Главная > АНТРОПОЛОГИЯ > Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)
Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)11-08-2025, 13:23. Разместил: Gulnara.Inanch |
|
Əliağa Məmmədli, AMEA Arxeologiya və Antropologiya İnstitutu Antropologiya şöbəsinin müdiri , tarix elmləri doktoru, professorAMEA Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya şöbəsinin sosial və mədəni antropologiyaya bölümü ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində mədəni dəyişikliklərin xüsusiyyətlərini və bu proseslər təsiri altında yaranan problemlərin araşdırılması sahəsində işləri davam edir. Belə ki, antropoloqların diqqətində etnik mədəniyyətin vəziyyətinə müxtəlif istiqamətli miqrasiyaların, iqtisadiyyatda bazar mexanizmlərinin təşəkkülü kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi, ekoloji dəyişikliklərin və surətlə təkmilləşən informasiya texnologiyalarının insanların mədəniyyətinə, davranışına təsiri və s. məsələlər durur. Son illərdə Antropologiya şöbəsinin əməkdaşları "Sovet və Post-Sovet dövründə Azərbaycan əhalisinin həyatında sosio-mədəni dəyişikliklərin antropoloji aspektləri" mövzusu üzrə elmi-tədqiqat işləri üzrə çöl materiallarının toplanması və onların sistemləşdirilməsi və təhlili ilə məşğuldurlar. Çöl materilları ənənəvi müsahibə usulu ilə, və eyni zamanda sosioloji sorğuların keçirilməsi, ekspert sorğuları vasitəsilə aparılır. Müsahibə və sorğular Antropologiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş Sorğu vərəqi və suallar kitabçası vasitəsi ilə aparılır. Müsahibələr üçün informantlar tarixi yaddaşa malik, əhalinin həyat tərzi, adət-ənənələri, mədəniyyəti haqqında əsaslı biliklərin daşıcıyılar arasından seçilir. Ümumiyyətlə, əhali arasında aparılan müsahiblər, müşahidələr əsasən aşağıdakı məsələlərin aydınlaşdırılması məqsədinə xidmət edir: tarixən formalaşmış ənənəvi mədəniyyətin müasir şəraitə uyğunlaşma prosesinin yerli xüsusiyyətləri, həyat təminatı sistemi (məskunluq mühiti, təsərrüfat yönümləri, əməyə münasibət, qida mədəniyyəti), davranış qaydalarının, adət-ənənələrin, insanların ənənəvi dünyagörüşlərinin (inanclar, etnotarixi yaddaş, mərasimlər və ənənələr) dəyişmə proseslərinin dinamikası, müasir ailənin və ailə münasibətlərinin xüsusiyyətlərini, ailədə şəxslərarası münasibətlərin strukturu, demoqrafik səciyyələr. Tədqiq olunan proseslərin yerli, regional, və etnomədəni xüsusiyyətləri haqqında tam təsəvvür yaratmaq üçün ölkənin müxtəlif bölgələrində çöl materiallarının toplanması nəzərdə tutulur. Tədqiq olunacaq sahələrin seçilməsində əsas kimi Azərbaycanın səciyyəvi etnomədəni xüsusiyyətlərini hələ də saxlayan tarixi-etnoqrafik zonaları götürülmüşdür ki, bu da yerli əhalinin həyatındakı transformasiya proseslərinin unikallığını qismən müəyyən edir. Tədqiqat aparılan ərazilərin seçilmə meyarları kimi onların coğrafi xüsusiyyətləri (dağlıq, dağətəyi, düzənlik), əsas təsərrüfat fəaliyyəti sahələri, əhalinin etnomədəni tərkibi, rayonun tarixi inkişaf xüsusiyyətləridir. Bu seçimə əsən son illərdə Daşkəsən, Xızı, Lerik rayonlarında çöl tədqiqatları aparılmışdır. 2025-ci il çöl tədqiqatları Şamaxı rayonunda keçirildi. İlk növbədə apardığımız çöl tədqiqatlarının təşkili və dəyərli məsləhətlərinə görə Şamaxı rayon icra hakimiyyətinin başçısı cənab Tahir Məmmədova ekspedisiya üzvləri adından böyük minnətdarlıq bildirmək istəyirəm. Şamaxı Azərbaycanın tarixi mərkəzlərindən biri olaraq mədəniyyətimizin özəl xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynamışdır. Məhz bu baxımdan tədqiqatımızın məqsədi üçün yerli əhali arasında toplanan çöl materialı mühüm əhəmiyyət kəsb edir. İlk növbədə qeyd edilməlidir ki, Şamaxı Azərbaycanın qədim şəhərlərindən olaraq tarixi şəhərsalma, ənənəvi şəhər həyat tərzinin formalaşması, tarixi urbanizasiya prosesləri baxımından antropoloqların diqqətini cəlb edir. Dəfələrlə dağıdıcı zəlzələlərə məruz qalan bu tarixi şəhər burada yaşayan insanların fədakarlığı nəticəsində yenidən bərpa olunub. Bütün bu tarixi proseslərin müasir Şamaxı əhalisinin tarixi yaddaşında həkk olunması, tarixi ənənələrin bu gün insanların həyat tərzində əksi məsələləri bizi maraqlandıran mövzulardan idi. Şamaxı rayonu etnomədəni baxımdan da antropoloqlar üçün çox maraqlıdır. Burada Azərbaycan türkləri ilə yanaşı XIX əsrin əvvəllərində Rusiya çar höküməti tərəfindən köçürülmüş molokanlar, Sasani dövrlərindən başlayaraq bu ərazilərdə məskunlaşan irandilli tatlar, ölkənin müxtəlif bölgələrindən bu yerlərə gələrək yurd salan əhali yaşayır. Təbii ki, bu cür etnomədəni zənginlik qarşılıqlı mədəni, təsərrüfat, ailə-məişət münasibətlərin formalaşmasının bünövrəsini təşkil etmiş və bizi maraqlandıran məsələlərdən olmuşdur. Ekspedisiya zamanı çöl materialları Şamaxı şəhərində, Çuxuryurd, Xınıslı, Kələxana, Bağırlı, Dədəgünəş, Dəmirçi, Avaxıl, Çaylı, Göylər, Quşçu, Meysəri, Əngəxaran kəndlərində toplanılıb. Bu yaşayış məntəqələrinin hər biri özünə məxsus xüsusiyyətləri ilə seçilir. Məsələn, Çuxuryurd kəndinin molokan sakinləri ilə müsahibələr bu etnik qrupun bu günkü həyat tərzi haqqında, onların ənənəvi mədəniyyətlərinin nə dərəcədə qoruyub saxladıqları haqqında məsələlərə müəyyən aydınlıq gətirdi. Xınıslı, Dədəgünəş, Avaxıl kəndlərində aparılan müsahibələr, kənd ağsaqqalları ilə keçirilən "fokus-qruplar" müasir əhalinin mənəvi mədəniyyəti ilə bağlı maraqlı məlumatları əldə etməyə imkan verdi. Dədəgünəş kəndi yaxınlğında yerləşən eyni adlı pirə, Avaxıl kəndində arxeoloq Qafar Cəbiyevin başçılq etdiyi ekpedisiyanın tədqiq etdiyi Pir Ömər Sultan abidəsinə, Göylər kəndində yerləşən pir Mərdəkan və digərlərinə yerli əhali tərəfindən xüsusi rəğbət bəslənilir. Şamaxılıların tarixi ziyarətkahlara xüsusi münasibəti, onların dünyagörüşü sistemində mühüm yer tutması, bu müqəddəs yerlərə inamın hələ də mövcud olması mədəni antropologiya baxımından maraq kəsb edir. Şamaxı rayonunun maraqlı kəndlərindən biri də Dəmirçi kəndidir. Vaxtı ilə Lahıcın yaxınlığında yerləşən Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar ticarət yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Müasir kənd sakinlərinin bəzilər ənənəvi məşğuliyyətlərini hələ də qoruyub saxlayırlar. Ekspedisiya zamanı Kələxana və Meysəri kəndlərində də çöl tədqiqatları apardıq. Bu kəndlərə xüsusi maraq hal-hazırda burada yaşayan sakinlərin Qərbi Azərbaycandan olması idi. Keçən əsrin 90-ci illərin əvvəllərinə qədər bu kəndlərin sakinləri etnik ermənilər idi. Məlum hadisələrdən sonra bu kəndlərdə Qərbi Azərbaycandan məcburən köçürülən əhali məskunlaşmışdır. Onların yeni təbii-coğrafi, etnomədəni şəraitə uyğunlaşması, yerli əhali ilə formalaşan qarşlıqlı münasibətləri və doğma yurdlarının onlarınn tarixi yaddaşlarında həkk olunması məsələləri bizi maraqlandıran suallardan idi. Toplanan çöl materiallarının ilkin işlənilməsi bir neçə maraqlı məsələni üzə çıxarmış və onların gələcəkdə daha dərindən tədqiq edilməsini zəruri etmişdir. Qeyd olunduğu kimi, sosial-mədəni antropologiyanın əsas vəzifələrindən biri də insanların müasir həyat tərzinin öyrənilməsi və onun formalaşmasına təsir edən amillərin müəyyən edilməsidir. Şamaxı rayonunda toplanan çöl materialları əsasında ilkin nəticələr belə bir qənaətə gəlməyə əsas verir ki, sovet həyat tərzindən, kollektiv təsərrüfat sistemindən bazar iqtisadiyyatı sisteminə və bundan irəli gələn yeni həyat tərzinə keçid böyük çətinliklərə gedir. Bu keçidin çətinlikləri demoqrafik duruma, miqrasiya meyylərinin artmasına, şəxslərarası münasibətlər sisteminə güclü təsir edir. Məsələn, güclənən miqrasiya kəndlərdə real əhalinin sayının xeyli azalmasına, yaş strukturunda yaşlı əhalinin payının artmasına, kənd təsərrüfatında istehsalın tənəzzülünə səbəb olur. Qeyd olunan problemlərin antropoloji baxımdan dərin araşdırılması həm elmi, həm də praktiki əhəmiyyət kəsb edə bilər. Вернуться назад |