Главная > КУЛЬТУРА > Sevil Kərimova: Sənət zehnimin, ruhumun, həyatımın bir hissəsidir.

Sevil Kərimova: Sənət zehnimin, ruhumun, həyatımın bir hissəsidir.


9-06-2022, 18:22. Разместил: Gulnara.Inanch

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor müşaviri, dosent Sevil Kərimova son zamanlar bir-birindən maraqlı və uğurlu layihələriylə həm universitet, həm də incəsənət həyatının dinamikasına töhfələrini verməkdədir. Onunla sənətşünaslığın hazırkı problemləri, Azərbaycan incəsənətinin inkişaf istiqamətləri və pedaqoji fəaliyyəti haqqında geniş söhbət etdik:

- Sevil xanım, sizin üçün sənət nədir?

- Yalan olar deyim ki, sənət mənimçün hər şeydir. Sənət zehnimin, ruhumun, həyatımın bir hissəsidir. Çünki mən buralara asan yolla gəlməmişəm. Anam pedaqoq-psixoloq, atam isə riyaziyyatçıdır. Özü də ehtimal nəzəriyyəsi kimi ağır bir sahəsi var idi. Yəqin, onlardan mənə təhlilə meyil keçib. Məncə, təhlilə meyil də gec-tez səni sənətə gətirib çıxarır. Mənim həkim, ya tarixçi olmaq şansım vardı. Amma bunların ortaq nöqtəsi kimi sənətşünaslığı seçdim. Bununçün düzgün yol göstərənlər də oldu. Müəllimim Leyla Axundzadə mənə bununla bağlı çox şey izah elədi və anladım ki, sənətşünaslıq ehtimal nəzəriyyəsi qədər çətin sahədir. Ona görə də sənət zehnimin, düşüncəmin bir hissəsidir. Həmçinin, sözsüz ki, o, sənin davranışına, daimi məsuliyyətinə böyük bir iz qoyur. 

Sənətşünaslıq bütün humanitar sahələrin kəsişmə nöqtəsidir. Sənət əsəri varsa, mütləq ona münasibət və bu münasibəti formalaşdıran nəzəri baza var. Bu baxımdan, sənətşünaslıq mübahisəlidir və ayrı-ayrı sahələrinin nümayəndələri heç də hər zaman bir-biriylə uzlaşmaya gələ bilmirlər. Ona görə də mərkəzləşmə mütləqdir. 

- Sənət yolunda özünüzə kimləri ustad hesab edirsiniz?

- Elə şəxsiyyətlər var ki, onlar mənimçün ikondurlar. Bunların arasında tarixi şəxsiyyətlər də var, sənət adamları da. Amma çox uzaqlara getməyi xoşlamıram. Bu yolda ilk müəllimim Leyla Axundzadə olub. Peşəkar və məsuliyyətli sənətşünaslarından biri Telman İbrahimov mənimçün həmin ikonlardan biridir. Çünki Telman müəllim bizə təhlilin, axtarışın dərinliklərini, işin məsuliyyətini, ciddiliyini, sakrallığını öyrətmişdi. Bu gün çox sevinirəm ki, universitetdə onunla birgə çalışıram. Mərhum Hicran Babayeva, elmi rəhbərim Sevil Sadıqova və bütün müəllimlərimi sayğı və sevgiylə yad edirəm. Bilirsinizmi, incəsənətin tarixini öyrənmək digər ixtisaslardan çox fərqlənir. Biz oxuyanda qrupda 6-7 nəfər tələbə olardı. Amma bu gün qruplarda 30-33 nəfər tələbə olur. Onlardan 2 və ya 3 dəyərli sənətşünas çıxsa, bu, bizimçün nəaliyyətdir. Çünki çox spesifik və incə peşədir. 

- Hazırkı Azərbaycan incəsənətini bir sənətşünas kimi dəyərləndirsəniz, necə bir mənzərə yaranar?

- Bu gün çox maraqlı bir dövrdə yaşayırıq. Artıq Azərbaycan müstəqildir və dünyaya açıqdır. Buna görə də çiçəklənmə dövrünü yaşayır. Amma bundan sonrakı mərhələ bir az tərəddüd yaradır. 20 ildən sonra əmin deyiləm ki, fırça anlayışı olacaq. Çünki rəqəmsal dünya sürətlə inkişaf edir və ola bilsin ki, biz də rəqəmsal sənət yaradıb, orada işləyərik. Amma hazırkı mərhələ çox maraqlıdır. İndi 3 ayrı nəsil fəaliyyətdədir ki, birincisi, 1960-70-ci illərdə işləməyə başlayan korifeylərimiz, ikincisi, 80-lərin axırı, 90-cı illərdə fəaliyyətə başlayan orta nəsil, üçüncüsü isə, 30-35 yaşlı gənc rəssamlarımızdır. Sonuncu nəsil artıq müstəqil Azərbaycanda təhsil alan, yaşayıb-yaradan sənətçilərdir. Bu üç nəslin yanaşması tamamilə fərqlidir. 

- Bəs bu üç nəslin toqquşması hansı mənzərəni ortaya çıxarır?

- O mənzərəni gözümüzün qabağında ADMİU yaradır. Çünki universitet elə bir məkandır ki, bütün bu nəsillər istər-istəməz bir akademik sistemdə birləşirlər. Bir proqram çərçivəsində eyni dərsi o üç nəsil fərqli tərzdə deyir. Bu, tələbələrdə də əks olunur. Çox maraqlı və canlı bir prosesdir. Amma universitetdən kənar düşünmürəm ki, bir-birinə təsir edə bilsinlər, bir-birindən qidalansınlar.

- Hazırda Azərbaycan rəssamlığında məktəb problemi nə yerdədir?

- Təəssüf ki, bu, ən böyük problemlərdən biridir. 30 ilə yaxındır ki, rəssamlarımız Türkiyədə işləyirlər, çox ciddi fəaliyyətləri olur. Amma bu 30 ildə orda Azərbaycan məktəbi yaranmayıb. Halbuki, oraya gedən rəssamlarımız ciddi ənənələrlə gediblər və 30 il məktəb yaratmaq üçün kifayət qədər önəmli zamandır. Bunun da fərqli səbəbləri ola bilər. Qrup anlayışı da bizdə yoxdur. İnqilab dövründə və 90-cı illərdə Rusiyada, Türkiyədə nə qədər qruplar yaranır, dağılır, əsasında yeni qruplar formalaşırdı. Azərbaycanda isə 90-cı illərə aid Peykər, Təsdiq və Labirint qruplarını təsnif edirik ki, onların da fəaliyyəti 2000-ci illərdə sönüb. Bu gün sənət tariximizdə qrup da izləyə bilmirik.

- Pedaqoji fəaliyyətiniz necə başladı və necə davam etdi?

- İlk təhsilim tibb olsa da, davam etmədim, çünki sənətşünas olmaq istəyirdim. Amma 1995-ci ildə sənətşünas kimdir, doğrusu, bilmirdim. Sadəcə istiqamət maraqlı gəlirdi. Magistraturanı Rəssamlıq Akademiyasında bitirdim və elə həmin dövrdə kafedradan təklif alaraq orda işləməyə başladım. Onunla yanaşı, İncəsənət Muzeyində işlədim. Əvvəl bələdçi, sonra elmi işçi kimi. Həmişə tələbələrimə də deyirəm ki, bir sənətşünasın ən azından 5 illik muzey təcrübəsi mütləq olmalıdır. Sonra bədii təhsil müəssisəsindən bir müddət uzaqlaşdım, amma pedaqoji fəaliyyətim davam etdi. 2006-cı ildə Azərbaycan Turizm İnstitutu təsis olundu və qürurverici haldır ki, ilkin mərhələdən mən orda işlədim. Orda mədəni turizm, muzey və arxiv ixtisasına incəsənət dərslərini tədris edirdim. 2016-cı ildə öz doğma universitetimizə dəvət aldım. Sözsüz ki, ordan sonra bura gəlmək xüsusi bir fərq idi. Burda nəzəriyyəni daha çox hiss etdim. Konfutsinin dediyi kimi, müəllim nə qocalır, nə ölür. Çünki hər zaman yenilənirsən, axtarışlar aparırsan. Bura mənimçün çox maraqlı və cəlbedicidir. Məncə, dünyanın ən gözəl peşəsi müəllimlikdir. Doğrudan da, insanı ölümsüz edir, qoymur ruhdan düşəsən. Öyrənməyi və öyrətməyi çox sevirəm.

- İlk öyrətdiyiniz nə olur?

- İlkin məqamda başa salmalısan ki, hara gəlmisən, bu universitet digərlərindən fərqlənir. Çünki onlar təcrübəsiz gəlirlər və çoxu elə fikirləşir ki, ən rahat sahə incəsənətdir. Amma biz onlara öyrədirik ki, bu, çox ciddi və məsuliyyət tələb edən elmdir. İlk işim bədii məsuliyyəti öyrətməkdir. 

- Siz həm də müxtəlif layihələrin tərtibçisi, icraçısı kimi diqqət çəkirsiniz. Bu işlərin enerjisi hardan gəlir?

- Enerji həm şəxsi həyatımdan, həm də tələbələrimdən gəlir. Bu gün ADMİU tarixinin yeni bir mərhələsini yaşayır. Beynəlxalq əlaqələrdən tutmuş daxili nizama qədər hər şey dəyişib. Bu da məncə, rəhbərliklə əlaqəlidir. Düzgün istiqamət, səhvləri görüb onları düzəltmək imkanı vermək, həvəsləndirib dəstəkləmək bədii mühit üçün çox mühümdür. Layihələr ondan irəli gəlir ki, biz bütün bu danışdıqlarımızı gözəl şəkildə təqdim edə bilməliyik və universitetimiz bundan da çox tanınmalıdır. Hazırda Azərbaycanın ayrı-ayrı ölkələrlə diplomatik əlaqələrinin yaranmasının 30 illik yubileyinə həsr olunan "Paralel dünyalar" layihəsini həyata keçiririk. Tədbirlərimiz üçün elə ölkələr seçirik ki, onların tarixi, mədəniyyəti bizim akademik proqramda əks olunur. Macarıstan və Yunanıstana aid tədbirlər keçirdik. Üçüncü mayın 31-də İtaliyaya aid olacaq. Çalışırıq ki, İtaliyanı intibah ruhlu edək. Gələn ilə Çini planlaşdırmışıq. Çünki bu tədbirlərimizdə qonaq olan Çin səfirliyi özü təklif etdi ki, onlarla da belə bir tədbir olsun. Düşünürəm ki, sentyabrın 28-i Konfutsinin ad günündə Çinlə birgə tədbir keçirə bilərik. Bu tədris ili üçün layihəmizi qardaş ölkə Türkiyə yekunlaşdıracaq. Yunus Əmrə İnstitutu və Türkiyə səfirliyiylə birgə çox gözəl tədbir planlaşdırırıq.

- Bu günlərdə Ağdamdan qayıtdınız. Bu, sizin azad olunmuş torpaqlara ilk səfəriniz idi?

- Bəli. Bu mövzu mənimçün çox həssasdır. Çünki 90-cı illərdə yetkin yaşda idim və hər şey gözüm önündə baş verirdi. Heç vaxt "Qarabağı itirmişik" deyə bilmirdim. Sadəcə müharibədə müəyyən səbəblərdən qazana bilməmişdik. Qələbədən sonra isə ora gedə bilmirdim. O uşaqların qanı mənimçün hələ isti idi. Bu günlərdə Ağdamda keçirilən tədbir sufiliyin böyük nümayəndəsi Həmzə Nigariyə həsr olunmuş beşinci konfrans idi. İlk dəfə idi bu konfransda iştirak edirdim. Əvvəlki konfranslarda iştirak edən həmkarlarımız Nigari haqda hər şeyi öyrənmişdilər, bir tək torpağını görməmişdilər. O da bu dəfə qismət oldu. 

Ağdamda axırıncı dəfə 5 yaşımda olmuşam. İndi ora girəndə şok keçirdim. Çünki o cür müasir, gözəl şəhər indi xarabazara çevrilib. Amma yenə də istəmirəm Ağdama "ruhlar şəhəri" desinlər. Ağdamın yeri var, tarixi var və orda şəhər yenidən, ən gözəl şəkildə bərpa olunacaq. Hətta bərpa işlərini görəndə insan istəyirdi gedib o işçilərə kömək etsin. Gələcəkdə imkan olsa Qarabağa gedib, orda da mədəniyyətimizə, incəsənətimizə və elmimizə öz töhfələrimi vermək istərəm. Minaların yanında torpaqdan cücərib çıxan çiçəkləri, gülləri görəndə insan qəribə hisslər keçirir. Qəbiristanlıqda çox duyğulandım. Düşünürəm ki, bütün bunları yaşından, cinsindən asılı olmadan, heç bir erməniyə bağışlaya bilmərəm.

- Son olaraq, planlarınızdan danışmaq istərdik. 

- Dediyimiz ki, universitetimiz dünya standartlarına yaxınlaşır. Proqramlarımızda da dünya standartlarını tətbiq edirik. Bu baxımdan, sənətşünaslıq ixtisası üçün bəzi fənlərdə ADMİU ilkdir. Buna görə də planlaşdırıram ki, bu yay bəzi fənlərlə bağlı dərsliklər hazırlayım. ADMİU-nun 2023-cü ildə yubiley ili üçün Türk incəsənətinə dair dərslik, həmçinin, monoqrafiyalar hazırlayıram. Xalq rəssamı Arif Əziz və Əməkdar rəssam Vüqar Əli haqqında monoqrafiyalar yazmağı planlaşdırıram. Eləcə də, sözsüz ki, layihələrimiz, sərgilərimiz davam edəcək. "Şuşa İli" çərçivəsində Xalça Muzeyiylə birgə gözəl bir layihə keçirəcəyik. 

Şahanə MÜŞFİQ

525-ci Qəzet - "Öyrənməyi və öyrətməyi çox sevirəm" - Sevil Kərimova


Вернуться назад