Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > 9 May Qələbə günü, yaxud “Dövranın çərxi” düzgün dolanmayanda...

9 May Qələbə günü, yaxud “Dövranın çərxi” düzgün dolanmayanda...


9-05-2022, 12:50. Разместил: Gulnara.Inanch
Solmaz Rüstəmova-Toqidi, professor, tarix elmləri doktoru
9 may 2022-ci il. Faşist Almaniyası üzərində Qələbənin 77-ci ildönümü. Yeniyetmə vaxtımdan tarixə marağım, geniş qiraətim, tarixçi atamla uzun söhbətlərimizin və sözsüz ki, Sovet ideoloji maşınının güclü təbliğatı nəticəsində mənim üçün çox həssas mövzu olan bu hadisəyə bu gün ilk dəfə tamamilə başqa bir rakursda baxıram...
Bütün dünyanın 8 may, Sovet dövlətinin isə guya saat fərqi nəzərə alınmaqla keçmiş 9 mayda qeyd etdiyi Qələbənin möhtəşəmliyi və tarixi əhəmiyyətini yenə də inkar etmirəm, yox. “Sovet ideoloji maşınının güclü təbliğatı” ifadəsini də sırf mənfi anlamda işlətmirəm. Çünki ağıla, məntiqə, insaniyyətə sığmaz fəlakətlər və faciələrlə dolu bu müharibədə qazanılan Qələbənin həqiqi Qiymətini bilirəm! Oxuduğum ən müxtəlif elmi, sənədli, publisistik, bədii ədəbiyytdan, bu müharibə haqqında çəkilən sənədli, bədii filmlərdən, o cümlədən rus -sovet yazıçılarının və sənət adamlarının əsərlərindən. Və bu da danılmazdır ki, realist ya təbliğati məzmunundan, güclü ya zəif səviyyəsindən asılı olmayaraq bütün bu Sovet əsərlərinin kökündə vahid və dəyişməz ideoloji yanaşma - ANTİFAŞİST mahiyyət dururdu. Faşizmin hər hansı formada təzahürünə barışmaz münasibət və nifrət, ümumbəşəri, insani, humanist dəyərlərə rəğbət Sovet ideologiyasının, ədəbiyyatının, incəsənətinin, təbliğatının məhək daşı idi və bizim nəsillərin baxışları, mövqeyi də məhz bu dəyərlər üzərində formalaşmışdı.
 
Sovet dövlətinin və son 10-15 ilə qədər Rusiya Federasiyasının rəsmi ideologiyası da ölkəsinin bu müharibədə iştirakı illərini əsas tutaraq “Böyük Vətən müharibəsi” adlandırdığı savaşdakı Qələbədə bütün Sovet xalqlarının və müttəfiqlərinin rolunu birmənalı təsdiq edirdi. Rusiya Federasiyasının ideoloji-təbliğat aparatının bu Qələbənin nəticələrini tədricən “özəlləşdirməsi” indi diqqət obyektim deyil. Hərçənd bu günün gerçəkliklərinin artıq o proseslərdən güc topldığını yəqin ki, sezməli, görməli və reaksiya verməli idik. Hərçənd başqaları sezirdi də, görürdü də, hətta deyirdi də, amma onlar da bütün bu proseslərin bugünkü Sonluğa gətirəcəyinə İnanmırdı!
Beynəlxalq aləmdə Antifaşist cəbhənin liderlərindən sayılan Sovetlər ölkəsi dağıldıqdan sonra onun bir respublikasının Qələbənin 77-ci ilində həmin müharibənin ən böyük ağırlığını öz ərazilərində və öz xalqının taleyində yaşamış digər respublikaya, özü də qardaş bir xalqa yenidən yaşatması ağlagəlməz, inanılmaz, amma bu günün danılmaz reallığıdır!!!
Rusiyanın “faşizm”, “nasizm” sözləri ilə pərdələnmiş, əsassız, məntiqsiz, riyakar bir bəhanə ilə fərqli dəyərlərə söykənən inkişaf yolu seçmiş müstəqil Ukrayna dövlətçiliyinə və xalqına qarşı başladığı müharibə birmənalı işğalçı müharibədir! Bu müharibənin Ukraynaya və onun 40 milyonluq xalqına vurduğu fiziki və mənəvi zərərlərə toxunmadan mövzumuzla bağlı bir fikirlə kifayətlənək: İki aydan artıq davam edən, sonu görünməsə də nəticəsi məlum - Rusiyanın artıq məğlub olduğu, Ukraynanın isə hələ udmadığı - bu təcavüzkar müharibə ilə Rusiya Federasiyası Faşizm üzərindəki Qələbədə öz payının üstündən qara bir xətt çəkdi. Rus xalqının öz qanları, fədakarlıqları ilə o Qələbəni mümkün etmiş insanlarının xidmətlərini danmadan, bununla belə, böyük təəssüflə qeyd etməliyik ki, bu gün dinc Ukrayna xalqının verdiyi qurbanlara, çəkdiyi məşəqqətlərə, dağıdılan şəhər və kəndlərinə, qəhrəman Ukrayna ordusunun itkilərinə, eləcə də bu cinayətkar müharibədə həlak olan rus gənclərinin yaşanmayan həyatlarına görə müasir rus xalqı da öz rəhbərliyi və ordusu ilə birgə kollektiv məsuliyyət daşıyır. Və təbii ki, cavab verməli olacaq!
Amma bu məqam digər keçmiş Sovet xalqlarının, o cümlədən Azərbaycanın II dünya savaşında qazanılan Qələbədəki yerinə və roluna qətiyyən kölgə sala bilməz. Odur ki, həmin savaşda həyatlarını itirmiş bütün hərbçilərimizin, eləcə də müharibədən sonra şərəfli ömür sürərək dünyanı tərk etmiş müharibə veteranlarının və arxa cəbhə qəhrəmanlarının xatirəsini hörmətlə yad edir, sayları ildən-ilə azalan müharibə iştirakçılarına sağlam və layiqli həyat arzulayıram.
Yazını burada yəqin ki, bitirmək olardı. Xüsusilə son dövrdə həyatımıza daxil olan öz Vətən müharibəmiz və bu müharibədə qazanılan Qələbədə verdiyimiz şəhidlər kimi yeni, yeri hələ heç közərməmiş bir yaramız olduğu zamanda. Amma bir təsadüfi tanışlıq xalqımızın Sovet anlamında “Böyük Vətən” müharibəsinin və özümüzün Vətən müharibəmizin hərb meydanlarında göstərdikləri igidliklərdə bir Varislik ənənəsi və Qanunauyğunluq olduğunu bir daha mənə anlatdı!
Bir müddət əvvəl kompüterimdə yaranan problemlərlə bağlı mənzilimə gələn İlham adlı bir mütəxəssis tarixçi olduğumu bilib bir qohumunda əfsanəvi partizan Mehdi Hüseynzadənin öz əli ilə xatirə yazısı olan şəklinin saxlanıldığını söylədi. Təbii ki, tədqiqatçı marağım güc gəldi, həmin qohumla – Mehdi Əlibəyli adlı bir ağsaqqalımızla dərhal telefon əlaqəsi yaratdıq, az sonra Mehdi bəy sözü gedən şəklin, arxasındakı yazısı ilə birlikdə telefon surətini mənə göndərdi! Sənədin orijinal olduğuna şübhə yox idi. Elə həmin söhbətin gedişində Mehdi bəy belə bir tarixi sənədi evdə saxlamaqdansa arxivə vermək haqda təklifim üzərində düşünəcəyini əvvəlcə vəd, sonda isə qəbul etdi.
Qalanı, necə deyərlər, artıq texniki məsələlər idi. Bakı camaatının həm məşhur zərgər, həm də Niyazi və Rafiq Babayevin rəhbərlik etdikləri orkestrlərdə klarnet - saksafon ustası kimi yaxşı tanıdığı, çox koloritli və maraqlı bir insan olan Mehdi Əlibəyli ilə onun ofisində şəxsən tanış olduq və o, Mehdi Hüseynzadənin sözü gedən orijinal şəklindən başqa bir fotosunu və daha bir maraqlı sənədi – 1935-ci ilə aid teatr afişasını mənə təqdim etdi. Milli Azərbaycan tarixi muzeyinin rəhbərliyinin - akademik Nailə xanım Vəlixanlı və icraçı direktor Fərhad Cabbarovun artıq bizi gözlədiklərini bildirsəm də Mehdi bəy üzürlü səbəb göstərərək mənimlə birlikdə muzeyə gəlmədi. Beləliklə, yeni sənədlərin rəsmən, onların “sahibi” tərəfindən muzeyə təqdim olunması mərasimi baş tutmadı. Amma mən sənədləri Muzeyə təhvil verərkən qərarlaşdıq ki, hər halda bu mərasimi yerinə yetirək, mümkündür ki, kiçik bir tədbir də keçirək. 
İndi isə həmin şəkillərin qısa tarixçəsi və əhəmiyyəti haqqında. Sözü gedən sənədlər Mehdi Əlizadənin atası Əli Dadaş oğlu Əliyevə, 1930-50-ci illərin əvvəllərində Bakının ədəbi-mədəni mühitində və mətbuatında Əli Rövşən kimi tanınan istedadlı şair, həvəskar dramaturqa mənsub olub. 1952-ci ilin aprelində öz əli ilə yazdığı tərcümeyi-halından aydın olur ki, Əli Əliyev 1915-ci ildə Bakı şəhərində “rəncbər” ailəsində dünyaya gəlib, orta məktəbi, daha sonra Dənizçilik texnikumunu bitirib. Lakin ədəbiyyata həvəsi onu 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə gətirib. Həmin illərdə gənc həvəskar şairin artıq dövrü mətbuatda lirik şerləri, qəzəlləri, felyetonları dərc olunub, “Şir və dovşanlar” adlı təmsillər kitabçası çıxıb. Eləcə də “Fəlakət” adlı pyesi Azərbaycan yazıçılar Birliyinin Repertuar şöbəsi tərəfindən təsdiq edilərək Sürücülər klubunda tamaşaya qoyulub. İnstitutda oxuya-oxuya orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyən Əli Rövşən az sonra, ordu sıralarında xidmətə çağırıldığından təhsili yarımçıq qalıb.
Tərcümeyi-halında bu haqda yazmasa da orduda xidmət dövründə 24 yaşlı gəncin həyatına Müharibə daxil olub. 1939-cu ildə Sovet İttifaqının Finlandiyaya hücumu ilə başlanan Sovet-Fin müharibəsinin iştirakçısı olan Əli döyüşlərin birində ağır yaralanıb, həm də ciddi beyin travması- kontuziya alaraq ordudan tərxis olunub və 1941-1945-ci illər müharibəsinə çağırılmayıb. Amma özünün ən yaxın uşaqlıq dostu Mehdini bu müharibəyə yola salıb.
Novxanı bağlarındakı qonşuluqdan bağlanan, özü kimi incəqəlbli şair, rəssam Mehdi Hüseynzadəni. Sonralar “Mixaylo” adı ilə məşhurlaşacaq həmin Mehdinin qəhrəmanlıq dolu döyüş tarixçəsi məlumdur. Amma Əli bu “Mixaylo” əhvalatından xəbər tutmayacaq. Müharibədən qayıtmayan dostuna vəfasını yeganə övladına Mehdi adı verməklə və xatirəsinə şerlər həsr etməklə bildirəcək. Müharibə bitəcək, həyat öz axarına düşəcək, Əli müəllim işləyəcək, dövrü mətbuatda ara-sıra şerlər, məqalələr dərc etdirəcək, sevdiyi təmsil janrında yazdığı əsərlərini dost məclislərində oxuyacaq. Lakin 1952-ci ilin oktyabrında, bir şair-tənqidçi tanışı onun bəzi əlyazmasını götürüb gedəndən 8 saat sonra birdən-birə xüsusi xidmət orqanlardan bir neçə nəfər evlərinə gəlib axtarış edəcək, qalan əlyazmalarını və Əlini də özləri ilə aparacaqlar. Bir həftə sonra isə nigarançılıqdan üzülən ailəyə Əlinin filan xəstəxanaya köçürüldüyünü və ona baş çəkə biləcəklərini xəbər verəcəklər. “NKVD-nin qonağı” olduğu müddətdə Əlinin hansı ittihamlarla döyüldüyü və məhz bu zaman aldığı xəsarətlərə onsuz da yaralı bədəninin tab gətirmədiyi bəlli olsa da, ailə və qohumları bu haqda bir kəlmə danışmayacaqlar. Çünki Əli bir neçə gündən sonra 37 yaşında həyatını itirəcək və bu sirri bəlkə də özü ilə aparacaq. 
Fin müharibəsinin od-alovundan yaralı da olsa sağ çıxmış Əlinin bu gözlənilməz faciəli ölümündən çoxları sarsılacaq, o cümlədən Mehdi Hüseynzadənin bacıları. Uşaqlıqdan tanıdıqları və öz nakam qardaşlarının az qala əvəzi bildikləri bu istiqanlı insanın belə sonluğundan təsirlənən Şura-Hürriyyət xanım Mehdinin 1939-cu ildə, yəqin ki, rəssamlıq məktəbində təhsil aldığı Leninqraddan ona göndərdiyi şəklini Əlinin xanımına və kiçik oğluna yadigar verəcək, belə ki, bu məktubda Mehdi Əlinin adını çəkir və onu bacısına tapşırırdı.
Bu şəkil yalnız Mehdi Hüseynzadədən daha bir xatirə, eləcə də onun vasitəsilə daha bir müharibə iştirakçısı soydaşımızın acı taleyi ilə tanışlığa vasitə olması ilə qiymətli deyil. Şəklinin arxasına Mehdinin öz əli ilə yazdığı bu kiçik məktub 30-40-cı illər Azərbaycan gəncliyinin tale ilə bağlı düşüncələri və hissiyyatı, dostluğa sədaqəti və ümumi əhvalı haqda maraqlı təəssürat yaradır:
“Bacım Şura (Hüriyyət) və anam,
Bəxtin növləri var, hərgah elə düşən pis bəxtdən mənə rast gəlsə, bu şəkli yadigar saxla, yox dövranımızın çərxi düzgün dolansa, onda yenə gəncliyimdən yadigardır. Dərsinə yaxşı bax, bibini, Aqşini, bacını, ƏLİNİ həddindən artıq sev. Mənə isə könlün istəyəndə bir kağız yaz.
13.X. 39
Qardaşın Mehdi”
Qəlbi böyük arzularla döyünən, istedadını təsdiq etmək üçün qarşısında böyük imkanlar açılan 21 yaşlı bir gənc sanki sövq-təbi ilə həyatının hər halda bəxtdən asılı olduğunu düşünür. “Pis” bəxti mümkün sayır, amma “dövranın çərxinin düzgün dolanacağına” da ümid edir.
Lakin həqiqətmi bəxti “pis” gətirdi, ya “dövranın çərxi” hər halda düzgün dolanmadı... Amma sonda Mehdinin taleyini “bəxt”, “dövranın çərxi” adı ilə MÜHARİBƏ həll etdi. Mehdi kimi özlərinə tamam başqa gələcək arzulayan milyonlarla gəncin taleyi kimi... Əli Rövşən də dostunun bu taleyini bölüşən bir gənc idi... Müharibə onun həyatına Mehdidən də tez daxil olmuş, sağlamlığına böyük zədə vurmuş, müharibədən sonra ölkədə başlayan yeni repressiya dalğaları isə Müharibənin bitirə bilmədiyi işi başa çatdırmışdı. 
Ən acınacaqlısı isə odur ki, bu gün həmin Müharibə yenə başqa torpaqda, başqa xalqa qarşı davam edir. Bu günkü müharibəni başlayan ölkə vaxtilə gənc Əli Rövşəni qonşu ölkənin ərazisində vuruşa göndərmişdi və son nəticədə nəhəng bir dövlət olaraq çox kiçik qonşusuna uduzmuşdu.
Mehdi Hüseynzadənin müharibə taleyi isə daha ibrətamiz nümunə verir. Əsir düşdükdən sonra yəqin ki, ən əvvəl həyatını qorumaq üçün faşist Almaniyası tərəfində vuruşan Azərbaycan Legionuna üzv olsa da, Mehdi, bu müharibənin işğalçı mahiyyətini anlamamış deyildi. Görünür legionerlərin “Azərbaycanın müstəqilliyi uğrunda vuruşmaq” kimi motivasiyası hər halda onu tam təmin etməmişdi... Görən M.Ə. Rəsulzadənin Azərbaycan legionerləri ilə görüşdə dediyi “Azad ölkələri və xalqlarını kölə edən bir rejim kölə ölkəyə və xalqa azadlıq verə bilməz...” sözlərini eşitmişdimi?...
İstənilən halda Polşa xalqının faşist Almaniyasına qarşı iki aydan artıq davam edən məşhur “Varşava üsyanının” qan içində boğulmasında iştirakı Azərbaycanlı legionerlərin bu motivasiyasını əsaslandıra bilməzdi. Və Mehdi Hüseynzadə öz seçimini etmişdi. Cəbhəsini dəyişərək silahını və bütün şücaətini Faşizmə qarşı mübarizəyə yönəltmişdi. Və Qəhrəman kimi Qalib gəlmişdi.
Bu gün Faşizmin “Raşizm” adında təzahür edən cərəyanı da sonda məğlubiyyətə uğrayacaq.
Müxtəlif tarixi dövrlərdə italyan, alman, erməni, rus faşizminə qarşı vuruşmuş və bu yolda canlarını qurban vermiş əsgər və zabitlərin ruhları şad olsun. Mehdinin və Əlinin timsalında bütün müharibə iştirakçılarının xatirəsini bir daha ehtiramla anaq.
Faşizm keçməyək.
Müharibəyə yox!

Вернуться назад