Azərbaycanda xristian olmaq
- 27-10-2024, 12:17
- РЕЛИГИЯ
- 0
- 546
![image](/uploads/posts/2024-10/medium/1730020607_434024304_1085186819435496_5040143883252441127_n.jpg)
Ayxan Həsənzadə
Mənim adım Nektaridir – 17 yaşında bir azərbaycanlı oğlanam və 13 yaşımdan Allah yolunda addımlayıram. İllərdir ailəmə, dostlarıma, ətrafıma bəzən susaraq, bəzən də cəsarətlə bir həqiqəti çatdırmağa çalışıram: Allaha olan sevgimi.
Pravoslavlığı qəbul etməyim mənim üçün nə qədər möhtəşəm bir hadisə olsa da, bu yolda qarşılaşdığım çətinliklər də bir o qədər çox olub. Ailəm bu qərarıma əvvəlcə təəccüblə yanaşdı, mənimlə təsəvvürünüzə gətirə bilməyəcəyiniz dərəcədə mübarizə apardı, amma daha sonra Məsihə olan sevgimin necə tükənməz olduğunu görüb məni rahat buraxdılar. Dostlarım arasında isə müxtəlif reaksiyalarla qarşılaşdım; kimisi mənə şübhə ilə baxdı, kimisi isə anlayış göstərdi. Amma hər şeyin öhdəsindən gəlməyə çalışdım, çünki ürəyimdə bir inanc var idi – Allah mənim yanımda idi.
Kilsəyə ilk dəfə addım atanda həyəcanım qarışıq bir sevinc hissi vardı. Oranın səssizliyi, ibadətlərin dərin mənası və Allaha olan yaxınlıq hissi məni tamamən özünə çəkdi. Bəzən mənə elə gəlirdi ki, zaman dayanır və mən Allah ilə üz-üzə dayanıram. Bu hissi izah etmək çox çətindir, çünki insanın ruhu ilə Allaha toxunduğu məqamlar hər kəsin öz yaşantısıdır.
Ölkəmizdə xristian olmaq, xüsusilə azərbaycanlı olub xristian olmaq asan deyil, bunu etiraf edirəm. Düşüncələr, stereotiplər, gözləntilər – bunların hamısı ilə hər gün qarşılaşıram. Tez-tez məni sorğuya çəkirlər: “Sən azərbaycanlısan, müsəlman ailəsində doğulmusan, axı necə xristian ola bilərsən?!” Bu cür suallara artıq təmkinlə cavab verirəm: “Allah sevgisi millət, irq, dil tanımır.” Azərbaycanda doğulmuşam, vətənimə, dövlətimə, mədəniyyətimə, tariximə dərin hörmət və sevgi bəsləyirəm, amma ən əsası Allaha olan inancımı da yüksək tuturam.
Xristian olmağım mənim azərbaycanlı olmağımı dəyişmir, əksinə, məni öz millətimə daha çox yaxınlaşdırır. Çünki imanlı olmaq sadəcə fərdi yol deyil; başqalarına sevgini, anlayışı, mərhəməti paylaşmaqdır. Məni pravoslav kilsəsinin təsirləndirən ən gözəl cəhətlərindən biri də bu oldu – hər kəsə Allahın bəndəsi kimi yanaşmaq, heç kimə fərq qoymamaq.
Gələcək arzularım da bu istiqamətdə formalaşır. Keşiş olmaq istəyirəm. İnsanlara, xüsusən də mənim kimi öz yolunu axtaran gənclərə Allahın sevgisini göstərmək istəyirəm. Azərbaycanda doğulub böyümüş bir xristian olaraq, öz xalqıma xidmət etmək, onlara imanımın gücünü anlatmaq istəyirəm. Bəlkə də mənim kimi digər gənclər üçün ümid işığı ola bilərəm, onlara Allahın hər birimizin yanında olduğunu göstərmək istəyirəm.
İman yolumda qarşılaşdığım hər bir çətinlik, hər bir sual mənə güc verdi, məni daha da möhkəmləndirdi. Azərbaycanın gözəl mədəniyyəti, tarixi, dəyərləri ilə pravoslav inancımı birləşdirərək özüm üçün bənzərsiz bir həyat yolu tapmışam.
Allah sevgisi ən ali sevgi, ən böyük təsəllidir. Gəlin bu sevgini daxilimizdə daşıyaraq yolumuza davam edək, çünki Allah hər an bizimlədir!