Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror
- 14-10-2024, 12:11
- ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
- 0
- 135
İctimai fəaliyyətin hər növünü sosioloji aspektdən nəzərdən keçirmək mümkündür. Bir yanaşmaya görə, sosiologiya qərarlaşmış (qəlibləşmiş) davranış nümunələrini araşdıran elmdir. Elə isə, hər cəmiyyətdə geniş yayılan dilənçilik praktikalarının müəyyən tiplərini fərqləndirə, başqa sözlə, dilənçilik praktikasını sosioloji baxımdan analiz edə bilərik.
Ayrı-ayrı vaxtlarda, fərqli yerlərdə qarşıma çıxan və ya müşahidə etdiyim praktikalardan yola çıxaraq, dilənçiliyin sosiologiyasına dair bəzi qeydlərimi bölüşmək istəyirəm.
Xəstəxana darvazasından uşaqla küçəyə çıxanda biri əlini açaraq deyir: “Allah balava dəyməsin”. İnanıram ki, çoxları belə vəziyyətlə qarşılaşıb: “Allah balanızı sizə bağışlasın” , “...sizə çox görməsin” kimi ifadələrlə, üstüörtülü şəkildə valideynlər “ilahi təhdidə” məruz qalır. Valideyn ən kövrək, ən həssas vəziyyətində və ən “comərd” halında “ilahi təhdidə” yaxalanır; əllər dərhal cibə gedir. Ona görə “ilahi təhdid” deyirəm ki, dilənçilər, bəlkə də anlamadan, ya da daha təsirli olması üçün, sədəqə ver ki, “Allah sizin övladınıza dəyməsin” mesajını verirlər. Bu metod, fikrimcə, dini maarifin aşağı olduğu, Allahı daha çox cəzalandırıcı varlıq kimi görən cəmiyyətlərdə daha kəsərli olur.
İlahi təhdidin başqa forması ilə uzun zaman öncə metro çıxışında qarşılaşmışdım. Cavan bir oğlan bir kağız parçası uzadanda, reklam broşürü olduğunu düşünüb aldım. “Nə verirsən, ver” - dedi. Baxıb gördüm ki, “Ət Ağa” dedikləri adamın şəklidir. Mən də geri qaytarmaq istədim, amma cavan oğlan çox narazı və təəccüb dolu gözlərini mənə dikdi. Şəkli əlinə tutdurub keçib getdim. Məncə, mənə demək istədiyi, əgər şəkli geri çevirsən, Ət Ağanın cəddi sənə qənim olacağı mesajı idi. Mənim fikrimcə, bu da ilahi təhdidin bir növüdür və görünən odur ki, bu metod da işə yarıyır. Əgər insanlar bu adamın “cəddinə” inanırlarsa, mütləq onun adına sədəqə verirlər.
Dilənçiliyin başqa bir forması, insan ruhuna daha dərindən təsir edən, insanın ruhunu yaralayan “mənəvi terror” dediyim praktikadır. Bu fikir, İstanbulda qarşılaşdığım bir hadisə ilə yaddaşıma həkk oldu, bu səhnə gözlərimdən heç vaxt silinib getmədi: Havanın çiskin və soyuq olduğu günlərdən birində küçədə gedərkən, səkidə ayaqyalın, incə və qısaqol köynək geymiş cavan bir oğlan yerdə oturub durmadan deyir: “Acım! Abi, acım, ac! Acım!!!” Heç kimdən heç nə istəmir, əl açmır, amma ətrafa dəhşət saçır. İnsanların ruhunu yaralayır, sanki terror edir.
Mənəvi terrora qarşı başqa bir misal isə Türkiyəyə sığınan suriyalı qaçqınların istəyərək və ya istəməyərək düşdüyü durum göstərilə bilər: bir qadın, zibil qutularının yanında oturub, yerdə topalanan zibillərdən nəsə bir şeylər çıxarıb, təmizləyib kiçik uşaqlarına verir. Bu dəhşətli səhnə insana ağır mənəvi təsir göstərir, insanın ruhu sızlayır. Sağdan-soldan keçən adamlar bunu görəndə dərhal əllər ciblərə gedir. Aydındır ki, bu insanlar istəyərək bu duruma düşməyiblər (baxmayaraq ki, peşəkar dilənçilik də vardır) və bunların mənəvi terror dediyim hadisəyə səbəb olması onların günahı deyildir. Diqqətə çatdırmaq istədiyim məsələ, bu praktikaların ətrafdakı insanlar üzərində yaratdığı dəhşətli təsirlə bağlıdır.
Son dönəmlərdə mənəvi terror dediyim praktika bizim ölkədə, xüsusilə Bakıda yayılmağa başlayıb. Metro girişlərində cavan qadınlar qucağında körpə uşaqları ilə yerdə çarəsizcə oturub dilənçilik edirlər. Belə etməklə, dilənçilər daha görünür hala gəlmək istəyirlər. Müasir dünyanın “görünməz insanları” olan dilənçilər görünmək üçün belə yollara əl atmağa məcbur qalırlar. Məsələn, əl açmaq və sədəqə istəməklə artıq “eşidilib, görülmədiyini” düşündüyü üçün ağzına bir fit qoyan və tez-tez fit çalaraq diqqəti üzərinə cəlb edən bir adamla dəfələrlə qarşılaşmışam. Burada mənəvi baxımdan ağır olan bu sosioloji analiz təşəbbüsünü dayandırıram.
Sonda, bildirmək istəyirəm ki, bu yazı dilənçiliyə qarşı kin və nifrətim ifadəsi deyil. Məlumdur ki, belə hallar əsasən ehtiyacdan irəli gəlir, amma, düşünürəm ki, buna biganə qalmaq olmaz. Xüsusilə, uşaqların dilənçilikdə istifadəsinə heç vaxt göz yummaq olmaz. Fikrimcə, dövlət qurumları, xeyriyyə təşkilatları və digər qurumlar dərhal bu insanlarla maraqlanmalı, həqiqi ehtiyac sahibidirsə yardım etməli, dilənçilikdə uşaqların istifadəsinə imkan verməməlidirlər.
Asəf Qənbərov
13 oktyabr, 2024