Bu gün Katolik Kilsəsi Romada Lateran Bazilikasının (kilsəsinin) təqdis edilməsi gününü qeyd edir.
- 9-11-2022, 16:18
- РЕЛИГИЯ
- 0
- 1 206
Foto: heydar-aliyev-foundation.org
Toral Ağayev, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası
Bu gün Katolik Kilsəsi xüsusi bir bayramı qeyd edir: Romada Lateran Bazilikasının (kilsəsinin) təqdis edilməsi günü.
IV əsrdə Roma imperatoru Konstantin Lateran təpəsində yerləşən sarayını roma papası I Silvestrə hədiyyə etdi və həmin saray roma papalarının ilk rəsmi igamətgahı, 324-cü ilin noyabr ayının 9-da isə xristianlığın ilk rəsmi məbədinə çevrildi. Əgər dünyadakı katolik kilsələrinə sıra sayı versək, Lateran Bazilikası “kilsə № 1” olacaq.
Lateran Bazilikası – papanın kafedral kilsəsidir və bütün Katolik Kilsənin Roma yepiskopu ilə birliyinin rəmzi mənasını daşıyır.
Keçən il bu günü səhər-səhər şəhərdə idim və ürəyimə bir fikir gəldi: gedib bir zamanlar Bakının katolik kilsəsinin indi isə Şəhriyar adına mədəniyyət evinin (keçmiş imanlıların cəlladı olan Feliks Dzerjinski adına klub) yerləşdiyi yeri ziyarət etmək.
İkinci fikrim həmin yerlə üzbəüz olan kiçik parkda Rozari duasını oxumaq oldu. Özü də latın dilində. Həmin o latın dilində ki, bir zamanlar bu məkanda ucalan və barbar bolşeviklər tərəfindən məhf edilən kilsədə səslənib.
Özüm özümə düşündüm: nə oldu, qırmızı rəngə boyanmış iblis? Budur, bayırda 2021-ci ildir, nə çar Rusiyası var, nə səndən “ilham” alan lənətə gəlmiş bolşevik rejimi var. Sənin sadiq qulların bu şəhərdə katolik kilsəsini də, katolik ruhanilərini də məhf etdi, neçə katolikləri sadəcə sənə xidmət etmək istəmədikləri üçün edam etdi. Amma budur, bax, Azərbaycan adlanan ölkədə, 2021-ci ildə, Lateran Bazilikasının təqdis olunduğu gündə Bakıda, sənin yox etdiyin kilsənin yerində bir zamanlar xidmətində duran cəlladın adına tikdiyinin binanın önündə bir nəfər durub və “Pater noster” (Ey, Atamıs) və “Ave, Maria” (Sevin, mübarək Məryəm) duasını oxuyur.
Nə o cəlladın özü, nə adı, nə də sənin rejimin qalıb. Amma kilsənin zəngləri yenə bu Allahın xeyirdualı şəhərində səslənir.
Yenə qazana bilmədin, yenə uduzdun. Hər zaman uduzacaqsan.