Главная > КУЛЬТУРА / РЕЛИГИЯ > "İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət" işıq üzü görüb
"İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət" işıq üzü görüb26-05-2022, 19:26. Разместил: Gulnara.Inanch |
Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, ilahiyyatçı
2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə ilahiyyatçı kadrların hazırlanması işi vüsət kəsb etmişdir. Hərtərəfli düşünən, dövrlə ayaqlaşmağı bacaran, keçmişdən ilham alsa da, hal-hazırla yaşayan, konstruktiv təşəbbüs və fəaliyyətlə seçilən mütərəqqi kadrların hazırlanması müasir çağırışların fonunda zərurətə çevrilmişdir.
İslam dini və fikri ilə əlaqəli sahələrin tədrisi, kitab və jurnalların, dərsliklərin nəşri, əlaqədar tədbirlərin, əməli-tətbiqi məşğələlərin keçirilməsi – bütün bunlar İnstitutda kadr hazırlığının əsas istiqamətlərini əmələ gətirir. Həmçinin Qurani-Kərimi, hədisləri, dini ədəbiyyatı orijinaldan oxumaq, klassik mənbələrə vaqif olmaq üçün tələbələrə ərəb dilinin tədris edilməsi eyniadlı dərsliklərin, ikidilli və izahlı lüğətlərin hazırlanmasını şərtləndirir. Xüsusən dini məfhum və terminlərin doğma dilimizdə qarşılığının verildiyi, yaxud mümkün transliterasiyasının göstərildiyi lüğətlərə ehtiyac böyükdür.
Sovet dövrü ərəb dili lüğətlərinin, hətta Türkiyədə hazırlanmış leksikoqrafik vəsaitlərin əsasında tərcümə məhsulu kimi meydana çıxan ərəbcə-azərbaycanca lüğətlərdə dini leksikaya olduqca məhdud yerin verilməsi, bəzi dini məfhum və terminlərin tərcüməsinin qənaətbəxş olmamağı yeni növ lüğətlərə tələbatı artırmışdır.
Ölkəmizdə bu sahədə hansı isə vəsait hazırlanmadığı üçün, bir tərəfdən, yaranmış leksikoqrafik boşluğu doldurmaq, digər tərəfdən, islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə, islam dini və fikri ilə əlaqəli ədəbiyyatı orijinaldan oxuyan mütəxəssislərə, bu əsərlərin tərcüməsi ilə məşğul olan mütərcimlərə kömək məqsədilə “İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət”i tərtib etmək qərarına gəldik.
Lüğətdə 7100-ə yaxın söz və birləşmənin Azərbaycan dilində mümkün qarşılığının verilməsinə cəhd göstərilir. Buraya Quran və hədis leksikası, surələrin adları, Allahın adları və atributları, quranşünaslıq, hədisşünaslıq, üsulşünaslıq, fiqh, islam fəlsəfəsi, kəlamşünaslıq, təsəvvüf terminləri, İslam tarixi və şəxsiyyətlərlə əlaqəli xüsusi adlar, peyğəmbərlərin adları, yer adları, islam etiqadı və ibadət sisteminə dair anlayışlar və s. daxildir.
Lüğətdə sözlər ərəb əlifbasına uyğun sıralanmışdır. Hər hərfə aid artiklli sözlər və birləşmələr artiklsiz sözlər və birləşmələrdən qabaq əlifba sırası ilə verilmişdir. Leksik korpusun böyük hissəsini Azərbaycan dilində birbaşa tərcüməsi olan sözlər təşkil edir. Birbaşa qarşılığı olmayan sözlərin isə, əvvəlcə, ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, daha sonra hərfi mənası və izahı verilmişdir.
Ümid edirik ki, lüğət təkcə ilahiyyat, islamşünaslıq və dinşünaslıq mütəxəssisləri deyil, həm də müsəlman dini-mədəni və fəlsəfi fikri ilə maraqlananlar üçün faydalı olacaqdır.
Вернуться назад |