Главная > КУЛЬТУРА > Tahirə Məmmədova – Şuşalının Şuşasız və Şuşalı ömrü

Tahirə Məmmədova – Şuşalının Şuşasız və Şuşalı ömrü


16-05-2022, 10:03. Разместил: Gulnara.Inanch

Belə deyirlər ki, çox vaxt yazıçı mövzunu yox, mövzu yazıçını tapır. Məni tapan mövzunun da qəribə taleyi var…

Bəri başdan deyim ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Şuşa şəhərinin yaranmasından, bu qədim diyarın türksoylara məxsusluğundan, memarlıq və incəsənət abidələrindən, Zaqafqaziyada təhsil mərkəzi və ziyalılar şəhəri kimi tanınmasından, dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlərindən, burdakı yüksək milli-mənəvi dəyərlərdən, ədəbi birliklərdən, şəhərin dəfələrlə yadellilərin – ermənilərin işğallarına məruz qalmasından, habelə, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən Azərbaycan əsgərinin hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı qələbələrindən xeyli yazılar yazmışam. Əslində bunları özümə mənəvi borc bilmişəm.

Bu yazımda da ənənəmə sadiq qalaraq bir vətənpərvər şuşalı xanımı Sizlərə tanıdacağam. Səmimi deyim ki, bu insan sözün əsl mənasında özünü odda yandıran pərvanədir, könül dostudur, gözəl anadır, savadlı müəllimdir, şairdir, bacarıqlı təşkilatçıdır. Bir sözlə, xəyal pərisim kimi, dünyanı gəzib dolaşmaqdan yorulmayan ziyalı xanımdır. Onun Vətəninə, xalqına sonsuz məhəbbəti, milli kökümüzə bağlılığı, sadəliyi, təvazökarlığı, gördüyü xeyirxah işlər məni əlimə qələm almağa sövq etdi…

Mən bu xanımı Şuşada orta məktəb illərindən tanıyırdım. Lakin aradan keçən uzunn illərdə onunla bir dəfə də olsun rastlaşmamışdım. 2015-ci ildə Bakıda “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi (QHT) tərəfindən keçirlən bir kitab təqimatında görüşmək bizə nəsib oldu.

Orta məktəbdə əla qiymətlərlə oxuyan, məktəbin ictimai işlərində yaxından iştirak edən, gözəl natiqlik və təşkilatçılıq qabiliyyətinə malik olan bu xanımın adını çəkdiyimiz İctimai Birliyin sədri olduğunu da burda bildim.

Müzakirəsinə yığışdığımız kitabın təqdimatının təşkilatçısı da, aparıcısı da həmin xanım idi. Onun gəncliyi, gözəlliyi, çıxışları, bir az da çılğınlığı xəyalımı orta məktəb illərimizə qaytardı…

Uzun illərdən sonra gördüyüm, hətta adını unutduğum bu xanım nəzərlərini mənə tərəf yönəldərək: “Siz şuşalı Əyyub müəllimsiniz, eləmi?”

Şuşalıma hörmət əlaməti olaraq ayağa qalxıb: “Bəli, elədir ki, var, – dedim”…

Çıxış üçün doğmalara xas olan hörmət və ehtiramla mənə söz verdi. Təşəkkür edib, təqdimatına yığışdığımız “Qarabağın toponimləri” (m: Aydın Qarabağlı) adlı kitabla bağlı fikirlərimi bildirdim. Tədbir qurtardıqdan sonra mənə yaxınlışıb hörmətlə hal-əhval tutması, göstərdiyi səmimiyət bu xanımı mənim gözümdə ikiqat ucaltdı. Mənə elə gəldi ki, adını unutduğumu hiss etmişdi. Zarafatyana bir tərzdə: “Gəlin yenidən tanış olaq, Tahirə Şuşalı”, – deyib, əlini mənə uzatdı.

Nəzakətli davranışı, özünü doğma bir insan kimi aparması, qazandığı hörmət, götürdüyü ədəbi təxəllüsü məndə qürur hissi yaratdı.

Qarşımıza qoyulmuş çayı unudub Şuşanın bəxtəvər günlərindən, məktəb illərimizdən, sahib olduğumuz sənət və peşəmizdən, həyatda qazandığımız uğurlardan, əsasən də Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal altında saxlanılmış şəhər və kəndlərimizin tezliklə düşmən tapdağından azad olunacağına, doğma yurdlarımıza qayıdacağımıza güclü inamımızdan söhbət açdıq.

Söhbət əsnasında məlum oldu ki, Tahirə Şuşalı gözəl şeirlərin, məqalələrin, layihələrin, o cümlədən şəhid və qazilərlə bağlı bir neçə sənədli filmin müəllifidir.       

Onun gördüyü təqdirəlayiq işlər, həyatda qazandığı uğurlar məndə xoş təəssürat yaratdı.

Haqqında bir neçə cümlə yazmaq istədiyimi bildirdim. Müsahibə almaq üçün onun iş yerində görüşdük.

Səmimi deyim ki, Tahirə xanımın ömrünün mənalı illərini özündə əks etdirən iş otağı zəngin bir muzeyi xatırladır.

Onun Vətəninə və xalqına sonsuz sevgisini, milli ruhunu, həyata keçirdiyi layihələrini, yaradıcılığını, konfranslardakı çıxışlarını özündə əks etdirən maraqlı yazılar, sənədlər, qəzetlər, kitablar, jurnallar, Fəxri fərmanlar, medallar, diplomlar, dünyanın tanınmış insanları ilə çəkilmiş foto şəkillər, video kasetlər cild-cild kitablara sığmaz.

Sevindirici haldır ki, bunlar Azərbaycanın ziyalı xanımının zəhmətinə verilən qiymətdir. Uzun illər “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri vəzifəsini şərəflə yerinə yetirən Tahirə Şuşalının Vətənimizin bir parçası olan Qarabağa və doğulduğu Şuşanın füsnkar gözəlliklərinə hərsr etdiyi “Ay müqəddəs Qarabağım” adlı şeirindən götürdüyüm:

Gözəllik var bu şəhərdə,

Adam ölməz belə yerdə.

Suyu dərman m

in bir dərdə…

Turş suyun, İsa bulağın,

Ay müqəddəs Qarabağım!

– misralar yazacağım yazıya gülab ətri çilədi…

Qısa arayış:

Məmmədova Tahirə Məhi qızı 1947-ci ildə Şuşa şəhərində doğulub. 1955-1965-ci illərdə Nəcəf bəy Vəzirov adına Şuşa şəhər 2 nömrəli orta məktəbdə oxuyub və məktəbi əla qiymətlərlə bitirib. Həmin il Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyat İnstitutuna qəbul olub və institutu əla qiymətlərlə bitirib.

1972-ci ildə keçmiş V.İ.Lenin adına Pedaqoji İnstitutun pedaqogika kafedrasına laborant və müəllim təyin olunub. 1975-ci ildə ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna, bir müddətdən sonra Sabirabad rayonuna köçmələri ilə əlaqədar həmin rayonlarda ixtisası üzrə müəllim işləyib.

1981-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və Respublika Tikinti Komitəsinin Texniki Peşə Məktəbləri üzrə Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışıb. Dissertasiya işi ilə əlaqədar ali təhsil aldığı M.F.Axundov adına Pedaqoji İnstitutun “Rus dili və Ədəbiyyatı” kafedrasında “Baş müəllim” işləyib.

Ailəlidir: 2 qızı, 3 nəvəsi var. Qızları və nəvəsinin biri həkim işləyirlər.

Onunla görüşümüzdə marağıma səbəb olan ilk sualım bu oldu: Hörmətli Tahirə xanım, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyini təsis etmək ideyası Sizdə hansı zərurətdən yaranmışdır?

Cavab: 1994-cü ildə Vahid Azərbaycan Partiyasının 1-ci müavini və “Vahid Azərbaycan” qəzetinin baş redaktoru kimi İraq dövlətində keçirilmiş Embaqroya aid konfransda iştirak etmişəm. Vətənə qayıtdıqdan sonra məndə “Azərbaycan-İraq Mədəni Əlaqələr Birliyi təsis etmək, Azərbaycan və İraq xalqlarının milli-mənəvi dəyərlərin, sənət əsərlərin, folklorun, incəsənət nümunələrin, tarixi şəxsiyyətlərin musiqisin, o cümlədən Ermənistanın 1988-1993-cü illərdə Azərbaycan ərazilərinə hərbi təcavüz etdiyini, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları İraqda və dünyanın bir çox ölkələrində tanıtmaq, azərbaycanlılarla dünya xalqları arasında dostluq ünsiyyəti yaratmaq zərurətindən yaranmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 aprel 2007-ci ildə rəsmi olaraq qeydiyyatından keçmişik və fəaliyyətə başlamışıq.

Artıq 15 ildir Tahirə Məmmədova adını çəkdiyimiz İctimai Birliyin sədri olaraq daşıdığı vəzifəni şərəflə yerinə yetirir. Həyata keçirdiyi uğurlu layihələr onun bacarıqlı təşkilatçı olduğunun əyani sübutudur.

Tahirə xanım Birləşmiş Millətlər Təşkilatının nəzdində olan iki böyük qurumun:

1 – “Dünya Sülh Federasiyası” (“Dünya Sülh Səfiri”)

2 –  WANQO-nun da üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq!” layihəsi çərçivəsində keçirilmiş rəngarəng sərgilər iki qardaş xalq arasında əməkdaşlığı və mədəni əlaqələri gücləndirmişdir.

…2016-2018-ci illərdə “Vətəndaş cəmiyyəti” jurnalında Tahirə Şuşalının layihələri əsasında həyata keçirilmiş işlərlə bağlı mətbuatda maraqlı yazılar verilmişdir. Onun 2022-ci ildə nəşr olunmuş “Qarabağ dünən və bu gün” adlı kitabında (Azərbaycan, ingilis və rus dillərində) 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 1 milyondan artıq azərbaycanlıların doğma yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün düşənləri, 20 faiz ərazilərimizin işğalı, Xocalı soyqırımı və s. hərtərəfli təhlil olunmuşdur.

Tahirə Məmmədovanın “Güllələnmiş, qətlə yetirilmiş Qarabağ mədəniyyəti” və “Yalnız irəli” adlı layihələri, həmçinin 44 günlük Vətən müharibəsində şəhid olmuş şuşalı Allahverdiyev Allahverdi Əli oğlu və Həsənov Nurlan Nadir oğlu haqqında hazırladığı sənədli filmlər əsl vətənpərvərlik nümunəsidir.

Elə bilirəm ki, bu kiçik yazı ilə mənalı və şərəfli ömür yolu keçmiş vətənpərvər, cəfakeş bir şuşalımızı Sizlərə tanıda bildik.

Əyyub Şırlanlı

şair-publisist, AYB-nin üzvü, əməkdar müəllim

“Məclisi-Üns” – “Söz gülüstanı” ədəbi birliyinin rəhbəri

Vətənə və xalqa həsr olunmuş ziyalı ömrü: Tahirə Məmmədova – Şuşalı – Yenimedia.net – Sosial-Analitik Portal


Вернуться назад