Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 05 Март 2021 14:27

Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətlərinin ideoloji “ problemləri” İKİNCİ HİSSƏ

Автор

Vidadi Mustafayev

b) MÜSTƏQİLLİK DÖVRÜNDƏ 

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra İranın Azərbaycana qarşı mübarizəsi  daha da genişlənərək ideoloji sərhədləri aşdı. İdeoloji mübarizənin əsas komponentləri-Azərbaycanın müstəqilliyi, Azərbaycan toponimi, azərbaycanlıların  etnonimi (türk adlanması), sabit qalırdı. İranın Azərbaycana qarşı siyasi mübarizəsi özünü 

 müstəqil   Azərbaycan  dövlətini  tanımamaqda göstərdi.  

Azərbaycanın öz müstəqilliyini elan edəndən bir  aydan  çox vaxt keçməsinə baxmayaraq İranın İstanbuldakı  səfiri     belə dövləti  tanımadığını bəyan etmişdi. Belə ki, İstanbulda olarkən(iyul, 1918) M.Ə.Rəsulzadə  Azərbaycanın “İstiqlal bəyannaməsi” və başqa sənədlərin surətini İran səfirliyinə   təqdim etmişdi. Lakin  səfirlik işçiləri  sənədləri geri qaytararaq  Azərbaycan adında dövlət tanımadıqlarını və Azərbaycanın İranın tərkib hissəsi olduğuna görə onun  müstəqilliyinə etiraz  etmişdilər.

İranın Azərbaycan adında dövlətin yaranmasına münasibəti İranın İstanbulda səfirliyinin Osmanlı Xarici İşlər nazirliyinə 28 avqust 1918-ci il tarixində göndərdiyi  türk dilində məktubda özünü aydın şəkildə göstəridir. Məktubda   Qafqazda Azərbaycan adında dövlətin yaranmasından təəccüb hissi ifadə edilir və həmin təəccübün səbəbi qısa şəkildə qeyd olunur. Həmin səbəblər kimi  paytaxtı Təbriz  olan Azərbaycanın  İranın əyalətlərindən biri, tarixdə Azərbaycan  adında bir dövlətin olmadığı və ən əsası  “ əyaləti-məzkurənin bir cüzi-qəlili olaraq Qəfqasiyyədə bulunan parçasının Azərbaycan namıyla ayrıca bir hökumət olaraq meydana çıxarılması”  göstərilir.[6]    

Məktubda diqqəti çəkən iki cəhəti qeyd etmək olar: birincisi, tarixdə guya  Azərbaycan adında dövlətin olmadığı, ikincisi, Şimali Azərbaycanın  Azərbaycanın Qafqazda  olan kiçik parçası adlandırılmasıdır. Tarixdə Azərbaycan adında dövlətin olub olmadığının Azərbaycanın müstəqilliyi ilə nə əlaqəsi olması aydın deyil. Çünki hətta tarixdə belə adda dövlət olmasa belə, hər bir dövlətin tarixin müəyyən mərhələsində yarandığı məlumdur. Yəni bu, əsassız, məntiqsiz,  qərəzli bir mövqenin göstəricisi idi.  

Məktubda   Azərbaycanın kiçik bir hissəsinin özünü Azərbaycan dövləti adlandırılmasına etiraz edilir. Deməli, İranda Şimali Azərbaycanı Azərbaycanın bir hissəsi kimi qəbul edirdilər. Yəni, Azərbaycanın bir hissəsinə Azərbaycan adı verilməsinə  qarşı etirazların səbəbi ilk baxışda aydın deyildi. Belə ki, İranın Osmanlı dövlətində səfiri,  mənşəcə hakim türk\azərbaycanlı Qacar sülaləsinə mənsub olan Mahmud xan Ehtişam os- Səltənə  (Əlamir) İstanbulda  16 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə  səfiri və səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovu qəbul edərkən Azərbaycan adı məsələsinə toxunaraq demişdir :” …siz dövlətinizi ”Azərbaycan” adlandırmısınız, bu nə deməkdir?  Bu sizin İranın hüdudları daxilində yerləşən əsl Azərbaycana iddianız  deməkdirmi?”[7.s.110]    

O, yeni dövlətin Azərbaycan adlandırılmasını İrana :”qəsd edil”məsi[7.s.111] kimi dəyərləndirirdi . İran tərəfi ideoloji mübarizə ilə kifayətlənmir, Azərbaycanla diplomatik, siyasi əlaqələr qurmaqdan boyun qaçırırdı. 

Məlum olduğu kimi ,İranla diplomatik münasibətlər qurmağa xüsusi önəm verən Azərbaycan hökuməti 12 sentyabr 1918- ci il tarixində  İrana nümayəndə heyəti təyin etmək qərarına gəldi, lakin İran nümayəndə heyətini  qəbul etməyə hazır olmadığını bildirdi. Çünki İranın Azərbaycanla bağlı başqa planları da mövcud idi. 

İşğal, ilhaq, birləşdirmə 

İran Azərbaycanın öz müstəqilliyini elan etməsinin qarşısını ala bilməyib, Azərbaycanda mövcud olan son dərəcə mürəkkəb daxili və regional vəziyyətdən istifadə edərək  Azərbaycana qarşı daha ciddi planlar- işğal etmək( o cümlədən Naxçıvanı və  bəzi sərhəd ərazilərini),  ilhaq  etmək\birləşdirmək və ittifaq- üzərində düşünürdü. 

İran rəsmiləri Azərbaycanı  işğal etmək, birləşdirmək və ittifaq planlarını Azərbaycanın bir zamanlar  indiki İran ərazisində  mövcud olmuş dövlətlərin tərkibində olması, Azərbaycanın guya Cənubi Azərbaycanı birləşdirmək planı və s. izah etməyə çalışırdı. 

İran  işğal\ilhaq  fikrini  eyni zamanda Sovet Rusiyasının özündən əvvəlki dövlətin  digər ölkələrlə  bağladığı qeyri-bərabər müqavilələri  ləğv etdiyini elan etməsi ilə əsaslandırmağa səy edirdi.  

1918-ci ilin 11 yanvar tarixində Ə.M.Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri  əslən azərbaycanlı olan Əliqulu xan Məsud Ənsari Müşavir ol-Məmalek   Azərbaycanın müstəqilliyinə münasibət bildirərkən ”tarix,tarixi haqq da vardır” deyə vurğulamışdı. Tarixi haqq dedikdə Azərbaycanın bir vaxtlar İranda da hakimiyyətdə olan azərbaycanlı\türk  xüsusən Səfəvi və Nadir şah Əfşar imperiyalarının  hökmdarlarının hakimiyyəti altında olduğunu nəzərdə tutulurdu. Ə.Topçubaşov bunu haqlı olaraq İranın Azərbaycana iddiası kimi dəyərləndirmişdi.[7.s.216]Ə.Topçubaşov bildirirdi ki, Azərbaycan köməksiz qalarsa İranla birləşə bilər[7.s.216] 

İran arxivlərində olan məlumatlara görə həmin ölkə  ilk vaxtlardan Azərbaycanı işğal etmək haqqında da düşünürdü və bunu tarixi hüququ bərpa etmək adlandırırdılar.[8.s.183] 1918-ci ilin avqust ayının 2-də  İranın Baş naziri    Nəcəfqulu xan Bəxtiyari Səmsam os-Səltənə (29 aprel-3 avqust 1918)  səlahiyyət müddəti başa çatmazdan bir gün əvvəl    panfarsist mövqedən irticaçı bir qərar qəbul etdi:” bütün fərmandarlara( qubernatorlara) əmr verdi ki, tayfa xanları və sərkərdələrinə gizli əmr verin ki, sərhəd boyu irəliləyib İrana aid olan sərhəd ərazilərini tutsunlar.”[8.s.175] Burada  İrana aid sərhəd əraziləri deyəndə. Naxçıvan, Muğan və Astaranın işğalı nəzərdə tutulurdu.[8.s.227]  Yəqin ki, İranı gənc Azərbaycan dövlətinə qarşı müharibəyə sürükləyə biləcək həmin irticaçı qərar səhəri günü onun baş nazirlikdən istefa verməsinə səbəb oldu. 

İranın panfarsist dairələri   Azərbaycanın müstəqilliyinə mane ola bilməsə də, onu zəiflətmək  planları üzərində düşünürdülər. Bunlardan ən mühümü Naxçıvanın İrana birləşdirilməsi planı idi. İran həmin planı həyata keçirmək üçün Azərbaycanın Naxçıvan üzərində suverenliyinin möhkəmlənməsinə mane olmağa çalışırdı. Belə ki, İranın Naxçıvanda nümayəndəsi Azərbaycan hökumətinin göndərdiyi 2mln manat vəsaitin həmin bölgədə  zəruri ehtiyacların ödənilməsinə sərf olunmasına  mane olmuşdu.[8.s.163] İran tərəfi Naxçıvanda sosial-iqtisadi vəziyyətin  daha da gərginləşməsinə şərait yaratmaqla   həmin bölgənin İrana birləşməsinə nail olmağa çalışırdı.Digər tərəfdən məlum olduğu kimi  pul vahidi həm də  dövlətin müstəqilliyinin atributlarından biridir və İran bu yolla Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmədiyini göstərirdi. 

Bundan başqa İran Naxçıvanın Azərbaycan hökuməti tərəfindən idarə olunmasına  qarşı Ermənistanın işğalçı mövqeyini dəstəkləməklə də mane olmağa çalışırdı. Belə ki,  Bakıda Azərbaycan hökuməti İran  arasında münasibətlər qurulması haqqında danışıqlar aparan İran Fövqəladə heyətinin rəhbəri  İran Nazirlər kabinetinə 25 mart 1920- ci il tarixində göndərdiyi hesabatda yazır:” Nəhayət anlada bildim ki, sizin aranızda  razılıq əldə edilmədən öncə Naxçıvanın Azərbaycan ərazisi kimi   tanınması İran dövlətinin Ermənistana qarşı  tutduğu düşmənçilik mövqeyidir”.[9.s.201]   

Başqa sözlə, İran nəinki Azərbaycanın müsəlman əhalisinin hüququnu tanımır, eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyir və iki ölkə arasında müharibənin davam etməsinə səbəb olurdu. 

İranın Azərbaycanın müstəqilliyinə qarşı mübarizəsinin  ideoloji “əsasları”ndan biri Azərbaycanı İranın bir hissəsi hesab etməsi idi. Bundan çıxış edərək  qeyd edildiyi kimi,  Azərbaycanı işğal etmək, İrana birləşdirmək və hətta iki ölkənin  ittifaqı ideyası geniş təbliğ edilirdi. İran həmin məsələdə  Sovet Rusiyasının Rusiya imperiyasının bağladığı imperialist müqavilələrin qüvvədən düşməsini  elan etməsinə əsaslanırdı. İran Sovetlərin keçmiş müqavilələri  ləğv etməsini Azərbaycanın qaytarılması üçün əsas sayırdı.[8.s.184]  

İranın Xarici işlər naziri   Əliqulu Məsud Ənsari Müşavir əl-Məmalek  Ə.Topçubaşovla görüşlərində həmin məsələni bir neçə dəfə qaldırmışdı. O, 9 yanvar 1919-cu il tarixli  görüşündə Bakıda apardığı  danışıqlarına toxunarkən Əhməd bəy Ağayevin  Azərbaycanın İrana birləşməsinin qəti əleyhinə olduğunu diqqətə çatdırıb.[7.s.205]  Nazir Azərbaycanın  tarixinə işarə edərək deyib :”Azərbaycan bizim şahların  hakimiyyətinə tabe idi.”[7.s.205] İranın Xarici işlər naziri 15 yanvar tarixli görüşdə həmin məsələ ilə bağlı daha geniş şəkildə danışmışdır. O, Azərbaycanın ermənilərlə problemlərini və xristian-ANTANTA  dünyasının onları dəstəklədiyini və deməli, Azərbaycanın çətin vəziyyətə düşdüyünü əsas gətirərək çıxış yolunu belə müəyyən edirdi:”…sizin Azərbaycan haqqında məsələni sizin üçün  ən rahat  şəkildə İranla ittifaq  və birləşməklə həll etmək olardı.” Nazir birləşmə və ittifaq deyəndə nə başa düşdüyünü belə bəyan edir:

  ”Sizin  Azərbaycan, əlbəttə  daxili muxtariyyatını saxlayacaq”. Nazir əlavə edir ki,  Azərbaycanda belə şayiələr gəzir ki, guya İran Azərbaycanı əsarət altına almaq  və hətta xanlardan birini Bakıya hakim göndərmək istəyir. Deyirlər :”belə bir sonluq qarşısında azərbaycanlılar yenidən rus təbəələri  olmağa hazırdırlar”[7.s.225]

Mövzunu davam etdirmədən əvvəl azərbaycanlıların İrana birləşməyə münasibəti haqqında  bir haşiyə çıxmağı zəruri hesab edirik. 

İranın Xarici işlər nazirinin bu qeydinin, azərbaycanlıların Rusiya təbəəsi olmağı İrana birləşməkdən üstün tutmaları, son dərəcə böyük tarixi əhəmiyyəti vardır. Bu da hər şeydən əvvəl azərbaycanlıların böyük əksəriyyətinin İran dövlətinə mənfi münasibət bəslədiyini əyani şəkildə göstərirdi. Həmin münasibət İranın geriliyi,  Bakıda və digər yerlərdə olan  iranlı məmurların rüşvətxorluğu, öz həmyerlilərinə gəlir mənbəyi kimi baxmaları, eləcə də iranlıların ümumi vəziyyəti ilə izah olunurdu. Həmin münasibət istər qısa müddətli müstəqillik, istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik bərpa edildikdən sonra davam etmişdir. Ona görə müasir İran təbliğatının  hazırki Azərbaycan hakimiyyətini azərbaycanlılarda İrana mənfi münasibət bəsləmək siyasəti yeritməkdə ittiham etməsinin heç bir məntiqi əsası yoxdur. 

Mövzunu davam etdirərək  demək lazımdır ki, İran XİN daha  sonra Ə.Topçubaşovu sakitləşdirmək üçün bəyan edir ki, onların ”ilhaq tələbləri yoxdur.”[7.s.227]     Halbuki, nazir özü ilə Parisə İranın guya tarixi haqqını bərpa etməyə yönəlmiş sənəd aparırdı. Həmin sənəddə İran az qala öz ərazisi qədər ərazinin ona verilməsini tələb etməyi planlaşdırırdı. Məlum olduğu kimi İranın Paris sülh konfransına təqdim etmək istədiyi MEMORANDUM- un əsas bəndləridən biri  Rusiya və İngiltərənin  guya İrandan ayırdıqları  ərazilərin geri qaytarılması və onların yenidən İrana birləşdirilməsi tələbi idi. Cənubi Qafqazla bağlı hissədə yalnız Azərbaycan ərazisinin İrana qaytarılması nəzərdə tutulurdu. Bəzi  müasir yazılarda Azərbaycan ərazisinə İrəvanın da daxil edildiyi göstərilsə də,  bu barədə işıq üzü görmüş son yazılardan birində həmin əraziyə Ermənistanın daxil edilmədiyi vurğulanır və İranın həmin addımı çox ağıllı və uzaqgörən addım hesab edilir. Müəllıflər yazırlar ki, İran düşünülmüş addım ataraq Ermənistan və Gürcüstana qarşı ərazi iddiası irəli sürmədi. Çünki Ermənistanla İranı yalnız soykök telləri birləşdirirdi, Gürcüstanla ilə heç bir qohumluq əlaqələri yox idi. Azərbaycan isə hər baxımdan guya İran idi. Onlar yazırlar:  ”Amma Arazdan şimala  “iranlılar yerləşən”(?_M.V.) ərazilərin  dil baxımından İran Azərbaycanı vilayəti, etnik ( ?-V.M. ) baxımdan İranın əksər vilayətləri ilə, mədəniyyət baxımından bütün İran mədəni arealı …ilə  çox yaxınlığı vardı”.[10. S.27]  

İranlılar həmin vaxtlarda hansısa geosiyasi məsələni Azərbaycanın hesabına həll etmək məqsədi ilə  “tarixi hüquqlar”ını əsaslandırmaq üçün  özlərinin  də inanmadığı,  müxtəlif, əsassız iddia irəli sürürdülər. Təəssüf ki, bu gün həmin məsələ İran ictimai-siyasi hətta elmi fikrinin mühüm ünsürlərindən birini təşkil edir. Həmin ideyanı gündəmdə saxlayanların   fikrincə  İranın hər cəhətdən “iranlı” olan ərazini qaytarmaq haqqı var  idi. Ədalət naminə qeyd etmək lazımdır ki, İranda yazıda toxunulan bütün məsələlərə, o cümlədən ərazi iddialarına, obyektiv yanaşan müəlliflər də  vardır və bu barədə aşağıda ayrıca danışılacaqdır. 

İranın  Azərbaycanda  rəsmi nümayəndələri  öz dövlətinin real maraqlarından deyil,  formalaşmaqda olan fars millətçi ideologiyasının prinsiplərindən çıxış edərək   İran hökumətinə Azərbaycana qarşı düşmən münasibət bəsləməyi  məsləhət görürdülər.  Belə ki, Bakıda İran konsulunun müavini İsa xan  1919-cu ilin aprel ayının əvvəllərində  qeyd edirdi ki, Azərbaycan adı məsləhət deyil, İran ilə Azərbaycanın yaxınlaşması da təhlükəlidir. O yazırdı :”  Azərbaycan məsələsi  İran üçün  həmin qədim Turan məsələsidir ki, uzun illər dövləti çəkişmə və  müharibələrə   düçar etdi.[8.s.108]      

Qeyd etmək lazımdır ki,  İsa xan  qəsdən tarixi təhrif edir,  formalaşmaqda olan  İran-Azərbaycan münasibətlərinə  fars(İran)-türk(Turan)  qarşıdurması prizmasından yanaşmağın vacibliyini ortaya atır. Halbuki, qədim dövrdə İran-Turan qarşıdurması irandilli xalqların öz arasındakı qarşıdurma ilə bağlı idi.Sonralar  bu qarşıdurma fars(iran) –türk qarşıdurması kimi təsəvvür olunmağa başladı. Fars ziyalıları, tarixçiləri Azərbaycan(səfəvi və şiə)-Osmanlı( osmanlı\sünni) qarşıdurmasını fars( İran) –  türk(Osmanlı ) qarşıdurması kimi qələmə verməyə çalışırdılar. Əslində isə məlum olduğu kimi, Azərbaycan türkü ilə Osmanlı türkü arasındakı müharibələr fars(İran )-Turan(osmanlı türkü)  müharibələri yox, türklər arasında müharibə idi.İsa xan   yeni türk dövlətinə sırf fars  mövqeyindən  yanaşma nümunəsi sərgiləmişdi. Başqa sözlə, konsulun müavini  Azərbaycana  İran-Turan, daha doğrusu,  fars –türk münasibətləri prizmasından baxırdı. Sonra Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olduqdan sonra   fars-türk məsələsi İran sərhədi  daxilinə keçirildi və Cənubi azərbaycanlılara qarşı yönəldi. 

 İran arxiv materialları əsasında ADR- İran  münasibətlərindən danışan və burada istinad edilən K.Bəyat da ideoloji mübarizənin “fars –türk  qarşıdurması “ xarakteri aldığını qeyd edir. 

Belə ki, M.Ə.Rəsulzadə   Azərbaycanın müstəqilliyinə qarşı geniş təbliğat aparan “İran” qəzetinə cavablar yazırdı. K.Bəyat həmin bəhsin  3 ay davam etdiyini , sonra   ”kəskin ,fars-türk” çəkişməsinə çevrildiyini qeyd edir.[8.s.111] 

Yuxarıdakı qeyd onunla maraqlıdır ki, İranda panfarsist mövqedə duran qüvvələr İran –Azərbaycan münasibətlərinə  qondarma Turan-İran münasibətlərinin, daha doğrusu, düşmənçiliyinin yeni mərhələsi kimi baxırdı və ya həmin prizmadan yanaşılmasını istəyirdi. Bu təhlükəli yanaşma az sonra Cənubi Azərbaycan və Cənubi Azərbaycan türklərinə qarşı tətbiq edildi. 

Bununla belə, vurğulamaq lazımdır ki, kiçik rütbəli diplomatın  fars millətçiliyinə əsaslanan məsləhəti  İran hökumətinin “Azərbaycan məsələsi”ni  Azərbaycanı   İrana birləşdirmək yolu ilə həll etmək siyasətinin mahiyyətini başa düşməyə kömək edir, hərçənd İran həmin sahədə elə bir uğur qazanmadı. Bunu İran nümayəndə heyətinin Parisdə Azərbaycan nümayəndə heyəti ilə  apardığı danışıqlar əyani şəkildə göstərirdi. 

İranın Azərbaycanı  diplomatik yolla  birləşdirmək və ittifaq adı ilə işğal etmək səyləri  İranın yeni Xarici  işlər naziri  və İranın Paris sülh konfransına dəvət edilməmiş  nümayəndə heyətinin  yeni başçısı təyin edilmiş, İranı tamamilə ingilislərə tabe edən və əslində sözün həqiqi mənasında  “satanlardan”(müqaviləni imzalamağa görə Baş nazir Vosuq od-Dövlə ilə birlikdə rüşvət alan) ,  bədnam 1919-cu il İran-ingilis müqaviləsini imzalayan siyasətçilərdən biri olan Qacar şahzadəsi Firuz Mirzə Nüsrət od-Dövlənin Parisdə fəaliyyətinin mahiyyətini təşkil edirdi. Məlum olduğu kimi, o, Parisdə Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparmış və onun yekununda 4 maddədən ibarət  ilkin razılaşma əldə edilmişdir. Azərbaycan nümayəndə heyətinin  İranın ərazi iddiaları haqqında məlumatı  vardı. Ona görə   Azərbaycan nümayəndə heyəti çox çətin şəraitdə yeni dövlətin tanıdılması sahəsində fəaliyyətinə əngəl yaradılmasının qarşısını almaq üçün İran tərəfi ilə danışıqlara gedərək, qeyd edilən və heç bir hüquqi qüvvəsi olmayan razılaşmaya nail olmuşdu. Müasir  iranlı müəlliflərdən bəziləri  razılaşma və xüsusən onun üçüncü bəndini özlərinin böyük qələbəsi hesab edirdilər. Həmin bənddə Azərbaycanın xarici siyasətinin tamamilə İrana tabe edilməsi nəzərdə tutulurdu. İran tərəfi Azərbaycanı siyasi-diplomatik yolla işğal etməkdə çox mühüm addım atdığını və qələbə əldə etdiyini güman edirdi . Qeyd edildiyi kim indi də bəzi müəlliflər həmin sazişi Firuz Mirzənin siyasi fəaliyyətinin ən böyük uğur kimi  qeyd edirlər.[10.s.28] 

İranın Azərbaycan siyasətinin həqiqi mahiyyəti, yəni işğal etmək siyasəti  XİN  Firuz  Nüsrət od –Dövlənin ingilis rəsmilərinə yazdığı hesabat xarakterli  məktublarında  aşkar şəkildə bəyan edilir. 

İran xarici işlər naziri Britaniya xarici işlər nazirliyinə Azərbaycan nümayəndə heyəti ilə danışıqları haqqında məlumat verərək bildirir ki, Azərbaycanın İrana birləşdirilməsi üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.Belə bir sərvətli və məhsuldar məntəqəni- Bakını əldən vermək olmaz. Britaniya razı olmasa da, İran müstəqil hərəkət etmək əzmindədir.

Britaniya XİN sabit müavini Hardink  İran XİN  məktubuna dərkənarında    irəli sürülən planı  “həyasız və ambisiyalı” plan adlandırır və xatırladır ki, dünyada elə bir dövlət tapılmaz ki, öz  istəyi və razılığı ilə öz azadlığı və müstəqilliyindən imtina etsin və İran dövlətinin boyunduruğu və  yaramaz idarəçiliyini qəbul etsin.[11.s.140] İran XİN-in  məlumatına münasibət bildirən Britaniya XİN Edvard Girey   isə dərkənarda  qeyd edir ki, həmin  məlumatla və plan ilə tanış olduqdan sonra əmin oldu ki, o,(İranın xarici işlər naziri) həqiqətən Qafqazı və ilk növbədə Azərbaycanı “udmaq” istəyir. Ona görə onların, yəni ingilislərin  kənarda durub müşahidə etmələri vacibdir.[11.s.140]

Iran tərəfi öz işğalçılıq məqsədini pərdələmək üçün Azərbaycanın həmin ölkə ilə birləşməsinin yeni dövlət üçün verə biləcəyi “faydanı” da diqqətə çatdırmağa mühüm əhəmiyyət verirdi. İran tərəfi Azərbaycanı inandırmağa çalışırdı ki, guya İranla birləşsə, Böyük Britaniyanın himayəsi altına keçəcəkdir. 

İranın tanınmış diplomatı Prins  Mirza Reza xan Ərfə əd-Dövlə 29 noyabr 1919-cu il tarixində Britaniyanın Tiflisdə Ali komissarı Vardrapa məktubunda  Azərbaycanın Tiflisdə  nümayəndəsi H.Vəkilov ilə söhbəti haqqında məlumat verərək yazır ki, Azərbaycanın Qafqaz ölkələri konfederasiyası yaratmaq ideyasına münasibət bildirərək ona İranla konfederasiya yaratmağın daha məntiqi olduğunu vurğuladı. İzah etməyə çalışıb ki, bu halda Azərbaycan avtomatik olaraq Britaniyanın himayəsini qazanmış olur.[11.s.140-141].  

Beləliklə, İran bütün sahələrdə çox yaxın bağları olan Azərbaycan Xalq Cümhuriyyətini tanıyıb, onunla hərtərəfli əlaqələr qurmaq əvəzinə, ona qarşı təcavüzkar panlar üzərində fikirləşir, müvafiq addımlar atmağa cəhdlər edir və həmin niyyətini uydurma əsaslarla pərdələməyə  çalışırdı. Lakin İranın beynəlxalq və daxili vəziyyəti ona düşmənçilik niyyətlərini reallaşdırmağa imkan vermirdi. 

c) İRANIN  AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ QARŞI İDEOLOJİ MÜBARİZƏSİNİN UĞURSUZLUĞU

Məlum olduğu kimi, İran bir tərəfdən Azərbaycanı bu və ya digər şəkildə ilhaq etmək planları qurur, digər tərəfdən isə milli maraqlarından çıxış edərək Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə əlaqələr qurmaq və danışıqlar aparmağa ciddi əhəmiyyət verirdi. İranın  milli maraqları, İran vətəndaşlarının Azərbaycanda geniş iqtisadi-ticarət fəaliyyəti, Azərbaycanla siyasi, hüquqi əlaqələrin qurulmasını tələb edirdi. Öz növbəsində Azərbaycanın qonşuları ilə siyasi, iqtisadi əlaqələr qurması onun mövcudluğunun  tanınmasının  ən vacib şərtlərindən biri idi.

Maraqlıdır ki, İran müstəqilliyini tanımadığı bir ölkə ilə bir sıra ikitərəfli məsələləri həll etmək üçün müqavilə bağlamağa hazır idi. Bunun səbəbini İranın öz problemlərini həll etmək üçün Azərbaycana hüquqi təzyiq göstərmək və eyni zamanda heç bir hüquqi  öhdəlik götürməmək məqsədi ilə etməkdə axtarmaq olar. İran, iranlıların müxtəlif təbəqələri, ilk növbədə iş adamları, Şimali Azərbaycanla yaxın iqtisadi-ticarət  və digər əlaqələrə malik olduğundan, həmin dövləti tanımadan öz maraqlarını təmin etmək məqsədi ilə onunla əlaqələrini davam etdirmək, hətta ona hüquqi baza görüntüsü   yaratmağa çalışırdı. Bu da ikibaşlı oyun idi. Bir tərəfdən Rusiyanın devrilmiş hökumətinə  onun keçmiş müstəmləkə ərazilərində yaranan dövlətləri tanımayacağını vəd edir, digər tərəfdən isə həmin hökumətlərlə hüquqi sənədlər imzalayırdı. İran vəziyyətə görə, lakin  son dərəcə prinsipsiz  hərəkət edirdi. 

Parisdə İranın İngiltərə ilə məlum saziş bağlaması haqqında məlumat yayıldıqdan sonra İrana münasibət  köklü şəkildə dəyişdi və tamamilə İngiltərənin tabeliyinə keçən dövlətin digər dövlətlərə hər hansı bir ərazi iddiaları irəli sürməsi gülünc görünürdü. İranın beynəlxalq arenada mövqeyi və ikitərəfli münasibətləri olduqca zəif olduğundan, tezliklə  Azərbaycanın müstəqilliyini tanımamaq mövqeyindən imtina edərək tanımaq yolu tutmağa məcbur olmuşdu. 

Azərbaycanın  İranı onun maraqlarını nəzərə almağa məcburetmə vasitə və mexanizmləri vardı. Yalnız həmin mexanizm işə düşdükdən və digər dövlətlər Azərbaycanla siyasi-diplomatik əlaqələr qurduqdan sonra regionda  hakimiyyət boşluğunun İranın iştirakı olmadan doldurulmağa başlanandan sonra İran müəyyən addımlar atmağa məcbur olur. 

İranın Azərbaycandan iqtisadi-ticari  asılılığı daha geniş olduğundan  danışıqlar aparmaq üçün  Azərbaycana  Fövqəladə komissiya göndərdi. Komissiyaya  başçılıq edən S.Z.Təbatəbai dekbrın 1-də (1919) Bakıya gələrək 5 dekabr tarixində danışıqlara başladı. 

İran danışıqlara başlasa da, Azərbaycanı rəsmən tanımağa  tələsmirdi. Beynəlxalq aləmdə baş verən hadisələri diqqətlə izləyirdi. 

1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Bu İranın davranışına güclü təsir etdi. Bakıda olan S.Z.Təbatəbai İranın da Azərbaycanın müstəqilliyini tezliklə tanıyacağını elan etdi, lakin İran hökumətindən bir xəbər çıxmadı. Bununla belə, qeyd edilən hadisə danışıqlar prosesinin  sürətlənməsinə təsir göstərdi. İran Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazır olduğunu bildirdi. 

15 yanvar 1920-ci il tarixində A.Ziyadxanov Azərbaycanın rəsmi nümayəndəsi kimi Tehrana gəldi. Yüksək səviyyədə qarşılanan nümayəndə diplomatik və konsulluq əlaqələri qurmağa başladı. 4 fevral 1920-ci il tarixində Ənzəlidə vitse –konsulluq,1 aprel tarixindən Təbrizdə Baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə  vitse-konsulluq, Əhər və Xoyda  konsulluq agentlikləri təsis edildi. 

İranın S.Z Təbatəbainin başçılığı ilə Bakıda olan Fövqəladə Komissiyasının fəaliyyəti nəticəsində    iki ölkə arasında əməkdaşlığa dair bir neçə sənəd hazırlandı və mart ayının 20 də imzalandı. İki ölkə arasında “Dostluq müqaviləsi”nin imzalanması İranın Azərbaycanın müstəqilliyini de-yuro tanıdığını əks etdirirdi. Hərçənd sənədin İran tərəfindən tərtibçisi İran hökumətinə göndərdiyi 25 mart 1920-ci il tarixli  hesabatda  qeyd edirdi ki, müqavilədə de-yuro ifadəsi   işlənməsə də, bu elə tanımaq deməkdir.[9.s.202]     

İran bütün səylərinə baxmayaraq  Azərbaycan Xalq Cümhuriyyətini de-yuro tanıyan ilk ölkə oldu. İran  son nəticədə milli maraqların tələblərinin fars millətçilərin əsassız istəklərindən daha mühüm  olduğunu anlayaraq həmin istiqamətdə addım atdı.Lakin bu addımı atmaq üçün İran hökumətinə iki ilə yaxın vaxt lazım oldu. Deyə bilərik ki, buna qədər, yəni Qacar sülaləsinin hakimiyyəti illərində  İranın daxili və  xüsusən xarici siyasətində farsların mübaliğəli şəkildə millətçilik mövqeyindən başa düşülən   etnik  maraqları ilə dövlətin həqiqi maraqları arasında ziddiyyət və birincinin ikinciyə təsiri demək olar ki, müşahidə olunmurdu. Həmin maraqlar arasında ziddiyyət və milli maraqları fars etnik maraqlarına tabe etmək meyli məhz  azərbaycanlılara həqiqi münasibətin meydana çıxması zamanından özünü göstərir.

İranda panfarsist qüvvələrin Azərbaycanın müstəqilliyinə qarşı əsassız və buna görə qabaqcadan uğursuzluğa düçar olan ideoloji, diplomatik, siyasi mübarizəsini qısa şəkildə nəzərdən keçirdikdən sonra onların ideoloji mübarizəsinin  bundan sonra  öz əhəmiyyətini saxlayan digər  obyektləri haqqında  bəzi mülahizələri nəzərə çatdırmaq vacibdir. 

[(AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Azərbaycan Demokratik Respublikasının 100 illiyinə  həsr olunmuş”Şərqin ilk demokratik respublikası” mövzusunda  Elmi Konfransın materilları

(Bakı “Papirus NP” nəşriyyatı,2019, 264 səh) kitabında:  səh.45-190)]

 
 
Прочитано 134 раз

последние новости