Главная > ЭТНОПОЛИТИКА > Türk Dövlətləri Təşkilatının tarixi-ənənəvi kökləri varmı... (2-ci yazı)

Türk Dövlətləri Təşkilatının tarixi-ənənəvi kökləri varmı... (2-ci yazı)


22-11-2022, 12:40. Разместил: Gulnara.Inanch
Solmaz Toqidi-Rüstəmova, professor, tarix elmləri doktoru


1917-ci ildə Rusiyada Çar Monarxiyasının süqutu ilə İmperiyanın bütün digər xalqları kimi türk-müsəlman xalqları da yaranmış imkanlardan öz müqəddəratlarının həlli yolunda mübarizənin yeni mərhələsinə qədəm qoyurlar. Bu hadisədən dərhal sonra iki qurultay - 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, may ayında isə Moskvada Ümumrusiya müsəlmanlarının toplantısı çağırılır. Diqqətəlayiqdir ki, hər iki qurultayda əsas məsələ - Rusiyanın gələcək dövlət quruluşu və əsarətdə olan xalqların hüquqları haqda türk xaqlarının ikinci nəsil siyasi liderlərindən biri kimi qəbul edilən Məhəmməd Əmin Rəsulzadə məruzə edir. Daha geniş nümayəndəli Moskva qurultayında “Ədəbi türkcə ilə əzbər söylədiyi və dəfələrlə alqışlanaraq kəmali-diqqətlə dinlənilən” məruzəsində Rəsulzadə bir daha demokratik prinsiplərə əsaslanan Rusiya Federativ respublikası tərkibində müsəlman-türk xaqları üçün milli-ərazi muxtariyyəti ideyasını irəli sürür və əsaslandırır. Gərgin müzakirələr zamanı islamçı və sosialist qüvvələrin etirazı, həmçinin bu məsələyə dair osetin Əhməd bəy Salikovun geniş hüquqlu məhəlli idarələri olan Rusiya tərkibində müsəlmanların milli-mədəni muxtariyyətlə kifayətlənməsi təklifləri qarşısında Bakı qurultayında olduğu kimi Moskva qurultayı da böyük səs çoxluğu ilə M.Ə.Rəsulzadənin hazırladığı Qətnaməyə üstünlük verir. O dövr üçün çox mühüm nəticə sayılan bu qələbə məhz türk xalqlarının – azərbaycanlı, başqırd, tatar, türküstanlı nümayəndələrin ümumi dəstəyi ilə baş tutur.


   Lakin Rəsulzadənin Moskva qurultayındakı məruzəsinin əhəmiyyəti bununla məhdudlaşmır. Gələcək Azərbaycan dövlətçiliyinin ideologiyasını və əsaslarını işləyib hazırlamış Rəsulzadə bu məruzəsində keçmiş imperiyanın türk xalqlarının milli hüquqları və dövlətçilik uğrunda mübarizəsinin dəyişmiş siyasi şəraitdə və yeni mərhələdə konkret məqsəd və vəzifələrini də müəyyənləşdirir və ilk dəfə “vahid türk milləti” konsepsiyasından kənara çıxır.
   “Hər bir xalqın müstəqil şəkildə təşkilatlanması”, “Biz əvvəlcə ayrılmalı, daha sonra birləşməliyik” kimi fikirlərin məntiqi sonluğu kimi Rəsulzadə “Rusiya öylə bir rahət ev şəklində olmalıdır ki, orada hər millətin özünəməxsus odası olsun” – müddəası ilə hər bir türk-müsəlman xalqı üçün milli-məhəlli (ərazi) muxtariyyəti tələbini irəli sürür.
   Qurultayda səslənən “müsəlman birliyi” ideyası tərəfdarlarına da Rəsulzadə eyni “ümumi ev” nümunəsi ilə cavab verir. İslam dininin digər dinlər kimi beynəlmiləl xarakterini vurğulayaraq “İslam mədəniyyəti” yaratdığını təsdiq edən natiq, bununla belə bu müddəanın  “müsəlman milləti” kimi qəbul edilə bilməyəcəyini göstərir:  “İslam beynəlmiləlliyi böyük bir evdir ki, içərisində türk, fars, ərəb və sair millətlərə məxsus bölmələr vardır... ”. İslam dünyasına daxil olan xalqların yalnız mədəni bir federasiya yarada biləcəyini təbii bir ittihad yolu sayan Rəsulzadə bu birliyə daxil olan “millətlərin ən böyüyü, ən güclüsü və əsrimizdə ən müstəid həyatı olan” millət kimi türk millətinin adını çəkir: “Biz türk-tatar övladı, o millətlərin balalarıyız. Biz türk oğlu türküz, bununla fəxr edəriz”.
   Beləliklə, “müsəlman” adı ilə çağırılan Moskva qurultayının da nümayəndələri qarşısında duran vəzifələr “türk” kimliyi əsasında dilə gətirilir: “Türk mədəniyyəti, türk mənliyi vicuda gətirmək istəriz.  Rusiyada bulunan 30 milyonluq müsəlmanlardan qismi-əzəmi – təqribən 21 milyonu bu millətə mənsubdur” – deyən Rəsulzadə əsrlərdən bəri cəhalət bəlası, məzhəb ayrılığı üzündən bir-birindən ayrı düşən, hətta özündən belə ayrı qalan bu milyonlarda “indi birləşmək meyli” olduğu” və “bu meyil çox şiddətlidir” -  bildirməklə yanaşı dərhal “Fəqət qorxmalıdır ki, bəzi süni tədbirlər sayəsində bu meyilə qarşı bir əksəməl çıxmasın”- xəbərdarlığı edir.
   Hansı “qorxu” və “süni tədbirlərdən” ehtiyat edir Rəsulzadə?  “Biz türk-tatar millətləri bir cinsdən - türk oğlu türk olmaqla bərabər inkar etmək olmaz ki, ayrı-ayrı şivələrə, müxtəlif xüsusiyyətlərə malikiz. Bu gün Volqaboyu tatarların kəndilərinə məxsus ədəbiyyatları, mətbuatı, ədib və şairləri var. Türküstan cığataycası zəngin bir ədəbiyyata malikdir. Qazax-qırğızların mətbuatı da yol almaqdadır. Bunlardan heç biri cəbrə təslim olub da kəndi xüsusiyyətini fəda etməz və belədə Azərbaycan türkləri öz dilinə, öz ədəbiyyatına, öz adətinə əlvida deyəməz”.
   Türk birliyi naminə bütün bu özünəməxsusluqların süni yolla qaldırılmasını faydalı bilməyən Rəsulzadəyə görə: “qoy hər kəs öz yolu ilə təbii surətdə axsın, bu müxtəlif türk nəhrlərinin axıb da, nəhayət, töküləcəyi yeganə bir dəniz vardır, böyük türk dənizi!”.
    Beləliklə, Türk birliyi ideyasının zamanı qabaqlamayıb, yetişmə məqamına buraxmaq mövqeyini ortaya qoyan Rəsulzadə bu məqamı yaxınlaşdıracaq yeganə yolu da göstərir: bu, hər bir türk millətinin ən əvvəl öz dövlətçiliyini yaratmaq yoludur. Bu zaman ilk növbədə məhz coğrafi baxımdan Azərbaycan, Dağıstan, Türküstan, Qırğızıstan kimi türk xalqlarının milli-ərazi muxtariyyəti prinsipi əsasında  öz dövlətçiliyini qurmaq imkanları vurğulanır. Lakin bu üstünlük həmin dövlətlərin öhdəsinə daxili idarəçilik ilə bərabər  bütün Rusiya türkləri üçün “ümummilli və mədəni işləri görəcək bir Şurayi-Milli” yaratmaq vəzifəsi qoyur. Belə ki, “yalnız tarixin işlədiyi cinayət nəticəsində müəyyən bir mühitdən ayrı qalan” türk xalqları, yəni Rusiyanın iç ərazilərində qismən dağınıq yaşayan Volqaboyu, Krım tatarları və digərləri bu gün “milli-ərazi muxtariyyəti” deyil, “milli-mədəni” muxtariyyət istəmək arzusu ilə kifayətlənməli olurlar. Lakin bu xalqlar digər türklərlə bərabər Milli Şuranın təşkilində iştirak etməlidirlər.
    Əlaqələndirici təşkilat – Milli Şura ideyası ilə yanaşı Rəsulzadəyə görə müxtəlif türk xaqlarının təbii surətdə birləşməsi belə təsəvvür olunur: “ibtidai təhsil və xəlq üçün yazılan ədəbiyyat bir məhəllin öz şivəsində, ana dilində olur. Orta məktəblərdə ümumi türkcə dərs olaraq oxudulur...Ali məktəblərdə isə bütün tədrisat ümumi türkcə olur. Bu vasitə ilə heç bir cəbr və təzyiq görmədən baxarsan ki, arzu olunan “ittihadi-lisan da hasil olur”.
  Beləliklə, Rəsulzadə “ortaq dil” məsələsini də gündəmə gətirir və bunun yalnız təbii yolla mümkünlüyünü vurğulayır. Bu zaman Məhəmməd Əmin bəyin gətirdiyi nümunə bu günümüz üçün də olduqca diqqətəlayiqdir: “Başqa vasitə ilə ittihadi-lisan mümkün olsaydı velikoruslar müvəffəq olardılar. Əgər velikoruslar maloruslara cəbr etməsələr və onları öz hallarına buraxıb Şevçenkonu oxumaqdan mən etməsəydilər, Ukrayna teatrosunu qapatmasa idilər, heç şübhəsiz ki, bugünki separatizm halına gələn Ukrayna hərəkəti də vaqe olmazdı” !
    1917-ci ildə, Moskva qurultayındakı proqram xarakterli məruzəsinin sonunda Rəsulzadə ən ağrılı bir məsələyə də toxunur. Türk xalqlarının hələ özlərini idarə etməyə hazır görmədikləri üçün “bu fikirlərdən vaz keçərək” mərkəzi idarəçiliyi daha müvafiq bilmələri kimi iddialarla razılaşmır,  türk millətləri haqqında bu qədər bədbin fikirdə olmaq istəmədiyini vurğulayır:  
    “Bizim parlaq keçmişimiz, indiki halımız var. Mədəniyyətimizə əlamət olan ədəbiyyatımız, incəsənətimiz var. Bu mədəniyyətin qonşularımıza belə təsiri- nüfuzu olmuşdur. Bizdə bəlkə bir şey azdır – müasirlik. Elm və sənaye ilə hazırlanmış adamlarımız yoxdur. Fəqət bu da az bir zamanla hasil olur, yetişir. Sonra mən heç təsəvvür etmirəm ki, bir rus mujiki bir türküstanlı mujikdən idarəyə daha hazır olsun. Mərkəzdəki hazır adamlar o qədər də bol deyildirlər ki, özlərindən artıq qalıb bizə pay versinlər. Öz etimadi-nəfsinə güvənməyib də qonşuya ümidvar olan millət ... qorxarız ki, “şamsız yatar”.
   Qurultay iştirakçilarını, əsasən türk-müsəlman xalqları  nümayəndələrini dövlətçiliyə aparan “milli-ərazi muxtariyyəti” seçiminə səs verməyə çağıran bu siyasi xadim veriləcək qərarın həm də gələcək nəsillər qarşısında məsuliyyət məsələsi ilə bağlayır: “Əfəndilər! Hazırsızlığımızdan qorxmayalım, türk istedad və ləyaqətinə inanalım və biləlim ki, böylə tarixi bir zamanda öz həqqimizi istəməsək və yüksək bir səslə bizi milli idealımıza yaxınlaşdıran şüarı ortaya atmasaq nəsli-ati hüzurunda xəcil oluruz”.
    Moskva qurultayının böyük səs çoxluğu ilə Rəsulzadənin hazırladığı qətnaməni qəbul etdiyi artıq yuxarıda deyildi. Zaman Rəsulzadənin uzaqgörənliklə cızdığı və əməlinə çağırdığı vəzifələrin zəruriliyini tezliklə təsdiq etdi. Qarşıdan gələn 1918-ci il keçmiş Rusiya Imperiyasının türk xalqları üçün həqiqətən ilk milli dövlətçilik əsaslarının qurulduğu bir dövr oldu. Ayrı-ayrı xalqların bu yolda mübarizəsi və nailiyyətləri qanlı hadisələr və faciəvi sonluqla bitsə də qazax və qırğız türklərinin ortaq dövlətləri olan "Alaş Orda" - Kokand Türküstan hökuməti, öz muxtariyyətini elan etmiş Başqırd hökuməti, Şimali Qafqazda Dağlı Respublikası və digər dövlət qurumları, eləcə də Fərqanə vadisi, Ərdican, Şərqi Buxarada milli qüvvələrin bolşevik-erməni qoşunlarına göstərdiyi müqavimət bu xalqların dövlətçilik tarixinə parlaq səhifələr yazdı. Azərbaycan Cümhuriyyəti bu baxımdan daha uğurlu və “uzunömürlü” sayılaraq muxtariyyət deyil, müstəqil Azərbaycan milli dövlətçiliyinin əsaslarını yaratmaqla həm də türk dövlətlərinin əməkdaşlığı, birliyi, ağır durumda dəstək vermək ənənələrini qorumaq örnəyi verdi. Təcavüzə məruz qalan türk xalqlarına və rəhbərlərinə bütün mümkün imkanları ilə yardım etdi. Həmin 1918-ci ildə özü də bolşevik-erməni təcavüzünə məruz qalan Azərbaycan xalqı və dövlətçiliyi isə Osmanlı dövlətinin birbaşa hərbi dəstəyi sayəsində işğaldan azad oldu və öz dövlətçiliyini qurdu.
   Azərbaycan milli-siyasi qüvvələrinin Osmanlı türkləri ilə Zaqafqaziya Seyminin gürcü və erməni fraksiyalarından fərqli, “xüsusi” münasibətləri isə hələ Qafqaz İslam Ordusunun hərbi köməyindən daha əvvəl – Trabzon və Batum konfranslarında açıqlanmışdı və Osmanlıya qarşı müharibə aparmaqdan imtina qərarı ilə öz yüksək həddinə çatmışdı.
   Azərbaycan-Osmanlı münasibətləri, Türk xalqları birliyi, türk xalqlarının gələcək taleyi, perspektivləri və s. məsələlər Cümhuriyyət Parlamentindəki müzakirələrdə, xüsusilə M.Ə.Rəsulzadənin nitqlərində dəfələrlə gündəmə gətirilmişdir.
  Burada bir haşiyə çıxılmalıdır ki, nə 1905-ci ildən keçirilən və Türk xaqlarının taleyi müzakirə edilən qurultaylarda, nə də Azərbaycan Parlamentində bu mövzuya dair çıxışlarda “Turan” kəlməsi işlədilməmişdir.
   Birmənalı demək olar ki, tamamilə fərqli  – beynəlmiləlçilik prinsiplərinə əsaslanan kommunist ideologiyası ilə idarə olunan Sovet dövlətinin 20-ci illərdə birdən-birə “Türk xalqları” problemlərini siyasi gündəmə gətirməsi də XX əsrin əvvəllərindən güc toplayan “türk birliyi” ideyasının hələ də aktuallığını saxladığı ilə şərtlənmişdir.
                            Ardı var...










Ümumrusiya müsəlmanlarının Moskva qurultayı (1011 may 1917-ci il)



















Moskva qurultayının təşkilatçılarından Əli Mərdan bəy Topçubaşovun qurultay nümayəndəsi kimi mandatı 
















Zəki Validi Toqan – Görkəmli türk-başqırd siyasi, dövlət xadimi. Moskva qurultayında başqırd və tatar nümayəndə heyətlərinin Rəsulzadənin Qətnaməsinə səs verməsini təşkil etmidir. Başqırd xalqının azadlıq və inqilabi hərəkatının rəhbəri, 1917-ci ilin noyabrında muxtariyyətini elan etmiş Başqırd Hökumətinin başçısı, müdafiə naziri, başqırd ordusunun ali baş komandanı. Türküstan Milli Birliyinin qurucusu və ilk başqanı. Basmaçılar hərəkatının liderlərindən biri. Mühacirət dövrü Topçubaşov və Rəsulzadə ilə sıx əlaqə saxlamış, Türkiyə universitetlərində elmlə məşğul olmuş, türklərin tarixinə dair əsərləri ilə məşhurlaşmışdır. Görkəmli türkoloq, tarixçi alim. II Dünya Müharibəsinin sonlarına doğru 1944-cü ildə, Türkiyədə Sovetlər əleyhinə fəaliyyətdə və Turançılıqda ittiham edilmiş, “İrqçilik-Turançılıq Davasının” sonunda 10 il həbsə məhkum edilsə də hərbi məhkəmə tərəfindən bəraət almışdır. Elmi uğurları dünya türkologiyası tərəfindən yüksək qiymətləndirilmiş, 1967-ci ildə Mançester Universiteti tərəfindən ona Şərəf doktorası verilmişdir.  








Mustafa Çokay (qazaxca- Şokay) – Görkəmli türk-qazax siyasi, dövlət xadimi. Qazax və qırğız türklərinin ortaq dövlətləri olan "Alaş Orda"nın qurucularından biri, 1918-ci ilin yanvarında Kokandda elan edilən Türkistan hökumətinin başçısı. Moskva qurultayının iştirakçısı. Tanınmış publisist. Mühacirət dövrü Türküstan məslələrinə dair siyasi mətbuat orqanlarının naşiri və yazarı. Azərbaycan milli qüvvələri və siyasi xadimləri ilə sıx münasibətlərini və dostluğunu Avropada, mühacirət dövrü də davam etdirmişdir. "Prometey" təşkilatının üzvü kimi Məhəmməd Əmin Rəsulzadə ilə mühacirətdə bolşevizmə qarşı birgə mücadilə etmişdir.  








Heydər Bammat
Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, kumık əsilli siyasi xadim. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin üzvü, Müvəqqəti Dağlılar hökumətinin üzvü. 1918 -ci ilin martında Tiflisdə Zaqafqaziya Seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvü. Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Azərbaycana qarşı ərazi iddiaları qaldıran Dağlılar hökumətinin bəzi nümayəndələrinə qəti etirazını bildirmişdir. 1919 -cu il mayın 30-da Parisdə Azərbaycan və Şimali Qafqaz dağlılarının Paris sülh konfransındakı (1919–1920) nümayəndələrinin Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə keçirilən iclasında Qafqaz Konfederasiyası yaradılmasının tərəfdarı kimi çıxış etmişdir. Mühacirət dövründə də Azərbaycan xadimləri ilə sıx əməkdaşlığını saxlamışdır.

  







Məhəmməd Əmin Rəsulzadə.
Görkəmli Azərbaycan-türk dövlət və siyasi xadimi, Azərbaycançılıq ideologiyasının yaradıcısı, Azərbaycan Cümhuriyyətinin qurucusu və dövlət başçısı.
1917-ci il Ümumrusiya müsəlmanlarının Moskva qurultayında eyni məsələ üzrə rusca yazılmış məruzəsini oxuyan osetin Əhməd bəy Salikovdan fərqli olaraq “Ədəbi türkcə ilə əzbər söylədiyi və dəfələrlə alqışlanaraq kəmali-diqqətlə dinlənilən” məruzəsində türk xalqları qarşısında duran və istər öz zamanında, və xüsusilə də bu günümüzdə öz təsdiqini tapmış proqram vəzifələr irəli sürür. Bu uzaqgörən siyasi xadimin o vaxt hələ 33 yaşı var ! 


Вернуться назад