Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > CÜMHURİYYƏTİMİZİN “OSKARI”

CÜMHURİYYƏTİMİZİN “OSKARI”


31-05-2023, 19:34. Разместил: Gulnara.Inanch
Solmaz Toqidi-Rüstəmova professor, tarix elmləri doktoru
  
28 may “Azərbaycan” adlı Dövlətçiliyimizin 105 yaşı tamam olur. Azərbaycanlıları “Millət” edən, Azərbaycan bayrağını “bayraqlar sırasında” dalğalandıran Cümhuriyyət  Qurucularının  bizlərə, öz varislərinə Əmanət etdikləri Müstəqillik bayramını bu il bir Sınaq, İmtahan günü kimi qeyd etmək qərarı verdik. Dövləti olan bir xalq, vətəndaş, ziyalı kimi bu haqqa, bu hüquqa, bu şərəf və fərəhə, bu BÖYÜK KİŞİlərin xələfləri adına nə dərəcədə layiq olduğumuza nəzər saldıq. Biz necə, Müstəqilliyimizin bərpasından keçən 32 il ərzində Azərbaycan tarixinin yeni dönəmini yaratmış Qurucu babalarımızın haqqını, dəyərini ödəmişikmi ? 


   Cümhuriyyət illərində öz məşhur qəsrini Dövlət qonaqlarının qarşılanması üçün rəsmi iqamətgaha çevirmiş Böyük Azərbayacanlı Hacı Zeynalabdin Tağıyevin mülkünün tarixi  Şərq salonunda iki gün əvvəl Cümhuriyyət adına gördüyümüz işlərə, elm və  sənət əsərlərinə bir baxış keçirdik. Özümüzə qarşı olduqca sərt, tələbkar yanaşmaqla ərsəyə gəlmiş işləri heç də qənaətbəxş hesab etməsək də (tarixçilər istisna olmaqla), bu salona toplaşmış və imtahandan qalib çıxmış yaradıcı insanlarımızın tərkibi çox fərəhli bir mənzərə yaratdı.
    Məlum oldu ki, xalqımızın say-seçmə, istedadlı, tanınmış, ən məşhur adlarından tutmuş, elm və sənət sahəsində artıq öz sözünü demiş və adını təsdiq etmiş orta nəsil yaradıcı ziyalıların böyük bir qismi CÜMHURİYYƏT mövzusunda əsərlər yaradıb!
    Və bu əsərlər daha çox könüllü, ürəkdən gələn səmimi bir Cümhuriyyət sevdası ilə yaranıb!
    Cümhuriyyət irsinin araşdırılmasını, bu mövzuda yeni əsərlərin ərsəyə gəlməsini  artıq yeni müstəviyə keçirmək, sistem halına salmaq kimi qarşısına böyük bir məqsəd qoymuş – 101 nəfər elm və sənət adamlarını, yaradıcı şirkətləri, diaspora və gənclər təşkilatlarını birləşdirən bir qurum – “Rəsulzadə ev muzeyi” İctimai Qrupu olmaqla Cümhuriyyətimizin 105-ci  ildönümündə yeni bir ənənənin əsasını qoyduq. Yubileylər ilində Cümhuriyyət tarixinə töhfələr vermiş əsərlərin Təqdimatlarının keçirilməsi və müəlliflrin mükafatlandırılması!
    Qrupumuzun ən fədakar üzvlərindən olan ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev bir daha öz unikal ideyası və daimi maddi dəstəyi ilə fərqləndi. Özünün VMF Şirkətinin Danımarkanın məşhur “Obaku” saat brendi ilə işbirliyinin nəticəsi olaraq ZAMAN məfhumunun ali təcəssümü kimi “Azərbaycan-105” adlı eksklyuziv saat kolleksiyasının yaradılmasını şərtləndirdi, bu Şirkətin sahibəsi xanım Henrietta Grasa Arvin xanımın özünü Bakıya gətirtdi və ilk Təqdimat Mərasimində Cümhuriyyət mövzusunda əməyi qiymətləndirilən qurumlar və  yaradıcı insanlar məhz “Obaku” brendinin xüsusi yubiley saatları ilə təltif olundular.
   Burada bir haşiyə çıxaq ki, Məhəmməd Əmin Rəsulzadənin bir neçə aydan sonra 140 illik yubiley tədbirlərinin keçiriləcəyi nəzərdə alınmaqla bilavasitə Rəsulzadəyə həsr olunan əsərlər nominasiyalar sıyahısına daxil edilməmişdi.
   Bununla belə Cümhuriyyət-Rəsulzadə mövzusu ayrılmaz olmaqla Təqdimat Mərasiminin ən kədərli səhifəsi məhz Məhəmməd Əmin bəyin adı ilə bağlı oldu. Belə ki, görkəmli heykəltaraş, xalq rəssamı, akademik Ömər Eldarov hələ 30 il əvvəl Bakı Şəhər Meriyasının sifarişi ilə şəhərimizin mərkəzində  qoyulacağı nəzərdə tutulan və bu məqsədlə artıq mərmər daşı da ölkəyə gətirilən M.Ə.Rəsulzadənin heykəlinin ilkin variantını hazırladığı halda bu əsər hələ də sənətkarın emalatxanasında öz aqibətini gözləyir. 30 ildir! Müstəqilliyimizin ilk ilində sadəcə Rəsulzadə şəxsiyyəti deyil, Cümhuriyyətin ilk dövlət başçısı kimi heykəlinin ucaldılması qərarını verən  xalqımız və onun icra nümayəndiliyi olan Bakı meriyası üçün bu 30 illik “gözləmə” müddəti həqarətdir. Müstəqilliyimizdən keçən 32 il ərzində  paytaxt etdikləri Bakıda bu Müstəqilliyin əsasını qoyanların,  nəinki Rəsulzadənin, Cümhuriyyət xadimlərinin  heç birinin, hətta hamısının birlikdə heykəlinin belə olmaması  bu gün müstəqil Azərbaycanda yaşayan bizləri bu Sələflərin layiqli xələfləri kimi deyil, əksinə “naxələfləri” qismində təqdim edir və boynumuza böyük bir vicdan yükü qoyur. Təqdimat mərasimində Ömər Eldarov həmin heykəlin Layihə variantını bir daha elmi-yaradıcı ictimaiyyə nümayiş etdirdi, 96 illik ömründə bir çox görkəmli insanların abidələrini yaratdığını bildirərək, ən böyük arzusunun Rəsulzadənin bu “nakam heykəlinin” (Vahid Müstafayevin təbirincə) Bakıda, əvvəldən nəzərdə tutulan  bağda nəhayət ki, qoyulacağına və özünün də o günü görəcəyinə hələ də ümid etdiyini vurğuladı.
    Mərasim iştirakçıları böyük Ustadın bu arzusunu ən yüksək hisslər və sözlərlə dəstəklədilər. Rəsulzadənin heykəlinin nə vaxtsa Bakının mərkəzində ucalacağına şübhə yoxdur. Amma Ömər Eldarovun yaratdığı bu heykəl artıq tarixi əsərdir və məhz bu heykəlin qoyulması hamımız üçün Şərəf məsələsidir.
   Təqdimat mərasiminin ikinci – Təltif olunma hissəsi artıq ən xoş, ən yüksək bir əhval-ruhiyyə ilə davam etdi. Təltif olunan ziyalıların hər biri son dərəcə səmimi, məzmunlu, ürəkdən gələn sözlərlə bu tarixin, bu mükafatın özləri üçün nə qədər qiymətli olduqlarını bildirdi. Tədbirin video yazısı hazır olduqdan sonra zarafatyana “Cümhuriyyətimizin Oskarı” kimi dəyərləndirdiyimiz və artıq kiçik bir tarixə çevrilmiş bu Təqdimat Mərasimində mükafatlandırılmış elm və sənət adamlarımızın çıxışlarının mətnlərini də yəqin ki, diqqətinizə çatdıracağıq.
  Təqdimat anlarını əks etdirən fotolara keçməzdən əvvəl isə  bu yazını akademik Rəfael Hüseynovun çox təsirli nitqindəki bir tövsiyyə-tələbi ilə bitirmək istərdim:  
  "Cümhuriyyət gününü xalqımız Novruz bayramı səviyyəsində, onun siyasi mənası nəzərə alınmaqla Novruzdan da artıq bir səviyyədə qeyd etməlidir. Nə qədər ki, bu bayram həyatımıza, cəmiyyətimizə, içimizə ən azı Novruz bayramı qədər daxil olmayıb, demək biz hələ bu Böyük Günün  qiymətini layiqincə anlamamışıq”.
    CÜMHURİYYƏT bayramımız Mübarək !















Вернуться назад