Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > Heydər Əliyevə arxalanan gənc azərbaycanlı mütərcim

Heydər Əliyevə arxalanan gənc azərbaycanlı mütərcim


10-05-2022, 17:04. Разместил: Gulnara.Inanch
Nəriman Qasımzadə
Heydər Əliyrevlə bağlı aşağıda paylaşdığım qeydlər Liviyada işlədiyim dövrə dair yazdığım bir yazıdandır:
Heydər Əliyevə arxalanan gənc azərbaycanlı mütərcim
...Bu arada Bakıya bir aylıq məzuniyyətə gəlmişəm. 1981-ci ilin may, yaxud iyun ayıdır. Qasım Qasımzadə yazıçıların Şüvəlan yaradıcılıq evində Heydər Əliyevlə görüşündən mənə söhbət açır. Onun natiqliyindən, "Nə olar, qonşularımız kimi millət yolunda siz də bir yol cızığınızdan çıxın, uzaqbaşı bir partiya töhməti alarsınız, sonra da bu töhməti üstünüzdən silərik gedər" - deyə Azərbaycan yazıçılarını "milli qeyrətə" çağırışlarından danışır. Heydər Əliyevlə şəxsi təmaslarından bəzi epizodları da mənə xatırladır. Azərbaycanın rayonlarına onu səfərləri zamanı müşayiət edərkən aralarında bir neçə dəfə maraqlı söhbətləri olmuşdu və bu söhbətlərin başlıca mövzusu millət məsələsi imiş. Yüksək partiya və dövlət postunu tutan şəxslə bu təmaslarından Qasım müəllim o dərəcədə təsirlənmişdi ki, deyirdi "Heydər Əliyevi qorumaq lazımdır, Moskvada bizi gözügötürməyən o qədər adam var ki..." Şüvəlan yaradıcılıq evində Heydər Əliyevin yazıçılarımıza müraciətlə "Cənubi Azərbaycanda soydaşlarımızın milli-azadlıq mübarizəsinə dəstək üçün biz də üzərimizə düşən işi görməli, cənublu qardaşlarımızı lazımi ədəbiyyatla təmin etməliyik" sözləri də onun şəxsiyyətinə məndə rəğbət oyatmışdı.
Rəğbətimi artıran az müddət sonra Liviyaya qayıtdığımda Qasım müəllimdən aldığım məktub idi. Yazırdı: "…Buradakı hadisə və yenilik Yazıçılar İttifaqının qurultayı oldu. Təəssüf ki, açılışında iştirak edə bilmədim. İkinci gün çıxışlar maraqlı keçdi. Məruzələr o qədər də sanballı deyilmiş. Elçininkini tərifləyirlər. Mənim də bir neçə dəfə adımı çəkibmiş (müsbət mənada). Sənin adın da ərəbcədən yeganə tərcüməçi kimi məruzəyə düşüb, təbrik edirəm. Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün günü, gecə seçki qurtaranadək qurultaydan getmədi. Kaş onun çox böyük müdrikliklə dediyi sözləri, replikaları eşidəydin. Dedi ki, millətin, xalqın mənafeyi yolunda yazıçılar, xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq göstərsinlər. Füzulinin qəbrinin İraqda sökülüb sümüklərinin bir küncə yığılması ilə əlaqədar çox qəzəbli danışdı, dedi ki, orda-burda millətdən danışırsınız, ancaq işə gələndə fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə xalq şairi və yazıçısının adını çəkir - N.Q.). Hamıda böyük ruh yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən də ehtirasla danışdı…"
Məzuniyyətdən Liviyaya qayıtdığım gün H.Əliyevə dair Bakıda eşitdiklərimi mənimlə çalışan azərbaycanlı tərcüməçilərə danışıram. Tərcüməçilərdən biri mənim kurs yoldaşım A. idi. Atası, sonralar özü də DTK zabiti olan A. hazırda təqaüddədir. Mən H.Əliyevlə bağlı xoş təəssüratlarımı, o isə özü ilə H.Əliyevin portretini gətiribmiş Liviyaya. Ondan həmin portreti alıb surətini çıxardıram. Belə qərarlaşırıq ki, tərcüməçilərin mənim də əyləşdiyim otağında stolumun başı üstündə həmin portreti divara vuraq. Uşaqlara deyirəm:
- "Dayday" (Təhlükəsizlik xidmətinin əməkdaşını öz aramızda belə çağırırdıq) da qoy öz payını götürsün, bizi arxasız bilib yeri gəldi-gəlmədi ilişməsin bizə.
H.Əliyevin portretini vururam ofisdəki otağımızın divarına. Otağa girib-çıxanlar portretə baxıb susurlar. Ancaq fərqindəyəm ki, bu qədər Politbüro üzvləri arasında yalnız onun şəklinin otağımızda olmasını milli təəssübkeşlik kimi dəyərləndirməyə də bilməzlər. Otağımıza ara-sıra baş çəkən "dayday" da portreti narazı-narazı süzür, amma heç nə demir. Uşaqlara göz vururam ki, baxın "dayday"ı belə oturdarlar yerində. Nə deyə bilər, hünəridir Politbüro üzvlüyünə namizədin şəklinə etiraz etsin.
Bir neçə gün keçir. Səhər işə gələndə görürük portret yerində deyil, çıxarıblar. Olsun. Surəti ki, var, təzəsini vurarıq. Yenə çıxarırlar. Yenə də vururuq, yenə də gizlicə çıxarırlar. Bilirik "dayday"ın işidir. Məsləhət görürəm H.Əliyevə qısqanmasınlar deyə portretinin yanında Brejnevinkini də vuraq, bəlkə belədə sakitləşələr, portretə toxunmazlar. Edirik və ertəsi gün qarşılaşdığımız bu olur ki, H.Əliyevin portretini çıxarıblar, Brejnevin portreti isə yerindədir. Uşaqlar zarafatla:
- Hünərin var indi sən də Brejnevin portretini çıxar.
- Narahat olmayın, Brejnevin portretini divara mismarlamamışıq, skoçla vurmuşuq, mane olmayaq, bir müddətdən sonra özü düşəcək... İradəmizi dolayısı ilə olsa da, ifadə edə bildik, bu qədər də kifayət edər, - deyə özümə də, dostlarıma da təskinlik verirəm.
…"Dayday" da ki, əleyhimizə kompromat toplamağındadır. Bir səhər işə gecikmişəm. Tapşırıqların öhdəsindən yaxşı gəlirəm deyə irad tutan da yox. Günorta fasiləsindən sonra deyirlər Oleq Davıdov gəlib Moskvadan, səninlə görüşmək istəyir. Oleq Dmitriyeviç o zaman "Atomenerqoeksport"un rəhbərlərindən biri idi. Sonralar Yeltsinin hakimiyyəti dövründə Rusiyanın Xarici İqtisadi Əlaqələr Naziri işlədi.
Görüşürük. İşə nə səbəbə gecikdiyimi soruşur. Hiss edirəm, soruşmağında bir ciddilik yox, bilirəm, mənə qarşı rəğbətlidir, haqqımda hər zaman xoş danışan da çox zaman odur. Amma təəccüb qalıram nə əcəb ondan, məni qınayırmış kimi sorğuya tutub?!
- Yuxuya qalmışam, axşam işdən sonra karate məşqlərim olub, yorğun yatmışam, - deyə izahat verirəm.
Deyəsən karate söhbəti maraqlandırıb onu:
- Karate ilə niyə məşğul olursan?
Zarafata salıram:
- Karate ilə məşğul oluram ki, yeri gələndə kiməsə qarşı istifadə edə bilim.
- Axı kimə qarşı? Ümid edirəm özümüzünkülərə qarşı olmaz, yadların əleyhinə olar, - deyib gülümsünür.
- Yox, elə özümüzünkülərin də əleyhinə olar, işə gecikməyimi kim sizə satıbsa, konkret olaraq ona yaxşı bir karate zərbəsi endirərdim, - daydaya söz zərbəsini arxasınca da olsa endirmişəm deyəsən.
İstəyir üzünə ciddi ifadə versin, alınmır:
- Görürəm çox ərköyünsən, sizdə yazıçılar uşaqlarını belə ərköyün böyüdürlər? Kimə belə arxalanırsan?
Cavabım hazırdır, bir qədər də hərbiçi intonasiyası ilə:
- Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyeviçə, - deyirəm.
Məni mənalı-mənalı süzüb mövzunu dəyişir. Aydındır ki, məqsədi heç də məni danlamaq yox, vacib bir iş üçün danışıqları müzakirə etmək imiş. Bir daha mənə çatır ki, Davıdovun da gözündən məni salmaq istəyi "dayday"dan gəlir...

Вернуться назад