İranın yeni və gözlənilməyən qonşusu
- 27-08-2025, 10:32
- ЭТНОПОЛИТИКА
- 0
- 2 027
Foto: AA
Oktyabrın 10-da builki (2025) Nobel Sülh Mükafatı laureatını seçmək komitəsinin iclası ilə eyni vaxtda ABŞ prezidenti Donald Trampın dünyanın ən çətin bölgələrindən birində 166 kilometrlik dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Transqafqaz regionunda olacağı gözlənilir.
Tikintisi davam edən dəmir yolu xətti “Trampın Sülh və Rifah Yolu” adlandırıldı. Çünki o, türklərlə - ilk öncə Osmanlı İmperatorluğu hüdudlarında yaşayan türklərlə o zaman Çar Rusiyası, daha sonra isə Sovetlər İttifaqının hakimiyyəti altında olan ermənilər arasında 200 ildən çox davam edən ara müharibələrinə son qoymuş olacaqdır. 1990-cı illərdə Sovet İmperiyasının dağılması ilə Ermənistan Respublikası Azərbaycan Respublikası ilə yanaşı dənizə çıxışı olmayan ölkə kimi meydana çıxdı və toqquşmalar yenidən davam etdi.
Sovet hakimiyyətinin sona çatması ilə iki yeni yaranmış respublika arasında bir onillikdən çox davam edən müharibə 300.000-dən çox insanı öz tarixi yaşayış məskənlərindən didərgin saldı. Azərbaycanla oxşar dil və mədəniyyəti paylaşan Türkiyə onu dəstəklədi, İran isə Türkiyənin təsirinin Xəzər dənizi hövzəsinə genişlənməsinin qarşısını almaq üçün Ermənistanın tərəfini tutdu.
Rusiya isə balans siyasəti yeridirdi. Çünki Xəzər dənizi ilə bağlı yeni hüquqi müqavilənin hazırlanması üçün Azərbaycanla sıx əlaqələr qurmaq, eyni zamanda Ermənistan sərhədlərindən İrana keçidi saxlamaq lazım idi.
İran Azərbaycanla təxminən 688 kilometr sərhədi bölüşür, lakin bu sərhəd Ermənistanın İranla 44 kilometrlik qısa sərhədi ilə kəsilir. Bu dar zolaq İranı Rusiyaya, oradan da Gürcüstandan keçməklə Avropaya birləşdirəcək “Şimal-Cənub yolu”nun başlanğıc nöqtəsi olmalı idi. Lakin Ermənistanla Azərbaycan arasındakı gərginlik İranı Gürcüstan, Rusiya və Avropaya birləşdirməli olan bu dəmir yolunun tikintisinə mane oldu. Bununla belə Ermənistan sərhədi İran ticarəti və tranziti üçün həyati əhəmiyyət kəsb edirdi, burada uzun sıralarda dayanan yük maşınları Rusiyadan və Ukrayna müharibəsindən əvvəl Şərqi və Mərkəzi Avropanın böyük hissəsindən mallar daşıyırdı. Bu marşrut İran üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki o, Rusiya və Ermənistanın gizli köməyi ilə Amerika və Avropa sanksiyalarından yan keçə bilərdi.
Bundan əlavə, sərhəd bölgəsində iki mühüm Su Elektrik Stansiyası (SES) var ki, bu da İran və Ermənistan arasında sıx əməkdaşlığı hər iki tərəf üçün vacib edir. Həmçinin sərhəd bölgəsində beş kilometr dərinlikdə yerləşən İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətləri su idarəçiliyi və ətraf mühitin mühafizəsi layihələri üçün mühüm azad ticarət zonasıdır.
Stalinin “parçala, hökm sür” prinsipi əsasında həyata keçirdiyi məqsədyönlü siyasəti Azərbaycan Respublikasının iki yerə parçalanmasına gətirib çıxardı ki, bunlardan biri də Naxçıvan Muxtar Respublikasıdır (MR). Naxçıvan MR Azərbaycanla deyil, qərbdə Türkiyə ilə həmsərhəddir. Ona görə də Türkiyə ilə Azərbaycan arasında əlaqə ancaq İran ərazisi ilə mümkündür.
Bu çərçivədə "Tramp Yolu" iki mövcud dəmir yolu xəttini birləşdirmək üçün nəzərdə tutulub: bunlardan biri Türkiyənin Qars şəhərindən Naxçıvana, digəri isə Filidbağdan Ordubada qədər olan 158 km, daha sonra Naxçıvanın Ordubadı ilə Azərbaycanın Horadiz şəhəri arasında Xəzər dənizi istiqamətndə Bakıya doğru 166 km yeni xəttlə davam edir. Əgər İran diplomatik cəhətdən təcrid olunmasaydı, “Türkiyə-Xəzər dənizi” dəmir yolu üçün ən yaxşı marşrut İran ərazisindən keçə və İranın şimal-qərb əyalətlərinə də xidmət göstərə bilərdi. İrandan keçməsi planlaşdırılan bu dəmir yolu Xəzər dənizindən Aralıq dənizinə Türkiyə üzərindən enerji ehtiyatlarının nəqli üçün boru kəmərlərinin tikintisi xərclərini azalda bilərdi.
İran Ermənistanın Sünik əyalətində Anadolunu Xəzər dənizi vasitəsilə Orta Asiya və Çinə birləşdirə biləcək ticarət marşrutu olan “Zəngəzur” adlı yeni marşrutdan və həmçinin Çinin “Bir kəmər, bir yol” layihəsindən də kənarlaşdırılıb. Tehranın belə bir vəziyyətdən razı qalmaması təbiidir.
Bununla bağlı İnqilab Keşikçiləri Korpusuna bağlı “Təsnim” xəbər agentliyi Bakının İsraillə sıx əlaqələrini nəzərə alaraq, bu layihənin İranın təhlükəsizliyinə birbaşa təhdid yaratdığından narahatlığını bildirib. Bir neçə gün əvvəl “İran” dövlət qəzetində ilk manşet belə idi: "Amerika qonşumuzdur!" Bu narahatçılığa səbəb isə “Tramp yolu” müqaviləsinə əsasən, Ermənistan tərəfdə, beş kilometr dərinlikdə olan sərhəd ərazisinin 99 il müddətinə ABŞ-a icarəyə verilməsidir.
Trampın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla imzaladığı anlaşma memorandumuna əsasən, faktiki sərhəd postlarını erməni mühafizəçiləri faktiki olaraq sərhəd-keçid məntəqələrini idarə edəcəklər, amma ABŞ Mərkəzi Amerikadakı Panama Kanalı Zonasına bənzər marşrut zonasının yaradılması vasitəsilə bütün sərhədə nəzarət edəcəkdir.
99 illik bu icarə müqaviləsi İrana 1813-cü ildə Azərbaycanın, Ermənistanın və Naxçıvanın bəzi hissələrinin əslində təslimolma aktı olan “Gülistan müqaviləsi”nə əsasən Çar Rusiyasına verildiyi tarixi xatırladır. Bu icarə başa çatdıqda, İran itirilmiş ərazilərin qaytarılmasını tələb etmək üçün çox zəif olacaq, Rusiya isə onları geri qaytarmaq barədə düşünməyəcək qədər güclü olacaq.
Tehran həyati əhəmiyyət kəsb edən sərhədlərindəki bu böyük dəyişikliklə bağlı onunla məsləhətləşmə aparılmadığından narazıdır. Bununla belə, Tehran rəhbərliyi yeni vəziyyətin Vaşinqtonla gərginliyi azaltmağa kömək edəcəyinə ümid edərək, Trampın vasitəçiliyi ilə razılaşmanı həvəssiz də olsa, qəbul etmək qərarına gəlib.
Tehranın bu yeni qonşunu (ABŞ nəzərdə tutulur) qəbul etməsinin bir əlaməti Naxçıvana hücum və işğal əməliyyatında mümkün istifadə üçün Ermənistan və Azərbaycan sərhədlərinə yaxın Talış məntəqəsində yeni hərbi baza tikmək layihəsini dayandırmaq qərarıdır; ona görə də “Tramp yolu” yəqin ki, İranla Azərbaycan arasında sülhün qorunmasına da kömək edəcək.
Digər tərəfdən, İnqilab Rəhbəri Əli Xamenei prezident Məsud Pezeşkianın praqmatik yanaşmasına sırf dəstək kimi qiymətləndirilən bu məsələdə tamamilə susur.
İran və “Marşrut Ərazi Şurası” iki “qonşu” kimi təhlükəsizlik, qaçaqmalçılıq, narkotiklər və insan alveri ilə mübarizə, eləcə də ətraf mühit və su layihələrinin birgə qorunması kimi sahələrdə əməkdaşlıq etməlidir. Belə ki, oradakı Amerika region (“Marşrut Ərazi Şurası”) da öz elektrik enerjisinə olan tələbatının bir hissəsini, eləcə də bütün neft və qaz ehtiyaclarını ödəmək üçün İranla əməkdaşlıq etməli olacaq; başqa sözlə, iranlı və amerikalı işçilər girov götürmək, inqilab ixrac etmək, İsraili məhv etmək və nüvə silahı yaratmaq əvəzinə ünsiyyət qurmağı və gündəlik işləri idarə etməyi öyrənməlidirlər.
İndi belə bir sual yaranır: Nobel mükafatı heyəti Donald Trampı sülhməramlı kimi tanıyacaqlarmı?
Əmir Taheri
25.08.2025
Mənbə: https://liberaldemocracy.info/2025/08/amir-taheri-25-08-2025/
Tərcümə və redaktə; Səməd Bayramzadə
















