Главная > ЭТНОПОЛИТИКА > Nə monarxiya, nə teokratiya, ancaq demokratiya

Nə monarxiya, nə teokratiya, ancaq demokratiya


8-11-2022, 14:48. Разместил: Gulnara.Inanch
People participate in a protest against Iranian President Ebrahim Raisi outside of the United Nations on September 21, 2022 in New York City. STEPHANIE KEITH/GETTY IMAGES

                       

 (İranda milli/xalq hökuməti qurmağa çağırış)

 

Son yüz ildə iki böyük inqilaba və şanlı qəhrəmanlıq tarixinə malik olmasına baxmayaraq, İran xalqı bu günə kimi özünün əzm və iradəsindən irəli gələn milli və xalq hakimiyyətinə malik olmaq imkanlarından məhrumdur. İranın  müxtəlif millət və xalqları siyasi baxımdan yenidən tarixi dönüş nöqtəsindədirlər. Ona görə də bu məsələyə diqqət yetirmək, araşdırmaq, real nəticələri təhlil etmək, düzgün şüarın seçilməsi üçün ideya vermək, ümumixalq hərəkatına dəstək olmaq xüsusi əhəmiyyət kəsb edir.

İran xalqının  irticaçı molla rejiminə qarşı müxalif  qüvvələri və üsyançı qrupları Orta əsrlər rejimini  devirmək əzmində qətiyyət  nümayiş etdirir  və  hazırki hakimiyyətin  varlığı böyük suallar döğurmaqdadır.  Bu  həssas və yaleyüklü  tarixi dönəmdə keçmiş şah rejiminin mürtəce, fürsətçi, korrupsioner və daxili müstəmləkəçi   dairələri və qalıqları   da müxtəlif xəbər agentlikləri və fikir otaqlarının  xidmətlərindən istifadə edərək, daxildən və xaricdən dəstək alan bir ovuc satqın dəstələrlə birlikdə müxalifət cəbhəsində yer alıb Rza Pəhləvinin demokrat pərdəsi altında səsləndirdiyi şüarları təbliğ etməyə başlamışlar.

 Əslində bu,   İranın siyasi tarixində indiyə qədər bir neçə dəfə təkrarlanan və məzlum İran xalqını yüz ilə yaxındır ən qaranlıq diktaturaların zülmü altında saxlayan  mürtəce müstəmləkəçilik ssenarisidir.

Həmin ssenari ilə 1978-1979-cu illərdə İranda hakimiyyətə gətirilmiş molla rejiminin bugünkü ümumxalq etirazlarına münasibətdə sərgilədiyi rəsmi mövqeyə münasibətdə tanınmış şərqşünas alim Vidadi Mustafayev wordpress.com saytında 17.10.2022-ci il tarixində yerləşdirdiyi İranı ancaq düşmənləri idarə edirmiş başlıqlı yazısında çox maraqlı bir məqama toxunur. O yazır: “Demə, İranı hər yerdə, özü də rahat şəkildə, düşmənlər idarə edirmiş. Beləki, xalqın etiraz çıxışlarını dəstəkləyən incəsənət xadimləri, sən demə, düşmənlər tərəfindən satın alınıbmış, qızları və qadınları öz ən bəsit şəxsi azadlıqları uğrunda mübarizəyə dümənlər təhrik edibmiş, tələbələri, şagirdləri etiraz aksiyalarına düşmənlər çıxarırmış, hətta cəmiyyətin qaymağı sayılan "xavas" deyilən kəsim də düşmən tərəfindən idarə olunaraq, etirazları dəstəkləyirmişlər”.  Daha sonra yazı müəllifi molla rejiminin xalq hərəkatına qara yaxaraq sərgilədiyi belə bir mövqeyinə münasibət bildirərək, haqlı bir sualla fikrini tamamlayır: "Bəlkə, bitməyən inqilab rəhbəri, bu hökumət də düşmənə işləyirlər?" 

 Bugünkü molla rejiminə qarşı bu şübhələr nədən irəli gəlir? Deyirlər "başına gələn başmaqçı olar!" Öz xalqına xain və düşmən kəsilən bu molla rejimi də əslində yuxarıda qeyd edilən ssenari ilə hakimiyyətə gəlmişdir. "Xain də xoflu olar!" deyiblər. Zənnimizcə, bu məsələyə aydınlıq gətirməyin artıq vaxtıdır...   

1978-ci ildə amerikalı general Robert Hayzer Məhəmmədrza şahın xəbəri olmadan bir ay müddətində məşvərətçi heyətlə İranda olur. Şahın xanımı Fərəh öz xatirələrində yazır: “Amerikanın İranın daxili işlərinə qarışması o həddə çatmışdı ki, artıq bu işlər barəsində  bizə heç bir məlumat verilmirdi. Məsələn, general Robert Hayzer İrana gəlmiş və uzun müddət fəaliyyət göstərmişdi, amma bizim bundan heç xəbərimiz yox idi”. General Heyzerin İrandakı missiyası anti-şah inqilabının radikallaşmasının qarşısını almaq, ordunun Xomeyniyə təslim edilməsi, şahın getmə tarixini müəyyənləşdirmək və Xomeyninin gəlişi üçün hazırlıq işləri görməkdən ibarət idi.

Heyzerin hərəkətlərinə qarşı olan İran Hərbi Hava Qüvvələrinin komandanı Əmir Hüseyn Rəbii bu barədə belə demişdir: “Amerika şahın quyruğundan tutub ölü siçan kimi çölə atdı”. Bu onu göstərir ki, pəhləvilər ailəsinin İran idarəçiliyində heç bir səlahiyyəti yox idi.

Buna oxşar hadisə 1941-ci ilin şəhrivərindən (25 avqust tarixində sovet qoşunlarının İrana daxil olmasından) sonra da baş vermişdi. O zaman da ingilislər Rza şahın quyruğundan tutub siçan kimi İrandan bayıra atmışdılar. Tarixin yaddaşından heç vaxt silinməyəcək bu iki oxşar hadisənin içərisində çoxlu maraqlı məqamlar vardır. Belə ki, həm ata, həm də oğul əcnəbilər tərəfindən vəzifəyə təyin edilib, işdən çıxarılıb və hər ikisi İrandan kənarda dünyasını dəyişiblər. İndi də müstəmləkəçilər öz siyasi və iqtisadi maraqlarını qorumaq üçün yenidən eyni ailədən başqa birisini İranda hakimiyyətə gətirmək fikrinə düşüblər.

Qeyd etmək lazımdır ki, İran xalqının Pəhləvilərin hakimiyyəti dövründə çəkdiyi zülm və sitəm, ağrı və iztirablar onların yaddaşından heç vaxt silinməyəcəkdir, Pəhləvi xanədanının xalqa qarşı törətdiyi əməllər heç vaxt bağışlanılmayacaqdır. İrandakı keçmiş şah rejimi   dünyada öz xalqına qarşı  ən aqressiv və qorxunc diktatura hökumətlərindən biri olub. 

Artıq 43 il hakimiyyətdə olan molla hökumətinin cinayətləri pəhləvilərin cinayətkar üzünü bir qədər "ağartmış" oldu. Belə ki, molla hökumətinin İran xalqına qarşı törətdiyi bugünkü cinayətlər  əvvəlki şah rejiminin yarımçıq qalmış cinayətlərindən daha kəskin bir şəkildə həyata keçirilir və icra olunur. Əslində molla hökumətinin xalqa qarşı törətdiyi bu cinayətlər pəhləvilərin bu sahədə siyasətinin davamı kimi qiymətləndirilməlidir. İran xalqı və xüsusilə azadlıq mücahidləri, onların liderləri də yaxşı bilirlər ki, SAVAK-ın müasir tipli həbsxana və işgəncə sistemləri şah hökuməti zamanı yaradılmışdır. İslam Respublikası da özünün İran xalqına qarşı zülm və işgəncə sistemini SAVAK-ın eyni həbsxana və işgəncə sistemi üzərində qurmuş və bu sahədə siyasətini də həmin əsnada davam etdirməkdədir.

Müstəmləkiçəlirin və onların daxili nökərlərinin həyata keçirdiyi siyasət nəticəsində İran xalqları bu günün özündə də qara günlər və acı həyat tərzi yaşamalarına davam etməkdədirlər. İranda baş verən bütün inqilablar və siyasi dəyişiklər zamanı əcnəbilər özlərinin siyasi və iqtisadi mənafeləri naminə öncədən alternativ planlar işləyib hazırlayırlar. Xalqın nümayəndələrini bütün maddi imkanlardan, xəbər kanallarından istifadə etmək imkanlarından uzaqlaşdırırlar. Hər dəfə də sui-qəsd və şantaj yolu ilə fürsətçi və aşağı statuslu məmurları satın alaraq inqilabçıları idarəçilikdən kənarda qoyub, bir ovuc köksüz satqın və muzdluları müəyyən "bəzək-düzəklə" hakimiyyət kürsüsünə oturdurlar. Beləliklə də İran xalqı üzərində bir marionet hökumət qururlar.  Bu ağrılı faciə İrandakı son 100 ildə baş vermiş siyasi dəyişikliklər zamanı dəfələrlə təkrarlanıb və  həmişə də azadlığın və istiqlalın bahası bir qrup inqilabçı, azadlıqsevər, milli və vətənpərvər ziyalılar tərəfindən ödənilmiş və indi də ödənilməkdədir. 

Maraqlıdır ki, marionet şah hələ ölkədən getməzdən əvvəl həbsdə olan bəzi siyasi partiya və cərəyan liderlərinin də daxil olduğu siyasi məhbusların azadlığa buraxılması barədə göstəriş verməkdə tərəddüd edirdi. Bu məsələ hakimiyyətə gələcək Xomeyninin molla rejiminin dayaqlarını gücləndirmək demək idi. Doğrudan da İslam rejimi İranda bərqərar olduqdan sonra onun üçün bu sahədə heç bir əsaslı maneə önə çıxmadı. İndi yenə də irtica və müstəmləkəçi qüvvələr tərəfindən eyni ssenarinin təkrarlanması üçün müəyyən vasitələrdən istifadə edilir. Beləki, molla rejiminin devrilmək ərəfəsində olduğu bir zamanda irtica və müstəmləkəçi qüvvələr bütün mümkün vasitələrlə milli və xalq hökumətinin formalaşmasının qarşısını almaq üçün  keçmiş korrupsioner hakimiyyətin qalıqları və tərəfdarlarını  hazırki hərəkatın aparacı qüvvəsi kimi təqdim  etməyə ciddi səy  göstərirlər. 

Amma görünən odur ki, bu dəfə İran xalqı  vahid  rəhbər mərkəzin ətrafında birləşib, mürtəcelərin və müstəmləkəçilərin məsələnin öz xeyirləri üçün planlaşdırdıqları həlli yolunu bağlayacaq. Bu da xalqın bütün sinif və təbəqələrinin  yeni demokratik inqilab və onun sonrakı inkişafında  iştirakı üçün zəmin yaradacaqdır. 

İran xalqı nə şah, nə də molla rejimini istəyir. İranda yaşayan hər bir xalq və millət  bu gün ölkənin ərazi bütövlüyünün qorunması şərti ilə milli və müstəqil suveren bir hakimiyyət sistemi istəyir. İran xalqının köklü maraqlarını təmsil edən siyasi, mədəni, intellektual mərkəzlər molla rejiminə qarşı olan bütün müxalif qüvvələri dəstəkləyir və onları azadlıq uğrunda  mübarizə səngərində bir yerdə görmək istəyir.

Səməd Bayramzadə

29 oktyabr 2022



Вернуться назад