Ethnoglobus » Тюркология » Bu il Azərbaycanın milli şairi Bulud Qaraçorlu Səhəndin anadan olmasının 100 illiyi qeyd edilir.

Bu il Azərbaycanın milli şairi Bulud Qaraçorlu Səhəndin anadan olmasının 100 illiyi qeyd edilir.

Bu il  Azərbaycanın milli şairi Bulud Qaraçorlu Səhəndin anadan olmasının 100 illiyi qeyd edilir.
Тюркология
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:01, 25 noyabr 2026
132
0

Foto: az.wikipedia.org

1989-cu ildə  “Azərbaycan” jurnalının 8-ci sayında şair B.Q.Səhəndin yaradıcılığına və onun əsərləri  əsasında İran hakim dairələrinin Cənubi azərbaycanlılara münasibətdə  hakim zorakı, şovinist milli siyasəti, onyn təzahür formaları və həmin siyasətə qarşı şairin mübarizəsi və xalqına çağırışı    barədə

“Ellərinə xoş gəldin”

adlı elmi-publisistik bir məqalə çap olunmuşdur.

Müəlliflər-Vidadi Mustafayev hazırda AMEA Şərqşünaslıq İnstitutunun “Iran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri,

Səməd Bayramzadə -hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəərində çalışırlar.

Həmin yazını böyük şairin əziz xatirəsinə kiçik bir töhfə hesab edirik.

“…ELLƏRİNƏ XOŞ GƏLDİN”

CƏNUBİ Azərbaycanın görkəmli şairi Səhənd (Bulud Qaraçorlu) İranda Pəhləvi şahlıq rejiminin hökm sürdüyü, ölkə əhalisinin sayca böyük hissəsini təşkil edən azərbaycanlılara, onların dilinə, maarif və mədəniyyətinə kəskin təzyiq göstərildiyi illərdə, qədim elm və sənət mərkəzi olan Marağa şəhərində, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir [1926]. Valideynləri sadə adamlar olmuşlar. Sürücü olan atası daim səfərlərdə idi və evnin ağır yükü, uşaqların tərbiyəsi anasının üzərinə düşürdü. Onların hər ikisi uşaqlarının xoşbəxt böyüməsi, təhsil almaları üçün əllərindən gələni əsirgəməmişlər. Axı ata da, ana da çoxları kimi vaxtında təhsil almamışdılar. Sonralar Səhənd bu barədə yazacaq:

Savadsız bir ailədə

Mən doğulub boy atmışam.

Atam bütün yazılardan

Təkcə kiçik ədədləri

tanıyardı.

Bir də niyə

Əyri-üyrü bir xətt ilə

Öz adını cızmalardı.

Tayfamızda ağ-qaradan

başı çıxan

Bircə mənim anam idi,

O da ancaq düz, ya qələt,

Fəqət Quran oxuyardı.

Marağanın Xacə Nəsir orta məktəbində oxuyan Bulud sinifdən-sinifə keçdikcə rəsmi dövlət dairələri tərəfindən doğma dilinə olan yad və ögey münasibəti hiss edirdi. Uşaqlar və müəllimlər məktəbdə olduqları müddətdə bir kəlmə də azərbaycanca danışmamalı idilər, əks təqdirdə şagirdlər müxtəlif cəza (cərimə, tövləyə salınma, məktəbdən qovulma və s.) məruz qalırdılar, müəllimlər isə işdən azad edilirdilər. Bulud böyüdükcə hiss edirdi ki, fars şovinistləri tərəfindən hər addımda azərbaycanlılarının milli varlığı, mədəniyyəti inkar edilir, milli qüruru və hissləri tapdalanır, dili təhqir olunur. Çoxları bu dözülməz vəziyyətdən narazı olsa da, bir çarə axtarıb tapan yox idi. Lakin İkinci dünya müharibəsi illərində Rza şahın İran taxt-tacından əl çəkməsi ilə ölkədə demokratik həyat canlanmağa başladı. Mütərəqqi ziyalılar «Azərbaycan» cəmiyyətində birləşərək «Azərbaycan» adlı qəzet nəşr etməyə başladılar. Azərbaycanlılarının milli hissələrinin, vətənpərvərliyinin təcəssümü kimi meydana çıxan həmin təşkilat tezliklə xalq arasında böyük nüfuz qazandı. Qəzeti isə əldə etmək çətin olurdu, çünkü oxu oxumaq istəyənlərin sayı həddindən çox idi. Qəzet azərbaycanlıların sosial, siyasi və milli hüquqları uğrunda mübarizə aparır, Azərbaycanın tarixi, mədəniyyəti, azərbaycan dili və ədəbiyyatını təbliğ etməklə onlarda milli şüur oyadırdı. Belə bir şəraitdə gənc Bulud da xalqın milli-azadlıq mübarizəsində yaxından iştirak etməyə can atırdı.

1945-ci ildə Azərbaycan Demokrat Partiyası və onun cavanlar təşkilatının yaranması ilə milli-azadlıq hərəkatı mütəşəkkil forma alır. Bulud Marağa şəhər komitəsi cavanlar təşkilatının ən fəal üzvlərindən biri olur. Bu dövrdə o, ilk şeirlərini yazır və bu şeirlər Azərbaycan Yazıçılar və Şairlər cəmiyyətinin orqanı olan «Şairlər məclisi» toplusunda [1945-ci il, № 3-4] nəşr edildi. İlk şeirlərindən biri «Alqış» adlanırdı:

Keçdi səhər vaxtı bu söz ürəkdən:

İnsana ruh verən dilinə alqış!

Bir zaman yetirdin Babəktək nərlər, Koroğlu adlanan aslanlar, şirlər.

Böyütdün düşməni məhv edən ərlər. Adına yazılıb daim zəfərlər,

Qəhrəman yetirən elinizə alqış!

Lakin Səhəndin sevinci, xoşbəxtliyi uzun sürmədi. İrtica qüvvələri Azərbaycanda milli-demokratik hərəkatı boğdular. Azərbaycan dilində kitablardan tonqallar qalandı. İrticanın Azərbaycan xalqını öz mənəvi sərvətindən məhrum etmək istəməsi Səhəndə çox ağır təsir etdi.

Azadlıq hərəkatı yatırıldıqdan sonra Bulud ailəsi ilə birgə Təbriz şəhərinə köçür. O, dəmir yolunda işə düzəlir və inqilabi fəaliyyətə qoşulur. İranda milli burjuaziyanın ölkə neftinin milliləşdirilməsi uğrunda İngiltərə imperializminə qarşı apardığı mübarizəsində [1951 – 1953-cü illər] iştirak edən Səhənd, sülh uğrunda hərəkatın ön sıralarında addımlayır. 1953-cü ildə Amerika imperializminin təsiri ilə İranda baş verən antidemokratik dövlət çevrilişindən sonra şah hakimiyyəti daha da güclənir. Lakin Bulud inqilabi mübarizəsini yenə davam etdirir, çünki o, irticanın Təbriz meydanlarında ucaltdığı kitab tonqallarını unuda bilmirdi. 50-ci illərin ortalarından başlayaraq görkəmli şair M. H. Şəhriyarın ilk dəfə öz ana dilində yazdığı xalqı, eli, vətəni üçün ucaltdığı haray xalqı hərakətə gətirdi. Onun «Heydərbabaya salam» əsəri mütərəqqi və qabaqcıl azərbaycanlı ziyalıları birliyə səslədi. H. Katibi, Ə. Fərzana, K. Səhəni və başqa azərbaycanlı ziyalıların səyi nəticəsində ədəbi birlik yaradıldı. Birlik Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa, klassik və müasir ədəbiyyatı təbliğ etməyi qarşıya məqsəd qoymuşdu. Sonralar bu birlik əsl yaradıcılıq laboratoriyasına çevrildi. Birliyin üzvləri Azərbaycan dilinə, folkloruna aid bir sıra kitablar çap etdirdilər. Lakin bu ədəbi birliyin ən dəyərli məhsulu Səhəndin yazdığı «Sazımın sözü» poeması oldu. Çox keçmir ki, polis birliyi dağıdır, onun nəzdində fəaliyyət göstərən mətbəənin işi dayandırılır.

Doğma Azərbaycan ədəbiyyatından, xüsusən, S. Vurğun yaradıcılığından bəhrələnən Səhənd Sovet Azərbaycanı şairləri ilə daim əlaqə yaratmağa cəhd göstərir. Nəhayət, o, 1967-ci ildə Tehran universitetində mühazirə oxuyan tanınmış şərqşünas, professor P. Əliyevlə görüşür. Bundan sonra Səhəndin inadkarlığı nəticəsində [o, Bakıya bir-birinin ardınca üç mənzum məktub göndərir] C. Rüstəm, M. Rahim, B. Vahabzadə və başqa şairlərlə əlaqə yaradılır. 1969-cu ildə Səhənd ilk dəfə Sovet İttifaqına səfər edir, Moskva, Bakı və Gəncə şəhərlərində elm, mədəniyyət xadimləri, sadə əmək adamları ilə görüşür.

1968-ci ildə Səhəndin kiçik emalatxanası yüngül geyim paltarları istehsal edən «Sentral triko» adlı iri ticarət müəssisəsinə çevrilir. Buna görə də bir çoxları Səhəndə kapitalist kimi baxır və onu «kapitalist şair» adlandırırdılar. Lakin o, poeziyadan ayrılmır… Cənubi Azərbaycanın tanınmış ədəbiyyatşünası K. Səbahı yazırdı: «Səhənd dərin görüşlü bir şair olaraq, öz xalqının görən gözü, düşünən beyni və döyünən ürəyi olmuşdur».

Səhənd 1979-cu ilin aprel ayının 11-də ürək xəstəliyindən vəfat etmişdir. Səhəndin yaradıcılığı o taylı, bu taylı Azərbaycan ədəbiyyatı tarixində çox layiqli yer tutur. Onun əsərləri İranda, Türkiyədə və Sovet Azərbaycanında geniş yayılmışdır. Şairin «Dədə Qorqud» dastanlarının motiv və süjetləri əsasında nəzmə çəkilmiş «Sazımın sözü» kitabı 1960-cı ildə İranda [Azərbaycan dilində], 1980-ci ildə latın əlifbası ilə Dursun Yıldırım tərəfindən Ankarada, 1984-cü ildə Bakıda nəşr edilmişdir.

Səhəndin yaradıcılığı indiyədək geniş təbliğ edilməmişdir, yalnız ölümündən sonra şairin həyatı və yaradıcılığı haqqında İranın Azərbaycan dilli mətbuatında elmi-publisistik yazılar çap olunmuşdur.

B. Azəroğlu və M. İbrahimovun Səhənd yaradıcılığı haqqında məqalələri çap olsa da, bütün bunlar hələlik onun ədəbi irsini lazımi səviyyədə başa düşmək, Azərbaycan ədəbiyyatında onun yerini müəyyənləşdirmək üçün kifayət deyil.

Şair bütün yaradıcılığı boyu Pəhləvi rejiminin Azərbaycan dili və mədəniyyətinə qarşı yaratdığı maneə və yasaqlara qarşı etirazını bildirmişdir. Şeirlərinin birində bu haqda yazır:

Keçmişimdən söz açmağım yasaq,

Gələcəyimdən danışmağım yasaq,

Ata və babamın adını çəkməyim yasaq,

Dil açıb danışdığım dildə

Danışmağım yasaq imiş, yasaq!

Şair, Şəhriyara yazdığı mənzum məktubda xalqının düşdüyü milli fəlakətin əsas səbəblərini göstərir:

Çıxdığımız qını bəyənməmişik,

Biz eli atmışuq, el atıb bizi,

Elimizə nə gün ağlamışıq biz?..          

Hələ Rza xanın şah elan edilməsindən [1925] əvvəl azərbaycanlıların mənşəyi və dili haqqında əslən azərbaycanlı alim Əhməd Kəsrəvi tərəfindən «Azəri dili» nəzəriyyəsi yaranmışdı. Bu nəzəriyyə fars hakim millətinə assimilyasiya siyasətini əsaslandırmaq üçün «elmi əsas» vermiş oldu. Pantürkizm əleyhinə və dövlətçilik mövqeyindən çıxış edən Kəsrəvi sübut etməyə çalışırdı ki, azərbaycanlılar mənşəcə iranlı, aryani və dil cəhətdən türkdürlər. O, bir növ, türk dili ilə İran substratını birləşdirdi.

İkinci dünya müharibəsindən sonra bu ideya daha da inkişaf etdirilmiş və hakim millətin məqsədyönlü assimilyatorçu siyasətini gücləndirməyə yönəldilmişdir. Təəssüf ki, azərbaycanlı ziyalıların bəziləri həmin ideologiyanı qəbul edib onu yaymaq, təbliğ etmək üçün də cəhd göstərmişlər. Bəziləri isə bu ideoloji, «elmi» təzyiyə davam gətirə bilməyərək öz xalqı, dili, mədəniyyəti haqqında şübhəyə düşmüşlər. Odur ki, şair azərbaycanlıları yenidən birliyə çağırırdı…  

Məlumdur ki, «Dədə Qorqud» dastanının əsas xüsusiyyətlərini onun qəhrəmanlıq ruhu, vətən məhəbbəti, tayfa və qəbilə başçıları arasında məqsəd birliyi, ümumi mənafe uğrunda, düşmənə qarşı birgə mübarizə ruhu təşkil edir.  

Bu ölməz epik yadigara müraciət edən şair, Cənubda yaşayan azərbaycanlılarda məhz qəhrəmanlıq ruhu oyatmağa çalışmışdı.  

Daim və hər yerdə azərbaycanlının öz dilinə qarşı düşmənçilik ruhunda tərbiyə olunduğu bir şəraitdə — «Mən türkəm, özüm də, elim də, dilim də, əslim də, nəslim də türkdür» demək, əlbəttə, şairdən misilsiz şücaət və cəsarət, məğrurluq tələb edirdi.  

Bu baxımdan şairin «Dədəmin kitabı» poemasında «Qaraca çoban» boyu xüsusilə əhəmiyyətlidir. 

Səhənd Səhənd olmazdı, əgər öz əsli-nəsli ilə öyünməsəydi…  

Şair, bugünkü zülməti təsvir edərək dərin bir nikbinliklə onun keçici olduğuna inanır, zülmətin qovulması üçün çarə axtarmağın vacibliyini qeyd edir və babalarla məsləhətləşməyi qərara alır. Bunun üçün o ariyalıların, əhəmənilərin, sasanilərin yanına yox, oğuz başçılarının, öz babalarının yanına yollanır. Babaların azad, firavan, şərəfli və mübariz həyatından söz açıb ulular ulusu Dədə Qorqudla xəyali görüşünü böyük həyəcan və dərin məhəbbətlə təsvir edir. Dədə Qorqud şairin öz keçmişinə dönməsindən fərəhlənib onu alqışlayır: 

— Oğul, ellərivə xoş gəldin… 

Şair bir övlad kimi xalqının yaman gününü mərd babasından gizlətmir:

Obalarda nə toy, nə bayram olur,

Nə qopuz çalınır, nə mərd öyünür, Nə bir ozan gəlir, nəğmə oxuyur,

Nə bədöy atların izi döyünür.

Bircə dar günlərin dar axşamında Xalqın əhvalına şəfəq qan ağlar, Qəhrəman elivi nə günə salmış

Gör bu qara dövran, gör bu ruzigar.

Utanıram sənə «oğlunam» — deyim, Bilirəm, yanımda qaradır üzüm.

Babalar öz zamanlarında qan bahasına da olsa, namərdə, düşmənə baş əyməmişlər, çünki həyatın mənasını şərəfdə, mərdlikdə, birlikdə görmüşlər. Elə buna görə də:

Atanın adını batıran oğul

Atanın yurdunda qalmasa iyidir.

Şanlı keçmiş insanların fikir və hissinə yeni qüvvət, mətinlik bəxş edir, onu mübarizəyə ruhlandırır:

Get, qoca Dədədən himmət diləmə.

Himmət verəcəksən, himmətin olsa.

Atavın çırağın yanar saxlarsan,

Şərəfin, hünərin, qeyrətin olsa.

Səhəndin xalq arasında, dərin hörmət və nüfuzunu göstərmək üçün bircə misal kifayətdir. 1978–79-cu il İran inqilabından sonra nəşrə başlayan azərbaycan dilli «Dədə Qorqud» jurnalı özünün ilk nömrəsində jurnalın proqram və mövqeyini ifadə edən baş söz əvəzinə «Sazımın sözü» poemasından «Bu torpaqda, bu dünyada» misrası ilə başlanan parçadan bir hissəni vermişdir.

Səhəndin «Sazımın sözü» poemasının 1984-cü il Bakı çapı onun özündən sonra (1969) əsərlərinin küll halında Sovet İttifaqına, Odlar yurduna ilk gəlişidir.

Ona görə də əsərlərində özünü, fikrini, düşüncələrini, hisslərini ölməzliyə qovuşdurmuş şairə ehtiramla deyirik:

— Şair, ellərinə xoş gəldin. Bir dəfə özün gəlmişdin, indi də sözün gəldi. Bu gəliş nə qədər fərəhlidirsə, o qədər də gələcəkdən xəbər verir…

Vidadi MUSTAFAYEV

Səməd BAYRAMZADƏ

Mənbə:

«AZƏRBAYCAN» JURNALI. № 8.1989 (səh. 163-165)






Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
11.07.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
ABŞ və İsrailin İranla  müharibəsinin strateji nəticələri
ABŞ və İsrailin İranla müharibəsinin strateji nəticələri
05.11.26, В МИРЕ
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ