AZƏRBAYCANLI DEMOKRAT BİR GƏNCİN ÖMÜR YOLU
(Məhəmmədtağı Zehtabinin hətaı və yaradıcılığı barədə)
M.Zehtabi 1923-cü il oktyabr ayının 13-də Şəbüstərdə kirişçi (balıq emalı ilə bağlı kustar peşə) ailəsində anadan olmuşdur. O, ibtidai təhsilə kənd məktəbində başlamış, lakin 2 il oxuduqdan sonra ailə dolanışığı ilə bağlı təhsildən ayrılmış, sonra özünün təkidilə təhsılini Təbrizdə davam etdirmişdir. Əvvəl "Fyuzat", sonra "Firdovsi" adına orta məktəbin ədəbi şöbəsini bitirib müəllimlik etsə də, ali məktəbdə təhsil almaq fikrindən daşınmır. İranda və başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi bir çox maddi və digər problemlərlə qarşılaşır.
1941-1945-ci illərdə Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə və katoliklər kilsəsində Müsyö Cozef Qvinderin sinfində fransızcanı yaxşı öyrənən Məhəmmədtağı 1946-cı ildə Azərbaycan Milli Hökumətinın Təbrizdə açdığı universitetin ədəbiyyat fakultəsinin ilk tələbələrindən olur. Seyid Cəfər Pişəvərinin həmin fakultədə həftədə iki dəfə "Dünya ədəbiyyatı" mövzusunda oxuduğu mühazirələrini dinləyir. O, Azərbaycan Demokrat Gənclər təşkilatının tanınmış rəhbərlərindən və S.C.Pişəvərnin sevdiyi ziyalı gənclərdən biri olmuşdur. Zehtabi 21 Azər hərəkatında Azərbaycan gəncliyinin ən bariz nümayəndələrindən biri olmuşdur. Azərbaycanın azadlığı, onun xoşbəxt gələcəyi uğrundakı quruculuq işlərində gəncliyi həmişə öndə, onun məsuliyyətini isə ən ağır vəzifələrin üzərində görürdü. Azərbaycan Demokrat Firqəsinin orqanı olaraq Təbrizdə nəşr olunan “Azərbaycan” qəzetinin 8 aprel 1946-cı il tarixli 167-ci sayında çap olunmuş “Cavanların diləyi” başlıqlı məqaləsində Zehtabi “Bizlərə, gənclərə silah verin” deyə, çağırış edir və yazırdı ki, “...Azərbaycan cavanı məqam, vəzifə istəmir. Azərbaycan cavanı illər boyu əsarət altında qaldığı zaman zəncirin işgəncəsini görüb və başqa millətlərə ağalıq etmək fikrində deyil. ...Bu gün artıq bir məsələ Azərbaycan cavanın fikrini cəlb edir və bu onun bütün vücudunu çulğayıb. ...Bu cavanlar keçmiş qəhrəman və aslan babaların oğulları olduqları kimi qəhrəman şir balası kimi də fikir edirlər. Onlar fikir edirlər ki, atalarının qanı ilə qurulan bu azadlığı qorumaq onların vəzifəsidir. ... Onlar deyirlər ki, biz əlimizə silah alıb vətənimizin sərhədlərində, dağlarda, daşlarda, boranlarda, qarlar üstündə öz sinəmizi düşmən süngülərinə qalxan edib bir daha keçmiş bədnam səhifələrin doğma yurdumuzun tarixində təkrar olunmasına yol verməməyi arzu edirik. ... bütün Azərbaycanın qəhrəman gənc oğlanları və qızları bir səslə Milli Hökumətimizə, qəhrəman firqəmizə, bütün rəhbərlərimizə deyirlər ki, milli varlığımızı qorumaqdan ötrü bizlərə silah verin.”
Şah hakimiyyəti tərəfındən Azərbaycan Milli Hökumət süquta yetirildikdən və Təbriz Universiteti qapanandan sonra təhsilini davam etdirəmək üçün M.T.Zehtabi 1948-ci ildə vətənin bu tayına üz tutsa da “sərhəddi pozduğuna görə” onu həbsə alıb Sibirə sürgün edirlər. Nəhayət, 1954-cü ildə bəraət alır və Bakıya gəlib təhsilini davam etdirir. Təhsilini başa vurduqdan sonra 15 il Şərqşünaslıq fakultəsində ərəb dili və ədəbiyyatını tədris edir. "Əbu Nəvvasın həyatı və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək, fılologiya elmləri namizədi elmi dərəcəsini alır.
Bakı Dövlət Universitetində işlədiyi dövrdə tələbələrə ərəb dili və ədəbiyyatının incəliklərini öyrətməklə yanaşı, onların mənəvi dəyərlərə yiyələnməsi, Vətənin istiqlalı və tərəqqisi uğrunda çalışan milli ruhlu hərtərəfli vətənpərvər və kamil bir insan kimi formalaşmasına çalışır. Bu gün Azərbaycanın tanınmış elm və siyasət adamları arasında onun vaxtilə yetişdirdiyi tələbələr də vardır.
M.Zehtabi sovet totalitarizmindən böyük çətinliklərlə canını qurtararaq 1971-ci ildə İraqa köçür. Bağdad Universitetində pedaqoji fəaliyyətə başlayır. Orada qədim türk dillərini və fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab adıgedən universitetdə dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdirdiyi əsərlər əsasında Bağdad universitetin Elmi Şurası tərəlindən ona professor adı verilir.
İraqda işlədiyi vaxtlar Avropaya səfər edir və bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür və həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor "İran türklərinin sərfı" (qrammatikası) kitabını yazır və bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur. İraqda yaşayan kərküklərin (türkmanların) dili bəzi məhəlli fərqləri nəzərə almasaq, tamamilə Azərbaycan türkcəsindədir. M.Zehtabi adıgedən kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarının ləhcə və ədəbiyyatı da daxil olmaqla bir dilçilik kitab hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı çap olunaraq yayılıb.
M.Zehtabi jurnalistika və tərcümə sahəsində də qələmini sınayır. Berlində "Ərk" dərgisini, Bağdadda isə 5 müxtəlif dildə "Birlik yolu" adlı qəzet nəşr etməyə nail olur.
Fransız ədəbiyyatından etdiyi tərcümələr hələ 40-cı illərdə qəzet səhifələrində dərc olunur.
Sənət dostu Əliaga Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir.
Alim dilçiliklə yanaşı türk folkloru ilə də məşğul olur. Güney mətbuatında "İslamaqədərki türk folkloru və ədəbiyyatı", "Əruzun türk foklorunda izləri" adı altında çap edilmiş silsilə yazıları ümumtürk ədəbiyyatına daxil olan dəyərli yazılardandır.
Doktor Zehtabi həm də böyük müşahidə qabiliyyətinə malik olan həssas şairdir. Onun qələmindən onlarla gözəl poemalar çıxıb. "Çerik əfsanəsi", '"Pərvanənin sərgüzəşti", "Bəxti yatmış", ''Bağban Eloğlu", "Bəzz qalasında", "Mişovun əfsanələri", "Həsti-ye Nəsim" (farsca), "Qoy olsun on" kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin və Təbrizdə nəşr olunmuşdur.
"Bağban Eloğlu" poeması şairin çap olunmuş son əsərlərindəndir. Poemanın ilk variantı Bağdadda, son təkmilləşmiş forması isə Təbrizdə çap olunmuşdur. Əsərdə o, Məşrutə inqilabının fəal iştirakçılarından biri Həsən Bağbanın mübarizə dolu həyatını bədii dillə qələmə almışdır. O, bununla bağlı arxiv materialları və tarixi sənədlərlə tanış olub araşdırmalar aparmışdı.
Bu bir həqiqətdir ki, İranda baş verən inqilablar beşiyi həmişə Güney Azərbaycan və onun baş şəhəri Təbriz olub. Lakin bu barədə İranın fars və keçmiş sovet tarixçilərinin bir qismi susmağı üstün tuturdular. Bütün bunların müqabilində Məşrutə inqilabı ilə bağlı M.Zehtabinin fikirləri böyük maraq doğurur. O, Məşrutə inqilabının Rusiyadakı 1905-ci il inqilabının təsiri ilə başlanması haqqında marksist-leninçi ideoloqların fikirlərini qəbul etmir. Yazırdı ki, İran, xüsusilə Azərbaycan xalqının milli şüurunun yüksəlməsi, xalqın bir çox sahələrdəki tərəqqisi Məşrutə inqilabının baş verməsi üçün güclü amil olub tarixin zəruri bir hərəkatını meydana çıxarmışdı. Qeyd edirdi ki, Rusiyada 1905-ci il inqilabı boğulsa da, Məşrutə inqilabı uzun zaman (1912-ci ilin əvvəllərinədək) davam etdi. M.Zehtabiyə görə Məşrutə inqilabına XIX əsrin II yarısında Osmanlı imperatorluğunda baş vermiş Tənzimat hərəkatının böyük təsiri olmuşdur. O, bu hərəkatın ideoloji mərkəzinin İstanbul, habelə Misir olduğunu göstərir və bu inqilabın yetişməsində M.F.Axundov və M.Ə.Talıbovun maarifçilik rolunu da vurğulayır. Yazır ki, Məşrutəyə yardım yalnız Qafqaz və Rusiyadan deyil, Osmanlı Türkiyəsindən də gəlmişdi və Məşrutə geri çəkiləndən sonra Istanbul məşrutəçilərin sığındıqları və fəaliyyətlərini davam etdirdikləri şəhər olub. Sonra qeyd edirdi ki, Bakıda yaranmış mütərəqqi mətbuat Məşrutə inqilabı ilə sıx ilgili olmuşdur. Məşrutə hərəkatının iştirakçıları əsasən, xalq içərisindən çıxmış və nəcib əməllərinə görə xalqın dərin hörmətini qazanmış şəxslər idi. Bu da özlüyündə onun xalq üsyanı olmasını bir daha sübut edir. Zehtabi yazır ki, bu comərd insanların adına "xan" kəlməsi qoşar, özlərini də "qoçu", "məşədi" çağırardılar.
Məşrutə inqilabının fəal iştirakçılarından biri el içində böyük hörmət qazanmış Həsən Bağban Təbrizin Lilava məhəlləsinin mücahidlərinin başçısı idi. M.Zehtabi "Bağban Eloğlu" əsərində Səttar xanın 17 mücahidlərindən biri olan, onun həyatını dəfələrlə ölümdən qurtaran, göstərdiyi əməllərə görə "Cəbhənin ləşgəri", "Məşrutənin bayraqdarı", "Eloğlu" kimi şərəfli adlar qazanmış Hüseyn Bağbanın həyatını bədii boyalarla yaratmağa nail olur.
Doktor M. Zehtabi tarix və toponomika sahələri ilə də ciddi məşğul olmuş, araşdırmalar aparmışdır. Onun "İran şahlarının 2500 illik cinayətləri" əsərində fars millətçilərinin törətdikləri cinayətlərdən bəhs edilir.
Alim İran türklərinin tarixi ilə bağlı araşdırmalarında böyük ürək yanğısı ilə yazır ki, bu məsələ ilə bağlı dünya türkologiyasında dəqiq bilgi yoxdur, verilən məlumatlar da bilərəkdən saxtalaşdırılıb, xüsusilə onların milli və etnik tərkibi ilə bağlı faktlar təhrif edilib.
Tanınmış Amerika alimi, tarixçi, qafqazşünas və azərbaycanşünas professor Tadeuş Svyataçovski Güney Azərbaycan tarixini dünya tarixşünaslığında "ağ ləkə" adlandırıb. Onun bu sahədə söylədikləri M. Zehtabinin fıkirləri ilə üst-üstə düşür. Zehtabi bu boşluğu, qismən də olsa doldurmaq üçün uzun illər boyu apardığı araşdırmaların nəticəsi olan "İran türklərinin əski tarixi" adlı üç cildlik kitabını yazır. Onun hələlik yalnız birinci cildi işıq üzü görmüş bu kitabı türk dünyasında böyük bir hadisə kimi qarşılanmışdır.
Müəllifln kitabda gəldiyi aşağıdakı nəticə diqqəti daha çox çəkir:
"Aparılan əsaslı araşdırmalara görə türklər İranda 6 min il əvvəl yaşamış və əhalinin əksəriyyətini təşkil etmişlər. Bu nisbət bu gün də dəyişilməmişdir. Güney Azərbaycan sərhədlərindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Savə, Zərənd, Əsədabadın əhalisi həmişə farsdilli kimi qələmə verilib. Bu tamamilə yanlışdır. Bu gün də, bütün tarix boyu da oranın sakinləri türklər olub. Bunu oradakı qazıntılar zamanı tapılmış gil lövhələr, o yerlərin toponimikası, folkloru, ədəbiyyatı təsdiq edir".
Doktor M. Zehtabi millətinə olan sevgisinə ömrü boyu sadiq qalıb. Onun dilinə, elinə xor baxıb qara yaxan millətçilərə həmişə tutarlı cavablar verib, onları susdurub. Əqidəsinə gorə başı çox bəlalar çəkən vətənpərvər ziyalıya o tayda "pantürkist", bu tayda vaxtı ilə "millətçi" damğası vurublar. Ömrünün bir hissəsi qürbətdə, sürgündə, həbsxanada keçib.
Bu sətirləri yzarkən Məhəmmədtağı Zehtabi ilə bağlı xatirələrimdən çox ciddi bir məqamı burada qeyd etməyi lazım bildim.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyində diplomat sifəti ilə çalışdığım illərdən (1992-1995) tanıdığım Güney Azərbaycanlı milli-mədəni fəal, şair, yazıçı, incəsənət xadimi və musiqi müəllimi Həsən Dəmirçinin (1941 - 24 iyun 2018) Təbrizdəki mənzilində 1997-ci ilin iyun ayının 2-də mərhum ustadımız professor Məhəmmədtağı Zehtabi ilə bir yerdə olmaq, dərdləşmək, doyunca ona qulaq asmaq imkanına malik oldum.
Söhbət zamanı o çox ciddi bir məsələyə toxunaraq dedi ki, Güney Azərbaycanda, xüsusən ana dili və milli kadr məsələsinə böyük ehtiyacımız var. Burada Azərbaycan dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərən kadrlarımız vaxtilə ya Bakıda, ya da İstanbulda yetişiblər. Onların da ömürlərinin yarıdan çoxu keçib. Öz milli kadrlarımızın yetişməsinə çox böyük ehtiyac var. Bunu 32 milyonluq Azərbaycan xalqı adından deyirəm. Bakı bizim üçün əsas kadr hazırlama bazası olmalıdır. Oraya təhsilə gedənləri orta məktəbi bitirənlər arasından seçmək lazımdır. Çünki onların idrakı, düşüncəsi təmizdir. Onları milli varlığımız ruhunda yetişdirmək, əqidəsini tərbiyə edib formalaşdırmaq daha münasibdir. Sonda bir daha təkrar etdi: Kadr! Kadr! Kadr!
O yenə də Azərbaycanın gələcəyini onun gəncliyində görürdü, o gəncliyə, onun zəkasına, qətiyyətinə, iradəsinə, milli ruhuna, milli şüuruna, vətən sevgisinə ümid edirdi.
Doktor M. Zehtabi 1998-ci ilin dekabr ayında müəmmalı şəkildə ürək tutmasından qəfil vəfat etmişdir.
M. Zehtabi Təbriz yaxınlığında doğulub boy atdığı Şəbüstər şəhərində dəfn olunmuşdur. Onun vəfalı şagirdləri, ideya və məslək dostları Zehtabinin məzarını məqbərə şəklinə salmış, indi də onun səliqə və abadlığına xüsusi qayğı göstərirlər. Azərbaycan xalqının bu böyük oğlunun məzarı Təbriz şəhristanındakı ziyarətgahlardan birinə çevrilmişdir.
Səməd Bayramzadə
Mənbə: Varlıq jurnalı
(Dil, Ədəbiyyat, Mədəniyyət və Cəmiyyət Araşdırmaları Dərgisi Dil, Edebiyat, Kültür ve Toplum Araştırmaları Dergisi Journal of Language, Literature, Culture and Social Studies İkinci Dönem. Sayı: 2026: 44(2), ss. 195-200 Telif Haqqı©Varlıq Dergisi )
