Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
- 23-12-2024, 11:00
- ИСТОРИЯ И ОБЩЕСТВО
- 0
- 151
![image](/uploads/posts/2024-12/medium/1734940817_6590106f555036590106f55504170394020718f85e5e5bbe2a45aba2c667b7218e82.jpg)
Reyhan Mirzəzadə
publisist-politoloq
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə
Dahilər gözəl deyib: “Vətən elin evidir”, “Vətən sevgisi əxlaq gözəlliyini, əxlaq gözəlliyi də vətən sevgisini meydana gətirir”. Böyük tatar şairi Musa Cəlil haqlı söyləyib ki, dəmir işlədikcə par-par parıldar, palçıq ocaq üstə bişir, daşlaşır, kiminki qəlbində vətən eşqi var, vətən torpağında vətəndaşlaşır.
Unudulmaz şairimiz Əliağa Kürçaylının bu sətirlərini oxuyan hər bir yurdsevər, vətənpərvər azərbaycanlı necə qürurlanmasın, ürəyi fəxarət hissi ilə döyünməsin?
Şair anam Azərbaycan, sən vüqarımsan,
Nəğməmsən, şeirimsən, şeiriyyətimsən,
Sən mənim dünənki yaralarımsan,
Sən mənim bugünkü səadətimsən.
Görkəmli türk şairi və müəllimi Mehmet Akif Ərsoy Tanrıdan diləyirdi:
Ruhumun səndən İlahi, budur ancaq diləyi:
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu azanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.
Azərbaycan xalqının həyatında özünəməxsus yeri, dövlət xadimi olmaqla bərabər, həm də böyük şair, söz, sənət ustadı kimi tarixdə yaşayan Şah İsmayıl Xətai müdrik əcdadlarımızdan miras qalmış üç şeyi gələcək nəsillərə vəsiyyət etmişdi: Ana dilimizi, vicdanımızı, Vətənimizi ...
On minlərlə ürəkdə vətən eşqini yaşadan Naxçıvan... Vəfanı, sədaqəti, etibarı ucaldan Naxçıvan... Vətənimizin bir parçası... Millətimizin məğrur yurdu... Mubarizələr məmləkəti... Döyüşlər torpağı, qələbələr məkanı...Gözəlliklər səltənəti... Alimlər, şairlər, rəssamlar, memarlar, təbiblər eli...Tanrının və təbiətin ilahi varlığı...Ərzin əşrəfi... Səni sevməmək olarmı, ey əziz, munis Naxçıvan?
Səninlə bağlı çox oxumuşam Naxçıvan... Hüsnünə vəsf olunan şeirləri sətir-sətir qəlbimə köçürmüşəm. Qoynunda dünyaya göz açan istedadlı şairin Məşkur Əkbər “Vətənindir” şeirində dərya-dərya ürəklərin dərinliyindən gələn, büllur çeşmələrinin saf suları tək necə də könülləri riqqətə gətirən fikirlər səsləndirib, xoş arzular dilləndirib, həssas duyğulara ruh verib, qol-qanad verib:
Şair, bu qədim Naxçıvanı gəz, vətənindir,
Eşqilə vuran qəlb, nur alan göz vətənindir.
Hər abidə şahiddir əzəldən yada nifrət,
Dost insana göstərdiyi xoş üz vətənindir.
Gəlmələrin bax, köksünə dağ çəkdi bu dağlar,
Düşmən başına od ələyən yaz, vətənindir.
Gəz Ordubadı, Culfanı, Şahbuzu, Şəruru, -
Zülmət gecəsi, indiki gündüz vətənindir.
Hərda ürəyin yansa “Badamlı”, ya “Sirab” iç,
Boldur bu elin sərvəti, sal duz vətənindir.
Tusi kimi alim, Əbubəkr kimi memar,
Bəhruz kimi rəssam yetirən öz vətənindir.
Heyran xanımın, Cavidin, hal əhli Cəlilin,
Məmməd Səidin yazdığı haqq söz vətənindir.
Gör bir nəyə qadirdi bizim iş tutan əllər,
Min-min döşü ordenli oğul, qız vətənindir.
Hər damlası bir nura dönübdür Xan Arazın
Seyr et bu günü, sayrışan ulduz vətənindir.
Fəxr eylə ki, Məşkur, qoca Şərqin qapısında
Öz əhdinə, öz ilqarına düz vətənindir.
Azərbaycanın ilk və yeganə qadın Xalq şairi Mirvarid xanım Dilbazinin “Naxçıvan” şeiri 1963-cü ilin yadigarıdır. Bu şeiri sevə-sevə və dəfələrlə oxumuşam. Mirvarid xanım sözlərdən rəssam fırçası kimi istifadə edib sanki bu yurdun əsrarəngiz tablosunu yaradır, oxucunu öz yaratdığı tablosuna heyran edir. Oxucu bu tabloda döyüşən, mübarizə aparan və qalib gələn Naxçıvanı da görür. Görür və qəlbi sevinc hissi ilə dolur:
Silsilə dağların isti qoynunda
Naxçıvan adlanan gözəlimiz var.
Araz sahilində bağçalı, bağlı,
Sərvətli, şöhrətli bir elimiz var.
Burda ürək kimi istidir torpaq,
Günəşlə doludur hər gül, hər yarpaq.
Mehli zəmilərin yaşıl ümmanı
Şirin söhbətlərə tutur insanı.
İnsanlar yenidir, torpaqlar qədim,
Bu yerin sirrini bilmək istədim.
Məbədlər, türbələr, köhnə qalalar,
Coşqun dağ çayları, yaşıl talalar,
Bu geniş düzlərin aynası Araz
Məni xəyallara qərq etmədi az.
Alimlər, şairlər, ədiblər yurdu
Fikrimi min səmtə çəkdi, uçurdu.
Dağların döşünə bir dağ söykənmiş,
Uca zirvəsində qədim bir qala.
Buludlar hər yandan üstünə enmiş,
Uçulmuş daşları dalmış xəyala.
Mərdlik abidəsi bu Əlincədir,
Burda günəş ilıq, güllər incədir.
Üstünü ot basmış o yollar, izlər,
Neçə qərinənin sirrini gizlər.
İrandan, Turandan, Ərəbistandan
Bura ordu çəkmiş hərə bir yandan.
Tapdanmış bağçalar, bağlar diyarı,
Teymurləng – dünyanın o zülmkarı
Bu zəngin torpaqda payım var demiş,
“Payını” qılıncla, qanla istəmiş...
Hər an alovlara, odlara düşmüş
Xalq yenə yaşamış, yenə döyüşmüş...
Torpağın qoynunda qalmış dən kimi,
Göyərmiş günəşli gün görən kimi.
Arxada məbədlər, qədim qalalar,-
Möhkəm daşlarını zaman uçurmuş.
Önümdə çiçəkli yaşıl talalar,
Sünbüllü tarlalar yan-yana durmuş.
Qızların dəstəsi yayılmış düzə,
Torpaqlar qədimdir, insanlar təzə.
Şahbuzun dağlarında yerləşən Batabat gölü Naxçıvanın misilsiz təbii mənzərələrindən biridir. Gəmi qaya ilə qonşuluqda yerləşən və şəfa mənbəyi olan Batabat yaylağının iqlimi bir çox xəstəliklərin müalicəsi üçün faydalıdır. Batabat gölü dünyanın qeyri- adi təbiət hadisəsi olan və yeganə üzən adasının mövcud olduğu məkan kimi də şöhrət qazanıb.
Azərbaycan poeziyasında “Naxçıvan yadigarı “şeir silsiləsinin yaradıcısı hesab edilən istedadlı şair, dramaturq İslam Səfərlinin “Batabat bulağı” da poeziya xəzinəmizin incilərindəndir:
Bulaqların bir səmtədir axarı,
“Salvartının” xoş görünür baxarı;
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
“Qonaqgörməz” düşmənidir təkliyin,
Ayaqları xınalıdır kəkliyin.
Göl üstdəki güllüyün, çiçəkliyin,
Xoş ətrinə bata-bata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Dağ cığırı, hər tərəfim duman, çən,
Boz qayadan cüyür hürkdü qəflətən.
Tüfəngimi sinəm üstə basıb mən
Arxasınca ata-ata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Mehmanınam on beşdə mən, beşdə mən,
Gətirmişəm basdırmanı teşdə mən.
Neçə ocaq tüsdülədib döşdə mən,
Birini də çata-çata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Jurnalist G.Şahməmmədli şair İslam Səfərli haqqında yazır:
“Bağrıma basmışam Azərbaycanı – Araz bir qolumdur, Kür bir qolumdur”, – deyən İslam Səfərli, Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı tükənməz ilhamla tərənnüm edib. Naxçıvan elinin hər qarışı nəğməkar şairin yaradıcılığında öz bədii təsvirini tapıb. Bu vurğunluğu biz “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”, “İki Culfa”, “Əbədiyyət nəğməsi”, “Araz burulub keçir”, “Tanış gözlər”, “Gəlmişəm”, “Qızlar bulağı”, “Badamlı”, “Görüş yeri”, “Naxçıvanın duzu, qızı, qarpızı...”, “Həsrət nəğməsi”, “Şərur düzləri”, “Çex qızının məhəbbəti”, “Qoşa söyüd”, “Ordubad” və digər şeir və poemalarında aydın görürük. Şair qələmə aldığı əsərlərində “Şeirin, sözün Vətəni, xoş baharlı Naxçıvanım” deyərək ayın seyrə gəldiyi Qızlar bulağını, “Narzan” kimi qiymətli olan “Badamlı”sını, yurdumuzun gözəlliklərinin bir parçası olan Xal-xal meşəsini, Naxçıvanın dərdlərə dərman duzunu, Araz dərdini, bu diyarın göy tarlalı Şərurunu, dalğalarla qucaqlaşan Arpaçayını, “böyük aləm” dediyi doğulduğu Şəkərabad kəndinin təbiətini, Batabatın qəlb ovsunlayan gözəlliyini, Əlincənin əzəmətini, Bəhruz Kəngərli kimi sənətkarlarını, Koroğlu, Babəktək qəhrəman oğullarını, xumargözlü qızlarını yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə tərənnüm edib. Şair “Şərqin şöhrəti” (böyük ədib Cəlil Məmmədquluzadəyə), “Sevib yaşatdı” (Turan Cavidə), “Naxçıvan yadigarı” (“Naxçıvan yadigarı” mənzərə albomunun müəllifi rəssam Bəhruz Kəngərliyə) şeirlərində isə bu qədim diyarı elm və mədəniyyət ocağı, böyük sənətkarlar yurdu kimi məhəbbətlə təsvir edir...”
Əlbəttə, bu, qürurverici haldır. Bir şairin öz doğma yurdu, sevimli məmləkətinə məhəbbət dolu silsilə şeirlər həsr etməsi vətənlə vətəndaş, yurdla eloğlu arasında saf duyğularla cilalanmış bir sevginin təzahürüdür.
Naxçıvanın tarixinə dair yunan, ərəb, fars, Azərbaycan, türk, rus mənbələrində xeyli məlumat vardır. Eyni zamanda xalq arasında da müxtəlif rəvayət və əfsanələr mövcuddur. Əfsanələrin birində Naxçıvan bəşər nəslinin ilk beşiyi kimi təsvir olunur. “Ümumdünya daşqını” – “Nuh əfsanəsi” ilə bağlı olan deyimlərdə qeyd olunur ki, Naxçıvan insanın ulu əcdadı olan Nuh peyğəmbərin ilk dayanacaq yeri olmuş və Nuhun gəmisi burada düşərgə salmışdır. Naxçıvanın Nuh tərəfindən salınmış ilk şəhər və insanların ilk köç yeri olduğunu yazan tədqiqatçılar da olmuşdur. Alimlərdən biri əsərlərinin birində Nuhun Naxçıvanda vəfat etməsini və orada dəfn edilməsini qeyd edir. Belə bir fikrə K. A. Nikitinin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində də təsadüf edilir.
Elm və dövlət xadimi Kamran Rəhimov belə yazır. Yazır ki,
Naxçıvan şəhərinin adını Nuh peyğəmbərin adı ilə bağlayırlar. Qədim akkad, yəhudi, şumer əfsanələrində “Nuh tufanı” adlanan əfsanəyə rast gəlinir. Onların məzmunu demək olar ki, eynidir. Əfsanənin qısa məzmunu belədir: “Nuh Allah – təaladan xəbər tutur ki, Yer üzü günaha batıb, dünyanın üzünü su basacaq. Ona görə də böyük bir gəmi düzəldib öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə minir. Gəmi səfər zamanı Ağrı dağına, Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə “İnandağa”), Ordubadın başının üstündəki Ələngəyə və Arazın sahilindəki Kəmkir dağlarına toxunub keçir. Gəmi Gəmiqayada quruya oturur. Nuh gəmi toxunan dağlara ad verir”.
Əfsanəyə görə, Kəmkir dağı əfsanəvi gəminin dayandığı ilk yer olub. Nuh peyğəmbər buradan Ağrıdağ istiqamətinə yola düşüb, oradan da Naxçıvan ərazisinə gəlib. Yolda bu gəmi Naxçıvanın indiki Culfa rayonu ərazisində olan İlanlı dağa toxunub. Nəhəng gəmi dağın zirvəsinə çırpılmaqla o, iki yerə haçalanıb. Elə o vaxtdan da bu dağ Haçadağ adlanıb.
Bu rəvayətdən də göründüyü kimi, “Nuh tufanı” Naxçıvan ərazisi ilə bağlıdır. Hətta bəzi alimlərin yazdığına gör, Nuhun qəbri Naxçıvandadır. Lakin erməni mənbələri saxtakarlıqlarından əl çəkməyərək, bunu yenə öz istədikləri kimi yozurlar.
Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxcıvan şəhərinin cənubunda Nuhun, şimal-qərbində isə onun bacısının qəbri var. Bu isə o deməkdir ki, Nuh peyğəmbər də, onun ailə üzvləri də bir müddət bu torpaqda yaşayıblar.
XIX əsrin 80-ci illərində Naxçıvanda maarifçiliklə məşğul olan K. A. Hikitinin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı kitabının bir yerində deyilir: “Əfsanəvi gəmi quruya çıxdıqdan sonra Nuh Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. Öz ailəsi ilə birlikdə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.
Beləliklə, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə, ellərdən ellərə bizim zəmanəmizə qədər gəlib çatmış el rəvayətlərinə görə, Naxçıvan torpağına uydurma erməni patriarxı Nou yox, dünya səyahətinə çıxmış əfsanəvi Nuh peyğəmbərin ayağı dəymiş, Naxçıvan da (Nuh çıxan) öz adını buradan almışdır. Nuhun gəmisi İlandağı yararaq orada öz izini qoymuş və nəhayət, qədim Ordubadın dilbər guşələrindən olan alagözlü Göygölə kölgə salan, onu həmişə buzlar ağuşunda saxlayan, öz şəffaflığı ilə brilyantı xatırladan Göygölün keşiyində duran Gəmi qayada özünə əbədi məskən salmışdır. Burada 250 - dən çox qaya daşları üzərində Nuhun gəmisinin, onun sakinlərinin sərgüzəştləri öz əksini tapmışdır.
Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilmişdir. Üç hissədən - sərdabə, türbə və çardaqdan ibarət olan səkkizguşəli bu abidədə tikinti işləri uğurla bitmişdir. Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramida şəklində əlvan metallardan işlənib.
Rus tədqiqatçısı V.M.Sısoyev Nuhun türbəsini təsvir edərkən onun mərkəzində diametri 2 metrə çatan səkkizguşəli sütun olduğunu qeyd edib. XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrini, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumat verib. Yəhidi alimi İosif Flavi də öz tədqiqatlarında Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edib.
Rus alimləri İ.M.Dyakanov Gəmiqaya qayaüstü rəsmlərindən danışarkən Naxçıvanın Nuhla bağlı tarixinə də toxunub, K.İ.Smirnov isə Nuhun qəbrinin Naxçıvan şəhərinin cənub hissəsində olduğunu göstərib.
Şair Əli Göydağlının “Gəmiqaya düşüncələri”ndə dediyi röya kimi gözəl düşüncələrə dalır:
Gəmiqaya şahə qalxmış kəhərdir,
Ağ buludlar zirvəsində yəhərdir.
Günəş doğub qaşqasında, səhərdir,
Elə bil ki, üzəngidir dərələr.
Çay-çeşmələr dağların göz yaşıdır,
Güney-quzey baharıyla qışıdır.
Hər anında neçə fəsil yaşadır,
Gözəlliyin çələngidir meşələr.
Kəkliyə bax, xınalanıb necə də,
Qaqqıldayıb almır məni vecə də.
Qartal uçur ənginlərdən ucada,
Yorgunluğum belə yerdə dincələr.
Zümrüd rəngli çəmənlərə, çölə bax,
Duman örtüb dərələri, tülə bax.
Dağ qoynunda mürgüləyən gölə bax,
Bərəsində yalqız qalıb ov mələr.
Zirvələri şanapipik daraqlı,
Keçmişləri Kərəm, Əsli soraqlı,
Dilə tutsan, Koroğludan maraqlı,
Ürəyinə dastanlardan söz ələr.
Pozulmazdır bu dağların halayı,
Gəmiqaya adı Nuhdan qalıbdır.
At üstində anam mənə laylayı,
Bu yerlərin havasında çalıbdır.
Realist rəssamlıq məktəbimizin banisi olan Bəhruz Kəngərli Nuh peyğəmbərin Naxçıvandakı türbəsini düz altı dəfə naturadan kətan üzərinə köçürüb. Həmin nadir əsərlər indi qiymətli eksponatlar kimi Naxçıvandakı mədəniyyət ocaqlarında - Dövlət Tarix Muzeyində və Bəhruz Gəngərlinin ev-muzeyində nümayiş olunur.
Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piri olan “Əshabi-kəhf”in adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadəetmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.
Xalq arasında deyirlər ki, “Əshabi-kəhf”i yeddi il ardıcıl ziyarət etmək Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni kimin həmin ziyarətgahlara getmək imkanı yoxdursa, bura getməklə savaba çata bilər.
Naxçıvanla bağlı olan hər bir elmi məlumat bizdə maraq doğurmaya bilməz. Bəzi tədqiqatçılar “Naxçıvan” sözünün mənşəyinin qədim tayfalardan birinin adı ilə bağlayırlar. A. M. Marr yazır ki, Qafqaz xalqlarının dilində (hazırda çeçenlərin) “nax” – xalq, qəbilə, “çus” – insan mənasını verir. “Van” kəlməsi isə qədim Midiya dilində məkan, yaşayış yeri mənasında işlənmişdir. Demək, Naxçıvan Nax - çau – van (xalq - insan - məkan) sözlərinin etnotoponomik birləşməsidir.
Tanınmış dilçi - alim A. Axundov yazır ki, “toponimin birinci tərkib hissəsi “Nax”- Nuh peyğəmbərin adının fonetik variantı, türk dillərində isim düzəldən şəkilçi “van” isə qədim İran dilində “yer, məskən” mənalarında işlənən toponimin formasıdır. Beləliklə, “Nuhçıxan” – “Nuh tərəfdarlarının məskəni” mənasını bildirən qədim toponim – Naxçıvan yaranmışdır və bəlkə də bir həqiqətdir ki, fransız alimi Dyubada Monperanın qeyd etdiyi kimi, “Naxçıvan tarix qədər qədim şəhərdir”.
XVI əsr görkəmli türk alimi və səyyahı Övliya Çələbi Naxçıvan şəhərinin yaranışını Turanın əfsanəvi hökmdarı Əfrasiyabın adı ilə bağlayır. Orta əsr tarixçisi Moisey Xoreili eramızdan əvvəl VI əsrdə baş vermiş hadisələrdən danışanda Naxçıvanın adını çəkir.
Naxçıvan qədim şəhərdir, sorağı yüzilliklərin, minilliklərin arxasından gəlir, şəhərin keçmişi, mədəniyyəti, tarixi, yetirdiyi böyük şəxsiyyətlər haqda iftixar hissiylə danışırıq. Lakin bu qədimilikdən bizim günlərə çox az şey gəlib çatmışdır. Əsrlər boyu uzun bir yol gələn bu şəhər dönə-dönə dağıntılara məruz qalıb, sökülüb, yenidən tikilib, yerlə - yeksan edilib, yenidən dirçəlib ayağa qalxıb. Onun tənəzzül dövrü də olub, yüksəliş dövrləri də.
Tarixi mənbələrdə yazılır ki, Naxçıvan monqolların istilasından sonra demək olar ki, tamamilə dağıdılmışdı. 1253 - cü ildə burada olmuş fransız monarxı Vilhelm Rubruk həmin dövrdə Naxçıvanın səhraya çevrildiyini yazırdı. Amma tarixi bir reallıqdır ki, nə istilalar, nə dağıntılar, nə də düşmənlərin ardı – arası kəsilməyən hücumları, mübarizə dolu qızğın döyüşlər Azərbaycanın bu misilsiz şəhərini yer üzündən silə bilməmişdir. Naxçıvan hər acı zərbələrdən sonra yenidən dirçəlmiş, güc toplamış, daha da inkişafına davam etmişdir.
12 il Teymurləngin ram edə bilmədiyi, düşmən mühasirəsinə mərdliklə sinə gərən qüdrətli Əlincə qalası! Zaman – zaman yunanların, ərəblərin, monqolların, tatarların hücumlarına məruz qalan, başı çox müsibətlər, bəlalar çəkən Əlincəmiz! Əsası XI – XII əsrlərdə qoyulmuş, xalqımızın mərdlik rəmzi kimi təsvir edilmiş, fatehlərə qarşı məğrurcasına dayanmış Əlincəqalamız “Kitabi – Dədə Qorqud” dastanında da möhkəm, qüdrətli bir istehkam kimi təsvir olunur.
Əlincə qalasının əzəmətli hasarı dağın ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun “kiçik bir şəhərciyi” xatırladan zirvəsini tamamilə əhatə edir. Qala qapısı Xanağa kəndinə tərəfdir. Qalaya dağın üç tərəfindən piyada yol var. Bu yollar üzərində müdafiə məqsədi ilə hələ orta əsrlərdə qaravulxanalar və əzəmətli bürclər tikilmişdir.
Qala üç geniş sahədən ibarətdir. Birinci sahədən ikinci və üçüncü sahələrə qalxmaq üçün daş pillələr vardır. Qalanın əhatə etdiyi ərazidə inzibati və yaşayış binalarının uçmuş divarları və dağılmış təməl daşları indi də görünməkdədir. Qutval adlanan qala rəisi, yaxud qorçubaşı üçün olan binanın yerlədiyi sahə yaxın kəndlərin əhalisi arasında Şahtaxtı adlandırılır. Qalada 600 nəfərədək döyüşçünün yaşaması üçün imkan olmuşdur. Qalanın daxilində mühasirə vaxtı su ehtiyatı saxlamaq məqsədi ilə qayada müxtəlif ölçülü hovuzlar çapılmışdır. Burada yeddiyə qədər su hovuzu qeydə alınmışdır. Dağın yuxarı zirvəsindən qaya üzərində kiçik arxlar salınmışdır. Həmin arxlar vasitəsilə hovuzlara yağış və qar suyu axıb toplanırmış. Yay fəslində bu hovuzlardan bir qisminin suyu qurusaymış belə, böyük hovuzda həmişə su ehtiyatı olarmış. Qalanın daxilində vaxtilə silah düzəldilən karxanalar, ilxı və mal-qara üçün tövlələr və s. köməkçi vasitələr olmuşdur. Qala bəndinin möhkəmliyi və dağın özünün sıldırım olması onu alınmaz bir müdafiə istehkamına çevirmişdir.
X əsrdə yaşamış salnaməçilərdən Taronlu Stepan “Ümumi tarix” əsərində müasiri olduğu hadisələrdən bəhs edərkən Əlincəqalanın yerli feodallara məxsus əsas sığınacaq yeri olduğunu qeyd edirdi. Onun yazdığından məlum olur ki, həmin qalada hakim və zadəgan ailələri feodal hərbi toqquşmaları və müharibələr zamanı mühafizə olunarmış. Qalanın arşagid, yəni əşgani, yaxud sasani dövrlərinə aid olduğuna dair fikirlərə dair rast gəlmək mümkündür. Azərbaycan alimi Ə. Ələkbərov hələ XX əsrin 30-cu illərində Əlincəqalada tədqiqat aparan zaman oradakı hovuzların birində sasani dövrünün barelyefi olduğunu müşahidə etmişdir. Hər halda belə bir nəticəyə gəlmək imkanı yaranır ki, qalanın əsası hələ erkən orta əsrlər dövründə, yəni VI – VII əsrlərdə qoyulmuşdur.
Azərbaycan atabəyləri – eldəgizlərin hökmranlığı dövründə (1136-1225) Əlincə qalasının əhəmiyyəti daha çox artmışdı. Belə ki, həmin qalada eldəgizlərin xəzinəsi saxlanılır və kökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün bir sığınacaq yeri kimi istifadə olunurdu. Məhəmməd Cahan Pəhləvanın arvadı, Naxçıvanın hakimi Zahidə xatunun əsas iqamətgahı həmin dövrdə Əlincəqalada yerləşirdi və eldəgizlər dövlətinin xəzinəsi burada mühafizə olunurdu.
XV əsrdə İspaniya səfiri Ryu Qonzalis Klavixo öz gündəliyində məğrur qalamız barədə yazırdı: “Əlincə qalası yüksək və sıldırım bir dağ üzərində yerləşərək, divarla əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qalaça dağın başında yerləşibdir”.
Məğrurluq simvolu kimi ucalan Əlincə, zəmanəmizdə neçə-neçə şairin, rəssamın həvəslə yaratdığı mövzuya çevrilib. Poeziya dünyamızda öz dəsti-xətti olan şair Nüsrət Kəsəmənli “ƏIincədə bir axşam” da yazır ki:
Dağlar kəhər kimi yüyənlənibdir,
Görəndə düşmənin donmazmı qanı?
Daşlar yumruq kimi düyünlənibdir
Bu qədər yumruğun sahibi hanı?
Zirvələr buludlu,
döşlər dumanlı,
Sirli əsrlərin marağı yatıb.
Sandım hər qayada bir dəliqanlı
Marığa yatıb...
Bu yerdə kimlərin harayı qalıb
Səs verdim,
qayalar kəsdi səsimi.
Dağlar Əlincəni çiyninə alıb,
Əlincə dağların zirehi kimi.
Göylər od-alovla dillənsə əgər,
Qala ildırımı yıxar dərəyə...
Bir qaya zirvədən gillənsə əgər,
Daşlar qoşun kimi axar dərəyə.
Əlincə qalası...
hər daşı qədim...
Burda qollarıma güc gəldi sanki.
-Bir igid yoxdumu buyursun, - dedim,
Daşlar yaralı tək dikəldi sanki.
Burda çox gəlmələr atdan
yıxılıb,
Çoxunun dilində qalıb buyruğu;
Burda qorxaqların qəlbi sıxılıb,
Kişilərin yumruğu...
İndi qartallarmı qoruyur dağı,
Dünənki canlımı hər sükut - kölgə.
Qayalar qoynunda yuva qurmağı
Qonub zirvələrə məğrur durmağı
Qartal igidlərdən öyrənib bəlkə.
Gedirəm...
Hiss məni bir də gətirər,
Deyimmi Əlincə güldür, çiçəkdir.
Bu dağa qum əksən, qaya bitirər,
Daş əksən qalaya çevriləcəkdir.
Zaman-zaman bu möhtəşəm qala - abidənin müxtəlif ölkələrdən sorağına və ziyarətinə gələn qonaq şair və yazıçılar öz Əlincə sevdalarını ədəbiyyatın səhifələrinə, poeziyanın misralarına köçürmüşlər. Rus şairi Pyotr Saykonun “Əlincə qalası” şeirinin sevgi dolu harmoniyasına bir baxın:
Dağlarda vüqarla durub Əlincə,
Tarixdən əbədi bir xatirə tək.
Göstərir işğalçı xanlara necə
Bu yer qalib gəlib odlar keçərək.
O, şöhrət qazanıb vuruşmalarda,
Polad səngər olub ellərə dünən.
Amansız Teymurun qılıncı burda
Zirehli döşlərlə düşüb kəsərdən.
Dağların əyilməz təbiətini,
O, bir kitab kimi danışır bizə,
Qoca Nəiminin məhəbbətini
Yadigar saxlamış ellərimizə.
Onun görkəmində bir əzəmət var,
Zirvələr ucadır, dərələr dərin.
Zərbinə dözmüşdür bu sərt qayalar,
Silaha söykənən cahangirlərin.
Bu gün o göstərir bütün cahana.
Odlar ölkəsinin məğrurluğunu,
Şərəf çələngidir Azərbaycana,
Dağlar öz köksündə saxlayır onu.
Pyotr Saykonun səmimi duyğularla Naxçıvanın əzəmətli dağlarının hüsnünə vəsf etdiyi “Araz üstdə görüş” şeiri də ürəklər tez yol tapır:
Araz sahilində böyük fərəhlə,
Məğrur qarşıladı məni bu dağlar.
Bu yer ilhamımı gətirdi dilə,
Gördüm ki, torpağın min büsatı var.
Bəyaz çalmasında şiş zirvələrin
Bu yurdun əzmini seyr elədim mən.
Çatdı qulağıma ötən illərin
Zəfər sədaları qərinələrdən.
Göründü gözümə qanlı vuruşlar,
Qranit dağların əzəmətində
O, düşmən önündə, yenilməz vüqar,
Əyilməz olmuşdur darda, çətində.
Baxdım Araz üstə gur işıqlara,
Gördüm ki, zəhmətlə açılır səhər,
O qədər qürurla baxdım dağlara,
Süzüldü qəlbimə odlu sətirlər.
Eramızdan əvvəl dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Govurqala, Çalxanqala kimi qala-şəhərlər yaradılıb. Onların izləri bu gün də yaşayır.
Naxçıvan şəhərinin adı müxtəlif dövrlərdə müxtəlif tarixi mənbələrdə müxtəlif formalarda işlədilib. İlk dəfə Naxçıvan şəhərinin adı antik yunan filosofu Klavdi Ptolomeyin II əsrdə “Coğrafiya” əsərində qədim yunan dilində Naksuana kimi təqdim edilib.
Eramızdan əvvəl meydana gələn Naxçıvan şəhərinin adı orta əsr ərəb mənbələrində Nəxcyan, eyni zamanda Nəşəva, yaxud Nəşəvi kimi işlədilir. Əhməd ibn Lütfüllah “Kitab - i cami əd – duval” əsərində yazır: “Nəşəva şəhəri həmin Naxçıvandır”. Nəşəva sözünün ərəd dilində mənası “böyüyən, inkişaf edən” deməkdir. Mənbələrdə Naxçıvanın “Nəxcəvan”, “Nəxcuvan”, “Nəxcuan”, “Nəqcuan” kimi qədim adları da mövcuddur. Bəzi fars müəllifləri Naxçıvanın Nəxcir sözündən meydana gəldiyini qeyd edir. Nəxçir adı Sasani şahı Bəhramın ləqəbi olmuşdur. Mənası “ov, ovu sevən, ovlayan, ov edilən yer və qənimət” deməkdir. Bəhram Sasani şəhəri qurub-yaradarkən bu adı ona vermişdir. Bir neçə tədqiqatçı bu faktı təsdiq etmişlər.
Yazırlar ki, yer üzündə bundan çox əhalisi olan şəhər yox idi. Şəhərin yaxınlığında qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır. Şəhərdə çoxlu saray, köşk və eyvan vardır. Bütün binalar kəcdən və bişmiş kərpicdən inşa edilmişdir. Köşklərin çoxu qəsrlər kimi üç-dörd mərtəbəlidir.
IX - XI əsrlərdə qədim Naxçıvanın “qızıl dövrünün” kiçicik bir təsvirindən: “... Naxçıvan qüdrətli Eldəgizlər dövlətinin paytaxtıdır. Şəhər qapılarından çoxminlik ordular uzaq yürüşlərə çıxır və böyük qənimətlə, zəfərlə qayıdıb gəlirlər. Şəhərin küçələrində gur bir həyat çağlayır. Uzaq - uzaq ölkələrə mal dolu karvanlar yola düşür. Naxçıvanın dulusçu, dəmirçi, xalçaçı, zərgərlərinin düzəltdikləri məmulatları dünya bazarlarına daşıyırlar. Araz çayında gəmilər üzür...”
1064-cü ildə Araz çayını keçən Alp Arslanın qoşunları yerli ustalar tərəfindən düzəldilmiş çay gəmilərindən istifadə etmişdir.
Hələ X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq öz inkişafını davam etdirirdi. Burada toxunulan əsrarəngiz, gözəl ilmələrlə zəngin olan yaraşıqlı “Naxçıvan” xalçası keyfiyyətinə görə də Yaxın Şərq və Avropa ölkələrində yüksək qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçı mütəxəssislər tərəfindən “Qarabağ qrupuna” daxil edilmişdir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Naxçıvanda həmçinin nəfis Zili, Şəddə, Vərni kilimlər də toxunurdu. Şəddə və Vərni istehsalının vətəni Naxçıvanın özü olmuş, zaman keçdikcə başqa şəhərlərə yayılmışdır. Zili isə Naxçıvanda toxunulan ən qədim xalça növlərindən biridir. Özünün gözəlliyi ilə məşhur olan Naxçıvan xalçaları artıq orta əsrlərin sonuna doğru Avropa ölkələrinə aparılırdı.
XII əsrdə yaşamış naxçıvanlı rəssam-nəqqaş Osman ibn Səlmanın hazırladığı zərif qablar həmin dövr incəsənətinin ən gözəl nümunəsi hesab olunur. Fransada, Parisin Luvr Muzeyində görkəmli rəssamın kiçik bir kuzə üzərində gümüşlə işlənilmiş əl işi bu gün də qorunub saxlanmaqdadır. Tətbiqi incəsənət ustaları içərisində həmçinin naxçıvanlı zərgər Xəlilin də adı qeyd olunur.
Şərq, xüsusilə İran və türk mənbələrində Naxçıvanı bəzən ərəb və fars kəlmələrindən ibarət olub “dünyanın bəzəyi” mənasını verən “Nəqşi – Cahan” adlandırırlar. Şəhərin bu təsvirinə ilk dəfə XIV əsrdə Elxanilər dövründə yaşamış Azərbaycan filosofu, tarixçisi, dilçi alimi, dövlət xadimi Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dərəcələrin təyinində katibin göstərişləri” adlı əsərində və İran tarixçisi, şairi, coğrafiyaşünası, məmuru Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” əsərlərində rast gəlinir. Məhəmməd Naxçıvani yazırdı: “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yox idi”. Qəzvini Naxçıvan haqqında qeyd edirdi ki, şəhər gözəldir və ona “Nəqşi – Cahan” deyirlər.
Naxçıvan şəhərinin yaranışını Turanın əfsanəvi hökmdarı Əfrasiyabın adı ilə bağlayan Övliya Çələbi XVII əsrdə yazdığı “Səyahətnamə” əsərində Naxçıvandan bəhs edərək yazırdı ki, “Qələyi Naxşivan” Nəqşi – Cəhan həqiqətən dünyanın ən gözəl şəhəridir”.
Naxçıvan doğrudan da Yaxın Şərqin gözəl və məşhur şəhərlərindən biri olmuşdur. Bəzi müəlliflərin fikrinə görə, “Nəqşi- Cahan” Naxçıvanın adının mənası olmayıb, bu ad yalnız orta əsr müəllifləri tərəfindən şəhərə verilən epitetdir. Çünki orta əsrlər dövründə Yaxın Şərq ölkələrində “Nəqşi – Cahan” adı ilə məşhur olan başqa şəhərlər də mövcud olmuşdur. Məsələn, Orta Asiyanın Səmərqənd vilayətində “Çoban – Ata” dağının ətəyində “Nəqşi – Cahan” adlı şəhər mövcud olub. Buna baxmayaraq, çox maraqlıdır ki, XVII – XVIII əsrlərə aid rəsmi dövlət sənədlərində də bəzən Naxçıvan şəhərinin adı “Nəqşi – Cahan”, “Nəqşe – Cuan” və yaxud “Nəxcuan”, “Nacəvan” kimi də işlədilib.
XII əsrdə Yaxın Şərqin bir çox ölkələrində olduğu kimi, memarlıq Azərbaycanda da yüksək səviyyədə inkişaf etmişdi. “Naxçıvan memarlıq məktəbi”ninsə özünəməzsus nüfuzu vardı. Xalqın içindən çıxmış onlarla memarlar yüksək zövq və məharətlə yerli inşaat materiallarından istifadə etməklə ən müxtəlif zəngin naxışlar və ornamentlərlə bəzədilmiş əvəzolunmaz gözəl sənət nümunələri yaradırdılar. Naxçıvanda bir çox abidələr: məscidlər, türbələr, karvansaralar, körpülər, yaşayış evləri, hamamlar və s. tikililər inşa edilmişdi. Öz füsunkarlığı, möhtəşəmliyi və möhkəmliyi ilə şöhrət qazanan bu binalar haqqında hələ orta əsr müəllifləri çox bəhs etmişlər. Naxçıvan abidələri içərisində Atabəy və Atababa türbələri xüsusi yer tutaraq Azərbaycan memarlığının şah əsərləri və inciləri hesab olunurlar. XII əsrin görkəmli memarı olan Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsrlərə və nəsillərə yadigar qoyduğu bu cahanşümul abidələr tarixin neçə-neçə əsrlərindən keçərək zəmanəmizə qədər gəlib çıxmışdır. Əcəmi, Atabəy türbəsinin qarşısında duran portalın, eyni zamanda Qarabağlar kəndindəki türbənin qarşısındakı cüt minarənin də memarı və nəqqaşı olmuşdur.
Böyük rus sənətşünası, görkəmli tarixçi-alim Mixail Vladimiroviç Alpatov Naxçıvandakı Atabəy günbəzi haqqında yazmışdır: “Firdovsinin “Şahnamə”si, yaxud Nizaminin “Leyli və Məcnun”u kimi Şərqin ölməz klassik əsərlərində duyduğumuz bəşəri təravət qoxusunu biz Naxçıvan abidəsində duyuruq”.
Hazırda Naxçıvan Muxtar Respublikasında 1162 tarixi - mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir.
Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan Sarayı Şərq memarlıq üslubunda tikilmişdir. Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən artıqdır. Burada, demək olar, bütün xalça növlərinin və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş etdirilir.
Əlbəttə, Naxçıvan memarlıq məktəbinin böyük nümayəndələri olmuş və onların zəmanəmizə çatan və çata bilməyən əsrarəngiz abidələrindən bir yazı həcmində bəhs etmək mümkün deyil. Lakin Naxçıvan memarlıq məktəbi haqqında görkəmli sovet incəsənət tarixçisi, professor, Moskvada Şərq Mədəniyyəti Muzeyinin direktoru olmuş Boris Petroviç Denikenin yazdığını xatırlamamaq olmur: “Məlum olur ki, gözəl xalq ustaları, memarları yetirən Naxçıvan memarlıq məktəbi, memarlıq tarixində çox parlaq bir hadisədir”.
XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin ərazisinə daxil olan Naxçıvan yenə əvvəlki əsrlərdə olduğu kimi, ölkənin mühüm sənətkarlıq mərkəzlərindən biri hesab olunurdu. Şəhərda bacarıqlı memarlar, toxucular, dərzilər, misgərlər, dulusçular, zərgərlər, dəmirçilər, bənnalar, başmaqçılar, dabbaqlar və s. sənətkarlar vardı. Şəhər mühüm toxuculuq mərkəzlərindən biri idi. Təbii ki, bu da şəhər ətrafında müxtəlif növdə pambığın becərilməsi ilə bağlı idi. Pambıq becərilməsi geniş yayılmışdı. Mənbələrin verdiyi məlumata görə, Naxçıvanda yeddi növ; “Zaği”, “Munlayi”, “Zəfərani”, “Ləli”, “Xas”, “Bəyaz” və s. adlı pambıq hasil olunurdu. “Bəhram – yuri” və “Qələmkar” adlanan basma naxışlı pambıq və çit parçalar çox işlənirdi. İpəkçilik və ipək parça toxuma peşəsi Naxçıvanda əsrlər boyu mövcud olmuşdur. Lakin yerli ipəkçilik bir qədər tənəzzülə uğradığı zaman Naxçıvanda yerli ipəklə bərabər, dünya şöhrəti qazanmış Təbriz, Ərdəbil, Şirvan və Ərəş ipəyindən də istifadə edilmişdir.
Həmin vaxtlar Naxçıvanda meyvə bağları az idi. Şəhər ətrafındakı bostanlarda qovun, qarpız yetişdirilirdi. Naxçıvan üzümü xüsusi şöhrət qazanmışdı. Avropa ölkələri ilə aparılan ticarətdə Naxçıvan xüsusi rol oynayırdı. Çünki Təbrizdən Qara dəniz sahili şəhərlərinə gedən ən qısa və Qara dəniz vasitəsilə Avropaya gedən yol da Naxçıvandan keçirdi. Naxçıvandan və Culfa tərəfdə Araz çayı üzərinən keçən körpülər bu yolu xeyli rahatlaşdırırdı. Türkiyədən gətirilən yerli və Qərbi Avropa malları Naxçıvan vasitəsilə Azərbaycanın bir çox şəhərlərinə çatdırılırdı.
Avropa və Şərq ölkələrindən bir çox tacirlər, səyyahlar, missionerlər, siyasi və dövlət xadimləri XVI əsrdən etibarən Naxçıvana gəlməyə başlamışlar.Venessiyadan Vinsento Alessandri, İngiltərədən Nyupiri, Almaniyadan Tekdander, Fransadan Jan Batist Tavarnye və Puley Lekuz, Türkiyədən qeyd etdiyim kimi, Övliya Çələbi və Katib Çələbi Azərbaycanda, o cümlədən Naxçıvanda olmuşlar.
XVII əsrdə bacarıqlı, bilikli təbib kimi tanınmış İbrahim ibn Zeynəddin Naxçıvaninin həyat və fəaliyyəti barədə olduqca az məlumat qalmışdır. İbrahim hələ gənc yaşlarından atası ilə Dəməşqə getmiş və orada tibb elminin sirlərinə dərindən yiyələnmişdir. Həyatının sonuna qədər çox sevdiyi təbabətlə məşğul olmuşdur. “Təbiblərin rəisi” kimi şöhrət qazanmış İbrahim Zeynəddin eyni zamanda fiqh elmi ilə də məşğul olmuşdur. (Fiqh -ərəbcə bir kəlmə olub “dərindən başa düşmək, anlamaq və qavramaq” mənalarını verir. Qurani-Kərimdə 20 yerdə keçən fiqh kəlməsi və növləri “söylənən sözün məqsədini qavramaq”, “dərindən bilmək” kimi mənalarda işlədilmişdir.
(ardı var)