Главная > КУЛЬТУРА > OXU, GÖZƏL!

OXU, GÖZƏL!


8-04-2022, 18:27. Разместил: Gulnara.Inanch
Сeyran bala
– Neçә çörәk istәyirsәn, ceyran bala? – Çörәksatan qocanın xırda, mehriban gözlәri güldü.
– Üç dәnә, – balaca Şövkәt başını aşağı dikdi. Çörәyi alıb qaça-qaça Mirzə Fәtәlidәki evlәrinә sәmt aldı. Son vaxtlar onu tez-tez belə çağırırdılar. Sən demә, evin içindә öz-özünә oxuduğu “Ceyran bala” mahnısının sәdaları hәrdәnbir açıq pәncәrәdәn süzülüb qonşu evlәrә yayılır, yoldan ötәnlәrin addımlarını yavaşıdırdı.
Bir dәfә o, evdә tək idi. “Qarabağ şikәstәsi”ni zümzümә edә-edә kitablarını yığışdırırdı. Muğam onu elә cәlb elәmişdi ki, dünyadan xәbәrsiz halda zәngulә vururdu. Özünü Xan Şuşinskiyә bәnzәdirdi. Onu yamsılaya-yamsılaya muğamın “Ölürәm...” hissәsindә özünәmәxsus xallar vurdu. Birdәn hәyәtdәn alqışlar eşidildi. Pәncәrәdәn boylananda beş-altı qonşunun , bir neçә tanyımadığı adamın ona baxıb әl çaldıqlarını görәndә qızardı. Mәhәllә uşaqları da onların arasında idi. O, utandığından bir xeyli küçәyә çıxa bilmәdi.
Feyzulla kişi fәhlә olsa da, musiqini sevәn, onu qiymәtlәndirәn adam idi. Arvadı Hökumәnin orkestrdә tar çalmasına da çox adi baxırdı. Hökumә evdә tarını dillәndirәndә hamı әtrafına yığışıb onu dinlәyәrdi. Altı uşağın içindən Әlәkbәrә tar, Paşaya qaval çalmağa mәhәbbәti da onun tarı oyatmışdı. Feyzulla kişinin yaxşı sәsi vardı. Hәrdәn evdә bәrkdәn oxuyardı.
– Bircә arzum var, Şövkәt böyüyәndә gözәl müğәnni olsun, – deyәrdi.
O, hәssas ata qәlbi ilә hiss edirdi ki, Şövkәtin qeyri-adi sәsi var, bu, Allah vergisidir.
1938-ci ildә “Qarabağ şikәstәsi” Şövkәtin ifasında ilk dәfә böyük sәhnәdә – Opera Teatrında sәslәndi. Bәdii özfәaliyyәt kollektivlәrinin baxış müsabiqәsinin yekun konsertindә gәnc qızın oxuduğu muğam Bakının musiqi hәyatında böyük hadisә oldu. O gecә tamaşaçılar üç istedad kәşf etdilәr: Şövkәt Әlәkbәrovanı, Fatma Mehrәliyevanı vә Gülağa Mәmmәdovu.
Bu yeniyetmәlәrin böyük sәnәtә gәlişinә isә Üzeyir bәy, Bülbül, Səid Rüstəmov, Ağasәlim Manaflı kimi qayğıkeşlәr şәrait yaratdılar. Konsertin sәhәrisi Şövkәt Әlәkbәrova Üzeyir Hacybәyovun dəvәti ilә filarmoniyanın xorunda solist kimi çıxış etmәyә başladı.
Nolar, ağlamayın...
Tehranın teatr salonlarından birinin hәndәvәrindә sәhәrdәn tünlük idi. Adamlar dәstә-dәstә toplaşıb nәyi isә müzakirә edirdilәr. Bayaqdan otelin pәncәrәsindәn aşağını seyr edәn Şövkət dә bilmәyib aşağı düşdü. Yanından ötәn gәnc qızdan xәbәr aldı:
– Xeyir ola, camaat bura niyә yığışıb?
– Axşam Azәrbaycan maralının konserti olacaq, – qızın şirin cәnub lәhcәsi vardı.
– O kimdir elә? – Özünü bilmәmәzliyә vurdu.
– Şövkәtdir dә, tanımırsan? – qız məzəli halda cavab verdi.
Şövkәt saata baxdı: konsertin başlanmasına düz yeddi saat qalırdı.
... Axşam konsert salonunda iynә atsaydın, yerә düşmәzdi. Cәrgәlәrin araları da adamla dolu idi.
Onun hәr mahnısı gurultulu alqışlarla qarşılanırdı. Birdәn kimsә:
– Bir ‘Qatar” oxusana... – deyә sәslәndi. Yerdәn bu fikri müdafiә etdilәr.
Şövkәt “Qatar”ı başladı, nә başladı. Bir xallar vurdu, bir zәngulәlәr ötdü! Әl çalan kim, “Sәsinә qurban olum”, – deyә qışqıran kim, müğәnninin üstünә gül yağdıran kim. Şövkәt oxuya bilmirdi. Onu tamaşaçıların göz yaşları kövrәltmişdi. Qәhәrini heç cür boğa bilmirdi. Zalı sakitlәşdirmәk istәdi:
– Nolar, ağlamayın, oxuya bilmirәm, – dedi vә sәsi qırıldı. Lakin zal sakitlәşә bilmirdi. O gün dә, sonrakı günlәr dә Cәnubi Azәrbaycanın şәhәrlәrindәn axışıb Tehrana gәlәn minlәrlә tamaşaçı üçün Şövkәt parçalanmış Vәtәnin bir rәmzi idi.
Toyxanada oxumuram
Qapıda yaşlı bir qadın dayanmışdyı. Sözlü adama oxşayırdı.
– Keçin içәri, – deyә Şövkәt onu evә dəvәt elәdi.
Qadın stulda oturub çәkinә-çәkinә sözә başladı:
– Şövkәt xanım, şәnbә günü oğlumun toyudur. İstәyirik sizi dəvәt edәk.
– Mәn toyxana müğәnnisi deyilәm, bacı. – O, bacardığı qәdәr mülayim danışmağa çalışdı.
– Xәrci nә qәdәrdirsә, deyin, – qadın şaşırdı.
– Xәrc söhbәti deyil, mәn ancaq sәhnәdә oxuyuram. – Bu sözlәri bir qәdәr sәrt dedi.
Qadın heç nә demәyib qapıya yollandı. Çıxarkәn:
– Xәtrinizә dәydimsә, bağışlayın, – dedi. Sonra isә әlavә elәdi:
– Yoldaşımla әhd elәmişdik ki, uşağın toyuna sizi dәvәt edәk.
Son sözlәr Şövkәti kövrәltdi.
– Ünvanı söylә, bacı, – dedi.
Toyda Şövkәt xanım:
– Mәn Hәlimә xanımın rәfiqәsiyәm, oğlunun toyunu tәbrik etmәyә gәlmişәm – deyib içәri keçdi.
Bircә anın içindә toyxanada canlanma yarandı. Belә bir qonağın gәlişi әsl bayram idi. Bәylә gəlinin, qonaqların üzündәn bәxtiyarlıq yağırdı. Hәlimә minnәtdarlıq dolu gözlәrini müğәnnidәn ayıra bilmirdi.
“Oyadar xәlqi әfqanım”
Dünyanın bәlkә dә әn gözәl, әn әzablı sevgisi haqqında әn gözəl mahnı gecәnin qaranlığına hәzin bir kәdәr gәtirirdi. Cahangir Cahangirovun “Füzuli” kantatasından “Mәni candan usandırdı” hissәsini müğәnni elә ürәkdәn, elә yana-yana oxuyurdu ki, elə bil Füzuli yanğısı onun qәlbindәn, içindәn, duyğularından, narahat hәyatından keçirdi. İliyә işlәyәn bu doğma sәsin içindә әrimәk, onun melodiyasına qәrq olmaq, onun tilsiminә düşmәk, adi, dünyәvi qayğılardan uzaqlaşıb sevdanın әzablı şirinliyinә dalmaq necә dә gözәl idi.
Şövkәt Әlәkbәrova ekranda oxuyurdu. İllәrin sәrt, amansız külәyi onu çox dәyişmişdi, gәncliyini әlindәn almışdı, amma sәsinә gücü çatmamışdı. Heç kәsә bәnzәmәyәn, min sәsin içindәn asanlıqla seçilәn sәsi on il, iyirmi il әvvәlki kimi mәlahәtli, ürәyәyatımlı idi. Sәs hәmin sәs idi, amma müğәnni hәmin deyildi. Ona baxa-baxa bəzi adamların insafsızcasına dediyi “Artistlәrin nә dәrdi var? Ömrü boyu çalıb-oxuyurlar. Hәmişә cavandırlar” – sözlәrinin soyuqluğunu hiss edirdim. Ömrü boyu gözəlliyini, təravətini, səhnə mədəniyyətini qoruyub saxlamış böyük müğənnini övlad dərdi – həyatdan vaxtsız getmiş qızının dərdi necə də dəyişmişdi. Bu dərd onun həyat eşqini əlindən alsa da, musiqi dili ilə qəlbindəki həyəcanları dinləyicilərə çatdırmaq şövqünə gücü çatmamışdı.
Onun məktəbi
Şövkәt Әlәkbәrova Azәrbaycan xalq artisti adına 1959-cu ildә layiq görülüb. Lakin xalqın istəkli müğәnnisi olduğunu o, bu ad olmadan da sübut edib. Әlli ildәn artıq müddәt әrzindә oxuduğu “Kürdün gözәli", “Gül açdı”, “Qaragöz”, “Yar gәldi”, “Yaxan düymәlә” kimi xalq mahnıları ilә o, Azәrbaycanı ev-ev, qәlb- qәlb gәzib. Onun “Qatar”ı, “Segah”ı, “Qarabağ şikәstәsi”, “Şahnaz”ı ürәklәri fәth edib. Dodağından süzülәn “Dәrәlәr”, “Ağ çiçәk”, “Bir könül sındırmışam” kimi mahnılar elә sәnәtkarlıqla ifa olunub ki, başqa müğәnnilәr onları oxumağa ürәk elәmәyib.
Onun böyüklüyünü, sәsinin gözәlliyini dövrümüzün bütün görkәmli sәnәtkarları etiraf edib. Rübabә Muradova ona nәvazişlә “Mәnim böyük müğәnnim” deyә müraciәt edәrdi. Bu, elә-belә, gәlişi gözәl sözlәr deyildi. Sәnәt yoldaşlarına qarşı hәddindәn artıq tәlәbkar, hәtta qısqanc olan Rübabә xanım onun böyüklüyünü qәbul etmişdi. “Leyli vә Mәcnun” operasında oynanılmış Leylilәrin әn gözәl, әn mәharәtli ifaçısı kimi ad qoyub getmiş müğәnni sağlığında deyәrdi:
– Bu rolu bircә Şövkәtә güzәştә gedәrәm. Bilirәm ki, ona çatmaq asan olmayacaq.
Lakin onun xoşbәxtliyindәn Şövkәt Әlәkbәrova opera teatrında çıxış etmәk barәdә uzun illәr boyu ona edilәn bütün tәkliflәri rәdd etdi.
O, böyük bir mәktәb yaradıb. Professional ifaçılıq vә yüksәk sәhnә mәdәniyyәti mәktәbi. Dәbdәbәli paltarlarını nümayiş etdirәn, sәhnәdә әzilib-büzülәn, qol tutub oynayan, yaşına yaraşmayan hәrәkәtlәr edәn müğәnnilәrdәn onun fәrqi onda olub ki, tәbii gözәlliyi, sadәliyi vә әfsunedici sәsi ilә tamaşaçı qazanıb. Oxuyanda yalnız lirik Mәni, mahnının obrazı, musiqinin melodiyalılığı haqqında düşünüb. Onun yaradıcılığı Azәrbaycan mahnı sәnәtinin 50 illik salnamәsidir. Oxuduğu yüzlәrcә mahnı, muğam, tәsnif vә romanslarla musiqimizi zәnginlәşdirib, ona öz tәkrarolunmaz, unudulmaz töhfәlәrini verib.
Hәr dәfә onun sәsi eşidilәndә, gözәl ifası sәslәnәndә, dodaqlarımıza tәbәssüm qonur. “Oxu, gözәl”, – deyә qeyri-ixtiyari pıçıldayırıq. O da oxuyur. Elә bil Sәmәd Vurğunla Sәid Rüstəmov bu mahnını Azәrbaycan gözәli Şövkәt Әlәkbәrovanı nәzәrdә tutub yazıblar.
Oxu gözәl, oxu gözәl, qoy sәsin,
Ürәyimdә kaman kimi titrәsin.
Sәdaqәt Kәrimova,
“Azərbaycan qadını”, N5, 1997

Вернуться назад