Главная > АНАЛИТИКА > Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”

Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”


3-02-2025, 16:07. Разместил: Gulnara.Inanch

Foto: google

Vidadi Mustafayev

İran inqilabının ideoloqları başda Ali Rəhbər olmaqla  öz “inqilabları”nı Fransa  və Oktyabr inqilabından fərqləndirmək üçün, antimonarxist inqilabın guya mahiyyətcə mədəni inqilab olduğunu, xalqın “öz” mədəniyyətini qorumaq üçün inqilab etdiyini  iddia edirlər .

Xalq inqilabdan sonra hələ ondan əvvəlki mədəni normalarla yaşamağa üstünlük verdiyindən hakimiyyət həmin sahədə də “inqilab “etməyə qərar verərək 2 il ərzində xalqı öz “mədəniyyət” normalarına əməl etməyə məcbur etməyə başladı.Həmin gündən xalqın öz yeni-köhnə mədəniyyətinə qarşı etiraz və çıxışları davam etdiyindən hakimyyət də mədəni “inqilab”ı davam etdirir.Ali Mədəni İnqilab Şurasının başçılığı ilə ”mədəni inqilab” davam etdikcə, xalqın həmin mədəniyyətə müqaviməti də güclənir.Mədəni inqilabın mahiyyəti XX-XXİ əsrdə yaşayan İran əhalisini mədəni-məişət sferasında  İslam, şiə,şəriət normaları , yəni Erkən orta əsrlər  qaydaları çərçivəsində davranmağa məcbur etməkdir.

Xalq hər gün vaxtı keçmiş mədəni normalar üçün inqilab etmədiyini daha böyük inadkarlıqla nümayiş etdirsə də, hakimiyyət öz yolundan əl çəkmək istəmir və əhalini “maarifləndirmək” üçün geniş ideoloji, təbliğat kampaniyası aparır.Həmin kampaniyanın əsas hədəflərindən biri Qərb mədəniyyətidir.Qərbin mədəni hücumuna və onun İranda inqilabdan əvvəl və sonrakı”əlaltıları”na qarşı geniş “elmi”, idoloji və təbliğat kampaniyası aparılır.

Hakimiyyət geniş kütlənin Qərb mədəniyyəti, onun İranın yeni sisteminin varlığına  böyük təhlükə təşkil etməsi barəsində elmi termin və anlayışları o qədər də başa düşməyəcəyini nəzərə alaraq, həmin mədəniyyətin sıravi insanların  gündəlik həyatı, şəxslərarası münasibətlər, ailə dəyərləri,ənənəvi normalara  ciddi təhlükə olduğunu göstərmək üçün onların başa düşəcəyi ifadədən istifadə edərək Qərb mədəniyyətini “çılpaq mədəniyyət “ adlandırır.Xalqa təlqin etmək istəyirlər ki, Qərb mədəniyyətinin İranda məqsədi xalqı çılpaqlığa  vadar etməkdir.Ona görə də həmin “hücum”un qarşısını almaq üçün xalqın örtüklənməsini təmin etmək lazımdır.


Örtünmək qaydaları dində, şəriətdə, Əsas qanunda və digər qanunlarda, xüsusən “Hicab qanunu”nda nəzərdə tutulsa da, onun icra edilməsinin effektliyinə o qədər də inanmayan hakimyyət əsas diqqəti PROFİLAKTİKA məsələlərinə yönəldir.Yəni kişilərlə xanımların bir yerdə oluması və hansısa bəd əməllər törətmək ehtimalının qarşısını almaq üçün onların arasında fiziki görünməyən Çin səddi yaratmaqla məşğul olmuşdur.Hakimiyyət  qadınlar(qızlar) və kişilərin( oğlanlar ) idarə və ictimai yerlərdə- məktəbdə, universitetdə, nəqliyyatda , istirahət yerlərində və ağla gələn və gəlməyən məkanlarda birlikdə ola bilmələrininn qarşısını almağa çalışır. Necə deyərlər, “ehtiyatlı igidin anası ağlamaz” prinsipini həyata keçirirlər.

Qadın tayfası ilə kişi tayfasının nigahdan kənar əlaqələrə girməsi qarşısında  keçilməz sədd yaratmaq, qadınları kişilərdən kişilərin əli ilə qorumaqla,  faktiki  olaraq quzunu qurda tapşırmış olurlar.Yəni nə qaydalar, nə çoxsaylı dövlət orqanları tərəfindən görülən profilaktiki tədbirlər , demək olar ki, heç bir fayda vermir.Çünki kişilər ixtiyarlarında olan  imkanlardan istifadə edərək öz istəklərini asanlıqla yerinə yetirə bilirlər.Kişilərin  belə bir “örtünmə mədəniyyətinə” zidd hərəkətlərə yol verməməsi və ona qanuni baza yaratmaq üçün Şiə məzhəbində mövcud olan “Siğə”institutunu fəallaşdırmaq kafidir.

İranda həmin institut geniş fəaliyyət göstərir.Bir müddət əvvəl İran saytlarından birində Tehranda fəaliyyət göstərən Siğə ofisləri və onların göstərdikləri xidmətlər,  siğələrin iştirakçıları, müddəti,   dəyəri, həmçinin kontorun göstərdiyi xidmətlər əvəzində əldə etdikləri gəlirlər haqqında  geniş məlumat verilmişdir.

Bir neçə gün əvvəl saytlardan biri yenidən mövzuya qayıtmış , bu dəfə ofislərin deyil, internet kanallarının fəaliyyəti  haqqında  geniş məlumat  vermişdir.Həmin məlumatda  siğə ilə bağlı artıq qeyd edilən  məsələlərə ümumi şəkildə toxunulur.Əsas diqqət siğə iştirakçıları və onlar haqqında məlumatlara yönəlmişdir.Siğə saytlarında/kanallarında siğə etmək  və ya  olunmaq istəyənlərin şərtləri və onlar haqqında ətraflı məlumat və ən əsası qarşı tərəfə və sayta ödəniləcək xidmətin qiyməti dəqiq əks olunur.Maraqlı cəhət,  nəzərdən keçirilmiş yazıya inansaq, sifarişçi qismində yalnız kişilərin deyil, həm də qadınların çıxış etməsidir.

Siğə indiki terminlə deyilərsə,   məzhəb tərəfindən qanuniləşdirilmiş ödənişli seksual xidmət və ya   fahişəlikdən başqa bir şey deyildir.Çünki fahişəlik müəyyən qiymət\məbləğ müqabilində göstərilən və ya pullu seksual xidmət kimi tərif edilir.

İstinad edilən  yazıda əsas narazılıq yaradan cəhət həmin kanalların lisenziya məsələsidir.Yazı müəlliflərinin deməyinə görə, polisə lisenziya barədə məlumat almaq üçün müraciət etmişlər, polis  həmin kanallara lisenziya verilmədiyini bəyan edib.

Burada lisenziya məsələsənin siğə ilə heç bir əlaqəsi olmadığını qeyd etmək lazımdır, çünki qeyd edildiyi kimi, Siğə Şiə məzhəbinin mühüm institutlarından bir olduğu üçün həmin işlə məşğul olmağa icazə tələb olunmur.Sadəcə olaraq  gəlir mənbəyi olduğundan onun qanuni şəkildə fəaliyyət göstərməsi və ən əsası   vergiyə cəlb olunmasından söhbət gedə bilər.

Beləliklə, İran hakimyyətinin qadınla kişinin yollarının kəsişməsinin qarşısını almaq üçün mövcud məzhəb və qanun normalarına əməl edilməsinə nail olmaq səyi və həmin sahədə görülən gərgin profilaktika tədbirlərin səmərəliliyi  bir məzhəb göstərişini əks etdirən  kağız parçasının-fahişəliyi müvvəqəti evlilik elan  etmək,gücü ilə   heçə endirilmiş olur.

Bir tərəfdən sərt örtünmək qaydaları və tədbirləri, digər tərəfdən həmin qaydaların səmərəsini heçə endirən məzhəb prinsipinin olması örtünmə mədəniyyətinin baş tutmadığının təminatçısı rolunda çıxıç edir.Yəni fahişəliyi qadağan edib,ona başqa donda icazə vermək yəqin ki, yeni İran-İslam mədəniyyəti yaradıcılarından başqa heç kimin ağlından keçməzdi.


Məntiqin ən bəsit prinsipi deyir ki, eyni zamanda nəsə A olub,A olmaya   bilməz. Yəni məsələn eyni qabdakı eyni su eyni anda həm soyuq həm də isti ola bilməz,yaxud eyni insan eyni şərait, məkan və zamanda həm namuslu, həm də namussuz ola bilməz.

Amma İran hakimiyyəti deyir ki, ola bilər, əgər məzhəb şəriəti icazə verirsə.

İran hakim dairələri  qanuni fahişəliyin aradan qaldırılması üçün heç bir tədbir görə bilməz, çünki bu halda öz hakimyyətininin dini/məzhəbi dayaqlarının əleyhinə getmiş olaralar.

İranda yeni, örtülü mədəniyyətin uğursuzluğunun, anti insani mahiyyətinin əsas göstəricilərindən bir ölkdə, qeyd edildiyi kimi, qanuni fahişəliyin mövcud olmasına baxmayaraq ümumi qəbul olunmuş formada və ya İranda  qeyri-qanuni hesab edilən fahişəliyin də geniş yayılmasıdır.  

Bunu bir neçə il əvvəl İran parlamentinin  Araşdırmalar mərkəzinin hazırladığı hesabat əyani şəkildə nümayiş etdirirdi.Hesabat cəmiyyətdə nigahdan kənar əlaqələrə, sadə dildə desək, fahişəliyin formaları, səbəbləri və səviyyəsinə həsr olunmuşdur. Hesabatda tükürpədən faktlar yer almışdır.Ən pis xəbərlər fahişəliyin yaşının azalması, məktəblərə sirayət etməsi,ailə başçısının həyat yoldaşı və qızlarına ya icazə verməsi ya da məcbur etməsi və s. ibarət idi.

Beləliklə, Qərb mədəniyyəti və dəyərlərinə -çılpaq mədəniyyətə qarşı hərtərəfli mübarizə aparan, yeni-İran İslam mədəniyyəti-“örtülü mədəniyyət”yaradan  İran hakimiyyəti müxtəlif  və bir-birini inkar edən prinsiplərə əsaslandığından  nəinki yeni mədəniyyət yaratmağa qadir deyil, həm də cəmiyyətin daha böyük bəlalar girdabına yuvarlanmasına səbəb olur.Bundan çıxış yolu isə yaxşı məlumdur:MAGİSTRAL YOL.

\31 yanvar 2025






Вернуться назад