Главная > КОНФЕРЕНЦИИ > Salamankadan salamlar. Rəsulzadənin “Azərbaycan savaşı” (3-cü yazı)

Salamankadan salamlar. Rəsulzadənin “Azərbaycan savaşı” (3-cü yazı)


5-09-2022, 14:29. Разместил: Gulnara.Inanch

Solmaz Rüstəmova-Toqidi, professor

İranşünasların  XIII Beynəlxalq konqresinin 2-ci və 3-cü günləri panellər saat 9-dan axşam 6-ya qədər demək olar ki, fasiləsiz işləyir. Əslində saat 1 və 4-də Salamanka universitetinin qədim tədris korpusunun iç həyətində kofe-çay fasilələri var, amma burada da  alimlər ünsiyyətdədir, fikir mübadiləsi gedir, eşidə bilmədikləri məruzələrlə maraqlanırlar.   Nigarla mən də öz elmi maraqlarımıza uyğun məruzələri dinləmək üçün ayrı-ayrı panellərə gedirik. Səfəvilər, Qacarlar dövrlərinə aid eyni vaxtda bir neçə panel  olduğundan Nigar hələ onların da arasında seçim etməli olur.  Məruzəçilərin bəzilərini artıq əvvəl getdiyi konfranslardan tanıyır. Onun fikrincə bu konfransda eşitdiyi ən parlaq məruzəni XVIII əsr İranda hakimiyyət simvolları mövzusunda gənc  macar oriyentalisti Andras  Barati edib.  


Fasilədə Nigar məni də öz “həmkarları” - orta əsrlər üzrə tarixçilərlə tanış edir. Onların arasında rusiyalı alim Qennadiy Kurin elmi yaşına görə hələ gənc sayılsa da  müxtəlif dilli Şərq əlyazmaları mütəxəssisi kimi  artıq  çox məşhurdur. Nigar onu gələcəyin Minorskisi adlandırır. Bu dəfə konqresə Rusiyadan  cəmi 3 nəfər qatılıb, onlardan da 2- si, o cümlədən Qennadiy Oksforddan gəliblər. Rusiyanın özündən cəmi bir nəfər, Yuriy Demin İrkutsk Universitetində çalışır, İran Xalq Partiyası – Tudənin İran İslam inqilabından sonrakı dövr fəaliyyətini öyrənir, amma bir qədər fərqli yanaşması var, partiyanın durumu, rəhbərləri və s. haqda məlumatlar verir, amma sanki bu partiyanın Sov.İKP ilə heç əlaqəsi yoxmuş, müstəqil solçu-siyasi təşkilatdır.  Əslində İranın ən qədim – 1904-ci ildə Bakıda əsası qoyulmuş sosial-demokrat, sonra kommunist  təşkilatının davamçısı kimi  bu partiyanın 1982-ci ildə yaşanan son dərəcə acınacaqlı və faciəli taleyində bilavasitə Sovet İttifaqının İrandakı səfirliyinin bir əməkdaşı həlledici rol oynamışdı. Daha çox Avropa marksistlərinə yaxın (Leninçi yox) mövqedə duran, qərargahı Leypsikdə yerləşən, çox  təcrübəli və klassik solçu sayılan bu partiya, bununla belə siyasi və maddi  dəstəyi digər sol hərəkatlar kimi  Sov.İKP-dən alırdı.  İslam inqilabından sonra  İXP-Tudə İranda nisbətən açıq fəaliyyətə başlamışdı və ölkənin siyasi həyatında öz yerini tutmağa çalışırdı. Belə bir vaxtda Sovet  diplomatı bu təşkilatın ən məxfi sənədlərini, o cümlədən uzun illər İranda yarı-leqal və gizli fəaliyyət göstərən özəklərinin üzvlərinin siyahılarını İngilis və İran kəşfiyyatına verərək İngiltərəyə qaçmışdı və partiyaya qarşı ciddi irtica başlamışdı.  Rusiyadan gələn məruzəçi bunları bilsə belə, təbii ki, bu haqda danışmayacaqdı. Odur ki, çıxışı vaxtı Yuriy Deminə sual vermirəm, amma fasilədə bu barədə onunla ətraflı danışırıq. Deyir ki, bütün bunlardan xəbəri yoxdur. Bu  sovet-rus diplomatı Sov.İKP Siyasi Bürosu üzvlərindən birinin kürəkəni idi,  qaynatasını dərhal vəzifədən çıxarmış, portretlərini isə elə gecəykən bütün şəhərlərin, o cümlədən Bakının küçələrindən yığışdırmışdılar. Bu hadisə o zaman Bakıda da, İran demokratları arasında böyük əks-səda doğurmuşdu. Belə ki, zərbə yalnız Tudənin gizli üzvlərinə (aralarında xeyli İran ordusunun yüksək rütbəli zabitləri var idi)  deyil, ümumən bütün partiyaya dəymişdi. İran İslam inqilabından sonra ölkəyə qayıdan bütün partiya rəhbərliyi, o cümlədən müxtəlif ölkələrdə yaşayan keçmiş tudəçilər həbs edilmiş, işgəncələrə məruz qalmış və böyük əksəriyyəti öldürülmüşdü. Bu sonuncular arasında bizim Şərqşünaslıq institutunun iki professoru, mənim İranşünaslıq elminə gəlməyimdə böyük zəhmətləri olmuş Ə.Agahi və M.Pənahi kimi tanınmış alimlər var idi. Hər ikisi həbs vaxtı müqavimət göstərmişdi. Kübar, nəcabətli Agahi müəllim hətta kiçik tapançası ilə atışmışdı, yaralanmışdı və əməliyyat zamanı keçindiyini demişdilər. Hatəmi müəllimi isə həbsxanada güllələmişdilər.

  Bunları Yuriyə danışıram, gözləri əsl alim marağı ilə alışır, ürəkdən gələn təəssüflə Rusiya Dövlət Siyasi Sənədlər arxivinin bütün bu fondları yenidən bağladığını söyləyir, Bakıya gəlmək istəyir, köməyimi vəd edirəm, bu sənədlərin böyük əksəriyyəti həqiqətən  əlimizdədir.  Yuriyə Ukrayna ilə bağlı suallar verirəm, müharibənin əleyhinədir, amma deyəsən hadisələrin gedişindən çox xəbəri yoxdur, yalnız təbliğatçı rus kanallarına baxır, ayrı informasiya mənbəyinin olmadığını və  buna cəhd etməyin  həqiqətən təhlükəli olduğunu deyir. İspaniyaya da rəsmi dəvət olduğu üçün viza ala bilib.  
  Qeyd edim ki, Yurinin məruzəsi bu sıradan heç də tək deyil. İranşünasların bu ilki toplantısında ənənəvi tarixi dövrlərlə yanaşı ən populyar mövzu İranda sol hərəkatlardır. Təbii ki, bu sahənin araşdırıcısı kimi mənə bu mövzunun müasir iranşünaslıqda necə işıqlandırıldığı çox maraqlıdır. Məruzəçilər əsasən xaricdə yaşayan və çalışan iranlı alimlərdir.  Onlardan biri, Nyu-York universitetinin əməkdaşı  Araş Əzizi  mənə yaxınlaşaraq, özünü təqdim edir,  hələ Vyana konfransında görüşdüyümüzü, mənim  İran kommunist mətbuatına və Kominternin İran siyasətinə dair monoqrafiyalarımla və digər məqalələrimlə tanış olduğunu, xeyli məlumatlandığını bildirir. İki dəfə Bakıda olub, amma bu dəfə məhz bu mövzular ətrafında fikir mübadiləsi etmək üçün görüşmək istərdi.  Mütəmadi əlaqə saxlamağa qərar veririk.
    Yeni nəsil iranşünaslardan belə sözlər eşitmək çox xoşdur. Belə ki, konqresin bu ilki tərkibi onun xeyli “gəncləşdiyini” göstərir. Yaşlı nəsil, tanınmış, nüfuzlu iranşünaslar, AİS-in əsas idarə heyəti üzvləri də daxil olmaqla sayca azdırlar, artıq bütün idarəçilik  orta nəslin əlindədir və yekun iclasında bütün bu məsələlər daha aydın nəzərə çarpır. Bizim ənənəvi xarici iranşünas dost və həmkarlardan Hollandadan  Turac Atabəki, ABŞ-dan  Nairə xanım Tohidi, Fransadan Mehdi Səfəri və daha bir neçə nəfər var. Maraqlıdır ki, əvvəlki illərə nisbətən erməni iranşünasları demək olar ki, görünmür (xaricdən 1-2 cavan gəlib).Eləcə də türkiyəli iştirakçılar da sayca çox az olmaqla Avropadan gəliblər. Zənnimcə,  Kovid bəlası həqiqətən AİS-in fəaliyyətinə nəzərəçarpacaq dərəcədə təsir qoyub.  Gürcüstan Şərqşünaslıq İnstitutunun direktoru, çox tanınmış iranşünas, şərqşünas alim,  illərlə əməkdaşlıq etdiyimiz Qeorgi Sanikidze ilə hələ İstanbul aeroportunda  rastlaşmışıq, Madridə və sonra Salamankaya birlikdə gəlmişik. Əslində mediavist olan Qeorgiy bu konfransda nədənsə müasir mövzuda  - 2020-ci ildə bizim 44 günlük müharibəmizdən sonra İranın Cənubi Qafqaz siyasəti haqda məruzə edəcək. Çıxışı konfransın son, 3-cü gününə, səhər  saat 9 panelinə salınıb. Bir qayda olaraq dostlara qulaq asmaq və dəstək vermək ənənəmiz olsa da mən həmin günün ağır proqramını nəzərə alaraq bu erkən vaxtda  onu dinləyə bilməyəcəyim üçün əvvəlcədən Georgiya üzrxahlıq edirəm. “Elə bir söz demirəm, bildiyiniz şeylərdir, narahat olma” – cavabını verir. Nigar daha məsuliyyətlidir və təbiət etibarilə də “səhər” adamı olduğu üçün Georgiyə qulaq asmağa gedir və deyəsən eşitdiklərindən bir az pərt olub. Əslində pərtliyə elə bir səbəb yoxdur. Gürcü həmkarımız bütün bu zaman ərzində İranın Gürcüstan və Ermənistanla normal, Azərbaycanla isə gərginliklərlə müşayiət olunan münasibətlərindən bəhs edib.
  Mənim üçün həmin gün ən maraqlı panel prof. Turaj Atabəkinin apardığı, özünün və Nairə xanım Tohidinin də məruzələri olduğu “Pəhləvi erasında dövlət və cəmiyyət” panelidir. Həm də bu paneldə Amerikalı iranşünas, əslən iranlı Mehrzad Borocerdinin  Seyid Həsən Tağızadəyə həsr olunmuş məruzəsi var. XX əsr İranın siyasi tarixinin ən görkəmli nümayəndələrindən biri, əslən ordubadlı,  Təbrizdə doğulmuş Seyid Həsən Tağızadənin adı Azərbaycanda tanınır, neçə illər əvvəl aspirantım Əfşan Şəfiyeva  “İranın modernləşməsində Seyid Həsən Tağızadənin rolu” mövzusunda PhD dissertasiyası müdafiə edib, bu adda monoqrafiyası var. İndi görək bu amerikalı-iranlı alim İran İslam rejiminin adını yasaq etdiyi, amma indiyədək çox məşhur və daim tədqiqat obyekti olan bu tarixi şəxsiyyət haqqında nə deyəcək.
   Turaj Atabəkinin nüfuzu və məruzələrin geniş mövzu dairəsi qarşısında auditoriya dinləyicilərlə tam doludur. Atabəkinin İranda fəhlə - əməkçi zümrəsinin durumunun müxtəlif göstəricilərə dair dinamikası mövzusunda, eləcə də Nairə xanımın İranda qadın hüquqlarına həsr edilmiş məruzələri öz akademik səviyyələri ilə seçilirlər. Digər, daha iki maraqlı məruzədən sonra söz Mehrzad Borocerdiyə verilir.  Məruzə çox maraqlı süjet üzərində qurulub. Seyid Həsən Tağızadənin uzun və geniş fəaliyyətinin əsas dövrləri onun hər zaman kəsiyində həyatından keçən görkəmli, tanınmış insanların adları fonunda təqdim edilir. Bu siyahıda İranın 4 şahından başlamış, sonda yazıçı və alim Əhməd Kəsrəviyə qədər, çox məşhur , o cümlədən xarici dövlət, siyasət adamları, ictimai xadimlər, alimlər, ruhanilər və s.  isimlər var. Mehrzad Borocerdini böyük maraq və səbirsizliklə dinləyirəm, gözlədiyim adı çəkib-çəkməyəcəyini izləyirəm. Məruzə bitir, o ad çəkilmir.
    Suallar başlayır,  məruzəçilər və sualverənlər çox uzun danışır, vaxt keçir, az sonra bu otaqda növbəti panel işə başlamalıdır. Turac Atabəki diskussiyanı qurtarmağı təklif edir. Mənim qalxan əlimi görür və “sonuncu sual bu xanımındır” – deyir. “Seyidzadə” deyə sualımın ünvanına üz tuturam. Hamı elə bil yenidən canlanır, çünki verilən sualların əksəriyyəti elə bu məruzə ilə bağlı olub.  Sualımın məğzi: “Məhəmməd Əmin Rəsulzadənin adını eşitmsinizmi ? (Mehrzad dərhal qayğılanmış tərzdə “əlbəttə” mənasında başını tərpədir).  Əgər çıxışınızda Tağızadənin həyatına müəyyən təsir, iz qoymuş şəxslərdən bəhs edirsinizsə, bəs nə əcəb onun birbaşa dəvəti ilə Tehrana gəlmiş, Seyidzadə ilə birgə İran Demokrat Partiyasını yaratmış və bu partiyanın mətbu orqanı  “İrane-nou” qəzetinin redaktoru olmuş Rəsulzadənin adını çəkmədiniz? Yox əgər, əsas meyarınız o adamların mənsəb və vəzifələri idisə, bəs  Rəsulzadə də axı Transqafqazda və bütün müsəlman Şərqində  ilk  demokratik dövlətin rəis-i cümhuru olub. Bu sıradan da adı çəkilməzmi?”


    Mehrdad Borocerdi dərhal cavab verir, amma nə cavab! “Mən  bu adı eşitmişəm, Tağızadə öz xatirələrində bu cənabla birgə Türkiyədə ağır günlər yaşadığını, Rəsulzadənin xahişi ilə ona maddi yardım göstərdiyini yazır...”
  Mən: “Siz niyə daha əvvəlki dövrlərə getmirsiniz ? Tağızadənin İran məclisində fəaliyyətini birbaşa bu cənab “İrane-nou” qəzetində işıqlandırıb. Yox, əgər Tağızadənin xatirələrinə söykənirsinizsə, onun Rəsulzadə haqqında başqa fikirləri var: “Rəsulzadə kimi dürüst, əqidəli, təmiz, pak adam həyatımda görmədim, biz tərəflərdə indiyədək belə adamlar tapılmaz” rəyi var. Maraqlanmadınız ki, bu sözlər kimin haqqında deyilib? Olsun, əgər Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı da sizin üçün münasib fiqur deyilsə, elə isə Tağızadənin Azərbaycana münasibətini neçə görürsünüz?”
   Mehrzad Borocerdinin  cavabı: “Xanım, sizə açıq deməliyəm ki, Tağızadənin Azərbaycan məsələsinə münasibəti heç də birmənalı deyildir. Yəqin ki, bilirsiniz, o İran dövlətçiliyinin simvoludur və Əhməd Kəsrəvi kimi Xiyabani hərəkatına olduqca mənfi münasibət bəsləyirdi, o, Xiyabanini separatçı, İranın parçalanmasına çalışan bir adam kimi qəbul edirdi və..."
Mən, onun sözünü kəsirək: "İran Azərbaycanını soruşmuram, Qafqaz Azərbaycanı..."
  Birdən-birə zaldan qopan uğultudan və mənə rəğbət,  iranlı alimə isə “cavab ver” mənasında yönəlmiş sədalardan həm mən, həm də Mehrzad Borocərdi sanki  özümüzü itiririk. Borocərdi sonra  təbəssümlə "cavabım yoxdur” mənasında əllərini yana açaraq “təslim” olduğunu bildirir. Cavabımı yoxdur, ya vermək istəmir ?!!!  Əslində münasibət bəllidir və  bu baxımdan bizim paneldəki Zəhra Kazeminin mövqeyindən heç də fərqli deyil...
    Turac Atabəki vəziyyəti “xilas edir”. Vaxtın bitdiyini bildirib, hamıya təşəkkürlə panelə yekun vurur. Mehrzad Borocerdiyə yaxınlaşıb, bəzi məsələlərə aydınlıq gətirirəm, danışırıq, münasibəti bəllidir, son sözü o olur ki, əslində “Tağızadə”  onun tədqiqat mövzusu deyil, bu məruzəni də konqres  üçün hazırlayıb. Səmimi olmadığı aydın görünür. Fasilədə Turac Atabəkidən  də niyə Mehrzadın  mənim sualıma cavab verməyini gözləmədiyini soruşuram. “Özün görmədinmi cavab verə bilmirdi”- deyir və indiki İran rejiminə ən müxalif iranlıların, o cümlədən xaricdəki alimlərin də Azərbaycan məsələsində çox  həssas olduğunu vurğulayır. Dediklərinə nümunə kimi özünün Bi-Bi-Si radiosunun fars dili redaksiyasının daimi siyasi müşaviri kimi Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük müharibəyə İranın münasibətinə dair suallarına Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etdiyi, buna tam haqqı olduğu kimi fikirlər  söylədiyini, az sonra İrandan, ən müxtəlif dairələrdən “sözlərinə fikir vermək”dən tutmuş  “İrana gəlişinin bağlanacağı” və  “ehtiyatlı olmaq” kimi sifarişlər aldığını bildirir. İrana onsuz da neçə illərdir gedə bilmir, amma Azərbaycanla İranın münasibətlərinin kəskinləşməsindən də narahatdır.
     Bu iclas bizim iştirak etdiyimiz sonuncu paneldir. Daha iclaslara girmirik, dostlarla ümumi rəylərimizi bölüşürük.  Saat 7-də AİD  XIII konqresinin bağlanış toplantısı başlayır, görülən işlərə yekun vurulur, maliyyə xərcləri barədə hesabatlar verilir, İdarə heyətinin tələbələrin bu toplantılarda iştirakını  dəstəkləmək üçün vəsait ayırması təqdir edilir və s. AİS-in əvvəlki sədri missiyasını bitirərək səlahiyyətlərini yeni sədrə -  “İranian studies” jurnalının redaktoru, çox ciddi, işgüzar xanıma verir, konqresin keçiriləcəyi yeni məkanın adının yaxın zamanlarda açıqlanacağı bildirilir. Bağlanş mərasimindən sonra İran musiqisi konserti başlayır və ifaçıların əksəriyyətinin ispan olduğu hamını xoş mənada heyrətləndirir.


   Konqres öz işini başa vurub, hamı bir-biri ilə 2 ildən sonra XIV  konqresdə görüşmək arzusu ilə vidalaşır.
    Ertəsi gün Nigarla Salamankadan Madridə yola düşürük, qatarda konqresdə tanış olduğumuz Zeynəb adlı gənc bir xanımla və artıq yuxarıda adını çəkdiyim Araş Əzizi ilə rastlaşırıq və 2 saat yarımlıq yolu maraqlı söhbətlərlə keçiririk. Birdən Araş təbəssümlə, “Xanım Tohidi, yəqin eşitdiniz ki, Azərbaycan söhbəti gedən panel Konqresin ən “yaddaqalan” iclası qiymətini alıb”. Mən əvvəlcə söhbətin Janetin panelindən getdiyini düşünürəm. Nigar sözü göydə tutub, təbəssümlə: “Turacın, Atabəkinin paneli” deyir. Beləliklə, məlum olur ki, konqresə  ümumi rəsmi yekunlarla yanaşı, həm də,  “ən maraqlı ...”, “ən kütləvi” və s. kimi panellər ayrıca vurğulanır və bu dəfə  ən “yaddaqalan” ( yaxşı mənada elmi qalmaqallı) panel kimi məhz Rəsulzadə və Qafqaz Azərbaycanına aid sualın verildiyi və  məruzəçinin  cavablandıra  bilmədiyi həmin iclas “seçilib”...
       Sonu var

Вернуться назад