Главная > АНАЛИТИКА > Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?

Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?


8-10-2022, 15:47. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

Müasir Qərb və Orta əsrlər İslam norma və prinsiplərinin orta əsr norma və prinsiplərinin hakimyyəti altında süni şəkidə birləşdirilməsi nəticəsində yaranan İran İslam Respublikası rejiminin elə fəaliyyətə başladığı ilk gündən müasirlik köhnəliyə və köhnə ideyaların daşıyıcılarının ağalığına qarşı hələlik uğursuz mübarizə aparır.  Həmin süni quramanın mövcudluğundan ən çox əziyyət çəkən bir anda XX əsrdən VII əsrə qaytarılan qadınlardır. Ona görə də ölkədəki qadınlar bütün etiraz aksiyalarında getdikcə daha fəal iştirak edirlər.

Orta əsrlər qaydasına düzgün əməl etmədiyinə, baş örtüyünün altından saçlarının görünməsinə  görə “əxlaq polisi” (gəşte irşad) tərəfindən tətbiq edilən və gənc xanımın ölümü ilə nəticələnən sərt cəza tədbirləri və zorakılığa qarşı sentyabrın 17-dən İranda başlanan etiraz aksiyaları bütövlükdə qadınların hüquq və azdlıqlarının müdafiəsinə yönəlmişdir.Həmin aksiyalarda qadınlarla yanaşı gənc kişilər də fəal iştirak edərək qadınlara dəstək  və hakimiyyətin zorakılığına qarşı etiraz nümayiş etdirirlər.

Etiraz aksiyalarının mərkəzində yalnız gənc xanımların deyil həm də bütövlükdə gənc nəslin  etirazına səbəb olan və qadınların şəxsi,mədəni azadlıqlarını məhdudlaşdıran  icbari HİCAB məsələsi durduğundan həmin məsələ haqqında bir qədər geniş danışmağa ehtiyac vardır.

Məlum olduğu kimi, İranda modernləşmənin XX əsrin 20-ci illərində yuxarıdan başlayan ikinci mərhələsi daha çox mədəni-məişət sahəsində(geyim,davranış və s.) qərbləşmə kimi özünü göstərirdi.

Ruhanilərin və onlara yaxın ideoloqların da şah rejiminə qarşı təbliğatının mühüm hissəsini ölkədə qərbçiliyin geniş yayılmasına qarşı fəaliyyət təşkil edirdi.Ruhanilərin qərbləşməyə qarşı yönəlmiş həmin təbliğatı şah rejimini əhalini öz kökündən,adət-ənənələrindən, dinindən uzaqlaşdırmağa çalışmaqda  ittiham edirdi.

Həmin təbliğat İslam inqiabının baş verməsində və ondan sonra qərbçiliyin qeyd edilən sahələrdə bütün təzahür formalarına qarşı geniş və mütəşəkkil  mübarizənin başlanmasında müəyyən rol oynamışdır.

Rza şah qərbləşdirmə syasətini həyata keçirərək müasir dünya ilə ayaqlaşmaq istiqamətində hərəkət etdiyi  halda, yeni təsis edilmiş İslam rejimi daha geniş miqyasda və bütün sahələrdə, ilk növbədə mədəniyyət və onun hər gün təzahür etdiyi məişət həyatı sahəsində  islamlaşdırma siyasətini həyata keçirməklə geriyə qayıdışa start vermiş oldu. 1978-1979-cu illər inqilabından sonra İranda hakimiyyətə gəlmiş yeni rejim islamlaşdırmaya,  onun  ilk addımlarına qarşı güclü müqavimət göstərən ali təhsil sisteminin fəaliyyətinin dayandırılması və yenidən qurulmasından başladı.

Mədəniyyət və mədəni fəaliyyət sferasını yenidən qurmaq üçün 1980-ci ildə Mədəni inqilab qurumu təsis edildi və sonra Ali Mədəni İnqilab Şurasına çevrildi.Həmin qurumun rəhbərliyi ilə  mədəniyyət, xüsusən təhsil və ali təhsil sistemində “təmizlmə” işləri aparıldıqdan sonra 1982-ci ildə ali məktəblər fəaliyyətlərini bərpa etdilər.Artıq ali məktəblər mərkəzi hakimyyətin dini qolunu təmsil edən  əsas və köməkçi nəzarət qurumları və təmsilçiləri ilə təmin edilmişdir.

Beləliklə, İslam rejimi Rza şahın qərbləşdirmə modeleni islamlaşdırma modeli ilə əvəz edərək onu daha geniş şəkildə  tətbiq etməyə başlamışdır. Əslində İslam rejimi Rza şahın siyasətini öz maraqları çərçivəsində təkrar edərək qərbləşmə ilə islamlaşma arasında fərqi görə bilmədi və ya  görmək istəmədi.

Hər iki model arasında ən üzdə olan fərq onların cəmiyyətin inkişaf meylinə münasibətində əks olunur.Rza şahın qərbləşdirmə modeli zahirən də olsa,İran cəmiyyətinin müasir cəmiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edirdi.Lakin Xomeyninin islamlaşdırma modeli erkən orta əsrlərdən götürüldüyü üçün İran cəmiyyətini nəinki  müasir cəmiyyətin qəbul etdiyi normalardan, hətta digər müsəlman cəmiyyətlərindəki mövcud qaydalardan təcrid etməyə və onlara qarşı qoyulmasına xidmət edirdi.

Rza şahın daha çox vesternizasiya (qərbləşdirmə) kimi çıxış edən modernləşdirmə siyasətinin ən əsas xüsusiyyəti ondan ibarət idi ki, cəmiyyətin inkişaf səviyyəsi artdıqca həmin siyasətə nəinki müqavimət azalır, əksinə tərfdarları çoxalırdı.Ona görə artıq XX əsrin 50-ci illərindən sonra icbari modernləşdirmədən danışmaq olmazdı.

İslam Respublikasının islamlaşdırma siyasətininin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, cəmiyyətin inkişaf səviyyəsi yüksəldikcə həmin siyasətə müqavimət də artır.Ona görə modelin qəbul olunduğundan qırx ildən çox vaxt keçməsinə baxmayaraq,  onun icbari xarakter daşımadığını demək olmaz.

Qeyd edildiyi kimi, ali təhsil sistemində islamlaşdırma siyasətini həyata keçirmək üçün xüsusi hazırlıq tədbirləri keçirildi. Bunun ardınca  ali təhsil sistemində ciddi təşkilati və mənəvi-ideoloji nəzarət sistemi fəaliyyət göstərdiyindən zahirən həmin siyasətə müqavimət göstərilmədiyi təsəvvürü yaranırdı.Lakin zaman keçdikcə  islamlaşdırmanın İran variantının insanların azadlığının əsas tələbləri və şəraitinə zidd olduğu daha çox özünü göstərir, etiraz və müqavimətlə üzləşir.

Əgər ruhanilər, onların sosial dayağı olan ənənəvi sosial qruplar və onların ideoloqları modernləşməyə qarşı çıxırdısa, artıq bütün orta təbəqə, xüsusən onun savadlı hissəsi islamlaşdırmaya qarşı çıxır.İranda hər il bir neçə milyon ali təhsil məzunu olduğu nəzərə alınsa, onda müqavimətin açıq və gizli miqyasını təsəvvür etmək çətin olmaz.Bir sözlə, cəmiyyətin savadlı və inkişafın müəyyən bir pilləsində dayanan  üzvləri islamlaşdırmaya qarşı çıxır.Yəni ənənəvi qüvvələr qərbləşdirməyə qarşı çıxırdırlarsa, bu gün İran cəmiyyətinin sosial, siyasi və mədəni baxımdan mütərəqqi qüvvələri islamlaşdırmaya qarşı çıxır, ona müqavimət göstərir. Bu səbəbdən də əminliklə demək olar ki,  islamlaşmaqdan müasirliyə qayıdış prosesini  ləngitmək olar, amma qarşısını almaq olmaz.

Mədəni-məişət sferasının islamlaşdırılmasında cəmiyyətin yarısını təşkil edən qadınların  fərdi  azadlığı sırasındakı mövcud elementlərindən biri olan   HİCAB məsələsi ən mühüm yeri tutur.

Biz bu kiçik yazıda İslamda hicabdan, müsəlman xalqlarının həyatında onun yerindən, o cümlədən hicab örtüyünün tarixindən və onun xüsusiyyətlərindən,  ənənələrindən danışmaq istəmirik.Burada çox qısa şəkildə əsas diqqətiXX əsrdə İranda mərkəzi hakimiyyətin hicab sahəsində siyasətinə və əhalinin ona münasibətinə yönəltmək istərdik.

Məlum oduğu kimi İranda modernləşmə siyasəti çərçivəsində 1934-cü ildə dövlət qurumları və təhsil müəssislərində hicabın qadağan olunması haqqında qanun qəbul edilmişdi.  Əhalinin əksəriyyətinin həmin qurumlardan kənarda qalması, daha aşağı səviyyədə yaşaması, ruhanilərin təsiri altında  olması səbəbindən həmin qanuna  geniş kütlələrin passiv və ruhaniərin aktiv müqaviməti  müşahidə edilmişdir.Lakin zaman keçdikcə orta təbəqə üzvlərinin sayı artıqca,  ona uyğun olaraq hicabdan xilas olanların da sayı artmışdır.Həmin proses təbii şəkildə davam etdiyindən artıq dövlətin məcbur etmə vasitələrindən istifadə etməsinə ehtiyac qalmamışdır.Çünki hicab örtməmək qadınların gündəlik ictimai-siyasi, mədəni fəaliyyəti və həyatının tələbi kimi çıxış edirdi və onlar həmin tələbləri sərbəst şəkildə yerinə yetirə bilirdilər.

XX əsrin 60 -cı illərindən başlayaraq İranda modernləşmənin vesternləşmə sahəsinə qərbpərəstlik adı altında mədəni və ideoloji müqavimət  meydana gəlir.Həmin müqavimətin kökündə cəmiyyətin sosial qütbləşməsinin dərinləşməsi durur və həmin qütbləşmə vesternləşmə (qərbləşmə)ilə ənənəvi elementlərin qarşıdurması kimi  təzahür  edirdi.Ənənəvi sosial qruplar və onların ideoloji, mədəni, mənəvi təmsilçiləri hakim sinif və  təbəqələrə qarşı mənfi münasibətlərini qərb mədəniyyəti ünsürlərinin geniş yayılmasına qarşı etirazları şəklində bəyan edirdilər.

Bütün bunlar və digər daha köklü və situativ səbəblər İranda 1978-1979-cu illər antimonarxist inqilabının baş verməsini, onun qalib gəlməsini və ruhani (molla) hakimiyyətinun təsbit edilməsini təmin etdi.

Şəriksiz avtoritetə malik olan inqiab lideri və rəhbəri Ruhulla Xomeyninin tələbi ilə ölkədə İslam Respublikası elan edildi, yeni  Əsas qanunda İslam dininin şiə məzhəbi  və ruhanilərin ali hakimiyyəti,  cəmiyyətin həyatının İslam normaları əsasında tənzimlənməsi təsbit edildikdən və yeni hakimiyyət qolları formalaşdəqdan sonra cəmiyyətin əsaslarının İslam normaları əsasında yenidən qurulmasına başlandı. Həmin məqsədlə, qeyd edildiyi kimi, Ali Mədəni İnqilab Şurası yaradıldı.

Mədəni inqilab orqanının əsas işlərindən biri qadınların islam qaydalarına əsaslanan həyat tərzini müəyyən edib tənzimləmək idi.Həmin məsələnin  mərkəzi  komponentini  HİCAB təşkil edirdi.Onun ətrafında müəyyən müzakirələr getsə də, Quran, hədis və ən əsası Xomeyninin sözlərindən çıxış edərək hicabın qadınlar üçün icbari xarakter daşıması haqqında qanun(İslam cinayət məcəlləsi,Maddə 638, 1362/1983;1375/1996) qəbul edildi.Qanuna görə ümumi məkanlarda hicabsız  gəzən qadın 10-60 gün həbs və ya 74 şallaq, ya da 50-500 min riyal cərimə cəzasına məhkum edilir. Qanunun tətbiq edilmə mexanizmi və ona əməl olunmasını təmin edən vasitələr müəyyən edilmişdi. Həmin vaxtdan da hicab qanununa əməl olunması sahəsində geniş ideoloji,təbliğatı və operativ fəaliyyət göstərilir.

İranın tanınmış və islahatçı adlandırılan alimlərindən biri olan doktor Sadiq Zibakəlamın hesablamalarına görə, Hicab haqqında qanunun təmin edilməsi ilə 30-dan çox təşkilat məşğul olur və həmin sahəyə büdcədən külli miqdarda birbaşa və ya qeyri-müstəqim şəkildə vəsait ayrılır.  Doktor istehza ilə qeyd edir ki, məsələ ilə tanış olan hər bir şəxs güman edər ki, İranın daxili ictimai-siyasi həyatında hicabdan vacib ayrı bir məsələ yoxdur.

Əgər məsələyə maraqlı tərəflərin mövqeyindən yanaşılarsa, onda görərik ki, hicab nəinki büdcə vəsaitinin bölüşdürülməsi sahəsində mühüm rol oynayır, həm də bütövlükdə rejimin mövcudluğunun qorunmasında misilsiz əhəmiyyətə malikdir.

Obrazlı dildə desək, HİCAB rejimin PAPAĞI, fəqərə sütunu, fundamenti hesab edilir.Rejimin hicabdan imtina etməsi  öz gələcək varlığından imtina etməsi ilə barışması  anlamına gəlir.

NİYƏ?

Rejim hicabın icbari olmaması haqqında qanun qəbul eləsə, nələrin baş verəcəyini ehtimal etmək olar. Hicabın icbari olmaması haqqında qanun əslində belə bir qanunun olmaması anlamına gələcəkdir.Çünki bu halda həmin qanunun icrasını təmin edən qurumlar ya buraxılmalı ya da profili dəyişdirilməlidir. Hicab örtüyünün icbari omaması qadınların geyimlərində yenidən inqiabi dəyişikliyə gətirib çıxaracaq və onlar geyim azadlığına nail olmağa çalışacaq, qanuni olmasa da, praktiki olaraq İslam geyimlərindən imtina edəcəklər.Geyim bir tərəfdən insanın fəaliyyət sahəsi, digər tərəfdən davranışı ilə sıx bağlıdır.Hicab və geyimin sərbəstləşdirilməsi qadınların bütün ictimai, siyasi, mədəni qurumlarda fəaliyyətinin genişlənməsi və fəallaşmasına şərait yaradacaqdır.Çox sadə dillə deyilsə, onlar kişilərlə bərabər eyni yerdə müxtəlif tədbirlərdə rəsmi və qeyri-rəsmi şəkildə iştirak edəcək, indiyə qədər girişləri qadağan edilmiş və ya məhdudlaşdırılmış sahələrə daxil olacaq, bunula da mədəni-məişət sahəsinin tənzimlənmsində İslam normalarına ehtiyac qalmayacaqdır. Əgər tək bir sahədə fəaliyyətin tənzimlənməsində İslam normaları kənara qoyularsa, onda digər sahələrdə də eyni tələblər irəli sürüləcəkdir.Bu halda bütün qanunvericilik, məhkəmə qanun və qərarlarına yenidən baxılmalı və islam normaları həmin sferadan uzaqlaşdırılmalıdır.Əgər bu baş verərsə, onda İslam normalarının günün tələblərinə cavab verməməsi aşkar olar və dinin dövlətdən ayrılması tələbi ortaya çıxar.Həmin tələbin yerinə yetirilməsi isə İslam biliciləri hesab edilən ruhanilərin ali hakimiyyətinin sonu demək olacaqdır. Başqa sözlə, siyasi sistem öz normal formasına qaytmış olacaqdır.

Göründüyü kimi, HİCAB  adi bir məsələ deyil,sistemin varlığı ilə bağlı məsələdir.Ona görə mövcud hakimiyyət var gücü ilə hicabın qorunmasına çalışacaqdır.Hicab haqqında qanuna heç bir dəyişiklik etmək və ya onu ləğv etməkdən söhbət gedə bilməz.Sadəcə olaraq qanunun icra olunmasına dırnaq arası baxıla bilər.Bu da bir tərəfdən hicabın vacib element kimi sistemdə varlığını qorumağa, digər tərəfdən insanların müqavimətini azaltmağa yardım edə bilər. Amma belə bir yarımçıqlıq son nəticədə REJİM üçün heç bir müsbət nəticə verə bilməz,olsa-olsa onun ömrünü və əhalinin əzab-əziyyətinin müddətini bir qədər uzada bilər.

Bir sözlə, HİCAB məsələsinə adi bir məsələ kimi baxmaq olmaz.HİCAB taleyüklü məsələdir və rejimin varlığı ona bağlıdır.




Вернуться назад