keçdi, indi telefona keçirəm.
Yer.Sizi çox yaxşı başa düşdüm.Verdiyiniz məlumatların hamısını qəbul etdim, təsdiqləyirəm.Starta hazır olduğunuzu qəbul etdim.Burada hər şey normal gedir.Bütün işləri görüb qurtarmağa altı dəqiqə vaxt var...Yura, işlər necə gedir?
Qaqarin.Öyrətdiyiniz kimi (gülüş).
Yer.Fizioloji funksiyaları qetdə almaq üçün əsas vəziyyəti alın.
Qaqarin.Təbabətin verdiyi məlumata görə ürəyim vurur?
Yer.Sizi çox yaxşı eşidirəm. Nəbziniz altmış dörddür.Dəqiqədə iyirmi dörd dəfə nəfəs alırsınız.
Qaqarin. Başa düşdüm.Deməli, ürəyim vurur.
Yer.On dəqiqəlik hazırlıq elan olunmuşdur.Germoşlemi bağlamısınız? Məlumat verin.
Qaqarin.Sizi başa düşdüm: on dəqiqəlik hazırlıq elan olunmuşdur.Germoşlem bağlıdır.Hər şey nomaldır, özümü yaxşı hiss edirəm, starta hazıram.
Yer.(indi komanda məntəqəsində oturmuş Korolyovun səsi ilə; onun əynində ağ pencək vardı, çiyinlərini çox yığmışdır). Bir dəqiqəlik hazırlıq. Necə eşidirsiniz?
Qaqarin.(germoşlemin şüşə üzlüyü arxasında başını azacıq qaldıraraq). Sizi başa düşdüm: bir dəqiqəlik hazırlıq. Əsas vəziyyəti almışam.
Axırıncı dəfə “İşə salın” komandası veriləndə və raket yuxarı cumanda Qaqarin qoçaqcasına , cürətlə, əzab-əziyyət və təhlükələrə xalis rus etinasızlığı ilə, bir faytonçu kimi özünün məşhur “Getdik!” ifadəsini işlətdi. Bunula özünə deyil, yerdə qalanlara ürək - dirək verirdi...
...Yüksəklənmə get-gedə artdıqca Yerdən Korolyovun səsi ona xəbər verdi ki, stratdan sonra yetmiş saniyə keçmişdir...”Hər şey qaydasındadır”,- özü isə fikirləşdi: “Doğrudanmı ancaq yetmiş saniyə keçmişdir? Saniyələr dəqiqələr qədər uzun keçir”. Elə o saat xatirələrlə özünə təsəlli verdi: “Sentrifuqda bundan artığına dözməli olmuşdum”.
Raketin pillələri bir-birinin ardınca ayrılmağa başladı.Onlar öz işini görüb qurtarmış,- gəmini orbitə çıxarmışdı.
Əvvəllər məşq zamanı Yuri çəkisizlik vəziyyətində bir neçə saniyə, təyyarə yuxarıdan düşüncə qalırdı. İndi isə uzun-uzadı davam edən , yuxuya oxşayan bu qəribə duyğu bir saatdan artıq davam etməlidir, “elə bil əllərim və ayaqlarım əsla mənimki deyil”.
...Yer.Özünüzü necə hiss edirsiniz?
Qaqarin. Özümü çox yaxşı hiss edirəm.Maşın normal işləyir.İllüminatorda Yerə baxıram.Hər şey qaydasındadır. Məni necə başa düşdünüz?
Yer. Sizi başa düşdük!
Onlar özlərini heç vaxt bugünkü qədər xoşbəxt hiss etməmişdilər.
Qaqarin.Yerin kölgəsində uçuş davam edir.İndi sağ illüminatorda ulduz görürəm.Ulduz illüminatorda soldan sağa hərəkət edir. Ulduz getdi. Uzaqlaşır, uzaqlaşır...
Dünya qeyri-adi dərəcədə genişlənmişdi: Qaqarin özünü bu dünyanı kəşf edən kimi hiss edirdi. Həm də bunda mübaliğə yox idi.
Aydın məsələdir ki, bütün kainat kimi Yer kürəsi insandan ayrılıqda mövcuddur, özü də belə dünya müstəqildir və adamlar ona biganə qala bilməzlər.Lakin Yeri, şəfəqlə haşiyələnmiş açıq-göy yaqut rəngində kürəni- bu yeri Yuriyə qədər heç kim görməmişdi. Doğma planetin rəngləri bir uşaq kimi onu sevindirmişdi.
Yuri fəaliyyətdə olmağı tələb edən əsl rus təbiətinə malik idi.Öz xasiyyət tərzinə görə o, həmişə gerçəklikdə yaşamışdı.Hər bir arzunu o, əmələ bağlamışdı.
...Beləliklə, Yuri saatda 28 min kilometrə yaxın sürətlə uçurdu. Aşağıda okeanlar qara metal kimi arabir zəif işıldayırdı, buludların arasından qitələr görünürdü. O, özünü Yer kürəsinin sadə sahibi kimi hiss edirdi...
“Vostok” yerə yaxınlaşırdı.Bütün sistemləri əla işləmişdi; Yuri sağ-salamat enirdi.(1 saat 48 dəqiqəlik uçuşdan sonra – R.Mirzəzadə). Elə bu vaxt işgüzarlıq və gərginlik onu tərk etdi. O, bir dəqiqəliyə indi kim olmalı idisə, oldu - Dünyada Ən Xöşbəxt Adam”.
Rusiyada təkcə elmdə deyil, ədəbiyyatda da “gələcəyin adamları” yetişirdi. Robert Rojdestvenski yaradıcılığının əsrarəngiz nümunəsi Qaqarinin kosmik sürəti ilə uzaq gələcəyə - birbaşa XXX əsrə “uçurdu”. Görkəmli şair bu “uçuş”da “Otuzuncu əsrə məktub”u ilə rus xalqının və Rusiyanın keşməkeşli və şanlı tarixini də “aparırdı”. “Otuzuncu əsrə məktub” adlı möhtəşəm poemanın misra ardıcıllığındakı ixtisar zərurəti ilə (əsərin həcmi böyükdür) əsərdən müəyyən hissəni təqdim edirəm:
Ey otuzuncu əsrin bəxtiyar insanları,-
Ağ günlərin memarı, günəş qəlbli insanlar!
Yəqin bu gün bizi də salacaqsınız yada,
İyirminci əsrdə nələr olmuş dünyada?
Sizin arxeoloqlar axtaracaqlar bizi,
Bizdən yadigar qalan hər nişanı, hər izi...
...Məktubun müəllifi təkcə mən deyiləm yox,
Müəllif-ulduz sanı, ulduzlardan daha çox.
...Biz iyirminci əsrin gördük hər rüzgarını,
Al şəfəqlər yerinə yanğın sütunlarını.
Cəhənnəm cəbhələrdə barıt və qan qoxusu!
Pulemyotda qaynarkən qanımız qarışıq su.
...Təsəvvür edin bunu: o tankların, topların
Oyum-oyum oyduğu, viran qoyduğu yerdə
Həyat güldü yenidən...
...Gəlib çatdı bir səhər, aydın bir yaz səhəri,
Bu günü gözləmişdi bəşər min ildən bəri.
Əynində skafandr, adi bir cavan oğlan
Start meydançasında seyrə daldı göyləri.
O, necə də məsuddu, o, necə də gülürdü,
Ayın, günün şöləsi üzündən tökülürdü.
İldırım sürətilə raket fəzanı yardı,
Bir xalqın sevincini gülən gözlərində o,
Ulduzlara apardı.
Alqış! Nəğmə! Hay-haray!!! Sonsuz bir el sevinci!!!
Ah, nə qədər çətindir, ah nə qədər gözəldir
Kainatın fövqündə ucalasan birinci!
Ancaq elə bilməyin təkcə ağ gün görmüşük,
Ağ günlərə çatınca, qara kipriyimizlə
Biz alov götürmüşük! Biz odlar götürmüşük...
...Olub nöqsanımız da, olub günahımız da,
Fəqət dəmir zindanlar əriyib ahımızda.
Bu günün dastanını açıb oxuyanda siz,
Qəhrəmanlarla birgə əclaflar görəcəksiz!
Qızılgülün bağrında bəzən xar da yaşayır,
Alilərlə bərabər alçaqlar da yaşayır.
İblislər də yaşayır bu gün bizimlə birgə,
Xəbislər də yaşayır bu gün bizimlə birgə.
Onların içində var yolsuz da, yolkəsən də,
Təzə ayaq açan da, başı gora əsən də.
Onlar bu gün doğulur, əlimizlə boğulur,
Həyat, yenə doğulur, doğulacaq sabah da.
Gözüm qalıb sabahda.Əgər imkanım olsa
Nifrətimi, kinimi inan, yolbənd edərəm!
Təpədən-dırnağacan çevrilərəm silaha,
Onların birini də buraxmaram sabaha!!!
İnan mənə, ey sabah! Mən sənin övladınam.
Yox! Sən mənim övladım, mən sənin əcdadınam.
...Vaxtdır! Yola düşürük! Tərpənir Yer kürəsi.
Yoldaş uzaq əsrlər!Uzaq, doğma nəsillər!
Boynuma alıram mən:həsəd aparıram mən
Sabahkı Moskvanı seyr edəcək gözlərə,
Hansı bir sahildəsə qürub şəfəqlərində
Al boyanan üzlərə...
...Fəqət gələcəyik biz!
Eşidirsinizmi siz?Yadda saxlayın bunu:
Üç min birinci ildə gəlib dünyaya bir də
-Salam! – deyəcəyik biz gələcək əsrlərə...
Bu bir bəşəri reallıqdır ki, çağdaş cəmiyyətdə valideynlərin və onların uşaqlarının həyatında televizor, kompüter və digər texniki vasitələrin rolu artsa da, ailə tərbiyəsində mütaliənin rolu olduqca böyükdür. Dönə - dönə etiraf olunduğu kimi, mütaliə bilik üfüqlərini genişləndirir, balaca və böyük insana öz vətənini sevməyi öyrədir, insan tərbiyə etməyə kömək edir, həyatı anlamaqda yardımçı olur.
Ağıllı kitab yaşlı adamın etdiyi söhbət və ya danışdıqları ilə müqayisədə uşağa daha güclü bir surətdə təsir edə bilir. Mütaliə zamanı uşaq özü ilə baş-başa qalır. Oxuduqları barədə dərin həyəcanlara qapılır. Xoşuna gələn epizodun, bəyəndiyi qəhrəmanın üzərinə təkrar qayıda bilir. Yaxşı kitab – həm tərbiyəçi, həm müəllim, həm də dostdur. Böyük insanlar bütün zamanlarda əbəs yerə cəmiyyəti oxumağa, mütaliəyə çağırmayıblar. A.P.Çexov deyirdi: “Tərbiyə etməkdən ötrü, fasiləsiz olaraq gündüz və gecə əməyi və bir də sonsuz mütaliə gərəkdir”. Mütaliə mövzusu hər zaman aktualdır, lakin nəyə görə? Mütaliə uşağa materialı asanlıqla mənimsəməkdə və məktəbdə yaxşı oxumaqda kömək edir. Nitqi, yaddaşı, düşünmə qabiliyyətini, məntiqi inkişaf etdirir. Yaxşını, pisi seçməyi öyrədir. Uşağı çağdaş cəmiyyətdə yaşamağa hazırlayır.
Rusiyada uşaq yazıçısı Sergey Georgiyevlə görüşlərdə valideynlər çox vaxt belə bir sual verirlər: “İndi saysız kitablar var, onun yaxşı və ya pis olduğunu necə müəyyən etməli?”. Sergey Georgiyevin cavabı: “Çox sadə: hər hansı səhifəni açmaq və iki abzası oxumaq. Ürəyin pıçıldayacaq, başın işləməyə başlayacaq. Yaxşı uşaq ədəbiyyatı böyüklərdə də maraq doğuracaq. Əgər oxuduğun səhifəcikdən bir şey anlamayıb çiyinlərini çəkərsənsə, bu kitabı götürdüyünüz rəfə qaytarıb qoyun və uşağa verməyin.
-Mütaliəyə həvəsli uşağı necə tərbiyə etməli?
Cavab:
- Məsləhət vermək çətindir. Lakin böyüklərin mütaliəyə həvəsli olmadıqları, kitabları sevmədikləri və qiymətləndirmədikləri, bu kitabların sadəcə olmadığı bir ailədə mütaliəli uşağı təsəvvürə gətirmək mümkün deyildir.
Lyudmila Qriqoryevna Ulanova Kazan şəhərindən olan gözəl uşaq şairəsi, uşaqlar və yuxarı yaşlı məktəblilər üçün bir neçə kitab müəllifidir. Uşaqlar üçün düşündürücü, orijinal şeirlər və hekayələr yazır, ixtisasca – tərcüməçidir.
Lyudmila Ulanova “Çitayka” dərgisinin daimi müəllifi, iki rubrikanın - “Poetik master-klass” və “İmenoqrad şəhərində, Familiya çayı üzərində” verilişinin aparıcısıdır.
Lyudmila Ulanovanın şeirləri hazır mahnı mətnləridir, musiqiçiləri mahnı yaradıcılığına həvəsləndirir, onun “Yumru səadət” pyesi uşaq teatr studiyasında tamaşaya qoyulub, şeirləri əsasında cizgi filmləri çəkilir.
Vladimir Mixayloviç Borisov uşaqlar üçün şeirlər yazan şairdir. Onun oğlan və qız uşaqları haqqında, onların saxladığı ev heyvanları, quşlar haqqında, heyvanat parkının sakinləri haqqında və bir çox başqa mövzularda yazdığı həlim, şən ovqat yaradan ibrətverici şeirləri bütün uşaqların xoşuna gəlir.O, iki yüzdən çox kitabın, o cümlədən: “Şən əlifba”, “Çar qrad”, “Ən yaxşı ana”, “Şən zoopark”, “Çəyirtkənin mahnısı” nın müəllifidir, “Min bir söz” televiziya verilişinin ssenarisini də o yazır.
- Uşaqlarda kitab oxumağa marağı necə möhkəmləndirməli?
Yazıçının nöqteyi-nəzərincə, cavab sadədir: yaxşı kitablar yazmaqla. Daha nə ilə? Daha bir yol – öz oxucularının yanına getməklə. Vladimir Mixayloviç çox tez-tez uşaqların qarşısında çıxış edir. Onların qarşısında oxumağa şən, məzəli, oyun xarakterli şeirlər seçir.
Mariya Mixaylovna Lukaşkina əslən moskvalı gözəl uşaq şairəsi, yazıçı və tərcüməçidir. Özü barədə belə deyir:
- Dörd yaşımdan oxumaq öyrəndim. Altı yaşımdan böyüklər kimi oxuyurdum. Çox oxuyurdum. Hətta gecələr, elə hallar olurdu ki, fonarla və örtüyün altında. Üç uşaq kitabxanasına yazılmışdım. Ən sevdiyim uşaq yazıçıları – S.Marşak, N.Nosov, A.Volkov, V.Kaverindir.
Mariya Mixaylovna Lukaşkina çox tez-tez kitabxanalarda, məktəblərdə uşaqlar qarşısında çıxış edir, öz yaradıcılığından söz açır, özünün orijinal, bədahətən gələn şeirlərini, hekayələrini oxuyur. Bütün bunlarla bərabər, “Murzilka” dərgisi ilə dostluq edir.
Sergey Georgiyeviç Georgiyev təsdiq edir ki, heç də hər kəs uşaqlar üçün yazmağı bacarmaz. Bunun üçün ən azından uşaq arzuları və təxəyyüllərindən baş çıxarmaq lazımdır. Georgiyev bu məsələdə mahirdir.
Özünün ilk yumoristik hekayəsini yazdıqda müəllif qərara gəlmişdi ki, yumorist yazıçı olacaq. Elə o vaxtdan Georgiyev uşaqlar üçün yazmağa başlayır, hekayələri fərqli ovqatda: gah şən, gah da qüssəli alınırdı. O, nağıllar, lirik və yumoristik miniatürlər, nağıl-povestlər, ssenarilər yazırdı.
Georgiyev “Yeralaş” kino-jurnalı üçün 50-dən artıq süjetin müəllifidir. Uşaqlar üçün çoxlu sayda kitablar yazıb. Onun hekayələri oxucunu çox şey barədə düçünməyə sövq edir. O, məhz uşaqlar üçün, onların anlayacağı dildə ciddi və mühüm məsələlərdən yazır.
Sergey Georgiyev də tez-tez uşaqlarla görüşür. Yazıçı balaca oxucularına öz məharətinin sirlərindən, “Vesyolıye kartinki”, “Murzilka” jurnallarında, “Yeralaş” kino-jurnalındakı işlərindən söz açır, eləcə də öz əhvalatlarını danışır, uşaqların çoxsaylı suallarına cavab verir.
Mən bəşəri mədəniyyətin parlaq hissəsi olan rus uşaq ədəbiyyatından imkanım qədər bəhs etməyə çalışdım. Bəs bu kitablar necə ərsəyə gəlib balaca oxucularına yetişir? İnanıram ki, bu, dünyanın bütün balaca kitabsevərlərini düşündürür. Qoy bütün azyaşlılara dərin sevgim və məhəbbətimlə ərsəyə gətirdiyim yazımın sonuncu - S.Marşakın “Bu kitabı necə çap ediblər?” şeiri verilən suala cavab tapmaqla, rus uşaq ədəbiyyatının ərsəyə gəlib inkişaf etməsində zəhməti olan bütün insanların xeyir-duası olsun:(şeir ixtisarla verilir)
Tanış uşaqlar mənə
Tez-tez belə deyirlər:
-Zəhmət çəkib bizimçin
Çap et təzə şeirlər!
-Əziz balalar sizə
Hazıram yazım şeir.
Ancaq kitabı mən yox,
Özgələr çap eləyir.
Sizə kitab çap edən
Fabrikdə olmuşam mən.
Orda, yekə otaqda
Qapaqsız qutular var.
Bu qutunun adına
“Kassa” deyir adamlar
Qurğuşundan tökülmüş
Çox-çox hərf var orda:
Baş hərflər, adi hərflər...
Cürbəcür, iri, xırda...
Qutu göz-göz bölünüb;
Hər gözdə ayrı hərf var,
Qonşu gözə onlardan
Heç birini qoymazlar.
Mürəttib yaxşı bilir
Hər bir hərfin yerini
Əliylə alıb düzür
Cərgəylə hər birini...
...Yığılmış səhifələr,
İndi çapa gedəcək.
Ancaq əvvəlcə ondan
Bir nüsxə çıxsın gərək...
...Səhifədə səhv olsa,
O saat düzəldirlər.
Yanlış sətri çıxarıb,
Düzlə əvəz edirlər...
...Gərək çap təmiz olsun,
Gözəl, göyçək ləkəsiz.
Varaqların hər biri
Səliqəli, tər-təmiz...
...Cildçi onları tikib,
Kənarlarını hamar
Kəsərək cild çəkəcək...
Kitab hazır:-Al, apar...
...Xoşdur kitab oxumaq,
Bir kitab düzəlt görək!
Çapçılıq çətin işdir,
Dərs oxuyasan gərək!..
...Çoxdur kitab çap edən
Adlı, qoca ustalar.
Ancaq onlarla birgə
İşləyən gənclər də var...
...Mənimlə də tanışdır
Bir belə yaxşı oğlan.
Boyu kiçik olsa da,
İşdə qoçaqdır yaman.
Ürəkdən sevir işi,
Adam sevinir görcək:
Nəhəng çap maşınını
Necə işlədir o tək!..
...Seryoja Skvortsovdur
Bu kitabı çap edən.
Sizinçin çox-çox kitab
Düzəltdik onunla mən.
Çapçılıq çətin işdir,
Sex fəhlələrinə gərək
Ürəkdən can sağlığı,
Xoşbəxtlik arzu edək!
REYHAN MİRZƏZADƏ
Publisist-politoloq