Главная > ЭТНОПОЛИТИКА > Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi22-05-2026, 08:08. Разместил: Gulnara.Inanch |
|
Foto: google Səməd Bayramzadə, dosent, tarix üzrə fəlsəfə doktoru, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri
(Azərbaycan Respublikasının müstəqillik illəri dövrü) Ulu öndər, milli lider Heydər Əliyev böyük düha sahibi, təcrübəli diplomat və siyasətçi, ictimai xadim, ən əsası isə vətənpərvər və dərin milli ruha malik bir insan idi. İş prinsipinə görə qətiyyətli, dönməz və sərt olduğu qədər də sadə, səmimi və kövrək bir insan idi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə (həm 1-ci, həm də ikinci hakimiyyəti dönəmində) Cənubi Azərbaycan məsələsi, cənubda yaşayan soydaşlarımızın hüquqlarının qorunması, vətənin yenidən birləşdirilməsi, bütövləşdirilməsi məsələsi onun fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil etmişdir. Heydər Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi. Buna görə də, hakimiyyəti illərində Heydər Əliyevin Cənubi Azərbaycan məsələsinə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir, cənub mövzusunun unutdurulmamasına çalışır, elmi araşdırmaların aparılmasını təşviq edir, sovet rejimi şəraitində nəinki böyük ustalıqla bu işin öhdəsindən gəlir, eyni zamanda, həmin ideyanın yayılmasına kömək edir, alim, yazıçı və şairləri cənub mövzusunda yazmağa çağırır, Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verir, onları mənzillə təmin edir, İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara nəşrlər göndərilməsini artırırdı və s. Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyəti dönəmində (1993-2003) Cənubi Azərbaycana münasibətdə siyasəti barədə bir neçə məqamı burada qeyd etmək və vurğulamaq tərəfimizdən məqsədəuyğun hesab edildi. İran İslam Respublikasının bu günkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi ostanlarında (əyalətlərində) və eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, eləcə də bir sıra digər yaşayış məntəqələrində 32-35 mln. nəfər arasında Azərbaycan türkü (azərbaycanlı) məskunlaşmışdır.[1] Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanaşı, eyni zamanda da ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadı-ticarət, ədəbi-mədəni və ictimai əlaqələrinin inkişafına ciddi təsir göstərmək gücünə də malikdirlər. Sözügedən əlaqələrin möhkəmləndirilməsi istiqamətində ilk ciddi addımlar Ulu öndər Heydər Əliyev tərəfindən atılmışdır. Onun israrlı təşəbbüsləri nəticəsində hələ sovet dönəmində (1976-cı ildə) “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi; Azərbaycan Yazıçıları İttifaqında, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat və Şərqşünaslıq institutlarında “Cənubi Azərbaycan” adında şöbələr təsis edilərək fəaliyyətə başladı. Bununla da Cənubi Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi və tədqiqi üçün böyük imkanlar açılmış oldu. Beləliklə də azərbaycançılıq ideyasının rəsmi ideologiyaya çevrilməsinin ilkin mərhələsi başlandı. İranda şah rejiminin süqutuna və devrilməsinə gətirib çixaran 1978-1979-cu illər inqilabının qələbəsindən sonra burada yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Elə bu səbəbdən də Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayının ən yüksək kürsüsündən İrandakı sözügedən inqilaba “son illərin beynəlxalq həyatında baş verən böyük hadisə” kimi qiymət verildi.[2] Böyük məhdudiyyətlər olsa da, Azərbaycan dilində kitablar, qəzet-jurnallar (“Azərbaycan”, “Araz”, “Azadlıq”, “Azərbaycan-e ayənde”, “Vətən uğrunda”, “Odlar yurdu”, “Oxtay”, “Çənlibel”, “Azərbaycan kargərləri”, “Ulduz” və s. kimi qəzetlər, “Azərbaycan səsi”, “Varlıq”, “Koroğlu”, “Yoldaş”, “Molla Nəsrəddin” və s. kimi jurnallar) çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bəzi siyasi təşkilatlar və cəmiyyətlər fəaliyyətə başladı, bir sıra mədəniyyət ocaqları, o cümlədən Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı.[3] Bu fəaliyyətlərin əsas qayəsini azərbaycanlıları vahid Azərbaycan tarixi və onun mənəvi sərvətləri ilə tanış etmək, vahid tarixi-mədəni köklərə malik Şimali və Cənubi Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələrin yaranmasına, bu sahədə körpü salınmasına yardım etmək və bu dayaqlar üzərində Cənubi Azərbaycanın inqilabi və demokratik ruhlu ədəbiyyat və incəsənətini inkişaf etdirmək kimi mühüm vətəndaşlıq məsələləri təşkil edirdi. Bu məsələlərin qoyuluşunda Vahid Azərbaycan xalqının mədəni irsinin mühüm hissəsini təşkil edən Şimali Azərbaycanın elm və mədəniyyəti ilə tanışlığa, burada elm, mədəniyyət və incəsənətin müxtəlif sahələrindəki nailiyyətlərdən faydalanmağa, bunların həyata keçirilməsi üçün zəruri olan əlaqələrin yaradılmasına, Şimalla Cənub arasında mənəvi-mədəni əlaqələrin daha da canlandırılmasına və bu əsasda Cənubi Azərbaycanda maarif və mədəniyyətin, elm və incəsənətin inkişafına xüsusi diqqət yetirilməyə başladı.[4] Elə bu dövrdən başlayaraq Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalında Mirzə İbrahimovun, Abbas Zamanovun, Sirus Təbrizli və bu kimi başqa ədiblərimizin tərtibatında “Cənubdan gələn səslər” adı altında silsilə yazılar dərc edildi. Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının ümummilli ideologiyaslna çevrilməsi işində H.Əliyevin 1982-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının I katibi vəzifəsindən azad edilərək Moskvaya aparılması, daha yüksək məqama - SSRİ MK Siyasi Bürosu üzvlüyünə, eyni zamanda SSRİ baş nazirinin birinci müavini vəzivəsinə təyin edilməsi xüsusi və önəmli bir mərhələni - azərbaycançılıq ideyasının ideologiyaya çevrilməsinin ikinci mərhələsini təşkil etdi. H.Əliyevin yeni vəzifəyə təyinatı ilə bağlı Azərbaycan və azərbaycançılıq ətrafında beynəlxalq dairələrdə belə hay-küyə səbəb olan təbliğat kompaniyalarına rəvac verildi. İran əsilli Mehrdad Azəri adlı müəllif özünün “Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran” (Azərbaycan və istismarçıların yeni nəğmələri) adlı kitabında bu həssas məsələlərə işarə edərək yazırdı: “1982-ci ilin 23 noyabr səhəri BBC radiosunun şərhçiləri SSRİ-nin İran Azərbaycanına da göz tikmələri barədə danışır və Əliyevin iki Azərbaycanın bütövlüyü barədə fikirlərini ortaya qoyurdular. Bu şərhlər zamanı o da deyildi ki, guya SSRİ baş nazirinin müavini (H.Əliyev nəzərdə tutulur – S.B.) keçən ilin yayında Sovet Azərbaycanında olan xarici diplomatlarla görüşü zamanı onlara Sovet Azərbaycanının nailiyyətlərindən danışmış, eyni zamanda İran Azərbaycanındakı geriliyi, yoxsulluğu təəssüf hissi ilə qeyd etmişdir. Sonda isə demişdir ki, Sovet Azərbaycanı xalqı iki Azərbaycanın birliyini (o milli-mənəvi birliyi nəzərdə tutmuşdur – S.B.) və İran Azərbaycanı xalqının da rifah və səadət içərisində yaşamasını arzu edir.”[5] Yeni vəzifəyə təyin olunduqdan bir müddət sonra Kremlin Sütunlu sarayında memarlarla görüşü zamanı mədəniyyət və incəsənət məsələlərindən danışan Heydər Əliyev 20 milyonluq Azərbaycan xalqının dünya mədəniyyətinə və incəsənətinə bəxş etdiyi töhfələri diqqətə çatdırarkən saraydakı uğultuya elə həmin andaca öz qəti təpkisini nümayiş etdirərək demişdi: “Bəli, bəli. Təəccüblənməyin, Arazın o tayında bizim 13 milyona yaxın bacı və qardaşlarımız yaşayırlar”.[6] Elə bu səbəbdən Rusiya, Azərbaycan, İran, Amerika və Qərb tarixşünaslığında Azərbaycan məsələsi, azərbaycançılıq yenidən gündəmə gəldi, sözügedən məsələlərlə bağlı çoxlu sayda ideya-siyasi yönümlü yazılar ortaya qoyuldu, elmi-tədqiqat işləri aparıldı və müxtəlif mövqelər sərgiləndi. Azərbaycan və azərbaycançılıq yeni təzyiqlər qarşısında dayanmalı oldu. SSRİ-nin dağılması ilə ruslar Azərbaycan birliyindən, bu birlik yaranacağı halda, onun iqtisadi qüdrətindən, regionda əldə edəcəyi nüfuzdan, beynəlxalq miqyasda təsirindən və onu müşayiət edən azərbaycançılıq ideologiyasından qorxaraq, regionda mövqeyini, xammal mənbələrini və təchizat bazalarını itirmək təhlükəsi qarşısında dayanaraq ermənilərin əlilə Qarabağ məsələsinə rəvac verdilər. Belə bir şərait İranın da karına gəldi. Yeni islam rejimi də azərbaycançılıq ideyalarının güclənməsindən, onun özü üçün fəsadlarından ehtiyatlanaraq Cənubu Azərbaycan birliyini parçalamağa, Azərbaycan birliyi ideyasının qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı.[7] 1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat fəal bir şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də sovet respublikaları arasında Azərbaycan ilk olaraq Suverenlik haqqında qərar qəbul etdi. Bu hərəkatı yatırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycana qoşun yeridildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. 20 Yanvar faciəsindən sonra Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirməsi bütün dünyaya səs saldı və hər tərəfdən Azərbaycanın haqq işini müdafiə edən səslər ucaldı, azərbaycançılıq məfkurəsi dünyada yaşayan bütün azərbaycanlıları çulğaladı. Bu hərəkəti ilə H.Əliyev Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik uğrunda mübarizəsinin uğurla sona çatması üçün böyük xidmətlər göstərmiş oldu. Naxçıvana qayıtdıqdan sonra Azərbaycanın üçrəngli bayrağını xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Onun bu addımı xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh gətirdi.[8] Azərbaycan xalqının vətənpərvər qüvvələrinin müstəqillik uğrunda dönməz mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini möhkəmləndirməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoydu. Onun irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan AZƏRBAYCANÇILIQ ideyası idi. Heydər Əliyevin 1993-cü ilin 15 iyun günü hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətəni Azərbaycan üçün etdiyi ən böyük və mühüm xidməti torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Bundan sonrakı mərhələdə isə ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır...[9] Beləliklə də Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazandı. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmiş oldu. Prezident Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartması oldu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür. Bu isə Heydər Əliyevin müdrikliyinin, uzaqgörənliyinin nəticəsində mümkün oldu. Elə bu xidmətlərinə görə də o zəmanəmizin Atatürkü adını qazanmışdır![10] Heydər Əliyevin Azərbaycana qayıdışı, Əsas Qanunun müzakirəsi və referendum yolu ilə qəbulu (1995) zamanı millətin dilinin “Azərbaycan”, adının “azərbaycanlı” kimi rəsmiləşdirilməsi ilə əslində azərbaycançılığın rəsmi dövlət ideologiyası kimi təsbiti baş vermiş oldu. Millətin adı ilə bağlı məlum əks təpkilər də baş verdi. Amma, nəhayətdə, H.Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə bütün mübahisəli məsələlərə son qoyuldu. Bu o demək idi ki, biz azərbaycanlıyıq və türk soykökündənik. Mətbuat səhifələrində bununla bağlı müzakirələrə də geniş yer verildi. Ölkə prezidenti H.Əliyevin bu mövqeyi böyük çoxluqla müdafiə olundu. Azərbaycanın Qeyri-Hökumət Təşkilatları Formunun prezidenti Rauf Zeyni ölkə rəhbərinin mövqeyindən çıxış etməklə haqlı olaraq qeyd edir ki, "Ölkənin bütün milli maraqları azərbaycançılıq düşüncəsinin içindədir".[11] O, eyni zamanda Qarabağ probleminin həllini də dünya azərbaycanlılarının birgə səyində, onların Azərbaycan dövlətinə dəstəyində, azərbaycançılığın təntənəsində görür. Azərbaycançılıq ideyasının ən mühüm komponentləri, təməl olaraq “dövlətçilik” və “vətənpərvərlik” ideyalarıdır. Məhz azərbaycançılıq ideyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu Ulu öndər H.Əliyevin 1994-cü ilin fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı yeni müstəqillik qazanmış Azərbaycanımıza milli qurur, iftixar, güvənc və umid yeri kimi baxan Londondakı soydaşlarımız tərərfindən ikiyə bölünmüş ölkəmizin, millətimizin gələcək taleyi barədə ona sual verilərkən bildirmişdi ki, “zaman gələcək, bölünmüş Vahid yenidən bütövləşəcəkdir!”.[12] Elə bu səbəbdən də 1994-cü ilin 29 iyun-2 iyul tarixində H.Əliyevin İrana rəsmi səfəri zamanı onun Təbriz və Urmiya kimi tarixi Azərbaycan şəhərlərinə protokol üzrə nəzərdə tutulmuş ziyarətləri Azərbaycan Respublikası tərəfinin israrlı təkidlərinə baxmayaraq, İran rəhbərliyi tərəfindən ləğv edildi. Bununla belə, bu səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Qafqaz ölkələri arasındakı münasibətlərdə gərginliyə səbəb olan hadisələr, Xəzər dənizində əməkdaşlıq, müştərək sərhəd çayı olan Arazın su mənbələrindən istifadə, ticarət və tranzit keçid məsələləri, Naxçıvan MR-in qaz və işıqla təminatı kimi mühüm məsələlər müzakirə obyekti kimi nəzərdə tutulduğundan Təbriz və Urmiya səfərinin gündəlikdən çıxarılması problem bir məsələ kimi qarşılanmadı və bu səfər baş tutdu.[13] Bu səfərin müsbət nəticəsi olaraq tərəflər arasında dostluq münasibətlərinin inkişafı haqqında imzalanmış Bəyanatda deyilirdi ki, tərəflər ... Ermənistan hərbi qüvvələrinin zor işlətməsi və təcavüzünü qətiyyətlə pisləyir, Dağlıq Qarabağın, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz olaraq çıxarılmasını, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin məlum qətnamələrinin icrasını, habelə qaçqınların öz doğma torpaqlarına qaytarılmasını tələb edirlər.[14] Səfərin son günü, 2 iyul 1994-cü il tarixində İİR Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar mərkəzində çıxış edən Azərbaycan Respublikası Prezidenti H.Əliyev səfər zamanı ona göstərilən diqqət və qayğıya, İran-Azərbaycan diplomatik, iqtisadi-ticarət, ədəbi-mədəni və elmi əlaqələrin inkişafı sahəsində atılan ciddi addımlara və görülən müsbət işlərə, Azərbaycana göstərilən yardımlara görə İran rəhbərliyinə öz dərin təşəkkürlərini ifadə etməklə, bu səfərin İİR ilə AR arasında münasibətlərin gələcək inkişafı üçün mühüm mərhələ olduğunu da qeyd etdi.[15] H.Əliyev bu qısa çıxışında eyni zamanda onu da vurğuladı ki, Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini heç zaman əldən verməyəcəkdir.[16] Azərbaycanın xarici siyasəti azad və müstəqildir. Ölkəmiz bütün dünya dövlətləri üçün açıqdır. Biz Azərbaycanın müstəqilliyini tanıyan, onun mənafeyinə toxunmayan, ölkəmizə müsbət münasibət göstərən hər bir dövlətlə əlaqələr qurmağa hazırıq və belə əlaqələr qururuq. Azərbaycanla İran arasındakı münasibətlər dərin köklərə malikdir. Bizim xalqlarımız əsrlər boyu bərabər yaşamış, bir yerdə olmuşlar . Elmi, mənəvi, mədəni əlaqələrimiz bizi tarix boyu birləşdirib. Bunları nəzərə alaraq Azərbaycan İİR ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir.[17] H.Əliyev bu çıxışında çox mühüm və həssas bir məsələyə də toxunaraq bildirdi ki, Ermənistana dəstək verən, ona kömək göstərən ölkələr başqa sahələrdə də ona yardım edirlər, o cümlədən hərbi sahədə [şərhsiz! – S.B.].[18] AR Prezidenti çıxışının sonunda qətiyyətlə vurğuladı ki, “... biz bütün dövlətlərin, o cümlədən İİR-in Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı üçün öz səsini qaldırmasını arzu edirik və güman edirik ki, həmin səslər bundan sonra da gur olacaq. ... Azərbaycan öz müstəqilliyini əldən verməyəcək. Xalqımız öz milli azadlığını qoruyacaqdır”.[19] Ulu öndər bu səfərində arzu etdiyi kimi Təbrizə və Urmiyaya gedə bilməsə də, onun bu səsini orada eşidirdilər və bu da onların müstəqillik ümidlərini sönməyə qoymurdu. H.Əliyevin Cənubi Azərbaycan məsələsinə, Cənublu mühacirlərə diqqəti və qayğısı onun dövlətçilik fəaliyyətində çox mühüm yerlərdən birini tutmuşdur. Onun Cənubi Azərbaycan məsələsinə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir, Cənub mövzusunun unutdurulmamasına çalışır, elmi araşdırmaların aparılmasını təşviq edir, sovet rejimi şəraitində nəinki böyük ustalıqla bu işin öhdəsindən gəlir, eyni zamanda, həmin ideyanın yayılmasına kömək edir, alim, yazıçı və şairləri Cənub mövzusunda yazmağa çağırır, Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verir, onları mənzillə təmin edirdi. Haşiyə: 1962-ci ildən sonra İranda başlanan “ağ inqilab” nəticəsində ölkədə dövlətə və iri mülkədarlara aid torpaqların kəndlilər arasında bölüşdürülməsinə başlandı və hər bir kəndli ailəsi üçün müəyyən edilmiş sahədə pulsuz verilən pay torpağından əlavə ödəniş etməklə artıq miqdarda torpaq almaq imkanı yaranmışdı. Belə bir münasib şəraitdə “21 Azər”in məğlubiyyətindən sonra Şimali Azərbaycana mühacirət etmiş fədai və fiqəçilər Cənubi Azərbaycanda yaşayan uşaqlarına, yaxın qohumlarına pul göndərə bildilər və onlar da öz ailələrini təmin edə biləcək miqdarda torpaq sahəsi almaq imkanı qazandılar. SSRİ dağıldıqdan sonra suveren Azərbaycan Respublikasını İranda təmsil edən rəsmi diplomatik missiyanın tərkibində II katib vəzifəsində çalışan Səməd Bayramzadə Ərdəbil şəhərinə getmək, 21 Azər fədailərindən olan və ömrünün sonuna kimi mühacirət həyatı yaşamış atası Zülfəlinin yaxınları ilə görüşmək, onlara məxsus torpaq sahələrini, onun üzərində yaradılan təsərrüfatı və istehsal olunan məhsulları öz gözləri ilə görmək imkanını qazanmışdır.[20] Bu şəraitin yaradilmasında Ulu öndər H.Əliyevin xidmətləri danılmazdır. Beləki, H.Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda yaşayan 6453 siyasi mühacirlər (SSRİ-dəki iranlı mühacirlərin 36,5%-i) üçün 142.500 rubl daimi yardım ayrılmışdı. Siyasi mühacirlər həmin ildə İrandakı qohumlarına 12.480 rubl pul baratı göndərə bilmişdilər. 1974-cü ildə isə bu məbləğ 13.960 rubl təşkil etmişdir. Azərbaycanda yaşayan Cənublu mühacirlərə əlavə olaraq maddi yardımlar da ayrılmışdı. Belə bir siyasət günümüzdə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev tətrəfindən də uğurla davam etdirilməkdədir. 2018-ci ilin 11 aprel seçkiləri öncəsi “İranlı Mühacirlər Cəmiyyəti” üzvləri, onun İdarə Heyəti özünün mətbu orqanı olan “Mühacir” qəzeti vasitəsilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlievə ünvanladıqları məktubun məzmunu da həmin uğurlu siyasəti təsdiqləyir. Həmin məktubda bildirilirdi ki, səsvermə hüququ olan iranlı mühacirlər aprelin 11-də yalnız İlham Əliyevə səs verəcəklər.[21] Biz də bu gün qarşılıqlı olaraq iranlı mühacirlərə, onların ailələrinə, övladlarına həssas münasibətin şahidiyik. Onlara münasibətdə qayğının ən gözəl nümunələri Diasporla İş üzrə Dövləıt Komitəsinin fəaliyyətində özünü göstərməkdədir. Bu o deməkdir ki, H.Əliyevin Cənubi Azərbaycanla bağlı ideya və prinsipləri uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasında Azərbaycan dilini, Azərbaycan tarixini və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq azərbaycançılığa həm milli bir ideologiya, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandırmışdır. Azərbaycançılıq ideologiyası sayəsində Azərbaycan dövləti çağdaş dünyaya inteqrasiya işində beynəlxalq diqqət mərkəzinə keçmiş, sivil dövlət nümunəsi kimi qəbul olunmuşdur. Əslində azərbaycançılıq ideologiyasının fəlsəfəsi də elə Bütöv Azərbaycan, Vahid Azərbaycan ideyasına qulluq etmək deməkdir.
İstifadə olunmuş ədəbiyyat:
[1] İranın Prezident Aparatı nəzdindəki “Strateji Planlaşdırma və Nəzarət Şurası” İran Statistika Mərkəzinin 2011-ci ilin ölkənin əhali və mənzil siyahıyaalmasının nəticələrinə əsaən azərbaycanlıların sayını (21 589 917 nəfər) ölkə əhalisinin sayına (77 891 220 nəfər) nisbətdə - 27,7% göstərmişdir (Bax: The President’s Office, Deputy of Strategic Planning and Control, Statistical Center of Iran. National Population and Housing Census 2011/1390: Selected Findings, October 24, 2011. Table 12 – Population by Sex, Residence and Province: 2011, page.20-21). 2016-cı ilin İran əhalisinin ümumi siyahıyaalınmasının yekunlarına əsasən isə azərbaycanlıların sayı ölkə əhalisinin sayına (79 926 270 nəfər) nisbətdə 22.33% (toplam 17 848 672 nəfər) göstərilmişdir. Həmin siyahıyaalınmanın nəticələrinə görə, İranın rəsmi inzibati-ərazi bölgüsünə uyğun olaraq azərbaycanlıların (Azərbaycan türklərinin) İranda ostanlar üzrə məskunlaşması və müvafiq olaraq həmin ostanların yerli əhalisinə nisbətdə say faizi aşağıdakı kimi olmuşdur: Tehran - 4 020 094 nəfər (30,3%) – Tehranda nəşr edilən “Həmşəri” qəzetinin 1993-cü il fevral saylarının birində isə bu rəqəm 62% (8 225 935 nəf.) göstərilmişdir; Şərqi Azərbaycan - 3 823 640 nəf. (97,8%); Qərbi Azərbaycan - 2 488 097 nəf. (76,2%); Ərdəbil - 1 247 552 nəf. (98,2%); Zəncan – 1 040 542 nəf. (98,4%); Qəzvin - 668 724 nəf. (52,5%); Həmədan - 1 023 820 nəf. (58,9%); Buşehr - 11 634 nəf. (1%); Çahar-Mahal və Bəxtiyari - 95 724 nəf. (10,1%); Cənubi Xorasanda yoxdur; Əlburz - 979 176 nəf. (36,1%); Fars - 485 127 nəf. (10%); Gilan - 199 925 nəf. (7,9%); Gülüstan - 72 884 nəf. (3,9%); Hörmüzgan - 5 329 nəf. (0,3%); İlamda yoxdur; İsfahan - 358 460 nəf. (7%); Kirman - 28 483 nəf. (0,9%); Kirmanşahda yoxdur; Kohgiluyə və Boyer-Əhməd - 35 653 nəf. (5%); Kürdüstan - 4 809 nəf. (0,3%); Loristan - 5 282 nəf. (0,3%); Mazandaran - 78 805 nəf. (2,4%); Mərkəzi ostan - 297 331 nəf. (20,8%); Qum - 333 409 nəf. (25,8%); Rəzəvi Xorasan - 238 077 nəf. (3,7%); Şimali Xorasan - 177 797 nəf. (20,6%); Simnan - 10 535 nəf. (1,5%); Sistan və Bəlucistanda yoxdur; Xuzistan - 117 763 nəf. (2,5%); Yəzddə yoxdur (Bax: Nətayec-e təfsili-ye sərşomari-ye nofus və məskən/Ümumi əhali və mənzil siyahıyaalmasının ətraflı nəticələri – 1395/2016, Tehran, İranın mərkəzi statistika idarəsi, 2018, səh.46-92). Əgər Tehranda yaşayan azərbaycanlıların sayı “Həmşəri” qəzetinin 1993-cü ildə göstərdiyi faiz nisbəti ilə hesablanarsa, o zaman bu rəqəm 22 054 513 nəf. (ölkə əhalisinin 27,6%-i) olacaqdır. İranın keçmiş xarici işlər naziri dr. Ə.Ə.Salehi 18 yanvar 2012-ci il tarixində Ankarada Əhməd Davudoğlu ilə görüşündə 75 mln. nəfər əhalisi olan İranda yaşayan azərbaycanlıların ölkə əhalisinin təqribən 40%-ni təşkil etdiyini vurğulamışdır (Bax: https://youtu.be/z0xQOXil7HM) [2] Sov.İKP XXVI qurultayının materialları, Bakı, 1981, s.16 [3] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). “Elm”, Bakı-1985, s.13 [4] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). “Elm”, Bakı-1985, s.13 [5] Mehrdad Azəri. “Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran” (Azərbaycan və istismarçıların yeni nəğmələri), yersiz, 1982, s.5 [6] Zamanında SSRİ mərkəzi televiziyasından bu toplantıya aid transilyasiya şəxsən izlənilmiş və dinlənilmişdir. Təəssüf ki, H.Əliyevin bu çixışının qəzetlərdə dərc olunmuş mətnindən həmin hissə çıxarılmışdır. [7] Bax: Talıblı Sübhan. İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi: 1991-2005-ci illər: tarix elm. üzrə fəlsəfə dok. ... dis. avtoreferatı: 07.00.03 / S. Ə. Talıblı; elmi rəh. Ş. Ə. Tağıyeva; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı-2010 [8] Hikmət Babaoğlu. Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı.../ http://modern.az/articles/13620/1 [9] Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası:Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü (1993-2003), - https://azerbaijan.az/related-information/147 [10] Bax: yenə orada [11] “Bakı xəbər” qəzeti, 13.07.2012 [12] “Dəvət” jurnalı, No 9, aprel 2012, s.82 [13] Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.18-19 [14] Yenə orada, s.42 [15] Yenə orada, s.26-28 [16] Yenə orada, s.28 [17] Yenə orada, s.29 [18] Yenə orada, s.31 [19] Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.23-33 [20] 1992-1995-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində II katib vəzifəsində çalışmış Səməd Bayramzadənin diplomatik gündəliyindən. [21] “Mühacir” qəzeti, İranlı Mühacirlər Cəmiyyətinin mətbu orqanı, say 02-03 (104-105) fevral-mart 2018 Mənbə: İsveçdə (Stokholm) nəşr olunan "Tribun" jurnalının (baş redaktor Əlirza Ərdəbili) sonuncu 20-ci sayında çap olunmuşdur. Вернуться назад |