Главная > ЭТНОПОЛИТИКА > TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR

TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR


20-06-2022, 16:17. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

Bir neçə gün əvvəl bir qrup Təbriz mollası birgə bəyanat imzalayaraq, Azərbaycan Respublikasında İslam dininin, onun şiə məzhəbinin və ən əsası İran rejiminin əlaltıları olan ekstremist və radikal islamistlərin müdafiəsinə qalxmışdılar. 36 nəfərlik siyahıda Təbrizin baş mollası, yəni Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi və Təbriz cümə imamı Al Haşımın adı yox idi. Fikirləşdik ki,bu etiraz bəyanatı aşağı səviyyəli dairələrin mövqeyini əks etdirir. Görünür, Al Haşıma həmin bəyanatı imzalamadığı üçün xəbərdarlıq edilib.Odur ki, “səhvini düzəltmək” üçün bu gün, CÜMƏ günü(18 iyun 2022),(cümə imamlarının həftəlik icmal və gələn həftə üçün göstərişlərin verilməsi ilə bağlı uzun-uzadı xütbə etdikləri gün) xütəbəsində Azərbaycan hökumətindən İslam dininin bu ölkədə  qorunması ilə bağlı tələb irəli sürübdür.


Çox qəribədir ki, rejimin İranda və Cənui Azərbaycanda nümayəndələri və əlaltıları öz statusu və səlahiyyətlərinə baxmadan, bir başa Azərbaycan HÖKUMƏTİNDƏN …..tələb edirlər.

Yenidən mollaların Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cəhd göstərməsi və həmin işə mərkəzin göstərişi ilə Təbriz mollalarının başlamasının səbəbi hələ ki, məlum deyil. Amma bir qədər əvvəl Təbrizin Şiə dünyasının paytaxtı adlandırıldığını nəzərə alsaq, həminin şəhərin Azərbaycan Respublikasına qarşı ideoloji mübarizənin mərkəzi kimi seçildiyini deyə bilərik. Təbriz mollaları onlara göstərilən etimadı doğrultmağa və onların çiyinlərinə yüklənən missiyanı yerinə yetirməyə hazır olduqlarını  nümayiş etdirirlər.

Dini amil ideoloji mübarizə üçün çox əlverişli bəhanədir.İran özünü İslam dininin və bu dinin müqəddəslərinin, müqəddəs dəyərlərinin qoruyucusu hesab edir və bundan lazım gəldikdə bəhanə kimi tez-tez istifadə edir..Ən maraqlısı odur ki, İran İslam dinini müsəlman ölkəsi olan Azərbaycanda müsəlmanlardan qorumaq iddiasındadır.Halbu ki qeyri-müsəlman ölkələrində İslam dini və onun müqəddəs şəxsiyyətləri və dəyərləri açıq şəkildə təhqir olunanda, siyasi mülahizələr səbəbindən ağzına su alıb susur.Ən axırıncı nümunə Hindistanda hakim partiyanın  bir neçə üzvünün(  rəsmi şəxsin) dünyanın gözü qarşısında İslam dini və Məhəmməd peyğəmbəri təhqir etməsi hadisəsi idi.İranda həmin hadisəyə qarşı heç bir rəsmi bəyanat verilmədi, şəhərlərdə etiraz aksiyaları keçirilmədi.Yəni Hindistanın xətri xoş ollsun deyə, Məhəmməd peyğəmbərin belə müdafiəsinə əhalini küçələrə çıxarmadı.

İndi nə oldu ki,İran Təbriz mollalarını guya Azərbaycanda dini müqəddəslərin lazımınca qorunmadığna etiraz etməyə vadar edir .Əslində isə İran Təbriz mollalarının dili ilə Azərbaycanın milli maraqlarına zərbə vuran, Əsas qanununa əməl etməyən, xarici ölkənin maraqlarına xidmət edən ekstremist,radikal islamistləri və onların başçılarından biri olan öz sadiq nökərini  müdafiə edir.İran nəyin müqəddəs, nəyinsə sıradan bir dəyər,daha doğrusu, anti-dəyər olduğunu qəsdən qarışdırır.

Bununla belə, İranın Təbriz mollarının dili ilə Azərbaycandan nə istədiyi hələ ki tam aydın deyil.Amma tezliklə hər şey ortaya çıxacaq.


Вернуться назад