Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır
- 6-11-2024, 20:39
- РЕЛИГИЯ
- 0
- 544
Tədqiqatçılar sübut edir ki, yüz min il əvvəl, paleolit dövründə yaşamış insanların da inancı olub. Zaman-zaman formasını dəyişən, təkamül edən din, XXI əsrdə insanların qəlbində və düşüncəsində yaşamaqda davam edir: kiminsə ruhuna işıq saçır, mərhəmət və xeyirxahlığını artırır, kiminsə, əksinə cəhalətini, nifrət və dözümsüzlüyünü gücləndirir. Dinin məqsədini hərə bir cür anlayır. Bəhaullah yazır ki, “Din, dünyada nizam-intizamın və onun xalqları arasında sülhün bərqərar olması üçün əsas alətdir”.
Bu, həqiqətənmi belədir? Dinin əmin-amanlıq və sülhyaratma missiyasına necə inanaq ki, tarix saysız-hesabsız dini müharibələr və çəkişmələrlə doludur: İslam və səlib yürüşləri, on illiklərlə davam edən katolik-protestant, sünnü-şiə müharibələri, rohinca (müsəlman)-buddist qırğınları və s. bu siyahını artırmaq da olar. Üstəlik də, belə bir fikir var ki, dinlər cəmiyyətə həmişə parçalanma, ayrı-seçkilik və yadfikirliliyə qarşı dözümsüzlük gətirmişlər. Bu gün “din” sözü çoxlarında qorxu hissi yaradır. Üstəlik, əmin olun ki, din, elmi biliklərə yiyələnmiş müasir insanlara düşüncələrini azad ifadə etməyə imkan vermirsə, qəlblərinə yol tapmayacaq, onları özündən uzaqlaşdıracaq. Üstəlik də din pərdəsi altında törədilən terror aktlarının və qəddarlıqların şahidi olanlar dindən cüzəm xəstələrindən qaçan kimi qaçacaqlar. Düşündürücü sual ortaya çıxır: Mərhəmətli Allahın adı ilə bağlı olan din dözümsüz və davakar ola bilərmi? Əgər insanın ata-babalarından aldığı din belədirsə, onda o nə etməlidir?
Əbdül-Bəha yazır:
Əgər din nifrətə və parçalanmaya səbəb olarsa, dinsiz yaşamaq daha yaxşı olardı. Sevgi və birliyə səbəb olmayan “din” din deyil.
Problemin kökünü tapmağa çalışaq. Əvvala, məntiq bizə deyir ki, Allah birdirsə, planetimizdə din də bir olmalıdır. Bəs onda bu qədər din, məshəb və təriqətlər niyə mövcuddur? Üstəlik nə üçün Allahın nazil etdiyi dini təlimlər azad insan düşüncəsinə qarşı çıxmalı, insan cəmiyyətinin sosial, mədəni və elmi-texnoloji tərəqqisinin əleyhinə olmalıdır?
Bəhaullah öyrədir ki, böyük dinlər, bəşəriyyətin mənəvi və sosial tərəqqisindən ötrü nazil olmuşlar, onlar ortaq mövzuya malikdirlər; onların hamısı mənşəcə ilahidir, mədəniyyət və mənəviyyat yaradan funksiya daşıyıblar, üstəlik də daim təkamül edən Vəhy prosesinin mərhələlərini təmsil ediblər. Bununla da, Allah bizə bir-biri ilə rəqabət aparan dinlər deyil, bir davamlı İnam verib: Musa, Zərdüşüt, Budda və Krişnanın təlimində biz “tumurcuğu”, İsa və Məhəmmədin təlimində “çiçəyi”, Bəhaullahın təlimində “yetişmiş meyvəni” görürük.
Bəhaullah yazır: Allahın dini birdir, lakin o, daim yenilənməlidir. Yazılarında O, Dini həmçinin “libasa” bənzədir: bəşəriyyət “böyüdükcə”, kamilləşdikcə Din “libası” da təzələnməlidir. Belə çıxır ki, hər yeni Peyğəmbərin gəlişi ilə Allah bizə yeni “libas” göndərir. O, yazırdı:
Din gerçəklik toxumundan yarpaqları,budaqları, çiçəkləri və meyvələri olan bir ağaca bənzəyir. Zaman keçdikcə bu ağac qocalır. Yarpaqlar və çiçəklər solur və məhv olur; ağac quruyur və meyvə vermir. İnsanın köhnə ağacdan yapışaraq onun həyat qüvvələrinin tükənməz, meyvələrinin misilsiz və varlığının əbədi olduğunu söyləməsi ağıllı fikir deyil. İnsanların qəlbinə yeni həqiqət toxumu əkilməlidir ki, oradan yeni ağac böyüsün...
Böyümüş “bədənə” “balaca” və “köhnə libas” geyiləndə o mütləq çırılacaq və kənara atılacaq. Bəlkə ateizmin və deizmin dünya boyunca yürüşü insanların “köhnəlmiş və cırılmış libas”ları qəbul etməməsi ilə əlaqədardır?
Bu bir ruhani qanundur ki, Özünün mənəvi əsaslarından uzaqlaşmış, insanlara yol göstərmək və hidayət etmək qabliyyətini itirmiş və bu səbəbdən kənara atılmış “köhnə libas”(din) cəhalət və xurafatların mənbəyinə çevrilir, azad düşüncəya qarşı çıxır, dövrünü başa vurmuş ehkam və qanunlardan bərk-bərk yapışıb, elmi həqiqətləri rədd edir, qadın-kişi bərabərliyinin zəruruliyini şübhə altına alır və s. Üstəlik, ona hələ də inamı olan insanları marginallaşdırıb, cəmiyyətdən təcrid edib, faydalı sosial fəaliyyətdən uzaqlaşdırır. Bəhaullah yazır:
Bütün insanlar daim inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar. Şübhə yoxdur ki, dünyanın xalqları, hansı irqdən və ya dindən olurlarsa olsunlar, bir səmavi Mənbədən ilham alır, bir Allahım Əmrinə tabedirlər. Allah dini məhəbbət və birlik üçündür, onun düşmənçilik və ixtilaf səbəbi etməyin, bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyət edin. Bu gün, doğrudan da, insan o kəsdir ki, özünü bütün insan irqinə xidmətə həsr edir.
Azər Cəfərov
Bəhai dini icmasının
ictimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru