Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başladı

KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başladı


1-02-2022, 10:39. Разместил: Gulnara.Inanch

Bəhmən Faziloğlu

“Qışın oğlan çağı”dır
Novruza 50 gün, biçinə 150 gün qalır
Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir, 40 gün BÖYÜK ÇİLLƏ, 20 gün KİÇİK ÇİLLƏdən və 30 gün isə BOZ AYdan ibarətdir. Artıq Böyük Çillə, yəni Qaraqış başa çatdı.
Fevralın 1-2-dən Kiçik Çillə, yəni Yalquzaq ayı başlayır.
Böyük çillənin yarısı qədər, yəni, 20 gün olan və el arasında “qışın oğlan çağı” adlanan Kiçik Çillənin ömrü fevralın 22-nə qədərdir.
Kiçik Çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü qış fəslinin ən sərt, çovğunlu, vaxtı sayılır və bu xüsusiyyətinə görə “Yalquzaq zamanı” deyilir. Bu çillə qışın ən soyuq, insanların ən ən üzgün və azuqənin qənimi sayılır.
Kiçik Çillə başlayanda Novruza 50 gün qalır. Deyirlər ki, “Əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi”.
Novruzun 7 çərşənbəsindən 3-ü-“oğru çərşənbə”, “oğru buğ”, “oğru üskü” çərşənbələri Kiçik Çilləyə-Yalqızaq ayına düşür. Təxminən fevralın 15-dən qışın hökmü azalmağa başlayır.
Xıdır (Xızır) Nəbi bayramı da 6-10 fevral aralığında olur. Bəzən bu mərasim Kiçik Çillənin sonuncu günləri (fevralın 20-22-də) keçirilir.
“Xıdır gecəsi”ndə axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar. Hər qapıda “Xıdır payı” (süd, un) qoyardılar. Həmin payları gecə bir yerə yığıb saxlayardılar. Səhər onlardan böyük kömbələr bişirərdilər və qovut qovurardılar. Qovutdan qohum-qonşuya paylanırdı. Deyirdilər ki, “Xıdır girdi qış girdi, Xıdır çıxdı qış çıxdı”. “Xıdır Nəbi” mərasimində oxuyardılar:
Xan Xıdır atdı gəldi,
Palçığa batdı gəldi,
Xan Xıdırım addıdı,
Xan Xıdırım oddudu,
Sünbülü daddıdı.
Murada çatdı gəldi,
Xan Xıdır atlı gəldi .
Paylarımı paylayın
Sürünü haylayın,
Saymayın, taylayın.
Palçığa batdı gəldi,
Xan Xıdır atlı gəldi.
Çiynində yel güldü,
Əlində sel güldü,
Başında tel güldü.
Dar günü atdı gəldi,
Ağ ata yatdı gəldi.
Xıdırım yoldadı,
Əlləri baldadı,
Ağ atı çuldadı.
Palçığa batdı gəldi,
Xan Xıdır atlı gəldi.
Day verin Xıdıra,
Pay verin Xıdıra,
Hay verin Xıdıra.
Süfrəsi dadlı gəldi,
Xan Xıdır atlı gəldi.
Allah Azərbaycan xalqının, dövlətinin köməyi olsun. Şəhidlərimizin qəbri nurla dolsun, qazilərimizin canı sağ olsun. Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımıza Böyük Qayıdış tezliklə başlasın, uğurlu olsun!
Çillələr sizi qorxutmasın, üzünüz gülsün! Süfrəniz bol, diliniz şirin, ürəyiniz təpərli, canınız sağ olsun!

Вернуться назад