Главная > ЭТНОПОЛИТИКА > AZƏRBAYCAN CƏMİYYƏTİNİN RƏSULZADƏ “TƏƏSSÜBÜ” və NƏRİMANOV “NİFRƏTİ” (2-ci yazı)

AZƏRBAYCAN CƏMİYYƏTİNİN RƏSULZADƏ “TƏƏSSÜBÜ” və NƏRİMANOV “NİFRƏTİ” (2-ci yazı)


3-05-2023, 15:04. Разместил: Gulnara.Inanch
© Photo : PUBLİC DOMAİN

Solmaz Toqidi-Rüstəmova, professor

Nərimanovdan sonrakı nəslə mənsub olan Məhəmməd Əmin Rəsulzadə siyasi mübarizə yoluna tamamilə fərqli şərtlər daxilində qədəm qoyur. XX əsrin əvvəllərində beynəlmiləl Bakının qaynar ictimai-siyasi və mədəni həyatı, müxtəlif ideoloji-siyasi cərəyanların toqquşduğu,  digər xalqların nümayəndələrinin  şəhərdə bütün aparıcı mövqelərə sahib olduğu və artıq  xeyli fəallaşmış Azərbaycan ziyalı nəslinin bu cəmiyyətdə öz yerini tutmaq cəhdləri ilə səciyyələnən bir şəraitində yeniyetmə Rəsulzadə hətta təhsilini belə yarımçıq qoyaraq dərhal bu həyat burulğanına atılır. Seçdiyi ilkin yol – siyasət, ideologiya – sosial demokratiya! Təəccüblüdürmü ? Əsla! Dövrün ən populyar siyasi ideya cərəyanı. Proqram halına salınmış nizamlı ideoloji konsepsiya və fəaliyyət planı, canlı, qaynar hərəkata ruhlandıran cəlbedici şüarlar, təbliğat üçün münbit mühit – Bakının fəhlə sinfi və ətalətli müsəlman kütlələrini bu ideyalar ətrafında siyasi mübarizəyə cəlb etmək perspektivləri. İti ağlı, hədsiz enerjisi, tezliklə üzə çıxan liderlik xarizması ilə dostlarından xeyli fərqlənən 17 yaşlı Məhəmməd Əmin  Azərbaycan Gənc İnqilabçılar Dərnəyini, daha sonra  Müsəlman Demokratik Müsavat Cəmiyyətini  yaradır, proletar Bakısının qeyri millətlərdən olan inqilabçıları, o cümlədən gürcü Koba – gələcək Stalin ilə tanış olur, qətlə yetirilmiş inqilabçı fəhlə Xanlar Səfərəliyevin dəfnində Caparidze və Stalinlə yanaşı alovlu nitq söyləyir.    
     Geniş maraq dairəsi, dərin mütaliəsi, müşahidə qabiliyyəti və nəhayət, güclü qələm sahibi kimi istedadının ortaya çıxması Rəsulzadəni eyni zamanda Azərbaycanın seçmə intellektual ziyalı elitası sıralarına gətirir və qarşısında Rus inqilabı illərində geniş vüsət almış Azərbaycan mətbuatı aləmi açılır. Bundan sonra qəzetçiliyi əsas peşəsinə çevirən və rəsmi sənədlərdə özünü  “jurnalist” adlandıran Məhəmməd Əmin ömrünün sonlarına qədər bu peşəyə sadiq qalır.
     İnqilabi fəaliyyətinə və çar rejimi əleyhinə yazdığı məqalələrə görə təqib olunmağa başlayan Rəsulzadə 1908-ci ildə “Tərəqqi” qəzetinin müxbiri kimi İranda Məşrutə inqilabının gedişatını işıqlandırmaq üçün Təbrizə yollanır və Cənubi Azərbaycanı qarış-qarış gəzərək mənsub olduğu xalqın o taydakı həyatı, güzəranı ilə yaxından tanış olur. Çoxmillətli Bakıdan fərqli olaraq Azərbaycanı ilk dəfə bütün rəngarəngliyi ilə görən, hiss edən və “İran məktubları” silsilə məqalələrində əks etdirən Rəsulzadənin dünyagörüşündə bu səfər bir dönüş nöqtəsi sayıla bilər.  İran dövlətçiliyini yaradan xalqlardan biri olmaqla heç də “müstəmləkə” statusu daşımayan Azərbaycan türk toplumunun öz ölkəsində  yalnız vətəndaş deyil, milli hüquqlarının da pozulduğu həqiqəti ilə üzləşməsi Rəsulzadəni bunun səbəbləri üzərində düşünməyə, o tay-bu tay Azərbaycan xalqının taleyini müqayisə etməyə əsas verir.
  Təbrizdə tanış olduğu Cənubi Azərbaycanın, sonralar İranın görkəmli siyasi və dövlət xadimi Seyid Həsən Tağızadənin əməkdaşlıq dəvətini qəbul edən Rəsulzadə onunla birlikdə Tehrana gəlır. İran Demokrat Partiyasının yaradılmasında bilavasitə iştirak edir, bu partiyanın Mərkəzi Komitəsinin üzvü və mətbu orqanı “İrane-Nou” (“Yeni İran”) qəzetin  redaktoru olur. Özünün 2 illik siyasi və qəzetçilik fəaliyyəti ilə Rəsulzadə Şah istibdadının hökm sürdüyü bu Şərq ölkəsində Avropa dəyərlərinin  və demokratik fikrin təşəkkülü və yayılmasında müstəsna rol oynayır. (İran tarixçiləri yalnız son dövrlərdə Rəsulzadənin bu tarixi xidmətinə qiymət verməyə başlayıblar). Diqqətəlayiqdir ki, bu qəzetdə çap olunmuş yazılarında “demokratiya” kəlməsinin qarşısından artıq  “sosial” sözü götürülür.
     Rus hökumətinin təzyiqi ilə İrandan çıxarılan və Vətənə qayıtmaq imkanı olmayan Rəsulzadə 1911-ci ildə İstanbula gəlir, burada özünün məşhur “İran türkləri” silsilə məqalələrini nəşr edir və bu yazılarında dəfələrlə İran türklərini “azərbaycanlı” adlandırır. “İran türkləri” Rəsulzadənin siyasi görüşlərində baş verən dəyişiklikləri, sosial-demokratiya ideyalarının tədricən türk-Azərbaycan milli düşüncəsi ilə əvəzləndiyini göstərən “açar” əsərdir.
    Həmin dövr türkçülük ideya cərəyanın bütün görkəmli xadimlərinin İstanbulda  “Türk ocaqları” cəmiyyətinin ətrafında toplaşdığı və türk xalqlarının vəzifələrini müzakirə etdiyi münbit bir şəraitdə Rəsulzadənin ideya-siyasi baxışlarında “türkçülüyə” doğru bir dönüş yaranır. Tanınmış “türkçü” ideoloqlar  bütün türk camiələrinin, o cümlədən Rusiyanın türk-müsəlman xalqlarının azadlığına və birliyinə nail olacaq mərkəz kimi Osmanlı dövlətini görür və ciddi fikir mübadiləsi aparırdılar. Müzakirələri diqqətlə izləyən və məsələyə daha geniş geosiyasi miqyasda baxan Rəsulzadə beynəlxalq aləmdə getdikcə imperiya nüfuzunu itirən, Balkan müharibələrini uduzan Osmanlı dövlətinin bu böyük vəzifənin öhdəsindən gələ biləcəyinə, ümumiyyətlə hələ özlərini millət kimi təsdiq etməmiş ayrı-ayrı türk toplumlarının çox ümumi bir Türk – Turan ideyası ətrafında birləşmək perspektivinə şübhə ilə yanaşır. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilən Əfv fərmanından yararlanan 29 yaşlı Rəsulzadə Vətənə qayıdır, həmməslək dostlarının yaratdığı “Müsavat” qrupunun başına keçərək, onu siyasi partiya şəklində formalaşdırır, yaranmış real şəraiti qiymətləndirir və xalqının azadlıq yolunu tamamilə
yeni – “azərbaycançılıq” ideologiyasında görərək onun əsaslarını hazırlamağa başlayır.  
      Rəsulzadənin öz siyasi görüşlərində sosial-demokratiya və türkçülük mərhələlərindən keçib “azərbaycançılıq” milli məfkurəsinə gəlməsi bir siyasət adamının düşüncəsindəki dinamikanın sadəcə ifadəsi deyildi. Bu ideoloji “tapıntı” türkçülük fikir cərəyanının hələ çox populyar olduğu bir zamanda qarşıdakı siyasi  proseslərin tamamilə başqa məcrada inkişaf edəcəyini görmək və xalqını bu dəyişikliklərə hazırlamaq kimi Rəsulzadəyə təbiət tərəfindən verilmiş siyasi fəhmin təzahürü idi. I dünya müharibəsinin başlanması ilə Rəsulzadənin “XX əsr millətlər əsri olacaq”  kimi daha bir siyasi proqnozunun doğrulduğu şəraitdə “Azərbaycançılıq” milli ideologiyası “Müsavat” partiyasının fəaliyyət proqramının əsası kimi Azərbaycan milli-siyasi qüvvələrinin milli dövlət quruculuğu prosesinə səfərbər edilməsində və son nəhayətdə Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynayacaq.  
   1917-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan milli hərəkatında liderlik mövqelərinə keçən Rəsulzadə 1918-ci ilin mayında yeni yaranan dövlətin başçısı seçiləcək. Azərbaycan Cümhuriyyəti Məhəmməd Əmin Rəsulzadəni bir ideoloq və siyasətçi kimi addım-addım öz amalına doğru gedən və sonda  məqsədinə yetişən uğurlu dövlət qurucuları və rəhbərləri sırasına çıxaracaq.
   Azərbaycan Cümhuriyyətinin yalnız yaranması deyil, 23 aylıq mövcudiyyəti də Rəsulzadənin istər Milli Şuranın sədri, istərsə Azərbaycan Parlamentində aparıcı “Müsavat” fraksiyanın lideri kimi dövlət quruculuğunda bilavasitə rəhbər rolu ilə bağlı olacaq.
    27 Aprel 1920-ci il işğalının Rəsulzadə üçün nə demək olduğunu təsəvvür etmək çətin olmasın gərək!
    Bu işğal nə dərəcədə gözlənilməz idi və ümumən gözlənilməz idimi?    
    Cümhuriyyətin birinci simalarından olan Rəsulzadə ölkədə dövlət quruculuğunun nə qədər ağır şərtlər daxilində getdiyini təbii ki, bütün incəliklərinə qədər bilirdi. 23 aylıq mövcudiyyətin 15 ayı ölkə ərazisində xarici qoşunların (Osmanlı, sonra ingilis) yerləşdiyi, İngilis komandanlığının Bakı və rayonlarını bilavasitə idarə etdiyi, ingilislərlə birgə ağ general Biçeraxov və Bakıdan qaçmış erməni qüvvələrinin şəhərə qayıtdığı və yerli erməni komitələri ilə birlikdə aramsız təxribatlar törətdiyi, Cümhuriyyət hakimiyyətinin daima şimaldan – Rusiyadan  gələn təhlükə  (Denikin və Bolşevik qoşunları) ilə üzləşdiyi, Bakıdakı rus komitələrinin Denikinin, rus fəhlə və sol partiyaların isə bolşevik Rusiyasının agentləri kimi geniş fəaliyyət göstərdiyi, İranın Cümhuriyyətin “Azərbaycan” adına etirazı və Azərbaycan ərazilərinə iddiaları, Ermənistan Respublikasının təhriki ilə Qarabağda və Zəngəzurda arasıkəsilməz erməni qiyamları kimi xarici problemlər bir tərəfdən,  Azərbaycanın müxtəlif təmayüllü siyasi partiyalarının Parlamentdə açıq-aydın pozuculuq mövqeləri və Azərbaycan hökumətini mütəmadi iflic vəziyyətinə salaraq istefaya göndərmək cəhdləri, ölkə iqtisadiyyatı və ticarətində möhtəkirlik, rüşvətxorluq, süni ərzaq qıtlığı yaratmaq, neft məhsullarını qanunsuz yolla ölkədən çıxararaq qonşu dövlətlərə, o cümlədən Ermənistana satmaq halları, ağır maliyyə böhranları, fəhlə tətilləri, bəzi regionlarda yeni təyin olunmuş qubernatorların özbaşınalıqları, kəndli hərəkatlarının və iri torpaq sahiblərinin mülklərinə kütləvi basqınların güclənməsi və s.  kimi daxili problemlər digər tərəfdən Cümhuriyyət hökumətinin üzləşdiyi ciddi məsələlər idi.
     Belə bir şəraitdə Rəsulzadə və məsləkdaşlarının bütün bu problemləri pillə-pillə həll etməklə yanaşı məqsədyönlü surətdə dövlət quruculuğu ilə məşğul olduqları, onun bütün işlək strukturlarını quraraq son nəhayətdə Azərbaycan dövlətçiliyinin əsaslarını yaratdıqları tarixi bir xidmət sayılmalıdır.
    Lakin 1920-ci ilin əvvəllərindən Cümhuriyyətin taleyinin artıq onun qurucularının iradə və siyasi məharətlərindən asılı olmadığı görünməyə başlayır. “Vahid və bölünməz Rusiya” şüarı ilə 3 il bolşeviklərlə mübarizə aparan və dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən rus ağqvardiyaçılarını hərbi yolla məğlub edərək vətəndaş müharibəsinə son qoymuş bolşevik Rusiyası öz ölkəsində böyük bir eksperiment kimi başladığı “sosializm quruculuğu” adı ilə Rus İmperiyasını keçmiş hüdudları daxilində bərpa etmək qərarı verir. Neft Bakısının əhəmiyyəti nəzərə alınmaqla Cənubi Qafqazda birinci olaraq yenə Azərbaycan hədəf seçilir. Lakin 1918-ci ilin uğursuz mart təcrübəsi nəzərə alınmaqla bu dəfə yerli müsəlman bolşeviklərin və fəhlələrin potensialından istifadə etmək, müstəqilliyi artıq dünyanın aparıcı dövlətləri tərəfindən de-fakto tanınan Cümhuriyyət hökumətini mümkün qədər “dinc” yolla devirmək yoluna üstünlük verilir. Bu məqsədlə bütün yerli sol təşkilatların bir mərkəzdə birləşərək vahid Azərbaycan Kommunist partiyası yaratmaqdan tutmuş, Bakını alacaq XI Qırmızı Ordunun guya Anadoluya, Mustafa Kamal hərəkatına köməyə getdiyi əfsanəsinə, Azərbaycanda olan türk zabitlərinin bu əməliyyata cəlb olunmasına və  Mustafa Kamalın özünün bu işğala razılığının alınmasına, Ermənistan hökumətinin dəstəyi ilə Qarabağda növbəti erməni qiyamı qaldırıb Azərbaycan Ordusunun bu bölgəyə cəm olunmasını təmin etməyə qədər işini “ehtiyatlı” tutan Sovet Rusiyası bu planlarını rahatlıqla həyata keçirir.  
    Rəsulzadə və Cümhuriyyət rəhbərliyi təbii ki, bu planlardan xəbərdar idilər, lakin onların qarşısını almaq artıq müşkül məsələyə çevrilirdi. Rəsulzadənin bu işdə bolşeviklərlə həmkarlığa gedən türk generalı Xəlil Kut Paşaya acı bir təəssüflə dediyi “ruslara inanmayın, onlar bizləri qırmağa gəlirlər” sözləri onun obyektiv vəziyyəti düzgün qiymətləndirdiyindən və mümkün qədər qarşılayıcı tədbirlər görmək cəhdlərindən xəbər verirdi. Lakin Rəsulzadə üçün vəziyyətin son dərəcə ağırlığı yalnız yerli kommunist, rus, erməni, türk qüvvələrinin mövqeləri ilə deyil, həm də cümhuriyyətçilərin öz daxilində pozuculuq, təslimçilik, bolşeviklərlə əməkdaşlığa getmək əhval-ruhiyyəsinin artması ilə də şərtlənirdi. Burada Cümhuriyyətin əsas simalarından biri, görkəmli dövlət xadimi, müsavatçı Məmməd Həsən Hacinskinin nümunəsini xatırlatmaq kifayətdir. Rəsulzadənin işğal ərəfəsində Parlamentin son iclasındakı bütün rəftarı – çıxışları, təklifləri və sonda hakimiyyətin təhvili haqda ultimatumu qəbul etməsi onun Cümhuriyyətin artıq məhkum olunduğunu anladığının bariz sübutu idi.
   Diqqətəlayiqdir ki, yerli kommunist təşkilatlarının gizli iclaslarında qəbul edilən sənədlərdə adının çəkilməsi istisna olmaqla, bütün bu proseslərdə Nəriman Nərimanovun hər hansı rolu nəzərə çarpmır. Böyük xarici dövlətin işğal maşınının hazırladığı və həyata keçirdiyi mürəkkəb bir əməliyyatı təbii ki, bir adamın adı ilə bağlamaq hadisələrin içində olan Rəsulzadənin real bir siyasətçi kimi təbiəti, təcrübəsi və düşüncəsi xaricində idi. Elə isə nə üçün Cümhuriyyətin süqutu ilə bağlı bütün sonrakı bəyanatlarında, yazılarında Rəsulzadənin əsas ittiham hədəfi məhz Nərimanov olur?  Təbii ki, burada Aprel işğalından sonra Azərbaycanda qurulan hökumət orqanlarının başında məhz Nəriman Nərimanovun durması əsas şərtdir. Cümhuriyyət dövlətinin başçısı olmuş Məhəmməd Əmin Rəsulzadənin bu dövləti silah gücünə əvəz etmiş yeni hökumətin başçısı kimi məhz Nəriman Nərimanovu özünə bərabər siyasi rəqib kimi seçməsi bu baxımdan tam məntiqə uyğundur. Bununla belə ölkənin yeni liderinin bütün nüfuzu və şəxsi keyfiyyətləri ilə bərabər Rəsulzadənin Nərimanovla bağlı söylədikləri ittihamların arxasında
yalnız konkret bir adın nəzərdə tutulmadığı, bu zaman Nərimanovun müstəqil dövlətə təcavüz etmiş bolşevik Rusiyasının, eləcə də real milli dövlət quruculuğunun utopik ideallara söykənən  sosialist sistemi ilə əvəzlənməsinin TƏCƏSSÜMÜ kimi qəbul olunduğunu düşünmək mümkündür.
  Nərimanova qarşı bu baxışlarında Rəsulzadə tam anlaşılandır. Cümhuriyyətin süqutunun istər dövlət qurucusu, istərsə uğurlu bir siyasətçi kimi onun həm də şəxsi faciəsi olduğu, ən yaxın silahdaşlarının fiziki məhvi, verilən saysız qurbanların itkisi ilə bağlı çəkdiyi iztirablar müqabilində Rəsulzadənin Nərimanovu öz siyasi rəqibi kimi ən yüksək tonlarda, ən kəskin ibarələrlə töhmət etmək haqqı vardır. Amma bu haqq yalnız Rəsulzadənindir!
   Bu gün Rəsulzadənin Nərimanovun ünvanına söylədikləri ittihamların artıq tarixi faktlar və sənədlərlə sübut olunan təfərrüatlarının ortada olduğu bir vaxtda bu töhmət dolu sitatları əldə silah edib 100 ildən sonra  Nərimanova qarşı Rəsulzadənin özündən daha amansız, daha qəddar bir linç kampaniyası açmaq qəbul edilməzdir. Tarixçilərə isə ümumiyyətlə özünə belə bir haqq qazandırmaq yaraşmaz.
    Yalnız Azərbaycan deyil, Ermənistan və xüsusilə müstəqilliyi de-yure  tanınmış Gürcüstan respublikaları da silah gücünə sovetləşdirildikdən, yəni bu proseslərin Nərimanovla, ya Nərimanovsuz qaçılmaz olduğu aydınlaşandan sonra Rəsulzadə - Nərimanov münasibətlərinə daha bir baxış bucağı diqqət çəkir.
   1923-cü ildə erməni milli-inqilabi hərəkatının tanınmış xadimi, “Daşnaksütun” partiyasının üzvü, Ermənistan Respublikasının ilk baş naziri olmuş (1918-1919)  Ovayes Kaçaznuni özünün məşhur “Daşnaksütuna daha görüləcək bir iş qalmadı” adlı məruzə-kitabını xaricdəki məsləkdaşlarına təqdim edir. Bu kitabda qarşılarına Ermənistan dövləti yaratmaq vəzifəsi qoymuş daşnak millətçi inqilabçılarının öz məqsədlərinə çatıb Ermənistan Respublikasını qurduqları vurğulanaraq, sovet işğalından sonra “İndi bu dövləti qorumaq, möhkəmlətmək artıq erməni kommunistlərinin işidir” kimi bir tezis irəli sürülür. Uzun illər erməni dövlətçiliyinə can atan bu siyasi xadim üçün həmin dövləti kimin yaradıb, kimin idarə edəcəyindən asılı olmayaraq onun Varlığı əsas ideya kimi götürülür.
   Həmin 1923-ildə Rəsulzadə Türkiyədə özünün məşhur “Azərbaycan Cümhuriyyəti” kitabını nəşr edir. Bu proqram əsərində Azərbaycan kommunist dövlətini qəbul etmədiyini, ölkəsinin istiqlalı uğrunda sonadək Azərbaycan savaşı aparacağı bəyanatını verir və bu vədinə sadiq qalır.
    Elə həmin 1923-cü ildə Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” başlığı altında yazdığı məruzə və məktublarını Sovet dövlətinin bolşevik rəhbərlərinə ünvanlayır.  Sovetləşmədən keçən  3 il ərzində Azərbaycanda sosializm quruculuğu təcrübəsinin mənfi nəticələri və onun özünün bu dövrdə hansı imkanlar və şərtlər daxilində fəaliyyət göstərdiyi bütün təfərrüatları ilə açıqlanan bu əsər hələ çox sonralar  məşhurlaşacaq və  istər o dövrün Azərbaycan tarixçiliyi, istərsə də Nərimanovun bioqrafiyası üçün çox mühüm mənbə olacaq...






Вернуться назад