Главная > НАРОДЫ / КУЛЬТУРА > DÜNYANIN ƏN İTİ RƏQSİ

DÜNYANIN ƏN İTİ RƏQSİ


31-05-2022, 13:44. Разместил: Gulnara.Inanch
Dünyanın ən iti, ən şux və dinamik rəqsi «Lezginka» sayılır. Bu rəqsə çeviklik, cəldlik, plastika və coşqunluq xas olduğuna görə hamı tərəfindən sevilir. Bu gün «Lezginka» Qafqazın vizit vərəqi sayılır. Bəzi adamlarda belə bir yanlış təsəvvür var ki, guya bu, bir rəqsin adıdır. Əslində isə bu, həm «Lezgi ruş», yəni «Ləzgi qızı» rəqsinin, həm də ləzgi rəqs ritmlərinin ümumi adını əks etdirir. XIX əsrin əvvəllərində Dağıstanda yaşamış bir sıra rus tarixçiləri və yazıçıları bəzi başqa ləzgi rəqslərini də gözəlliyinə və iti ritmlərinə görə «Lezginka» adlandırmışlar. S.Muravyov və V.Veliçko kimi məşhur rus tarixçiləri «Lezginka»nın döyüşkən və səfərbəredici ruhunu xüsusi qeyd etmiş, onun sədaları altında Şeyx Şamilin öz müridlərini döyüşə necə hazırladığı haqqında ətraflı yazmışlar. Rus şairi M.Y.Lermontov özünün «Qaçaq Hacı» əsərində ləzgi gözəli Leylanın necə gözəl rəqs etdiyini və mahnı oxuduğunu məhəbbətlə təsvir etmişdir. 1893-1921-ci illərdə Axtıda yaşamış latış yazıçısı Ernest Birzniek-Upit yazırdı ki, ləzgilərin bütün el şənlikləri zurna və nağara sədaları altında rəqslərlə keçir. O, ucaboy, enlikürək gənclərin və zərif qamətli, incəbel qızların rəqsini göydə süzən qartallara bənzədirdi.
Ləzgi rəqslərinin zənginliyini və müxtəlifliyini göstərmək üçün bircə faktı qeyd etmək kifayətdir. İki dəfə SSRİ Dövlət Mükafatı laureatı, peşəkar ləzgi musiqisinin banisi Qotfrid Həsənov 1925-ci ildə 126 ləzgi xalq melodiyasını lentə almışdır. 1927-ci ildə o, həmin melodiyalardan zurna ilə ifa olunan 12 «Lezginka»nı lentə köçürmüşdür. 1948-ci ildə çap etdirdiyi «100 Dağıstan havası» adlı antologiyaya bəstəkar onlarca ləzgi rəqs havasını daxil etmişdir. Məşhur «Lezginka» rəqs ansamblının bədii rəhbəri Zeynal Hacıyev 1959-cu ildə «30 ləzgi xalq rəqsi» adlı toplu buraxmışdır. Bəstəkar Fətullah Rəhimxanov ləzgilərin 79 xalq mahnısını və 23 rəqsini toplayıb nota köçürmüşdür.
Ləzgilər rəqs etməyi niyə bu qədər çox sevirlər? Bu, ilk növbədə xalq adət-ənənələri ilə bağlıdır. Qədim zamanlardan ləzgi xalq mərasimlərini və el şənliklərini folklor nümunələri müşayiət edib. Onun əsas atributları olan mahnı və rəqslərdə qədim ayinlərin izləri aydın hiss olunur. Çoxallahlılığa sitayiş dövründən miras qalmış qartala sitayiş ayini bir çox rəqslərin elementlərində qorunub. Ləzgilərin qədim əcdadları olan leglər insanın ölümündən sonra onun ruhunun qartal şəklində yaşamasına inanırdılar. Ləzgi dilində həm qartalın, həm də ruhun bir sözlə ifadə olunması həmin təsəvvürlərlə bağlıdır. Qədimlərdə hələ «Lezginka»ya qədər ləzgilərin «Лекьер» («Qartallar») rəqsinin olması da bunu sübut edir. Gürcülər bu gün də ləzgilərə və ləzgi rəqsinə «Lekuri» deyirlər. Ləzgi xalq mərasimlərinin mərkəzində qartal uçuşunun imitasiyası olan rəqslər dayanır. Həm kişi, həm də qadın rəqqaslar ayaq barmaqları ucunda qalxaraq, əllərini yana açaraq, qartal obrazını yaradır, onun uçuşunu təqlid edirlər. Rəqsin kulminasiya nöqtəsi - ruhun bədəndən ayrılıb göyə qalxması, yəni ekstaz anında «assa» sədaları ucalır. Qədim inanc bu gün də ləzgilərin təsəvvüründə yaşayır. Qartal müqəddəs quş sayılır, onu ovlamaq günah hesab olunur.
Rəqs incəsənətin çətin və mürəkkəb növlərindən biridir. Burada hiss, həyəcan, arzu, istək hərəkətlərin köməyi ilə ifadə olunur. Hər rəqs bir əsərdir. Onun məzmunu, proloqu, kulminasiya nöqtəsi, epiloqu olur. Rəqslər mütləq müəyyən məna kəsb etməlidir. Bütün sənət növləri kimi rəqslər də bayağılığı sevmir. Ləzgi xalq rəqslərinin əksəriyyətinə incə yumor xasdır.
Ləzgi folklor rəqsləri növ müxtəlifliyi və elementlərinin zənginliyi ilə seçilir. Onlar əsasən ayaq barmaqları üzərində ifa olunur. Rəqqasların hərəkətlərində azadlıq arzusu, həyat eşqi, sevgi hissi nümayiş etdirilir. Kişi ifaçılar çeviklik, cəldlik, itilik, dözümlülük, qadın ifaçılar isə zəriflik, incəlik, plastika nümayiş etdirirlər.
Xalq rəqsləri xalqın tarixinin və mədəniyyətinin güzgüsüdür. Qədim zamanlardan başlayaraq ləzgilərin bütün kütləvi xalq mərasimləri kişili-qadınlı bir yerdə keçirilib. Ən böyük el bayramı isə toy sayılıb. Ləzgi toyunun əsas atributu «Dem» adlanan rəqs mərasimidir. Bir çox xalqlardan fərqli olaraq ləzgilər bu günə kimi həmin mərasimi yemək-içmək məclisindən sonra, ayrıca, açıq və geniş meydançada keçirirlər. Axşamdan gecə yarısına kimi davam edən bu məclisi rəqs yarışı da adlandırmaq olar. Burada cüt ifalara üstünlük verilir.
Zaman keçdikcə insan münasibətləri dəyişib, qadınlar və kişilər arasındakı bərabərlik prinsipi pozulub. Əvvəlki adətlər dəyişsə də, bu dəyişikliklər toy mərasimlərinə bir o qədər təsir göstərə bilməyib, onların mahiyyəti demək olar ki, olduğu kimi qalıb. Toy gənclərin toplantı yeri, bir-birini seçib bəyənmək yeri, ünsiyyət yeri olaraq qalıb. Çoxlu qadağaların mövcud olduğu dövrlərdə gənclər bir-birini məhz toylarda və kütləvi bayramlarda bəyənib sevmək imkanına malik olublar. Onlar hiss və həyəcanlarını yalnız rəqs zamanı, hərəkətləri vasitəsi ilə çatdırıblar.
Qədim insanların həyatında musiqi mühüm rol oynayıb. Mahnı və rəqslər insanları yaxınlaşdırıb, onları bir məslək ətrafında birləşdirib, çətinliklərdən qoruyub. Hazırda bəşəriyyətin gələcəyinin tükdən asılı olduğu, insan mənəviyyatında təbəddülatlar baş verdiyi, xeyir və şərin, yaxşı və pisin döyüş meydanına çevrilmiş yer kürəsini – bizim ümumi evimizi yalnız incəsənətlə xilas etmək mümkündür. Musiqi barışdırmaq, dostlaşdırmaq, sevdirmək, doğmalaşdırmaq gücünə malikdir.
Sədaqət Kərimova

Вернуться назад