Ethnoglobus » КОНФЕРЕНЦИИ » Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir

Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir

Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
КОНФЕРЕНЦИИ / ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
11:41, 05 avqust 2024
3 459
0

Şəkildə: fonda talış milli geyimləri.

“Ethnoglobus.az Beynəlxalq onlayn araşdırma mərkəzi “Türk Dövlətlər Birliyi və bu coğrafiyada yaşayan xalqlar” movzusunda onlayn konfransa start verir. Konfrans çərçivəsində müxtəlif dillərdə müəllif yazıları və müsahibələr dərc olunacaq. 

 İlk müsahibimiz Bakı Slavyan Universitetinin “Regionşünaslıq” kafedrasının müəllimi , saytımızın davamlı müəllifi Nurəngiz Kərimlidir.

Qeyd edək ki, bu qəbil onlayn konfranslarımız uzun illərdir ki, keçirilir və tədbirdə Azərbaycan və dünya mütəxəssisləri iştirak edir.  


Müsahibəni hazırladı: Gülnara İnanc 

 

Kərimova Nurəngiz Əli qızı 10 may 1975- ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açıb. 1992 -ci il Ərçivan qəsəbə 2 saylı məktəbi   medalla bitirib. Həmin il ölkəmizin tarixində  ilk dəfə olaraq keçirilən test üsulu ilə qəbul  imtahanı verib M.F.Axundov adına APRDƏİ daxil olub.  Universiteti bitirdikdən sonra 1997 -ci ildən indiyə qədər Bakı Slavyan Universitetində ( 2000 -ci ildən APRDƏİ nin bazası əsasında yaradılmışdır)   çalışır. Hazırda "Regionşünaslıq" kafedrasının müəllimidir. İxtisasca filoloq olsa da,   multikulturalizm, tolerantlıq,  Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti ,etnoqrafiyası,o cümlədən talış mədəniyyəti , etnoqrafiyası, folkloru , dilinin tarixi haqqında tədqiqatlar aparmış, yerli və xarici elmi jurnallarda, beynəlxalq elmi konfranslarda Azərbaycan, rus və ingilis dillərində çap olunmuş 10- dan çox elmi məqalənin müəllifidir. Bu məqalələr silsilə şəklində ethnoglobus.az saytında dərc olunub. Hal-hazırda Rusiya Federasiyasında aspirantura təhsilimi davam etdirir, " Azərbaycan,talış və rus dillərində frazeoloji sinonimliyin    müqayisəli xarakteristikası" mövzusunda  dissertasiya işi   üzərində çalışır.


 

-Milli kimlik, vətəndaşlıq anlayışlarını milli özünüdərk spektrində necə şərh edərsiz? Dünya nümunələrini göstərməklə.

“Milli kimlik” dedikdə mən ilk növbədə öz soy kökümü- yəni  talış xalqının  nümayəndəsi, talış qızı  kimi dərk edirəm və  talış olduğumu  nə danır, nə də  gizlədirəm,   talış olmağımla  fəxr  edirəm, bununla yanaşı mən talış olduğum qədər azərbaycanlıyam və azərbaycanlı olduğum qədər talışam.  “Milli kimlik”  məfhumu çox geniş və çoxşahəli məfhumdur.  Mən   bir talış  qızı, talış xalqının  övladı olaraq, milli  adət-ənənələrimizə  riayət etməyi,dilimizin qorunması və inkişafı, mədəniyyətimizin tədqiq olunmasını   özümə borc bilirəm.Dahi şəxsiyyət, azərbaycançılıq ideologiyasının əsasını qoymuş, ümummilli liderimiz Heydər Əliyev demişdir " Hər bir xalqın öz qaynaqlarına, öz köklərinə qayıtmaq, öz diyarının, öz torpağının, hətta öz kəndinin tarixini bərpa etmək səyi təbiidir".   Talış xalqı çox  qədim tarixə  malikdir   və  onun mədəniyyəti  həm fars, həm türk  mədəniyətinin   sintezi  kimi  formalaşaraq hər iki mədəniyyətin ən gözəl  xüsusiyyətlərindən bəhrələnmişdir.Talış əsilli olmaqla  yanaşı mən Azərbaycan Respublikasının  vətəndaşıyam   və   məntiqi olaraq, Azərbaycan  Konstitusiyasına,  ölkə qanunvericiliyinə  riayət edib, Azərbaycanda yaşayan bütün  xalqların milli adət-ənənələrinə  hörmətlə yanaşıram. Bu təbiidir,  çünki   hər bir şəxs  yaşadığı  mühitə,   əhatəsində  olan insanlara  hörmətlə yanaşmalı və bununla   öz xalqının    mədəni səviyyəsini  təsdiq etməlidir.  Ümumiyyətlə,   dünyanın   demək olar ki, bütün ölkələrində  etnik və milli azlıqlar (burda say nəzərdə tutulmur) yaşayır  və  onların   hüquqları   təmin  olduqda,   ölkədə  sabit  durum qorunub saxlanır. 

-Azərbaycançılıq , yaxud Azərbaycanlı olmaq sosial-ictimai müstəvidə necə ifadə olunur?

Azərbaycançılıq bizim dövlətçilik ideologiyamızdır, dəyərdir, xalqımızın qanına, geninə hopmuş həyat tərzidir. Azərbaycançılıq  – Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı 50 milyon soydaşlarımızın həmrəyliyidir, birliyidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir. Azərbaycançılıq Azərbaycanı qorumaq üçün ölkə daxilindəki dövlət və ictimai qurumların, siyasi partiyaların, yaşından, cinsindən, sosial mənşəyindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün vətəndaşlarımızın, xaricdəki diaspor təşkilatlarının, fəallarının birləşməyi, Vətənə dəstək olmaları, onun haqq səsini dünyaya çatdırmalarıdır.

 Azərbaycan    bütün dövrlərdə  çoxmillətli  ölkə olub və   burada  yaşayan xalqların və dini toplumların   hüquqları  pozulmayıb. Ölkənin  Konstitusiyası  hər bir    vətəndaşa milli mənsubiyyətindən    asılı olmayaraq  hüquqlarının  qorunmasını, müdafiə olunmasını   təmin edir.   Azərbaycanda   bütün xalqların nümayəndələri  üçün  öz milli adət-ənənələrini qoruyub saxlamaq və  ayinləri   keçirmək, milli mədəniyyətini   inkişaf etdirmək   üçün  hər cür şərait yaranıb.Vətənimizdə    azsaylı xalqların milli  ləyaqəti   heç bir şəkildə  pozulmur  və   onların öz milli  adət-ənənələrini qoruyub saxlamaq üçün hər cür şərait yaranıb.    “Azərbaycanlı”  məfhumuna   gəldikdə   isə, mən onu demək istəyirəm ki,    Azərbaycan bizim hamımızın - azlığından və ya çoxluğundan asılı olmayaraq, burada yaşayan bütün xalqların   ümumi evidir. Onu sevə-sevə qorumaq, qoruyaraq sevmək hər bir kəsin başlıca qayəsi olmalıdır. Bununla bağlı   daha bir   ciddi  məqamı   misal  gətirmək  yerinə düşər. Qarabağ müharibəsində  Azərbaycanda yaşayan  bütün xalqların  nümayəndələri o cümlədən talışlar da ana Vətənini düşməndən müdafiə etmək və işğalçı erməniləri torpaqlarımızdan qovmaq üçün xüsusi fədakarlıq və qəhrəmanlıq göstərmişlər, vətənin  hər qarış torpağı uğrunda şəhid olmağı, düşmənə qan uddurmağı özlərinə şərəf hesab ediblər. Hər bir müharibədə əsas ağırlıq kəşfiyyatçıların üzərinə düşür. Kəşfiyyatda isə düşmənin dilini bilmək və ratsiyada düşmənin başa düşmədiyi dildə danışmaq, düşmənin bilmədiyi parollardan istifadə etmək olduqca vacibdir. Ermənilər bütün dilləri bilirdi və ya başa düşürdü, təkcə talış dilindən başqa. Ona görə də  vətənpərvər oğullarımız, hansı ki, talış dilini mükəmməl bilirdilər, onlar könüllü olaraq  kəşfiyyatçı kimi ön sıralarda  xüsusi fədakarlıq nümayiş etdirmiş və bu torpaq uğrunda şəhid olmuşlar.Yəni, Azərbaycanda yaşayan  hər bir   xalqın nümayəndəsi öz  milli   kökünə ehtiram göstərməklə,    Azərbaycanı   öz vətəni hesab edir. 

-Azərbaycanda etnik, dini  və milli azərbaycançılıq kimliyi öz yerini necə müəyyənləşdirir?

 Azərbaycanda  vətəndaşların   etnik və milli  azərbaycançılıq kimliyi  ilk növbədə  onların öz ana dilində   danışmaq hüququnun  təmin olunmasında,  hər bir xalqın öz  mətbu   orqanlarının  olmasında,  milli adət-ənənələrinə uyğun həyat tərzinin  sürmək   imkanında,  milli dillərdə  kitabların, dərsliklərin  nəşr olmasında özünü nümayiş etdirir.  Dini   tolerantlığa gəldikdə isə,   Bakının  mərkəzində  möhtəşəm məsçidlərlə  yanaşı,   yahudi sinaqoqası,  rus pravoslav kilsəsi,  katolik kilsəsi fəaliyyət göstərir  və   bununla bağlı  yenədə bir ciddi və dərin mənalı məqam qeyd edilməlidir.  Azərbaycanlılar,  talışlar   ənənəvi olaraq İslam dininə    etiqad edib, lakin  fərqli  dinlərə məxsus   dini məbədlərdə   hər millətin nümayəndələrinə  rast gəlmək mümkündür. Kilsəyə yaxud sinaqoqaya gedən müsəlmanlar  bunu  bir sözlə izah edirlər- “Allah təkdir və Həzrət Məhəmməd (ə.s.)    nə Musa, nə İsa peyqəmbəri  danmayıb,   əksinə  onlara  ehtiramla   yanaşıb”.  Yəni, Azərbaycanda  heç bir   etnik qrupun,  azsaylı xalqın yaxud  fərqli  dinin nümayəndəsi  özünü “ikinci dərəcəli” insan kimi  hiss etmir. Bütün xalqların və dinlərin  dinc yanaşı   yaşamasının  təmin  edilməsi   azərbaycançılıq ideologiyasının  əsasını  təşkil edir. Öz təcrübəmdən sizə misal gətirmək istəyirəm.Mənim ən yaxın dostum və iş yoldaşım rus əsilli azərbaycanlı Polina Çernovadır.Polina Çernova artıq 40 ilə yaxındır bizim Universitetdə çalışır. Biz bütün dini və milli bayramları birgə qeyd edirik.  Bu il xristianların Pasxa bayramını Palina xanımla birgə Qəbələnin Nic qəsəbəsində qeyd etdik.Müqəddəs Yelisey məbədində dünyada sülhün və əmin-amanlığın bərqərar olması diləyi ilə birlikdə dualar etdik.Udi qardaş və bacılarımızla birgə həmrəyliyimizi bildirdik,bayramlarını təbrik etdik. Hər il  Polina Çernova ilə birgə   xalqımızın milli bayramı olan Novruz bayramı və ilaxır Çərşənbəni, müsəlmanların müqəddəs dini  bayramları olan Qurban və Ramazan bayramlarını Astarada birgə keçirmək artıq bizdə bir ənənəyə çevrilib və sosial şəbəkələrdə canlı olaraq  paylaşımlarımız istər rus icması  nümayəndələri arasında istərsədə azərbaycanlılar arasında böyük marağa səbəb olur.

-Bildiyiniz kimi “azərbaycanlı” termininə müxalif olanlar da var. Sizcə bu etirazçılıq hansı sosial-psixoloji faktorlardan doğur?

Bu  çox maraqlı  sualdır və   “azərbaycanlı” termini probleminin kökləri çox dərindir.  Şimalı Azərbaycan Rusiya imperiyasının tərkibinə  daxil edildikdən sonra azərbaycanlıları Rusiyada “qafqaz tatarları”  adlandırırdılar.  “Qafqaz tatarları”  ifadəsinə   həm XIX əsrin rəsmi sənədlərində, həm rus klassik ədəbiyyatında rast gəlmək mümkündür.  Bu cür yanaşma  ilk növbədə dillərin yaxınlığında və  eyni   zamanda  dini  mənsubiyyətdən  irəli gəlir.   Məlumdur ki,  rus xalqı  İslam dini ilə  ilk dəfə   məhz tatar  xalqının timsalında  tanış olublar.  ( Hətta ruslarda  belə bir deyim də var- “hansı rusu qaşısan, altından tatar çıxar”. Bu kəlam bəzən A.S. Puşkinə, bəzən isə N.M.Karamzinə  aid edilir). Yəni,  “azərbaycanlı” termininə   etiraz     Azərbaycan  xalqının  sırf “azərbaycanlı” kimi   deyil,   ümumən “türk”  adı ilə tanınması   istəyindən  irəli gəlir.   Bəli, türkdilli  xalqların hamısı eyni kökdən  gəlir,   və türk   olmaq  qürurludur, lakin  mənim   fikrimcə,  türkdilli xalqların  hər biri özü-özlüyündə  tanınmalıdır.   

-Siz talış əsilli Azərbaycanlısız. Sizin timsalınızda talış və Azərbaycanlı   kimliyi necə və hansı şəraitdə təzahür edir? 

 Mən talış   köklərimə  həmişə sadiq olmuşam  və dədə-babadan qalan   mənəvi dəyərləri,  dini   etiqadımı  qoruyub saxlamağı  özümə   övladlıq  borcu  hesab edirəm. Bununla yanaşı,  Azərbaycan mənim ana vətənimdir, bayaq qeyd etdiyim kimi mən  talış olduğum qədər azərbaycanlıyam, azərbaycanlı olduğum qədər talışam. Mənim   talış kimliyim  öz dilimi mükəmməl bilməyimdə,  müsəlman  adətlərinə   göstərdiyim  hörmət və  ehtiramda,   talış  musiqi  və ədəbiyyatı nümunələrini  bilməyimdə   özünü nümayiş etdirir.  Azərbaycanlı kimliyimə  gəldikdə isə,  mən bu ölkənin vətəndaşıyam, bu torpağın yetirməsiyəm   və  Azərbaycan   dövlətinin  talış  köklü nümayəndəsiyəm.

- Azərbaycanda eyni etnik və dini kimlik nümayəndələri və çoxsaylı türkdillilər arasında yaşamaq özünü necə göstərir? 

 Bu gün talışlar Azərbaycan millətinə dərindən inteqrasiya olunub. Talışların və azərbaycanlıların ənənələri, mədəniyyəti və həyatı çox da fərqlənmir.  Talış   və  Azərbaycan xalqının dini   yaxınlığı    təbii ki   əlaqənin  daha   möhkəm olmasına  çox güclü  və   müsbət təsir göstərir.  Etnik  baxımdan   soy-kök fərqli  olsada,  yaxınlıq    həmçinin özünü  həm  dini, həm milli  adət-ənənələrdə  özünü biruzə verir.  Ümumiyyətlə, türkdilli  xalqlar arasında yaşayan    müxtəlif etnik və dini qrupların nümayəndələri, o cümlədən talışlar  deyilən mühitdə  özünü sərbəst hiss edir. Bundan əlavə,   son illər   talış xalqının   tarixinə və  mədəniyyətinə   marağın artması  müşahidə olunur.   Beynəlxaq tədbirlərdə,  el şənliklərində,  elmi   görüşlərdə  biz bunun şahidi oluruq.  Məsələn, Şuşa azad olandan sonra, burada keçirilən təntənəli konsertdə   talış nənələrinin talış xalq mahnılarını   ifa etməsi     alqışlarla    qarşılandı.

-Azərbaycanda yaşayan müasir talış etnikliyini nədir və necədir, sizcə?

Məni  fikrimcə,  hal-hazırda   Azərbaycanda yaşayan  müasir   talış etnikliyi  çox   sanballı  bir  mövqe tutur. Talış etnosunun hüquqları   pozulmur,   talış xalqının  nümayəndələri  müxtəlif   dövlət  qurumlarında  çalışır, elmi araşdırmalar aparır,  ən fərqli sahələrdə fəaliyyət göstərirlər. Talışlar  Azərbaycanda  çoxsaylı   etnoslardan biridir   və   azərbaycanlılarla  onları bir çox hallarda  qohumluq əlaqələri də  birləşdirir.   Talış xalqının  nümayəndələri  hal-hazırda    bütün  dövlət qurumlarında,  o cümlədən MM   təmsil olunub.  Yəni,  talış   xalqı  Azərbaycan dövlətinin  çox   böyük  və  ayrılmaz   hissəsidir. Bu məqamda talış əsilli türkoloq alimimiz, azərbaycan dilçiliyinin patriarxı sayılan professor Əbülfəz Rəcəblinin illər öncə televiziya verlişlərinin birində söylədiyi bir ifadə yadıma düşdü: ”Azərbaycan bir ağacdırsa qol-budaqları burada yaşayan azsaylı xalqlardır”. Bəli biz bir ağacın budaqlarıyıq. 


-Müasir siyasi-iqtisadi və geosiyasi situasiyanın tələbilə Türk Dövlətlər Birliyi yarandı. Sizcə, etnik   türk olmayan xalqlar  bu birliyin içində özünü necə hiss edir, yaxud türk olmayan xalqların Türk dünyası içində yaşayaraq özünü komfort, emosional bərabərhüquqlu hiss etməsi üçün proseslər  necə irəli aparılmalıdır?

  Türk  Dövlətləri    Birliyinin  yaranması   digər    xalqların  heç birinin təqiblərə  məruz qalması, onların  hüquqlarının   pozulması  demək deyil. Əksinə,  türk dilli   xalqlar  daim  öz demokratikliyi ilə seçilib və  etnik   türk olmayan xalqların  nümayəndələri    hələ Osmanlı    Dövləti   dövründə  yüksək vəzifələr tutmuş,  sərbəst  ticarətlə, müxtəlif sənət növləri ilə məşqul olmaq  imkanına malik  olmuşlar. Hal-hazırda  etnik türk olmayan xalqların nümayəndələri  türk   dünyasına  bərabər hüquqlu   seqment kimi   daxil olaraq,  ərazisində  yaşadığı   dövlətin qanularına riayət  etməklə  həmin dövlətdə həm  hüquqi, həm emosional cəhətdən  özünü   rahat hiss edir.  Bu  cür  şəraitin  dövlət tərəfindən yaranması, fərqli etnik  qrupların hüquqlarının  təmin edilməsi  təbii ki,    dövlətin apardığı  siyasətin  ən müsbət   cəhəti kimi  qiymətləndirilə  bilər. 

-Qloballaşma dövründə assimilyasiya prosesi bütün dünyada təzahür edir. Azsaylı,  dövləti olmayan xalqlarda bu proses necə hiss olunur? 

 Assimiyasiya   prosesləri  bütün  dünyada   müşahidə olunur və  bu  həm   qloballaşma və   həm bir sıra  tarixi   və siyasi  proseslərlə   əlaqəlidir.   Lakin assimilyasiya  prosesləri  heç bir halda   məcburi xarakter daşımamalıdır.    Bildiyimiz kimi dünyada səkkiz milyarddan çox   əhali, üç minə yaxın xalq və  iki yüzə yaxın dövlət mövcuddur.Yəni hər bir xalqın dövlətinin olması qeyri-mümkündür. Azsaylı, öz  dövləti olmayan  xalqların assimiyasiyası  uzun  və mürəkkəb prosesdir,  və  hər ölkədə   onun  öz xüsusiyyətləri  var.    Talış xalqının  Azərbaycanda  assimilyasiya   olunması  isə  nəzərə çarpmır, çünki  talışlar   bir tərəfdən  öz  kökünü   unutmur,    digər tərəfdən  bütün xalqlarla  dinc yanaşı yaşamağı  üstün tuturlar. 



 

 

 

 

 

 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Azərbaycanda və  Balkan  ölkələrində  multikulturalizm və tolerantlıq  ənənələrinin  müqayisəli  təhlili.
Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
29.09.25, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
14.11.24, КОНФЕРЕНЦИИ
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN  RESPUBLİKASI   MULTİKULTURALİZM  SİYASƏTİNİN    NÜMUNƏSİ KİMİ
AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ
08.05.23, ЭТНОПОЛИТИКА
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА