Главная > ЭТНОПОЛИТИКА > Cənublu məşhur pedaqoq Zehtabinin də qanı molla rejiminin “vicdanındadır”...

Cənublu məşhur pedaqoq Zehtabinin də qanı molla rejiminin “vicdanındadır”...


29-04-2023, 06:58. Разместил: Gulnara.Inanch

“Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər” rubrikasında Güney azərbaycanli

 pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal Məhəmmədtağı Zehtabidən danışacağıq.

O Zehtabidən ki, Güney Azərbaycan fəallarının böyük bir kəsimi bu böyük şəxsiyyəti güneylilərin fikir babası hesab edir və onun yolunu davam etdirirlər. “Müasir ədəbi azəri dili”  (səs – sərf), “Ərmağane Azərbaycan” dərğisi, “İslama qədər Iran türklərinin dili və ədəbiyyatı”, “İran türklərinin əski tarixi” nəşrlərinin müəllifi olan Zehtabinin əsərləri, milli düşüncəni əks etdirən, milli oyanışı ifadə edən tezisləri, məqalələri güneyli gənclərin yolunda mayak olub, onlar bu əsərlərdən tariximizi, milli kimliyimizi öyrəniblər.

Keşməkeşli və mübarizə dolu ömür yolu keçən M.Zehtabi  (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbüstər qəsəbəsində anadan olub. Orta məktəbi Təbrizdə başa vuran M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilib. O, hər zaman yüksək təhsil almaq və elmin zirvələrinə yüksəlmək, xalqına və millətinə xidmət etmək üçün yol axtarırdı.

  • Təbriz Universitetinin ilk məzunlarından biri...

Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Zehtbi haqda yazır: “ Zehtabi hələ 18 yaşlarında ikən (1939) Hacı Mirzə Əli Şəbüstərinin təşəbbüsü ilə ana dilində nəşr olunan "Azərbaycan" qəzetində məqalə və şeirləri ilə çıxış etmişdi. 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk məzunlarından olub. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət edib və orada qısa müddət ərzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirib.

1979-cu ildə İranda Pəhləvi rejimi yıxıldıqdan sonra Vətəni Təbrizə qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını geniş aspektdə davam etdirib. Vəfatınadək (1998-ci il 23 sentyabr) Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açıb. Onun şah əsərlərindən biri də 1946-cı il Azərin 24-də (dekabrın 15-də) Pəhləvi rejimi tərəfindən türkcə təhsilə və məişətdə danışığa belə yasaq qoyulduğu dövrdə yazdığı "Sən osan, mən də buyam" şeiri olub. Şeirdə deyilir:

Su deyibdir mənə əvvəldə anam, ab ki yox.
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi.
Əzəlində mənə duzdanə nəməkdan demədi.
Anam əxtər deməyibdir mənə, ulduz deyib o.
Su donanda deməyibdir yəxdi bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o.
Mənə heç vaxt biya söyləməyib, gəl deyib o.
Yaxşı xatırlayıram, yaz günü axşam çağılar,
Bağçanın günçıxanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala.
Gəlməsən gər başıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to.
Gən nəayi be zənəm şane səri xahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məxsus olan başqa elim vardı mənim.
Elimə məxsus olan başqa dilim vardı mənim…”

  • Sibirə üç illik sürgün…

Alimin yazdığına görə, doktor M.Zehtabi "21 Azər" hərəkatı haqqındakı məqaləsində Azərbaycan Demokrat Firqəsini Azərbaycanın, İranın və Yaxın və Orta Şərq xalqlarının milli azadlıq hərəkatında mühüm rol oynadığını qeyd edərək yazır: "Bu hərəkat II Dünya müharibəsindən sonra ümumən İran və Azərbaycan azadlıq hərəkatının, xüsusən milli azadlıq hərəkatının zirvəsidir. Bu hərəkat əleyhinə olanlar, istər daxildə və istərsə də xaricdə onu separatizm adlandırsalar və onun biganələrin əliylə yarandığını iddia etsələr də o, əslində, heç bir xarici əl vasitəsilə yox, dövrün ictimai hadisələrinin istəyi və iradəsi ilə yaranmışdı. "21 Azər" hərəkatında ən əsas məsələlərdən biri də milli hüquq məsələsiydi, lakin o, bu hüququ təkcə Azərbaycanlılar üçün yox, həm də bütün İranda yaşayan xalqlar üçün istəyirdi. Azərbaycan Demokrat Firqəsi İranda azadlıq və demokratiyanın bərqərar olmasını bir tərəfdən azadxah qüvvələrin köməyi, ikinci tərəfdən isə məhrum millətlərin Azərbaycan kimi öz milli hüquqlarına çatması yolu ilə başa düşür. Çünki Firqə və onun rəhbərləri milli zülmün acısını dadmış və çoxmillətli İranda milli qüvvənin necə böyük qüdrət olduğunu yaxşı bilirdilər. Onlar yaxşı başa düşürdülər ki, əgər məhrum İran millətləri Azərbaycan kimi öz hüquqlarını almaq üçün birlikdə ayağa qalxsalar, İran irticası mütləq yıxılacaq: II Dünya müharibəsindən sonra "21 Azər" hərəkatı dünyada qələbə çalan birinci milli azadlıq hərəkatı idi. Buna görə də bütün dünya xalqlarının diqqətini cəlb etmişdi. Əgər 1946-1947-ci illərdə "Azərbaycan" qəzetinin səhifələrinə baxsanız, Fransa və s. Avropa ölkələrinin ictimai-siyasi təşkilatlarını və siyasi şəxsiyyətlərinin "21 Azər"in qələbəsi münasibətilə göndərdikləri təbrik teleqramları diqqəti cəlb edəcək. "21 Azər" zamanı bütün Şərq və Afrika xalqları, o cümlədən Yaxın və Orta Şərq regionu xalqları istibdad və imperializmin pəncəsi altında ən ağır və fəlakətli günlər keçirirdilər. Bu xalqların azadxahları, o cümlədən İraq, Əlcəzair, Tunis və s. ölkə və xalqların mütərəqqi şəxsləri kimi və ya şifahi şəkildə "21 Azər" hərəkatını səmimi qəlbdən təbrik edib və ondan böyük ümid gözlədiklərini bildiriblər. "21 Azər" hərəkatı bu xalqların mübarizə ruhunun güclənməsinə ciddi təsir edib".

O dövrdə bir çox gənclər sovetlər ölkəsini azad bir ölkə bilib oraya getməyə can atırdılar. Zehtabi öz arzusuna çatmaq və habelə ana dilində yüksək təhsil almaq üçün doğma yurdunu tərk edir. Lakin onu Bakıya deyil, Sibir həbsxanasına göndərirlər. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşayır.

  • Düşənbə sürgünü və Bakıda qazandığı uğurlar...

“Nəhayət, 3 ildən sonra Zehtabi Sibir sürgünündən buraxılır, bu dəfə Düşənbə şəhərinə sürgün edilir. Orada onun Təbrizdə aldığı bütün təhsil sənədləri yox olduğu üçün təkrar diplom almağa məcbur olur və nəhayət, Bakıya gələrək Azərbaycan Dövlət Universitetində Azərbaycan dili üzrə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi adı alır və həmin Universitetdə ərəb dili müəllimi işləyir. O, istər müəllimlik illərində, istərsə də universiteti bitirdikdən sonra yazdığı bütün əsərlərində ana dilimizi öyrənir və tanıtdırmağa çalışır, xalqımızın keçmiş tarix və ədəbiyyatından söhbət açır, oxuyanların marağını öz ana dillərinə artırıb, onlarda öz milli kimliyinə bağlılıq yaradır. Doktor Zehtabi müasir tariximizdə ilk dəfə olaraq 1981-ci ildə "Mütərəqqi İran Türklərinin Roşənfikrililər (ziyalılar) Cəmiyyəti"ni yaradıb və "Birlik" adında aylıq farsca və türkcə jurnal nəşr etdirib”.

  • Babək qalasına yürüş aksiyası...

Güneyə qayıdan doktor Zehtabi əsas işini burada görür. Gənclərdə milli birlik, dirlik ovqatının yaradılmasında müstəsna rol oynayıb. Məlumatlara görə, 1991-ci ildə Quzey Azərbaycanın azadlığa çıxması güneydə də yeni ümidlər yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirçinin rəhbərliyi ilə milli fəallar hər il Babək qalasına toplanmağa başlayırlar. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər.

Məhəmmədtağı Zehtabinin ölümü barədə şübhəli söz-söhbətlər var. Güney azərbaycanlı fəallar hesab edirlər ki, doktor Zehtabinin ölümündə molla rejiminin əli var. Hər zaman aktiv fəaliyyətdə olan Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.  

Son nəfəsinə qədər Güney Azərbaycanın azadlığa, müstəqilliyə, güney azərbaycanlıların öz dillərinə, mədəniyyətlərinə, ana dilli təhsillərinə qovuşması üçün mübarizə aparan Məhəmmədtağı Zehtabinin işıqlı xatirəsini yaşadan o taylı, bu taylı Azərbaycandan olan milyonlarla gənc var və onlar güneyimizdə azadlıq günəşi doğana qədər mübarizələrini aparacaqlar və bütöv Azərbaycan ideyasını gerçəkləşdirəcəklər...

İradə SARIYEVA

Bakı Xəbər - İctimai Siyasi Qəzet (baki-xeber.com) 

  • Facebook


Foto^



Вернуться назад