Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > Məhəmməd Əmin Rəsulzadə 140 (I yazı): Rəsulzadə və İran inqilabı

Məhəmməd Əmin Rəsulzadə 140 (I yazı): Rəsulzadə və İran inqilabı


1-02-2024, 14:50. Разместил: Gulnara.Inanch

Cəmil Həsənli

“Hüququnu anlayan adam qəhrəman olarmış”
Azərbaycanda XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabidən gələn bir milli oyanış və bir mədəni yeniləşmə hərəkatı var idi ki, sonrakı dövrdə bu müəyyən tarixi mərhələlərdən keçdi. Bu prosesin başlanmasında Zərdabinin rolu və ictimai missiyası çox böyükdür. XX əsrin əvvəllərində belə biz Şərq mədəniyyətinə Qərb ağlını, Qərb elmini calaq edib yeni, müasir azərbaycanlı yetişdirən bu böyük, müdrik insanın tariximizdə yerini hələ yetərincə müəyyən edə bilməmişik. Məhz ilk dəfə olaraq Həsən bəy "Məqrib-zəmin" dediyi Avropa ilə "Məşriq-zəmin" dediyi Şərqin insan azadlığına münasibətdə fərqliliklərini ictimai müzakirəyə çıxardı. Bu müzakirələr fərdin azadlığının toplumun azadlığı ilə tamamlanması, milli hüquqların ümmət coğrafiyasından çıxıb milli hüdudlarla tamamlanması ideyasını ortaya qoydu. Rəsulzadə yazırdı ki, "diriliklərin ən qiymətlisi milli dirilikdir" və bu ideyanı da bünövrəsini Seyid Əzimin “əmiri-alişan” (işıqlı adamların əmiri) adlandırdığı Həsən bəy qoymuşdu. 
Rəsulzadənin “milli dirilik” təlimi bütöv bir konseptual yanaşma idi və XX əsrin əvvəllərində o taylı-bu taylı Azərbaycanda baş verən tarixi prosesin məntiqi yekunu idi.   Bu dövrdə hər iki Azərbaycanda zülmə və haqsızlığa qarşı, milli hüquqlar uğrunda geniş mübarizə dövrü başlanmışdı. Vəziyyətin qəribəliyi onda idi ki, hər iki Azərbaycan çar istibdadından əzab çəkirdi. XX əsrin əvvəlində Bakıda, Tiflisdə, Peterburqda çıxan qəzetlərin səhifələrinə baxılsa, əsrin birinci onilliyində Bakıda və Təbrizdə necə böyük hadisələrin baş verdiyinin şahidi olarıq. 
Hadisələrin lap başlanğıcında biz gənc Rəsulzadəni gündən-günə genişlənən azadlıq hərəkatının içində görürük. Əvvəlcə şimalda, sonra isə cənubda. Azərbaycan aydınları, yazarları, publisistləri içərisindən o, tənha adam idi ki, həm 1905-07-ci illərin rus inqilabının, həm 1908-1911-ci illər Məşrutə hərəkatının, Səttarxan hərəkatının iştirakçısı oldu. Əgər Azərbaycan mətbuatını izləsək görərik ki, öz məqalələri ilə  Məhəmməd Əmin Bakıda və Təbrizdə, bütövlükdə Yaxın Şərqdə və Rusiyada gedən inqilabi mübarizənin təkcə publisistik deyil, həm də tarixi salnaməsini yaratmışdır. Onun bu mövzuya həsr edilmiş yazılarının sayı 250-dən çoxdur və bunun böyük bir hissəsi Məşrutə hərəkatına həsr olunmuşdur. Mirzə Bala Məmmədzadə yazır: "Məhəmməd Əmin Rəsulzadəni 1908-dən 1911-ci ilə qədər Tehranda... görürük. Mərkəzini Azərbaycan və onun hürriyyətsevər baş şəhəri Təbriz təşkil edən İran inqilabına demokratiya aşiqi Rəsulzadə də müşahidəçi kimi qalmamışdır". Biz Rəsulzadənin Təbriz hərəkatı və Təbriz qəhrəmanları haqqında yazdığı silsilə məqalələrdən onun bu hərəkata və onun liderlərinə nə qədər böyük rəğbətlə yanaşdığının şahidi oluruq. “Azərbaycan” qəzeti sonralar Rəsulzadənin İrandakı fəaliiyəti haqqında yazırdı: “Hələ növcavan ikən, 1905 inqilabından sonra, meydani-siyasət vǝ ictimaiyyǝyǝ [siyasi-ictimai sǝhnǝyǝ] atılaraq o vaxt yenicǝ tǝsisǝ başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra, irtica dövrünün hülulu [yetişmǝsi] ilə rus qaragüruhunun qəzəbinə giriftar olub İrana qaçmış və orada dəxi müsəlmanların mənafeyini canından əziz tutaraq İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən “İrani-növ” qəzetinin nəşri ilə millətinin fikrini işıqlandırmaqla bərabər, digər tərəfdən də Fədailər zümrəsində Məhəmmədəli şahın yaxıcı, yıxıcı keyfəmayǝşası [özbaşınalığı] müqabilinə mübarizə etmişdir.” Bu həmin vaxtlar idi ki, rus kazak alayları məhərrəmlik günlərində Təbriz küçələrində bir qarın ehsana görə "halay gedib" xorla oxuyurdular ki: 
İmam Quseyn xoroşiy
Yezid kakoy sukin sın,
Davay plov po bolşe!
İran inqilabı haqqında yazanlardan ilk olaraq Rəsulzadə bu inqilabın milli xarakterini müəyyən etdi. O, "Təkamül" qəzetindəki məqaləsində İran inqilabının mərkəzinin Azərbaycana keçdiyini göstərərək yazırdı: "Bu günlər Azərbaycan bir atəşi-inqilab və ixtilal içində yanıb-yaxılmaqdadır. Bu inqilabda böyük rol oynayan türklərdir. Bəli, türklər də gərək olsun. Çünki Qafqaz vilayətlərində fəhləlik etməklə kəsb-ruzi edən iranlıların əksəri Azərbaycan türkləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə hürriyyət və fədakarlıq işlərinə alışmışlar". Rəsulzadənin əsrin əvvəllərində irəli sürdüyü "İran bahadırları türklərdir" fikri XX əsr ərzində baş vermiş bütün sonrakı İran inqilablarının timsalında tarixin sınağından çıxdı. Rəsulzadə İranda türk dilinin missiyası haqqında yazırdı: "Müxtəlif millətlərin arasında bir-birini qanmaq  və qandırmaq üzrə ümumi olaraq (burada)  türk dili işlənir. Türk dili burada (İranda) beynəmiləl bir dildir. Onu hər kəs bilir. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışır. Bu qədər müxtəlif cinsli bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm".
1908-ci ilin iyununda Məmmədəli şah İran Məclisini rus toplarından atəşə tutanda məşrutəçilərin çoxu ümidsiz vəziyyətə düşdü. İnqilabın birinci mərhələsində fəallığı ilə seçilən Seyid Məhəmməd Təbatəbai Tehran küçələrində yaralandıqdan sonra öz yaxın adamlarına gizli xəbərlər göndərirdi ki, silaha əl atmasınlar, gizlənmək və tanınmamaq üçün 2-3 dəst əba və əmmamə göndərsinlər. Tehran məşrutəçilərinin əba və əmmamə axtardığı ağır vaxtlarda Təbriz ayağa qalxdı. Nə Məmmədəli şahın hədələri, nə də rusların müdaxiləsi Azərbaycanı mübarizədən çəkindirə bildi. Səttarxanın Təbrizin mərkəzində, Əmrəxiz məhəlləsindəki rəşadəti inqilabın sədasını İrandan çox-çox kənarlara yaydı. Artıq bu zaman Təbriz hadisələrinin tək müşahidəçisi deyil, eyni zamanda iştirakçısı olan Rəsulzadə yazırdı ki, indiyədək Təbrizdə bu qədər şiddətli atışma olmamışdı. Məşrutəçilərin bəzi səngərlərinə 3-4 yüz nəfər birdən hücum edirdi. Bunların müqabilində 5-10 nəfər məşrutəçi qəhrəmanı dayanıb kömək gələnə qədər onların qabağını saxlayır, səngərləri qoruyurdur. Hüququnu anlayan adam qəhrəman olarmış. Həqiqətən bu gecənin davası dövləti davalar kimi bir dava idi. 
Bundan sonrakı yazılarında Səttarxan və Bağırxan Rəsulzadənin İran məktublarının əsas qəhrəmanına çevrilir. Rəsulzadə 1909-cu ilin mayında Təbrizdəki Osmanlı imperatorluğu konsulxanasında Səttarxan ilə görüşü barədə Bakıya maraqlı bir teleqraf çəkmişdi. Bu teleqrafda Sərdari-millinin siyasi və mənəvi baxımdan gözəl portreti yaradılıb. O yazırdı: "Bütün İranı təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan, bu qəhrəmani-millinin ziyarətinə nail oldum... Sərdarın zahirini tərif etmək, məncə, əbəsdir. Zira bu surəti-benami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini eynilə bütün aləmə nəşr etmiş və hər bir kəsə tanıtdırmışdır. Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutərərəstliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm ediyor". 
Səttarxan hərəkatı ilə bağlı digər bir ciddi nəticəni Rəsulzadə Sərdari-milli ilə görüş zamanı onun öz dilindən belə verir: " Mən vətənimin istiqlali yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətəndə bir işıq ucu göründüyü kimi, o doğma anam başqa bir həlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir. Elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayıra bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik.” Və həm də həmin mulakat zamanı Məhəmməd Əmin bəy soruşanda ki, Təbrizdə çoxlu toxunulmaz yerlər olduğu halda bəstə oturmaq üçün Sərdar niyə Osmanlı konsulxanasını seçib? - Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşsın... bəstə girmək üçün doğrusu burasını müvaifq gördük. Zira, islam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir.” Bu kəlmələrdə milli ideya şam işığı qədər zəif olsa da, özündən sonrakı dövrü işıqlandıracaq qədər güclüdür.
Səttarxanla bağlı məsələlərə Rəsulzadə bir də 1914-cü ilin noyabr ayının 10-da Sərdarın vəfatı münasibətilə “İqbal” qəzetindəki həzin bir vida sözündə toxunur və  qeyd edir ki, bir vaxtlar “Avrora qəzetləri Səttarxanın ismini Garibaldi ilə bərabər tutuyorlardı. İştə bu vaxtilə İran Garibaldisi olan zat olmuşdur. Səttarxan hər nə qədər cismən indi ölmüşsə də Təbriz meydanı-hürriyyətində qazandığı şöhrətini məəttəəssüf daha 1910-cu ildə Tehranda vaqe Atabəy parkında öldürmüşdü.” Bununla belə, Rəsulzadə belə hesab edirdi ki, millətin bətnindən yetişmiş olan bu qəhrəman hər nə qədər avamlığı cəhətindən onun-bunun intriqalarına qurban olurdusa da, fitrətən bir çox məziyyətlərə malik idi.
Məhəmməd Əmin Rəsulzadə Səttarxanın şöhrəti ilə məğlubiyyətini onun yetişdiyi mühit və o mühitin əsirinə çevrilmiş siyasi və ictimai şərtlərlə əlaqələndirirdi. İran məşrutiyyəti təkamül edə bilmədiyindən onun qəhrəmanları da belə bir faciəvi sonluğa məhkum idilər. Lakin bununla belə, Məhəmməd Əmin bəy haqlı olaraq bu qənaətə gəlirdi ki, İranda yeniləşmə Səttarxanın adı ilə bağlıdır və Səttarxan İranda tarixi yeniləşmənin unudulmaz bir simasıdır. O, sonra da Güney türkləri haqqında maraqlı yazılar yazacaqdı... 
Ardı var





Вернуться назад