Главная > КОНФЕРЕНЦИИ > Salamankadan salamlar .Avqustun 31-i iranşünasların 13-cü Beynəlxalq Konqresi işə başladı. 1-ci yazı

Salamankadan salamlar .Avqustun 31-i iranşünasların 13-cü Beynəlxalq Konqresi işə başladı. 1-ci yazı


5-09-2022, 14:04. Разместил: Gulnara.Inanch

Solmaz Rustamova-Toqidi,professor


4 il əvvəl, ABŞ-ın Kaliforniya ştatından iranşünasların 12-ci beynəlxalq konqresindən göndərdiyim “reportajlar” bəlkə də kimlərinsə yadındadır. Çox razı qalmışdınız, ənənəni davam etdirirəm.
  Əslində 2 ildən bir keçirilən və dünya iranşünaslarının ən mötəbər elmi toplantısı sayılan növbəti konqres  hələ 2020-ci ildə İspaniyanın Salamanka şəhərində yığışmalı idi. Amma kovid bəlası bir çox tədbirlər kimi bu ənənəvi elmi yığıncağı da qeyri-mümkün etdi. Bununla belə Avropanın ən qədim təhsil ocaqlarından sayılan Salamanka universiteti dünya iranşünaslarına verdiyi vədə sadiq qaldı və kovid abu-havası yumşalan kimi Association for İranian Studies (AİS- İran Araşdırmaları Assosiasiyası) öz üzvlərini bu ecazkar tarixi şəhərdə topladı. Hər daşı, hər küçəsi ilə ispan ruhu daşıyan və Yuneskonın Dünya İrsi siyahısına salınmış Salamankanın füsunkarlığı haqda yazmıram, söz bitməz... Sadəcə,  qədim tarixi simasını saxlamaq nümunəsi olan bu şəhərin dar küçələri ilə addımladıqca və hər addımında möhtəşəm kilsələr, qəsrlərlə yanaşı az-saylı  müasir binaların da müasirliyini görmək üçün diqqət verməli olduğun bu nağıl-şəhəri gəzdikcə birdən nə üçünsə bizim İçəri Şəhəri xatırlayırsan və dərhal da əhvalın pozulur... Miqyası və tarixiliyi ilə müqayisəyə gəlməsə də  biz niyə qat-qat kiçik bir Qal-şəhərimizin  özünəməxsus tarixi obrazını belə bir sevgi və qayğı ilə qoruya bilmədik...
    AİS  konqresi İspaniyanın ən qədim - təməli 1218-ci ildə qoyulmuş və XVIII əsrin əvvəllərinə kimi tikilməkdə davam etmiş tarixi məhəllələrində yerləşən və  şəhər içində şəhər olan Salamanka universitetində keçirilir.  Yəqin ki, mötəbər bir elmi toplantı üçün bundan uyğun bir məkan tapmaq olmazdı.  AİS-in 30 avqust-2 sentyabr tarixlərdəki bu ilki toplantısına 350 nəfər məruzəçinin qatılması Kovid təlatümlərindən sonra uğur sayılır. Hərçənd yadımdadır ki, 2018-ci il Kaliforniya (İrvayn şəhəri) konqresində 400-ə yaxın məruzəçinin sayı əvvəlki konqreslərlə müqayisədə (2016-cı ildə Vyanadakı  konqresdə 850-dən artıq məruzəçi, 1000-dən artıq dinləyici) xeyli azaldığından o zaman Assosiasiyanın rəhbərliyində  ciddi narahatlıq  doğurmuşdu və bu məqam əsasən Amerikanın uzaqlığı və xərclərin bahalığı ilə izah edilmişdi. Burada xüsusi vurğulanmalıdır ki, bu konqresə bütün məruzəçilər öz hesabına gəlir və üstəlik hər dəfə iştirak üçün 100-120 dollar (evro) üzvlük haqqı ödəyir. Bu rəqəmlərə diqqət çəkməkdə məqsədim dünya iranşünaslığı tədqiqatlarının nüfuzunu göstərməkdir. Belə ki, İrana bu və ya digər dərəcədə aidiyyatı olan mövzuları tədqiq edən alimlər üçün öz elmi ideyalarını sınaqdan keçirmək, məşğul olduğu elmi sahələr (bütün ictimai elmlər, ədəbiyyat, dilçilik, din,  mədəniyyət, incəsənət, tərcümə, nəşriyyat və s.) üzrə dünya İranşünaslığının bu günki “maraq dairəsini” müəyyən etmək baxımından AİS konqresləri ən ali instansiya sayılır. Əsası hələ 1927-ci ildə qoyulmuş, sonrakı dövrlərdə bir sıra səbəblər üzündən müəyyən fasilələrlə və müxtəlif adlar altında fəaliyyət göstərmiş bu elmi təşkilatın öz nüfuzunu saxlaması birmənalı olaraq dünya iranşünaslarının dəyişən nəsillərinin xidmətidir. Belə ki, məhz onlar araşdırma obyekti kimi seçdikləri bir ölkəni tarix və sivilizasiya baxımından ayrıca bir elmi istiqamətə çevirə bilmişlər və bu da onların həmin beynəlxalq elmi təşkilata, eləcə də bir-birinə və bütün həmkarlarına olduqca məsuliyyətli, diqqətli, qayğılı münasibəti nəticəsində mümkün olmuşdur. Onu da qeyd edim ki,  AİS öz konqreslərini hər iki ildən bir əsasən Qərb ölkələrinin şəhərlərində keçirir, bu məkanları özü seçir və nə qədər paradoksal görünsə də araşdırdığı ölkənin - İranın - dəfələrlə dəvət etdiyinə baxmayaraq  bu ölkəyə “getmir”. Səbəbləri var, ayrıca mövzudur...
  Amma bunun müqabilində bir haşiyə çıxım ki, mənim hələ 2018-ci ildə ABŞ-dakı konqresin gedişində Təşkilat Komitəsinə növbəti məkan kimi  Bakı təklifim çox böyük coşqunluqla qarşılanmışdı. Əslində məni bu təklifə vadar edən bir neçə məqam vardı. İlkin səbəb çox ciddi idi.  O dövr ABŞ-ın Ermənistandan olan məruzəçilərə və hətta Avropadan erməni əsilli iranşünaslara viza verməməsi böyük əks-səda doğurmuşdu və Ermənistan dərhal bu vəziyyətdən yararlanaraq növbəti konqresi İrəvanda keçirməyi təklif etmişdi. Təklif müzakirə olunmalı idi. Mən bu xəbəri eşidəndə AİS-nin o zamankı rəhbəri Prof. Turac Dariyayiyə Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasətini əsas götürərək etirazımı bildirmişdim və digər həmkarlarımız, xüsusilə prof. Turac Atabəkinin çox mühüm dəstəyi ilə bu məsələ dərhal ortadan qalxmışdı. Alternativ kimi Bakı şəhərini isə hamı böyük məmnuniyyətlə qəbul etmişdi, belə ki, iranşünaslar arasında bizim Azərbaycana son dərəcə böyük maraq var. O səfərdən qayıdandan sonra bu məsələni müvafiq dairələrdə  qaldırmışdım və təklif əvvəlcə razılıqla qarşılanmışdı. Belə ki, bütün elmi və təbliğatı üstünlükləri ilə bərabər  bu konqres onu keçirən ölkə üçün iqtisadi baxımdan da çox sərfəlidir. 1000-ə yaxın (indi 500 hesab edək) görkəmli alimlərdən tutmuş gənc tədqiqatçılara qədər, sırf elmi, ziyalı elita – HAMI öz hesabına ölkəyə gəlir, otellərdə qalır, yeyir, gəzir və s. Ev yiyəsi bu konqresi sadəcə binalarla təmin etməli və bir dəfə iştirakçılara (Açılış, yaxud Bağlanış günü) furşet- qonaqlıq verməlidir. AİS ilə yazışmalar başladı, şərtlər, digər məsələlər müzakirə olundu və... sonra hansısa instansiyada məsələ dondu... Səbəblərdən biri haqda eşidəndə, doğrusu mən də bu işin ardınca getmədim, istəmədim, çünki qonşudan bu qədər “ehtiyatlanmaq....”...
   Nə isə... İndi Salamankadayıq. Böyük təəssüf hissi ilə yenə də Azərbaycan alimləri üçün çox mühüm olan bu elmi meydanda biz, geniş anlamda, YOXUQ! Əslində bu konqresi o vaxtlar Bakıya gətirməkdə əsas məqsədim də Azərbaycanımızı hələ də İranın bir hissəsi hesab edən dünya iranşünaslarının qarşısına çıxmaq və tarixdən tutmuş bütün digər sahələrdə öz mövqelərini ortaya qoymaq üçün Azərbaycan alimlərinə geniş imkanlar yaratmaq idi. Belə ki, hər dəfə deməyimə baxmayaraq bizim tədqiqatçılar iranşünasların bu ali toplantısına getmirlər. Müxtəlif səbəblər var və maddi məsələ burada vacib olsa da, hər halda birinci deyil. Hərçənd hər konqresdə Səfəvi tarixinə, Qacarlar dövrünə, İslam və şiəlik mövzularıma dair hər biri 5-6 məruzədən ibarət bir neçə  panel düzənlənir, yəni 20-25 məruzə oxunur, hamısı da məlum – İran dövlətçiliyi mövqeyindən. Elə bu ilki konqresdə də 100 paneldən (film nümyişləri daxil deyil) Zoroastrizm və Avesta (3), Səfəvilər(3) və Qacarlar (2) dövrlərinə dair ayrıca  panellər var.   Bəs haradasan, Azərbaycan tarixçisi ?
  Amma bu dəfə həmin daimi sualıma bir tarixçimiz cavab verib. AMEA Tarix İnstitutunun əməkdaşı, bu yaxınlarda  doktorluq dissertasiyası müdafiə etmiş Nigar Gözəlovanın  konqresdə  Bəhmən Mirzə Qacarla bağlı məruzəsi var. Bir neçə kəlmə Nigar haqqında. Bu xanım Azərbaycan tarix elmimizi xaricdə təmsil edən və sözün əsl mənasında üz ağardan orta nəslə məxsus tək-tək alimlərimizdəndir. İstəyirəm tanımayanlar tanısın. 2 il əvvəl amerikalı iranşünas həmkarım,  “Molla Nəsrəddin” jurnalının ən nüfuzlu xarici tədqiqatçı Janet xanım Afəri əməkdaşlıq məqsədilə  məndən bir nəfər savadlı, ingilis dilli, həm də zəhmətkeş gənc alim tövsiyə etməyimi istəmişdi. Nigarın adını vermişdim və sonda böyük təşəkkür qazanmışdım. İndiyədək davam edən bu əməkdaşlığın davamı kimi də AİS-in bütün konqreslərinin daimi və fəal iştirakçısı Janet xanım Nigar Gözəlovanı özünün təşkilatçısı olduğu paneldə iştiraka dəvət etmişdi. Əslində elə mənim də iştirakım Janet Afərinin israrlı dəvəti nəticəsində baş tutmuşdu. Belə ki, bir sıra ciddi səbəblərdən  bu ilki konqresə getmək fikrim yox idi, odur ki, məruzə elanı da verməmişdim. Amma Janet xanım bütün müddətlərin keçməsinə baxmayaraq məni özünün təşkilatçısı olduğu panelin “Discussant” – ümumi Müzakirəçi, Rəyçi statusunda iştirakımı mühüm sayaraq mümkün etdi. Heyf ki, üzürlü səbəblərdən özü gələ bilmədi, lakin paneli Onlayn idarə etsə də  həmsədrliyi Nigar Gözəlovaya tapşırmışdı. Həmin iclasda Amerikadan və İrandan bir neçə məruzəçinin olduğu halda, bu da özlüyündə bizim alimə verilən qiymətdir.
    “XIX-XX əsrlərdə Rusiya və Transqafqaz arasında  ədəbi və mədəni mübadilələr” mövzusundakı paneli əslində İranşünasların bu konqresində Şimali Azərbaycana həsr olunmuş ayrıca iclas hesab etmək olar. Odur ki,  Janet xanıma bir daha təşəkkürlər.  Konfransın elə birinci günü, avqustun 30-da baş tutan və əslində bir çox suallar və ənənəvi təəssüflər doğuran məruzələr, eləcə də Discassant kimi panelə dair söylədiyim Ümumi rəy - əslində tənqidi qiymət haqqında indi yazmıram, ayrıca mövzudur, çox maraqlı, gələn dəfə ətraflı işıqlandıracağam.
   İndi isə sizlərə 13-cü Beynəlxalq İranşünaslar konqresinin ilk günü haqqında aşağıdakı şəkillər əsasında ümumi məlumatlar verməklə, sözümü iştirak etdiyim mərasimlərin gedişində keçirdiyim böyük təəssüf hissləri ilə bitirmək istəyirəm. 
      Vaxt var idi, İranşünaslıq Azərbaycan şərqşünaslıq elmində  ayrıca bir  istiqamət idi. Bu ölkənin bizim tarix və mədəniyyətimizdə yeri məsələsinə toxunmadan, belə görünür ki, əvvəllər bu mövzuya daha ciddi və tələbkar yanaşırmışlar. Belə ki,  xarici ölkələrdə tanınan və qəbul edilən  nüfuzlu iranşünaslarla, görkəmli  tarixçilər, ədəbiyyatçılarla yanaşı, fars dilini mükəmməl bilən, oxuyub-yazan, bu ölkəni öyrənən, ortaya ciddi araşdırmalar qoyan onlarla alimlərimiz, mütəxəssislərimiz var idi.  SSRİ məkanında Sovet Azərbaycanının özünün  ayrıca iranşünaslıq məktəbi olduğu qəbul və təsdiq edilirdi. Çünki müəyyən məsələlərdə azərbaycanlı iranşünaslarının mövqeyi sovet mütəxəssisləri ilə uyğun gəlmirdi və bizim alimlər öz fikirlərində israrlı qalırdılar.
   İndi bu məktəb yoxdur. Çoxdan yoxdur. Azərbaycan iranşünaslığı bir elmi istiqamət olmaqla aradan getməkdədir  və intibahı görünmür.  Azərbaycan-İran mövzusu (tarixən və müasir günümüzdə) bütün aktuallığı və  əhəmiyyəti  nəzərə alınmaqla çox dar, məhdud çərçivədə, bəzi hallarda qeyri-peşəkarcasına   araşdırılır. Başqa sözlə, özümüz deyib, özümüz eşidirik. Həm də nə istəyirik deyirik, eşitdirmək, qəbul etdirmək nə ağlımıza gəlir, nə vecimizə. Bu sarıdan heç istəyimiz, elmi təəssübkeşliyimiz də yoxdur.  
 Azərbaycan alimləri - yalnız sırf iranşünaslar deyil, ümumiyyətlə bu və digər məsələlərdə İran mövzusuna müraciət edənlər belə, AİS konqresləri kimi çox spesifik, mötəbər, fundamental məclislərdə nəinki Azərbaycan elmini ayrıca təqdim etmirlər, fərqli mövqelər ortaya qoymurlar, hətta, Janet xanımın  panelində olduğu kimi, heç olmasa “müdafiə” mövqeyində də “vuruşmağa” can atmırlar...
Çox təəssüf...      
             Ardı var...





9 comments




Вернуться назад