Foto: Google
Təqdim etdi :Səməd Bayranzadə, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Güney Azərbaycan" şöbənisinin müdiri
Söz sözə gələndə və ya hər zaman azərbaycanlı öz haqqını istəyəndə “azərbaycanlılar xilqətdən əvvəl belə farsdır” deyə, tiryək tüstüsündən daralmış öz kobud boğazlarından nərə çəkib o ləyaqətsiz əndamları ilə yenidən əl-ayağımızı bağlayıb bizi istismar etmək üçün özgələrdən kömək istəyən Tehran mürtəceləri 1933-cü ildə İranın Hərbi Qərargah (ارکان حربی ایران) idarəsi tərəfindən nəşr olunan “İran coğrafiyası”nda Azərbaycan əhalisinin fars olmayıb, başqa bir millət olduğunu özləri etiraf və təsdiq etməkdədirlər. Amma bir fərq ilə ki onlar bizləri öz coğrafiyalarında “türk və tat” deyə yazıbdılar. Halbuki, hər kəs özünü özgələrdən yaxşı tanıyır. Bizə azərbaycanlı yerinə təəssübdən “türk, tat” demələrinin bəhsə və cavaba belə dəyəri yoxdur. Xülasə, hər nə demiş və yazmışlarsa, onun əhəmiyyəti yoxdur. Bu dəfə doğrusunu yazıb bizi fars eləmədiklərindən çox məmnunuq. Zatən, bizim də əsl məqsədimiz odur.
Bu tarixi və rəsmi mümüh sənəd müqabilində onlar yenə də özlərini “əli çəp küçəsinə vuraraq” nə cavab verə biləcəklərinə təəccüb edirəm. O coğrafiya bu ünvan və bu müqəddimə ilə başlayır:
Kitabın ilk səhifəsində: “Hərbi məktəbin nəşrlərindən. İranın coğrafiyası. Hərbi məktəblərə məxsusdur. Kapitan Əhməd xan Ehtesabiyanın müəllifliyi ilə. İkinci çap”
Qeyd olunan kitaba əlavə olaraq bir “Bildiriş” vərəqəsi də yapışdırılmışdır. O bildirişdə hərbi qərargahın rəsmi təsdiqində belə yazılmışdır: “Təzəkkür (qeyd – red.): Bu kitabın mövzuları xüsusən zabitlərin və hərbi məktəblərin istifadəsi üçün yazılmışdır. İranın iqtisadiyyatı, kommunikasiya yolları, yeri və siyasi mövqeyi, xüsusən, İran sakinlərinə və müxtəlif qəbilələrinə elə mövzular aid edilmişdir ki, onların bu misli (bərabəri, eynisi – red.) sair kitablarda bu təfsil ilə yazılmamışdır.”
İran ordusunun hərbi qərargahının 3 yanvar 1933-cü il tarixli 72899-8023 nömrəli direktivində bu kitab “İranın müfəssəl coğrafiyası” adı ilə o kitabların sırasında qeyd olunubdur ki, onların mütaliəsi zabitlərin fikrini genişləndirmək və onların məlumatlarını kamilləşdirmək üçün çox faydalıdır.”
O kitabda İranın hərbi məktəbinin şagirdlərinə, İran zabitlərinə, bütün İran əhalisinə və bütün dünyaya azərbaycanlıların fars olmayıb başqa bir millət olduqları aydıncasına İran hərbi qərargahının rəsmi təsdiqi ilə görüldüyü kimi etiraf edilməkdədir. Bu altdakı neçə sətir o kitabın 117-ci səhifəsindən tərcümə və nəql edilmişdir: “Əhali. Azərbaycan əhalisi təqribən 3 milyon: türk, tat, kürd, erməni, gildani, yəhudidən ibarətdir. Monqol tayfalarının və xüsusən, Çingiz xanın istilası zamanında türklər bu yerlərə gəlibdirlər. Monqol Hulaki xan Bağdadı alıb Abbasilərin axırıncı xəlifəsini tərk-silah edəndən sonra bu əyalətə daxil olub, Təbrizi 635-ci hicri (1237) ilindən özlərinə paytaxt etmişdir və Qazan xan ki, Monqolun böyük yaradıcılarındandır, Təbrizin vüsətini və gözəlliyini artırıb onun ətrafına bir hasar da çəkdirmişdi. Bu padşahın qayırdığı binalardan birisi də şəhərin ortasındakı Ərkdir.
Böyük şah Abbasın əmri ilə türk və şahsevən tayfalarından neçəsi Azərbaycana göndərildilər. Belə ki, əfşar tayfasından “Qasımlı” adında bir firqə Urmu gölü ətrafında və ayrı bir firqə də Cığatı çayı dərələrində iqamət etmək üçün gətirildilər(!!!) və şahsevənlər də Ərdəbil, Xalxal, Muğan və Azərbaycanın sair yerlərində iqamət etdirildilər”.
O kitabın yuxarıdakı parçasını burada yazmağımızdan bir məqsədimiz vardır. O da budur ki, öz rəsmi coğrafiyalarında azərbaycanlıların farsdan başqa ayrı və xüsusi bir millət olduğu, o barədə yazmış olduqları rəsmi etiraf sənədini onların üzlərinə çarpaq.
I. Birincisi, təəssübdən və ya hansı bir səbəbə görə olursa olsun, bizi “türk-tat” deyə yazmasının, yuxarıda dediyimiz kimi, müzakirə mövzusu olmağa belə ləyaqəti yoxdur. Çünki biz azərbaycanlılar özümüzü özgə inadçılardan çox yaxşı tanıyırıq və bilirik ki, bizlər bu torpağın 3 min il bundan əvvəlki əsl sahibləri olan qəhrəman midiyalı əcdadımızın həqiqi və əsil övladlarıyıq, sonradan gəlmə deyilik.
İkincisi, Azərbaycan 3 milyon deyil, 5 milyondur. Etnik (milli) azlıqlar 10 %-dən də azdır.
II. Monqol zamanında bizim buraya gəldiyimizi yazırlar. Yazıqlar olsun ki, kitabın müəllifinin anlamadığı kimi bu kitabı ona yazdıran böyükləri də anlamamışlar.
Əvvəla, monqol Azərbaycanı alır, qan tökür, istila edir və buranı özünə paytaxt edir. Nə üçün monqol milləti burada iqamət etmir, monqollarla o zaman düşmən olan türklər gəlib yerləşirlər?
İkincisi, nə üçün Monqolstana və ya Türküstana Xorasan vilayəti daha yaxın və daha da əlverişli, həmişə də türklərin və monqolların ayaqları altında olduğu halda, orada monqol və ya türk iqamət etməyib, o qədər uzaq yollardan gəlib yalnız Azərbaycanda məskən ediblər?
Üçüncüsü, onların dedikləri kimi əgər türklər Azərbaycana gəlib buranı istila ediblərsə, onda buranın əvvəlki sakinləri necə oldular və hara getdilər?
Ərəb qorxusundan Hindistana qaçan zərdüştlər kimi buranın da qabaqkı sahiblərindən o tərəfdə, bu tərəfdə heç olmazsa, nümunədən ötrü bir-ikisi qalardı?
III. Yaxşıdır yazmayıblar ki, “Ərk”i də mərhum Sirus və ya Dariyuş qayırıbdır.
IV. Farsların öz dedikləri kimi: “Doruğqu hafeze nedarəd” (Yalançının hafizəsi olmaz).
Yuxarıda yazırlar ki, türklər monqol zamanı Azərbaycana yerləşmişlər. İki sətir aşağıda yazır ki, “türk və şahsevən tayfaları böyük şah Abbas zamanında Azərbaycana gətirildilər”.
Onda, ağacan, bu iki sözün hansı doğrudur? İddianıza görə bugünkü azərbaycanlıları bu böyüklükdə, təqribən, 10 milyonluq Şimali və Cənubi Azərbaycan millətini haradan gətirdilər? Burada bizlərdən qabaq yaşayanları haraya apardılar?