Главная > КУЛЬТУРА > Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)30-03-2022, 19:59. Разместил: Gulnara.Inanch |
Reyhan Mirzəzadə, publisist Çukovski kimi sevimlinin yubileyi əslində rus uşaq ədəbiyyatının əsl bayramına çevrilmişdir. Həmin ədəbiyyatın ki, bu gün o, dünya mədəniyyətinin zəngin kapitalı kimi böyük məhəbbətlə dəyərləndirilir. Çünki bu “kapital”ın nəinki rus, bütün dünyadakı balacaların tərbiyəsində, gələcəyin mükəmməl insanı kimi yetişməsində böyük rolu olmuşdur. Çukovskinin yubileyinə nə hədiyyə edəcəyimi düşünüb, rus uşaq ədəbiyyatının unudulmaz səhifələrini, ürəyimdə və yaddaşımda silinməz izlər qoymuş xatirələrini yenidən vərəqləməklə fəxarət hissi yaşayıram. Lakin öncə dahiləri yada salaq. Yeri gəlmişkən demək lazımdır ki, Belinskinin özünün dahi bir ədəbiyyat tənqidçisi kimi yetişməsinin sirri onun xalqa bağlı olması, xalq ilə birlikdə nəfəs alması idi. Onun yaşayıb yaratdığı dövrdə Rusiyada bir neçə məktəb bitirmiş, elmlərə yiyələnmiş alimlər, professorlar çox idi. Belinski isə yarımçıq qalmış gimnaziya və yenə yarımçıq qalmış ali təhsil görmüş və maddi imkanları çox məhdud olan, cəmisi 37 il ömür sürən, gənc bir jurnalist idi. Bununla belə, Rusiyanın müasir estetik nəzəriyyəsini,elmi tənqidini yaratmaq şərəfi yoxsul jurnalistə nəsib oldu, çünki o, gücünü xalqdan aldı, xalqa arxalandı. Belinski sənətdə xəlqilik anlayışının obyektiv şərtlərini – xalq həyatının doğru- düzgün əks etdirilməsini, realizmi əsas şərt olaraq nəzərdə tutduğu kimi, yaradıcılıq prosesində subyektiv momenti də nəzərdə tutur, başqa sözlə, sənətkarın özünün də ruhən, qəlbən mənsub olduğu xalqa nə qədər bağlı olub –olmamasını da mühüm şərt sayırdı. Sənətkar “ ruhən, təbiəti etibarı ilə xalqa bağlıdırsa, belə bir sənətkar üçün xəlqi olmaqdan asan iş yoxdur”, əksinə, “ əgər siz xalqdan uzaq düşmüsünüzsə, özünüzü nə qədər yorsanız da, xəlqi ola bilməyəcəksiniz... xəlqi olmaq üçün özünü zorlamaq, xəlqi olmaq qabiliyyətindən məhrum olmağın ilk əlamətidir”. Yaradıcılıqda “xəlqi olmaq özü də bir növ istedaddır”. Belə istedadlara nümunə olaraq tənqidçi Krılovu, Puşkini, Qoqolu, Lermantovu göstərirdi. Xəlqiliyi, vətənpərvərliyi ehtirasla təbliğ edən Belinski eyni zamanda dönə- dönə deyirdi ki, həqiqi xəlqilik və vətənpərvərlik heç də insanpərvərlikdən ayrı bir şey deyildir və olmamalıdır, şübhəsiz ki, “ hər bir şüurlu vətəndaşın qəlbində vətən taleyi qayğısı dərin kök salır, hər bir nəcib şəxs özünün vətən ilə qan qohumluğunu, qan yaxınlığını dərindən anlayır, dərk edir... Canlı insan öz ruhunda, öz qəlbində, öz qanında mənsub olduğu cəmiyyətin həyatını gəzdirir; O, cəmiyyətin dərdləri ilə dərdlənir, iztirabları ilə iztirablanır, əzab çəkir; cəmiyyətin sağlamlığı, gümrahlığı ilə şadlanır, gümrahlanır, cəmiyyətin xoşbəxtliyi ilə könül xoşluğu duyur, həm də, özünün xüsusi şəxsi vəziyyətindən asılı olmadan, cəmiyyətin səadətindən fərəhlənir... Vətəndaş gərək insanı məhv etməsin, insan da vətəndaşı məhv etməsin, əks halda birtərəflilik əmələ gələr, birtərəflilik isə məhdudluğun doğma bacısıdır. Öz vətənini sevmək, onda ümumi insanlıq idealının həyata keçməsini görməyi hərarətlə arzu etmək və öz qüvvəsi daxilində bu bəşəri idealı tezliklə həyata keçirməyə səy etmək deməkdir. Əks təqdirdə, məhdud təəssübkeşlik əmələ gələr, elə bir təəssübkeşlik ki, özününkünü sevir, ona görə ki, özününküdür, başqasınınkını görməyə gözü yoxdur, ona görə ki, başqasınındır və özünün eybəcərliyini, mənhusluğunu da çox sevir, ona görə ki, özününküdür... Vətənə məhəbbət gərək insanlığa məhəbbətdən doğsun, necə ki, xüsusi ümiddən doğur”. Görkəmli rus tənqidçisi, ədəbiyyatçısı Vissarion Belinskinin yaradıcılığında uşaq ədəbiyyatının inkişafına xüsusi diqqət vardı: “Kitab bizim zəmanənin həyatıdır. Ona hər kəs, eləcə də - uşaqlar ehtiyac duyurlar. Bütün məsələ onlar üçün kitab seçməkdədir və birinci olaraq biz bu fikirlə razılaşırıq ki, yanlış seçilmiş kitabı oxumaq onlar üçün heç nə oxumamaqdan pis və zərərlidir. Uşaq kitabları - insanların mənəvi sərvət xəzinəsi, insanın tərəqqi yolunda yaratdığı ən qiymətli nəsnədir; onda insanların duyğuları, emosiyaları, yaşantıları ifadəsini tapır. Uşaq ədəbiyyatı ümumi ədəbiyyatın üzvi hissəsidir, lakin o spesifik ədəbiyyatdır. Uşaq ədəbiyyatı balaca uşağın tərbiyəedilmə, şəxsiyyətinin formalaşdırılma vasitəsidir... Uşaqlar nəticə, təsdiq və məntiqi ardıcıllıq tələb etmirlər, onlara surətlər, rənglər və səslər lazımdır.Uşaqlar ideyaları sevmirlər, onlara tarixi rəvayətlər, povestlər, nağıllar və hekayələr lazımdır.” Belinskinin təliminə görə, hələ həyatı anlamayan uşağın beynini mücərrəd ideyalarla doldurmaqdansa, əvvəlcə onları həyata hazırlamaq, sonra mütərəqqi ideyalar aşılamaq gərəkdir. Məxsusi olaraq uşaqlar üçün yazılan kitablar onun ən mühüm tərəflərindən biri olaraq tərbiyə planına daxil olmalıdır. Belinskinin rus uşaq ədəbiyyatında pedaqoji tələbləri – uşağa hörmət, onun fərdi özəlliklərinin inkişaf etdirilməsidir. O, şəxsiyyətin harmonik inkişaf ideyasını müdafiə edirdi. “Tərbiyə uşaqların yaş özəlliklərini nəzərə almalı, onların fiziki və mənəvi imkanlarını inkişaf etdirməli, əxlaqi, vətənpərvərlik hisslərini formalaşdırmalıdır…Tərbiyə - çox böyük işdir; insanın taleyi onunla həll olunur. Tərbiyənin insanın taleyinə, onun dövlətə, yaxınlarına və doğmalarına, özünə münasibətinə mühüm dərəcədə təsiri olduğu haqda çox danışılır. Uşaqlarda hələ erkən yaşlarından insaniliyin ən ilk elementlərindən olan zərifliyi, gözəlliyi duyma hissi inkişaf etdirilməlidir... Onlarda həmçinin gözəl, məhtəşəm olan hər şeyin mənbəyi sayılan estetik hissi inkişaf etdirin, ona görə ki, estetik hissdən məhrum olan adam heyvanlıq dərəcəsində dayanır.Uşaqlar üçün kitablar yüksək bədiilik, estetik, əxlaqi tərbiyə qaynağı olmalıdr”. Uşaq ədəbiyyatı nəzəriyyəsinin inkişafı üçün N.Q.Çernışevski tərəfindən də çox iş görülmüşdür. O qeyd edirdi ki, uşaq yazıçısının müxtəlif yaşlı uşaqların özəlliklərini, onların tələbatını, psixologiyasını dərk etməsi zəruridir. Yadda saxlamaq vacibdir ki, ünvan dəqiq olmalıdır, çünki heç də hər kitaba uşaq ağlının güçü yetməz. “Ədəbiyyat – həyat dərsliyidir”. Bu müddəanı Çernışevski uşaq ədəbiyyatına aid etməklə, onu əvəzedilməz silah sayırdı. Nikolay Dobrolyubovsa çalışırdı ki, uşaq kitabında müəllif mövqeyi və əsərin ayrı-ayrı hissələri arasında vəhdəti tapmaqda, uşaqlar üçün maraqlı və faydalı faktları seçməkdə kömək edə bilən başlıca ideya aydın görünsün. “Ümumi təsvirə ehtiyac yoxdur – uşaqlara müəllifin ümumi mühakimələrinin deyil, canlı duyğularının hopduğu konkret həyat mənzərələri təqdim etmək lazımdır”- deyə Dobrolyubov yazırdı. Qeyd etdiyim kimi, Çukovski N.A.Nekrasov yaradıcılığına xüsusi bir diqqət və doğmalıqla yanaşmışdır. Bu böyük rus şairinin uşaq ədəbiyyatı aləminə gözəl töhfələri mövcuddur. Nekrasov irsində özünəməxsus yer tutan “Baba” poemasını Korney babanın yaradıcılığı ümmanına qovuşan və zəngin tərbiyəvi əhəmiyyəri olan dünyəvi bir əsər kimi yada salmamaq mümkün deyil.Poema Dekabristlər üsyanının motivlərinə həsr olunub: (Əliağa Kürçaylının tərcüməsində. İxtisarla)
Bir gün atasının iş otağında Saşa bir portret gördü nagəhan. Bu bir generaldı gənclik çağında , Saşa atasından sordu: “Atacan, Bu kimi şəklidir, bu kimdir belə?...” -Bu sənin babandır, babandır, bala – Söyləyib başını əydi kədərlə, Üzünü çevirib getdi xəyala. “Bəs niyə görünmür, hardadır babam?” Atası bir cavab verməyir, susur. Nəvə portretə baxır biaram. Qurtarmır uşağın sözü, sorğusu: “Niyə ah çəkirsən, di başa sal sən De görüm ölübdür... ya sağdır baba?” -Böyüyüb hər şeyi Saşa, bilərsən. “Yaxşı...böyüyəndə deyəcəksən ha!..”
“Anacan, babamı tanıyırmısan?”- Oğlan anasından soruşur yenə. -Saşa, tanıyıram. - Güc ilə oğlan Çəkir anasını şəklin önünə. Ana şəklə sarı gəlir könülsüz. “Anacan, babamdan danış mənə sən, De, niyə görmürük onu burda biz, O bizə mehriban deyil bəs nədən? Anacan, əzizim, danışsana bir, Barı iki söz de, babamdan, ana!” -Yox, o, mehribandır, cəsarətlidir, Anca üz veribdir bədbəxtlik ona. Ana sinəsinə əydi başını, Köksünü ötürdü, kəsdi sözünü. Hönkürdü, gözünün tökdü yaşını... Saşa babasına dikib gözünü “Niyə ağlayırsan, anacan, niyə? Bir söz də demirsən, başa sal məni!” -Di bəsdir, Saşacan, gedək gəzməyə, Böyüyüb bilərsən bu vaqeəni...
Hamının üzündə sevinc, səadət, Evdə də qəribə bir canlanma var. Evi səliqəyə salanda xəlvət, Ata da, ana da pıçıldaşırlar. Onların söhbəti necə də şəndir! Oğlan görür bunu, danışmır fəqət. Atası Saşaya üz tutub deyir: -Babanı görərsən oğlum, nəhayət!.. Saşa babasını düşünür ancaq, Gözünə yuxu da getmir haçaqdır. “Görəsən, bu nə vaxt gəlib çıxacaq?..” -Dostum, bilirsənmi, yollar uzaqdır!- Saşa kədərlənir, Saşa darıxır Düşünür: “Cavaba baxın, cavaba!” Günlərin bir günü axır ki, axır Gəlib çıxır evə bu sirli baba.
Qocanı gözlədi hamı səbrlə, O, qayıdıb gəldi doğma diyara. Xeyir-dua verdi hönkürtülərlə Evə, ailəyə qulluqçular. Üstünün tozunu çırpdı kandara, Boynundan çıxardı təntənə ilə Çarmıxa çəkilmiş Allahı, sonra O, xaç çevirərək, söylədi belə: -Mən bu günə qədər qismətim bildim Ömrümün əzablı qəm qubarını. Qocanın önündə oğlu əyildi, Yudu atasının ayaqlarını Saşanın anası gəlib yaxına Daradı babanın bəyaz saçını. Darayıb öpdü də, sonra da ana “Sən də öp!” çağırdı oğlu Saşanı. Baba gəlinini qucdu bir əllə, Bir əllə Saşanın alışıb yanan Üzünü oxşayıb, söylədi belə: -Ah səni, necə də qəşəng balasan!- Saşa babasını süzdü diqqətlə, Gözünü çəkmədi onun üzündən. Birdən qəhər boğdu onu dəhşətlə, Göz yaşı leysan tək axdı gözündən. Sarıldı babaya: “Baba, danış, din, De görüm, hardaydın bəs by günəcən? Bəs hanı, bəs hanı epoletlərin, Bəs niyə geymirsən mundirini sən? Nolub ayağına? Məni sal başa, Əlin yaralanıb? Göstər yaranı...” -Böyüyüb hər şeyi bilərsən, Saşa, Di yaxşı, öp görüm qoca babnı!.. Evdə sevinc, nəşə aşıb-daşıbdır, Elə bil qaçıbdır burdan qəm-kədər. Saşa babasıyla bərk dostlaşıbdır, Hər gün gəzməyə də qoşa gedirlər...
...Payız əkininin sıx qatarına, Hər açan çiçəyə sevinir baba Baş çəkir o, kəndli uşaqlarına, Yeriylə-yurduyla öyünür baba. Onun kəndliylədir sözü, ülfəti O, adət eyləyib buna peşətək. Uzanır onların şirin söhbəti, Baba bu sözləri sonra deyəcək: “Tezliklə işiniz asanlaşacaq, Xalqa nəsib olar azad yaşamaq!” Sonra o, ecazkar gülüşlə gülür, Üzündən, gözündən sevinc süzülür. Onun sevincini kim yarı bölməz, Qəlblərə bir müjdə verildi, nədir! Ah, o təbəssümlər necə müqəddəs, Gülüşlər nə qədər şairanədir!
- Onlara azadlıq verilir artıq- Baba nəvəsinə deyir astadan:- Xalqa nə lazımdır-yalnız azadlıq, Saşa, möcüzələr görmüşəm, inan: Təfriqə üstündə bir ovuc rusu Sürgün elədilər qorxunc bir yerə, Azadlıq verdilər, torpaq, bir də su. Bir il duyulmadan keçdi; bir kərə Gördülər kənd olub bura, çöl nədir! Ora yolu düşdü komissarların, Samanlıq, tövlələr, ərzaq anbarı. Dəmirçixanada döyülür dəmir! Vardır kəndlilərin hər ehtiyatı- Tezliklə tikilər hətta dəyirman, Onlar ovlayırlar meşədən heyvan, Çaylar da bəxş edir balıq sovqatı. Sonra bir il keçdi, gəldilər bir də, Təzə möcüzəylə rastlaşdı onlar: Bir zaman məhsulsuz bu quru yerdə Taxıl biçirdilər indi insanlar. Uşaqlar dəstəylə, evlər qatarla, Qazlar çığrışırdı, itlər hürürdü, Donuzlar burnunu xortultularla Taxta axurlara döyəcləyirdi.
Yarımca əsr də keçməmiş hələ, Nəhəng bir qəsəbə yarandı hətta- İnsan azadlığı, zəhməti belə Möcüzə yarada bilər həyatda! Hamı əliaçıq, hamı xoşsifət! Saşa, donuzlarla doluydu hər yan, Kəndin qabağına etsəydin diqqət, Elə qaz görərdin bir ağaclıqdan; Gözəl becərilir zəmilər orda, Sürülər hesaba gəlməyir, heyrət! Gözəldir orada yaşayanlar da, Ucaboy, həmişə gümrah, xoşsifət. Hər qəpik hesaba alınır deyən! Kəndli də arvadın nazını çəkir: Arvad canlıq geyir bayramda hökmən, Samur dərisini boynuna tikir!
...Seyr etmək bir xalqın fəlakətini Dostum, çox çətindir, ağırdır yaman; Nurlu zəkaların səadətini Görəndə nə qədər şad olur insan. Xalqın yüngülləşib halı nəhayət: Azadlıq sözünü eşidib indi Ağalar kölgəyə çəkilib xəlvət... Bu, bizim zamanda necə çətindi! Görəndə bir ağa malikanəsi Qorxuya düşərdi kəndlinin canı. Gəlir qulağıma qəmli toy səsi, Keşiş nişanladı iki cavanı. Tərslikdən bu zaman dua etməyə Gəlib gəlisayə girdi mülkədar: Söylədi keşişə: “Ərə getməyə, Yaxud evlənməyə kimdən izn var?” Saxlayın bu nişan həngaməsini! Ağayla kim edər hənək, zarafat. Görəydin alçağın əmr etməsini- Bəyi əsgərliyə basdı o saat. Gəlin Qruşanı qulluçuluğa! Kimsə cınqırını çəkmədi bir də!.. Kim dözər, kim dözər belə bir dağa, Kim dözər, kim dözər belə bir dərdə?..
Hələ bu nədir ki? Tək ağa deyil, Çapıb talayırdı hamı hər kəsi- Xalqın damarından qan sorurdu bil, Keşişin, hakimin alçaq dəstəsi. Məmurlar hamısı çapan, talayan, Onların əliylə başlanır qarət, Bəs çapılan kimdir, kimdir talanan?- Yenə də xalq, qoşun, xəzinə, dövlət! Bu yolla çatırlar dövlətə - vara. Bu ona qahmardır, o buna qahmar: Sırtıqlar talayır açıq-aşkara, Qorxaqlar xəlvəti çırpışdırırlar. Vətənin üstündə hökm sürürdü Qaranlıq gecələr, qatı duman, çən. Kimin gözü varsa, - bunu görürdü, Vətənçin yanırdı candan-ürəkdən. Yaltaqlıq, qamçının vıyıltı səsi Boğurdu qulların səsini yenə, Həris vəhşilərin acgöz dəstəsi Yazırdı bir ölüm hökmü vətənə.
Günəş nur saçmayır hər vaxt bəlkə də, Həmişə üzlərə gülmür səadət: Geci var, tezi var-hər bir ölkədə Belə bir növbə də çatır nəhayət,- Qüvvələr birləşsin gərək hər yanda, Mütilik dağılsın gərək kökündən. Bəlalar, əzablar at oynadanda Axır öz sözünü söyləyir vətən. Əgər eldə birlik, başda ağıl var Çatdırar qələbə təntənəsinə. Yox, birdən gəlməyir hasilə bunlar, Bir anın içində qurulmur heç nə,- Sən qalxıb kürsüyə nitq eləməklə, Əsla qızmayacaq qulların canı, Əxlaq dərsi verib söz söyləməklə Ayılda bilməzsən sən küt insanı. Xalqda ki, məzlumluq sifəti vardır- Onun zülm önündə qulağı kardır. Yazıq qarət olan bir məmləkətə! Yazıq geri qalan bir məmləkətə! Qorumaq çətindir zülmü orduyla, Bir də ordu özü o zaman, bala, Ağır yük altında inləyirdi bərk, Xəstə nəfəsini güclə çəkərək...
Soldata rast gəldi baba bu ara, Ona şərab süzüb, hörmət elədi. Onu qardaş kimi öpdü də, sonra Mehriban-mehriban söhbət elədi. -İndi qulluğunuz yüngülləşibdir- Rəislər yumşalıb indi bir qədər... Bizim vaxtımızda görəydiniz bir Yaman vəhşi idi bütün rəislər! Ürəyi dabandan çəkib çıxarmaq O zaman adətə dönmüşü ancaq. Dəridən-qabıqdan çıxsan belə sən, Nöqsan tapacaqdı rəisin hökmən: “Gərək addımını ataydın belə, Amma sən elə bil dirəksən, dirək, Bir nəfəs almağı bilirsən elə...” Gördün?.. Nəfəsini boğasan gərək!
Paraddan narazı qalıbsa əgər Danlayıb söyər də səni o ki, var, Vurub dişlərini ağzından tökər, Cərgə arasıyla yüz dəfə qovar! Təntiyən alayın üstə bağırar, Nərildər, ağzından daşlanar köpük. O vəhşi canavar, qızmış canavar Bir qurban axtarar özünə böyük: “Ənnikli-kirşanlı köpək uşağı! Sizi çürüdərəm silah altında!” Hər kəsin vardısa gözü-qulağı Dinləyib gedirdi fikrə o anda. Daha dəhşətlidir təhqir, söyüşlər, Tüfəng gülləsindən, top mərmisindən... İnsanın vicdanı oyaqsa əgər Barışa bilərmi bunlarla bir dəm?.. “Baba! Sən yadına salırsan deyən Dəhşətli günləri?.. məni sal başa!” -Saşa, vicdanını təmiz saxla sən, Böyüyüb hər şeyi bilərsən, Saşa! Axı uşaq deyil yaşlı adamlar, Qorxaqlar birə-yüz intiqam almaz! Unutma, nə qədər qoca dünya var, Dəfi müşkül olan bəla tapılmaz.
Sonra susdu baba üzündə kədər. Ağarmış başı da köksünə endi. -Eh, nələr olmayıb, dünyada, nələr!.. Dost, yaxşısı budur, dincələk indi, - Çox çəkmir babanın istirahəti Zəhmətsiz yaşaya bilmir bir an da; O, nahara qədər şumlar həyəti, Sonra çəpər hörər vaxtı çatanda, Axşamlar görürsən alıb biz, iynə, Nəsə zirək-zirək tikər, bəndləyər. İşi duyulmadan qurtarsın deyə Çox uzun, kədərli bir nəğmə deyər. Nəvəsi bir kəlmə danışmaz, susar, Masanın yanından getməz uzağa; Babanın dediyi həzin mahnılar, Sirli aləm kimi gələr uşağa...
Oxuyur şanlı bir yürüşdən baba, Oxuyur zəfərli döyüşdən baba; Oxuyur bir xalqdan - azad bir xalqdan, Oxuyur qul olmuş naşad bir xalqdan. Oxuyur kimsəsiz, insansız yerdən, Dəmir qandallardan, dəmir zəncirdən. Mələk gözəllərin görünüşündən, Onların misilsiz nəvazişindən. Oxuyur uzaqda-darda-çətində Onların o solan təravətindən. Qadın ürəyinin məhəbbətindən. Kişinin kişilik dəyanətindən.. Trubetskayadan oxuyur baba, Volkonskayadan oxuyur baba, Oxuyur-ah çəkir bu nəğmələrdə Axır qəlbindəki gizli kədər də... “Baba, yenə oxu!.. Öz nəğməni sən Harda öyrənmisən, əzbərləmisən? Oxu o bəndləri mənə təzədən, Onları anamçün oxuyaram mən. Nəğməndə çəkilən o adlar ki, var Bəzən gecələr də təkrarlayırsan...” -Böyüyüb bilərsən Saşa, vaxt olar Sənə nəql edərəm özüm o zaman: Mən necə öyrəndim bu mahnıları, Kiminlə oxudum, harda, nə vədəə... Saşa məyus-məyus dedi bunları: “Nolar! Öyrəşərəm səbr etməyə də!”
“...Xudaya! Bezdirib bu sözlər məni! Anam-böyüyərsən!-söyləyir elə, Atam da hər axşam, hər məni Böyüyərsən - deyə hey tutur dilə! Babam da bu sözü deyir... Di yetər! Bu da mənim boyum – böyümüşəm mən!.. (Başım masa ilə olub bərabər) Nolar, lap indicə açıb söyləsən!” Öpür babasını, öpür, oxşayır: “Hamınız gizlədir məndən elə bil?” Babanın ürəyi sözə baxmayır, Sanki göyərçindir, o, ürək deyil. “Mənim sözlərimi baba, eşit bir, Bilmək istəyirəm hər şeyi indi!” Baba nəvəsini öpərək deyir: -Bunları anlamaq sənə çətindi. Əzizim, sən hələ oxumalısan! Mən özüm deyərəm hər şeyi sənə, Hələlik güc-qüvvə topla, balacan, Sən açıq göz ilə bax öz dövrənə. Ağıllı balasan, Saşa, sən ancaq Tarixi dərindən öyrənməlisən. Sən xəritəyə də diqqət elə bax. “Babacan, nə qədər gözləyəcəm mən?” -Bax, bir-iki ilə bilərsən, hökmən- Saşa anasını səsləyir bu an: “Anacan! Oxumaq istəyirəm mən!”- Uşaq var səsiylə deyir uzaqdan.
Zaman gəlib keçir. Hər şeyi nə cür- Nə cür var, o cür də oğlan öyrənir. Girib on yaşına, daha böyüyür, Tarix dərsini də yaman öyrənir... Baxıb xəritəyə göstərə bilər Saşa Peterburqu, ya da Çitanı. Böyüklərdən yaxşı sənə nəql elər Rus məişətini, rus həyatını. Kinli səfehlərə nifrət var onda. Ancaq yoxsullara edir mərhəmət. Görüb-eşitdiyi qalır yadında. Baba dilə gəlir:-vaxtdır nəhayət! Qocanın pozulur tez-tez səhhəti, Qoltuq ağacları götürsün gərək... Qəmli vaqeəni-o hekayəti Tezliklə, tezliklə Saşa biləcək.
Korney İvanoviç Çukovski yazdığı şeirlər, hekayələr və nağıllarda azyaşlıların qəlbini zəngin duyğularla aşılamağı ustalıqla bacarmış və bu əsərlər nəşr olunub yayımlandıqca dillər əzbərinə çevrilmişdir. Bu baxımdan onun 1967-ci ildə yazdığı “Gümüş gerb” povesti də səciyyəvi xarakter daşıyır. 85 yaşlı qocaman bir yazıçının qələmindən süzülmüş bu əsər qürub edən bir ömrün sonunda boylanaraq geriyə-baxışları uzaq uşaqlıq illərinə zillənən bir insanın ürəyinin çırpıntılarıdır. Həyatının sonlarında çalınan təntənəli həyat simfoniyası kimi səslənən bu əsər görkəmli yazıçının ruhunda uzun illər boyu daşınmış, cilalanmış, bir qədər də kövrək notlarla zənginləşmiş ülvi hisslərdən yaranmışdır. Əsərdə ana-övlad münasibəti, dostluq, etibar, sədaqət, səmimiyyət, xəyanət və digər bu kimi həyat gerçəkliklərinə uşaq gözü ilə baxan yazıçı, gənc oxuculara həyatın hər üzünü qələmi ilə diqtə etməklə, sanki onları gələcəyə hazırlaşdırır...
Ömrünün son illərində Korney İvanoviç Peredelkinodakı bağça -evində yaşayır. Bura tez-tez uşaqları toplayır, məşhur insanlar; mədəniyyət xadimləri, yazıçı və şairlər, sənətkarlar, plotlar uşaqların qonağı olur. Balacalar belə məclisləri çox sevirlər. Yazıçı hər yay xoşbəxt bayramlar keçirirdi "Salam, yay!" və "Əlvida Yay!"
Yazıçının həyatının son ili olan 1969-cu ildə o, uşaqlar üçün yeni məzəli şeir-tapmacalar yazmağa davam etdi. Həmin ildə yazıçı “Köhnə nağılçının etirafları” silsilə məqalələrində uşaq nağıllarının yaranma tarixini xatırladıb, təhlil edib. Bundan az sonra Çukovskinin kökləri yox oldu.
Korney İvanoviç 1969-cu ilin 28 oktyabrında dünyasını dəyişir. Onu Peredelkino məzarlığında dəfn edirlər. Həyat yoldaşı Mariya ondan 14 il əvvəl, 1955-ci ildə vəfat edir. O, hər gün Mariyanın məzarına gedir, həyatının xoşbəxt anlarını xatırlayardı. Korney Çukovski Azərbaycanda da ən çox oxunan və nəşr olunan yazıçılardan biridir. Onun dilimizə tərcümə olunmuş ilk kitabı Azərbaycanda 1935-ci ildə çap edilmişdir. Çukovski irsinin Azərbaycan oxucuları arasında geniş yayılmasında T.Elçinin və M.Seydzadənin böyük əməyi olmuşdur. Yazıçının daha sonra ardıcıl olaraq Bakıda “Pinti olma”, “Telefon”, “Oğurlanmış günəş”, “Qəmərin dərdi”, “Dolaşıq”, “Doktor Aybolit”, “Qorxunc tarakan”, “Moydadır”, “Fedoranın dərdi”, “Milçək- vizilcək”, “Aybolit” (poemadır) adlı kitabları işıq üzü görmüşdür. “Bilən varmı ki, tanınmış rus sovet yazıçısı Korney Çukovskinin atası Emanuil Levenson Bakıda yaşamış və işləmişdir? Yalnız bu son zamanlar bəlli olub ki, Korney İvanoviçin atası sadəcə Bakıda yaşamış və işləmiş deyil, həm də bizim şəhərdə - Qurd Qapısındakı yəhudi qəbristanlığında dəfn olunmuşdur. Biz qəbristanlığın içərisi ilə dərinlərə getdikcə məzarların tarixçəsi daha irəliki zamanlara gedib çıxır, yazıların oxunaqlığı isə azalır. Zamanın sərt üzünə dözmüş olan yazılar bizi çəkib keçmişlərə aparır. Məzarlığın lap içərilərində - biçilmiş otların az qala dairə əmələ gətirdiyi yeri hər tərəfdən əhatə edən məzarlar dumanlı-çiskinli havanın fonunda xüsusilə sirli və mübhəm görünürdü.
Nəhayət, bizə gərək olan yerə gəlib yetişirik. Köhnəlmiş məzarüstü dəmir lövhəciklərdə adlar gözə dəyir.Soyadlar çətinliklə oxunur. Burada yan-yana üç məzar var. Solda Emanuil Solomonoviçin qızı Henrietta Levenson-Roxlina, ortada Çukovskinin atası, sağda isə onun zövcəsi Klara Levenson uyuyur. Maraq dğuran budur ki, onlar Bakıya nə vaxt gəliblər və burada nə ilə məşğul idilər? Ölüm tarixçəsi güclə sezilir – 1920-ci il. Hər üç məzarı ot basıb, onların sonuncu kərə nə vaxt ziyarət olunduğunu kim bilir. Hər yana səssizlik çöküb, yalnız arabir qarğaların qarıltısı eşidilir. Bura – dünyasını dəyişmiş olanların aramgahıdır.
Onları yaşamağa və günəş işığına can atan kol-kos və otlar və göz işlədikcə uzan məzar cərgələri əhatəyə alıb. Onların hamısının xüsusi olaraq bu şəkildə sıralandığını düşünəndə sənə bir simmetriya duyğusu hakim kəsilir.
Məzarlardan bəziləri gül-çiçəklə bəzədilib, bəzilərində güllər təzədir, amma əksərində soluxub, bəzi məzarlarda qupquru quruyaraq torpağa qarışıb.Boya ilə yazılmış yazıların az qala yarıdan çoxu qismən və ya tamamilə oxunmaz olub, bəziləri isə tamam silinib gedib. Birində sinə daşının üstünü otlar az qala gizlədib, amma oradan səs gəlir. Əyilib baxıram – kor böcəklərdir vızıldaşan.
İndi isə Emanuil Levensonun ömür tarixçəsini və həyatından bəzi maraq doğuran faktlar barədə danışaq.
Bakı yəhudiləri tarixinin bilicilərindən olan Moşe Zilberşteynin (hazırda İsraildə yaşayır) sözlərinə görə, Emanuil Levenson (Levinsonla dəyişik salmamalı) Bakıya hardasa 1890-cı ildə gəlib.
“Buna qədər o, öz qulluqçusu – ukraynalı və ya rus Yekaterina sipovna Krneyçukova ilə vətəndaş nikahında olub. Aydındır ki, XIX yüzildə Rusiya İmperiyasında yəhudilər və pravslavlar arasında nikah yalnız o halda mümkün idi ki, onlardan biri dinini dəyişdirmiş olsun. Buna nə ər razı olub, nə də arvad.
Nikahdan kənar qızı (Mariya) və oğlu (Korney) dğulduqdan sonra Emmanuil həkim Klara Rabinoviç ilə tanış olur. Klara onun soyadını götürsə də, öz soyadını da saxlamışdır. Klara həkimlik dərəcəsini 1881-ci ildə alıb, ixtisası etibaril akuşer və uşaq xəstəlikləri üzrə həkim idi. Klara 1917-ci ildə Bakıda vəfat etmişdir.
Levenson Bakıda 1901-ci ildə “Birinci mətbəə şirkəti”ni təsis edir. Əsas kapital 40 min rubl idi. Lakin bu, şirkətin bakıda ən birinci olması anlamına gəlmir, yəni bu o demək deyildir ki, buna qədər Bakıda mətbəə və ya şirkət olmayıb. Bu sadəcə bir addır, “Birinci” isə adın bir hissəsidir.
Bunu bilmək vacibdir ki, Emmanuil Levensonun Bakıda zavod təsis etdiyi, sovet dönəmində bu müəssisənin “Bakı neft emalı zadodu” (BNZ) adlandığı barədə əfsanə dolaşır. Bu gerçəkdən əfsanədir, çünki müəssisənin əsasını qoyan onunla eyni soyadı daşıyan bir başqasıdır.
Klara və Emmanuilin bir oğlu və bir qızı olub. Oğlu Viktor (Korneyin ata qardaşı) 1890-cı ildə Bakıda doğulmuşdur. Onların qızı (Korney Çukovskinin ata bacısı) Henrietta Levenson 1923-cü ildə Bakıda vəfat edib və Bakının köhnə yəhudi qəbristanlığında dəfn olunmuşdur. Henrietta Mariya Qızlar Gimnaziyasında oxumuş, sonra həkim olmuşdur. Bu bina Niyazi küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişdiyi yerdədir.
Emmanuil Levenson Bakı yəhudi icmasının fəallarından idi. “Yəhudilər arasında maarifi yayan cəmiyyətə” ianələr vermişdir (1913-cü il üzrə ianələrin qeydiyyatı qalıb). 1912-ci ildə Bakı Yəhudi Xeyriyyə Cəmiyyətinə onun verdiyi ianə qeydə alınmışdır. Birinci Dünya savaşı illərində Ukrayna, Belarus və Moldovadan Bakıya çoxlu sayda yəhudi qaçqın axışıb gəlmişdi. Levenson hardasa 1916-cı ildə Bakı yəhudi qaçqınlara yardım komitəsində yer alırdı...
Dahilər necə də gözəl deyib: “Əvvəl çörək, sonra əxlaq”, “Torpaq çörəyi ilə, insan əməyi ilə”, “İşləmək çörək, tənbəllik qıtlıq gətirər”. Bunlar böyük həqiqətdir. İnsanın əsas qidası çörəkdir, bu qidanı heç bir şey əvəz edə bilmir. Çörək – həyat deməkdir, çörək təbiətin müqəddəs nemətidir.Bu müqəddəs nemətə ehtiram dünya xalqlarının həm folklorunda, həm də ədəbiyyatında hərarətlə əksini tapmışdır. Rus uşaq ədəbiyyatında çörək və çörəyə ehtiram hissi çoxsaylı şeir, poema, nağıl və hekayələrdə dönə-dönə tərənnüm olunmuş və olunmaqda davam etməkdədir. Hələ uşaq yaşlarından bərəkətin qədrini bilməyi, onu sevməyi aşılamaq tərbiyənin ilkin şərtlərindəndir.Bu cür əsərlərdən xeyli nümunə göstərmək olar, lakin M.Belaxovanın “Çörək süfrəyə necə gəldi?” kitabında balaca oxuculara bu əziz nemətin süfrəyə gələnədək hansı zəhmət yollarını keçdiyi o qədər maraqlı təsvir olunub ki, bunu təkrar-təkrar oxumaq istəyirsən.Çörəyə çatmaq, bol məhsul yetişdirmək, torpağın bütün tələb olunan qaydalarına əməl etmək özü bir məktəbdir.Bu məktəbin ən ləyaqətli məzunları isə torpağa bağlı olan əməksevər, zəhmətkeş insanlardır. M.Belaxovanın yazdığı kimi: “Biz hər gün çörək yeyirik.Çörəksiz hətta süfrəyə oturmuruq.Çörəksiz yeməyin nə ləzzəti? Çörək yeməsən, doymazsan, çörəksiz heç nəyin dadı olmaz! Ətirli çörəyin qara və ya ağ bir tikəsi adamı tez doydurur, dadlıdır,heç vaxt çiyritmir, usandırmır.Çörək adamlara yaşamaq və işləmək üçün qüvvət verir. Hamı xırçıldayan halqa qoğalı, yumşaq piroqu və kökəni, şirin peçenyeni, ballı qoğalı, suxarını sevir. Bunlar da çörəkdir.Bunların hamısı undan bişirilmişdir. Qədim bir rus məsəli var, deyərlər: “Çörək hər şeyin başıdır”. Çörək var - adamlar toxdur.Çörək yoxdur- aclıq, fəlakət olacaqdır. Çörək - xalqın sərvətidir… …Rus torpağını bütün ömrün boyu piyada gəzib qurtara bilməzsən, qatarla bir neçə aya gəzərsən, hətta təyyarə ilə də çox tez gəzib qurtarmazsan. Bizim zəngin və məhsuldar torpağımız çoxdur. Rusiyanı həmişə taxıl ölkəsi hesab etmişlər.Bizdə bütün taxıl bitkiləri üçün şərait vardır. Bitki çox günəş sevirsə,- çox gözəl, bunun üçün isti rayonlar vardır; uzun sürən və isti yay, mülayim və qısa sürən qış sevirsə,- belə yerlər də çoxdur; əgər istinin çox olmasını xoşlamırsa, - belə yerlər də istədiyin qədərdir… …Köhnə zamanların əlifba kitablarında belə bir şəkil vardır: əkinçi əlində səbət zəmi ilə gedir.Onun ayağında çarıq, başında papaq,əynində beli iplə bağlanmış ağ köynək vardır. Şəklin altında bu sözlər yazılmışdır: “Əkinçi toxum səpməyə çıxmışdır”. Sonra müəllif keçmişdə və müasir qayda ilə toxumun necə səpilməsindən bəhs edib yazır: “…Traktor qabaqda gedir, onun ardınca toxumsəpən maşınlar, düz beş toxumsəpən maşın gedir. Toxumsəpən maşınlar enli, böyükdür, lakin elə hərəkət edirlər ki, bir-birinə mane olmur.Hər bir toxumsəpən maşın torpaqda bir cərgə şırım açır, nov vasitəsilə bu şırımlara toxum atır. Özü toxumu yerə basdırır, üstünü torpaqla örtür… …Çörək süfrəyə gəlməzdən əvvəl buğda və çovdarın başına çox sərgüzəştlər gəlir və onlar cürbəcür şəklə düşür. Dən dəyirmanda bir neçə maşından keçir, bu maşınlar onu zibildən, tozdan və palçıqdan təmizləyir, lazım gəldikdə yuyur da.Sonra dənin nazik qabığını soyub çıxarırlar. Artıq lap təmiz dəni üyütmək üçün maşına verirlər. Bu maşına dən tökürlər, ondan isə un çıxır.Bütün dən üyüdülüb toz halına gətirilir: unu bir də ələkdən keçirdikdən sonra çörək bişirmək olar… …Çörək zavodları və çörəkxanalar gecə-gündüz işləyir. Böyük bir şəhərin əhalisi üçün çörək bişirmək zarafat deyil… …Çörək zavodlarında çörək elə bişir ki, insan əli xəmirə heç dəymir. Adamlar yalnız maşınları idarə edirlər…” Mən buradaca üç nöqtə qoyub, Belaxovanın yazdıqlarından gətirdiyim sitatları Nikolay Rılenkovun “Nə xoşbəxtsən, ey əziz Vətən torpağı!” şeiri ilə bitirmək istəyirəm: Nə xoşbəxtsən, ey əziz Vətən torpağı! Gülər çölün, çəmənin hər bahar çağı. Kəndli çıxar tarlaya, günəş nur saçar, Kotan yerə işləyib şırımlar açar. Çevirdikcə torpağı əkinçi lay-lay, Elə bilər dalınca budur, gəlir yay. Kəndli silər alnının isti tərini, Xəyalına gətirər yay günlərini: Taxıl, taxıl, taxıldlr düz-dünya, hər yan! Sünbüllər bir-birinə yaxın, mehriban. Haray salıb tarlanın bildirçinləri Səsləyərlər zəmiyə biçinçiləri... Orda - burda tayalar göyə yüksələr, Kəndə yüklü maşınlar axışıb gələr. Çaylar kimi baş alıb min bir çeşmədən, Anbarlara tökülər sarı buğda, dən.
Nə xoşbəxtsən, ey əziz Vətən torpağı! Tarlalardan çəkiləcək elin ayağı, Biçib, döyüb, üyüdüb taxılı bütün, Nəhayət hər iş-gücü qurtarıb bir gün Geniş süfrə başına yığılar hamı, Böyük qonaq otağı tutmaz adamı. Danışarlar iş-gücdən söhbət açaraq: -Yay vaxtı bol yetirsə neməti torpaq. Payız yığıb hər nə var bizə bağışlar, Bu şərtlə ki, bol yağa yazda yağışlar... Fəsilləri bərabər olsa da ilin, Unutmarıq payızda baharı bilin! İlk badəni qaldıraq bahar eşqinə, O, həmişə gənc olub, o gəncdir yenə! O əkdirir torpağı, becərdir bağı... Nə xoşbəxtsən, ey əziz Vətən torpağı! Vaxtilə müəllif Hüseynəli Əliyev M.Lomonosovun anadan olmasının 200 illiyi münasibətilə yazdığı “Balıqçılıqdan pofessorluğa” adlı məqaləsinə mənalı və cəlbedici sərlövhə verməsi tərbiyəvi məqsəd daşıyırdı.Bununla o, böyük alimin keçdiyi şərəfli həyat yoluna ilk sətirdən oxucuda maraq oyatmaq istəmişdi.Müəllif M.Lomonosovun hələ uşaqlıqdan müstəqil olaraq “Sərf-nəhv” və “Elmi-hesab” kitablarını mütaliə etməsi, Moskvada, Peterburqda, Kiyevdə, Almaniyada oxuması haqqında məlumat verir, uşaqların nəzərinə çatdırırdı ki, zəhmətsiz, əziyyətsiz, əmək sərf etmədən elmə sahib olmaq mümkün deyildir. H.Əliyev olduqca haqlıdır.Bu mövzuda maarifləndirici, istiqamətverici yazılara hər zaman ehtiyac olub.Lakin təəssüflə etiraf etməliyik ki, bəzən valideynlər övladlarının tərbiyəsində qüsurlara, özü də ciddi qüsurlara yol verir, uşaqlarını kiçik yaşlarından pula aludəçilik xüsusiyyətinə meylləndirməklə böyük səhvə yol vermiş olurlar. Görkəmli yazıçı və pedaqoq Anton Semyonoviç Makarenko “Valideynlər üçün kitab”ında pedaqoqluqla bərabər, böyük həyat təcrübəsi olan ziyalı tövsiyyəsi ilə çox məsələlərə aydınlıq gətirir: “Pul! Bəşəriyyətin bütün ixtiralarından bu ixtira iblisə daha yaxın olmuşdur. Alçaqlıq və yalançılıq göstərmək üçün başqa heç bir şeydə bu qədər geniş meydan olmamışdır, buna görə də başqa heç bir sahədə riyakarlığın inkişafı üçün belə əlverişli zəmin olmamışdır... Nikolay Nikolayeviç Babiç şən adama oxşayırdı...Bizim müəssisədə dəftərxana rəisi işləyirdi. Biz Nikolay Nikolayeviçlə şəhərin kənarında, bir zaman bizdə kotteclər çox dəb olan vaxtlar tikilmiş bir evdə yaşayırdıq. Evimizdə dörd mənzil vardı,onların hamısı bizim müəssisənin idi...Bizim hamımıza qarşılıqlı surətdə məlum olan ailə işlərimiz bu evin divarları arasında gedirdi...Onun uşaqları demək olar ki, bir yaşdaydılar, yaşları on üç ilə on beş arasında idi...Mən Babiçin evndə o qədər də tez-tez olmurdum, ancaq demək olar ki, hər dəfə ora gedəndə bu cür söhbətlərin şahidi olurdum: -Ata, mənə iyirmi qəpik verin. -Neynirsən? -Dəftər almalıyam. -Nə dəftəri? -Hesab. -Məgər yazıb qurtarmısan? -Bir dərslik qalıb. -Sabah sənə iki dəftər alaram. Yaxud belə söhbət olurdu: -Ata, biz Nadya ilə kinoya gedirik. -Yaxşı, gedin. -Pul ver də! -Bilet neçəyədir? -Biri səksən beş qəpik. -Deyəsən, səksən qəpikdir. -Yox, səksən beş qəpikdir. Nikolay Nikolayeviç şkafa yaxınlaşır, açarları cibindən çıxarıb siyirməni açır, nəyi isə araşdırır, o tərəf bu tərəfə yığır, siyirməni bağlayır və stolun üstünə bir manat yetmiş qəpik qoyurdu. Oğlu pulları sayıb ovcunda bərk-bərk sıxır, “sağ ol” deyir və çıxıb gedirdi.Bütün bu əməliyyat üç dəqiqəyə kimi çəkirdi.Bu müddət ərzində uşağın üzü yavaş-yavaş qızarmağa başlayır, əməliyyat qurtarana yaxın qulaqlarının ucuna kimi qızarırdı. Mən müşahidə etmişdim ki, qanın miqdarı xahiş edilən pulun qədəri ilə tərs mütənasib təşkil edir və oğlan: -Ata, on qəpik ver,-deyə xahiş edəndə maksimuma çatır. -Tramvay pulu? -Tramvay pulu. Yenə siyirmənin qabağında həmin mərasim icra olunur və stolun üstünə iki dənə şahılıq qoyulurdu. Oğlan qızara-qızara pulu ovcunda sıxır, “sağ ol” deyib, otaqdan çıxırdı. Bir dəfə oğlu on qəpik yox, iyirmi qəpik istədi və izahat verdi ki, ikinci on qəpik Nadyaya tramvayda getmək üçün lazımdır. Nikolay Nikolayeviç şkafa tərəf getmək istədi və açarları çıxartmaq üçün əlini cibinə saldı, ancaq birdən dayanıb üzünü oğluna tutdu: -Sən, Tolya, bacının da əvəzində istəməkdə yaxşı iş görmürsən.Məgər onun dili yoxdur? Tolyanın sifəti əməliyyat bitməmişdən qabaq qıpqırmızı oldu. -O, dərs hazırlayır. -Yox, Tolya, yaxşı iş deyil.Ona pul lazım olsa, özü istəyə bilər.Yoxsa belə çıxır ki, sən kassir-zadsan. Bu nəyə lazımdır? Bəlkə sənə pul saxlamaq üçün kisə alım? Bu, yaxşı iş deyil. Elə ki, özün qazanmağa başladın, onda başqa məsələ. Al, bu sənin on qəpiyin, Nadya isə özü də istəyə bilər. Beş dəqiqədən sonra Nadya otağın kandarında göründü, onun qulaqları od tutub yanırdı.O, xahişini birdən-birə deyə bilmədi, əvvəlcə çox çətinliklə gülümsündü.Nikolay Nikolayeviç çox məzəmmətlə qıza baxdı, bu zaman onun üzündəki təbəssüm dərhal yox oldu və qız daha da tutuldu:Nadyanın hətta gözləri də qızardı. -Ata, tramvay pulu verin. Nikolay Nikolayeviç heç bir sual vermədi.Mən gözləyirdim ki, indi o, əvvəlcədən hazırladığı on qəpiyi cibindən çıxardıb Nadyaya verəcəkdir.Ancaq yox, o, yenə şkafa tərəf getdi, yenidən açarları cibindən çıxartdı və ilaxır...Nadya stolun üstündən on qəpiyi götürüb pıçıltı ilə “sağ ol” dedi və otaqdan çıxdı. Nikolay Nikolayeviç onun ardınca darıxdırıcı mərhəmət ifadə edən nəzərlərlə baxdı, qapı bağlanana kimi gözlədi və gülümsündü: -Tolka harada isə korlanıb, canına milçək kimi daraşıblar.Gəl bir korlanmasın da! Hamısını da eləyən yoldaşlarıdır! Elə qonşular da onun kimi.Heç bilirsiniz Lısenkonun ailəsində qayda-qanun necədir? Arvadı, aman allah, ya müqəddəs Məryəm!Uşaqları o qədər pozulublar ki, daha allah göstərməsin! O ki, qaldı Pıjovun ailəsi, adam lap mat qalır!İvan Prokofyeviç elə hey əllaməlik eləyir, ay ona nə deyim! Bilirsinizmi, uşaqları tərbiyə eləmək mümkün deyil-hara baxırsan, pis uşaqlardır, heç yaxa qurtarmaq olmur! Amma qızım təvazökardır, gördünüzmü? Ona söz yoxdur.Onun-bunun tayı deyil! Xeyir, onun qəlbi pakdır! Əlbəttə, böyüyəndən sonra heç bir şey eləmək olmaz, ancaq qəlb təmizliyinin təməli gərək uşaqlıqdan qoyulsun.Yoxsa, hər tərəf biabırçılıdır: küçədə, hər yerdə bu uşaqlar ciblərində pul, gəzişirlər. Hamısının da banisi valideynlərdir...” Nikolay Nikolayeviç Babiçin dedikləri və ümumiyyətlə, ailə və uşaq tərbiyəsindəki mövqeyi təqdirəlayiqdir və bu haqda məşhur azərbaycanlı alim, filosof, tarixçi, hüquqşünas və dövlət xadimi Nəsirəddin Tusinin tərbiyə haqqında fikirlərini yada salır. Tusi uşaqların tərbiyəsini südəmər vaxtından verməyi, bu işlə ciddi məşğul olmağı bütün ata-analara məsləhət görmüşdür. O, qeyd edir ki, elə hərəkət etmək lazımdır ki, uşaq dil açıb danışarkən bir kəlmə də olsun bəd, pis, nəlayiq söz eşitməsin və pis hərəkətlər görməsin. Ona görə ki, uşaqların təbiətində pis, yaramaz söz və əməllərə meyl çox güclü olur. Tusi yazır: “Hər şeydən əvvəl uşağın bu meylini qabaqlayıb, əxlaqını təmiz saxlamaq, yəni uşağın zatında hansı müsbət keyfiyyət olduğunu öyrənib, həmin meyl və qüvvətin təkamülünə çalışmaq zəruridir”. Tusi utancaqlıq və həya haqqında da düşünür və qeyd edir ki, uşaqda ilk fərqlənən qüvvə olan olan həya özünü dərhal büruzə verir. Elə etmək lazımdır ki, həya və utancaqlıq uşaqda baqi qalsın və çox vaxt başıaşağı olub, təkəbbürlü, dikbaş böyüməsin. Makarenkonun “Valideynlər üçün kitab”ı olduqca maraqlıdır və burada qoyulan məsələlər, tövsiyələr, fikirlər zamanın hər bir dövrü üçün aktualdır. Pula meylliliyin və həvəskarlığın insan tərbiyəsi və mənəviyyatında yarada biləcəyi fəsadlardan Azərbaycan yazıçı və ailmlərinin əsərlərində də söhbət açılır ki, cəmiyyətin, xüsusilə yeni nəslin tərbiyəsində, əxlaqının, dünyagörüşünün formalaşmasında ədəbiyyatın gücünün böyük olduğu bir daha əksini tapır. Вернуться назад |