Yel çərşənbəsi- Yelli çərşənbə Tezliklə “puçur yeli” əsəcək
- 8-03-2022, 11:53
- ПРАЗДНИКИ, ОБРЯДЫ
- 0
- 527
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əliyev Bəhmən Fazil oğlu
Yel çərşənbəsi- Yelli çərşənbə
Tezliklə “puçur yeli” əsəcək
Dərdlərinizi, azarlarınızı küləyə danışın ki, onu götürüb aparsın Yel çərşənbəsi gəlib çatıb. Xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli-küləkli çərşənbə” kimi tanınan bu çərşənbə ilaxır çərşənbələrin üçüncüsü, Novruzun 7 çərşənbəsindən altıncısıdır, doğru çərşənbədir. Yeddi gün keçdi, Günəş Şimal yarımkürəsinə, Qoç bürcünə doğru eyni məsafə qət etdi. Novruza yaxınlaşdıqca hər çərşənbədə havada dəyişiklik özünü göstərir, bu dəfə də hiss olunacaq. Yel çərşənbədə yel sanki havanı, suyu hərəkətə gətirir, oyadır, canlandırır. Qısa müddət ərzində bir neçə dəfə istiqamətini dəyişən külək sanki özünü təzəyir.
Çayların, göllərin buzu əriməyə, torpağın donu açılmağa başlayır. İnama görə bu çərşənbədə oyanan yel tezliklə havanın dəyişəcəyini, istiləşəcəyini xəbər verir. Bəzi bölgələrimizdə bu küləyə “puçur yeli” də deyirlər, çünki bu küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başlayır. Əvvəllər bəzi bölgələrdə bu çərşənbə birinci çərşənbə kimi də qeyd olunub. Lakin son 30 ildə, xüsusi ilə KİV-də çərşənbələr sıralandırılıb. Fikrimcə, son illərdə ictimai rəydə kök salmış sıralanmanı dəyişməyə çalışmaq lazım deyil. Əsas çərşənbələrin qeyd olunmasıdır. Su, od, yel və yaxud, bölgələrimizdə yayılmış tarixi-ənənəvi adlar (Əzəl çərşənbə, Müjdəçi çərşənbə, Muştuluqçu çərşənbə, Toz çərşənbə, Yel çərşənbə, Kül çərşənbə, Külə çərşənbə, Su çərşənbəsi, Sular Novruzu və s.) çərşənbələrə rəngarənglik, gözəllik gətirir. Yalnız İlaxır çərşənbənin adı olduğu kimidir. Yelli çərşənbədə ev-eşik his-tozdan təmizlənir, pal-paltarın, xalça-palazın tozu çırpılır, küləyə verilir. Buna görə bu çərşənbə “Toz çərşənbə” də adlanır.
Üçüncü çərşənbə bəzi bölgələrimizdə “Qara çərşənbə”, “Gül çərşənbə” də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad olunar, müqəddəs Qurani-Kərimdən surələr oxunar, dualar edilər. Sonra ehsan qohum-əqrabalara, qonşulara paylanar. Qadınlar il ərzində yas düşən evləri gəzirək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı verər. Həmin gün “yasdan çıxarma” sayılır. Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir.
Süfrəyə quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Yel, küləklə bağlı inanclar bu çərşənbədə daha geniş icra olunar. İnsanlar dərdlərini, azarlarını küləyə danışarlar ki, onu götürüb aparsın. Sanki insanlarla bölüşə bilmədikləri dərdlərini küləklə bölüşüb yüngülləşərlər. Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyib niyyət edərdilər: “Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər”-deyərlər. Əkinçilər bu günlərdə taxıl əkinlərini suvarardılar. Bu suvarma “gülənbər” adlanırdı. Yaz şumuna hazırlıq məqsədi ilə xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salardılar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı. Sürüləri çöllərə çıxarardılar ki, heyvan otlayıb ağzı dada çatsın. Küləyin əsməsi, istiliyi hər yerə yayması iqlim prosesi olsa da xalqımızın mifik dünyagörüşündə obrazlaşmış,“Yel baba” kimi şəxsləşmişdir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Şənliklərdə icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına vər samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Yel baba meşələrdə azanların qarşısına çıxır, onlara bir yumaq verir, yumaq açılır və yolunu itirənləri mənzil başına çatdırır....
Yellə bağlı inanclar:
- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər.
*Sovurulmamış buğda götürən ölər
- Yeli əsdirəni söyməzlər.
Yellə bağı atalar sözləri:
Yelə tüpürsən öz üstünə qayıdar.
Yel qayadan nə aparar?
Yelnən gələn selnən gedər.
Yel əsib qoz tökülüb.
Yel olmasa, sel olmaz.
Yel apardığını qaytarmaz.
Yel eləyəni fələk eləyə bilməz.
Yellə bağlı tapmacalar:
Hər yan ələk-vələkdir, İsti tamam kələkdir.
Dəyirmana can verər, Xırmana da gərəkdir.
Novruz bayramı ərəfəsində həyata keçirilən çərşənbələr insanları gələcəyə, yaşayıb-yaratmağa ümidləndirir, həvəsləndirir, səfərbər edir. Allahdan arzu edək ki, işğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq işləri gündən-günə genişlənsin, 10 ilin işini bir ilə başa çatdıraq, dirçələn yurdlarımız millətimizin nəfəsi ilə isinsin.
Çərşənbəniz mübarək!