Şərqşünaslıq İnstitutunda “44 günlük Vətən müharibəsi İran mediasında” kitabı çapdan çıxıb
- 6-05-2024, 16:46
- ЭТНОПОЛИТИКА
- 0
- 409
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Vidadi Mustafayevin “44 günlük Vətən müharibəsi İran mediasında” adlı kitabı nəşr olunub.
Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır.
Kitabda keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa aktiv mərhələləri (aprel 2016, iyun 2020) və 44 günlük Vətən müharibəsinin gedişi, həmçinin 2020-ci ilin sonuna qədərki dövrdə cərəyan etmiş hadisələrin İranın əsasən dörd mərkəzi (“irna”, “tasnim”, “farsnews”, “isna”) və bir yerli (“anaj”, Təbriz, Şərqi Azərbaycan) xəbər agentliklərinin saytlarında işıqlandırılması xronoloji ardıcıllıqla öz əksini tapıb.
Həmçinin həmin saytlarda keçmiş münaqişənin tarixi, mahiyyəti, ona İranın münasibəti, eyni zamanda qeyd edilən mərhələlərdə baş verən mühüm hadisələrə dair müxtəlif xarakterli şərhlər, müsahibələr, publisistik və analitik yazıların qısa icmalı və onlara münasibət yer alıb.
Kitabda qeyd edilən məsələlərə cənubi azərbaycanlıların müxtəlif sosial qruplarının münasibəti də az-çox dərəcədə nəzərdən keçirilib.
Kitab giriş, 3 fəsil, nəticə və əlavələrdən ibarətdir. İlk öncə İranın kütləvi informasiya vasitələri barədə məlumat verilir. Birinci fəsil aprel və Tovuz döyüşlərinə həsr edilib. Buradan aprel döyüşlərinə İran İslam Respublikasının rəsmi mövqeyi, hakimiyyətyönümlü kütləvi informasiya vasitələrinin, cənubi azərbaycanlıların mövqeyi, mütəxəssis və ekspert rəyləri, eləcə də Tovuz döyüşləri barədə yazılanlarla tanış olmaq olar.
44 günlük Vətən müharibəsinə həsr olunan ikinci fəsildə müharibənin gedişinin işıqlandırılması, müxtəlif agentliklərin məsələyə mövqeyinin dəyərləndirilməsi, bu mövzuda xəbərlərin əsas xüsusiyyətləri, müharibə haqqında şərhlər, müsahibələr, analitik yazılar və s. materiallar təqdim edilir. Burada İran İslam Respublikasının Vətən müharibəsində tutduğu mövqe, qonşu ölkənin Azərbaycanla sərhəddə fəaliyyəti, bu müharibəyə cənubi azərbaycanlıların münasibəti kimi məsələlər ayrıca nəzərdən keçirilir.
3-cü fəsil 44 günlük Vətən müharibəsində qələbədən sonra həmin ilin sonuna qədərki dövrü əhatə edir. Burada əsasən Azərbaycanın işğal olunmuş ərazilərinin qalan hissəsinin – 3 rayonun işğaldan döyüşsüz təmizlənməsi ilə bağlı yazılanlar nəzərdən keçirilir.
Əlavələrdə müəllif mətndə adları getmiş bəzi şəxslər haqqında qısa məlumat verir, həmçinin həmin dövrdə özünün mövzu ilə bağlı yazdığı operativ qeydləri, şərhləri və digər məzmunlu yazıları təqdim edir.