Главная > ЭТНОПОЛИТИКА > MİLLİ ADƏT-ƏNƏNƏLƏRİN QORUNMASI MULTİKULTURALİZMİN BAŞLICA ŞƏRTİDİR

MİLLİ ADƏT-ƏNƏNƏLƏRİN QORUNMASI MULTİKULTURALİZMİN BAŞLICA ŞƏRTİDİR


3-05-2024, 14:42. Разместил: Gulnara.Inanch

Kərimova Nurəngiz Əli 

                                                                 Bakı Slavyan Universiteti, 

                                                                 Ümummilli Lider Heydər Əliyevin anadan                                                                      

                                                                olmasının 101 illiyinə həsr olunmuş 

                                                            Azərbaycanşünaslığın aktual məsələləri:

                                                                 Tədqiqat,Elmi Diskurs, Beynəlmilləşmə. 

                                                               XV Beynəlxalq Elmi konfransın                                          

                                                                materialları  (2.05.2024)

Açar sözlər:  multikulturalizm, tolerantlıq,  mədəniyyətlərin sintezi, bayram, ayinlər.

Azərbaycan ərazisində qədim zamanlardan bəri bir çox xalqlar   yanaşı yaşayıblar. Burada çoxlu kiçik xalqların nümayəndələri - ləzgilər, talışlar, avarlar, udinlər, ingiloylar və  digər   xalqlar   yaşayıb və   azərbaycanlılarla     eуni,   tam bərabər hüquqlara malik olub.   Azərbaycan bütün dövrlərdə Şərqlə Qərb arasında  əlaqələrin  yaranmasında   əhəmiyyətli rol  oynayan birləşdirici   “körpü”    olub. Azərbaycanın təqdim etdiyi multikultural model müxtəlif xalqların və dini konfessiyaların   qonşuluq və  dostluq şəraitində birgə yaşaması və birgə fəaliyyətinin modelidir.  Müasir dövrdə   multikulturalizm bəşəriyyəti siyasi gərginlikdən xilas edə biləcək mühüm və alternativsiz vasitədir.   Multikulturalizm  sülh, azadlıq, bərabərlik, dostluq  kimi yüksək dəyərlərə   əsaslanan, qarşılıqlı hörməti, mərhəməti və  humanizmi təsdiq edən, tolerantlıqla  üzvi şəkildə  bağlanan   bir  tarixi  hadisədir.

Multikulturalizm inteqrasiya üçün münbit zəmin yaradır və bununla yanaşı   assimilyasiyanı qəti surətdə inkar edir. Bu məntiqi yanaşmadır, çünki   assimilyasiya arzuolunmaz münasibətlərə, bir çox hallarda müxtəlif xalqların və xalqların nümayəndələri arasında ciddi münaqişələrə səbəb olur, halbuki   multikultural cəmiyyətdə  müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsi və inkişafı, müxtəlif mədəniyyətlərin formalaşması  cəmiyyətin əsas hədəfi  kimi qəbul olunur.  (5, 23)

Bu baxımdan multikulturalizmin müasir dövrün reallığı kimi, xüsusən də multikulturalizm prinsiplərinin cəmiyyətin bütün  sahələrinə nüfuz etdiyi Azərbaycan modelinin alim və tədqiqatçıları tərəfindən hərtərəfli öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqı daim  başqa  xalqlara böyük hörmətlə yanaşıb.Azərbaycan ərazisində,  onun paytaxtı  Bakıda   möhtəşəm məsçidlərlə yanaşı pravoslav və katolik kilsələr,    yahudi   sinaqoqları  sərbəst  fəaliyyət göstərir. Bütün xalqların  nümayəndələri   öz milli   adət-ənənlərini qoruyub saxlamaqla yanaşı, Azərbaycan   xalqının  milli  bayramlarında da  həvəslə   iştirak edirlər. (6, 127)

Bu baxımdan    Azərbaycanda yaşayan  azsaylı xalqlarının öz adət- ənənələrinə  uyğun olaraq    milli bayramlarını, xüsusən də Bahar bayramının  necə keçirilməsi  xüsusən maraqlıdır.  Məlumdur ki, Baharın, yazın gəlişini, təbiətin oyanmasını  bütün xalqlar  səbirsizliklə   gözləyir və  böyük, çox sevilən  bayram kimi qeyd edirlər.  Azərbaycanda   Novruz bayram  çox vaxt “əziz gün”  adlanır, bu da təsadüfi deyil. Bu əziz gündə  insanlar   dünyadan köçənləri  yad edir,   evində  şirniyyat bişirib, qonum-qonşu ilə  bölüşür, ağsaqqallara, ağbirçəklərə    baş çəkir,   küsənlər   barışır.  Tonqalla bağlı  xüsusi mərasim mövcuddur-  alovun üstündən   atlanmaq. Bu adət  oda, alovla sitayişlə bağlıdır və  inanclara görə,  həmin alov   insanda olan bütün  ağırlığı, mənfi enerjini  məhv edir.   Azərbaycanda yaşayan     azsaylı   xalqlarda   həmçinin     baharın gəlişini və   təbiətin oyanışını   səbirsizliklə gözləyib, həmin günü  xüsusi təntənə ilə  qeyd ediblər.   Burada  bir mühüm cəhət  vurğulanmalıdır- Azərbaycanda bahar bayramını təkcə  müsəlmanlar deyil,  digər dinlərə   sitayiş edən  xalqlar da qeyd edirlər. Məsələn,  pravoslav ruslar “Maslenitsa” adlı bayramını  qeyd edirlər və  “blinçik” adlanan   xəmir xörəyini  bişirirlər. Girdə blinçik   günəşlə    assosiasiya edilir və   Rusiyanın  sərt,  soyuq iqlmində  isti  və  ruzi-bərəkətlə  əlaqələndirilir. 


Yahudi xalqının həmçinin  özünə məxsus adət-ənənələri   var. Yahudilər  yazda 

“Pesax” bayramını  qeyd edirlər və Pesax   yahudi xalqının  ziyarət    xarakterli  üç  bayramından biridir. Əslində,   Pesax   yahudilərin Misiri  tərk etməsi tarixi ilə bağlıdır, yəni  ilkin mərhələdə  bu   bayram  dini xarakter daşıyıb, lakin  müasir dövrdə   Pesax   baharın  gəlməsi, həyatın  təzələnməsi rəmzi kimi   İsrail dövlətində yeddi gün, İsraildən kənarda  yaşayan yahudilər tərəfindən səkkiz  gün ərzində   ərzində qeyd edilir. (2, 41)

 Avar xalqı həmçinin  ənənəvi bahar və əmək ritual bayramı olan “İlk şırım” OTSBAİ-ni keçirir. Avar dilində   OTSBAİ - "öküzləri  arabaya qoşmaq"  deməkdir.  Bu   bayram həmçinin  dərin  simvolik məna daşıyır. Məlumdur ki, inək, öküz  bir   çox xalqların folklorunda  ruzi-bərəkət  rəmzi olub.   Bahar gələndə  avar xalqının  adətinə     uyğun olaraq   öküzü arabaya  qoşub   ilk şırım açıblar. Bu adət   torpağa yeni toxumlar  atıb, bol məhsul götürmək arzusunun ifadəsidir.   Yəni, təbiət  oyandıqca, torpaq öz ruzisini  insanlara bəxş edir və  insanları halal zəhmətə çağırır.    (2, 71)

Hər bir xalqın tarixində onun öz milli-mənəvi dəyərlərini əks etdirən mühüm mərasimlər vardır. Azərbaycanlıların   böyük təntənə və xüsusi mərasimlərlə qeyd   etdiyi  Novruz bayramı ləzgi xalqı  üçün də əziz bayramdır. Novruz bayramı adı ləzgi dilində “Yaran suvar” adlanır. “Yar” ləzgilərin qədim əkinçilk təqviminə əsasən, yazın, mart ayının 21-dən aprelin 4-dək davam edən dövrə deyilir. Ləzgi dilində “yar” sözünün bir çox mənaları var. Bu söz “ilkin” mənasında da işlənir. Qədimdə xalq arasında yar sözü çox zaman «qırmızı Günəşi» də ifadə edirdi. Odur ki, ləzgilərin bayram süfrəsində qırmızı rəng xüsusi yer tutur. Ləzgilər də Azərbaycanlılar kimi baharın gəlişini müşayiət edən çərşənbələri xüsusi qeyd edirlər. Məsələn, Qusar rayonunda Su çərşənbəsində həyət-baca təmizlənir, sulanır, qızlar, qadınlar bulaq başına gedirlər. Adətə görə, səhənglə bulaqdan su götürən qadınlar suyu küçə boyu qapıların ağzına, hasarların dibinə tökürlər. Su çərşənbəsində su mənbələri təzələnir, arxlar qaydaya salınır, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Gün doğmamış hamı  bulaq   başına gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalq inamına görə, Su çərşənbəsi günü “təzə sudan” keçənlər azarını-bezarını ona verər, il boyu xəstəlikdən uzaq olar. Martın 21-də gecə ilə gündüzün bərabərləşəcəyi zamanı böyük təntənə ilə bayram edən ləzgilər toylarını da məhz mart ayının 21-dən aprelin 4-dək etməyə çalışardılar. Bu zaman bəyə “yaran çam” (bahar bəyi), gəlinə isə “yaran svas” (bahar gəlini) deyərdilər. Bu ayların həm bərəkətli aylar olduğuna görə  evlənən gənclərin daha sağlam nəsil dünyaya gətirəcəyinə inanarlar.  Xalq arasında belə bir inanc var ki, ailənin illik güzəranı bayram süfrəsindən asılıdır. Ona görə də hər ailə başçısı çalışır ki, süfrəsi zəngin olsun. Bayram süfrəsinə əyləşməzdən əvvəl bayram payı ilə küsülülərin evinə gedər, plov qazanından çəkilmiş ilk nimçəni qonşuluqda xəstə yatanlara, kimsəsizlərə göndərərlər. Əvvəllər Yaran suvar kəndlərdə xüsusi təntənə ilə keçirilər, hər bir ailə üzvünün adına şam yandırılardı. Bayram günü ləzgilər ocağı həyətdə deyil, təpələrin başında qalayardı. Ləzgilər arasında   bahar ərəfəsində Ayı və Günəşi çağırma ayinləri icra edilərdi. Bu xalq mərasimi Vatsrakar adlanırdı. Bu mərasim zamanı qızlar, oğlanlar Aya və Günəşə həsr olunmuş mahnılar oxuya-oxuya məhəllələrdən keçərdilər. Ləzgilərin bahar bayramı ərəfəsində keçirilən qədim adətlərindən biri də könüllü iməcilik mənasını verən “mel” mərasimidir. “Mel” adətinə görə, ev-eşikdə bahar təmizliyi aparılır, yorğan-döşək günə verilir, xalça-palaz çırpılır, evlərin divarları ağardılır, bağ-bağat çör-çöpdən təmizlənirdi.(2, 20)

 Talış xalqının da Bahar bayramı ilə  bağlı çox maraqlı adət və  ayinləri mövcuddur. (4, 76) Bu  bölgədə   İlaxır çərşənbə  daha  böyük təntənə ilə qeyd olunur. Buna görə də çərşənbəyə burada  xüsusi hazırlıq görürlər.  Bölgənin özünəməxsus bir çox adət-ənənələri vardır ki, onlara digər regionlarda az rast gəlinir. Həm də bu adətlər bir sıra maraqlı tərəfləri ilə də diqqəti çəkir. Bu maraqlı adətlərdən biri də “bayramda ağzı qızıl üzüklü balıq hədiyyəsi aparmaq” adətidir.

Balıqlar içərisində özünəməxsus dadı və gözəlliyi olan ziyad balığının ağzına bir qızıl üzük qoyulur və balıq bişirilmir. Elə çiy halda götürüb axır çərşənbə günü nişanlı qızın evinə hədiyyə aparırlar. Bununla yanaşı bayram şirniyyatları və səməni də aparılır. Yəni, oğlan tərəfi bəlkə də bununla demək istəyir ki, həm çox faydalı və həm də bayramın əsas öndə olan bir təamını sizə hədiyyə etməklə sizin bizim üçün nə qədər dəyərli olduğunuzu bir daha xatırladırıq. Ümumiyyətlə, bu bölgədə həm axır çərşənbədə, həm də Novruz bayramında süfrədə balığın olmasına çox önəm verirlər. Özü də gərək bu balıq Ziyad (Kütüm) balığı ola ki, onu həm yaxşı ləvəngi etmək olur, həm də çox dadlı olur. Yəni, Novruz süfrəsi balıq ləvəngisi olmadan açılmır,balıq bolluq rəmzi sayılır, balıq süfrədə olarsa ilimiz bolluqla keçər deyə hesab edirlər. Süfrədə balıq ləvəngisindən başqa qoz küküsü, “patə”,”ovşilə”,”şəlğəm”, toyuq ləvəngisi və s.yemək və desertlərin olması çox vacibdir.


  Talışların özünəməxsus adətləri ilk növbədə  onların dili və geyim tərzində nəzərə çarpır. Novruzda qadınlar,  qızlar başına, belinə  gözəl    saçaqlı örpəklərini bağlayıb   axar  sulara  üz tutur və uşaqdan tutmuş böyüyə qədər hər kəs yol  boyu şeirlər, bayatılar oxuyaraq  bulaq  başına gedib, su ilə əl-üzlərini yuyub, mənfi ruhlardan azad olmaq üçün oradan su götürüb evlərinə qayıdırlar. Həmin su aydınlığın, xeyirin simvoludur. Xəstə adamların üzünə çilənən, evlərin hər küncünə səpilən  bayram suyu  həyatın   yenilənməsinin rəmzidir.   Bayram  günlərində   hər evdə “Bıştə”, zeyrən çörəyi bişir,  qohumlara, qonşulara sovqatlar  verilir. Kənd sakinləri tonqal ətrafına yığışanda özləri ilə  “bıştə”lər götürür. “Bıştə” talış dilində yayda becərilən  mərci, boranı tumu, noxud və s. kimi çərəzlərə deyilir. Talışların adətinə görə tonqaldan sonra onun  közündə  həmin bitkilər qovrularaq qonaqlara təqdim edilir. Daha sonra zümzümə ilə başlayan musiqi xorla   ifa olunur. Böyüklər  oxuyur, uşaqlar musiqi sədaları altında sanki bir-birləri ilə yarışıraq  yeddi hündür tonqalın  üstündən tullanırlar.   Tonqala yaxınlaşan hər kəs bu sözləri təkrar edir:  Ağrıların getsin 7 dağ, 7 dənizdən o taya. Çərşənbələrin  tənətənə ilə qeyd  edilməsi saflaşama,    insan ruhunun yenilənməsi,   mənfilikdən   qurtulmaq deməkdir. İlaxır çərşənbənin isə xüsusi önəmi ondan ibarətdir ki,  həmin gündə insanlar artıq bütün mənfiliklərdən, ağır nəfəsdən  təmizlənərək yeni ili qarşılamağa tam hazır olduğunu bildirir. (4,41)

Azərbaycan ərazisində,  Böyük Qafqaz dağlarının cənub yamaclarında yaşayan İngiloyların da çox maraqlı adət-ənənələri mövcuddur. İngiloylar Qafqaz Albaniyasında yaşamış və qədim yunan tarixçisi Strabonun “Coğrafiya” əsərində qeyd olunan 26 qədim Alban tayfasından biri olan gellərdir,”gel” sözü də “ingiloy” sözünün ikinci hecasında “gil” kimi öz əksini tapıb. (4,26)   İngiloyların “Qorqot” bayramı xüsusən maraqlıdır. Bu bayram, əslində ingiloylarda Novruz kimi dəyərləndirilə bilər. Çünki bu bayram da həmçinin Baharın  gəlişi ilə əlaqəlidir  və   mart ayının 20-21 dən başlayaraq, aprelin sonuna qədər, yəni qırx gün  davam edir.  Baharın ilk elçisi olan  durnanı da   ingiloylar “qorqot” adlandırır və   Bahar bayramının  qeyd edilməsi durnaların  gəldiyi  vaxta düşür.Novruzda çərşənbələr olsa da, ”Qorqot” bayramında bu yoxdur.Ancaq bu bayram da əkinçiliklə bağlıdır,qışın sərt sınağından çıxmağı bayram edirlər. Novruzda Azərbaycanlılar səməni hazırlayırlar, ingiloylar isə buğdadan “Qorqot” adlı yemək hazırlayıb hər kəsə paylayırlar.Bu bayramda da tonqal qalanır, müxtəlif xalq oyunları icra olunur.Burada da Novruz bayramının elementləri yetərincədir, ancaq “Qorqot”bayramını qonşu etnosların heç biri qeyd etmir, bu yalnız ingiloylara məxsusdur. İgiloylar  bütün mərasimlərini su mənbələrinə yaxın olan  yerdə  keçirirlər. Çəmənə xalçalar salınır, tonqallar qalanır,  dadlı yeməklər bişirilir, süfrələrə  milli  yeməklər-   mahara, sülhüllü, qirs, xəngəl,   çilov, uzurum- düzülür.  (5, 371) Göründüyü kimi, Azərbaycanda   bütün xalqların nümayəndələri  üçün   öz milli adət-ənənələrini qoruyub saxlamaq və  ayinləri   keçirmək, milli mədəniyyətini   inkişaf etdirmək   üçün  hər cür şərait yaranıb.Vətənimizdə    azsaylı xalqların milli  ləyaqəti  heç bir şəkildə  pozulmur   və  onların öz milli  adət-ənənələrini qoruyub saxlamaq üçün hər cür şərait yaranıb. Araşdırmam Azərbaycanda yaşayan bütün xalqların - qrupların hamısının tarixi və etnoqrafiyasını əhatə etməsə də, onlar haqqında ümumi təsəvvür yarada bildiyimi düşünürəm. Azərbaycan bizim hamımızın - azlığından və ya çoxluğundan asılı olmayaraq, burada yaşayan bütün xalqların - ümumi Evidir. Onu sevə-sevə qorumaq, qoruyaraq sevmək hər bir kəsin başlıca qayəsi olmalıdır.

                                                    РЕЗЮМЕ

Ключевые слова: мультикультурализм, толерантность,  синтез культур, праздник, ритуал. 

В статье говорится  о   мультикультуральной  модели, сформировавшейся в Азербайджане,  и указывается,   что  в Азербайджане  с  самых   древних времен  мирно  сосуществовали  представители   самых разных  народов.  С  этой точки зрения  политика  мультикультурализма и толерантности, проводимая правительством Азербайджанской Республики   заслуживает особого внимания  и    представляет собой уникальную модель   мультикультурального общества, признанную  во всем мире.   В качестве примера в статье приводятся примеры  национальных праздников, которые отмечаются  представителями малочисленных народов,  проживающих на территории Азербайджана,  раскрывается суть  различных обычаев и традиций  разных народов, подчеркивается  что  представители   всех  национальностей  в Азербайджане имеют равные права.

                                             SUMMARY

Key words: multiculturality,  tolerance,   synthesis  of cultures,  holiday,   ceremony.

In the article  the multicultural model that has been  formed in Azerbaijan is spoken about. Its also indicated,  that representatives of  different  peoples had coexisted peacefully in Azerbaijan since  most ancient times. From this point of view, the policy of multiculturalism and tolerance  carried out   by the government of the Republic of Azerbaijan deserves special attention and represents a unique model of a multicultural society,  which is   recognized throughout the world.    Besides,  in the article interesting samples of national holidays that are celebrated by representatives of small  number peoples living on the territory of Azerbaijan are represented,   the essence of various ancient  customs and traditions of different peoples are revealed. In the article it is also  emphasized that representatives of all nationalities, living  in Azerbaijan have equal rights.

                                                 ƏDƏBİYYAT  SİYAHISI

  1.  Azsaylı xalqların folkloru. (IV cild).Bakı, “Elm və Təhsil”, 2019, 222 s.
  2.  Bayrami A. Azərboycon tolışon ədəbiyot (I cild). Bakı, “MBM” nəşriyyatı, 2013, 284 s. 
  3. Əliyev Ş. H.”Şimali-Qərbi Azərbaycan:ingiloylar”   Bakı, “Təhsil” nəşriyyatı, 2007, 280 s. 
  4. Məlikova İ. Azərbaycanda yaşayan  azsaylı xalqların əfsanə, rəvayət və nağılları. Bakı,   2018, 196 s. 
  5. Multikulturalizmə giriş. (Dərs vəsaiti) . Bakı, Mütərcim, 2018. 370 s.
  6. Литературные силуэты Азербайджана.  Баку. «Мутарджим», 2020, 192 с. 

Вернуться назад