İSLAM İLƏ XRİSTİANLIQ ARASINDA SÜLHÜN ELÇİSİ - ASSİZİLİ FRANSİSK
- 4-10-2023, 13:30
- РЕЛИГИЯ
- 0
- 416
Toral Ağayev,
Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının Mətbuat xidnətinin rəhbəri
Bu gün Katolik Kilsəsi qərbi xristian dünyasında bəlkə də ən sevilən müqəddəslərdən birinin xatirəsini qeyd edir.
Müqəddəs Fransisk (əsl adı Covanni Bernardone) 1182-ci ildə Assizidə varlı tacir ailəsində anadan olmuşdur. Gəncliyində qayğısız bir həyat sürüb, lakin dərin tövbədən sonra yoxsulluq, sadəlik və İncilin verdiyi sevinc ilə bol bir həyata başladı. Davamçıları olduqda o, 1209-cu ildə həyatının təməl prinsipi İncilə görə yaşamaq olan “Kiçik Qardaşlar” ordenini təsis etdi. Fransisk dərin təfəkkürlü seyr duasını həvari vəzi ilə birləşdirərək, iman gətirməyə və barışmağa, sülh və xeyirxahlıq ruhunda həyata, öz həyatı ilə Yaradanın izzətinə, bütün yaradılışa diqqətli və qayğıkeş qardaşlıq münasibətinə çağırırdı. Ömrünün sonunda Verna dağında stiqma – Rəbbin Əzablarının əlamətlərini aldı (bədənində Rəbbin Çarmıxda aldığl yaralar yarandı). Fransisk 1226-cı il oktyabrın 3-də Assizidə vəfat etmiş, iki il sonra isə müqəddəs elan edilmişdir.
1219-cu ildə müqəddəs Fransisk Misirə gedir və burada Qahirə yaxınlığındakı Dumiatedə Sultan Malik əl-Kamil Nasirəddin Məhəmməd (1180-1238) ilə görüşür. Səlib yürüşlərinin ən qızğın çağında Fransisk əlində yalnız İncil tutaraq silahsız gəlir. Sultanın suallarına “Allahın qulu Fransisk qorxmadan cavab verdi ki, o, insanlar tərəfindən deyil, Uca Allah tərəfindən ona və xalqına qurtuluş yolunu göstərmək və həqiqət İncilini təbliğ etmək üçün göndərilib” (Müqəddəs Bonaventura, Böyük Əfsanə, 708). Sultan isə Firansiskin simasında “təqdirəlayiq fəzilətli və təqvalı Allah adamını görüb ona həvəslə qulaq asdı”
Burada daha vacib olan çoxlu önyarğıları qıran, mehriban söhbətə bənzəyən dinc və qarşılıqlı maraq kəsb edən müzakirə faktıdır. Müqəddəs Fransiskin dini debatları bir növ diplomatik fikir mübadiləsinə çevrildi ki, bu da tərəflərin hər birini sülhə çağırmağa və ümumi dəyərlər tapmağa imkan verdi. Orta əsrlərin dini və siyasi diplomatiyası nöqteyi-nəzərindən bu, şübhəsiz ki, böyük bir irəliləyiş idi.
Müqəddəs Fransisk və Sultan əl-Kamilin görüşü göstərdi ki, xristianlar və müsəlmanlar hətta müharibədə belə ortaq dil tapa və dialoq qura bilərlər.
Beləliklə, Sultan əl-Kamil (Avropada cəngavər statusuna malik müsəlman hökmdarı) və xristian müqəddəs Fransisk (əlində müsəlman duasına çağırış üçün istifadə olan buynuz ilə) öz dövrlərinin islam-xristian dialoqunun rəmzinə çevrildilər.
Bu görüşün öz dövrü üçün əhəmiyyəti onun qravüra və rəsm şəklində olan çoxsaylı təsvirləri ilə təsdiqlənir.
Müqəddəs Fransiskin dua şəfaəti ilə Uca Allah bizim ölkədə də müsəlman və xristianların münasibətlərini daimə belə yüksəkdə saxlasın, hər zaman mehriban olaq.