BİR DAHA MÜSƏLMANLARIN NƏZƏRİNƏ
- 3-05-2022, 14:32
- РЕЛИГИЯ
- 0
- 530
Foto:google
Nəriman Qasımoğlu
Göy cismi "ay", yoxsa təqvim ayı?
Ramazan ayı aprelin 30-da saat 16:28-də tamama yetmiş və həmin andan yeni ay təqvimi başlamışdır.
Yeni ayın göydə görünüb-görünməməsi ilə Ramazan ayının bitməsini çar çəkənlər böyük bir yanlışlıq içindədirlər.
Bu qeydlərimi məcburam hər il təkrar-təkrar paylaşım:
OXU Ramazanın aydoğdunun görülməsi ilə deyil, təqvim ayı olaraq başlanılmasına verilən şəhadətlə daxil olmasını vurğulayır.
Mətnin əsli belə deyir: “şəhru ramada:na-l-ləzi: unzilə fi:hi-l-qur'ə:nu hudən li-n-nə:si va bəyyinə:tin minə-l-hudə: va-l-furqa:ni fəmən şəhidə minkumu-ş-şəhra fəlyasumhu”.
Tərcüməsi: “Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu OXU endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (2:185).
Tərcümələrin əksəriyyətində “şəhidə-ş-şəhra” ifadəsi “ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) “aydoğdunu” mötərizədə yazaraq “təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil, adi gözlə necə görmək olar.
OXU-da keçən “şəhr” sözü göy cismi mənasında ay deyil (!!!), məhz təqvim ayıdır. Başqa ayələrdə də bu söz yalnızca həmin anlamda işlənir. Məsələn: “Göylərlə yeri yaradan gün Tanrı yazısına görə on ikidir Tanrı qatında ayların sayı” (9:36).
Bir daha vurğulayım, mətnin orijinalında təqvim ayı mənasında “şəhr” və bu sözün cəmi “əşhur” keçir. Göy cismi mənasında isə işlənən söz bizim “qəmər” kimi tələffüz etdiyimiz “qamər”dir. OXU-nun 54-cü surəsinin adı “Qamər”, yəni göy cismi olan aydır.
“Şəhidə-ş-şəhra” ifadəsi “təqvim ayına şahidlik etdi” anlamındadır, gördü anlamında yox!
Bunlar fərqli nəsnələrdir. Çünki təqvim ayı gözlə görülməz, bu ayın gəlişinə yalnız şahidlik etmək olar. Və bu ayın gəlişinin zamanlanmasına dəqiqliklə tanıqlığı isə astronomlar edirlər ki, onların bu şahidliyinə biz də inanıb şəhadət verməliyik. Əski zamanlarda bu, mümkün deyildi və tam anlaşılandır ki, Ramazanın gəlişinin və gedişinin zamanlanmasını gözlərin göyə zillənməsilə təyin etməkdən başqa çarə yox idi.
İndiki müsəlmanlar isə əski zamanlarda qalmağı üstün tuturlar. OXU-nun bu günümüzə işıq tutan hikməti onlar üçün, təəssüf ki, qapalı qalmaqdadır.
Bayramımız mübarək! İşimiz avand, vətənimiz bərəkətli olsun!