İranın Azərbaycanda dinlə manipulyasiya cəhdləri fiaskoya uğradı
- 13-04-2022, 13:08
- РЕЛИГИЯ
- 0
- 557
Foto:Google
Azərbaycanın müstəqilliyinin ilk illərində və ondan sonrakı periodda ölkədə xarici dini-ideoloji çətir altında formalaşan təmayüllər özünü göstərdi.
Bu təhlükəli meyllər Azərbaycanda dünyəvi təhsil sisteminin dayaqlarını sarsıtmaq və multikultural dəyərlərin aşınması çağırışları ilə müşayiət olunurdu, lakin dövlət tədricən Azərbaycana xas olmayan ideologiyalara qarşı sistemli iş aparmağı qarşıya məqsəd qoydu.
Bununla belə, Azərbaycana ayaq açan yad ideoloji cisimlər sürətlə öz ölçüsünü böyüdürdü və vətəndaşlar üçün cəlbedici ideyalara çevrilirdi.
Gənclərin dini təhsil almaq üçün İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrə üz tutmaları, onların bir çox hallarda destruktiv məzmunlu təriqət və məzhəblərin ideoloji təsirləri altına düşmələri isə vəziyyətin rəngini tündləşdirirdi.
Bununla da yad əbalı, başı əmmaməli “din xadimləri” və onların ətrafında olanlar xarici dairələrin məramına sorğusuz şəkildə itaətkarlıq nümayiş etdirirdilər.
Onların dini dünyagörüşünün təməlində dayanan ideya əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi obrazının çərçivələrini dağıdırdı, çünki həmin qruplar daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kimi yetişmişdilər. Vəziyyət o həddə gəlib çatdı ki, onlar “cihad” çağırışlarına qoşularaq Suriyada, İraqdakı qanunsuz silahlı dəstələrin tərkibinə qatıldı.
Azərbaycan dövləti, müstəqilliyi üzərində böyük təhdid dumanı yaradan bu hərəkat Azərbaycan dövlətini incə mexanizmlər üzərində effektiv nəticələr hasil edən addımlara təhrik etdi.
Baş verənlərin xronologiyasını sadalamaq istəməzdik, çox sadə şəkildə dövlətin təhdidlərə qarşı həyata keçirdiyi siyasəti belə təsnifləndirə bilərik:
- Vicdan azadlığının qorunması prioritetlər sırasında saxlanıldı (Konstitusiyanın prinsipləri əsasında),
- Dini etiqad sahəsində qanunvericilik təkmilləşdirildi,
- Multikultural model ortaya qoyuldu,
- Ölkədə ali dini təhsilin inkişafını stimullaşdırıldı,
- Güc strukturları radikallara qarşı əməliyyatlar həyata keçirdi.
Yad ideologiyaları təbliğ edərək milli məfkurəni həmin “zəhər”in içərisində boğmaq cəhdləri fiaskoya uğrayıb və dövlət təhlükəli tendensiyalara qarşı mübarizəni daim diqqət mərkəzində saxlayır.
Hazırkı vəziyyətin təsvirinə gəlincə isə, dövlətin gördüyü tədbirlərlə həmin radikal çevrələrin enerjisi tükənib və özlərini toparlamağa çalışırlar.
Onlara xaricdən ötürülən maliyyə isə tamamilə kəsilib.
Aqşin Kərimov