Главная > КУЛЬТУРА > "KİBRİT QUTUSU"

"KİBRİT QUTUSU"


29-05-2022, 09:07. Разместил: Gulnara.Inanch
Təqdim etdi :Nəriman Qasımoğlu.
Cumhuriyyətimizin bayramı günündə, elə bilirəm, Qasım Qasımzadənin aşağıdakı xatirəsini oxumaq da maraqlı olar:
“Ya qırxın qurtaracağı, ya da əllinin əvvəli idi. Hər hansı milli təzahürün "pantürkizm" adı ilə damğalanıb təqiblərə məruz qaldığı, aşkar ruslaşdırmanın "beynəlmiləlçilik" pərdəsi altında zorakılıqla həyata keçirildiyi dövr idi. Fəhlə də, kəndli də, akademik də, yaradıcı ziyalıların çoxu da övladlarının rusca təhsilinə can atır və, beləliklə, Bakıda, digər şəhər və rayon mərkəzlərində də anadilli məktəblər gözümüzün qabağında bir-bir bağlanırdı. Sonralar Əziz Nesinlə bir dəfə Tbilisidə Qalaktion Tabidzenin yubileyində görüşümüz zamanı dediyi kimi, "azərilər öz evlərində də öz sevgililərilə rusca konuşurlar". Təsir əks-təsirə bərabərdir deyiblər. Belə bir axına qarşı gizli də olsa, daşlara çarpılsa da qəlblərdə hiddət qayıqları çırpınmaqda idi.
İndiki kimi yadımdadır, Bəxtiyar Vahabzadə ilə Nizami muzeyinin arxasındakı bağda əyləşib bu barədə dərdləşirdlik. O, çox bədbin halda dedi ki, millət məhv olur, bu gedişlə on beş-iyirmi il ömrü qalıb... Mən daxili bir inamla, qətiyyətlə etiraz etdim, "nə danışırsan – dedim - yaşayacaq, özü də kişi kimi!" O dayanıb diqqətlə üzümə baxdı. Ürəklənən kimi oldu: "Doğrudan deyirsən?! Axı, hardan bilirsən?" Onu bir qədər də ruhlandırmaq üçün dedim bilməsəm demərəm. Qalxıb yolumuza davam etdik. Yerə düşmüş bir kibrit qutusu gözümüzə dəydi. Bəxtiyar dedi: "Bax, o qutunu götürəcəm, əgər içində bircə yanmamış dənəsi olsa sən deyəndi, olmasa mən deyən... " Gülüb dedim: "Götür yoxla". Götürüb açdı. Bütün dənələri öz yerində, yanmamış, işlənməmişdi. Sevincdən qucaqlaşıb öpüşdük. Bəxtiyar "doğrulmuş" ümidimizin şahidi olan həmin kibrit qutusunu, o günlərin əziz yadigarını indi də saxlayır.
 
Mən o illərin arxasında qalan bu epizodu xatırlamaqla şükür edirəm ki, ölmədim, xain imperiya qüvvələri tərəfindən endirilmiş üç rəngli bayrağımızın "kişi kimi yaşayan" millətin cəsur oğullarının əlləri ilə Azadlıq meydanında bir daha ucaldığını gördüm. 1988-ci ildə kükrəyən meydan mitinqlərinin birində üç rəngin məna vəhdətindən yaranmış bu bayraqla ilk dəfə üz-üzə gəldiyim məqam ömrümün ən həyəcanlı, ən bəxtəvər anı idi. Baxışında övlad doğmalığı tapdığım gənci bağrıma basdım. Əlində tutduğu, nənəsinin ipəkdən tikdiyi bayrağı öpüb riqqətli göz yaşlarımla islatdım. Bu, əslində milli ideala qovuşma mərasimi idi. Milyonların əsrlərcə həsrətini çəkdiyi gündü ki, biz nəsil də kamsız qalmadıq... ” Q.Qasımzadə, “Ədəbiyyat” qəzeti, 5 iyun 1992-ci il.

Вернуться назад