Azər Cəfərov: Müasir İran cəmiyyəti iqtidarın bəhailərə qarşı talan və təzyiqlərinə qatılmır
- 29-12-2023, 13:09
- РЕЛИГИЯ
- 0
- 824
Bəhailik müasir dünyanın çağırışlarına cavab verən, dinamik və müasir bir dindir. Gəncliyinə baxmayaraq uyğun aqressivliyi və impulsivliyi müşahidə olunmur. Bu amillər isə bəhailiyi dindən daha çox fəlsəfə anlayışına şamil etməyə imkan verir. Bu mənada yaranan sualları araşdırmaq üçün
Ethnoglobus.az analitik resursunun Bəhai Dini İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru, aqrar elmlər üzrə fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin dosenti Azər Cəfərov ilə eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik.
Müsahibəni hazırladı:Gülnara İnanc
-Müasir dövrün mövcud çağırışları fonunda Azərbaycanda bəhailərin sosiallaşması prosesi necə gedir?
- Azərbaycanda bəhailərin sosiallaşması ilə bağlı problem yoxdur. Onlar bütün dövrlərdə yaşadıqları ölkənin sosial – fəal üzvləri olublar. XX əsrin əvvəllərində bəhailər Bakıda xeyriyyə cəmiyyətləri yaradaraq ətraf cəmiyyətə yönəlmiş xeyriyyəçilik işlərini həyata keçiriblər. İcmamız üzvi, tanınmış mesenat, milyonçu Ağa Musa Nağıyevin gördükləri işlər və cəmiyyətin mənəvi problemlərini öz əsərlərində işıqlandıran görkəmli şair və şəxsiyyət Hüseyn Cavidin fəaliyyəti xüsusi söhbətin mövzusudur. Müasir dövrdə də bəhailər cəmiyyətin ayrılmaz hissəsidir və daim Azərbaycan cəmiyyətinin sosial həyatında fəal iştirak etməyə can atırlar, onun mənəvi bə maddi tərəqqisinə töhfələrini verirlər. İcmamız Azərbaycanda multikultural mədəniyyətin və tolerant mühitin yaradılması, ailə institutunun möhkəmləndilməsi, qadın-kişi bərabərliyinin irəlilədilməsi, yeniyetmə və gənclərin intellektual və mənəvi inkişafı ilə bağlı proqramların həyata keçirilməsində və digər məsələlərdə hökumət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir. Bəhailər məhəllə layihələrindən tutmuş dövlət səviyyəsində həyata keçirilən tədbirlərə kimi proqramlarda iştirak etməyə və öz təmənnasız yardımlarını göstərməyə çaslışırlar.
- Bəhailər haqda mövcud əsas stereotiplər hansıdır ?
- Tarixi aspektdə götürdükdə bu cür stereotiplər həmişə olub: XIX əsrin 40-50 ci illərindən ta Cümhuriyyət dönəminə kimi “dönük”, “bidət”, Sovet dönəmində “xirda burjua ideologiyasının daşıyıcıları”, “sovet ideologiyasının düşmənləri” və digərləri. Keçən əsrin 80-ci illərin sonlarında, və müstəqilliyimiz ilk illərində də bəzi stereotipləri var idi: “missioner təşkilat”, “qeyi-ənənəvi dini hərəkat” kimi ifadələrə mətbuat səhifələrində rast gəlmək mümkün idi. Bu günkü həyatımızda stereotiplərə, demək olar ki, rast gəlmirik. Dövlət orqanları və vətəndaş cəmiyyəti Bəhai icması və onun fəaliyyətləri haqqında kifayət qədər məlumatlıdır.
- Bəhailikdə qapalılıq və məxfilik müşahidə olunur. Bu qapalılığın səbəbi nədir?
-Əksinə, dünyanın hər bir yerində Bəhai icmaları açıq icmalar və yaşadıqları cəmiyyətin sosial həyatında fəal iştirak edən qruplar kimi tanınırlar. Bu bütün dövrlərdə belə olub. Bizim Beynəlxalq qurumlarımız planetimizdə sülhü, qlobal ekologiya və insan haqlarını qorumaq, xalqların sosial-iqtisadi inkişafına nail olmaq məqsədilə BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidə Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhai icmaları (hazırda dünyanın 234 ölkəsində bəhai icmaları mövcuddur) hər il öz ölkələrinin sosial-iqtisadi inkişafına nail olmaqdan ötrü 1600 -dən çox iri miqyaslı layihələr həyata keçirirlər. Onu da qeyd edim ki, Azərbaycanda təqiblərin tuğyan etdiyi dövrlərdə icmalarımız öz üzvlərini qorumaq məqsədilə fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində olubdur. Sovet dönəminin 30-cu illərində, həmçinin 40-50-ci illərdə, bəhai icmasının 38 üzvinin güllələnməsi və ya həbs yerində nəmalum səbəbdən dünyasını dəyişməsi, ailələrin Azərbaycandan sürgün olunması bəhai icmalarının genş fəaliyyətinə imkan vermədiyi üçün belə bir qapalılıq təəssüratı yaranmışdı. 1989-cu ildən etibarən bəhai icmaları nisbətən normal fəaliyyətini bərpa etmişdir. İcmanın qapıları dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır. Biz hamını bizim sosial proqramlarda iştirak etməyə dəvət edirik.
- Bəhailər siyasi ambisiyalar daşımırsa, bu, onların siyasi baxışlarının olmaması deməkdirmi, yaxud bəhai siyasi karyera qurmaq istərsə, o nə etməlidir?
-Bəhailər siyasətə qoşulmur, siyasi disputlarda iştirak etmir, heç bir siyasi qüvvəni dəstəkləmir, siyasi mahiyyət daşıyan qurumlarda karyerə qurmurlar. Onlar öz fəaliyyətlərini Azərbaycan Respublikasının Konsitututsiyası və onun qanunvericiliyi əsasında həyata keçirirlər. Bununla belə, Azərbaycan cəmiyyətinin tam hüquqlu üzvi kimi bəhailər ölkəmizdə baş verən ictimai, iqtisadi və siyasi prosesləri diqqətlə izələyirlər. Bizim “siyasi baxışımız” – Azərbaycan cəmiyyətinin birliyi, təhsil və mədəniyyətimizin inkişafı, Respublikamızın dünyanın ən yüksək inkişaf etmiş ölkələri arasında layiqli yerini tutmasıdır. Bu məqsədlərin həyata keçməsindən ötrü hansısa siyası partiyanın üzvi olmaq, “siyasi yollarla” getmək və siyasi karyera qurmaq lazım deyildir. Bizim bütün fəaliyyətlərimiz – maarifçilikdən, Azərbaycan cəmiyyətinin mənəvi inkişafı yolunda çalışmaqdan ibarətdir.
-Bəhailiyin vətəni olan İranda dindaşlarınızın durumu haqda nə deyə bilərsiz?
- İran Bəhai dininin vətənidir. Dünyanın heç bir ölkəsində bəhailər İrandakı kimi qəddar münasibətlə üzləşməyiblər. Yarandığı gündən yaşadığımız günlərə kimi bu dinin ardıcıllarına qarşı təqiblər istər Qacaqlar, istər Pəhləvilər, istərsə də indiki rejim dövründə arası kəsilmədən davam etmişdir. 1979-cu il İslam inqilabından sonra təqiblər daha ciddi və sistematik şəkil almışdır: 200 nəfərdən çox bəhai qətlə yetirilmiş, minlərlə bəhai həbsxanaya atılmış və ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Bəhailər ən elementar insan hüquqlarından – Ali təhsil almaq, dövlət idarələrində işləmək, bankdan kredit görütmək, sərbəst biznes fəaliyyəti ilə məşğul olmaq hüququndan və s. məhrum edilmişlər. Hazırda yüzlərlə bəhai ağır həbsxana həyatını yaşayır.
İran höküməti 2022-ci ilin iyun-avqust aylarında bəhai icmasını zəiflətmək və son nəticədə dağıtmaq məqsədilə yeni kampaniyaya start vermişdir. Bütün ölkə boyu, İranın şəhər və kəndlərində bəhailərin kütləvi şəkildə döyülməsi, həbsə alınması, evlərinin talan edilməsi və uçurdulması həyata keçirilir.
Acınacaqlısı odur ki, dogma vətənində yaşayasan, özünü xalqın bir hissəsi hesab edəsən, səni əhatə edən insanları sevib və yaşadığın cəmiyyətin tərəqqisi naminə təmənnasız nəsə etmək arzusunda olasan, amma bu istəyin müqabilində ölkənin hüquqsuz vətəndaşına çevriləsən, söyüləsən, döyüləsən və “düşmən” sayılasan. Bu, həqiqətən çox üzücüdür.
- Sıravi iranlılar iqtidarın bəhailərə qarşı təzyiqlərində iştirak edirmi?
- Qacarlar və Pəhləvilər dönəmində və İslam inqilabından sonra ilk illərdə İran cəmiyyətinin dindar seqmenti dövlətin anti-bəhai siyasətinə dəstək verirdi. Talanlar və bəhai qəbiristanlıqlarının dağıdılması mollaların fətvası və sadə insanların fəal iştirakı ilə həyata keçirilirdi. Hazırda bu cür kütləvi halları müşahidə etmirik. Əksinə son illər İran cəmiyyətinin tanınmış ziyalıları, hətta sadə insanlar və bəzi din xadimləri İran hökuməti tərəfindən bəhailərin təqib olunması və onlara qarşı aparılan ayrı-seçliki siyasətinə öz haqq səslərinin qaldırmağa başlamışlar.
- Bəhai icmaları İsraildə mərkəzləşən Dünya Ədalət Evindən gələn qərarlarla idarə olunur. Bu halda İran hakimiyyəti bəhai amilini özünə qarşı təhlükə olaraq görməsində haqlı deyilmi?
- Sualın qoyuluşuna bir qədər aydınlıq gətirmək istərdim. Təmiz dinin özünün funksiyası var və buna siyasi baxışla yox, məhz dinin özünün sivilizasiya quruculuğunda və insanların həyatındakı rolu nöqteyi-nəzərindən baxmaq lazımdır. Bəhai dini tarixdə mühüm rol oynamış böyük dini sistemlərin davamı kimi, bu gün bəşəriyytin qarşılaşdığı problemlərin həlli yollarına işıq salır. Ona bu cəhətdən baxmaq daha doğru olardı. Həqiqi din heç vaxt insanlığın əsl maraqlarına təhlükə ola bilməz. Bəlkə bu gün nəinki bir ölkənin, ümumiyətlə, bəşəriyətin problemlərinin səbəbləri üzərində düşünmək və sosial təkamül, dinin insan həyatında rolu barədə düşünmək daha faydalı olardı. Həqiqi din bir xalqın xeyrinə, digərinin ziyanına ola bilməz. Dünyadakı bəhai icmaları dünya mərkəzi kimi Bəhai Dininin ali ruhani və inzibati orqanı – Ümümdünya Ədalət Evinə bağlıdır, lakin hər bir ölkədə olan bəhai icmalarının özlərinin idarətetmə strukturu vardır. İsrail dövlətinin ərazisində yerləşsə də, onun nə İsrail dövləti, nə də Yəhudiliklə heç bir əlaqəsi yoxdur. Əvvəla, bəhai dini indiki İsrail ərazisində 1868-ci ildən mövcuddur, İsrail dövləti isə 1948-ci ildə yaradılmışdır. İkincisi, Bəhai dinin ən əhəmiyyətli və vacib prinsipi siyasətə qoşulmamaq və yaşadığı ölkənin qanunlarına tabe olmaqdır. Əslində İran hakimiyyəti bunu çox yaxşı bilir və Bəhai Mərkəzlərinin israil ərazisində yerləşməsini bəhanə gətirərək ölkə daxilində onlara qarşı aparılan təqiblərə haqq qanazdırmağa çalışır.
-Tehran-Bakı münasibətlərindəki hələ də davam edən gərginlik İranda və Azərbaycanda yaşayan bəhailərə qarşı təzyiqlərdə rol oynayırmı?
-Azərbaycanda və İranda Bəhailərə münasibət 180 dərəcə fərqlidir. Azərbaycan insan haqlarının, xüsusən də əqidə azadlıqlarının gözləndiyi ölkədir. Bu, Azərbaycan Respublikasının Konstitutsiyasında və qanunlarında öz əksini tapmışdır. Bütün fəaliyyətlərimiz açıq şəkildə, məhdudiyyət qoyulmadan həyata keçirilir. Mərkəzlərimiz hamının üzünə açıqdır. İranda isə vəziyyət, yuxarıda qeyd etdiyim kimi, bu cəhətdən olduqca acınacaqlıdır. Bununla belə Azərbaycanla İran arasında gərginliyin artmasının İrandakı dindaşlarımızın onsuz da ağır olan həyatına hansı təsir qoduğunu demək çətindir. Həm də İran bəhailəri etnik baxımdan rəngarəngdir. Bəhailər bütün dünya olduğu kimi, İranda da hanısısa etnik və ya sosial qrupa bağlı deyillər. Hazırda dünya miqyasında bəhailər 2100 millət, xalq və etnik qrupa mənsub 10 milyon insanı birləşdirir. İranda bəhailər müxtəlif millətlərə və etnik qruplara mənsub 500 min insanın birləşdirən ən böyük dini azlıq hesab edilir.
- Müşahidələrimə görə hazırda bəhailiyin öyrədilməsi müasir elmlərə və çağırışlara əsaslanır. Bunu necə şərh edərsiz?
- Bəhai dini təliminə görə, insanın təlim-tərbiyəsi üç sütun üzərində təşəkkül tapmalıdır: ruhani, intektual və fiziki tərbiyə. İnsan Sivilizasiyası ruhani transformasiyadan keçməklə, elmi biliklərin və texnologiyaların tərəqqisi yolu ilə getməlidir. Həzrət Bəhaullah buyurur ki, “bütün insanlar daim inkişafda olan Sivilizasiyanı irəlilətməkdən ötrü yaradılmışlar”. Ona görə də insan cəmiyyətinin inkişafını ləngidən bütün dini, etnik, cinsi, irqi, sosial təəssübkeşlik və önyarğılar aradan qaldırılmalıdır. İnsan cəmiyyəti bir qanadı elm, digər qanadı din olan quşa bənzəyir. Quş bir qanadı ilə uça bilmədiyi kimi Bəşəriyyət də yalnız din və ya ya yalnız elmə əsaslanıb inkişaf edə bilməz. O, yalnız dini əlində tutub irəli getsə, fanatizm və cəhalət qaranlığına düşəcək, yalnız elm yolu ilə getsə, materialzm və mənəviyyatsız bataqlığında batacaq. Hər iki qanad – Elm və Din eyni qüvvə ilə çalışan zaman Bəşəriyyət indiyənə kimi görünməmiş inkişaf əldə edəcək, dünyamız indikində qat-qat yüksək maddi və mənəvi rifaha çatacaq.