Xəbərçi çərşənbə- Üskü çərşənbə-Od çərşənbə
- 28-02-2022, 20:45
- КУЛЬТУРА / ПРАЗДНИКИ, ОБРЯДЫ
- 0
- 640
Foto: google
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əliyev Bəhmən Fazil oğlu
Kiçik Çillədən sonra ilk bala çillədən, yəni hər çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə, Qoç bürcünə doğru doğru eyni məsafə qət edir. Hər çərşənbə axşamı günü isə biz bayramı, yəni çərşənbəni qeyd edirik.
Maraqlı bir məqamı qeyd edim. Tarixi mənbələrdə, klassik ədəbiyyat nümunələrində bayram və novruzlardan söhbət gedir. Bizim bu gün Novruz kimi qəbul etdiyimiz gün sadəcə “Bayram”, çərşənbələr isə “novruz”, “bala çillə” adlanırmış...
İndi növbəti çərşənbəni- “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”- qeyd edirik. Bu çərşənbə də doğru çərşənbələrdən sayıldığından “doğru üskü” də adlandırılır. “Üskü” elə od, günəş həlqəsi deməkdir.
Günəş, od, işıq bütün inamlarda, inanclarda, dinlərdə mühüm yer tutur. Ona görə də digər çərşənbələri olduğu kimi bu çərşənbəni də birmənalı olaraq hər hansı dini təlimlə əlaqələndirmək düzgün deyil. İlk növbədə kainatda gedən astronomik proseslərə, fəsillərin bir-birini əvəz etməsinə, xalqın maldarlıq və əkinçiliklə bağlı həyat tərzinə diqqət yetirmək lazımdır...
Novruz bayramı ilin 365 gününü əhatə edən xalq təqvimi sistemidir, 4 fəsli əhatə edir. Bəzən bu bayramı elə coğrafiyada yayılmış dini inanclarla əlaqələndirirlər ki, həmin coğrafiyalarda cəmi 2 fəsil var: yay və qış, yaxud musson yağışları olan fəsil, musson yağışları olmayan fəsil. Bu bir az geniş mövzudur...
Bütün qədim xalqlar özlərini Günəşin oğulları sayıb, ona səcdə ediblər. Elə Oğuz xan oğlu Gün xana əcdadının adını vermişdi. Belə çoxsaylı nümunələr gətirmək mümkündür.
Ən gözəl alqışlar odla bağlıdır, ən dəhşətli qarğışlar da odla bağlıdır.
Alqış söyləyəndə “Ocağın bərəkətli olsun”, “Ocağın odlu olsun”, “Ocağına nur çilənsin”, “Ocağın sönməsin”, “Gün işığına çıxasan”-deyiblər.
Qarğış söyləyəndə “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan”, “Ocağın qazan görməsin”, “Gün işığı görməyəsən-deyiblər. Bunu yazmaq belə çox ağırdır.
Azərbaycanın hər yerində isə odun üstündən tullanmağın yüngüllük yaradacağına inanırlar. Ağırlığını ocağa tökmək inancı “Çevir ocağa, al qucağa” atalar sözündə də yaşayır. Bütün çərşənbələrdə, o cümlədən od çərşənbəsində də tonqal yandırılır.
Tonqal başına toplananlar növbə ilə alovun üstündən tullanarlar. Hoppananlar ağırlığını oda tökmək istəyir, sanki günahlarından arınmaq istəyir. İnanırlar ki, od günahları, pislikləri yandırır...Hətta qışlaqlarda sürüləri tonqalların arasından keçiriblər ki, bədnəzərdən, qurddan-quşdan uzaq olsun. Quzuları qucaqlarına alıb tonqalın üstündən tullanıblar... Başqa dini inanclara görə isə insan nəfəsi oda dəyməməlidir, yoxsa od murdarlanar...
Novruz bayramı ərəfəsinə aid mərasimlərdən biri “Qodu-Qodu” (Qodu xan) oyunudur. Çox ehtimal ki, bu oyun “Üskü çərşənbə” ilə daha çox bağlıdır. "Qodu-qodu" oyununda cavanlar üzərinə qırmızı şilə çəkilmiş bir dairəni, yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və nəğmələr oxuyardılar. Bu oyun qədim zamanlardan aramsız yağan yağışın kəsilməsi üçün də keçirilirdi. Oyunda bəzən qadın formasında kuklalar düzəldilir və yağışın altında gəzərək qodunun şəninə nəğmələr oxunur, onu öyürdülər. Qodunu günəşin rəmzi olaraq qırmızı parçaya büküb günəşin çıxmasını, yağışın kəsilməsini arzulayırdılar. Mifik təfəkkürə görə Qodu ağlayanda yağış yağar, güləndə gün çıxarmış. Aramsız yağan yağışı kəsmək üçün insanlar Qoduya müraciət edər, onun könlünə insaf salmaq üçün bəxşiş gətirərdilər.
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.
*
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa.
“Od düşdüyü yeri yandırar”, “Od yanan yerdən tüstü çıxar”, “Ocağın altdan köz, adamın altdan söz”, “Od olmasa tüstü çıxmaz”, “Ocaq içindən tutuşar”, “Ocaqdan köz əskik olmaz”, “Oddan kül törər, küldən nə törər?”, “Od haqqı”, “Odu söndürüb külü ilə oynamazlar”, “Çör- çöplə yanan ocağın istisi olmaz”, “Tüstü kötükdən çıxar, budaqdan çıxmaz”, “Yanmayanda yanmaz, ha yellə, ha ətəklə” kimi çoxlu atalar sözləri söyləyən ata-babalar inanıblar ki, od hisli olarsa, uzaqdan qonaq gələr. Ya da ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Yaxud ocaqda kül titrəyəndə od xeyrə oynayır.
İnanca görə, çərşənbədə ocağı boş qoymazlar. Süfrəniz bol olsun, ruzi-bərəkətli olsun!
Allah odun-alovun içindən keçib vətən torpaqlarımızı azad edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin! Çox tezlklə işğaldan azad etdiyimiz hər bir kəndimizdə, şəhərimizdə işıqlar yansın, evlər şen olsun, ocaqlar isti olsun! Düşmənin 30 il xaraba qoyduğu vətən torpaqlarımızı çox qısa müddətdə bərpa edək, dirçəldək! Çərşənbəniz mübarək olsun!